Dekabrın 29-da “Elektron Təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, müsabiqənin təşkilində iştirak edən qurumların nümayəndələri, müsabiqə qalibləri və KİV təmsilçiləri iştirak ediblər.
Mərasimdə çıxış edən Təhsil Nazirliyi Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev nazirlik tərəfindən 6-cı dəfə keçirilən müsabiqəyə marağın böyük olduğunu söyləyib.
E.Əmrullayev nəzərə çatdırıb ki, müsabiqənin əsas məqsədi elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini genişləndirmək, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa təşviq etmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Müsabiqədə əsasən, ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri, şagirdlər iştirak ediblər.
Qeyd edək ki, “Müəllim” və “Şagird” istiqaməti üzrə 6 nominasiyada keçirilmiş müsabiqənin şəffaflığını təmin etmək məqsədilə qiymətləndirmə mərhələləri onlayn təşkil olunub, qəbul edilmiş işlər üzrə onlayn müzakirələrə şərait yaradılıb, ekspert və münsiflər heyəti müsahibə əsasında müəyyənləşdirilib. Müsabiqənin I mərhələsinə təqdim edilmiş 941 işdən 900-ü II mərhələdə ekspertlər tərəfindən qiymətləndirilməyə təqdim olunub və nəticədə 207 iş nominant olaraq III mərhələyə keçib. III mərhələyə keçən işlər münsiflər heyəti tərəfindən onlayn qaydada qiymətləndirilərək 14 qalib elan olunub və 18 fərqlənən iş müəyyən edilib.
Qaliblərə diplom, noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunub.
Müsabiqənin keçirilməsinə “Dr.Web”, “AzEduNet”, “Ultra”, "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi, “Edumedia Azərbaycan” və “Nar Mobile” şirkətləri tərəfindən dəstək verilib.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.