DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
Məqalələrim etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Məqalələrim etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

13 Nisan 2016 Çarşamba

Tarix fənni timsalında nümunəvi dərsi qurarkən müəllim nə etməli? Məqalə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Müəllimi qəzeti redaksiyası tərəfindən elan edilmiş "Ən yaxşı yazı müsabiqəsi"ndə 1-ci dərəcəli diplomla qalib elan edilib.


Məqalə  Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Müəllimi qəzeti redaksiyası tərəfindən elan edilmiş "Ən yaxşı yazı müsabiqəsi"ndə  I Dərəcəli  diplomla qalib elan edilib.
Tarix fənni timsalında nümunəvi dərsi qurarkən müəllim nə etməli?
Öz üzərində işləyən müəllimlər müasir dərsin qurulması qaydaları, eləcə də tətbiqi ilə yaxından tanışdılar. Müasir dərsin özünəməxsus mərhələləri vardır ki, bu mərhələlər doğru şəkildə tətbiq edildiyi zaman mükəmməl dərs qurmaq mümkün olur. Hətta müəllim və şagirdlər dərs prosesindən zövq alırlar.  Müasir dərsi tətbiq etmək üçün, dərsin mərhələləri üzrə qarşıya qoyulmuş qaydalar, vaxt, meyarlar, tapşırıqlar və s düzgün yerinə yetirilməlidir.
Müasir dərsin üstünlükləri nələrdir?
Dərsə hazırlaşarkən müəllim daha çox əmək sərf edir. Nəticədə mükəmməl şəkildə dərs qurur. Şagirdlər tərəfindən dərs maraqsız və darıxıdırıcı deyil, daha maraqlı qəbul edilir. Dərsdə şagirdlər 45 dəqiqənin necə keçdiyinin fərqində olmurlar. Çünki, dərs bütün siniflə həyata keçirilir, nəticədə bütün şagirdlər dərsdə öyrənmə prosesinə cəlb edilir. Dərs şagirdlərin maraqlarına, eləcə də dövlətin qoyduğu tələblərə uyğun olaraq qurulur. Fəal dərs zamanı şagirdlər bir dərsdə öyrəndikləri öyrənmə nümunəsində, əslində sərbəst “öyrənməyi öyrənirlər”. Çünki şagirdlərə informasiyalar emal edilərək deyil, təfəkkürlərini inkişaf etdirmək üçün tapşırıqlar formasında verilir. Şagirdlər tədqiqat prosesində problemi özləri həll edir və təfəkkürləri inkişaf edir.
Fəal dərsin əsas üstünlüyü ondan ibarətdir ki,  fəal dərs şagirdlərin idrak fəallığını artırır, onları düşündürür, müstəqil qərarlar çıxarmağa yönəldir. İdrak fəaliyyətinin gedişində şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf edir. Təfəkkürün inkişafının başlanğıc nöqtəsi isə informasiyadır.Şagirdlərin təfəkkürünü inkişaf etdirmək üçün fəal təlim üsullarından istifadə olunur.
Fəal təlimin üsullarından istifadə nəinki şagirdin təfəkkürünün inkişafına, eyni zamanda “qarşılıqlı fəaliyyət” zamanı müxtəlif  kompetensiyalara malik olmalarına gətirib çıxarır.
Fənn kurikulumunu tətbiq edən müəllim dərsini qurarkən aşağıdakı meyarları nəzərə almalıdır.
  •   Standartın düzgün seçilməsi 
  •   Məqsədin standarta uyğunluğu
  •  Məqsədin reallaşdırılması üçün əlverişli forma və üsulların seçilməsi
  •   Fəndaxili və fənlərarası inteqrasiya  
  •   Resurslardan məqsədəuyğun istifadə
  •  Motivasiyanın məqsədəuyğun qoyulması
  •  Tədqiqat sualının təlim məqsədinə uyğunluğu 
  •   Təlim tapşırığının problemin həllinə istiqamətlənməsi və şagirdlərin potensial imkanlarına uyğunluğu
  •   Məlumat mübadiləsi mərhələsinin təşkili (şagirdlərin təhlil etmə və təqdim etmə bacarığı) 
  •  Məlumatın müzakirəsinin təşkili 
  •   Ümumiləşdirmə və nəticə 
  •   Qiymətləndirmə meyarlarının düzgün müəyyən edilməsi (qiymətləndirmənin təlim boyu aparılması)
  •   Müəllim nitqinin aydınlığı 
  •   Dərsdə vaxtdan səmərəli istifadə. Şagirdlərdə əməkdaşlıq bacarığının formalaşdırılması
Dərsin gedişi zamanı müəllimlərdən asılı və ya asılı olmayan səbəblərdən nöqsanlar baş verir.
Bəzən dərs prosesində müəllim müəyyən nöqsanlara yol verir. Ilk öncə qeyd edim ki, nöqsansız, mükəmməl,  nümunəvi dərs yoxdur. Dərs prosesində xırda nöqsanların baş verməsi normal haldır. Ancaq ciddi nöqsanlar varsa, deməli müəllim ya hansısa meyarları, ya da bu meyarların tətbiqi qaydasını yerinə yetirməli olduğunu düzgün bilmir.
Onun üçün əsas olaraq fənn kurikulumunun tətbiqi zamanı təcrübəli müəllimlərdən örnək götürmək, dəstək almaq daha məqsədəuyğundur.
Fənn kurikulumunun dərsdə tətbiqi zamanı xüsusilə nələrə diqqət edilməli...
1.      İlk öncə müəllim evdə dərs prosesinə hazırlaşarkən dərsdə reallaşdırmalı olacağı standartları düzgün seçməlidir. Standartları seçərkən onu hansı mövzu əsasında reallaşdıra biləcəyini əvvəlcədən dəqiqləşdirir.
Bəzən xırda nöqsanlara da yol verilir.
Bəzən müəllim seçdiyi standartları dərsdə reallaşdıra bilmir. Bu müxtəlif səbəblərdən baş verir. Standartların daha çox seçilməsindən, standartlardan çıxarılmış məqsədlərin dərs boyu yerinə yetirilib vaxtında çatdırılmaması, tapşırıqların standart və məqsədlərə xidmət etməməsi və s kimi səbəblərdən baş verir.
2.      Müəllim dərsin məqsədlərini hazırlayarkən standartları nəzərə almır, məqsədlər standartlardan çıxarılmır, sadəcə kortəbii olaraq mövzuya xidmət edən məqsədlər olur. Müəllim dərsi qurarkən dərsin əsas hissəsi olan standart və məqsədləri bir-birinə uyğun olaraq hazırlamalıdır ki, dərs boyu  planlaşdırma ardıcıl şəkildə davam etsin.
3.       Diqqət edilməli olacaq digər məsələ öncədən müəyyənləşdirilmiş məqsədlərin 45 dəqiqə ərzində yerinə yetirilib çatdırılması, həmçinin məqsədlərin reallaşması, müəllimin tədqiqat zamanı şagirdlərə vermiş olduğu tapşırıqlarda da öz əksini tapır. Əgər müəllimin tədqiqat zamanı hazırladığı tapşırıqlar məqsədə xidmət etmirsə, həmçinin tədqiqat sualı məqsədlərə xidmət etmirsə, deməli məqsədlər kortəbii olaraq yazılmış və əslində tətbiq edilməmişdir.
4.      Bildiyimiz kimi dərsin ilk mərhələsi Motivasiya mərhələsidir. Bu mərhələ fəal dərsin əsas hissəsini təşkil etdiyindən çox əhəmiyyət kəsb edir. Dərsin Motivasiya mərhələsinin düzgün və ya yalnış  qurulması dərsin sonluğuna təsir edir. Müəllimin motivasiya üçün ayırdığı vaxta düzgün riayət etməsi doğru atılmış addımdır.  Motivasiya sinfin, şagirdlərin yaş səviyyəsinə uyğun olarsa məqsədə çatmaq asanlaşar. Müəllim şagirdləri birbaşa motivasiyadan tədqiqata yönəltməyi xüsusi nəzərə alması önəmli məsələlərdəndir.
5.      Tədqiqat sualı qoyulan zaman, sualın məqsədlərə xidmət etməsinə diqqət edilməlidir.
Bəzən müəllim bu mərhələdə ciddi nöqsanlara yol verir.
1.      Şagirdin səsləndirməli olduğu fikri onun yerinə özü səsləndirir.
2.      Şagirdlərin hər birindən fikirlərini dinləmədən, hər hansı şagird düz cavabı səsləndirərsə dərhal motivasiya nəticəsini elan edir və digər şagirdlərlə əqli iş aparılmır.
3.      Müəllim motivasiya zamanı şagirdləri tədqiqata yönləndirmək əvəzinə, şagirdlərdən  keçəcəyi mövzunun adını almağa çalışır.
4.      Müəllim dərs icmalını evdə yazan zaman, motivasiya mərhələsini hazır edəndə şagirdin yaş səviyyəsini nəzərə almır.
5.      Əgər müəllim izah verəcəksə bunu motivasiyadan sonra etsə daha yaxı olar. Bəzən müəllimlər motivasiya bitdikdən sonra tədqiqat sualını elan edib, iş vərəqlərini şagirdlərə paylayır. Sonra isə izah verməyə başlayır. Bu doğru addım deyil. Bu zaman şagirdlərin fikri iş vərəqlərindəki tapşırıqlarda qalır və müəllimin izahına diqqət edilmir. Müəllim izah verməlidirsə, izahını verməli, daha sonra şagirdləri iş vərəqindəki tapşırıqlarla tanış etməlidir. Ondan sonra isə iş vərəqlərini şagirdlərə paylaması daha məqsədəuyğundur. Müəllimin kiçik izahlarına ehtiyac olarsa, digər mərhələlərdə də ola bilər.
6.             Müəllim, şagirdlərə iş vərəqlərini paylamazdan qabaq onları dərs prosesində əvvəlcədən hansı meyarlarla qiymətləndirməli olduğunu elan etməsi daha yaxşı olardı. Ancaq, tədqiqatdan öncə olması şərt deyil, müəllim istənilən bir mərhələdə meyarları şagirdlərin nəzərinə çatdıra bilər. Bəzən dərs prosesində müəllimin icmalına müəyyən dəyişikliklər etməsinə ehtiyac yaranır. Bu  isə müəllimdən bacarıq tələb edir. Müəllim qiymətləndirməni fənn kurikulumunda  dərsin bütün mərhələlərində tətbiq edə bilir. Şagirdlərin əvvəlcədən hansı meyara görə qiymət aldıqlarını bilmələri daha məqsədəuyğundur. Həmçinin müəllim iş vərəqini şagirdlərə paylayarkən, tədqiqat zamanı onlara nə qədər vaxt ayırdığını elan etsə daha yaxşı olar, çünki şagirdlər əvvəlcədən hansı vaxtda tapşırığı yerinə yetirməli olduqlarını bilsələr, vaxtlarını ona uyğun olaraq bölmə imkanı qazanarlar.
7.              İş vərəqləri tələblərə uyğun qurulmalıdır. Bəzən müəllim, iş vərəqində yazdığı tapşırıqlar məqsədlərə xidmət etmir. İş vərəqində  tapşırıq adı altında bir neçə sual verilir? Tapşırıq və sual arasında fərq var. Tapşırıq verilirsə bu tam şəkildə ifadə edilsə daha yaxşı olar. Şagird  tapşırığı necə və hansı formada yazacağını müəllim iş vərəqində qeyd etməlidir. Nümunə 1:Cavanşir və Babəkə məxsus olan cəhətləri aşağıdakı diaqramda müqayisə edərək oxşar və fərqli cəhətlərini yazın.  Nümunə2:Əgər sən dövlət başçısı olsaydın dövlətini qorumaq üçün ölkədə hansı tədbirləri görərdin? Aşağıda ayrılmış sahədə qeyd edin.
İş vərəqində verilmiş tapşırıqlar, digər qruplarda verilmiş tapşırıqlarla eyni səviyyədə olmalıdır. Bir qrupa verilmiş tapşırıq çox sadə, digərinə verilmiş tapşırıq çətin olarsa bu şagirdlər arasında narazılıq yaradar və  müəllim ədalətsizliyə yol vermiş olar. İş vərəqlərində verilmiş tapşırıqların təfəkkürün inkişafına xidmət etməsi daha məqsədəuyğundur. Çünki, faktlara əsaslanan tapşırıqları şagirdlər kitabdan seçib köçürtmə imkanına malikdirlər. Faktlara əsaslanan tapşırıqlara çox köklənmək şagirdləri təfəkkürün inkişafından uzaqlaşdırır və fakt əzbərləməyə yönəldir. Bunun üçün iş vərəqlərində verilmiş tapşırıqlar məntiqi, tənqidi, yaradıcı tapşırıqlar olsa daha yaxşı olar. Həmçinin tapşırıqlar qoyulan zaman müəllim mütləq tədqiqat sualını nəzərə alır. 
           Tapşırıqları verərkən müəllim şagirdlərin qarşısında ziddiyyətli, həlli olmayan və ya çox çətinliklə həlli olan problemi qoymamalı, problemi qoyarkən müəllim tapşırığın bir neçə həll variantı olmasını nəzərə almalıdır.
8.      Bəzən müəllim dərs icmalında iş üsullarını qeyd xatirinə yazır. Dərs icmalında olan iş üsulları deyil, yazılmayan iş üsulu və iş formalarını tətbiq edir. Müəllim dərs prosesinə hazırlaşarkən əvvəlcədən  standartları nəzərdən keçirməli və fəaliyyət xətlərinə uyğun olan iş üsulunu və formasını-strategiyanı düzgün seçməsi vacibdir. Əks halda standartların reallaşması doğru şəkildə tətbiq edilməyəcəkdir.
9.      Fəndaxili və fənlərarası inteqrasiyanın dərs boyu, dərsin istənilən bir mərhələsində tətbiqinə müəllimin diqqət etməsi də vacib məsələlərdəndir. İnteqrasiya kortəbii xarakter daşımalı deyil, məqsədlərə xidmət etməlidir.
10.   Müəllimin sinifdə istifadə etdiyi əlavə resurs mövzuya, məqsədlərə, şagirdlərin yaş səviyyəsinə xidmət etməklə yanaşı doğru və şagirdləri yalnış istiqamətə yönləndirməyən resurs olması daha məqsədəuyğundur. Bəzən müəllimin dərsdə istifadə etdiyi mənbələr doğru seçilmədiyindən, mənbə ilə işləmə prosesi çox vaxt getməsinə səbəb olur və məqsədə çatmağa mane olur.
11.   Dərsin növbəti mərhələsi Məlumat mübadiləsi və müzakirə mərhələsidir. Bu mərhələ zamanı da müəllim bir sıra nöqsanlara yol verə bilir.  Təqdimat zamanı müəllim tapşırıqları dinləmə prosesində bir qrupa az digər qrupa çox zaman ayırmaqla, eləcə də, bir qrupa daha çox sual digərinə daha az sual ünvanlamaqla, tapşırıqlara və məqsədə xidmət etməyən suallar verməklə məqsəddən uzaqlaşa bilər.
           Bəzi hallarda müəllim  iki eyni yaş səviyyəsində şagirdlər olan  sinfi idarə edir. Hər iki sinifdə dərs prosesini eyni müəllim aparır. Bu zaman bir sinif üçün hazırladığı dərs icmalını və  hazırladığı kiçik summativ qiymətləndirməni digər bir sinif üçün də tətbiq edir. Çox hallarda isə, metodik vəsaitdə olan  kiçik summativ qiymətləndirmə  nümunəsini, müəllim sadəcə sürətini çıxardaraq  bütün şagirdlərə təqdim edir.  Müəllimdən əsas tələb olunan məsələlərdən biri də şagirddən sinif səviyyəsini nəzərə almasıdır. Müəllim sinif səviyyəsini nəzərə almadan bu prosesi icra edərsə, müyyən dərəcədə işini çətinləşdirmiş olacaq. Çünki dərs keçdiyimiz siniflərdə şagirdlərin yaş səviyyələri eyni olmur. Sinfin biri çox zəif, digəri isə daha güclü və ya orta səviyyədə ola bilər. O baxımdan, müəllim eyni dərs icmalını və qiymətləndirməni təşkil edərkən hər sinfə uyğun meyarları olmalıdır. Siniflərdə şagirdlərin hafizə və təfəkkür səviyyələri nəzərə alınaraq, hər sinfə uyğun motivasiya hazırlanmalı, tapşırıqlar sinif səviyyəsinə uyğunlaşdırılmalı, eləcə də dərsin digər bölmələri və qiymətləndirmələrdə buna xüsusi diqqət edilməsi daha məqsədəuyğundur.
Təhsilimizin üstünlüklərindən biri də, yeni işə başlamış müəllimlərə, eləcə də fənn kurikulumu sistemindəki yenilikləri öyrənməklə bağlı  müxtəlif problemləri olan müəllimlər üçün metodik vəsaitlər, internet resursları, şablon vasitələr çox saydadır. Ancaq, bütün bu vəsaitlər müəllimlərə istiqamət ala bilmələri üçün verilir.  Şablon vəsaitlər üzərində müəllimlər öz yaradıcılıqlarını tətbiq edərək, sinifdə dərsi qurmaları daha yaxşı olardı. Heç bir şablon hazırlanarkən, mümkün deyil ki, respublikada olan bütün məktəblərin siniflərinin səviyyələri nəzərə alınaraq şablon hazırlansın. Bu səbəbdən, istənilən şablon tətbiq ediləndə şagirdlərin hafizə və təfəkkürləri, yaş və sinif səviyyələrinin nəzərə alınması daha məqsədəuyğundur.
          Müəllimin dərs prosesində sərbəst ədəbi dildə danışması daha məqsədəuyğundur. Bəzən müəllimlərin, dərsdə əlavə dillərdən (rus, türk dillərində olan ifadələrdən) ləhcədən istifadə etməsi şagirdin, onu özü üçün nümunəyə çevirməsinə gətirib çıxara bilər. Xüsusi ilə ibtidai sinif müəllimlərinin yazıları və danışıq tərzləri şagird üçün nümunə olur. Disleksiyalı müəllimin şagirdləri bir çox zaman disleksiyalı olurlar. Dərs prosesində müəllimin canlı və təmiz nitqi qədər, onun jest və mimikaları da önəmlidir. Dərsi aktiv, fəal, canlı etmək müəllimdən qismən “aktyorluk” tələb edir.
Müəllim dərs prosesində fasilitator kimi malik olduğu bacarıqlardan tam doğruluqla istifadə etməlidir ki, şagirdlərin etibarını və inamını qazansın. Şagirdlər sevdikləri müəllimin fənnini də sevərək oxuyurlar.
          Fənn kurikulumunun tətbiqi zamanı şagirdlərə şəxsiyyət kimi yanaşılır. Onlara istiqamət verilir və məsələnin doğru həllinə istiqamətləndirilir. Şagirdə “səhv dedin” ifadəsini səsləndirməkdən imtina edilir, “başqa necə ifadə edə bilərsən?” kimi ifadələrlə əvəz edilməsi daha məqsədəuyğun hesab edilir.
Fənn kurikulumu o zaman münasib hesab olunur ki, o şagirdin maraqlarına, fənlərin məzmunu, ümumən dünya haqqında olan sorğularına cavab verə bilsin. Kurikulumun müəyyən edilməsi zamanı nəinki şagirdin maraqları, həm də dövlətin maraqları nəzərə alınır.
Kurikulumu şagirdlər üçün münasib etməkdə məqsəd onların yeni maraqlarını stimullaşdırmaqdan, yeni biliklərə qapılar açmaqdan, şagirdlərin daha yüksək öyrənmə səviyyələrinə çatmalarına cəhdlər etməsini həyata keçirməkdən ibarətdir.

Qeyd: Məqalənin  ilk versiyasına əlavələr  edərək  paylaşmışam. Məqalənin  orginal formasını  Azərbaycan  Müəllimi  qəzetinin  aprel ayı üçün olan 15 nömrəli  buraxılışında  tanış  ola  bilərsiniz. 






Müəllif: 2013-2014-cü tədris ili üzrə “Ən Yaxşı Müəllim” müsabiqəsinin qalibi, 2015-ci tədris ili üzrə Elektron Təhsil Müsabiqəsinin “Tədrisdə Ən Yaxşı Metodik Tövsiyə/ sənəd” nominasiya üzrə qalibi Leyla Bayramova

17 Mart 2016 Perşembe

Öyrətmə metodikası

Videonu izləmədən keçməyin
Bəzən tədris prosesində kadrlar seçilərkən ancaq ixtisas biliyi yoxlanılır. Yoxlama prosesi isə test üsulu ilə tətbiq edilir. Əslində isə bu o qədər də doğru addım deyil. Təhsil üçün kadrın seçilməsi zamanı xüsusi ilə də müəllimlərin seçimi zamanı nəzərə almaq lazımdır ki, müəllim sinif auditoriyasına daxil olacaq. Onun ancaq ixtisas biliklərinin yoxlanılması, həmin müəllimin hələ də yaxşı, savadlı, əsl öyrədən olmasını sübut etmir. Bir müəllim ixtisasını yaxşı bilər (kitabları səhifəsinə qədər əzbər bilə bilər :) ) Ancaq, müəllimin öyrətmə  metodikası və öyrətmə qabiliyyəti yoxdursa savad, bilik köməyə çatmır. Müəllim ixtisas biliklərini mükəmməl bilməklə yanaşı, düzgün öyrətmə metodikasına malik olmalıdır. Öyrətmə metodikası isə sinif auditoriyasından, auditoriyanın yaş və bilik səviyyəsindən, zamandan və məkandan asılı olaraq dəyişə bilir. Standart bir öyrətmə metodikası yoxdur. Eləcə də hər bir müəllimin özünəməxsus öyrətmə metodikası olsa belə, yenə də bu metodikalar vəziyyətdən, şəraitdən asılı olaraq dəyişir.
  Bu baxımdan müəllimlərin seçimi zamanı ixtisasla yanaşı, onların nitqi auditoriyada səs tonunu idarəetmə qabiliyyətinin ölçülməsi, nitqinin aydınlığı və düzgünlüyü, səbrliliyi, metodikası, öyrədici mühiti təşkil etmə qabiliyyəti və s keyfiyyətləri əsas olaraq yoxlanılsa daha məqsədəuyğun olardı.
Bu gün dəfələrlə eşidirk ki, hər hansısa bir məktəbdə müəllimlə şagird arasında xoşagəlməz problem baş verib. Bir çox hallarda bu problem şagirdlərlə bağlı olur. Bu danılmazdır. Bu haqda hər hansısa bir tədbirin görülməsi yaxşı olardı. Ancaq etiraf edək ki, bu gün sinif auditoriyasını idarə etmə qabiliyyətinə malik olmayan təsadüfi müəllimlər də var. Eləcə də öyrətmə metodikasını düzgün təşkil edə bilməyən. 
 Öyrətmə metodikası şəraitə uyğunlaşdırıla bilər. Öyrətmə metodikasının şablonlaşdırılması əksinə müəyyən nöqsanların yaranmasına səbəb olur.  Hansı şəraitdə olursa olsun, ilk olaraq öyrətməyə başlamazdan əvvəl auditoriyanın diqqətini cəlb etmək lazımdır. Bu özü ən vacib metodikadır. Bütün diqqəti özünə  cəmləşdirmə bacarığı bütün öyrətmə prosesinə təsir edir.  İkinci olaraq nitqin öyrətmə prosesinə təsiri yüksəkdir. Əgər öyrədənin nitqi eyni səs tonu ilə davam edərsə bu çox yorucu ola bilir və dinlənilməmə ilə nəticələnir.
Nitq maraqlı, dəyişkən, səlis, aydın olmalıdır. Bəzən yüksək səs tonu ilə danışmaq daha yorucu olur. Hətta tədris çox maraqlı olsa belə səs tonu bu öyrətməni məhv edə bilir. Bu səbəbə auditoriyada səs tonunu idarə etmə qabiliyyəti də xüsusi bacarıq hesab edilə bilər. Üçüncüsü isə öyrətmə yüksək motivasiya ilə qurulmalıdır. Motivasiya deyəndə nitqə başlamazdan əvvəl auditoriyaya "özünü qəbul etdirə bilmə" daha sonra sizin danışdığınız fikirlərə çox diqqətlə yanaşmaları üçün vacib olab məsələlərdəndir.
   Öyrədici mühiti təşkil edərkən müəllimin bir sıra fasilitator kimi malik olduğu keyfiyyətlər
Müəllimin hər bir şagirdə xüsusi hörmət və etibarla fərdi olaraq yanaşması, şagirdlərin birlikdə əməkdaşlığı, şagirdlərin bir-birlərinə qarşılıqlı hörmət və etibarı, şagirdlərin olduqları kimi qəbul edilmələri və onların müəllim tərəfindən daim dəstəklənməsi, şagirdlərin qabiliyyətlərinə inamın olması, xeyirxahlıq, cavabları pis və ya yaxşı kimi qiymətləndirilməsindən imtina edilməsi, şagirdlərdə öyrənmə motivasiyası və stimulun yaradılması, şagirdlərin sinif mühitinəı, müəllimin xüsusi həssas münasibətinə uyğunlaşması müəllimin malik ola biləcəyi ən yüksək və ən vacib keyfiyyətlərdir.
Öyrədici mühiti təşkil edərkən lazım olan bacarıqlar
Sual vermə bacarığı

Əks əlaqənin yaradılması

İştirakçıların təhrik etmə bacarıqları

Fəal dinləmə bacarığı

Empatiya bacarığı 

Yaradıcılıq bacarığı

Əməkdaşlıq bacarığı

Ünsiyyətin yaradılması bacarığı

9 Kasım 2015 Pazartesi

Region Müəllimləri Diaqnostik Qiymətləndirməyə necə hazırlaşıb?

Təhsil sahəsində görülən işlərdən ən mühümü müəllimlərin sınaq qiymətləndirilməsinin keçirilməsidir.
Artıq bu sahədə Bakıda silsilə tədbirlər keçirilməkdədir. Bəs regionlarda vəziyyət nə yerdədir?
Atv.az-a açıqlamasında Aran zonasının təhsil ekspertlərindən biri olan Leyla Bayramova bildirib ki, şəhər mühitindən fərqli olaraq, regionlarda müəllimlərin öz üzərində işləmə prosesi zəif gedir: “Regionlarda çox az müəllimə rast gəlmək olar ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müsabiqələrdə iştirak edir. Düşünürəm ki, sınaq qiymətləndirilməsinin aparılması müəllimləri öz üzərində işləmə prosesinə cəlb edəcəkdir. Artıq regionlarda bu proses başlayıb. Müəllimlər özlərinin zəif tərəflərini bildikləri üçün, bu problemləri aradan qaldırmağa cəhd edirlər”.
Ekspertin fikrincə,  sınaq qiymətləndirilməsinin həyata keçirilməsi, müəllimlər üçün çox gözəl nəticə verəcək: “ Qiymətləndirilmə heç bir müəllimi zorla tədris prosesindən ayırmayacaq. Onlar könüllü olaraq gedəcək. İkinci bir tərəfdən, müəllim, tədris prosesində qalmağa davam etsə, yəni zəif nəticə göstərdiyi halda, özündə olan zəif tərəfləri aşkar edəcək və onları aradan qaldırmağa çalışacaqdır. Mütəmadi olaraq müəllimlər bir -birləri ilə əlaqə saxlamaqla, bir- birlərindən mentor dəstəyi alırlar. Bu çox sevindiri haldır ki, müəllimlərimiz bu köməyi bir birlərindən əsirgəmir”.
"Şəxsi fikrim olaraq demək istəyirəm ki, sınaq qiymətləndirilmənin həyata keçirilməsini bir müəllim olaraq başqa cür edərdim. Xüsusi bir ekspert qrupu müəyyənləşdirərdim, regionlar və eləcə də Bakı şəhəri üçün müəllimlərin yoxlanılması prosesini təşkil etsin. Qiymətləndirilmə test üsulu ilə həyata keçirilir və düşünürəm ki, bu, müəllimin metodik bacarığını, təhsilalanların öyrtəmə imkanlarını yoxlamağa qadir deyil. Bir müəllimin yalnız biliyi qiymətləndirilə bilməz axı ki, bu test üsulu ilə həyata keçirilsin. Qiymətləndirilmənin bir çox üsul və vasitələri var ki, onların araslndan müəllimin bacarığını da müəyyən etməyə imkan verən üsul və vasitlər var. Eləcə də müəllimin metodik bacarığı və öyrədici mühiti təşkil etmə bacarığı ekspert qrupu tərəfindən sinif daxilində həyata keçirilməsi daha yaxşı olardı"-deyə, o qeyd edib.
Təhsil eksperti bölgədə bu sahədə keçirilən tədbirlərin daha geniş və fəal aparmağın lazım olduğunu bildirib.
O həmçinin deyib ki, müəllimlərin diaqnostik qiymətləndirilməsini səbrsizliklə gözləyirlər. Əmək haqqının artımı baxımından bu proses motivasiya edir: “Bu addımın atılmasını mən məktəblərdə təhsil verənlərin keyfiyyət göstəricinin artırılması kimi qiymətləndirirəm. Təbii ki, bu mərhələnin davamı əmək haqqının artırılması prosesidir ki, bu da müəllimlərə işləmək üçün stimul verəcək önəmli addımlardan biridir”.



21 Ekim 2015 Çarşamba

Azərbaycan tarixinin tədrisində bədii ədəbiyyatdan istifadənin imkanları və yolları

                                   
                           Bayramova Leyla Bəhman qızı
                                        ADPU, magistr
Azərbaycan tarixinin tədrisində bədii ədəbiyyatdan
istifadənin imkanları və yolları
         Elmi rəhbər: M.M.Əmrahov, tarix elmləri doktoru, professor
Açar sözlər: interaktiv təlim, bədii ədəbiyyat, mətnlə iş, şifahi şərh
Azərbaycan tarixinin tədrisində bədii ədəbiyyat materiallarından istifadə mühüm əhəmiyyət kəsb edir. Bunun üçün mövzular və bədii ədəbiyyat nümunələri dəqiq seçilməli, seçilən bədii ədəbiyyat nümünələri şagirdlərin bilik və yaş səviyyəsinə uyğun olmalıdır. Odur ki, Azərbaycan Respublikasının ümümtəhsil məktəblərində Azərbaycan tarixinin tədrisində siniflər üzrə  mövzuların və istifadə ediləcək bədii ədəbiyyat nümunələrinin təxmini siyahısını  aşağıdakı cədvəldəki kimi təklif edirik.

Fəal Təlimin Üstünlükləri


 Fəal  təlimin üstünlükləri
Təhsil bütün cəmiyyətlərin, xüsusilə də demokratik cəmiyyətin ən zəruri komponentlərindəndir.
Hələ Tomas Cefferson qeyd edirdi ki, “Əgər xalq elə güman edir ki, sivilizasiyanın hər hansı bir mərhələsində o, həm cahil, həm də azad ola bilər, deməli o heç vaxt mümkün olmayan bir şey istəyir”
Dünyanın hər yerində təhsil sistemi modernləşdirməyə çalışılır ki, günün tələblərinə mümkün qədər yaxşı cavab versin. Müxtəlif ölkələrdə bu sahədə islahatlar aparılır.Lakin bu halda hər bir ölkənin spesifik tələbatı, inkişaf səviyyəsi, təhsil sahəsində milli ənənələr nəzərə alınır.
Demokratik təhsilin məqsədi demokratik qaydalar və demokratik təcrübəyə dair dərin biliklərə malik olan, hər şeyi bilmək istəyən müstəqil vətəndaşların formalaşması üçün şərait yaratmaqdır.
Respublika təhsil sistemində üstünlük təşkil edən təlim sistemi təhsildə yeni nailiyyətlər əldə etməyə imkan vermirdi. Doğrudur, bu təlim sistemi bir sıra üstünlüklərə malik idi. Ancaq, cəmiyyət inkişaf etdikcə, insanların həyat tərzi, iş tərzi, dünyagörüşü dəyişdikcə təhsil sisteminin də dəyişilməsi labüdləşir. Belə ki, informasiya axınının sürətli olduğu bir dövrdə, elmin müxtəlif sahələrində toplanmış bilik kütləsi elə sürətlə artır ki, təlimin ənənəvi sxemi bu məlumatları əldə etməyə imkan vermir. Ənənəvi sxemin mahiyyəti ondan ibarət idi ki, müəllim yalnız “hazır bilikləri” şərh edir, şagirdlər isə emal olunmuş hazır bilikləri isə passiv şəkildə mənimsəyirdilər.Şagirdə verilmiş hazır biliklər isə şagirdin təfəkkürünü yaradıcı mənbədən, yəni sərbəstlik, müstəqillik kimi keyfiyyətlərdən məhrum edir.
Müasir kurikulum isə ənənəvi təlim sxemindən fərqli olaraq dövlətin təhsil siyasətinə aid konseptual sənəd olub, mühüm məsələlərlə bağlı uzunmüddətli planlaşdırmanı özündə əks etdirir. Yeni təhsil sxemi müəllimyönümlülükdən-şagiryönümlülüyə, təklifyönümlülükdən- tələbyönümlülüyə, məzmunyönümlülükdən – nəticəyönümlülüyə istiqamətlənmişdir.
Müasir kurikuluma əsaslanaraq qurulan dərslərdə istifadə olunan fəal təlim üsulları bizə öz məqsədimizə daha sadə, daha səmərəli yolla nail olmağa imkan verir.
Fəal təlim şagirdlərin yaddaşının yeni elmi biliklərlə, informasiyalarla zənginləşdirilməsinə deyil, biliklərin müstəqil qazanılması, mənimsənilməsi vərdişləri və təfəkkürün müntəzəm şəkildə inkişaf etdirilməsinə əsaslanır. Bu zaman şagirdlər müəllimin bələdçiliyi altında vacib təlim materialının öyrənilməsi, problemin həll edilməsi prosesində müəllimin köməyi olmadan elmin əsas qanunauyğunluqları haqqında nəticə çıxarmağı , müstəqil şəkildə mühüm və dərin ümumiləşdirmələr aparmağı öyrənirlər.
Fəal təlimin əsas üstünlüyü ondan ibarətdir ki, şagirdlərin idrak fəallığını artırır, onları düşündürür, müstəqil qərarlar çıxarmağa yönəldir. İdrak fəaliyyətinin gedişində şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf edir. Təfəkkürün inkişafının başlanğıc nöqtəsi isə informasiyadır.Şagirdlərin təfəkkürünü inkişaf etdirmək üçün fəal təlim üsullarından istifadə olunur.
Məhz fəal təlim üsullarının tətbiqi ilə keçirilən dərslərdə ənənəvi qiymətləndirmədən fərqli, prinsipcə yeni qiymətləndirmə sistemi nəzərdə tutulur. Məhz bu qiymətləndirmə sisteminin əsas prinsiplərindən biri belədir: “ səhv cavablar olmur, sadəcə həmin cavablar müxtəlif olur.
Müasir kurikuluma əsaslanaraq keçilən dərslərin qiymətləndirilməsi zamanı yalnız vacib informasiyanın mənimsədilməsi deyil, həm də cəmiyyətin həyatında fəal vətəndaş mövqeyi və iştirakı üçün zəruri olan qabiliyyətlərin əldə edilməsi, habelə insan hüquqlarının və demokratik cəmiyyətin dəyərlərinin formalaşdırılması məsələləri xüsusi nəzərə alınır.
Təlim prosesinin iştirakçılarının həm müəllim, həm də şagird olmasına baxmayaraq, məktəb təcrübəsində fəal təlimin tətbiq edilməsinə məhz müəllimdən başlamaq lazımdır.
Müəllimlər ənənəvi sxemdə mövcud olan “reproduktor” (bilikləri ötürən) rolundan imtina etməli və yeni bir rolu – biliklərin əldə edilməsi yolunda “bələdçi” (fasilitator) rolunu qəbul etməlidirlər.
Düzgün fasilitasiya qaydalarına riayət etməklə müxtəlif kompetensiyalara malik olan,şəxsiyyəti yetişdirmək mümkündür. Fəal təlimin üstünlüklərindən biri də məhz şagirdə hörmətlə yanaşma , etibar etmə hissinin yaradılması, cavabların yaxşı və ya pis qiymətləndirilməsindən imtina edilməsi, onda müəllimə hörmət və özünə inam hissi yaratmalı, “müvəffəqiyyətsizliyin” olmasına dair qorxunu aradan götürməlidir. Məhz bütün bunlar fasilitatorun əsas vəzifələrindəndir.
Məqsəd sağlam məktəb mühitində ən vacib cəhət olan insani münasibətlərin bərqərar olmasıdır. Həm müəllimlər, həm də şagirdlər sağlam qarşılaşma, müsbət risk və əməkdaşlıq şəraitində məqsədlərin müəyyən edilməsi və s kimi vərdişləri öyrənir və təcrübədə həyata keçirilər.
Müvəffəqiyyətli orta məktəb belə bir düşüncəyə əsaslanır ki, şagirdlər ənənəvi sxemin müəllimlərinin fikirləşdiklərindən daha qabiliyyətlidirlər. Şagirdlər müəllimin rolunu öz üzərinə götürdükdə, müəllimlər hələ də öyrənmə vəziyyətlərində olduqda əsl öyrənmə vəziyyəti yaranır. Bu zaman müəllimlər özləri şagirdlərin fəaliyyətini passiv müşahidə etməyib, öyrənmə prosesinin fəal iştirakçıları olurlar.
Eyni zamanda müəllimin qarşısında duran ən vacib vəzifə odur ki, o, şagird qarşısında problemi ustalıqla qoymağı, onun idrak və tədqiqat fəalliyyətinə rəhbərlik etməyi bacarmalıdır.
Təlimin keyfiyyəti ancaq o zaman yüksəldilə bilər ki, fənnin tədrisi şagirdlərin fəal işi ilə möhkəm əlaqələndirilmiş olsun və şagirdlər birbaşa yaradıcılıq və axtarıcılıq prosesinə qoşulsunlar. Tədqiqatçılıq prosesində şagirdin müstəqil axtarıcılıq işi üstünlük təşkil edir və bütöv problemin həllinə yönəlmiş olur. Tədqiqatçılıq metodu həm də müəllimin axtarışını istiqamətləndirir, problemi öyrənmək üçün situasiya yaradır, ziddiyətləri
aşkara çıxarır, müqayisə edir, müsahibənin pillələrini qurur və nəhayət problem və yarımproblemlərin hissələrinin həllinə şagirdləri cəlb edir.
Tədqiqat prosesində bələdçinin şagirdin qarşısında qoyduğu problem (tədqiqat sualı) yeni biliklərin kəşfinə aparan yolda “yolgöstərən ulduz” rolunu oynayır. Tədqiqat prosesində şagirdin idrak fəallığı artır, düşüncə tərzi inkişaf edir və bu isə öz növbəsində şagirdlərin yüksək təfəkkürə malik olmasına gətirib çıxarır. Yüksək təfəkkürə malik olan şagird isə hər zaman qarşıya qoyulmuş problemin aradan qaldırılmasında, eləcə də real həyat situasiyalarında icra zamanı çətinliklərlə qarşılaşmırlar.
Təfəkkür təcrübəsinin artması müasir məktəbin əsas məsələsinin, şagird şəxsiyyətinin inkişafına yardımın həlli ilə sıx bağlıdır.
Fəal təlimin üsullarından istifadə nəinki şagirdin təfəkkürünün inkişafına, eyni zamanda “qarşılıqlı fəaliyyət” zamanı müxtəlif kompetensiyalara malik olmalarına gətirib çıxarır.
Fəal təlim üsulları –müəllimin iştirakı ilə müxtəlif informasiya mənbələri (kitab, xəritə, illüstrasiya və s) və ya bir-biri ilə qarşılıqlı fəaliyyət prosesində yeni biliklər əldə etməyə imkan verən təlim üsullarının və dərs formalarının məcmusudur.
Qeyd etmək lazımdır ki, dərs aparılması prosesində üsul və model seçimi müəllimin öz öhdəsinə düşür, onun istək və təcrübəsindən asılı olur. Təbii ki, bu zaman müəllim şagirdin də maraq və istəklərini nəzərə almalıdır.
Kurikulum o zaman münasib hesab olunur ki, o şagirdin maraqlarına, fənlərin məzmunu, ümumən dünya haqqında olan sorğularına cavab verə bilsin. Kurikulumun müəyyən edilməsi zamanı nəinki şagirdin maraqları, həm də dövlətin maraqları nəzərə alınır.
Kurikulumu şagirdlər üçün münasib etməkdə məqsəd onların yeni maraqlarını stimullaşdırmaqdan, yeni biliklərə qapılar açmaqdan, şagirdlərin daha yüksək öyrənmə səviyyələrinə çatmalarına cəhdlər etməsini həyata keçirməkdən ibarətdir.
İstifadə olunan ədəbiyyat
 Metodika obuçeniya istorii v sredney şkole. M.,1978, c. 2. Q1.XVI,§ 1.Q1.XVII, §1-3
 Veysova .Z.Fəal interaktiv təlim: müəllimlər üçün vəsait .Bakı, 2007
 Mübariz Əmirov. Tam Orta Məktəbdə Tarixin Fəal/İnteraktiv təlimi metodikası .Bakı.2011
 İnsan hüquqlarının tədrisi. Müəllimlər üçün metodik vəsait.Bakı, 2007
 Veysova .Z. Məktəb müəllimləri üçün fəal təlim metodlarına giriş kursu, təlimçilər üçün metodik vəsait.Bakı.2004


Müəllimlərin kurikulum fəaliyyəti - kim necə əməl edir?


Müəllimlərin kurikulum fəaliyyəti - kim necə əməl edir?

Cəmiyyətimiz günü –gündən inkişaf edir. Bu inkişaf təhsil sahəsindən də yan keçmir. Cəmiyyətlə təhsilin arasındakı əlaqənin nə dərəcədə dərin olması hamımıza məlumdur. Deməli, bu qədər inkişaf təhsildən də yan keçə bilməz.
Amma bununla yanaşı, ortaya bir sıra maraqlı suallar da çıxır:
Məsələn, ətrafımızdakı bu qədər inkişafı qəbul ediriksə, təhsil sahəsində baş verən inkişafı niyə çətinliklə qəbul edir və ya ümumiyyətlə qəbul edə bilmirik?
Gözəl tikilişə, dizayna malik binalarda yaşamaq istəyirik, son model avtomobillərdə gəzmək, avtomobil sahibi olmaq, axırıncı marka telefonlara sahib olmaq, brend geyimlər geyinmək və s xəyallarımızı bəzəyir.
Bu qədər inkişaf və bunun qarşılığında təhsildə baş vermiş inkişafa isə deyirik  “Heyf deyildi, Sovet təhsili....”.
Amma cavabımız da məlumdur: Vaxtilə telefonum yox idi, indi  var. Vaxtilə, son model avtomobildə gəzmirdik, indi gəzirik. Vaxtilə sovet təhsili bizi yetişdirirdi, indi isə öz təhsilimiz var.
Başa düşürəm, yeniliyi qəbul etmək hər zaman asan olmur. Ancaq yenilik inqilab halında baş verdikdə bu yaşanan haldır.
Sovet təhsili deyib, biz belə öyrədirdik deyən, əksər müəllim sovet təhsilində  öyrətmə metodikasına bilirsinizmi hansı formada sahib olub?
Orta məktəbdə parta arxasında əyləşib, ən sevdiyi müəllim nümunəsində özünü xəyal edərək, böyüyüb, təhsil alıb və müəllim olub. İndi isə... Sovet təhsili metodikası  adlandırdığı təhsil metodikası ilə ( sevdiyi müəllim nümunəsində) tədris aparır. Deyir doğru olan budur. Deməli Sovet təhsilinin öyrətmə metodikasına yiyələnən çox az müəllim var. Hər bir müəllimin öz sevdiyi müəllim nümunəsində öz doğruları var.
Problem də burdan qaynaqlanır. Kim necə istəyirsə eləcə də tədris aparırdı. İndi isə..
Bu öyrəşdiklərini dəyişdirmək və tədris proqramını qaydalara uyğun tətbiq etmək əksər müəllimlərə çətin gəlir.
Və ya...
Müəllimlərimizin əksəriyyəti müasir tədris metodlarını səhv salır:
Nümunə: Müəllim hər hansı KİV -ə müsahibədə qeyd edir ki, “kurikulumla dərs keçdim”, “kurikulum metodunu tətbiq etdim”, yaxud “kurikulum icazə vermir şagirdə qiymət yazam”, “ kurikulum çıxandan dərs keçə bilmirik” “kurikulum şagirdləri yaxşı öyrədir” və s.
Ey hörmətli müəllimlər, sizə səslənirəm.
Kurikulum şəxsdir hansısa prosesə icazə verməyə? Şəxsdirsə kimdir?
Kurikulum metoddur? Metoddursa metod seçimində sərbəstsiniz. Niyə metodu dəyişdirmirsiniz?
Müəllim, sinif auditoriyasına daxil olur, yeni tədris proqramı qalır bir kənarda, bildiyini edir. Yarı ondan, yarı bundan. Sonra da summativ qiymətləndirilmə, şagirdlərin qiymətləndirilməsi prosesi çatanda, deyir gördünüz, şagirdlərim heç nə öyrənmədi. pedoqoji prosesi tam olaraq təşkil etdinizmi ki, nəticəsini də görmədiniz?
Təhsil Nazirliyi müəllimin işini asanlaşdırmaq üçün təkmilləşdirmə işləri aparır, müəllimlərimizin bəziləri  isə, bu sadə prosesi çətinləşdirmək üçün əlindən gələni əsirgəmir.
atv.az-http://news.atv.az/news/social/18099-muellimlerin-kurikulum-fealiyyeti
Leyla Bayramova




Qarabağ mənim əzəli yurdum

Bayramova Leyla Bəhman
e-mail: 86.leyla@mail.ru

Qarabağ mənim əzəli yurdum
Qarabağ
Qarabağ
Bu deyimi oxuduqda, bu deyim səsləndiyi zaman, ürəklər sızıldayır. Gözlərdə yaş donur. Qarabağım. Bəxti qara bağım. Taleyin niyə acı oldu?
-         Hanı sənin gözəl oylaqlarında qaçan, oynayan ayağı yalın əylənən uşaqların?
-         Hanı sənin meşələrində ürək oxşayan , cəh-cəh vuran bülbüllərin?
-         Hanı sənin dünyanın heç bucağında bitməyən xarı bülbülün?
-         Hanı, hanı sənin, gülərüzlü, mehriban, igidliyi ilə dillərdə gəzən igid əhalin hanı?
-         Bəs deyilmi sənsizlik?
-         Bəs deyilmi bu qədər acı?
-         Bəs deyilmi bu qədər düşmən ayağının qucağındakı izləri?
Bilirəm, bilirəm o izlər səni necə incidir. Az qalıb. Sənə qovuşacağım günə az qalıb.  Pis günün ömrü az olub deyir atalarımız.
         İllər öncə, illər öncə ayırdılar Qarabağı Azərbaycanımdan. Parçaladırlar Azərbaycanı. Qurdlar  körpə quzuya cumarcasına torpaqlarımıza hücum çəkdilər. O, qurdlar ki, bu gün bizim əzəli yurdumuz olan Qərbi Azərbaycanımızda özlərinə yurd salıb, dövlət yaradıblar.
Qarabağ Azərbaycanımızın ən qədim tarixi vilayəti idi. Lap qədimdən Arsak vilayəti adı ilə tanınan Qarabağ, Azərbaycanımızın canı idi.  Qarabağ adı da yaranarkən, heç yoxdan yaranmayıb. Bu tarixi vilayət təbii sərvətlərlə zəngin olduğundan , burada qara rəng mənasında yox, sıx, qalın, səfalı mənalarında işlənilmişdir. Strabonun qeydinə əsasən, yunanlar tərəfindən “Yevrop” adlandırılan bu şəhəri, parfiyalılar, “Arsak” adlandırmışlar. Qədim türk əlifbasının xüsusiyyətinə görə bu Erak (Arak)  yəni “ağ ərlər”  mənasında işlədilirdi.
Qarabağ  Azərbaycanda ilk insanın məskəni olmuşdur.  Bunu 1968-ci ildə tapılmış, 350-400 min il bundan əvvəl yaşamış , Azıxantropun, Azıx adamının alt çənə sümüyü sübut edir.
Qarabağın Azərbaycana məxsusluğunu sübut edən mənbələr çoxdur. Hətta, ümümtürk dünyasının tərcümeyi –hal olan şifahi xalq ədəbiyyatı nümunəmiz “ Kitabi Dədə Qorqud dastanı da bunu sübut edir.  Qarabağın oğuz türklərinə məxsus olduğunu sübut edən digər bir abidə Oğuz xaqanının  Qarabağ ərəzisində dəfn edildiyi qəbir abidəsi ola bilər.
Azərbaycan ərazisində 1501-ci ildə yaradılmış mərkəzləşdirilmiş dövlət olan Səfəvilər dövləti, 4 bəylərbəylik yaratmışdılar ki, o bəylərbəyliyin biri mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyi idi. Qarabağ bəylərbəyliyində Azərbaycanlılarla yanaşı, digər tayfaların yaşaması daha sonra bu bölgəyə olan iddiaların artmasına səbəb oldu. Burada qeydə alınan toponomik adların 1,3 mindən çoxu azərbaycanlılara məxsus idi. Səfəvi dövləti zəifləyən ərəfədə, Azərbaycanın Qarabağ vilayəti , İranın, Osmanlıların, Rusiyanın müharibə meydanına çevrilmişdir. Burada Osmanlıların bir nüddət Azərbaycanın daxili işlərinə qarışmaları, bir müddət Azərbaycanda idarəetmədə rol oynadmaqlarə özlərinə məxsus idarəetmə dəftərləri, ( tarixdə Osmanlı dəftərləri kimi tanınır) tərtib edilmiş və bu dəftərlərdə azərbaycanlıların Qarabağın əsas əhalisi olmasını sübut edir.
Bu dəftərlərdə qeyd edilmiş məlumata görə Qaarabağın ümumi əhalisi 122 min nəfər idi ki, onun 80,3 min nəfərini ( 66 %) azərbaycanlılar təşkil edirdi. 37,8 min nəfərini (31%) ermənilər təşkil edirdi, hansı ki bu ermənilər, sonradan qriqorianlaşdırılmış və erməniləşdirilmiş alban əhalisi olmuşdur. 3,7 min nəfərini isə (3,1 %) kürdlər təşkil edirdi.
Rusiyanın, əzəldən Azərbaycanın qədim ərazisi olan Qarabağa marağı olduğundan, bu ərazi ilə əlaqəni kəsmir və hər zaman daxili işlərinə qarışmağa çalışırdı. Qarabağda yaşayan qriqorianlaşdırılmış alban əhalisindən istifadə etəməklə siyasi vəziyyəti gərginləşdirməyə çalışırdı. Qarabağda yaşayan ermənilərin bir hissəsi aborigenlərdirlər, qədim albanların nəsilləridir. Onlar üçün Azərbaycan torpağı təqiblərdən və təhdidlərdən qorunmaq üçün sığınacaq olmuşdur.
Çar Rusiyası nəinki erməniləri Qarabağda dövlət yaratmaları üçün himayə edir, eyni zamanda XVIII əsrdən bu əraziyə olan düşmənçilik münasibətlərini sübut etməyə başladılar. Ermənilərin, Rusiya və İran ərazisindən Azərbaycan ərzisinə köçürülməsi, Qarabağda yerləşdirilməsi, təsadüfi hadisə deyildi.
Məqsədli şəkildə planlaşdırılmış, erməni-rus münasibətlərinin qeyri qanuni nəticəsi idi. Ermənilər və ruslar öz tarixi ədəbiyyatlarında  Azərbaycana və Qarabağ əraizisinə olan məkrli siyasətlərini pərdələyirdilər.  Guya bu əraziyə ticarət məqsədilə gəlirlərmiş. Ancaq, hər gəlişlərində Azərbaycanda olan, xristian əhalisinin qüvvəsindən, eləcə də qriqorianlaşdırılmış alban əhalisindən istifad etməklə, Azəarbyacanı daxildən qurd kimi sümürürdülər.
Çar Rusiyasının XVIII əsrdə Azərbaycanın Xəzər sahili  vilayətlərini  istila etmələri ilə bu ərazilərə ermənilərin köçürülməsi sürətləndi.

Qarabağın alban əhalisinin qriqorianlaşması və erməniləşməsi uzun sürən bir tarixi proses olmuşdur. Qarabağın dağlıq hissəsinin xristian əhalisi rus çarı I Pyotra məktubunda özlərini alban adlandırmışdılar.  Bu sübut edir ki, onlar hələ XVIII əsrin əvvəllərində özlərini erməni hesab etmirdilər.
Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri adı ilə tarixə düşmüş müqavilələr Azərbaycanın həyatında ən ağır iz buraxmışdır.
I Pyotrun bu siyasi xətti onun varisləri tərəfindən sonrakı bir əsr ərzində davam etdirildi. 1804-1813-cü illər Rus-İran müharibəsində Rusiyanın qələbəsi və Azərbaycanı parçalayan “Gülüstan müqaviləsi” ermənilərin köçürülməsi və birləşdirilməsini bir daha qəti şəkildə irəli sürdü. 1826-1828-ci illər Rus-İran müharibəsinin gedişində İrəvan tutulduqdan sonra bu plan həyata keçirilməyə başladı. Erməni katalikosu Nerses Aştaraketsi köçürmə haqqında layihə hazırladı. A.S.Qriboyedov da bu planın hazırlanması və həyata keçirilməsində böyük rol oynadı. Hətta ermənilərin köçürülmələrini təşkil etmək üçün, Naxçıvan və İrəvan ərazilərində köçürmə komitələri də yaradılmışdı.  Qarabağ ərazisinə köçürülən ermənilər 6 il müddətinə vergi və mükəllfəiyyətlərdən azad edildirlər, İrandan alınan təzminat hesabına onlara vəsait verilirdi.
1828-ci il Türkmənçay müqaviləsindən (Sənəd 3) sonra bu hal daha müntəzəm və məqsədyönlü xarakter alır. Ermənilərin İrandan Şimali Azərbaycana köçürülməsi həmin müqavilənin XV maddəsilə təsdiq olunurdu. Həmin maddəyə görə şah öhdəsinə götürürdü ki, ölkədə yaşayan məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına, əşyalarına hər hansı gömrük və vergi qoyulmadan daşınan əmlakını aparmaq və satmaq üçün bir il vaxt verilir. Daşınmaz əmlaka gəldikdə isə, onun satılması və ya onun haqqında öz xoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir. Lakin bu bağışlanma qeyd olunan bir illik müddət başa çatanadək məhkəmə cəzası düşən günah və ya cinayət işləmiş adamlara şamil edilmir.
 Bu maddə İrandan ermənilərin kütləvi surətdə Şimali Azərbaycana, o cümlədən Qarabağa göçürülməsini təmin etmək üçün müqaviləyə daxil edilmişdi.
1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Şimali Azərbayan ərazilərinə köçürülməsi həyata keçirilməyə başlayır. Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri Qarabağ torpaqları idi. Ermənilər sonralar köçürülmə "şərəfinə" Qarabağda abidələr ucaltmış, lakin XX yüzilliyin 80-ci illərində Azərbaycana qarşı ərazi iddiaları qaldırdıqları zaman onları dağıtmışdılar
 Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illər arasında, cəmi 2 il ərzində, Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Osmanlı imperiyasından 90 min erməni köçürüldü. Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı.
Azərbaycana köçürülmüş ermənilər, kütləvi şəkildə Qarabağın dağlıq hissəsində məskunlaşdırılırdılar. Ermənilər çarizmin hərtərəfli dəstəyi ilə Qarabğın nəinki siyasi, eləcə də iqtisadi həyatında mövqelərini möhkəmləndirirdilər.
Ermənilərin əzəli bir xülyası vardı. “Böyük Ermənistan” dövləti yaratmaq. Ermənilər çox keçmədən, Azərbaycanda “Böyük Ermənistan” dövləti yaratmaq uğrunda mübarizəyə başladılar. Bu mübarizədə ermənilərə kömək edən Çar Rusiyası onların məkrli siyasətlərini reallaşdırmaları üçün, əlindən gələn köməyi əsirgəmirdi.
Həmin ideyanın əsas tərkib hissələrindən biri də Qarabağ, İrəvan, Naxçıvan və digər Azərbayan torpaqlarının yerli - azərbayanlı əhalisini məhv etmək və onların yaşadıqları torpaqları ələ keçirməkdən ibarət idi.
1905-ci ildən etibarən isə, ermənilərin bu siyasəti  şiddətləndi və vəhşicəsinə özünü göstərməyə başladı. Azərbaycan  xalqına qarşı kütləvi soyqrımlar törədildi. Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti Qarabağda daha faciəli şəkil aldı. Ermənilər, əsas qüvvələrini Cənubi Qafqazda cəmləşdirərək və çarizmin himayəsinə sığınaraq azərbaycanlılara qarşı soyqırımlarını davam etdirməyə başladılar.
1918-ci ilin martında Bakıda başlanan və bütün Azərbayanı əhatə edən yeni kütləvi soyqırımlar Azərbayan xalqına çox ağır zərbə vurdu. 
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycan tarixində yeni dövr başlandı.
Ermənilər Qarabağı ələ keçirmək üçün əvvəllər başladıqları soyqırımlarını Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam etdirdilər. Azərbaycan hökuməti yaranmış vəziyyəti nəzərə alaraq 1919-cu ilin yanvarında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğu yaratdı. X.Sultanov Qarabağ general-qubernatoru təyin edildi. Ermənistan (Ararat) Respublikasının Xarici işlər naziri S.Tiqranyan Qarabağ general-qubernatorluğu yaradılmasına etirazını bildirmiş, lakin Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin cavabında bu etiraz əsassız hesab olunmuş və həmin ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması göstərilmişdir.

Qarabağ general-qubernatoru ermənilərin ərazi iddiaları ilə yanaşı, əvvəlcə ingilislər, sonra isə amerikalılarla gərgin münasibətlər şəraitində fəaliyyət göstərməli oldu. Lakin ermənilər Qarabağ general-qubernatorluğu ərazisində sülh yaranmasına imkan vermədilər. 1919-cu ilin sonları, 1920-ci ilin yazında Zəngəzurda erməni-daşnak silahlı quldur dəstələri dinc azərbaycanlı əhaliyə qarşı basqınlar və kütləvi qırğınlar törətdilər.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin növbəti  silahlı qiyamlarından biri 1920-ci il martın 22-də baş verdi. Bu separatçı qiyam Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırılmışdı.
Ermənilərin Qarabağda separatçı qiyamları,  törətdikləri vəhşiliklər və soyqırımlar, yeni yaranmış Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi.
         Başı bəlalı Qarabağım, hələ də işğal altındadır. Hələ də, düşmənin soyqırım əməlləri davam edir. Özlərinin qondarma soyqırımlarını dünyaya sübut etməyə çalışan ermənilərin Azərbaycanda törətdikləri soyqırımların hesabını kim verəcək?
Onlara dəstək olan Çar Rusiyasımı?
Ermənilər özlərimi?
Yoxsa hələ də onlara dəstək duran bəzi Avropa dövlətləri və qurumlarımı?


Bunu dəfələrlə sübut edirlər ki, heç yoxdan var etdikləri erməni dövlətinin  onların dəstəyi olmadan,  yaşayacaq durumu  yoxdur. Erməni dövləti bu gün müstəqil dövlət kimi fəaliyyət göstərsə də, onların xülyaları, sözügedən dövlətlərin onların başı üzərində olmasını, “başıqapazlı” bir dövlətə çevrilmələrini sübut edir.
atv.az-http://news.atv.az/news/social/20779-qaraba-menim-ezeli-yurdum

Məşhur Postlar

Səhifələr

Vacib saytlar