Şəxsiyyət haqqında anlayış
Müasir psixologiyada şəxsiyyət problemi. Şəxsiyyət problemi
elmin müxtəlif sahələrində çalışan alim və mütəfəkkirlərin illərlə diqqət
mərkəzində dayanan mühüm problemlərdən biri olmuş və müasir dövrdə də öz
aktuallığını saxlamaqdadır. Müasir psixologiyada şəxsiyyət, onun fəallığı,
formalaşması, strukturu kimi məsələlər, ümumiyyətlə şəxsiyyət anlayışının
mahiyyəti barədə müxtəlif fikirlər irəli sürülür. Bu bir daha həmin problemin
mürəkkəb və çətin olduğunu təsdiq edir.
İnsanlar təkcə gözlərinin rənginə, səslərinin tembrinə, barmaq izlərinə və
s. görə deyil şəxsiyyətlərinin xarakteristikasına görə də bir-birlərindən
fərqlənirlər. İnsanları gözlərinin rənginə, səslərinin tembrinə və ya digər
biofiziki xüsusiyyətlərinə görə xarakterizə etməyə nisbətən onları bir
şəxsiyyət kimi xarakterizə etmək olduqca çətindir. Şəxsiyyət anlayışı mürəkkəb
anlayışdır. Onun adekvat şəkildə anlaşılmasının çətinliyi bir sıra amillərlə
bağlıdır. Həmin mühüm amillərdən bir neçəsini nəzərdən keçirək.
1. İnsan şəxsiyyəti maddi və toxunula bilən, hiss edilən deyildir. O, bir
sıra amillərin, şəraitin, imkanların və determinantların təsiri altında
formalaşan psixoloji törəmədir.
2. İnsan şəxsiyyəti bir sıra amillərin
təsirinə məruz qalsa da yalnız onlardan asılı bir törəmə kimi şərh oluna
bilməz, çünki o formalaşdığı həmin əsası dialektik olaraq rədd edir.
3. İnsan davranışının determinasiyasında
şəxsiyyətin mühüm əhəmiyyət kəsb etməsi barədə çoxlu nəzəriyyə və
konsepsiya mövcuddur ki, bunların bir çoxunun «şəxsiyyət» anlayışını şərh
etməsi ziddiyyətlidir.
4. Nəhayət, şəxsiyyəti anlamaq insan fenomenini anlamaqla birbaşa
əlaqədardır. Şəxsiyyət yalnız o zaman insanın əsası, özəyi kimi, onun başlıca
parametri, onun eyniləşdirmə vasitəsi kimi şərh oluna bilər ki, antropologiya
və insan haqqında biliklər insanın öz təbiətini anlamaq səviyyəsinə yüksəlmiş
olsun.
Lakin bütün bu qeyd olunanlar heç də şəxsiyyətin tədqiqi imkanlarının
mümkün olduğunu rədd etməyə imkan vermir. Əksinə, şəxsiyyət problemi barədə son
nəzəri və eksperimental tədqiqatlar onun öyrənilməsi imkanlarını artırır.
«Şəxsiyyət» sözü Azərbaycan, rus və ingilis dillərində maraqlı
və faktiki olaraq eyni etimologiyaya malikdir. Azərbaycan dilində «şəxsiyyət»
sözü öz əsasını ərəb sözü olan «şəxs» sözündən götürmüş və hər hansı bir
konkret şəxsi, simanı bildirir. Rus dilində «şəxsiyyət» (liçnostğ) sözü də «liüo», «liçina» (üz,
sifət) sözləri ilə bağlıdır. İngilis dilində «şəxsiyyət» mənasını ifadə edən «personality» sözü öz
əsasını iki latın sözündən – «per» və «sona» sözlərindən götürmüşdür ki, bu da bir növ
«vasitəsilə danışır» mənasını ifadə edir. Sonralar qədim Yunanıstanda və
Rim imperiyasında bu söz teatr tamaşasında aktyorun «maskası» şəklində özünü
büruzə vermişdir. Adətən, səhnə hərəkətindən asılı olaraq «masqa» dəyişilir,
aktyor rola daxil olur. Lakin, yalnız xeyli vaxt keçdikdən sonra «persona» sözü
hazırki dövrdə daşıdığı məna yükünü daşımağa başlamış, «personality» –
«şəxsiyyət» mənasında işlənməyə başlanmışdır.
Qeyd edilənlərdən göründüyü kimi, insanın şəxsiyyəti birbaşa və dolayı mənada onun siması, sifətidir. Birbaşa mənada
insanın siması, sifəti onun başlıca identifikatorudur. Məhz onun xətləri,
formaları, çevrəsi və digər xüsusiyyətləri əsasında bir adamı başqasından
fərqləndirir, onun hansı yaş kateqoriyasına mənsub olduğunu müəyyənləşdirə
bilirik. Təsadüfi deyildir ki, şəxsiyyəti eyniləşdirməklə bağlı bütün
sənədlərdə onun sifətinin (üzünün) şəkli olması tələb edilir. Bununla yanaşı
olaraq bizim sifətimiz emosiyalarımızın, hisslərimizin, əhvalımızın,
vəziyyətimizin, istəklərimizin ifadəçisinə çevrilir, o bizə təkcə verbal yolla
deyil, qeyri- verbal yolla da, zəngin mimiki imkanlarımızın köməyilə də
ünsiyyətə girmək imkanı verir. Dolayı mənada, insan şəxsiyyəti onun «ruhunun»,
başqa sözlə, onun bütün psixi təzahürünün «sifətidir». İnsana məxsus olan
fərdi-psixoloji xassələrin təzahür xüsusiyyətlərinə, onun ünsiyyət üslubuna,
davranışına, fikir və ideyalarına görə onu aydın eyniləşdirməyimiz və onun
gələcək davranışının istiqamətini proqnozlaşdırmağımız heç kimdə şübhə
doğura bilməz.
Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, şəxsiyyət fərdin özünü cəmiyyətlə eyniləşdirməsinə imkan verən
davamlı fiziki və psixi xarakteristikasının məcmuundan ibarətdir.
Şəxsiyyət
insanın psixoloji siması olub, şüura, mənliyə malik olan, öz hərəkətlərinə
cavabdeh, ictimai münasibətlərin fəal iştirakçısı olan adamdır. Şəxsiyyət müəyyən ictimai-tarixi dövrdə yaşayıb fəaliyyət
göstərən, gerçəkliyi dərk edib müəyyən istiqamətdə dəyişdirən, ünsiyyətə
girməyi bacaran konkret canlı insandır.
mənbə: kayzen.az
mənbə: kayzen.az
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.