DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
Müəllifə məxsus etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Müəllifə məxsus etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

13 Nisan 2016 Çarşamba

Tarix fənni timsalında nümunəvi dərsi qurarkən müəllim nə etməli? Məqalə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Müəllimi qəzeti redaksiyası tərəfindən elan edilmiş "Ən yaxşı yazı müsabiqəsi"ndə 1-ci dərəcəli diplomla qalib elan edilib.


Məqalə  Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Müəllimi qəzeti redaksiyası tərəfindən elan edilmiş "Ən yaxşı yazı müsabiqəsi"ndə  I Dərəcəli  diplomla qalib elan edilib.
Tarix fənni timsalında nümunəvi dərsi qurarkən müəllim nə etməli?
Öz üzərində işləyən müəllimlər müasir dərsin qurulması qaydaları, eləcə də tətbiqi ilə yaxından tanışdılar. Müasir dərsin özünəməxsus mərhələləri vardır ki, bu mərhələlər doğru şəkildə tətbiq edildiyi zaman mükəmməl dərs qurmaq mümkün olur. Hətta müəllim və şagirdlər dərs prosesindən zövq alırlar.  Müasir dərsi tətbiq etmək üçün, dərsin mərhələləri üzrə qarşıya qoyulmuş qaydalar, vaxt, meyarlar, tapşırıqlar və s düzgün yerinə yetirilməlidir.
Müasir dərsin üstünlükləri nələrdir?
Dərsə hazırlaşarkən müəllim daha çox əmək sərf edir. Nəticədə mükəmməl şəkildə dərs qurur. Şagirdlər tərəfindən dərs maraqsız və darıxıdırıcı deyil, daha maraqlı qəbul edilir. Dərsdə şagirdlər 45 dəqiqənin necə keçdiyinin fərqində olmurlar. Çünki, dərs bütün siniflə həyata keçirilir, nəticədə bütün şagirdlər dərsdə öyrənmə prosesinə cəlb edilir. Dərs şagirdlərin maraqlarına, eləcə də dövlətin qoyduğu tələblərə uyğun olaraq qurulur. Fəal dərs zamanı şagirdlər bir dərsdə öyrəndikləri öyrənmə nümunəsində, əslində sərbəst “öyrənməyi öyrənirlər”. Çünki şagirdlərə informasiyalar emal edilərək deyil, təfəkkürlərini inkişaf etdirmək üçün tapşırıqlar formasında verilir. Şagirdlər tədqiqat prosesində problemi özləri həll edir və təfəkkürləri inkişaf edir.
Fəal dərsin əsas üstünlüyü ondan ibarətdir ki,  fəal dərs şagirdlərin idrak fəallığını artırır, onları düşündürür, müstəqil qərarlar çıxarmağa yönəldir. İdrak fəaliyyətinin gedişində şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf edir. Təfəkkürün inkişafının başlanğıc nöqtəsi isə informasiyadır.Şagirdlərin təfəkkürünü inkişaf etdirmək üçün fəal təlim üsullarından istifadə olunur.
Fəal təlimin üsullarından istifadə nəinki şagirdin təfəkkürünün inkişafına, eyni zamanda “qarşılıqlı fəaliyyət” zamanı müxtəlif  kompetensiyalara malik olmalarına gətirib çıxarır.
Fənn kurikulumunu tətbiq edən müəllim dərsini qurarkən aşağıdakı meyarları nəzərə almalıdır.
  •   Standartın düzgün seçilməsi 
  •   Məqsədin standarta uyğunluğu
  •  Məqsədin reallaşdırılması üçün əlverişli forma və üsulların seçilməsi
  •   Fəndaxili və fənlərarası inteqrasiya  
  •   Resurslardan məqsədəuyğun istifadə
  •  Motivasiyanın məqsədəuyğun qoyulması
  •  Tədqiqat sualının təlim məqsədinə uyğunluğu 
  •   Təlim tapşırığının problemin həllinə istiqamətlənməsi və şagirdlərin potensial imkanlarına uyğunluğu
  •   Məlumat mübadiləsi mərhələsinin təşkili (şagirdlərin təhlil etmə və təqdim etmə bacarığı) 
  •  Məlumatın müzakirəsinin təşkili 
  •   Ümumiləşdirmə və nəticə 
  •   Qiymətləndirmə meyarlarının düzgün müəyyən edilməsi (qiymətləndirmənin təlim boyu aparılması)
  •   Müəllim nitqinin aydınlığı 
  •   Dərsdə vaxtdan səmərəli istifadə. Şagirdlərdə əməkdaşlıq bacarığının formalaşdırılması
Dərsin gedişi zamanı müəllimlərdən asılı və ya asılı olmayan səbəblərdən nöqsanlar baş verir.
Bəzən dərs prosesində müəllim müəyyən nöqsanlara yol verir. Ilk öncə qeyd edim ki, nöqsansız, mükəmməl,  nümunəvi dərs yoxdur. Dərs prosesində xırda nöqsanların baş verməsi normal haldır. Ancaq ciddi nöqsanlar varsa, deməli müəllim ya hansısa meyarları, ya da bu meyarların tətbiqi qaydasını yerinə yetirməli olduğunu düzgün bilmir.
Onun üçün əsas olaraq fənn kurikulumunun tətbiqi zamanı təcrübəli müəllimlərdən örnək götürmək, dəstək almaq daha məqsədəuyğundur.
Fənn kurikulumunun dərsdə tətbiqi zamanı xüsusilə nələrə diqqət edilməli...
1.      İlk öncə müəllim evdə dərs prosesinə hazırlaşarkən dərsdə reallaşdırmalı olacağı standartları düzgün seçməlidir. Standartları seçərkən onu hansı mövzu əsasında reallaşdıra biləcəyini əvvəlcədən dəqiqləşdirir.
Bəzən xırda nöqsanlara da yol verilir.
Bəzən müəllim seçdiyi standartları dərsdə reallaşdıra bilmir. Bu müxtəlif səbəblərdən baş verir. Standartların daha çox seçilməsindən, standartlardan çıxarılmış məqsədlərin dərs boyu yerinə yetirilib vaxtında çatdırılmaması, tapşırıqların standart və məqsədlərə xidmət etməməsi və s kimi səbəblərdən baş verir.
2.      Müəllim dərsin məqsədlərini hazırlayarkən standartları nəzərə almır, məqsədlər standartlardan çıxarılmır, sadəcə kortəbii olaraq mövzuya xidmət edən məqsədlər olur. Müəllim dərsi qurarkən dərsin əsas hissəsi olan standart və məqsədləri bir-birinə uyğun olaraq hazırlamalıdır ki, dərs boyu  planlaşdırma ardıcıl şəkildə davam etsin.
3.       Diqqət edilməli olacaq digər məsələ öncədən müəyyənləşdirilmiş məqsədlərin 45 dəqiqə ərzində yerinə yetirilib çatdırılması, həmçinin məqsədlərin reallaşması, müəllimin tədqiqat zamanı şagirdlərə vermiş olduğu tapşırıqlarda da öz əksini tapır. Əgər müəllimin tədqiqat zamanı hazırladığı tapşırıqlar məqsədə xidmət etmirsə, həmçinin tədqiqat sualı məqsədlərə xidmət etmirsə, deməli məqsədlər kortəbii olaraq yazılmış və əslində tətbiq edilməmişdir.
4.      Bildiyimiz kimi dərsin ilk mərhələsi Motivasiya mərhələsidir. Bu mərhələ fəal dərsin əsas hissəsini təşkil etdiyindən çox əhəmiyyət kəsb edir. Dərsin Motivasiya mərhələsinin düzgün və ya yalnış  qurulması dərsin sonluğuna təsir edir. Müəllimin motivasiya üçün ayırdığı vaxta düzgün riayət etməsi doğru atılmış addımdır.  Motivasiya sinfin, şagirdlərin yaş səviyyəsinə uyğun olarsa məqsədə çatmaq asanlaşar. Müəllim şagirdləri birbaşa motivasiyadan tədqiqata yönəltməyi xüsusi nəzərə alması önəmli məsələlərdəndir.
5.      Tədqiqat sualı qoyulan zaman, sualın məqsədlərə xidmət etməsinə diqqət edilməlidir.
Bəzən müəllim bu mərhələdə ciddi nöqsanlara yol verir.
1.      Şagirdin səsləndirməli olduğu fikri onun yerinə özü səsləndirir.
2.      Şagirdlərin hər birindən fikirlərini dinləmədən, hər hansı şagird düz cavabı səsləndirərsə dərhal motivasiya nəticəsini elan edir və digər şagirdlərlə əqli iş aparılmır.
3.      Müəllim motivasiya zamanı şagirdləri tədqiqata yönləndirmək əvəzinə, şagirdlərdən  keçəcəyi mövzunun adını almağa çalışır.
4.      Müəllim dərs icmalını evdə yazan zaman, motivasiya mərhələsini hazır edəndə şagirdin yaş səviyyəsini nəzərə almır.
5.      Əgər müəllim izah verəcəksə bunu motivasiyadan sonra etsə daha yaxı olar. Bəzən müəllimlər motivasiya bitdikdən sonra tədqiqat sualını elan edib, iş vərəqlərini şagirdlərə paylayır. Sonra isə izah verməyə başlayır. Bu doğru addım deyil. Bu zaman şagirdlərin fikri iş vərəqlərindəki tapşırıqlarda qalır və müəllimin izahına diqqət edilmir. Müəllim izah verməlidirsə, izahını verməli, daha sonra şagirdləri iş vərəqindəki tapşırıqlarla tanış etməlidir. Ondan sonra isə iş vərəqlərini şagirdlərə paylaması daha məqsədəuyğundur. Müəllimin kiçik izahlarına ehtiyac olarsa, digər mərhələlərdə də ola bilər.
6.             Müəllim, şagirdlərə iş vərəqlərini paylamazdan qabaq onları dərs prosesində əvvəlcədən hansı meyarlarla qiymətləndirməli olduğunu elan etməsi daha yaxşı olardı. Ancaq, tədqiqatdan öncə olması şərt deyil, müəllim istənilən bir mərhələdə meyarları şagirdlərin nəzərinə çatdıra bilər. Bəzən dərs prosesində müəllimin icmalına müəyyən dəyişikliklər etməsinə ehtiyac yaranır. Bu  isə müəllimdən bacarıq tələb edir. Müəllim qiymətləndirməni fənn kurikulumunda  dərsin bütün mərhələlərində tətbiq edə bilir. Şagirdlərin əvvəlcədən hansı meyara görə qiymət aldıqlarını bilmələri daha məqsədəuyğundur. Həmçinin müəllim iş vərəqini şagirdlərə paylayarkən, tədqiqat zamanı onlara nə qədər vaxt ayırdığını elan etsə daha yaxşı olar, çünki şagirdlər əvvəlcədən hansı vaxtda tapşırığı yerinə yetirməli olduqlarını bilsələr, vaxtlarını ona uyğun olaraq bölmə imkanı qazanarlar.
7.              İş vərəqləri tələblərə uyğun qurulmalıdır. Bəzən müəllim, iş vərəqində yazdığı tapşırıqlar məqsədlərə xidmət etmir. İş vərəqində  tapşırıq adı altında bir neçə sual verilir? Tapşırıq və sual arasında fərq var. Tapşırıq verilirsə bu tam şəkildə ifadə edilsə daha yaxşı olar. Şagird  tapşırığı necə və hansı formada yazacağını müəllim iş vərəqində qeyd etməlidir. Nümunə 1:Cavanşir və Babəkə məxsus olan cəhətləri aşağıdakı diaqramda müqayisə edərək oxşar və fərqli cəhətlərini yazın.  Nümunə2:Əgər sən dövlət başçısı olsaydın dövlətini qorumaq üçün ölkədə hansı tədbirləri görərdin? Aşağıda ayrılmış sahədə qeyd edin.
İş vərəqində verilmiş tapşırıqlar, digər qruplarda verilmiş tapşırıqlarla eyni səviyyədə olmalıdır. Bir qrupa verilmiş tapşırıq çox sadə, digərinə verilmiş tapşırıq çətin olarsa bu şagirdlər arasında narazılıq yaradar və  müəllim ədalətsizliyə yol vermiş olar. İş vərəqlərində verilmiş tapşırıqların təfəkkürün inkişafına xidmət etməsi daha məqsədəuyğundur. Çünki, faktlara əsaslanan tapşırıqları şagirdlər kitabdan seçib köçürtmə imkanına malikdirlər. Faktlara əsaslanan tapşırıqlara çox köklənmək şagirdləri təfəkkürün inkişafından uzaqlaşdırır və fakt əzbərləməyə yönəldir. Bunun üçün iş vərəqlərində verilmiş tapşırıqlar məntiqi, tənqidi, yaradıcı tapşırıqlar olsa daha yaxşı olar. Həmçinin tapşırıqlar qoyulan zaman müəllim mütləq tədqiqat sualını nəzərə alır. 
           Tapşırıqları verərkən müəllim şagirdlərin qarşısında ziddiyyətli, həlli olmayan və ya çox çətinliklə həlli olan problemi qoymamalı, problemi qoyarkən müəllim tapşırığın bir neçə həll variantı olmasını nəzərə almalıdır.
8.      Bəzən müəllim dərs icmalında iş üsullarını qeyd xatirinə yazır. Dərs icmalında olan iş üsulları deyil, yazılmayan iş üsulu və iş formalarını tətbiq edir. Müəllim dərs prosesinə hazırlaşarkən əvvəlcədən  standartları nəzərdən keçirməli və fəaliyyət xətlərinə uyğun olan iş üsulunu və formasını-strategiyanı düzgün seçməsi vacibdir. Əks halda standartların reallaşması doğru şəkildə tətbiq edilməyəcəkdir.
9.      Fəndaxili və fənlərarası inteqrasiyanın dərs boyu, dərsin istənilən bir mərhələsində tətbiqinə müəllimin diqqət etməsi də vacib məsələlərdəndir. İnteqrasiya kortəbii xarakter daşımalı deyil, məqsədlərə xidmət etməlidir.
10.   Müəllimin sinifdə istifadə etdiyi əlavə resurs mövzuya, məqsədlərə, şagirdlərin yaş səviyyəsinə xidmət etməklə yanaşı doğru və şagirdləri yalnış istiqamətə yönləndirməyən resurs olması daha məqsədəuyğundur. Bəzən müəllimin dərsdə istifadə etdiyi mənbələr doğru seçilmədiyindən, mənbə ilə işləmə prosesi çox vaxt getməsinə səbəb olur və məqsədə çatmağa mane olur.
11.   Dərsin növbəti mərhələsi Məlumat mübadiləsi və müzakirə mərhələsidir. Bu mərhələ zamanı da müəllim bir sıra nöqsanlara yol verə bilir.  Təqdimat zamanı müəllim tapşırıqları dinləmə prosesində bir qrupa az digər qrupa çox zaman ayırmaqla, eləcə də, bir qrupa daha çox sual digərinə daha az sual ünvanlamaqla, tapşırıqlara və məqsədə xidmət etməyən suallar verməklə məqsəddən uzaqlaşa bilər.
           Bəzi hallarda müəllim  iki eyni yaş səviyyəsində şagirdlər olan  sinfi idarə edir. Hər iki sinifdə dərs prosesini eyni müəllim aparır. Bu zaman bir sinif üçün hazırladığı dərs icmalını və  hazırladığı kiçik summativ qiymətləndirməni digər bir sinif üçün də tətbiq edir. Çox hallarda isə, metodik vəsaitdə olan  kiçik summativ qiymətləndirmə  nümunəsini, müəllim sadəcə sürətini çıxardaraq  bütün şagirdlərə təqdim edir.  Müəllimdən əsas tələb olunan məsələlərdən biri də şagirddən sinif səviyyəsini nəzərə almasıdır. Müəllim sinif səviyyəsini nəzərə almadan bu prosesi icra edərsə, müyyən dərəcədə işini çətinləşdirmiş olacaq. Çünki dərs keçdiyimiz siniflərdə şagirdlərin yaş səviyyələri eyni olmur. Sinfin biri çox zəif, digəri isə daha güclü və ya orta səviyyədə ola bilər. O baxımdan, müəllim eyni dərs icmalını və qiymətləndirməni təşkil edərkən hər sinfə uyğun meyarları olmalıdır. Siniflərdə şagirdlərin hafizə və təfəkkür səviyyələri nəzərə alınaraq, hər sinfə uyğun motivasiya hazırlanmalı, tapşırıqlar sinif səviyyəsinə uyğunlaşdırılmalı, eləcə də dərsin digər bölmələri və qiymətləndirmələrdə buna xüsusi diqqət edilməsi daha məqsədəuyğundur.
Təhsilimizin üstünlüklərindən biri də, yeni işə başlamış müəllimlərə, eləcə də fənn kurikulumu sistemindəki yenilikləri öyrənməklə bağlı  müxtəlif problemləri olan müəllimlər üçün metodik vəsaitlər, internet resursları, şablon vasitələr çox saydadır. Ancaq, bütün bu vəsaitlər müəllimlərə istiqamət ala bilmələri üçün verilir.  Şablon vəsaitlər üzərində müəllimlər öz yaradıcılıqlarını tətbiq edərək, sinifdə dərsi qurmaları daha yaxşı olardı. Heç bir şablon hazırlanarkən, mümkün deyil ki, respublikada olan bütün məktəblərin siniflərinin səviyyələri nəzərə alınaraq şablon hazırlansın. Bu səbəbdən, istənilən şablon tətbiq ediləndə şagirdlərin hafizə və təfəkkürləri, yaş və sinif səviyyələrinin nəzərə alınması daha məqsədəuyğundur.
          Müəllimin dərs prosesində sərbəst ədəbi dildə danışması daha məqsədəuyğundur. Bəzən müəllimlərin, dərsdə əlavə dillərdən (rus, türk dillərində olan ifadələrdən) ləhcədən istifadə etməsi şagirdin, onu özü üçün nümunəyə çevirməsinə gətirib çıxara bilər. Xüsusi ilə ibtidai sinif müəllimlərinin yazıları və danışıq tərzləri şagird üçün nümunə olur. Disleksiyalı müəllimin şagirdləri bir çox zaman disleksiyalı olurlar. Dərs prosesində müəllimin canlı və təmiz nitqi qədər, onun jest və mimikaları da önəmlidir. Dərsi aktiv, fəal, canlı etmək müəllimdən qismən “aktyorluk” tələb edir.
Müəllim dərs prosesində fasilitator kimi malik olduğu bacarıqlardan tam doğruluqla istifadə etməlidir ki, şagirdlərin etibarını və inamını qazansın. Şagirdlər sevdikləri müəllimin fənnini də sevərək oxuyurlar.
          Fənn kurikulumunun tətbiqi zamanı şagirdlərə şəxsiyyət kimi yanaşılır. Onlara istiqamət verilir və məsələnin doğru həllinə istiqamətləndirilir. Şagirdə “səhv dedin” ifadəsini səsləndirməkdən imtina edilir, “başqa necə ifadə edə bilərsən?” kimi ifadələrlə əvəz edilməsi daha məqsədəuyğun hesab edilir.
Fənn kurikulumu o zaman münasib hesab olunur ki, o şagirdin maraqlarına, fənlərin məzmunu, ümumən dünya haqqında olan sorğularına cavab verə bilsin. Kurikulumun müəyyən edilməsi zamanı nəinki şagirdin maraqları, həm də dövlətin maraqları nəzərə alınır.
Kurikulumu şagirdlər üçün münasib etməkdə məqsəd onların yeni maraqlarını stimullaşdırmaqdan, yeni biliklərə qapılar açmaqdan, şagirdlərin daha yüksək öyrənmə səviyyələrinə çatmalarına cəhdlər etməsini həyata keçirməkdən ibarətdir.

Qeyd: Məqalənin  ilk versiyasına əlavələr  edərək  paylaşmışam. Məqalənin  orginal formasını  Azərbaycan  Müəllimi  qəzetinin  aprel ayı üçün olan 15 nömrəli  buraxılışında  tanış  ola  bilərsiniz. 






Müəllif: 2013-2014-cü tədris ili üzrə “Ən Yaxşı Müəllim” müsabiqəsinin qalibi, 2015-ci tədris ili üzrə Elektron Təhsil Müsabiqəsinin “Tədrisdə Ən Yaxşı Metodik Tövsiyə/ sənəd” nominasiya üzrə qalibi Leyla Bayramova

17 Mart 2016 Perşembe

Öyrətmə metodikası

Videonu izləmədən keçməyin
Bəzən tədris prosesində kadrlar seçilərkən ancaq ixtisas biliyi yoxlanılır. Yoxlama prosesi isə test üsulu ilə tətbiq edilir. Əslində isə bu o qədər də doğru addım deyil. Təhsil üçün kadrın seçilməsi zamanı xüsusi ilə də müəllimlərin seçimi zamanı nəzərə almaq lazımdır ki, müəllim sinif auditoriyasına daxil olacaq. Onun ancaq ixtisas biliklərinin yoxlanılması, həmin müəllimin hələ də yaxşı, savadlı, əsl öyrədən olmasını sübut etmir. Bir müəllim ixtisasını yaxşı bilər (kitabları səhifəsinə qədər əzbər bilə bilər :) ) Ancaq, müəllimin öyrətmə  metodikası və öyrətmə qabiliyyəti yoxdursa savad, bilik köməyə çatmır. Müəllim ixtisas biliklərini mükəmməl bilməklə yanaşı, düzgün öyrətmə metodikasına malik olmalıdır. Öyrətmə metodikası isə sinif auditoriyasından, auditoriyanın yaş və bilik səviyyəsindən, zamandan və məkandan asılı olaraq dəyişə bilir. Standart bir öyrətmə metodikası yoxdur. Eləcə də hər bir müəllimin özünəməxsus öyrətmə metodikası olsa belə, yenə də bu metodikalar vəziyyətdən, şəraitdən asılı olaraq dəyişir.
  Bu baxımdan müəllimlərin seçimi zamanı ixtisasla yanaşı, onların nitqi auditoriyada səs tonunu idarəetmə qabiliyyətinin ölçülməsi, nitqinin aydınlığı və düzgünlüyü, səbrliliyi, metodikası, öyrədici mühiti təşkil etmə qabiliyyəti və s keyfiyyətləri əsas olaraq yoxlanılsa daha məqsədəuyğun olardı.
Bu gün dəfələrlə eşidirk ki, hər hansısa bir məktəbdə müəllimlə şagird arasında xoşagəlməz problem baş verib. Bir çox hallarda bu problem şagirdlərlə bağlı olur. Bu danılmazdır. Bu haqda hər hansısa bir tədbirin görülməsi yaxşı olardı. Ancaq etiraf edək ki, bu gün sinif auditoriyasını idarə etmə qabiliyyətinə malik olmayan təsadüfi müəllimlər də var. Eləcə də öyrətmə metodikasını düzgün təşkil edə bilməyən. 
 Öyrətmə metodikası şəraitə uyğunlaşdırıla bilər. Öyrətmə metodikasının şablonlaşdırılması əksinə müəyyən nöqsanların yaranmasına səbəb olur.  Hansı şəraitdə olursa olsun, ilk olaraq öyrətməyə başlamazdan əvvəl auditoriyanın diqqətini cəlb etmək lazımdır. Bu özü ən vacib metodikadır. Bütün diqqəti özünə  cəmləşdirmə bacarığı bütün öyrətmə prosesinə təsir edir.  İkinci olaraq nitqin öyrətmə prosesinə təsiri yüksəkdir. Əgər öyrədənin nitqi eyni səs tonu ilə davam edərsə bu çox yorucu ola bilir və dinlənilməmə ilə nəticələnir.
Nitq maraqlı, dəyişkən, səlis, aydın olmalıdır. Bəzən yüksək səs tonu ilə danışmaq daha yorucu olur. Hətta tədris çox maraqlı olsa belə səs tonu bu öyrətməni məhv edə bilir. Bu səbəbə auditoriyada səs tonunu idarə etmə qabiliyyəti də xüsusi bacarıq hesab edilə bilər. Üçüncüsü isə öyrətmə yüksək motivasiya ilə qurulmalıdır. Motivasiya deyəndə nitqə başlamazdan əvvəl auditoriyaya "özünü qəbul etdirə bilmə" daha sonra sizin danışdığınız fikirlərə çox diqqətlə yanaşmaları üçün vacib olab məsələlərdəndir.
   Öyrədici mühiti təşkil edərkən müəllimin bir sıra fasilitator kimi malik olduğu keyfiyyətlər
Müəllimin hər bir şagirdə xüsusi hörmət və etibarla fərdi olaraq yanaşması, şagirdlərin birlikdə əməkdaşlığı, şagirdlərin bir-birlərinə qarşılıqlı hörmət və etibarı, şagirdlərin olduqları kimi qəbul edilmələri və onların müəllim tərəfindən daim dəstəklənməsi, şagirdlərin qabiliyyətlərinə inamın olması, xeyirxahlıq, cavabları pis və ya yaxşı kimi qiymətləndirilməsindən imtina edilməsi, şagirdlərdə öyrənmə motivasiyası və stimulun yaradılması, şagirdlərin sinif mühitinəı, müəllimin xüsusi həssas münasibətinə uyğunlaşması müəllimin malik ola biləcəyi ən yüksək və ən vacib keyfiyyətlərdir.
Öyrədici mühiti təşkil edərkən lazım olan bacarıqlar
Sual vermə bacarığı

Əks əlaqənin yaradılması

İştirakçıların təhrik etmə bacarıqları

Fəal dinləmə bacarığı

Empatiya bacarığı 

Yaradıcılıq bacarığı

Əməkdaşlıq bacarığı

Ünsiyyətin yaradılması bacarığı

17 Şubat 2016 Çarşamba

Fəal təlimdə iş vərəqlərinin hazırlanması



Salam hörmətli həmkarlarım! Bu gün sizə, fəal təlimdə iş vərəqlərinin hazırlanması qaydasından yazacam. 


İş vərəqləri nəyə uyğun tərtib edilməli?

Əvvəlcə qeyd edim ki, iş vərəqlərindən dərsin ikinci və ən vacib mərhələlərindən biri olan, tədqiqatın aparılması mərhələsində istifadə edilir. Xüsusən də, əgər müəllim dərsi qruplarla təşkil edibsə, problemi həll etmək üçün müxtəlif tapşırıqlar tərtib edir. Bu tapşırlıqları iş vərəqlərində hazırlayır.
Tapşırıqların növləri və hazırlanması haqqında əvvəlki paylaşımlarımda ətraflı məlumat verdiyim üçün bu gün tapşırıqların yazılmasına qaydasına toxunmayacam.
Ancaq nəzərinizə çatdırım ki, tapşırıqların növlərinə (hafizə, məntiqi, tənqidi, yaradıcı) uyğun olaraq iş vərəqləri hazırlanır. Məhz müvafiq olaraq, iş vərəqləri də tapşırığın növlərinə uyğun olaraq tərtib edilir.
Müəllim iş vərəqini hazırlamazdan əvvəl, standartlara, dərsin məqsədlərinə, mövzuya  uyğun tapşırıqlarını hazırlayır. Ancaq tapşırıqların daha aydın, daha maraqlı, daha səliqəli, daha anlaşıqlı olması üçün onu müəyyən bir vasitə ilə şagirdlərə təqdim edir. 

Bəs iş vərəqlərinin əhəmiyyəti nədir?

Müəllim tərəfindən iş vərəqlərinin əvvəlcədən hazırlanaraq, tapşırıqların iş vərəqində təqdim edilməsi şagirdlərə stimul verir. Onlar problemin həllini daha "canla-başla" həyata keçirirlər.
İş vərəqinin rəngarəng, səliqə, anlaşıqlı olması dərsin vaxtına qənaət edir, şagirdlər müəllimə tapşırıq ilə bağlı əlavə suallar ünvanlamırlar. Belə ki, müəllim iş vərəqində tapşırığı bəzən elə formada verir ki, şagird tapşırığı başa düşmür. Tədqiqat bitənə qədər tapşırığı başa düşmədiyini nümayiş etdirən sualalr verir. Bu isə həm digər qrup üzvlərinə mane olur, həm də dərsin gedişinə, vaxtdan düzgün istifadəyə mane olan amildir.

Bəs iş vərəqini necə tərtib etməli?

Özümüz iş vərəqinə tərif versək------İş vərəqi tədqiqatın aparılması mərhələsində tapşırıqların, problemin şagirdlərə ünvanlaması vasitəsidir

İş vərəqinin hazırlanması zamanı nələri nəzərə almalıyıq?

1. Tapşırığın həcmini- Müəllim tapşırığın həcmini nəzərə almır. Belə ki, ya iş vərəqində bir və ya bir neçə tapşırıq verir. Və ya olduqca böyük həcmli tapşırıq verir ki, bu isə dərsin tədqiqat mərhələsində həll olunub bitiriləcək bir problem olmur. 
Bəzən əksin də olur. Müəllim tədqiqat üçün qoyduğu vaxta əhəmiyyət vermədən çox sadə tapşırıq da verə bilir. Hətta bəzən, iş vərəqinin birində çox bəsit, həcmi az, digər iş vərəqində isə olduqca çətin və ya həcmi çox tapşırıq verir. 
Qeyd: Müəllim iş vərəqlərində tapşırıqları yazarkən, nəzərə almalıdır ki, bütün qruplar üçün olan tapşırıqlar eyni səviyyədə olmalıdır. Ya hamısı asan, ya da hamısı çətin. Qrupun birinə sadə iş vərəqi (tapşırıq), digərinə isə çətin iş vərəqi (tapşırıq) vermək olmaz. 
Bu isə qruplar arasında qeyri obyektivliyə və hətta sinifdə "qarşıdurmaya" səbəb ola bilir. 

2. Sualların miqdarını- Yuxarıda da qeyd etdiyim kimi, bəzən müəllim tədqiqat mərhələsi üçün 10 dəqiqə vaxt verir. Ancaq, iş vərəqinin birində 1-sual verir, digərində isə 2 sual verir. Və ya neçə iş vərəqi hazırlayıbsa, hamısında sual sayını çox edir. Bunun  isə qoyulan vaxt ərzində həlli mümkün olmur. Bir sözlə müəllim iş vərəqini tərtib edərkən sualların miqdarına diqqət etməlidir. Nəzərə alınmalıdır ki, şagirdlər 10 dəqiqəyə 1 problemi araşdırıb həll edə bilərlər.( Tətbiq edən zaman şahidi olacaqsınız) Bəlkə sizdə sual yarana bilər ki, suallar asandırsa 10 dəqiqəyə 5-6 sual da cavablandırmaq olar. Nəzərə alaq ki, tədqiqat mərhələsində şagirdlərə ünvanlanan suallar konkret cavabı olan yox, təfəkkürü inkişaf etdirmək üçün, idrak fəallığını artırmaq üçün tərtib edilən tapşırıqlar olur. Ətraflı məlumat üçün bloqumda bu sılkadan http://metodiktovsiyye.blogspot.com/2016/02/tapsrqlarn-hazrlanmas-qaydas-v-hmiyyti.html
istifadə edə bilərsiniz. Bu tip tapşırıqları isə 10 dəqiqəyə bir neçəsini həll etmək mümkün olmur.

3.Sualların növlərini- İş vərəqləri tərtib edilərkən, tapşırıqların növləri nəzərə alınaraq tərtib edilməlidir. Hafizə iş vərəqi, Məntiqi iş vərəqi, Tənqidi iş vərəqi, Yaradıcı iş vərəqi
Bu tip iş vərəqlərinə aid nümunələrlə tanış olaq.
Öz dərs nümunələrimdən bir  neçə tapşırıq nümunələrini sizə təqdim edirəm. 
Hafizə tapşırığı olan iş vərəqi:
Bu iş vərəqində şagirdlər xəritədə mağaraların ərazi adlarını qeyd edəcəklər və mağaralı müvafiq ərazilərə çəkib yerləşdirəcəklər. Şagird əzbərdən mağara ərazilərini bilməsə onları yerləşdirə və adlarını yaza bilməyəcək.

Məntiqi tapşırıq olan iş vərəqi nümunəsi ilə tanış olaq.
Burda isə şagirdlər  qəbilə və sürüyə məxsus cəhətləri  izah etməklə yazacaq və onların oxşar və fərqli cəhətlərini müvafiq yerlərdə qeyd edəcəklər.
Tənqidi tapşırıq olan iş vərəqi ilə tanış olaq
Tənqidi tapşırıq vərəqində imkan yaradılır ki şagirdlər öz münasibətlərini bildirsinlər. Bu tapşırıqda da şagirdlərə bu imkan yaradılıb. Şagirdlər yaşayış məskənlərində birgə yaşamanın müsbət və mənfi cəhətlərini qeyd edəcəklər.
Yaradıcı tapşırıq nümunəsi olan yaradıcı iş vərəqi nümunəsi ilə tanış olaq.
Bu iş vərəqində isə şagirdlər insan məskənləri haqqında öz fikirlərini yazacaqlar. Tapşırıq nümunəsinə baxaq.
Beləliklə, tapşırıq növləri ilə də tanış olduq. 
4.Tərtib etmə qaydalarını: Nəzərə almalıyıq ki, iş vərəqinə tapşırıqlara uyğun dizayn verilməlidir. Bəzən müəllim tapşırıqları verərkən mövzuya dəxli olmayan şəkil və ya illüstrasiyalardan istifadə edir. Bu şagirdlərin əksinə diqqətini yayındıra bilər. Daha sonra müəllim diqqət etməlidir ki, tapşırığı yazarkən tapşırığıa uyğun seçmiş olduğu iş üsulunu vərəqdə tətbiq etmiş olsun.
Nümunə üçün deyim ki, bəzən müəllim belə bir tapşırıq yazır. Venn diaqramında Şah İsmayıl Xətayi ilə Nadir şahı müqayisə edin. Bu düzgün deyil. Bəlkə də şagird venn diaqramının nə olduğunu bilmir. Sizə sual verə bilər. Müəllim o diaqram hanı? Venn diaqramı nədir? Bu isə dərsə mane olan amildir. Bunun üçün müəllim tapşırığı hazır şəkildə diaqramda göstərməli və şagirdin işləməsi üçün yeri də ayırmalıdır. Və ya esse üsulunu tətbiq edibsə, şagirdə esseni işləməsi, yazması üçün yer ayırmalıdır.
Əks halda şagird Müəllim hara yazım? Necə yazım? kimi suallar verə bilər.
Gəlin esse üsulunun tətbiq edildiyi iş vərəqi nümunəsi ilə tanış olaq.
Bu tapşırıqda, şagirdlərin esseni yaza bilmələri üçün müəyyən sahə ayrılıb. Bu olduqca vacib amildir.

İş vərəqinə verilən tələblər
1. Cəlbedici məzmun və tərtibat olmalıdır.- Qısaca qeyd edim ki, məzmunu (yəni problem) və tərtibatı maraqlı və mövzuya xidmət edən olmalıdır. İş vərəqində tapşırığın əhəmiyyəti qədər tərtibatın, dizaynın da əhəmiyyəti var.
2.Məqsəd və sual aydın və konkret olmalıdır.- Belə ki, şagird tapşırığı oxuyan kimi başa düşməli, nə edəcəyini anlamalı, onun beynində necə edim? sualı yaranmamalıdır. Konkret və anlaşıqlı olmalıdır
3. Uşaqların səviyyəsinə uyğun olmalı- Bəzən qoyulan tapşırıqlar sinif səviyyəsinə uyğun olmur. Bu necə baş verə bilər?
Deməli bəzən müəllimlər eyni metodik vəsaitdən istifadə etdiyi üçün, zəif  ən güclü sinfinə eyni tapşırıqları tətbiq edir. İlk əvvəl fürsətdən istifadə edib sizi əziz həmkarlarımı metodik vəsait kimi şablonlardan uzaqlaşmağa və yaradıcılığınızdan istifadəyə səsləyirəm. 
Deməli, müəllim  iki qoşa 5-ci sinifdə tarix fənnini tədris edir. Hər ikisinə də eyni motivasiya eyni tədqiqat sualı və eyni tapşırıq nümunələrini verir. Hansı ki, sinfin biri olduqca zəif, digəri isə olduqca istedadlı sinifdir. Müəllim tapşırıqları siniflərin, şagirdlərin bilik və bacarıq səviyyəsini nəzərə alaraq tərtib etməlidir.
4. Dərsin məqsədinə uyğun olmalıdır.- Ən ciddi məsələlərdən biri də budur ki, dərsin məqsədi başqa olur, tapşırıqlar başqa. Tapşırıqlar dərsin məqsədinə xidmət etmir. Eləcə də tədqiqat sualına xidmət etmir. Bu sistem bir birini tamamlamadıqda ciddi problem yaranır və dərsdə müəllim qarşıya qoymuş olduğu məqsədə çatmır. Sadəcə "dərs keçir" Məqsədləri, standartların fəaliyyət xətlərini diqqətə almalı və fəaliyyət xətlərinə uyğun iş üsulu seçilməli iş vərəqində tətbiq edilməlidir.
İş vərəqlərinin hazırlanması üçün məsləhətlər
Dərsin məqsədini dəqiqləşdirmək
Dərsin mövzusuna , məzmununa aid olmalı, müəyyən bilik, bacarıq, vərdişlər formalaşdırmalıdır. (məsələn, təfəkkür, yaradıcılıq bacarığı, müstəqil iş qabiliyyəti, elmi-araşdrıma qabiliyyətləri, qavrayış, izah etmə bacarıqları və s)
Müxtəlif növlü tapşırıqlar seçilməli

Tapşırıqlar isə öz növbəsində:

  • Dərsin məqsədinə uyğun və qoyulan tədqiqat probleminin həllinə yönəlmiş olmalı (təfəkkürün növünə, məlumat mərhələlərinə, nəticələri təqdim etmə formasına və s)
  • Şagirdlərin  yaşına, bilik və intelektual səviyyəsinə, qabiliyyətlərinə və maraqlarına uyğun olmalı və differensial xarakter daşımalı
  • Dövlət proqramına və milli dəyərlərə əsaslanmalı
  • Aktual, real həyatla və şagirdlərin təcrübələri ilə bağlı olmalı
  • Keşfetmə həvəsini artıran, maraqlı, cəlbedici olmalı
  • Müxtəlif məlumat mənbələrindən istifadə etməli
  • Nəticələrin təqdim etmə formaları müxtəlif olmalı (sxemlər, şəkillər, tədqiqatlar, layihələr, referatlar, krassvordlar, nağıllar və s)
  • Tapşırıqlar dəqiq ifadə edilməli
  • İş vərəqinin tərtibatı səliqəli, məhdud, yaraşıqlı, estetik, əyani, orada formal məlumatlar (məsələn, tarix, sinif, şagirdlərin adı və s) qeyd olunmalıdır.
Bəzən  cəlbedicilik deyəndə iş vərəqini "gül-çicəklə" bəzənməsi nəzərdə tutulur. Əslində isə cəlbedicilik də mövzuya xidmət etməlidir. 
İş vərəqində qrupun adı və ya şagirdin adı soyadı qeyd edilir. Hər hansı mövzuya xidmət edən illüstrasiya, şagirdin işləməsi üçün olan sahə ayrılmalı, eyni zamanda tapşırıq açıq aydın və konkret qeyd edilməlidir.

Qeyd: İş vərəqinin tərtibi və hazırlanması ilə əlaqədar əlavə suallarınız yaranarsa, bloqun yorum bölməsində qeyd edə bilərsiniz. Ancaq məqalə ilə bağlı suallarınıza cavab veriləcəkdir.

15 Şubat 2016 Pazartesi

Tapşırıqların hazırlanması qaydası və əhəmiyyəti

Gəlin bu gün tapşırıqların yazılması, hazırlanması ilə tanış olaq. Fənn kurikulumunun çox üstünlükləri var. Bu üstünlüklərdən ən vacibi tapşırıqların təfəkkürün inkişafına xidmət etməsidir. Əvvəllər tapşırıq anlayışını humanitar fənlərdə daha çox, sual xarakterli "tapşırıq"lar təşkil edirdi. Texniki fənlərdə isə tapşırıqlara rast gəlmək mümkün idi. Texniki fənlərdən fərqli olaraq, əvvəllər humanitar fənlərdə müəllim şagirdə tapşırıq vermirdi. Birbaşa diskussiya və ua müzakirə əsasında sorğu-sual edirdi. Bu sorğu -sual hafizəyə yaddaşa əsaslanırdı. Şagirdlər kitabdan oxuyub öyrəndiklərini, yadda saxladıqlarını və ya müəllimin onlar üçün emal edib verdiyi hazır bilikləri, müəllimin sorgusu əsasında cavablandırırdı. Bunu isə tapşırıq adlandırmaq olmaz. "Necə deyərlər tapşırığın sonunda nöqtə, sualın sonunda sual işarəsi qoyulur."
Bəs təfəkkürə xidmət edən tapşırıqlar necə olmalıdır? Gəlin tanış olaq və öyrənək.
Təfəkkürün inkişafına  xidmət edən tapşırıqlar haqqında tanışlıqdan əvvəl, təfəkkürün növləri ilə tanış olaq.
Təfəkkürün 3 növü var. Məntiqi təfəkkür, Tənqidi təfəkkür. Yaradıcı təfəkkür.

Təfəkkürün bu növlərinin inkişafı üçün, ibtidai sinifdən başlayaraq bu istiqamətdə tapşırıqlarla şagirdləri işlətmək lazımdır. Sual yarana bilər ki niyə?
Ənənəvi kurikulumda müəllim şagirdlərə yalnız hafizə istiqamətli suallar verirdi. Bu isə şagirdlərdə nəzəri informasiyaların, yaddaş məlumatlarının, təriflərin, düsturların, tarixi hadisələrin, yazıların əsərlərinin adları və s kimi hafizə informasiyalarının yaddşalarında saxlanılmasına səbəb olurdu. Bu isə vacib amildir. Şagirdlər bu informasiyaları mənimsəməklə müvafiq biliklərə yiyələnmiş olurlar. Bu qayda yenə də davam etməkdədir. Hafizə və yaddaş tapşrıqları, nəzəri informasiyaların mənimsənilməsi prosesi təşkil edilməzsə şagirdlər biliklərə yiyələnə bilməzlər.
Bəs bu biliklərin möhkəmləndirilməsi nə zaman baş verir? Tətbiq edilib bacarığa ,vərdişə  çevrildiyi zaman. Tətbiq nə zaman olur? Tapşırıq yazan zaman.
Ancaq, ənənəvi kurikulumda bacarıq və vərdişlər, tətbiq prosesi zəif idi.

Fənn kurikulumunda tapşırıqların 4 növü var.
 Hafizə tapşırığı, Məntiqi tapşırıq, Tənqidi tapşırıq, Yaradıcı tapşırıq.
Bu tapşırıqların hazırlanması şagirdlərdə müvafiq olaraq təfəkkürü inkişaf etdirir. Bu məqsədlə yalnız hafizə istiqamətli deyil, təfəkkür istiqamətli tapşırıqlara diqqət edilməlidir. Həmçinin tapşırıqların bu növlərdə verilməsi, şagirdləri kitabdan köçürmə istəyindən, hazır emal olunmuş bilikdən--öz beyninin idrak fəallığının artmasına səbəb olacaqdır. Bilirsiniz ki, dövlət tərəfindən qarşımızda qoyulmuş müəyyən standartlar vardır ki, bu standartların fəaliyyət xətlərində verilmiş sözlər bir növ açar sözlərdir.
Standartların sonunda tək hafizəyə xidmət edən yox, təfəkkürə xidmət edən fəaliyyət xətləri var.
 Nümunə: 4.1.1 Tarixi şəxsiyyətləri müəyyən edir. ---Hafizə
4.1.1 Tarixi şəxsiyyətləri dövr baxımından fərqləndirir.----Məntiqi
4.1.2  Tarixi şəxsiyyətləri dövr baxımından dəyərləndirir----Tənqidi
4.1.3. Tarixi şəxsiyyətlər haqqında hekayə qurur----Yaradıcı
4.1.3 Tarixi şəxsiyyətlər haqqında təqdimat hazırlayır.---Yaradıcı

Nümunəyə diqqətlə baxsaq, tarix fənni üzrə müxtəlif siniflər üzrə standartlar verilib. Standartların fəaliyyət xətləri bizə istiqamət verir ki, o standartı reallaşdırarkən biz hansı növ tapşırıq hazırlayıb şagirdlərə təqdim etməliyik.


Bəs bu tapşırıqları necə hazırlamalı? Tapşırıqların hazırlanması fən kurikulumunda təcrübəsi zəif olan müəllimlər üçün çətinlik törədir. Bəs bu zaman köməyimizə nələr çata bilər?

 Təfəkkürün inkişafı üçün xüsusi açar sözlər vardır ki, bu sözlər bizə tapşırıqları yazmaqda kömək edəcəkdir. Gəlin bu açar sözlərlə tanış olaq.
Hafizə
  1. Əzbərlə
  2. Öyrən
  3. Yada sal
  4. Yadda saxla
  5. Tərifi ver
  6. Tap
  7. Aşkar et
  8. Müəyyən et
  9. Siyahını düzəlt
  10. Nəyə isə əsaslan
  11. Düsturlar əsasında hesabla
  12. Sadala
  13. Aid et
  14. Göstər
  15. Tətbiq et 
Yuxarıda 15 cür açar söz var.  hafizə tapşırıqlarını hazırlayarkən bu açar sözlərdən istifadə edirsiniz. Unutmayaq ki, hafizə tapşırıqları şagirdlərə sadəcə informasiyaları yadda saxlamağa kömək edir. Şagird sadəcə bilir və sadalayır, bilir və danışır, bilir və əzbər deyir və s.

Nümunələrlə öyrənək:
Coğrafiya fənni üzrə
İnformatika fənni üzrə
Ədəbiyyat fənni üzrə
Məntiqi təfəkkür
  1. İzah et
  2. Təsvir et
  3. Hesablamalar apar
  4. Şərh et
  5. Dəyişdir
  6. Oxşar və fərqli cəhətləri tap
  7. Müəyyən et
  8. Əlaqəni müəyyən et
  9. Nəticəyə gəl
  10. Davam et
  11. Təhlil et
  12. Təsnif et
  13. Sxem, qrafik, cədvəl çək
  14. Sadələşdir
  15. Səbəbini (nəticəni) tap
  16. Tərifini özün ver
  17. Ümumiləşdir
  18. Əsas fikri tap
  19. Əsas mənanı çatdır
  20. Quraşdır
Yuxarıdakı açar sözlərdən istifadə etməklə, məntiqi tapşırıqları hazırlaya bilərsiniz. Ancaq, sual yarana bilər. Müəyyən et  açar sözü həm hafizə üçün həm də məntiqi təfəkkür üçün açar sözlər sırasında var. Qeyd edim ki, bir var hafizə tapşırığında sadəcə bilib müəyyən edəcəksə şagird, məntiqi tapşırıqda bu müəyyən etmə, əlaqələrin müəyyən edilməsi və ya məntiqin, təhlilin, nəticənin müəyyən edilməsidir. 
Unutmayaq ki, məntiqi təfəkkür zamanı şagirdlərdə bir sıra bacarıqlar formalaşır. Müqayisə, təhlil, seçmək, ayırmaq və s bacarıqlar formalaşır.
Nümunələrlə tanış olaq.
 Tarix fənni üzrə
İnformatika fənni üzrə
Zologiya fənni üzrə

Tənqidi təfəkkür
  1. Tənqid et
  2. Əhəmiyyətini, rolunu qiymətləndir
  3. Meyarlarını müəyyən et
  4. Meyar cədvəli tərtib et
  5. Səhvləri tap
  6. Faktları uydurmadan ayır
  7. Öz fikrini təsdiq et (isbat et)
  8. Müxtəlif nöqteyi nəzərdən qiymətləndir
  9. Ən mühüm cisim(hadisələri) müəyyənləşdir
  10. Mübahisəli məsələləri aşkar et
  11. Ən səmərəli yolu tap
  12. Məsləhət et
  13. Düzgün olanı seç
Yuxarıda verilmiş açar sözlərdən istifadə edərək tapşırıq düsturumuza əsaslanaraq, tənqidi tapşırıqlar yaza bilərsiniz
Unutmayaq ki, tənqidi tapşırıqlardan istifadə şagirdlərdə tənqidi yanaşmanı inkişaf etdirir. Bu zaman şagirdlər müxtəlif meyarlar əsasında özləri qiymətləndirmə aparır. Bu qiymətləndirmə mövzunun qiymətləndirməsidir. Mövzuya olan münasibətdir. Blum taksonomiyasının sonuncu səviyyəsi olan qiymətləndirmə səviyyəsini xatırlayın. Şagird mövzunu qiymətləndirir. Məsələn, Cırtdanın nağılını oxuyan şagirdə sual verilir. Cirtdan səs gələn yoxsa işıq gələn tərəfi seçsə hansı daha yaxşı olardı? Fikirlərinizi əsaslandırır. Bu zaman şagird hər iki hala münasibətini bildirir və mövzunu qiymətləndirir. Bu tipdə digər tapşırıqlarda da siz açar sözləri tətbiq etməklə, şagirdin mövzuya münasibət bildirməsinə şərait yaratmış olarsınız.
Nümunələrlə tanış olaq.
Tapşırıq düsturu
Həyat bilgisi fənni üzrə 
Tarix fənni üzrə
İnformatika fənni üzrə

Yaradıcı Təfəkkür
1. Hekayə


Əhvalat
Nağıl                               Fikirləş, Özündən quraşdır
Musiqi
Üsul

 2. Maket
Model
Sxem                                       Qur, tərtib et
Qrafik          
Kitab
3. Proqnoz et
4. Müqayisə et və analoqu tap
5. İcad et
6. Başqa bir obyektə çevir
7. Tətbiq etmənin yeni yolunu tap
8. Yeni əsaslarla təsnif et
9. Yeni əsaslarla quraşdır.
10. Tətbiq et (yeni şəraitdə)
11. Dəyişiklik et, yenidən təşkil et
12. Əlavələr edib, düzəlt
13. Kombinasiya et
14. Hiperbolizə et
15. Minimal dərəcəyə gəlib çıxart
16. Simvolla təsvir et
17. Problemi müəyyənləşdir, fərziyyələrini de
18. Uyğunlaşdır.
Yuxarıda verilmiş açar sözlərdən istifadə etməklə, yaradıcı tapşırıqlar hazırlaya bilərsiniz. Bu açar sözlərin içərisində də, müəyyən et, müqayisə et --bir sözlə digər təfəkkür növlərinin açar sözlərindəki sözlərlə qarşılaşa bilərsiniz. Bu zaman bilin ki, bu açar sözlər hər növə görə dəyişir. 
Yaradıcı tətbiqdəki müəyyən et açar sözü, hafizədəki müəyyən et açar sözündən fərqli olaraq, yaradıcılığa əsaslanır. Şagird köhən biliyinin əsasında yeni bir bilik müəyyən edir, yeni bir fərziyyə irəli sürür. 
Eləcə də müqayisə et açar sözünə siz həm də məntiqi təfəkkürün açar sözləri sırasında rast gəldiniz. 
Yaradıcı  tapşırığın müqayisə etməsi, yaradıcılığa əsaslanır. şagird müqayisəni yeni yanaşmadan, yaradıcı yanaşaraq təşkil edir.
Bu tapşırıqlar zamanı şagirdlərdə, ideyalar irəli sürmə, uydurma, hekayə yazma, qərarləar qəbul etmə bacarıqları formalaşacaqdır. Şagirdlər aşağı siniflərdən başlayaraq yuxarı siniflərə doğru bu tapşırıqları etdikcə, onlar böyük yaşlarda ideyalar yarada bilən şagirdlərə çevriləcəklər. 
Nümunələrlə tanış olaq.
İnsan və cəmiyyət fənni üzrə  
Coğrafiya fənni üzrə 
İnformatika fənni üzrə
Blum taksonomiyası və Meyarlar

Qeyd: Mövzu ilə əlaqədar əlavə suallarınız yaranarsa bloqun yorumlar bölməsinə qeyd edə bilərsiniz. Nəzərə alıb əlavələr edəcəm.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar