Rusiyanın təhsil sistemi
Rusiya Federasiyası Müstəqil
Dövlətlər Birliyində (MDB) təmsil olunan ən böyük dövlətdir. Keçmiş SSRİ-nin
varisi olan Rusiya Boloniya prosesinə ilk qoşulan ölkələrdəndir. Son 10 ildə
təhsil sisteminin yenidən qurulması üçün ölkədə ciddi təhsil islahatları
aparılıb.
Rusiya Federasiyasında mövcud
olan dövlət, özəl, bələdiyyə təhsil müəssisələri fəaliyyətlərini hökumət
tərəfindən təsdiq olunmuş nümunəvi əsasnamələrə uyğun qururlar. Rusiyanın
təhsil sistemi aşağıdakı təhsil səviyyələrinə bölünür:
* məktəbəqədər təhsil;
* ümumi təhsil:
- ibtidai ümumi təhsil;
- əsas ümumi təhsil;
- orta ümumi təhsil;
* orta peşə təhsili:
- ixtisaslı fəhlələrin hazırlığı;
- orta səviyyəli mütəxəssislərin
hazırlığı;
* ali təhsil:
- bakalavriat;
- magistratura (mütəxəssis
hazırlığı);
- elmi-pedaqoji kadrların
hazırlığı.
Məktəbəqədər təhsil
Rusiyanın məktəbəqədər təhsilində
uşaqların sağlamlığının qorunması kimi kifayət qədər geniş kompleks vəzifələr
yerinə yetirilir və ailələrlə qarşılıqlı səylər əsasında uşaqlara mənəvi
dəyərlər aşılanır, onların hərtərəfli və harmonik inkişafı üçün zəruri şərait
yaradılır. Məktəbəqədər təhsil müəssisələrinə təlim-tərbiyə prosesinin
prioritet istiqamətlərinin, təhsil proqramlarının seçimində sərbəstlik verilib.
Bu da, öz növbəsində, məktəbəqədər təhsildə rəngarəngliyə səbəb olur.
Ölkədə fəaliyyət göstərən
məktəbəqədər təhsil müəssisələri bir sıra cəhətlərinə görə bir-birindən
fərqlənirlər. Bu baxımdan uşaqların bir və ya bir neçə prioritet istiqamətdə
(intellekt, bədii-estetik, fiziki və s.) inkişafını nəzərdə tutan uşaq
bağçaları, əsasən fiziki və psixi cəhətdən qüsurlu uşaqların təlim-tərbiyəsi
ilə məşğul olan uşaq bağçaları, sanitar-gigiyenik, profilaktik və digər sağlamlaşdırıcı
proseduraların həyata keçirildiyi uşaq bağçaları, universal uşaq bağçaları
(onların tərkibinə müxtəlif səviyyəli ümuminkişaf, bərpa və sağlamlaşdırıcı
qruplar daxildir) və uşaq inkişaf mərkəzlərinin - bütün uşaqların sağlamlığını,
fiziki və psixoloji inkişafını nəzərdə tutan uşaq bağçalarının adını çəkə
bilərik.
Onlardan əlavə, Rusiyada körpələr
evləri də fəaliyyət göstərir. Lakin son 10 il ərzində körpələr evlərinin sayı
nəzərəçarpacaq dərəcədə azalıb. Bu, müxtəlif iqtisadi və digər amillərlə əlaqədardır.
Ölkədə məktəbəqədər təhsil
müəssisələrinə 3-6, körpələr evlərinə isə 1-3 yaşlı uşaqlar qəbul olunur. Nadir
hallarda isə 2 aydan 1 yaşa qədər olan uşaqlar da körpələr evlərinə verilə
bilər.
Məktəbəqədər təhsil müəssisələri
dövlət, bələdiyyələr və müxtəlif idarələr tərəfindən maliyyələşir. Son zamanlar
özəl məktəbəqədər təhsil müəssisələri də fəaliyyətə başlayır ki, onlar da ölkə
üzrə cəmi 8 faiz təşkil edir.
Rusiyada uşaqların yalnız 59
faizi uşaq bağçalarına gedir. 20 faiz uşaq isə bağçaya getmək üçün növbə
gözləyir. Bir sıra valideynlər isə hələ də uşaqlarını bağçalara vermək barədə
düşünmürlər. Bu baxımdan dövlətin 3 yaşa qədər uşaqlar üçün effektiv təlim
proqramları qəbul etməsinin vacibliyi önə çəkilir.
Ümumi orta təhsil
Ümumi orta təhsilin ilk mərhələsi
olan ibtidai təhsildə uşaqlar ətraf mühit, ünsiyyət vərdişləri, tətbiqi
tapşırıqların həlli barədə ilkin biliklərə yiyələnirlər. Bu mərhələnin
uşaqların şəxsiyyət kimi formalaşmasına və inkişafına göstərdiyi təsirə görə
ibtidai təhsil dövlət və cəmiyyət üçün olduqca əhəmiyyətlidir.
Rusiyada icbari ibtidai ümumi
təhsil hamı üçün əlçatan hesab olunur. İbtidai məktəblərdə uşaqların
təlim-tərbiyəsinə 6 yaşdan (uşağın sağlamlığı ilə əlaqədar ciddi səbəb olarsa,
8 yaşdan gec olmayaraq) başlanılır.
İbtidai məktəblərdə rus dili,
oxu, xarici dil, riyaziyyat, ətraf mühit, təsviri incəsənət, musiqi,
texnologiya, fiziki mədəniyyət fənlərinin tədrisi icbari xarakter daşıyır.
Fənlərin tədrisi üçün ibtidai məktəbdə müvafiq şəraitin yaradılmasına xüsusi
diqqət yetirilir. Proqram üzrə xarici dil II sinifdən tədris olunur.
Texnologiya fənninin "Kompüterdə iş təcrübəsi" (informasiya
texnologiyalarından istifadə) bölməsinin tədrisinə III sinifdən başlanılır. Rus
dili və ədəbiyyat fənni isə federal təhsil proqramında iki variantda təqdim
olunur: rus dilində tədris aparılan məktəblər və qeyri-rusdilli təhsil
müəssisələri (digər xalqların doğma dillərində tədris aparılan məktəblər) üçün.
İbtidai məktəb federal təhsil
sisteminin qarşısında duran aşağıdakı əsas məqsədlərə nail olunmasını
təmin etməlidir:
- məktəblinin şəxsiyyətinin
inkişafı, onun yaradıcılıq qabiliyyətinin, öyrənmək marağının, arzusunun və
oxumaq bacarığının formalaşdırılması və inkişaf etdirilməsi;
- mənəvi və estetik hisslərin
tərbiyə olunması, özünə və ətraf mühitə qarşı emosional müsbət münasibətin
formalaşması;
- biliklər sisteminin, bacarıq və
vərdişlərin, fəaliyyətin müxtəlif növlərinin həyata keçirilməsi təcrübəsinin
mənimsənilməsi;
- uşaqların fiziki və psixi
sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi;
- uşaqların individuallığının
qorunması və dəstəklənməsi.
Ümumi orta təhsil Rusiya təhsil
sistemində əsas yerlərdən birini tutur. Orta təhsil müəssisələri sırasına
aiddir:
- orta ümumtəhsil məktəbləri;
- ayrı-ayrı fənlərin dərindən
öyrənilməsini həyata keçirən xüsusi məktəblər;
- gimnaziyalar;
- liseylər;
- axşam məktəbləri;
- internat tipli təhsil
müəssisələri;
- fiziki və psixi qüsurlu uşaqlar
üçün xüsusi məktəblər;
- məktəbdənkənar təhsil
müəssisələri (uşaq musiqi məktəbləri, incəsənət məktəbləri, xor və xoreoqrafiya
studiyaları, folklor ansamblları, uşaq-yeniyetmə idman məktəbləri, gənc
texniklər stansiyaları, istirahət mərkəzləri və s.).
Adətən ümumtəhsil müəssisələrinə
uşaqlar 6 və ya 7 yaşında daxil olur, 17 və ya 18 yaşda orta məktəbi bitirirlər.
Ümumi orta təhsilin standart məktəb proqramı IX və ya XI sinfə qədər nəzərdə
tutulur. Dərslər sentyabrın 1-də başlayır və mayın sonunda başa çatır. Tədris
ilinin bölünməsinin iki əsas üsulu var:
- tədris ili 4 rübə bölünür və
hər rübün sonunda (yay, payız, qış və yaz) tətillər verilir;
- tədris ili 3 rübə bölünür və
rüblər birhəftəlik tətillə başa çatır. Bu zaman hər rüb 5 bloka bölünür.
Hər rübün sonunda bütün fənlər
üzrə yekun qiymətləndirmə aparılır. Hər ilin sonunda isə şagirdlərin illik qiymətləri
müəyyən olunur. Bəzən rüblüklərlə yanaşı, yarımilliyin nəticələri üzrə də
qiymətləndirmə aparılır. Pis oxuyan, illik qeyri-kafi qiymətlər almış şagirdlər
sinifdə saxlanıla bilər.
XI sinifdə, eləcə də IX sinfin
sonunda şagirdlər bir sıra fənlər üzrə imtahanlar verirlər. Bu imtahanların və
illik qiymətlərin əsasında attestat qiymətləri müəyyənləşdirilir. İmtahanlar
keçirilməmiş fənlər üzrə isə rüblərə əsasən çıxarılmış illik qiymətlər
attestata yazılır.
IX sinfə qədər oxumaq icbari, X
və XI siniflər üzrə təhsil isə könüllüdür. XI sinfi bitirən şagird tam orta
təhsil barədə attestat, IX sinfi uğurla başa vuran şagird isə əsas ümumi təhsil
haqda şəhadətnamə alır.
IX sinfin məzunu təhsilini orta
ixtisas (texnikum, kollec, bir sıra tibbi, pedaqoji və digər orta ixtisas
məktəbləri) və peşə təhsili müəssisələrində (orta peşə texniki, peşə texniki
məktəblərində) davam etdirə bilərlər. Ali məktəbə daxil olmaq üçün tam orta
təhsil barədə attestat və yaxud peşə texniki məktəbinin, texnikumun diplomu
tələb olunur.
Məktəblərin əksəriyyəti 6 günlük
iş həftəsi əsasında fəaliyyət göstərir. Hər gün 4-7 dərs keçilir. Dərslər 45
dəqiqə davam edir. Həmçinin dərslərin həftədə 5 gün keçilməsi də mümkündür. Bu
zaman dərslərin sayı 9-a qədər artırıla, dərs saatı isə 45 dəqiqədən 35
dəqiqəyə qədər azaldıla bilər. Şagirdlər məktəbdə dərslərdən əlavə ev
tapşırıqlarını da yerinə yetirirlər. Müəllimlərin qərarına uyğun olaraq aşağı
siniflərin şagirdləri üçün ev tapşırıqları verilməyə bilər.
Rusiyada ixtisaslaşmış orta
məktəblərə və ya ayrı-ayrı ixtisaslaşmış siniflərə də təsadüf olunur. Bu halda
bəzi fənlərin (xarici dil, fizika-riyaziyyat, kimya, mühəndislik, biologiya və
s.) daha dərindən tədrisi təşkil olunur. İxtisas fənləri üzrə dərslər ənənəvi
məşğələlərdən əlavə dərs yükü ilə fərqlənir.
Son vaxtlar Rusiyada günərzi
məktəb şəbəkəsi də inkişaf edir. Bu məktəblərdə uşaqlar nəinki ümumi təhsil
alır, onlarla böyük həcmdə dərsdənxaric işlər aparılır, dərnəklər, bölmələr və
uşaqların əlavə təhsili üzrə digər birliklər də fəaliyyət göstərir.
Uşaqların əlavə təhsilini təmin
edən məktəbdənkənar müəssisələrdə musiqi, bədii, idman və digər istiqamətlər
üzrə məşğələlər keçirilir. Bu məktəblərin fəaliyyəti uşaqlarda yaradıcılıq
potensialının inkişafına təkan verir, onların ixtisas və gələcək həyat yolunu
müəyyənləşdirmələrinə kömək edir.
Orta peşə təhsili
Rusiya Federasiyasında peşə
təhsilinə xüsusi önəm verilir. Ölkədə 280-dən artıq ixtisas üzrə
praktik-mütəxəssislərin hazırlanması həyata keçirilir.
Peşə təhsili iki əsas tədris
proqramı üzrə aparılır: baza səviyyəsi və yüksək səviyyə. Baza səviyyəsini
mənimsəyən məzuna L-texnik dərəcəsi verilir. Təhsil müddəti bir il çox olan
yüksək səviyyəli peşə təhsili baza səviyyəsinə nisbətən daha dərin və geniş
hazırlığı nəzərdə tutur. Peşə hazırlığını dərinləşdirən məzuna L-baş texnik
dərəcəsi verilir.
Hazırda Rusiyada iqtisadiyyat və
sosial sahələrdə 21,6 milyon peşə təhsilli mütəxəssis çalışır. Bu isə məşğul
əhalinin ümumi sayının 34 faizinə bərabərdir.
Orta peşə təhsili müəssisələrində
əyani, əyani-qiyabi (axşam), qiyabi oxumaq mümkündür. Peşə təhsili
müəssisələrinə əsas ümum təhsil (ümumtəhsil məktəbinin IX sinfindən) və ya orta
təhsil (ümumtəhsil məktəbinin XI sinfindən) məktəblərinin məzunları daxil ola
bilərlər. Orta peşə təhsilinin müddəti əyani hazırlığın profilindən asılı
olaraq 2-3 il arasında dəyişir. Əyani-qiyabi və qiyabi peşə təhsili isə bir il
artıqdır. IX sinif məzunları orta peşə təhsilinə yiyələnmək üçün tam orta (XI
sinif) təhsilli gənclərlə müqayisədə bir il artıq oxuyurlar.
Orta peşə təhsili müəssisələrinin
2 növü mövcuddur:
- Baza səviyyəsində orta peşə
təhsilinin əsas peşə təhsili proqramlarını reallaşdıran
texnikumlar;
- Baza və yüksək baza səviyyəli
orta peşə təhsili proqramlarını həyata keçirən kolleclər.
Bəzən orta peşə təhsili
proqramları ali məktəblərdə də tədris olunur. Müvafiq profilli peşə təhsili
almış şəxslər qısa gücləndirilmiş proqramlar üzrə ali peşə təhsilinə yiyələnə
bilərlər.
Rusiyada 25-dən artıq federal
nazirlik və idarənin nəzdində orta peşə məktəblərinin bölmələri də fəaliyyət
göstərir.
Ali təhsil
Ənənəvi olaraq Rusiyada ali
təhsil iki pilləyə bölünür: bakalavriat və magistratura. Ali təhsil
proqramlarının normativ müddətləri aşağıdakı kimidir:
- bakalavr dərəcəsi almaq üçün
təhsilin əyani forması üzrə bakalavriat proqramı - 4 il;
- mütəxəssis dərəcəsi almaq üçün
əyani forma üzrə mütəxəssis hazırlığı proqramı - 5 ildən az olmamaqla;
- təhsilin əyani forması üzrə
magistr dərəcəsi almaq üçün magistr proqramı - 2 il;
- elmi pedaqoji kadrların
aspiranturaya (adyunktura) hazırlığı proqramı - 3 ildən artıq
olmamaqla.
Ali təhsilin tədris proqramını
uğurla mənimsəmiş və yekun attestasiyadan keçmiş şəxslərə müvafiq qaydada ali
təhsil təsnifatları (akademik dərəcələr) verilir. Bakalavriat proqramını
mənimsəyənlərə - bakalavr, mütəxəssis hazırlığı proqramını başa vuranlara
mütəxəssis, magistratura proqramını mənimsəyənlərə magistr, elmi pedaqoji
kadrların aspirantura (adyunktura) hazırlıq proqramını keçənlərə ali məktəb
müəllimi və ya tədqiqatçı, dissertasiya müdafiə etmiş şəxslərə isə elmlər
namizədi diplomu verilir.
Rusiya hökuməti son illər ali
təhsilin inkişaf etdirilməsinə xidmət edən müvafiq dəstək proqramlarının
maliyyələşdirilməsi üzrə bir sıra qərarlar qəbul edib. Bu proqramlar
çərçivəsində ayrılmış vəsaitlər istedadlı uşaqların dəstəklənməsinə,
elmi-tədqiqat institutları yanında distant məktəblərin və federal
universitetlərdə istedadlı gənclərin inkişafı mərkəzlərinin yaradılmasına sərf
olunur. Bundan əlavə, federal universitetlərin maddi-texniki bazasının yaxşılaşdırılması
məsələləri də diqqət mərkəzində saxlanılır.
2010-cu ildə ali təhsil
müəssisələrində innovativ infrastrukturun dəstəklənməsi məqsədilə dövlət
proqramı qəbul olunub. Bu proqram ali məktəblərdə innovativ mühitin
formalaşmasını, təhsil ocaqları ilə sənaye müəssisələri arasında qarşılıqlı
əlaqənin inkişaf etdirilməsini nəzərdə tutur.
Xarici ölkələrin tanınmış
mütəxəssislərinin Rusiyaya dəvət olunması ali məktəblərə dövlət dəstəyinin
bariz nümunəsidir. 2010-cu ildə Rusiya hökuməti "Aparıcı alimlərin Rusiya
ali təhsilinə cəlb olunması tədbirləri barədə" qərar qəbul edib. Qərara
müvafiq olaraq dövlət büdcəsindən bu tədbirlər üçün 2010-cu ildə 3 milyard
rubl, 2011-ci ildə 5 milyard rubl, 2012-ci ildə isə 4 milyard rubl ayrılması
nəzərdə tutulub. Ayrılmış qrantlar müsabiqə əsasında hər bir elmi-tədqiqat
işinə görə 150 milyon rubl həcmində müəyyənləşdirilib. Rusiya hökuməti yanında
fəaliyyət göstərən qrantlar üzrə Şura bu vəsaitlərin ayrılması barədə yekun
qərar verir və dövlət dəstəyi göstəriləcək elmi-tədqiqat sahələrinin adlarını
da müəyyən edir. Dövlət dəstəyi göstərilən elmi-tədqiqat sahələri sırasına
astronomiya və astrofizika, atom energetikası və nüvə texnologiyası, biologiya,
biotexnologiya, hesablama maşınları və informasiya texnologiyaları, riyaziyyat,
maşınqayırma, tibbi elmlər və texnologiya, kosmik tədqiqatlar və
texnologiyalar, mexanika və idarəetmə prosesləri, nanotexnologiya, Yer haqqında
elm, materiallar haqqında elm, psixologiya, koqnitiv araşdırmalar,
radioelektronika, tikinti və arxitektura, fizika, kimya, ekologiya,
iqtisadiyyat, beynəlxalq tədqiqatlar, sosiologiya, energetika və digər
istiqamətlərə aid tədqiqatlar daxildir.
Keyfiyyətin aşağı olması Rusiya
ali təhsilinin başlıca problemlərindəndir. Gənclərin 80 faizdən çoxunun ali
təhsil almasına baxmayaraq, ölkədə mütəxəssis çatışmazlığı hiss edilir, savadlı
hüquqşünaslar, iqtisadçıları və digər mütəxəssislər çatışmır.
Ali təhsildəki digər problemin
isə orta təhsildən irəli gəldiyinə dair fikirlər səsləndirilir. Artıq Rusiyada
orta təhsil müddətinin 12 ilə qaldırılması barədə müzakirələr aparılır.
Bildirilir ki, universitetlərin birinci kurs tələbələrinə hələ orta məktəblərdə
öyrənməli olduqları biliklər tədris olunur.
Eləcə də məktəbəqədər təhsilə
diqqətin artırılması, uşaqların bağçalara cəlb olunma faizinin yüksəldilməsi
məsələləri ətrafında müzakirələr aparılır.
Universitetlər
Rusiyada həm dövlət və həm də
özəl ali təhsil müəssisələri mövcuddur. Ali məktəblərin filialları və müxtəlif
regionlarda nümayəndəlikləri də fəaliyyət göstərir. Hər bir ali təhsil
müəssisəsi muxtariyyət hüququna malikdir.
Ali məktəblər müvafiq qaydalara
uyğun olaraq akkreditasiyadan (akkreditasiya ali məktəbə bir qayda olaraq
attestasiyadan sonra verilir) keçməlidirlər. Ali təhsil müddəti, bir qayda
olaraq, 4 ildən 6 ilə kimi davam edir. Ali təhsil əyani, axşam (əyani-qiyabi)
və qiyabi formada həyata keçirilir.
Rusiya Federasiyasında ali təhsil
müəssisələrinin aşağıdakı növləri mövcuddur:
Federal universitetlər federal
dairələrin ərazilərində fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələri, elm
və təhsil mərkəzləridir. Artıq Rusiyada 14-ə qədər federal universitet
fəaliyyət göstərir.
Universitetlər müxtəlif sahələri
əhatə edən zəngin tədris proqramlarına malik çoxprofilli təhsil
müəssisələridir. Universitetlər unikal elm-təhsil kompleksi kimi xüsusi hüquqi
statusa malikdirlər.
Universitetlər arasında yüksək
nüfuza malik, Rusiya cəmiyyətinin inkişafında xüsusi əhəmiyyət kəsb edən iki
ali təhsil müəssisəsinin - Moskva Dövlət Universiteti və Sankt-Peterburq Dövlət
Universitetinin adlarını xüsusi olaraq qeyd etmək lazımdır.
Rusiyanın aparıcı və ən böyük ali
məktəbi, milli elm və mədəniyyət mərkəzi olan Moskva Dövlət Universitetinin
(MDU) tərkibində 9 elmi-tədqiqat institutu fəaliyyət göstərir. MDU-da 40
fakültə və 300-dən artıq kafedra var. Universitetdə 31 mindən artıq tələbə və 7
minə yaxın aspirant təhsil alır. Fakültə və elmi-tədqiqat mərkəzlərində 4
mindən artıq professor və müəllim, 5 minə yaxın elmi işçi çalışır.
Universitetin sərəncamında ümumi sahəsi 1 milyon kvadratmetr olan 600-dən artıq
bina və tikili var. MDU yalnız Moskvada 205,7 hektar ərazini əhatə edir.
1997-ci ildə MDU-nun Sevastopolda (Ukrayna), 2000-ci ildə Astanada
(Qazaxıstan), 2006-cı ildə Daşkənddə (Özbəkistan), 2009-cu ildə Bakıda, həmin ildə
isə Düşənbədə (Tacikistan) filialları açılıb.
MDU-nun elmi kitabxanası ölkənin
ən zəngin kitabxanası hesab olunur. Burada müxtəlif sahələrə aid həm rus, həm
də xarici dillərdə əksər ədəbiyyatlar cəmləşib. MDU-nun nəzdində 1963-cü ildən
ixtisaslaşmış elm-tədris mərkəzi-internat-məktəb fəaliyyət göstərir. Bu məktəb
ölkənin ən perspektivli təhsil müəssisələrindən biri hesab olunur.
"World Reputation
Rankings" jurnalının dünya universitetlərinin reytinq cədvəlində Rusiya
ali məktəblərindən yalnız Moskva Dövlət Universiteti yer alıb. Jurnalın 2010-cu
il üzrə tərtib etdiyi reytinq cədvəlində MDU 33-cü yerdə qərarlaşıb.
1724-cü ildə əsası qoyulmuş
Sankt-Peterburq Dövlət Universiteti Rusiya ali təhsil müəssisələrinin flaqmanı
hesab olunur. Universitet 286 illik fəaliyyəti ərzində ali təhsil sahəsində
zəngin ənənələri ilə tanınıb, Rusiya elminin, təhsilinin inkişafına layiqli
töhfələr verib. Hazırda universitetdə 32000-dən çox tələbə 20 fakültədə 323-dən
çox ixtisasa yiyələnir. Sankt-Peterburq Dövlət Universitetində çalışanların
ümumi sayı 14000 nəfərdən çoxdur. Təhsil ocağının professor-müəllim heyəti
içərisində tanınmış akademiklər, elm adamları da az deyil. Kifayət qədər
tanınmış məzunları olan universitetdə V.İ.Lenin, V.V.Putin, D.A.Medvedev və
başqa məşhurlar da təhsil alıb.
Beynəlxalq əməkdaşlıq
Vahid Avropa təhsil məkanına
inteqrasiya Rusiyanın milli təhsil sistemi qarşısında bir sıra vacib vəzifələr
qoyub. Rusiya təhsil sisteminin modernləşdirilməsi və onun rəqabət
qabiliyyətinin gücləndirilməsinə nail olmaq üçün təhsil sahəsində beynəlxalq
əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. 2003-cü ildə Boloniya
prosesinə qoşulan Rusiya Avropa vahid təhsil məkanının bərabərhüquqlu üzvünə
çevrilib.
Hazırda ölkənin təhsil
müəssisələri beynəlxalq əməkdaşlıq çərçivəsində 70-dən artıq proqram və
layihənin reallaşdırılmasında iştirak edir. Rusiya təhsil sisteminin
modernləşdirilməsinə xidmət edən layihələr sırasında TASİS texniki dəstək
proqramı və universitetlərarası TEMPUS-TASİS proqramları (Avropa
Komissiyası), orta və peşə təhsili sahəsində Rusiya-Böyük Britaniya əməkdaşlıq
proqramı (Britaniya Şurası), Rusiya-Niderland əməkdaşlıq proqramı (KROSS
bürosu), Avropa Şurası ilə əməkdaşlıq üzrə işçi proqramının adını çəkmək olar.
Rusiya həmçinin YUNESKO, YUNİSEF, Avropa Şurası, Baltik Dənizi Dövlətləri
Şurası, Barents-Avroarktika Şurası, ATES Forumu, Niderland, Fransa, Avstriya,
Finlandiya və digər ölkələrlə təhsil sahəsində beynəlxalq əməkdaşlığının
genişləndirilməsini nəzərdə tutur.
Son illər Rusiya universitetləri
ABŞ, Avropa, Asiya, Latın Amerikası ölkələrinin aparıcı elm və təhsil
mərkəzləri ilə fəal əməkdaşlıq əlaqələri qurur, birgə təhsil proqramları
reallaşdırılır. İlbəil xarici ölkələrin ali məktəblərinə təhsil almağa
gedən rusiyalı gənclərin sayında artım müşahidə olunur. Əsasən, Böyük
Britaniya, Almaniya, Fransa, Kanada, Avstraliya, ABŞ universitetlərində təhsil
almağa üstünlük verən rusiyalı gənclər bir sıra prioritet ixtisaslara
yiyələnir, ölkənin ixtisaslı mütəxəssislərə olan ehtiyacını ödəyirlər.
Rusiya universitetlərində təhsil
alan və ya öz təhsil səviyyələrini təkmilləşdirən əcnəbilərin sayı da durmadan
artmaqdadır. Hazırda Rusiya ali məktəblərində 80 mindən artıq əcnəbi tələbə
oxuyur ki, onların da 57,2 min nəfəri Müstəqil Dövlətlər Birliyi ölkələrindəndir.
Onu da qeyd edək ki,
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində, eləcə də dövlət xətti ilə Rusiya
universitetlərində 300-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Azərbaycanın
ali məktəblərində isə 220-dən artıq rusiyalı gənc təhsilini davam
etdirir.
Amerika Birləşmiş Ştatlarında təhsil sistemi
Amerika Birləşmiş Ştatları (ABŞ) geniş perspektivlər
və hədsiz imkanlar ölkəsidir. ABŞ elmi-tədqiqatların, qabaqcıl texnologiyaların
tətbiqi və sənayenin inkişafı sahəsində böyük uğurlar qazanıb. Bütün bu uğurlar
Amerikanın təhsil sisteminə də təsirsiz ötüşməyib. ABŞ təhsil sistemi dünyanın
ən qabaqcıl tələblərinə cavab verən, texniki və elmi bazasının unikallığı ilə
seçilən və analoqu olmayan bir sistemə çevrilib. Amerika universitetləri sadəcə
ali təhsil müəssisələri deyil. Onların hər biri elmin bütün sahələri üzrə
qabaqcıl elmi tədqiqatların aparıldığı və böyük kəşflərin edildiyi elmi
tədqiqat mərkəzləridir. Təsadüfi deyil ki, ABŞ-ın Milli Aeronavtika və Kosmik
Administrasiyasının (NASA-National Aeronautics and Space Administration) Cet
Propuljon laboratoriyası Kaliforniya Texnologiya İnstitutunda yerləşir. Nüfuzlu
təhsil müəssisələri dünyanın hər yerindən minlərlə şagird və tələbəni, eləcə də
alimləri bu ölkəyə cəlb edir. Məhz yüksək keyfiyyətinə görə dünyada ən bahalı
təhsil də məhz ABŞ-dadır. ABŞ-da tarixi, iqtisadi və sosial amillərin
təsiri altında formalaşmış müasir təhsil sistemi özünəməxsusluğu ilə seçilir.
Burada dövlətin vahid təhsil sistemi yoxdur. Hər ştat təhsilin strukturunu
müstəqil şəkildə müəyyən etmək hüququna malikdir.
Təhsil sistemi
Digər ölkələrlə müqayisədə Amerika məktəbləri daha
demokratik olmaları ilə fərqlənir. İngiltərədə, Fransada və digər Qərbi Avropa
ölkələrində uşaqlar adətən erkən yaşlarından ibtidai siniflərdə 2-4 il
oxuduqdan sonra müxtəlif növ məktəblərə daxil olurlar. Məsələn, İngiltərədə
uşaqların təxminən 10-15 faizi qrammatik məktəblərə, Fransada isə liseylərə gedirlər.
ABŞ-da isə belə məktəb sistemi yoxdur. Ölkədə vahid məktəb strukturu da mövcud
deyil.
Dövlətə məxsus məktəblərlə yanaşı, ABŞ-da kilsə və
özəl təhsil müəssisələri də mövcuddur. Kilsə məktəbləri dini təşkilatlar
tərəfindən maliyyələşir və buradakı təlim-tərbiyə işləri dini ruhda aparılır.
Özəl məktəblərdə isə təhsil bahalı olduğundan burada, adətən imkanlı ailələrin
övladları təhsil alırlar.
Uşaq bağçalarını başa vuran uşaqların təxminən 99
faizi məktəblərə daxil olurlar (6 yaşdan 13 yaşadək). Onların 94 faizi
təhsillərini 18 yaşadək davam etdirirlər. 18-24 yaş arası gənclərin 29 faizi
isə kollec və universitetlərə qəbul olurlar.
ABŞ-da universitet və ya kolleclərə daxil olmazdan
əvvəl 12 illik ibtidai və orta məktəb təhsilini başa vurmaq əsas tələblərdən
biridir.
Məktəbəqədər təhsil
ABŞ-da məktəbəqədər təhsil icbari deyil. Valideynlər
övladlarını istədikləri təhsil müəssisəsinə verə bilərlər. Ölkədə məktəbəqədər
təhsil müəssisələri sırasına oyun məktəbləri (play school - azyaşlı uşaqlar
əşyaları oynayaraq tanıyırlar), körpələr evi (nursery school) və bağçalar
(kindergarten) daxildir.
Bundan əlavə, ibtidai məktəblərin (elementary schools)
əksəriyyətini beş yaşlı uşaqlar üçün məktəbəqədər təhsil müəssisələri təşkil
edir. Adətən bu, ibtidai məktəbin birinci sinfi hesab olunur.
Amerikanın bəzi məktəbəqədər təhsil müəssisələrində
Montessori metodundan istifadə olunur. Bu metod doktor Mariya Montessori
tərəfindən 1900-cü ilin əvvəllərində yaradılıb. Həmin metoda əsasən hər bir
uşağın özünəməxsus ehtiyacı, marağı və inkişaf xüsusiyyətləri olduğu üçün ona
fərdi yanaşma tətbiq olunmalıdır. Bəzi Montessori məktəbləri (Montessori
schools) məktəbəqədər təhsil müəssisələrindən (2-5 yaşlı uşaqlar üçün) və
ibtidai məktəblərdən (6-12 yaşlılar üçün) ibarətdir.
2010-cu ildə ABŞ-da uşaq bağçalarına cəlb olunmuş
uşaqların sayı 1 milyon 94 min nəfər olub.
Orta təhsil
ABŞ-da təxminən 120 min orta məktəb var. Onların 27
mini özəldir. Şagirdlərin 15 faizi özəl təhsil müəssisələrində və ya kilsə
məktəblərində təhsil alırlar. Məktəb məzunlarının təxminən 30 faizi
universitetlərə qəbul olur.
Amerikanın orta təhsil strukturu 12 illik təhsil
təklif edir və aşağıdakı pillələri əhatə edir:
1. İbtidai məktəb (elementary school): 6-11 yaşlı
uşaqlar üçün (I-VI siniflər);
2. Əsas məktəb (secondary school): 12-15 yaşlı uşaqlar
üçün (VII-IX siniflər);
3. Orta məktəb (High school): 16-18 yaşlı uşaqlar üçün
(X-XII siniflər).
Məktəblərdə fənlərin tədrisi baxımından vahid tələblər
qoyulmur. Onlar məktəbin yerləşdiyi ərazidən (ştatdan) və ya həmin məktəbin öz
siyasətindən asılı olaraq dəyişə bilər.
Bütün məktəblərdə tədris olunan icbari fənlərə ingilis
dili (İngiltərə və Amerika ədəbiyyatı), riyaziyyat (cəbr və həndəsə), xarici
dil (əsasən ispan dili), tarix (Amerika və Avropa tarixi) və təbiət elmləri
(biologiya, kimya, ekologiya) daxildir.
Amerikanın məktəb sistemində biliyin
qiymətləndirilməsi bir qədər demokratik xarakter daşıyır. Burada fənlər üzrə
vahid dövlət imtahanları mövcud deyil, onları aralıq və semestr testləri əvəz
edir. İlin sonunda isə yekun imtahan verilir.
Təhsil alanların bu və ya digər fəndən aldığı qiymət
yalnız testlərin nəticəsi əsasında müəyyənləşdirilmir. Qiymətləndirməyə onun
təhsilə münasibəti, məktəb həyatında iştirakı və digər müvafiq meyarlar da
təsir göstərir. Yeganə dövlət imtahanı SAT-dır (Scholastic Aptitude
Test-Təhsilin qiymətləndirilməsi testinin). Buraya bacarıqlar üzrə ümumi
akademik test, riyaziyyat biliyi və dil bacarıqlarının səviyyəsi daxildir. Bu
test kollec və universitetlərə daxil olmaq imkanı yaradır.
Tədris ili semestrlərə bölünür və 170-186 gün davam
edir. Dərslər 5-6 saat olmaqla həftənin beş günü keçirilir.
İbtidai məktəb. Əsasən 6 yaşdan etibarən başlayır. Burada təhsil
ştatdan asılı olaraq 5-6 il davam edir. Amerikada adətən məktəbə uşaqları 6
yaşında qəbul edirlər. Bütün dərslər (oxu, ədəbiyyat, şifahi nitq, orfoqrafiya,
musiqi, təsviri incəsənət, hesab, tarix, təbiətşünaslıq, gigiyena, bədən
tərbiyəsi və əmək) bir müəllim tərəfindən aparılır.
İbtidai məktəblərdə şagirdləri adətən testlərin
nəticələrinə uyğun qruplara bölürlər. Bu testlər xüsusi hazırlıq tələb etmir,
istedadlı uşaqları üzə çıxarır və riyazi dəqiqliklə intellekt əmsalını - IQ
(intelligence quotient) müəyyənləşdirməyə imkan verir. IQ (ay kyu) testləri
insanın intellekt səviyyəsinin qiymətləndirilməsidir. ABŞ-da orta intellekt
əmsalı 100-dür. Ölkə məktəblərinin məzunlarının orta IQ-su 115, əlaçıların
135-140 təşkil edir. 70-dən aşağı IQ əqli gerilik hesab olunur.
IQ müəyyən edildikdən sonra A, B və C (istedadlı,
normal və qabiliyyətsizlər) qrupları yaradılır və təhsil diferensiallaşdırılır.
Təhsildə geri qalan uşaqlarla ciddi iş aparılır. İstedadlılar isə adətən kollec
və universitetlərə hazırlaşırlar.
Əsas məktəb (secondary school). Təhsilin bu pilləsi 3 illikdir
(VII-IX siniflər). Burada tədris olunan əsas fənlər aşağıdakılardır: ingilis
dili, riyaziyyat, təbiətşünaslıq, bədən tərbiyəsi, gigiyena, musiqi, təsviri
incəsənət, əmək və ya evdarlıq. Səkkizinci sinifdən etibarən şagirdlər maraq
göstərdikləri fənləri seçmək hüququna malikdirlər.
Orta məktəb (high school). Təhsil müddəti 3 ildir (X-XII
siniflər). Əsas fənlərə riyaziyyat (2 il), ingilis dili (4 il), təbiət elmləri
(2 il) və sosial elmlər (3 il) daxildir.
Orta məktəbdə qiymətləndirmə sistemi ingilis
əlifbasının A, B, C, D, F hərfləri ilə aparılır. Orta qiymətin müəyyən edilməsi
üçün hərflərə uyğun ballardan (A=4, B=3, C=2, D=1 və F= 0) istifadə
olunur.
C-dən yuxarı qiymətlər yaxşı qiymətlər hesab edilir.
Təhsilin davam etdirilməsi üçün tədrisin sonunda B və ya A qiymətləri
alınmalıdır. D - biliyin orta səviyyədən aşağı olduğunu, F isə qeyri-qənaətbəxş
nəticə və ya tədris materialının tamamilə öyrənilməməsi deməkdir.
Orta məktəbin bitirilməsi haqqında diplom almaq üçün
son 4 il ərzində 16 akademik kurs üzrə zaçot almaq kifayətdir. Akademik kurs
adətən 90-180 məşğələdən ibarət olur. Adətən hər yarımilə 5-6 kurs düşür. Son 4
ildə şagirdlərə 5 əsas fənnin - ingilis dili (4 il), riyaziyyat (3 il), təbiət
elmləri (3 il), sosial elmlər (3 il), kompüter (5 ay) öyrənilməsi məsləhət
görülür. Universitet və dördillik kolleclərdə təhsilini davam etdirmək
istəyənlər üçün xarici dil kursunu (2 il) keçmək də tələb olunur.
Əsas fənlər 20-30 ixtisaslaşmış kurslara bölünür.
Məsələn, ingilis dilinə Amerika ədəbiyyatı və ədəbi yaradıcılıq daxil edilir.
Məqbul qiymət almaq üçün müasir yazıçıların yaradıcılığı və ya jurnalistika
sahəsindən də imtahan vermək mümkündür.
Təhsil Nailiyyətlərinin Milli Qiymətləndirilməsi
(National Assessment of Educational Progress - NAEP) təşkilatının verdiyi
məlumata əsasən, 2010-2011-ci tədris ilində təxminən 49,4 milyon şagird dövlət
ibtidai və orta məktəblərində təhsil alır. Bundan əlavə, 5,8 milyon şagird özəl
məktəblərdə təhsil alır. Bütün bu məktəblərdə təxminən 3,8 milyon müəllim
çalışır.
2010-2011-ci tədris ilində isə 19,1 milyon nəfər iki
və dördillik kolleclərə və universitetlərə daxil olub. Bu rəqəm 2000-ci illə
müqayisədə 3,8 milyon nəfər çoxdur.
2010-2011-ci tədris ilində orta təhsilə təxminən 340
milyard dollar məbləğində vəsait ayrılıb. Ölkə üzrə hər şagirdə orta hesabla 10
min 792 dollar düşür. Müqayisə üçün qeyd edək ki, 2007-2008-ci tədris ilində bu
məbləğ 10 min 297 dollar təşkil edib.
Ali təhsil
ABŞ-da ali təhsil müəssisəsi anlayışının dəqiq
təyinatı mövcud deyil. Orta məktəbdən sonra təhsil verən istənilən təhsil
müəssisəsi kollec, məktəb, institut və hətta universitet adlandırıla bilər. Hər
hansı təhsil müəssisəsinin statusunu müəyyənləşdirən yeganə meyar orda tədris
olunan ixtisasların keyfiyyəti və həyata keçirilən elmi tədqiqatlar ola bilər.
Ali məktəblərə qəbul olunmaq üçün abituriyentlərə
qarşı vahid tələblər yoxdur. İkiillik kolleclərə daxil olmaq üçün heç bir qəbul
şərtləri və yaş məhdudiyyəti qoyulmur. Abituriyentlərdən sadəcə olaraq orta
təhsil haqqında sənəd tələb edilir.
Ali təhsil müəssisəsinin növündən və nüfuzundan asılı
olaraq, qəbul olmaq istəyənlərdən müsabiqə imtahanları, müsahibələr və test
imtahanları götürülə bilər. Əsasən namizədlərdən aşağıdakı sənədlər tələb
edilir:
- orta məktəb nailiyyətləri haqqında sənəd (GPA -
Grade Point Average, orta bal);
- SAT (Scholastic Aptitude Test) - təhsilin
qiymətləndirilməsi testinin nəticələri;
- müəllimlərin zəmanəti;
- yazılı inşa;
- liderlik potensialının olması haqqında və
tədrisdənkənar tədbirlərdə (məsələn, məktəb qəzetində, idman komandalarında,
yaradıcılıq müsabiqələrində, ictimai işlərdə) iştirakı təsdiqləyən sənədlər.
Amerika ali təhsilində çoxpilləli sistem qəbul edilib.
Bu sistemə əsasən ölkədəki ali təhsil müəyyən dövrlərə bölünür.
Bakalavr (Undergraduate) dövrü 4 il davam edir və
humanitar (Bachelor of Arts, BA) və ya təbiət elmləri (Bachelor of Science, BS)
bakalavr dərəcəsinin alınması ilə başa çatır. Bakalavr kursunun proqramına
təxminən 30 tədris fənni daxildir. Onlardan hər biri müəyyən kredit balı ilə
qiymətləndirilir. Ümumilikdə, bakalavr dərəcəsini almaq üçün 120 kredit
toplamaq lazımdır. Əgər tələbə müəyyən sayda mühazirədə iştirak edibsə
(akademik saatlarla ölçülən), laborator işləri yerinə yetiribsə, müstəqil iş
(referat, esse, hesabat və s.) yazıbsa, o zaman müvafiq krediti qazanmış hesab
olunur.
Amerika təhsil sistemi özünəməxsus çevikliyi ilə
fərqlənir. Məsələn, bakalavr proqramı üzrə təhsilin ilk iki ili bir sıra əsas
fənlərin icbari qaydada öyrənilməsi nəzərdə tutulur. Növbəti iki ildə isə
tələbələr kifayət qədər geniş siyahıdan istədikləri kursu seçə bilirlər.
Magistr (Graduate) dövrü magistr dərəcəsinin (MasterTs
Degree) verilməsi ilə nəticələnir. Magistraturada təhsil iki ildir. Sonda
məzunlar magistr dissertasiyası yazır və müdafiə edirlər.
Ali təhsil müəssisələri
ABŞ-ın ali təhsil müəssisələrinin sayı 4480-dən
çoxdur. Buraya ikiillik və dördillik kolleclər, eləcə də universitetlər
daxildir.
Universitetlər proqram seçimində və onların məzmununun
müəyyən edilməsində sərbəstdirlər. Bundan əlavə, ölkənin ən yaxşı
universitetləri böyük maliyyə sərbəstliyinə malikdirlər. Onların maliyyə
mənbələri yalnız tələbələrdən alınan təhsil haqları hesabına deyil, həmçinin
elmi-tədqiqat işlərindən, sponsor yardımından əldə edilən gəlirlər hesabına
formalaşır.
Ölkənin ən qədim ali təhsil müəssisəsi 1636-cı ildə
yaradılmış Harvard Universitetidir. 1693-cü ildən 1749-cu ilədək ABŞ-da daha
dörd ali təhsil ocağı - Vilyam və Meri Kolleci (1693, Virciniya ştatı), Yel
(1701), Prinston (1746) və Pensilvaniya (1749) universitetləri fəaliyyətə
başlayıb.
Digər universitetlər ərazilərə görə (Orta Qərb, Şimal,
Cənub və Qərb bölgələri) bölünürlər. Bu sıraya öz ştatlarının büdcəsindən
maliyyələşən dövlət universitetləri, ayrı-ayrı şəxslərin və ya fondların
maliyyə vəsaiti hesabına fəaliyyət göstərən özəl universitetlər
daxildir.
Dünya universitetləri reytinqində ABŞ universitetləri
həmişə yüksək pillələri tuturlar. "Times Higher Education World University
Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında
apardığı araşdırmaya əsasən dünyadakı 100 ən yaxşı universitetin 51-i
ABŞ-dadır. Reytinqin ilk beşliyində də ABŞ universitetləri (Harvard
Universiteti, Kaliforniya Texnologiya Universiteti, Massaçusets Texnologiya
Universiteti, Stanford Universiteti və Prinston Universiteti) qərar tutur.
"QS World University Rankings"in hesabatına
əsasən isə dünyadakı 100 ən yaxşı universitetin 31-i ABŞ-da yerləşir. Bu
reytinqdə ilk onluğa daxil olan universitetlərin altısı (Harvard Universiteti
-2, Yel Universiteti - 3, Massaçusets Texnologiya Universiteti - 5, Çikaqo
Universiteti - 8, Kaliforniya Texnologiya Universiteti - 9, Prinston
Universiteti - 10) Amerikanın payına düşür.
Təhsilin sonunda bakalavr, magistr və doktorluq
dərəcələri verilir. Kollec və universitetlər veriləcək dərəcələri və onları
alacaq tələbələri özləri müəyyənləşdirir.
Amerika universitetləri tədris binaları,
laboratoriyalar, kitabxanalar, yataqxanalar, müəllimlər üçün evlər, kafe və
yeməkxanalar, idman və mədəni kampuslar, təhsil şəhərcikləri ilə əhatə
olunur. Tədris ili 2 və ya 3 semestrdən ibarətdir.
Mühazirələrdə, adətən, minədək tələbə iştirak edir.
Hər tələbənin şəxsi tədris planı olur. Universitetlərdə daimi qruplar yoxdur.
Müəllimlər adətən mühazirənin surətini tələbələrə payladıqları üçün konspekt
tutmağa ehtiyac olmur. Hər semestrin sonunda imtahan və zaçotlar verilir. Bu
zaman nailiyyət qazana bilməyən tələbələr universitetlərdən çıxarılmırlar.
Onlara imtahanı bir neçə dəfə yenidən vermək imkanı yaradılır.
Dördillik kolleclər statusuna görə universitetlərə
bərabər tutulurlar. Onların bəziləri müstəqil təhsil müəssisələri olsa da,
digərləri universitetlərin tərkibində fəaliyyət göstərirlər. Kolleclərlə
universitetlər arasında yeganə fərq kolleclərin yalnız bakalavr proqramı
əsasında tədris aparmasından ibarətdir. Təhsilini magistraturada davam etdirmək
istəyən tələbə universitetin magistr (Graduate) proqramına qəbul oluna
bilər.
Bundan əlavə, ABŞ-da ştatdaxili regional kolleclər də
fəaliyyət göstərir. XX əsrin əvvəllərində yaradılan regional kolleclərdən
ibarət sistemin əsas məqsədi məktəblə universitet arasında keçid yaratmaqdır.
Bu kolleclərdə təhsil 2 il davam edir və Associate degree (Aralıq dərəcə)
alınması ilə başa çatır. Bu dərəcə tələbələrə bakalavr dərəcəsi almaq üçün öz
təhsillərini universitetlərdə davam etdirmək imkanı yaradır. Regional
kolleclərin özünəməxsusluğu, onların ümumtəhsil proqramları və texniki sahələr
üzrə ixtisasartırma kursları təklif etməsindən ibarətdir.
ABŞ-da tibbi təhsil ən bahalı təhsillərdən hesab
edilir. Tələbələrin bir hissəsi təhsil haqqı ödəmək iqtidarında
olmadıqlarından, əsasən təhsil kreditləri hesabına oxuyurlar. Statistikaya
əsasən, təhsilin sonunda Amerika Tibb Məktəbi məzunlarının əksəriyyətinin 100
min dollardan artıq borcu olur. Buna baxmayaraq, məzunların təcrübi və tədqiqat
fəaliyyətlərinin ilk aylarında aldıqları yüksək məvaciblər təhsilə xərclənmiş
vəsaiti ödəmək imkanı yaradır.
ABŞ-ın ən məşhur tibb məktəbləri arasında Oreqon Tibb
və Elm Universiteti (Oregon Health & Science University), Miçiqan Dövlət
Universiteti Osteopatik Tibb Kolleci (Mich. State U. College. of Osteopathic
Medicine), Minnesota Universiteti (University of Minnesota), Con Hopkins
Universiteti (Johns Hopkins University), Kolumbiya Universiteti Terapiya və
Cərrahiyyə Kolleci (Columbia U. College of Physicians and Surgeons) və digər
tədris ocaqlarının adlarını çəkmək olar.
Amerika ali təhsilindən danışarkən biznes təhsilini
qeyd etməmək mümkün deyil. Belə ki, dünyada ilk biznes məktəbi - Tak Biznes
Məktəbi (TuckTs School of Business) məhz ABŞ-da yaradılıb. Bu gün dünyanın
aparıcı biznes məktəblərinin təxminən 60 faizi Amerikadadır. Bu ölkədə alınmış
MBA (Master of Business Administration) diplomu bütün dünyada gələcək uğurlu
karyeranın zəmanəti hesab edilir.
ABŞ-da 1500-dən artıq təhsil müəssisəsi MBA
proqramları təklif edir. Amerikanın ən məşhur biznes-proqramlarına marketinq,
maliyyə, beynəlxalq və İnternet biznesi, sahibkarlıq, pərakəndə satış və digər
sahələr üzrə proqramlar aiddir. ABŞ biznes-məktəblərində təhsil iki il davam
edir. Təhsil haqqı ildə təxminən 50 min dollardır. Amerika biznes məktəbinə
daxil olan hər kəs qəbul komissiyasına təhsil haqqını ödəmə qabiliyyətinin
olması ilə bağlı zəmanət təqdim etməlidir.
İlk MBA məktəbləri olan Harvard, Stenford və Barton
məktəbləri uzun illərdir ki, dünya universitetlərinin reytinq siyahısında ilk
üç pilləni tuturlar. Bəzən onlar reytinq siyahısında bir-birini əvəz edirlər.
Onu da qeyd edək ki, ABŞ-da 16-24 yaşlılar arasında
təhsilini yarımçıq qoyanlar 2009-cu ildə 8,1 faizə qədər azalıb. Tələbələr
arasında qızların sayı (10,9 milyon) oğlanlardan (8,3 milyon) çoxdur. Bütün
tələbələrin 11,9 milyonu əyani təhsil, 7,2 milyonu isə qiyabi təhsil alır.
Əcnəbi tələbələr
ABŞ universitet və kolleclərdə təhsil alan əcnəbi
tələbələrin sayına görə dünya lideridir. Tələbələrin Amerikanı seçməsinin bir
sıra səbəbləri var. Amerikada geniş ixtisas seçimi və güclü elmi-tədris bazası
mövcuddur. Amerika universitetləri sadəcə ali təhsil müəssisələri deyil.
Onların hər biri elmin müxtəlif sahələri üzrə qabaqcıl tədqiqatların aparıldığı
və kəşflərin edildiyi mərkəzlərdir.
ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri
üzrə Bürosunun dəstəyi ilə Beynəlxalq Təhsil İnstitutunun (Institute of
International Education, IIE) hazırladığı illik hesabatına əsasən 2009-2010-cu
tədris ilində ABŞ universitetlərinə 202 mindən çox əcnəbi tələbə qəbul olunub.
Ümumlikdə, 2009-2010 - cu tədris ilində ABŞ universitetlərində 700 minə yaxın
əcnəbi tələbə təhsil alıb ki, bu da 2008-2009-cu ilin tədris ili ilə müqayisədə
2,9 faiz çoxdur.
ABŞ-da təhsil alan əcnəbi tələbələrin böyük
əksəriyyəti Çin (18,5 faiz), Hindistan (15,2 faiz) və Cənubi Koreya (10,4 faiz)
vətəndaşlarıdır. Bu üç ölkədən olan tələbələr əcnəbi tələbələrin ümumi sayının
təxminən 44 faizini təşkil edir. Əgər 2008-2009-cu tədris ilində əcnəbi
tələbələr arasında hindistanlıların sayı çoxluq təşkil edirdisə, 2009-2010-cu
tədris ilində çinlilər ön mövqeyə çıxıb. Bundan əlavə, ABŞ-da təhsil alan
əcnəbi tələbələrin statistikasında ilk onluğa Kanada (4,1 faiz), Tayvan (3,9
faiz), Yaponiya (3,6 faiz), Səudiyyə Ərəbistanı (2,3 faiz), Meksika (1,9 faiz),
Vyetnam (1,9 faiz) və Türkiyə (1,8 faiz) daxildir.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 26
azərbaycanlı gənc ABŞ-ın ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilib.
Artıq onlardan 9 nəfəri təhsillərini başa vuraraq ölkəmizə qayıdıb.
ABŞ-da təhsil alan əcnəbi tələbələrin əksəriyyəti
Cənubi Kaliforniya Universitetində (University of Southern California, 8 minə
qədər), İllinoys - Urbana Şampeyn Universitetində (University of Illinois -
Urbana-Champaign, təxminən 8 min), Nyu-York Universitetində (New York
University, 7,3 min), Perdyu Universitetində (Purdue University, 6,9 min),
Kolumbiya Universitetində (Columbia University, 6,8 min), Miçiqan
Universitetində (University of Michigan - 6,1 min), Kaliforniya Universitetində
(University of California, 5,7 min), Miçiqan Dövlət Universitetində (Michigan
State University, 5,4 min), Texas Universitetində (University of Texas, 5,3
min) və Boston Universitetində (Boston University, 5,2 min) təhsil alırlar.
ABŞ-da təhsil alanların 21,1 faizi (145,5 min nəfər)
biznes və menecment sahələrinə, 18,4 faizi (127,4 min nəfər) mühəndislik
elmlərinə, 8,9 faizi (61,285 min nəfər) fizika və həyat haqqında elmlərə, 8,8
faizi (təxminən 61 mini) riyaziyyat və kompüter elmlərinə, 8,7 faizi (təxminən
60 mini) ictimai elmlərə üstünlük verirlər.
Beynəlxalq Təhsil İnstitutunun (Institute of
International Education, IIE) məlumatına görə, 2008-2009-cu tədris ilində
Amerikadan olan 260 mindən artıq tələbə xarici ölkələrdə təhsil alıb. Bu
ölkələr arasında liderliyi Böyük Britaniya (12 faiz), İtaliya (10,5 faiz),
İspaniya (9,3 faiz), Fransa (6,5 faiz) və Çin (5,3 faiz) tutur. Xarici
dövlətlərdə oxuyan amerikalılar əsasən sosial elmlərə, biznes və idarəetmə,
humanitar, tətbiqi incəsənət, rəssamlıq, fizika və yer haqqında elmlərə
üstünlük verirlər.
Təhsil və yaşayış haqqı
ABŞ universitetlərində təhsil haqqı bir sıra
meyarlardan asılıdır. Bu baxımdan təhsil ocağının statusu (dövlət və ya özəl,
kollec və ya universitet), nüfuzu və konkret fakültə əsas götürülür. Ən aşağı
qiymətlər dövlət kollecləri və universitetlərindədir. İlk ildə təhsilin məbləği
orta hesabla 7 min, ikinci il 9-10 min ABŞ dolları ola bilər. Məsələn, Berkli
Universiteti kifayət qədər tanınsa da, burada təhsil ildə təxminən 14-20 min
dollar təşkil edir. Özəl ali təhsil müəssisələrində isə (məsələn, Stenford və
ya Harvard universitetlərində) qiymətlər 30 min dollardan (qiymətlər tədris
ilinə görə fərqlənə bilər) başlayır. Texniki ixtisaslar bahalı laboratoriya
avadanlıqlarından istifadəni nəzərdə tutduğu üçün humanitar elmlərə nisbətən
daha çox xərc tələb edir. Qeyd etdiyimiz kimi, Amerikada ən yüksək təhsil haqqı
tibb ixtisası üzrədir.
Yaşayış qiymətləri isə universitetin yerləşdiyi
ərazidən asılıdır. Həyat səviyyəsinə görə ölkənin ən bahalı şəhərləri Nyu-York,
Los-Anceles və Çikaqodur. Ən ucuz yaşayış ölkənin kiçik əyalət şəhərlərindədir.
Tələbələrin xərclərinin əsas hissəsini yaşayış
xərcləri təşkil edir. Universitet kampusundakı yataqxanalardakı otaqlarda
qalmaq ildə 5-12 min dollara (universitetin yerləşdiyi ərazidən asılı olaraq)
başa gəlir.
Təqaüd proqramları
ABŞ hökuməti Amerikada təhsil almaq istəyən əcnəbi
tələbələr üçün xeyli sayda təqaüdlər təklif edir. Onların böyük hissəsi magistr
və doktor proqramlarının iştirakçıları üçün nəzərdə tutulub. Lakin bakalavrlar
üçün də təqaüdlər mövcuddur.
Qlobal Bakalavr Mübadiləsi Proqramı (UGRAD) çərçivəsində
təqaüd I-III kurs tələbələrinə verilir. Bu, 1 və ya 2 il ərzində kənd
təsərrüfatı, biznes, informatika, pedaqogika, iqtisadiyyat, beynəlxalq əlaqələr
və digər istiqamətlər üzrə təhsil almaq imkanı yaradır. 1995-ci ildən bu
proqramda 200-dən çox azərbaycanlı tələbə iştirak edib.
Fulbrayt Proqramı (Fulbright Program) çərçivəsində
magistraturada təhsil üçün incəsənət, humanitar və ictimai elmlər, texniki və
təbiət elmləri, eləcə də ABŞ tarixi, hüquq, jurnalistika, psixologiya,
kinematoqrafiya, teatr və incəsənət, sosiologiya, memarlıq və digər sahələr
üzrə təqaüd ayrılır. Eləcə də bu proqram çərçivəsində Amerika
universitetlərində magistr (MA- Master of Arts) dərəcəsinin alınması üzrə
ikiillik qrantlar təklif edilir. Bundan əlavə, proqram Amerika universitetlərində
və arxivlərində namizədlik dissertasiyası üçün material toplamaq məqsədilə
elmi-tədqiqat işləri aparmağa birillik qrantlar ayırır.
Fulbrayt Proqramı üzrə təqaüdlər Azərbaycan
vətəndaşları üçün də verilir. Bu proqram üzrə təqaüdlərin verilməsi açıq
müsabiqə yolu ilə ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən hər tədris ilində
həyata keçirilir. Ali təhsili (ən azı bakalavr dərəcəsi) olan, ingilis dilini
bilən Azərbaycan vətəndaşları bu proqrama qoşulmaq üçün ərizə verə bilərlər.
ABŞ Konqresi tərəfindən 1992-ci ildə təsis edilmiş
Edmund S.Maski Magistr Proqramının (Edmund S.Muskie Graduate Fellowship
Program) məqsədi Avrasiya ərazisində iqtisadiyyatın və demokratiyanın
inkişafına yardım göstərməkdir. Bu, ABŞ Dövlət Departamentinin Təhsil və
Mədəniyyət İşləri üzrə Bürosunun proqramı olsa da, IREX tərəfindən həyata
keçirilir. Proqram Azərbaycan, Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan,
Moldova, Tacikistan, Türkmənistan, Ermənistan, Özbəkistan və Ukraynadan olan
aspirantlara və mütəxəssislərə ABŞ-da 1 il dərəcəsiz, 1 və ya 2 il
müddətində isə dərəcə almaq üçün təhsil təklif edir.
1998-2008-ci illər ərzində təqribən 280-ə yaxın
azərbaycanlı gənc bu proqramda iştirak edib. Proqram iştirakçıları magistr
dərəcəsi almaqla yanaşı, bitirdikləri universitetdə ixtisasları üzrə 12
həftəlik təcrübə keçmək imkanı da qazanırlar. Ali təhsili (ən azı bakalavr
dərəcəsi) olan, ingilis dilini bilən və biznes idarəçiliyi, iqtisadiyyat,
hüquq, ictimai idarəetmə, ictimai siyasət, ətraf mühit, beynəlxalq əlaqələr,
kitabxanaçılıq, təhsil və jurnalistika ixtisaslarından birinə yiyələnmək
istəyən istənilən Azərbaycan vətəndaşı proqram üzrə təqaüd almaq üçün müraciət
edə bilər.
Gələcək Liderlərin Mübadiləsi Proqramı (FLEX) ABŞ
Dövlət Departamentinin təşəbbüsü ilə həyata keçirilir. Bu proqram çərçivəsində
MDB ölkələrindən hər il yüzlərlə X və XI sinif şagirdləri ABŞ-ın orta
məktəblərində təhsil alır və bu ölkədə yaşayır. Proqram üzrə seçim prosesi
ingilis dilini bilmə, şəxsi keyfiyyətlər, akademik nailiyyətlər və rəhbərlik
potensialı kimi meyarlara əsaslanır. Seçilmiş şagirdlər Amerika haqqında
kurslar keçir və bir il müddətində Amerikanın orta məktəblərində tam kursu
bitirirlər.
1998-ci ildən başlayaraq FLEX Proqramı üzrə hər il 55
azərbaycanlı şagird ABŞ-da təhsil alır. İndiyədək 800-dən artıq şagirdimiz bu
proqramda iştirak edib. FLEX Proqramı çərçivəsində ABŞ-da bir il təhsil almaq
hüququ qazanan məktəblilər arasında təkcə Bakı şəhərinin deyil, Sumqayıt,
Naxçıvan, Gəncə, Mingəçevir, Quba, Şəki, Lənkəran məktəblərinin də şagirdləri
var.
Gənc Müəllimlərin İnkişafı Proqramı
(JFDP) gənc ali məktəb müəllimləri üçün nəzərdə
tutulur. Bu layihə tədris proqramlarının hazırlanması və tədris metodikasının
təkmilləşdirilməsi sahələrini əhatə edir. Həmin proqram çərçivəsində müəllimlər
ABŞ və Azərbaycanın ali məktəbləri ilə sıx əməkdaşlıq əlaqələri yaradırlar.
Birillik akademik proqramda 2 aylıq stajkeçmə də nəzərdə tutulur. Qeyd etmək
lazımdır ki, bu proqram elmi dərəcə alınmasını nəzərdə tutmur. 1999-2007-ci
illərdə Azərbaycandan 35 nəfər bu proqramda iştirak edib.
2010-2011-ci tədris ili üzrə Gələcək Liderlərin
Mübadiləsi Proqramı (FLEX) çərçivəsində 42, Gənc Müəllimlərin İnkişafı Proqramı
(JFDP) üzrə 5, "Open World" Proqramı çərçivəsində 50, Qlobal Bakalavr
Mübadiləsi Proqramı (UGRAD) çərçivəsində 10, Edmund S. Maski Proqramı
çərçivəsində isə 15 nəfər ABŞ-a göndərilib.
Bunlardan əlavə, Amerikada hər universitetin öz təqaüd
proqramı mövcuddur. Bir çox hallarda onlar əcnəbi tələbələrə də şamil edilir.
Bəzən təhsildə və ya idmanda yüksək göstəricilər qazanmaq təqaüd almaq üçün
əsas ola bilər. Adətən, bu cür təqaüdlərin məbləği yüksək olmur və təhsil
xərclərinin yalnız bir qismini ödəyir.
Elmi tədqiqatlar
ABŞ-da elmin idarə edilməsi təcrübəsi xeyli maraq
doğurur. Çünki söhbət təhsil, iqtisadiyyat sahələri və müxtəlif dövlət
orqanları ilə sıx inteqrasiya edən dünyanın ən iri Elmi-Texniki Kompleksindən
gedir. Burada universitetlərin tədqiqat mərkəzləri, sənaye korporasiyaları,
milli dövlət laboratoriyaları, azad tədqiqat təşkilatları, kiçik və orta
kommersiya və mühəndis şirkətləri, kooperativ təşkilatlar daxildir. Hökumət
ETK-nın müstəqil fəaliyyətinin səmərəliliyini təmin edir, həmçinin elmi-texniki
siyasətin formalaşması işinin təşkili ilə məşğul olur.
Milli Elm Fondu (MEF) federal hökumət tərkibində elm
və texnikanın inkişafına məsul olan yeganə qurumdur. MEF əsasən
universitetlərdəki kiçik, orta kommersiya və mühəndis firmalarındakı
fundamental tədqiqat proqramlarını maliyyələşdirir.
Federal hökumətin büdcə maliyyəsi nəzəri elmin
inkişafını stimullaşdıran əsas mənbə hesab olunur. Federal hökumətin maliyyəsi
universitetlərin fundamental tədqiqat xərclərinin 65 faizini və qeyri- təhsil
xərclərinin isə 60 faizini təşkil edir. Dövlət bu investisiyanı bütün elm
sahələrində liderliyi saxlamaq məqsədilə ayırır.
Ali təhsil müəssisələri qabaqcıl fundamental
tədqiqatların həyata keçirilməsində və yüksək ixtisaslı elmi kadrların
yetişdirilməsində əsas rola malikdir. ABŞ ali məktəblərində təhsil prosesi ilə
yüksək keyfiyyətli elmi tədqiqatlar bir-birilə sıx birləşir.
Bundan əlavə, ölkədə bir sıra elmi-tədqiqat
institutları fəaliyyət göstərir. Bu müəssisələrin məqsədi tədqiqatların
aparılması, biliklərin dərinləşdirilməsidir. Bu institutlar arasında 1916-cı
ildə yaradılmış Dövlət Tədqiqatları İnstitutu (Institute for Government
Research) və 1927-ci ildən fəaliyyət göstərən Brukinqs İnstitutu (Brookings
Institution) daha məşhurdurlar.
Nobel mükafatçıları
Birləşmiş Ştatlar dünya elmində lider mövqeyə
malikdir. Nobel laureatları arasında amerikalıların sayı mütləq çoxluq təşkil
edir. Belə ki, dünyada olan 817 Nobel mükafatçısının 316-sı amerikalıdır. Con
Bardin (fizika) və Linus Paulin (kimya və sülh) Nobel mükafatına iki dəfə layiq
görüldüyündən, ümumilikdə, amerikalıların aldıqları mükafatların sayı 318-dir.
Amerikalılar kimya üzrə 62, iqtisadi elmlərə görə 47,
ədəbiyyat sahəsi üzrə 11, fizika üzrə 84, fiziologiya və ya tibb üzrə 93, Nobel
sülh mükafatına isə 21 dəfə layiq görülüblər.
Almaniyada
təhsil sistemi
Almaniya ideyalar
ölkəsidir. Burada təhsilə, elmə və elmi tədqiqatlara hər zaman xüsusi diqqət
ayrılıb. Ölkədə 50 mindən çox orta məktəb, 3000 mindən artıq gimnaziya
mövcuddur. Bu tədris müəssisələrində 12 milyondan çox şagird təhsil alır.
370 ali təhsil müəssisəsi, o cümlədən elmlər namizədi hazırlayan 140
universitet və təxminən 200 ixtisaslaşmış ali təhsil ocağı fəaliyyət göstərir.
Bundan əlavə, ölkədə 63 özəl universitet və 40-dan artıq dini təmayüllü ali
məktəb var. Ölkənin demək olar ki, hər bir iri şəhərində ali təhsil müəssisəsi
mövcuddur. Təhsil sistemi mərkəzləşmiş qaydada idarə olunmur. Federal
torpaqların hər birinin müvafiq idarəetmə strukturları fəaliyyət göstərir. Bu
səbəbdən ölkənin, müxtəlif əyalətlərində təhsilalma şərtləri və təhsil
proqramları arasında fərqlər mövcuddur.
Məktəbəqədər
təhsil
Almaniyada
uşaqların məktəbəqədər təhsili icbari təhsil sisteminə daxil olmadığından
məcburi deyil. Yalnız zəif inkişaf etmiş azyaşlı uşaqların təhsili istisnadır.
Belə ki, məktəbə yeni gedən uşaq hər hansı səbəbə görə öz yaşıdlarından geri
qalırsa, o zaman xüsusi məktəbəqədər siniflərdə (vorklassen) və ya məktəbdaxili
uşaq bağçalarında (schulkindergarten) birinci sinfə hazırlıq kursu keçir. Uşaq
bağçalarının (kindergarten) təqribən 20 faizi dövlətin, qalan 80 faizi isə
kilsənin, xeyriyyə cəmiyyətlərinin və yerli hakimiyyət orqanlarının
(bələdiyyələrin) himayəsindədir. Bundan əlavə, uşaq bağçaları müəssisə və
təşkilatlar tərəfindən də yaradıla bilər.
Bağçalara 3
yaşından 6 yaşadək uşaqlar qəbul edilir. Uşaqların bağçalarda saxlanılması
xərcləri yerli hakimiyyət orqanları, məktəbəqədər təhsil müəssisəsi və
valideynlər tərəfindən ödənilir. Valideynlərin xərcləri ailənin gəlirindən,
ailə üzvlərinin və ya ailədəki uşaqların sayından asılıdır.
Orta təhsil
Almaniyada bütün
uşaqlar altı yaşından etibarən 9 il ərzində icbari qaydada məktəbə
getməlidirlər. Dövlət məktəblərində təhsil pulsuzdur. Adətən, uşaqlar 4 il
ibtidai məktəbdə oxuyurlar. Sonra onlar müxtəlif növ məktəblərə - əsas məktəb,
real məktəb və gimnaziyaya daxil olurlar. Məktəblər şagirdlərin bacarıqlarına
olan tələblərə, həmçinin nəzəri və praktik təlim nisbətinə görə bir-birindən
fərqlənirlər. Bundan əlavə, ölkədə birləşmiş məktəblər mövcuddur. Burada bütün
növ məktəblərin şagirdləri paralel şəkildə təhsil alır, bir məktəbdən digərinə
keçə bilirlər. Əsas məktəbdə V sinifdən X sinfə qədər təhsil icbari, X sinifdə
isə könüllüdür. Real məktəbdə şagirdlər V sinifdən X sinfə qədər oxuyur və
sonda kamillik attestatı alırlar. Gimnaziyada federal torpaqdan asılı olaraq
tədris XII-XIII siniflərə qədər aparılır və kamillik attestatının alınması ilə
başa çatır. Bu attestat ali təhsil müəssisəsinə daxil olmaq hüququ verir.
Məktəblərin
əksəriyyətində dərslər günün birinci yarısında aparılır. Məktəb təhsili torpaqların
səlahiyyətinə daxildir. Məktəb siyasəti isə təhsil və mədəniyyət
nazirliklərinin Daimi Şurası tərəfindən əlaqələndirilir.
Peşə təhsili
Almaniyada peşə
təhsili sahəsində dual sistem geniş yayılıb. Bu sistemin təməlində nəzəriyyə
ilə təcrübənin qarşılıqlı əlaqəsi prinsipi dayanır. Burada tərəflərdən biri
peşə məktəbi, digəri isə təlim müəssisəsidir.
Gənclərin
təxminən yarısı məktəbdən sonra dual sistem çərçivəsində dövlət tərəfindən
tanınmış 350 rəsmi peşədən birinə yiyələnir. Peşə təhsili orta məktəblərdə
tədris olunan təhsildən fərqlənir. Peşə təhsilinə yiyələnənlərə həftədə 3-4 gün
müəssisələrdə təcrübə keçilir və bir-iki gün isə peşə məktəbində nəzəri
biliklər verilir. Təhsil müddəti 2 ildən 3,5 ilə qədərdir.
Texniki peşə
təhsili bu məktəblərdə təhsil xərclərini öz üzərinə götürən dövlət və müvafiq
müəssisələr tərəfindən şagirdlərə ayrılan pul mükafatları hesabına
maliyyələşdirilir. Hazırda 500 mindən çox müəssisə və dövlət xidməti sistemi
gənclərin peşə təhsilinə yiyələnmələri ilə məşğuldur. Şagird yerlərinin 80
faizdən çoxunu kiçik və orta şirkətlər təqdim edirlər. Dual sistemin sayəsində
Almaniyada peşəsi və ya müəssisələrdə şagirdlik yeri olmayan gənclərin sayı o
qədər də çox deyil. Bu ölkədə 15-19 yaşındakı gənclər arasında bu göstərici
cəmi 4,2 faiz təşkil edir. Nəzəriyyə ilə təcrübənin əlaqələndirilməsi
peşəkarların və fəhlələrin yüksək ixtisasa yiyələnmələrini təmin edir. Peşə
təhsili usta olmaq imkanı verən karyeranın başlanğıcı hesab edilir. Peşə
təhsilinin səviyyəsinin artırılması üzrə həyata keçirilən müxtəlif tədbirlər
universitetlərdə magistr dərəcəsi almaq imkanı da yaradır.
Ali təhsil
Qloballaşma
Almaniyanın elmi və ali təhsili qarşısında yeni tələblər qoyur. Müvafiq
islahatlar nəticəsində universitetlər ali təhsil sistemini yeni beynəlxalq
tələblərə uyğunlaşdırmağa başlayıblar. Buraya çoxpilləli təhsil sistemi
(bakalavr və magistratura), ali təhsilin ödənişli olması, qəbul testləri,
universitetlər və qeyri-universitet müəssisələri ilə strateji tərəfdaşlığın
gücləndirilməsi aid edilə bilər. Bütün bunların sayəsində ali təhsil böyük
dəyişikliklərə məruz qalıb.
Almaniyada
verilən elmi dərəcələr digər Avropa ölkələrindən bir qədər fərqlidir. Ali
məktəblərin riyaziyyat, təbiət elmləri, iqtisadiyyat və sosiologiya
fakültələrinin məzunları ali təhsil haqqında dövlət diplomu alırlar. Humanitar
fakültənin tələbələrinə təhsillərini bitirdikdən sonra, adətən, magistr
(magister artium) dərəcəsi verilir. Bundan sonra aspiranturaya (promotion)
daxil olaraq doktorluq dərəcəsi (doktor) almaq mümkündür. 2010-cu ildən
Almaniya universitetlərinin fakültələri əsasən bakalavr və magistr dərəcələri
(beynəlxalq nümunəli) almaq imkanı verən təhsil sisteminə keçməyə başlayıblar.
Bu, Avropa dövlətlərinin qoşulduqları Boloniya prosesinə uyğundur.
Almaniyada ali
təhsil müəssisələrinə qəbulun ümumi standartları müəyyən edilib. Belə ki,
universitetə daxil olarkən gimnaziyada və ya gimnaziya proqramı üzrə əsas və ya
real məktəbdə təhsilin nəticələrinə uyğun verilən sənəd (abitur diplomu) əsas
götürülür. Abitur diplomu ilə təsdiqlənmiş təhsil standartlarına uyğunluq,
adətən, universitetə imtahansız qəbul olmaq imkanı verir.
Almaniya ali
təhsilinin əsas prinsipi "akademik sərbəstlik" sistemidir. Bu sistem
hər bir tələbəyə öyrənmək istədiyi fənlərin siyahısını müəyyənləşdirmək
imkanı yaradır. Almaniyanın ali təhsili təlim prosesi ilə elmi tədqiqatların
birləşdirilməsini də nəzərdə tutur. Belə ki, universitetlərdə hər semestr
mühazirə (14-20 həftə) və qeyri-mühazirə dövrlərindən ibarətdir. Qeyri-mühazirə
dövründə tələbələr müstəqil elmi işlə məşğul olurlar.
Ali təhsilin ilk
pilləsi baza dövrüdür (grundstudium). Bu pillədə təhsil adətən dörd semestrdir
(iki tədris ili) və aralıq imtahanlarının (diplom - vorprüfung,
zwischenprüfung) verilməsi ilə başa çatır. Bu imtahanları uğurla verən
tələbələr ikinci pillədə (hauptstudium) təhsilini davam etdirmək hüququ
qazanırlar. Bu pillədə təhsil daha beş semestr davam edir və ixtisasın daha
dərindən öyrənilməsini nəzərdə tutur. O, adətən, buraxılış imtahanı ilə başa
çatır. Bir sıra ixtisasların (pedaqogika, tibb, hüquq) məzunları buraxılış
imtahanı qismində dövlət imtahanı (staatsexamen) verirlər.
Yuxarıda qeyd
etdiyimiz kimi, ikinci pillənin yekunlarına əsasən universitetlər daha çox
bakalavr (bachelor) dərəcəsi verirlər. Bunun üçün universitetdə 3-4 il ərzində
təhsil almaq zəruridir. Bundan sonra məzunlar, adətən, peşəkar fəaliyyətə
başlayırlar. Magistr (Master) dərəcəsi namizədin verdiyi magistr imtahanları
əsasında təqdim olunur. Təlim kursu iki əsas ixtisası və ya bir əsas və iki
əlavə ixtisası əhatə edir. Universitetlərin əksəriyyətində magistr dərəcəsi
yeni tətbiq olunmağa başlayıb. Yaxın gələcəkdə magistraturanı bitirənlərə
verilən sənədin, diplomu tamamilə əvəz edəcəyi nəzərdə tutulub.
Ali təhsilin
üçüncü pilləsi aspiranturadır (promotion). Doktorluq dərəcəsinin alınması
məqsədilə dissertasiya hazırlığı yalnız universitetlər tərəfindən həyata
keçirilir. Elmi tədqiqatın aparılması ilə əlaqədar dissertasiyanın hazırlanması
magistr dərəcəsi alandan sonra 2-4 il ərzində davam edir. Dissertasiyanın
yazılmasının və şifahi imtahanın uğurla verilməsinin nəticələrinə əsasən
doktorluq dərəcəsi verilir.
Almaniyada
təhsilin ödənişli olması haqqında uzun müddət davam edən müzakirələr
(Studiengebühren) nəticəsində təhsil qismən ödənişli olub. 2005-ci ildə Federal
Konstitusiya Məhkəməsinin qərarı ilə təhsilə görə ödənişə qoyulan qadağa aradan
götürülüb.
Son illərə qədər
Almaniyada ali təhsil yalnız dövlət tərəfindən maliyyələşdirilirdi. 2007-ci
ildən etibarən Baden-Vürtemberq, Bavariya, Hamburq, Aşağı Saksoniya və Şimali
Reyn-Vestfaliya torpaqları birinci semestrdən etibarən universitetlərdə
ödənişli təhsil tətbiq etməyə başlayıblar. Məbləğ əsasən bir semestr üçün 500
avro təşkil edir. Təhsilin maliyyələşdirilməsi məqsədilə bu torpaqlar dövlət zəmanəti
ilə kredit də təklif edirlər. Berlin, Branderburq, Meklenburq - Ön Pomeraniya
və Şlezviq - Qolşteyndə isə bütün ödənişlər inzibati (50-60 avro) və ya sosial
semestr ödənişləri (40 avrodan 180 avroyadək) ilə məhdudlaşdırılır. Burada
əlavə təhsil (Regelstudienzeit), yəni 5 ildən artıq alınan təhsil, eləcə də
könüllü dinləyicilər (məsələn, təhsil almaq istəyən təqaüdçülər) və ikinci
təhsil alanlar (əsasən iqtisadiyyat ixtisasları) üçün ödənişlər geniş yayılıb.
Bütün bu təhsil məbləğləri isə semestr üçün 800 avro təşkil edir.
Bundan əlavə,
dərsliklərə çəkilən xərclər bir semestr ərzində təqribən 200 avro və tibbi
sığorta haqqı isə bir semestr üçün 280 avro məğləğində (qiymətlər tədris ilinə
görə dəyişə bilər) müəyyən edilib.
Ölkənin özəl
təhsil müəssisələri uzun müddətdir təhsili ödənişli əsaslarla həyata
keçirirlər. Məsələn, ingilis dilində magistr proqramları il ərzində 4-15 min
avroya və daha artıq məbləğə başa gəlir.
Universitetlər
Qeyd etdiyimiz
kimi, hazırda Almaniyada təqribən 370 ali təhsil müəssisəsi, o cümlədən elmlər
namizədi hazırlayan 140 universitet və təxminən 200 ixtisaslaşdırılmış ali
təhsil ocağı fəaliyyət göstərir. Bundan əlavə, ölkədə 63 özəl universitet və
40-dan artıq dini təmayüllü ali məktəb var. Universitetlərin böyük əksəriyyəti
dövlətə məxsusdur və vətəndaşlığından, eləcə də milli mənsubiyyətindən asılı
olmayaraq bütün tələbələr üçün açıqdır.
Almaniya
universitetləri 12500-dən artıq müxtəlif ixtisas üzrə təhsil təklif edirlər.
Təkliflərin əksəriyyəti əcnəbi tələbələr üçün nəzərdə tutulub. Bundan başqa,
ötən illər ərzində çoxlu sayda strukturlaşdırılmış və əcnəbi tələbələr üçün
ideal şərtlərə malik aspirant proqramları yaradılıb.
Onu da qeyd edək
ki, Almaniyanın ən qədim universiteti 1386-cı ildə yaradılmış Karl Ruprext
adına Heydelberq Universitetidir. Tələbələrinin sayına görə ölkənin ən
böyük universiteti Lüdviq - Maksimilian adına Münhen Universitetidir ki,
burada 44400 tələbə təhsil alır. Ən güclü elmi-tədqiqat potensialına
malik universitet isə Axen şəhərində yerləşən Reyn-Vestfal Ali Texniki
Məktəbidir.
Almaniya
universitetləri ("vahid elmi tədqiqatlar və tədris" prinsipinə
əsasən) yalnız ali təhsil müəssisəsi deyil, həmçinin qabaqcıl elmi tədqiqatlar
mərkəzidir. Ölkə daxilində və xaricində alimlərlə elmi tədqiqat müəssisələri
arasındakı sıx əməkdaşlıq bunun üçün geniş imkanlar yaradır. Ali təhsil
məktəbləri dövlətdən, fondlardan və üçüncü şəxslərdən (elmi tədqiqatların
sifarişçilərindən) maliyyə vəsaitləri alırlar. Universitetlərin fakültə və
kafedraları əsasən aşağıdakı ixtisaslar üzrə ixtisaslaşıblar: tibb, təbiət və
texniki elmlər, incəsənət və humanitar elmlər, hüquqşünaslıq, ilahiyyat,
iqtisadiyyat, sosial elmlər, kənd təsərrüfatı və meşəçilik.
Klassik
universitetlər sırf elmə üstünlük verərək qədim dünya tarixindən iqtisadiyyata
qədər bütün növ ixtisaslar təklif etdiyi halda, texniki universitetlər daha çox
mühəndislik və təbiət elmlərinin öyrənilməsinə diqqət ayırırlar. Texniki
universitetlər alman mühəndislik sənətinin əsas mərkəzi kimi böyük nüfuza
malikdirlər. Bu universitetlərə daha çox əcnəbi tələbələr maraq
göstərirlər.
Ötən
əsrin 60-cı illərinin sonundan ölkədə ixtisaslaşdırılmış universitetlər (İU)
inkişaf etməyə başlayıb. Almaniyadakı bütün tələbələrin demək olar ki, üçdə
biri peşəkar akademiya adlanan və müəssisələrlə sıx əməkdaşlıq edən bu cür
universitetlərdə təhsil alırlar. Sənətə qısa zamanda yiyələnmək imkanı yaradan
ixtisaslaşdırılmış universitetlərdə təhsil müddəti 3 ildir. Ciddi şəkildə
təşkil edilmiş təlim kursları və aralıq imtahanlar təhsilin orta müddətini
qısaltmaq imkanı yaradır. Lakin bu, elmi fəaliyyətdən imtina edilməsi kimi başa
düşülməməlidir. Belə ki, ölkənin təqribən 200 ixtisaslaşdırılmış universitetində
elmi tədqiqatlar aparılır. Onlar əsasən sənayenin ehtiyaclarını ödəmək üçün
nəzərdə tutulduğundan tətbiqi xarakter daşıyırlar.
Almaniyanın 167
tətbiqi elmlər universiteti (Fachhochschulen) tələbələrə peşə təhsili təklif
edir. Bu universitetlərdə tədris kursunun müddəti qısadır və elmi-tədqiqat
universitetlərindən fərqli olaraq daha çox praktik yönümlüdür. Həmin
universitetlərdə aspirantura yoxdur.
Almaniyanın 57
ali incəsənət və musiqi təhsili müəssisəsi yaradıcılıq peşələri (rəssamlıq,
qrafika, dizayn, heykəltəraşlıq, bədii tərtibat, fotoqrafiya, kino, musiqi)
üzrə akademik təhsil təkilf edir. Bu universitetlərdəki təhsil peşəkar rəssam
və musiqiçilər, eləcə də bədii-estetika fənləri üzrə müəllim yetişdirməyə
yönəlib.
Son vaxtlar hər
bir konkret universitetdə təhsilin keyfiyyətinin obyektiv qiymətləndirilməsi
tendensiyası geniş yayılıb. "Die Zeit" qəzeti ilə Ali məktəbin
inkişaf mərkəzinin (CHE) birgə hazırladıqları reytinq buna misal ola bilər.
Ənənəvi olaraq bu reytinqdə ən yaxşı mövqeləri Baden-Vyurtemberq, Bavariya,
Meklenburq-Şərqi Pomeraniya, Turinqiya və Saksoniya torpaqlarının
universitetləri tuturlar.
Ötən əsrin 70-ci
illərindən etibarən dövlət və dini universitetlərlə yanaşı, dövlət tərəfindən
tanınmış bir sıra özəl universitetlər də fəaliyyətə başlayır. Hazırda
Almaniyada 130 özəl ali təhsil müəssisəsi (əsasən kiçik), o cümlədən 10 özəl
universitet fəaliyyət göstərir. Bunlara Oestrix-Vinkeldə yerləşən Avropa Biznes
Məktəbini, Vitten-Herdekke Özəl Universitetini, eləcə də 12 dini universiteti
misal çəkmək olar. Lakin bir çox digər ölkələrdən fərqli olaraq Almaniyada özəl
universitetlər böyük nüfuza malik deyillər. Tələbələrin 90 faizdən çoxu dövlət
universitetlərində təhsil alır. Buna səbəb dövlət universitetlərinin dövlətin
nəzarəti altında fəaliyyət göstərməsi və fəaliyyətlərinin dövlət tərəfindən
əlaqələndirilməsidir. Bundan başqa, dövlət universitetləri ali məktəbə daxil
olmaq hüququ verən kamillik attestatına (və ya orta təhsil haqqında
şəhadətnaməyə bərabər tutulan hər hansı bir sənədə) malik hər bir şəxs üçün
açıqdır.
Almaniyada 39
aspirant məktəbi fəaliyyət göstərir. Onlar "Əla keyfiyyət təşəbbüsü"
çərçivəsində dövlət tərəfindən dəstəklənirlər. Bu məktəblər 3-illik aspirant
proqramları təklif edirlər. Aspirant məktəbləri ilə yanaşı, ölkədə ali təhsilli
şəxslər üçün 226 təhsil müəssisəsi (GRK - Almaniya elmi-tədqiqat cəmiyyətinin
(DFG) dəstəklədiyi nisbətən dar tematik yönümlü) fəaliyyət göstərir. Bu
universitetlərdən 59-u digər ölkədə ali təhsil almış şəxslər (IGK) üçün nəzərdə
tutulub. IGK - müxtəlif ölkələrin bir və bir neçə universitetinin alman
universitetlərindən biri ilə əməkdaşlıq etməsi deməkdir.
Son zamanlar ölkə
üzrə universitetlərə daxil olmaq istəyənlərin sayının çoxluğu bir neçə ixtisas
üzrə ali təhsil ocağına qəbula say məhdudiyyəti (Numerus clausus) qoymaq
zərurəti yaradıb. 2005-ci ildən etibarən bəzi ixtisaslar üçün
"20-20-60" qaydası qüvvəyə minib. Qaydaya əsasən yerlərin 20 faizi ən
yüksək bal toplayan və öz istədikləri universiteti seçmək hüququ qazanan
abituriyentlərə verilir. Yerlərin qalan 20 faizi gözləmə müddətinə müvafiq
olaraq təqdim edilir. Universitetlərdəki yerlərin 60 faizi isə ali məktəblər
tərəfindən abituriyentin attestatdakı orta balına və universitetin meyarlarına
əsasən bölüşdürülə bilər.
Almaniya ali
təhsil almaq istəyən istənilən gənc üçün cəlbedici ölkədir. O, ABŞ və Böyük
Britaniyadan sonra əcnəbi tələbələrin ən çox axın etdiyi üçüncü dövlətdir. Bu
gün alman universitetlərində 240 min əcnəbi tələbə təhsil alır. Bu, 1995-ci
ilin göstəricisi ilə müqayisədə 70 faiz çoxdur. Onların hər dörd nəfərindən
biri Almaniyada müvafiq kamillik attestatı alıb. Əcnəbilər üçün
universitetlərdə əcnəbi tələbələrlə iş üzrə xüsusi şöbələr (Akademisches
Auslandsamt, AAA) yaradılıb. Bundan əlavə, təxminən 25 min əcnəbi alim Almaniya
universitetlərinin əməkdaşıdır.
Öz növbəsində, 85
min alman xarici ölkələrin universitetlərində təhsil alır. Almanlar Niderland,
Böyük Britaniya, Avstriya və İsveçrə ali məktəblərinə daha çox maraq
göstərirlər.
Dünyada təxminən
3 milyon tələbə xaricdə təhsil alır. Onların 12,2 faizi Almaniyanın payına
düşür. Ümumiyyətlə, bu gün Almaniya universitetlərində təxminən 2 milyon gənc
təhsil alır.
Almaniyada ali
təhsilini yarımçıq qoyanların sayı isə tələbələrin təxminən 23 faizini təşkil
edir. Bu, dünyada mövcud olan ən yaxşı göstəricilərdən biridir.
Elmi
tədqiqatlar
Almaniyada
qabaqcıl elmi tədqiqatlar, əsasən elmi tədqiqat institutlarında aparılır.
Onlara Helmholts adına Alman Elmi-Tədqiqat Mərkəzləri Cəmiyyəti, Fraunqofer
adına Cəmiyyət və ya Qotfrid Vilhelm Leybniç adına Elmi Cəmiyyət kimi
təşkilatlar daxildirlər. Məhz universitetdənkənar elmi tədqiqat müəssisələrində
aparıcı alimlər dünyada çox az institutların təklif edə biləcəyi optimal iş
şəraiti tapa bilirlər. Burada ən məhsuldar alman tədqiqatçıları çalışır,
maraqlı elmi nəşrlər işıq üzü görür. Bu xüsusilə Maks Plank adına Cəmiyyətin 77
institutuna aiddir. Cəmiyyət 1948-ci il fevralın 26-da yaradılmışdır. Marsda su
axtarışı, insan genomu layihəsi, insan davranışlarının öyrənilməsi kimi
məsələlərin araşdırılmasında Maks Plank adına Cəmiyyətin institutları yaxından
iştirak edirlər. Yarandığı 1948-ci ildən bu günə qədər cəmiyyətin əməkdaşları
17 Nobel mükafatına və çoxlu sayda digər nüfuzlu beynəlxalq mükafatlara layiq
görülüblər.
2007-ci ildə
kimya üzrə Nobel mükafatına Maks Plank adına Cəmiyyətin institutlarından
birinin direktoru Gerhard Ertl layiq görülüb.
Maks Plank adına
Cəmiyyətin cəlbediciliyi onun elmi tədqiqatlara yanaşması ilə əlaqədardır. Onun
tərkibinə daxil olan institutlar bütün mövzuları özləri müəyyən edirlər. İş
üçün optimal şərait yaratmaqda və əməkdaş seçimində də bu institutlar
sərbəstdirlər. Cəmiyyətin institutlarından birinə rəhbərlik etmək alimlər üçün
karyeranın ən uca zirvəsi hesab olunur.
Helmholts adına
Cəmiyyətin 16 elmi tədqiqat mərkəzi var. Bunların arasında Ağır İonların
Öyrənilməsi Cəmiyyəti (GSII) Alman Onkologiya Mərkəzi (DKFZ), Hamburqdakı Alman
Elektron Sinxrotron (DESY) və ya Bremerhafendəki Alfred Vegener adına Qütb və
Dəniz Tədqiqatı institutlarının adlarını çəkmək olar. Bu cəmiyyət Almaniyanın
ən iri elmi təşkilatıdır. İllik büdcəsi təxminən 2,8 milyard avro olan
cəmiyyətdə 28 min əməkdaş çalışır. Cəmiyyətin institutları energetika, torpaq
haqqında elmlər, ekologiya, səhiyyə, əsas texnologiyalar, maddənin strukturu,
eləcə də nəqliyyat və kosmos sahələri ilə məşğuldurlar. Hər il minlərlə əcnəbi
alim fiziki və tibbi sınaqlar aparmaq, dünyada ən nadir qurğulardan istifadə
etmək məqsədilə Helmholts adına Cəmiyyətin institutlarına gəlirlər.
Fraunqofer adına
Cəmiyyətin institutları isə sənaye ilə sıx əməkdaşlığa üstünlük verirlər.
Cəmiyyətin 80-dən çox elmi tədqiqat müəssisəsi tətbiqi tədqiqatlarla, əsasən də
mühəndislik elmləri ilə məşğuldur. Cəmiyyətin mütəxəssisləri sifarişləri əsasən
kiçik və orta müəssisələrdən aldıqları üçün laboratoriyalarla yanaşı, zavod
sexlərində də çalışırlar. Cəmiyyətdəki elmi tədqiqat işlərinin illik həcminin
dəyəri 1,5 milyard avro təşkil edir. Fraunqofer adına Cəmiyyətin Avropa
ölkələrində, ABŞ, Asiya və Yaxın Şərqdə filialları var.
Leybniç adına
Elmi Cəmiyyətin 86 institutu yalnız həyat və təbiət elmləri sahəsində deyil,
həmçinin humanitar, ictimai və iqtisadi elmlər sahəsində də ixtisaslaşıb.
Cəmiyyətin institutlarında 14 min nəfər çalışır. İllik büdcəsi bir milyard
avrodan çoxdur.
Elmi tədqiqatlar
innovasiyalar üçün mühüm açardır. İnnovasiyalar isə iqtisadi artımın
təkanverici gücüdür. Bunu nəzərə alan federal hökumət məqsədyönlü yardım ilə
elmi və elmi tədqiqatları daha irəli aparmaq istəyir. Bu məqsədlə 2010-2013-cü
illər ərzində təhsil və elmi tədqiqatlar sahəsinə xərclərin ümumilikdə, 12
milyard avro artırılması əsas məqsəd kimi qarşıya qoyulub. Bu istiqamətdə əsas
hədəf 2015-ci ildən gec olmayaraq ümumi daxili məhsulun 10 faizinin bu sahəyə
yönəldilməsinə nail olmaqdır.
Beynəlxalq
elmi əməkdaşlıq
Almaniyada elmin
beynəlmiləlləşdirilməsi sahəsində əldə edilmiş uğur universitetlərin,
elmi-tədqiqat müəssisələrinin və siyasətçilərin birgə səylərinin məhsuludur.
Dəstək məqsədyönlü layihələrin, təqaüdlərin və həvəsləndirici mükafatların
yardımı ilə beynəlxalq tələbə, aspirant və alim mübadiləsinə göstərilir. Bu
tədbirlər təhsildə nailiyyətlərin artırılması və əcnəbi tələbələrin sosial
inteqrasiyası üzrə proqramlarla daha da möhkəmləndirilir. Almaniya
universitetləri böyük uğurla dünyanın hər yerindən tələbə və gənc alimləri cəlb
edirlər. Bu işdə xaricdəki alman məktəbi sistemi və alman universitetlərinin
xarici ölkələrin ali məktəbləri ilə əməkdaşlığı mühüm rol oynayır. Bu qəbildən
olan təşəbbüslərin reallaşmasında dünya üzrə tələbə və alim mübadiləsinə dəstək
olan Alman Akademik Mübadilə Xidmətinin (DAAD) fəaliyyəti də danılmazdır.
DAAD-ın 100-dən çox ölkədə nümayəndəliyi və ya Keçmiş Təqaüdçülər Cəmiyyəti
fəaliyyət göstərir. Bu qurum həmçinin alman universitetlərində yüzlərlə xarici
dil (əsasən ingilis) kurslarının açılmasında iştirak edir.
Aleksandr Humbolt
adına Fond da beynəlxalq elmi əməkdaşlığa yardım göstərən əsas təşkilatlardan
biridir. 2009-cu ildən başlanılan "xarici elmi siyasət sahəsində
təşəbbüs" sayəsində federal xarici işlər nazirliyi elmi mübadilə üzrə
mövcud vasitələri möhkəmləndirir və yeni tədbirlər hesabına onları
genişləndirir. Xaricdə yaradılmış Almaniya Elm və İnnovasiya Evləri isə alman
elminin inkişafına daha əlverişli şərait yaradır.
Almaniya
universitetlərinin dəstəyi ilə xaricdə tərəfdaş müəssisələrlə birgə nümunəvi
elmi tədqiqatlar və təlim mərkəzləri yaradılır. Bundan əlavə, əcnəbi tələbələrə
təqaüdlərin verilməsi üzrə təkliflər artır və dünyada alman dilinin öyrənilməsi
üçün yaxşı şərait yaradılır.
Almaniyanın
Nobel mükafatı laureatları
Almaniyanın 80
Nobel mükafatı laureatından 68-i bu mükafatı təbiət elmləri və tibb sahəsindəki
xidmətlərinə görə alıb. Fizika sahəsində ilk Nobel mükafatına Konrad Rentgen
"şüalanmanın yeni növünə görə" layiq görülüb. Növbəti laureatlar
Robert Kox, Maks Plank, Albert Eynşteyn və Verner Heyzenberq olublar. Bu ən
yüksək elmi mükafatı alan sonuncu alman alimləri isə Kristiane Nüssleyn -
Volhard, Harald zur Hausen (tibb sahəsi üzrə), Horst Ştörmer, Herbert
Kremer, Volfqanq Ketterle, Teodor Henş, Peter Grünberq (fizika sahəsi üzrə) və
Gerhard Ertldir (kimya sahəsi üzrə).
Təqaüd
proqramları
Almaniyada təqaüd
proqramları alman və ingilis dillərini yaxşı bilən istedadlı tələbələrə,
aspirantlara və müəllimlərə təqdim olunur. Təqaüdlər əsasən Alman Akademik
Mübadilə Xidməti (DAAD), həmçinin siyasi partiyalar, kilsə, iri şirkətlər və
ayrı-ayrı torpaqlar tərəfindən maliyyələşən müxtəlif ictimai fondların xətti
ilə verilir.
DAAD Almaniyanın
230 universitetini və 126 tələbə təşkilatını birləşdirir. Bu qurum Almaniyanın
xarici mədəniyyət, ali təhsil və elm üzrə siyasətinin təşkilində bir
vasitəçidir. Xidmətin xarici dövlətlərdə 14 nümayəndəliyi və dünya üzrə 48
məlumat mərkəzi fəaliyyət göstərir. DAAD ildə 55 mindən çox təqaüd ayırır.
DAAD-la
Azərbaycan Republikası Təhsil Nazirliyi arasında imzalanmış Azərbaycan
tələbələrinin Almaniyada təhsili üzrə təqaüd proqramı ilə bağlı sazişə əsasən
son illər azərbaycanlı tələbə, magistr və doktorantların (aspirantların)
Almaniyada təhsil alması üçün geniş imkanlar yaranıb. Bu proqram çərçivəsində
namizədin akademik səviyyəsindən asılı olaraq onlar alman universitetlərindən
bakalavr, magistr və ya PhD dərəcəsi alırlar. Proqramda muhəndislik, tibb və
səhiyyə, təbiət elmləri, sosial və humanitar elmlər, biznes və iqtisadiyyat,
kompüter və informasiya elmləri, hüquq, incəsənət və musiqi, kənd təsərrüfatı,
ekologiya və turizm sahələrinin tələbələri iştirak edə bilərlər.
ERP-nin (Avropa
Bərpa Proqramı) illik təqaüdləri isə iqtisadiyyatçı tələbələr üçün nəzərdə
tutulub. Bu təqaüdlərin sayəsində iqtisadiyyat və müəssisə idarəçiliyi sahələri
üzrə üçüncü kurs tələbələri iki semestr (10 ay) ərzində Almaniyanın dövlət universitetlərində
təhsil almaq imkanı əldə edirlər. Almaniyada müəssisələrin birində təcrübənin
keçirilməsi proqramın mühüm hissəsini təşkil edir. Daxilolma şərtlərinə əsasən
şəxsin yaş həddi 32-dən yuxarı olmamalı və o, alman dilini yaxşı bilməlidir.
Almaniyanın
müxtəlif siyasi partiyalarına yaxın fondların təqaüd proqramları da
yetərincədir. Əsasən, Adenauer adına Fond (Konrad-Adenauer-Stiftung)
magistratura təhsili və Almaniyada elmi tədqiqatların aparılması istiqamətində
təqaüdlər ayırır.
1860-cı ildə təsis
olunmuş Aleksandr Humbolt adına fond əcnəbi və yerli alimlər arasında elmi
əməkdaşlığın yaradılmasına yardım edir. O, hər il 1900-dən çox əcnəbi alimin
elmi məqsədlərlə Almaniyaya gəlməsinə şərait yaradır və 23 minlik keçmiş
təqaüdçülərin dünya şəbəkəsini dəstəkləyir. Onların arasında 130 ölkədən 43
Nobel mükafatı laureatı da var.
Daha bir nüfuzlu
yardım proqramını Beynəlxalq Maks Plank Tədqiqat Məktəbləri (International Max
Planck Research Schools - IMPRS) təqdim edirlər. Onlar savadlı alman və əcnəbi
tələbələr üçün nəzərdə tutulub. IMPRS strukturlaşdırılmış təhsil və tədqiqatlar
üçün gözəl şərait yaradır. IMPRS çərçivəsində elmi tədqiqatlarla təxminən 2100
aspirant məşğul olur. Onların əksəriyyətini xarici ölkələrdən gələnlər təşkil
edir. Bu proqramın təqaüdçüləri namizədlik dissertasiyasını Almaniya
universitetlərindən birində və ya öz ölkəsindəki universitetdə müdafiə edə
bilərlər.
İstənilən
təqaüdün alınması üçün adətən standart sənədlər paketi tələb olunur. Buraya
müraciət anketi, qısa tərcümeyi-hal, diplomun, orta təhsil haqqında attestatın
surəti, iki və daha artıq xasiyyətnamə və dil kurslarından alman dilinin
öyrənilməsi barədə arayış daxildir. Bəzi hallarda sağlamlıq haqqında arayış,
aspirantlar üçün elmi nəşrlərin siyahısı, alman professorun elmi rəhbər
olmasına namizədin razılığı, Almaniyada təhsilin zəruriliyinin ətraflı əks
olunduğu əlavə məktub (Beratung) və konkret təlim proqramının seçilməsi də
tələb edilə bilər.
Azərbaycanlı
tələbələrin Almaniyada təhsili
Sevindirici
haldır ki, universitetlərinə dünyanın bütün ölkələrdən böyük axın olan
Almaniya ali məktəblərində təhsil alan azərbaycanlıların sayı son illər
durmadan artmaqdadır. Azərbaycanla Almaniya arasında inkişaf edən təhsil
əlaqələrinin nəticəsidir ki, 1998-2010-cu illərdə Alman Akademik Mübadilə
Xidmətinin xətti ilə 800-dən çox həmvətənimiz bu ölkənin ali məktəblərinə
göndərilib. Onu da qeyd edək ki, "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
isə 120-yə yaxın azərbaycanlı Almaniyanın ən nüfuzlu universitetlərində təhsil
almaq imkanı qazanıb. Artıq onların bir çoxu ali təhsillərini başa vuraraq
yüksək ixtisaslı mütəxəssis kimi Azərbaycanda çalışmaqda, ölkə həyatının
ayrı-ayrı sahələrinin inkişafına layiqli töhfələr verməkdədir.
Fransanın
təhsil sistemi
Fransada təhsil
pulsuzdur. Ölkənin müasir təhsil sisteminin əsası 1880-1890-cı illərdə qoyulub
və 6 yaşından 16 yaşınadək uşaqlar üçün icbari xarakter daşıyır. Dövlət, eləcə
də özəl təhsil müəssisələri mövcud olan Fransada məktəblilərin təxminən 20
faizi özəl orta təhsil müəssisələrində oxuyur.
Həm dövlət, həm
də özəl təhsil müəssisələri üçün bütün məktəb proqramlarını dövlət təsdiq edir.
Həmçinin müsabiqə və imtahanların keçirilməsi də dövlət tərəfindən təmin
olunur. Bakalavriat dərəcəsi səviyyəsinədək diplomların verilməsi hüququ yalnız
dövlətə məxsusdur.
1959-cu ildən
bəri özəl təhsilə dövlət tərəfindən yardım edilir. Ölkədə hər 9 özəl məktəbdən
8-i bu yardımdan yararlanır. Özəl sektorda çalışan müəllimlərin əməkhaqqı və
təhsil xərclərini də dövlət ödəyir.
Fransanın təhsil
sistemi aşağıdakı struktura malikdir:
*
məktəbəqədər təhsil (6 yaşınadək);
* ibtidai təhsil
(6-11 yaş);
* orta təhsil
(11-18 yaş) (orta təhsilin sonunda bakalavriat diplomu verilir. Bu diplom
imtahansız universitetə qəbul olmaq hüququ verir);
* ali təhsil.
Müxtəlif
pillələrdə təhsilin təşkili və məzmunu, 30 ildən artıqdır ki, həyata
keçirilən islahatlarla müşayiət olunur. Aparılan islahatlar təhsilin demokratikləşdirilməsini
və onun inkişaf etməkdə olan cəmiyyətin ehtiyaclarına yönəldilməsini təmin
edir. Fransada son illərin əsas təhsil islahatları aşağıdakılardan
ibarətdir:
* 3 yaşından 5
yaşınadək uşaqlar üçün məktəbəqədər uşaq müəssisələri şəbəkəsinin inkişafı;
* ibtidai
məktəblərdən kolleclərə keçid imtahanlarının ləğv edilməsi, təhsildən geri
qalan şagirdlər üçün adaptasiya siniflərinin yaradılması;
*
xüsusiləşdirilmiş və ibtidai məktəbdən kollecə qədər qruplara bölünmə olmadan
təhsilin ümumi sütununun təşkili;
* təhsilin
ödənişsiz olması (şagirdlərin təhsil müddəti ərzində lazımi vəsaitlərlə təmin
olunması, məktəbə gediş haqlarının ödənilməsi);
* yeni fənlərin
tədris proqramına daxil edilməsi: (informatika, vətəndaş cəmiyyətinin əsasları
və digər).
Məktəbəqədər
təhsil
Məktəbəqədər uşaq
müəssisələri - "ana məktəbləri" 3 yaşından (boş yer olduqda 2
yaşından) 6 yaşınadək uşaqları qəbul edir. Fransada məktəbəqədər təhsil icbari
olmasa da, faktiki olaraq 3-6 yaşında olan bütün uşaqlar (99,5 faiz) uşaq müəssisələrinə
gedirlər.
"Ana
məktəbləri"ni çox vaxt fransız təhsil sisteminin ən böyük uğuru hesab
edirlər. Məktəbəqədər təhsil müəssisələrində siniflər, tədris prosesi yaxşı
təşkil edilib, uşaqların hərtərəfli inkişafı üçün lazım olan bütün amillər
nəzərə alınıb. Uşaqlar müvafiq tədris materialları əsasında öyrədilir, bir çox
faydalı bilikləri mənimsəyir və ünsiyyət vərdişlərinə yiyələnirlər.
Bu məktəblərdə
uşaqlar üç yaş qrupuna bölünür. Birincisi, 3 yaşından (bəzən 2 yaşından) 4
yaşınadək uşaqların oynadıqları və danışmaq vərdişlərinə yiyələndikləri
qrupdur. İkincisi, 4 yaşından 5 yaşınadək uşaqların yapma, rəsm və digər
praktik vərdişlər, eləcə də şifahi ünsiyyət vərdişlərinə yiyələndikləri
qrupdur. Üçüncü böyük qrup isə 5 yaşından 6 yaşınadək uşaqları əhatə edir.
Burada uşaqlar oxu, yazı və hesablama vərdişlərinə yiyələnirlər.
Orta təhsil
Fransada qəbul
edilmiş orta təhsil sistemi özlüyündə üç qrupa bölünür:
* ibtidai məktəb
(5 illik təhsil);
* kollec (4 il);
* lisey (3 il).
Adətən bu təhsil
müəssisələri bir-birindən ayrı yerləşirlər. İbtidai məktəb və kollec
məcburi xarakter daşıyır.
İbtidai məktəb 6
yaşdan 11 yaşadək (əgər uşağın təhsillə bağlı problemi yoxdursa) davam edir və
aşağıdakı pillələrə bölünür:
* hazırlıq kursu
(CP);
* ibtidai kurs
1-ci il (CE1);
* ibtidai kurs
2-ci il (CE2);
* orta kurs 1-ci
il (CM1);
* orta kurs 2-ci
il (CM2).
İbtidai məktəbdə
dərslər (saat 9-dan 12-dək və saat 14-dən 17-dək) həftədə dörd gün (27 saat)
davam edir. Çərşənbə günü, şənbə günü nahardan sonra və bazar günü
uşaqlar istirahət edirlər. Bu günlər ərzində uşaqlar maraqlarına uyğun olaraq
müxtəlif idman və bədii dərnəklərdə məşğul ola bilərlər.
Fransada ibtidai
məktəbdə oxuyan şagirdlərə evə tapşırıq verilmir. İbtidai təhsil dövründə
sinifdə bütün fənləri bir müəllim tədris edir.
İbtidai təhsil
almış bütün şagirdlər kolleclərdə oxuya bilərlər. Kollecdə təhsil, hər biri 2
il olmaqla iki dövrə bölünür:
* müşahidə dövrü;
*
istiqamətləndirici dövr.
Müşahidə dövrünə
VI və V siniflər daxildir. (Fransada siniflərin sıralanması əks istiqamətdə
aparılır-VI, V, IV, III). Bu dövrdə tədris prosesi orta təhsilin baza
elementlərini təqdim etməklə, ibtidai təhsili tamamlayır. Bütün uşaqlar kollecə
daxil olur, bərabər tədris proqramı üzrə dərs keçir və mütləq şəkildə müəyyən olunmuş
xarici dillərdən birini öyrənirlər.
İstiqamətləndirici
dövrə ümumi təhsilin IV və III sinifləri, eləcə də texniki təmayüllü
kolleclərin IV və III sinifləri daxildir. Bu mərhələdə uşaqlar ikinci xarici
dili öyrənməyə başlayır və əlavə olaraq latın, yunan və ya digər dilləri seçə
bilirlər. III sinfin sonunda şagirdlər imtahan verir və kolleci bitirmələri
haqda şəhadətnamə alırlar.
Bir sıra
kolleclərdə xüsusi dərs rejimi mövcuddur. Kollecdə təhsil aldıqları müddət
ərzində idman və ya incəsənətin bir növü ilə intensiv şəkildə məşğul olmaq
istəyən şagirdlər üçün uyğunlaşdırılmış dərs cədvəli üzrə siniflər təşkil
edilir (təmayüllü kolleclər kimi). Xarici dilin dərindən öyrənildiyi, bir neçə
fənnin xarici dildə tədris edildiyi beynəlxalq kolleclər və ya Avropa
kollecləri də fəaliyyət göstərir.
Kollecin III
sinfindən sonra şagirdlər təhsillərini ya peşə (2 illik), ya da ümumtəhsil
liseylərində (3 illik) davam etdirə bilərlər.
Ümumtəhsil liseyi
3 il ərzində bakalavriat diplomu almaq üçün buraxılış imtahanına hazırlayır.
Liseydəki siniflər "ikinci», "birinci" sinif və
"Terminal" adlanır. Birinci sinif bakalavriat dərəcəsinin müxtəlif
növlərinə aparan çoxlu sayda istiqamətlərə - filyerlərə malikdir. Birinci
sinifdən sonra şagirdlər fransız dilindən verdikləri sınaq imtahanında əldə
etdikləri qiymətlər bakalavriat dərəcəsi imtahanında nəzərə alınır.
"Terminal", yaxud liseyin sonuncu sinfi bakalavriat imtahanının
verilməsi ilə başa çatır.
Fransızların
qısaca "Bak" adlandırdıqları orta təhsil haqqında bu diplom böyük
əhəmiyyətə malikdir (Azərbaycanda verilən ali təhsilin bakalavr diplomundan
fərqlənir). Bu diplom məzunlara imtahansız universitetə qəbul olmaq imkanı
verir.
Peşə
təhsili
Qeyd etdiyimiz
kimi, kolleci bitirdikdən sonra şagirdlər təhsillərini 2 illik peşə
liseylərində də davam etdirə bilərlər.
"LEP"
Peşə liseyləri (Azərbaycandakı texniki peşə məktəblərinə oxşar tədris ocaqları)
2 il ərzində şagirdləri peşəkar diploma hazırlayır.
Müəyyən peşəyə
yiyələnmiş şagirdlərə "CAP" - peşəkar hazırlıq şəhadətnaməsi verilir.
Mehmanxana təsərrüfatı, nəqliyyat və digər bu kimi sahələr üzrə ixtisaslara
yiyələnmiş şagirdlər isə "BEP" - ümumi peşə təhsili şəhadətnaməsi
alırlar.
Ali təhsil
Fransanın ali
təhsil sistemi olduqca çevik və rəngarəngdir. Təhsil müəssisələri bir-birindən
əhəmiyyətli dərəcədə fərqlənirlər. Dövlət tərəfindən qəbul edilmiş müvafiq
sənədlərə baxmayaraq, hər bir universitetin və ali məktəbin bir çox özünəməxsus
xüsusiyyəti var.
Fransada təxminən
85 dövlət universiteti və ya Universitet Mərkəzi (buraya universitetlərlə
yanaşı, institutlar-birprofil üzrə ali təhsil verən təhsil müəssisələri də
daxildir), çoxsaylı ali məktəblər (çoxfənli peşə hazırlığı üçün), elmi-tədqiqat
laboratoriyaları və tədqiqat mərkəzləri mövcuddur.
Dövlət
universitetləri nüfuzuna görə daha yüksək qiymətləndirilir və hər hansı özəl
ali təhsil ocaqları ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Birincisi,
universitetin tədris planları milli təhsil nazirliyi tərəfindən tənzimlənir və
standartlaşdırılır. İkincisi, dövlət universitetlərində dərs deməyə yalnız
dissertasiya müdafiə etmiş və çoxmərhələli müsabiqəni keçmiş müəllimlər
buraxılır. Təhsili başa çatdırdıqdan sonra universitetlər dövlət diplomları, ya
da özlərinin daxili diplomlarını verirlər.
Universitetlərin
nəzdində müxtəlif növ institutlar fəaliyyət göstərir. Bu sıraya müxtəlif
profilli orta texniki personal hazırlayan və təxminən bizim texnikumlara uyğun
gələn qısamüddətli Universitet Texnoloji İnstitutları (IUT), müəyyən dar
çərçivəli ixtisas üzrə magistratura səviyyəsində mütəxəssislər hazırlayan
Universitet Peşəkar İnstitutları (IUP) daxildir. Fransada orta və ali təhsil
arasında kəskin hədd mövcud deyil.
Belə ki, orta
texniki təhsil ali təhsil üçün pillə rolunu oynayır.
Hazırda Fransada
"Üçüncü Minilliyin Universiteti" (U3M) adlanan yeni ali təhsilin
inkişafı planı tətbiq edilir. Sözügedən plan ali təhsil üçün prioritetləri
müəyyən edir və inkişafın əsas istiqamətlərini göstərir. Bu istiqamətdə qarşıya
qoyulmuş əsas hədəflər:
* ali təhsil
müəssisələri arasında əməkdaşlığın şəbəkə sistemində təşkili;
* ali təhsil
müəssisələrinin əməkdaşlığa açıqlığının və beynəlxalq mobilliyin dəstəklənməsi;
* yeni
informasiya və kommunikasiya texnologiyalarının inkişafı;
* elmi
tədqiqatların səmərəliliyinin artırılması.
Universitetlər
Fransada
universitetlər fakültələrə, Tədris-tədqiqat şöbələrinə (UFR) və filyerlərə,
yəni ixtisas istiqamətlərinə bölünür. Avropanın hər yerində olduğu kimi,
hazırda Fransada da vahid üçsəviyyəli universitet proqramında lisans, master,
doktorluq (LMD) tətbiq edilir. Lisans Azərbaycandakı bakalavr dərəcəsinə
uyğundur və 3 illik təhsilin yekununda verilir.
Təhsilin ilk
üçillik pilləsi lisans (Licence - L1, L2, L3) diplomunun alınması ilə başa
çatır. Lisansın müxtəlif növləri mövcuddur : mono və ya plüri fənlər üzrə,
ümumi, tətbiqi və peşəkar - L3 Pros (professional və ya peşəkar lisans). Lisans
pilləsi 180 kreditlə (hər biri 30 kredit olmaqla 6 semestr) qiymətləndirilir.
Kreditlər tələbənin biliyinin Avropa qiymətini təmin edir. Bütün Avropa
ölkələrinin universitet diplomları kimi, Fransa universitetlərinin diplomları
da UE-dən (Unites dTEnseignement), yəni Avropa kreditləri sistemində hər
birinin öz dəyəri olan fənlər blokundan ibarətdir.
Lisansın müxtəlif
istiqamətləri mövcuddur:
* iqtisadi və
sosial idarəetmə;
* hüquq və siyasi
elmlər;
* bədii və
mədəniyyət sektoru;
* filologiya və
dillər;
* humanitar və
sosial elmlər;
* təbii və dəqiq
elmlər və texnologiyalar;
* idman və fiziki
fəaliyyət texnikası;
* mühəndislik
texnologiyaları;
* ilahiyyat.
Lisans diplomları
arasında professional və ya peşəkar diplomunu (Licence Pros) xüsusi qeyd etmək
lazımdır. Birillik lisans peşəkar təhsili alan tələbələr həm nəzəri, həm
praktiki məşğələlər, eləcə də müəssisədə 12 həftədən 16 həftəyədək davam edən
iş təcrübəsini keçir. Bu peşəkar diplom bank sektoru, mühəndis-tikinti, sənaye,
elektronika, turizm və mehmanxana işindən tutmuş kənd təsərrüfatı sektoruna
qədər 1000-dən çox müxtəlif ixtisası təklif edir. Adətən məhdud yerlər verilən
Lisans Pros diplomuna müsabiqə böyük olur.
Lisans Pros
diplomu hazırlığında əcnəbi tələbələr üçün də yerlər nəzərdə tutulur. Yəni,
fransız dilini mükəmməl bilən və müxtəlif ali təhsil ocaqlarında təhsil alan,
yaxud da ali məktəbi bitirmiş əcnəbi tələbələr öz sənədlərini birbaşa Lisans
Prosun 3-cü kursuna təqdim edə bilərlər. Licence diplomunu aldıqdan sonra arzu
etdikləri təqdirdə əcnəbilər Master səviyyəsində də təhsillərini davam etdirə
bilər.
Onu da qeyd edək
ki, sığorta, maliyyə, bank işi, metal və taxta konstruksiyaların inşası,
mexanika, elektrik enerjisi, elektronika sektoru, mülki tikinti, avtomobillərin
təmiri istiqamətlərində Lisans Pros diplomu almaq istəyənlər daha çoxdur.
İkiillik master
dövründə məzuna iki müstəqil diplom verilir: Master 1 (M1) və Master 2 (M2).
Burada da seçim etmək imkanı vardır. Elmlə məşğul olmaq istəyənlər elmi
tədqiqatlar üzrə master diplomu (Master Recherche), istehsalatda çalışmaq
arzusunda olanlar isə peşəkar master diplomu (Master Professional)
alırlar. Master səviyyəsi 120 kreditlə (hər biri 30 kredit
olmaqla 4 semestr) qiymətləndirilir. Ümumilikdə, beşillik "Licence"
və "Master" pillələri 300 kreditlə qiymətləndirilir.
Sonuncu üçillik
pillə- doctorat doktorluq dissertasiyasının müdafiəsi ilə başa çatır. Doctorat
pilləsində təhsil alan namizədlər əvvəlki təhsil sənədləri və gələcək elmi işin
mövzusu təklif olunan məktub əsasında müsahibə yolu ilə seçilir.
Bu pillə seçilmiş
ixtisasın dərindən öyrənilməsini təklif edir. Mövzusunu proqrama daxil etməzdən
əvvəl namizədlərdən müstəqil elmi iş aparılması tələb olunur. Bu mərhələni
uğurla bitirənlərə doctorat diplomu verilir.
Əcnəbi tələbələr
də təhsil səviyyələrindən asılı olaraq birbaşa Licence 3 və ya Licence 2,
Licence 1, Master 1, Master 2 üçün sənədlərini təqdim edə bilərlər. Fransanın
dövlət universitetləri müvafiq komissiyalar vasitəsilə ali təhsilin bu
pillələrində oxumaq istəyənlərin sənədlərinə baxaraq müstəqil qərar verirlər.
Bu baxımdan vahid meyar mövcud deyil.
Fransa ali
təhsilində ən çətin mərhələ birinci iki il-L1 və L2 hesab olunur. Belə ki, ilk
iki ildə əsasən nəzəri fənlərə üstünlük verilir. Bu zaman fənn biliklərini
qiymətləndirməklə yanaşı, həm də dilə, universitet metodologiyasına yiyələnməyi
tələb edən yazılı və şifahi imtahanlar keçirilir.
Əcnəbi
tələbələrin Fransa universitetlərinə qəbulu üç əsas prinsipə əsaslanır:
* əcnəbi və
fransız tələbələrin hüquqlarının bərabərliyi;
* əcnəbi
abituriyentlər arasında bərabərlik;
* tələbələrin
qəbulu üzrə son sözü demək hüququnu özündə saxlayan universitetlərin və ali
məktəblərin tələblərinə riayət edilməsi.
Fransada bir sıra
universitetlər müxtəlif səviyyələrdə ingilis dilində də təhsil proqramları
təklif edirlər.
Fransada tibb
ixtisasları üzrə ali təhsil almaq özünəməxsus fərqləri ilə seçilir. Digər
ixtisaslara nisbətən tibb ixtisasları üzrə təhsil daha uzun müddət davam edir.
6 ildən 8 ilədək çəkən tibb təhsilində tələbələr qarşısında daha mürəkkəb
tələblər qoyulur. Məsələn, olduqca ciddi seçim imtahanından keçməyən tələbələr
ikinci kursda təhsil ala bilmir, müəyyən qədər yaxşı qiymət toplamayanlar
müsabiqədən keçmir və ya imtahandan kəsilənlərə yalnız bir dəfə birinci
kursda təkrar təhsil almaq imkanı verilir.
Həkim-terapevt
diplomunu tələbələr 8 illik (bunun bir ili təcrübəyə sərf olunur), stomatoloq
və əczaçı diplomunu isə 6 illik təhsildən sonra alırlar. Tibbin hər hansı
sahəsi üzrə ixtisaslaşmaq üçün ordinaturaya daha 4-5 il sərf etmək lazımdır.
İctimai
səhiyyənin Dövlət Məktəbində əcnəbilər üçün də açıq olan müxtəlif təhsil
proqramları mövcuddur.
İxtisaslaşmış
ali məktəblər
Fransada universitetlərlə
yanaşı, müxtəlif profilli ali məktəblər də (Grandes Ecoles) mövcuddur. Bu
məktəblərə xüsusiləşdirilmiş hazırlıq kursları (ikiillik təhsil) keçdikdən
sonra, yaxud olduqca çətin müsabiqələr nəticəsində qəbul olmaq mümkündür. Bu
ali məktəblər özünəməxsusluğu ilə fərqlənir və yüksək səviyyəli idarəetmə
kadrlarının hazırlanmasında onlar əhəmiyyətli rola malikdirlər.
Bu təhsil
ocaqlarında yüksək səviyyəli mütəxəssislər tərəfindən tədris proqramları
hazırlanır və dərs keçilir. Burada təhsil alan fransız tələbələr imtahanlara
buraxılmazdan əvvəl müəyyən illər ərzində dövlət qulluğunda və dövlət
müəssisələrində çalışacaqlarına razılıq haqda iltizam imzalamalıdırlar. Ali
məktəbdə təhsil aldıqları dövrdə tələbələr əməkhaqqı alır və əməkdaş-təcrübəçi
kimi çalışırlar. Əcnəbi tələbələr də Fransada işləmək və əməkhaqqı almaq hüququ
olmadan, könüllü dinləyicilər qismində müsabiqədən keçməklə bu məktəblərə qəbul
ola bilərlər. Təbii ki, söhbət ixtisasları ali məktəblərin profilinə uyğun
gələn yüksək hazırlıqlı əcnəbi tələbələrdən gedir.
Fransanın nüfuzlu
ali məktəbləri arasında ENA-Dövlət İdarəetmə Məktəbi, HEC-Ali Kommersiya
Məktəbi (özəl), Ecole Normale Superieure-Ali Pedaqoji Məktəb (müxtəlif profilli
ən yüksək səviyyəli pedaqoji və elmi kadrlar yetişdirir), Ecole
Polytechnique-Ali Politexnik Məktəb (dövlət qulluğunda texniki vəzifələr tutmaq
üçün yüksək səviyyəli hərbi kadrlar və mühəndislər hazırlayır) və ENM-Ali
Magistrlər Məktəbi (dövlət qulluğunda çalışmaq üçün hüquq və ədliyyə sahəsi
üzrə yüksək səviyyəli kadrlar yetişdirir) daha məşhurdur. Ölkə üzrə təxminən
200 Ali xüsusiləşdirilmiş Mühəndislik Məktəbi mühəndis diplomu vermək hüququna
malikdir. Adətən bu məktəblərdə təhsil müddəti 5 il davam edir və
əksəriyyəti polivalent ümumi mühəndislik diplomunun (Licence+Master)
alınması ilə başa çatır. İmtahan zamanı tələbələrdən riyaziyyat və fizika üzrə
olduqca mükəmməl biliklər tələb olunur. Təhsilə iri sənaye müəssisələrində
təxminən 12 ay və ya xaricdə iş təcrübəsi də daxildir. Mühəndislik məktəblərinə
xüsusiləşdirilmiş hazırlıq kurslarını keçdikdən sonra və yaxud müsabiqələr yolu
ilə (müsabiqə böyükdür) qəbul olmaq mümkündür. Fransada ali ixtisas məktəbləri
adətən müvafiq nazirliklərin nəzdində yerləşir və müxtəlif sahələr üzrə
ixtisaslı kadrlar hazırlayır.
Universitetlərə
daxil olmaq üçün fransız tələbələrin "Baccalaureat" diplomuna, yaxud
universitetdə təhsili davam etdirmək imkanı verən və orta təhsil
məktəbini-liseyi bitirdiklərini təsdiq edən "BAK" diplomuna malik
olmaları (Fransada lisey şagirdlərinin orta hesabla 70 faizi "BAK"
diplomu ala bilir) əsas şərtdir. Fransa universitetlərində təhsil almaq istəyən
əcnəbi tələbələr isə fransız dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq
edilmiş aşağıdakı sənədləri təqdim etməlidirlər:
* orta təhsil
haqqında attestatın surəti;
* universitetə
daxil olmaq üçün test imtahanlarının nəticələri haqqında çıxarışın surəti
(xarici ölkələrdə alınmış orta təhsil haqqında attestat imtahansız universitetə
qəbul olunmaq hüququ vermir);
* doğum haqqında
şəhadətnamənin surəti;
* zaçot
kitabçasının surəti (yaxud universitetdə keçilmiş fənləri göstərən akademik
arayış);
*
məktub-əsaslandırma
* 3 zərf
(namizədin ünvanı göstərilməklə ikisi kiçik formatda və biri böyük formatda) və
2 beynəlxalq kupon-cavab;
* TCF imtahanının
(fransız dili üzrə test) cavabları.
Fransız dili üzrə
test əsas (şifahi danışığın başa düşülməsi, dilin quruluşu haqda bilgi və
yazılı mətnlərin başa düşülməsi) və iki əlavə imtahandan (yazılı vərdişlər və
şifahi vərdişlər) ibarətdir. TCF imtahanının verilməsinin ən əlverişli vaxtı
yanvarın sonunda keçirilən sessiya hesab olunur. Bu zaman imtahanlara
qatılanlar nəticələri martın əvvəlində alacaqlar ki, bu da onlara sənədlərini
hazırlamaq və seçdikləri universitetlərə göndərmək üçün əlavə vaxt qazanmaq
imkanı verir.
Onu da qeyd edək
ki, əcnəbi tələbələr onların fransız dili üzrə biliklərini təsdiq edən TCF
imtahanında ən azı 350 bal toplamalıdırlar ki, universitetlərə sənəd verə
bilsinlər. TCF imtahanı üzrə nə qədər yüksək bal toplanarsa, onların
sənədlərinin universitet tərəfindən qəbul edilməsi şansı da bir o qədər artmış
olur. Əcnəbi tələbələr Fransanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmaq,
eləcə də dövlət təqaüdü almaq istəyirlərsə, əsas imtahan üzrə dördüncü və ya
beşinci səviyyəyə (400-500 baldan yuxarı) və əlavə sınaqlar üzrə yaxşı
qiymətlərə malik olmalıdırlar.
Birinci və ikinci
kurslara daxil olmaq üçün (L1,L2) əcnəbi tələbələr sadəcə TCF imtahanını deyil,
eləcə də TCF-DAP imtahanını verməlidirlər. TCF-DAP əsas imtahandan əlavə,
müvafiq cədvəlin yazılı qaydada şərh edilməsi və verilən mövzu üzrə inşa
işindən ibarət olan yazılı imtahandır.
Bu gün Fransada
təxminən 300000 əcnəbi tələbə təhsil alır. Fransa Birləşmiş Ştatlardan və
Böyük Britaniyadan sonra dünyanın
əcnəbi tələbələri ən çox qəbul edən üçüncü ölkəsidir. Bu cür uğurun səbəbi,
sözsüz ki, ali təhsilin keyfiyyəti və ali məktəblərdə təşəkkül tapmış sağlam
mühitlə bağlıdır.
Fransanın dövlət
universitetlərində ali təhsil pulsuzdur, yəni burada təhsilə görə ödəniş
edilmir. Lakin hər təhsil ilinin əvvəlində universitetə qeydiyyat haqqına görə
ödəniş etmək (səviyyə və ixtisasdan asılı olaraq məbləğ 150-900 avro arasında
dəyişə bilər), eləcə də məcburi illik tələbə sığortasına malik olmaq lazımdır.
Fransanın dövlət
universitetlərində təhsil almaq istəyən əcnəbilərin illik xərci 6000-10000 avro
(qalmaq, yemək, yol, dərs vəsaitləri üçün xərc) arasında dəyişə bilər.
Özəl
universitetlərdə isə illik təhsil haqqı 3000-7000 avro civarındadır. Təhsil
müəssisəsindən asılı olaraq bəzən bu məbləğ daha da arta bilər.
Türkiyənin
təhsil sistemi
XX əsrin birinci yarısında
Türkiyədə əhalinin böyük əksəriyyəti savadsız olsa da, hazırda ölkədə
savadlılıq səviyyəsi 90 faizdən yüksəkdir. Türkiyənin ümumi orta təhsil sistemi
8 illik ibtidai, 4 illik orta təhsilə əsaslanır. Ölkə Konstitusiyasına əsasən
təhsil müəssisələrində Türkiyə vətəndaşlarına ana dili kimi yalnız türk dili
tədris olunur.
Türkiyədə 1930-cu ilə qədər
cəmi 2 universitet - İstanbul Universiteti və İstanbul Texniki
Universiteti mövcud olduğu halda, bu gün 170-dən artıq ali məktəb
fəaliyyət göstərir. Ölkənin ən qədim ali məktəbi olan İstanbul Universiteti
1456-cı ildə, İstanbul Texniki Universiteti isə 1773-cü ildə yaradılıb. Onu da
qeyd edək ki, son 50 ildə qardaş ölkənin ali məktəblərinə idarəetmə baxımından
olduqca böyük sərbəstlik verilib. Universitetlərə qəbul Tələbə Seçmə Sınağı
vasitəsi ilə həyata keçirilir.
Türkiyənin milli təhsil sistemi
planlı və əyani təhsil olaraq, iki əsas hissədən ibarətdir.
Planlı təhsil - müəyyən yaş
qrupundakı və eyni səviyyədəki şəxslər üçün, müvafiq proqramlarla məktəblərdə
tədris edilən sistemli təhsildir. Planlı təhsil məktəbəqədər, ibtidai, orta və
ali təhsili əhatə edir.
Əyani təhsil, təhsilin hər hansı
bir mərhələsində ayrı-ayrı fərdlərə maraq və ehtiyacları olan sahədə verilən
təhsil növlərinin hamısını əhatə edir. Əyani təhsil ümumi təhsil və texniki
peşə təhsili olaraq, iki hissədən ibarətdir.
Əyani təhsil müəssisələrinə xalq
təhsili mərkəzləri, təcrübə təhsili mərkəzləri, qız sənət məktəbləri,
təkmilləşmə institutları, sənaye sənət məktəbləri, özəl kurslar, özəl dərs
evləri, özəl təhsil və təcrübə məktəbləri, özəl peşə məktəbləri, özəl peşə
təhsili mərkəzləri, özəl elm və sənət mərkəzləri, açıq ibtidai təhsil məktəbi və
açıq lisey təhsili daxildir.
Əyani təhsil vətəndaşlara
oxumağı, yazmağı öyrətmək, ilkin biliklər vermək, bilik və qabiliyyətlərini
inkişaf etdirmək, gələcəyini təmin edəcək yeni imkanlar qazandırmaq məqsədi ilə
verilən məktəbdənxaric təhsildir. Əyani təhsil xalq təhsili, təcrübə təhsili və
qiyabi təhsil yolu ilə həyata keçirilir. Hər il əyani təhsil müəssisələrində
(xalq təhsil mərkəzi və təcrübə mərkəzlərində) milyonlarla tələbə təhsil alır.
Eləcə də bir tədris ili ərzində minlərlə şagird açıq ibtidai təhsilə və ya açıq
lisey təhsilinə cəlb olunur.
Bu gün Türkiyədə ibtidai, orta,
peşə və texniki orta təhsil pillələrində kompüter texnologiyalarından istifadə
olunmasına geniş yer verilir. Müvafiq tədris proqramları vasitəsi ilə aşağı
siniflərdən şagirdlərə informatika fənni üzrə müvafiq biliklər aşılanır,
onların müasir kompüter texnologiyalarından istifadə vərdişlərinə
yiyələnmələrinə xüsusi diqqət yetirilir.
Məktəbəqədər təhsil
Məktəbəqədər təhsil pilləsində
3-5 yaşlı uşaqların könüllü təhsili nəzərdə tutulur. Məktəbəqədər təhsil
müəssisələrinin fəaliyyəti 3 formada həyata keçirilir-müstəqil, qız peşə
liseylərinə bağlı sınaq sinifləri və ya digər təhsil müəssisələrinin nəzdindəki
bağçalar kimi.
Məktəbəqədər təhsilin məqsədi
uşaqların fiziki, zehni, psixoloji inkişafını, ibtidai təhsilə hazırlanmasını,
müvafiq vərdişlər qazanmasını, türk dilində səlis danışmasını və onlar üçün
müştərək təlim-tərbiyə mühiti yaradılmasını təmin etməkdir.
İbtidai təhsil
Türkiyədə ibtidai təhsil
icbaridir və dövlət məktəblərində pulsuzdur. İbtidai təhsil pilləsi 6-14
yaş arasındakı uşaqları əhatə edir.
İbtidai təhsilin məqsədi
uşaqların yaxşı bir vətəndaş kimi yetişməsini təmin etmək, onların zəruri
məlumat, qabiliyyət, davranış, vərdiş qazanmasına, milli ruhda formalaşmalarına
yardımçı olmaqdır. Şagirdlərin maraq, bacarıq və qabiliyyət istiqamətlərinə
uyğun inkişafı, onların həyata və növbəti təhsil pilləsinə hazırlanması da
ibtidai təhsilin başlıca vəzifələrindəndir. Səkkizillik ibtidai təhsilin
sonunda şagirdlərə müvafiq diplom verilir.
Orta təhsil
Türkiyədə orta təhsil
dördillikdir. Orta təhsil ümumi, peşə və texniki orta təhsil müəssisələrini
əhatə edir.
Orta təhsilin məqsədi şagirdlərə
ortaq mədəni dəyərlər aşılamaq, fərd və cəmiyyət məsələlərini anlatmaq, onları
ölkənin sosial-iqtisadi və mədəni inkişafına layiqli töhfələr verə biləcək
vətəndaş kimi yetişdirmək, şagirdləri həm ali təhsilə, həm peşəyə, həm də
müstəqil həyata hazırlamaqdır.
Orta təhsil müxtəlif proqramlara
uyğun tədrisə əsaslanır. Şagirdlər istək və qabiliyyətləri müqabilində bu
proqramlardan birini seçərək ümumi liseylərdə, fənn liseylərində, sosial elmlər
liseylərində, idman liseylərində, incəsənət liseylərində və çoxproqramlı
liseylərdə təhsil ala bilərlər.
Peşə və texniki orta təhsil
Peşə və texniki orta təhsil peşə
sahələrinə müvafiq olaraq müəyyən əmək qabiliyyəti və vərdişləri verən,
şagirdləri ali təhsilə hazırlayan təhsil müəssisələridir. Peşə və texniki orta
təhsil müəssisələri sırasında oğlan texniki tədris məktəbləri, qız texniki
tədris məktəbləri, ticarət və turizm tədrisi məktəbləri, din tədrisi məktəbləri
əsas yer tutur.
Özəl təhsil və tədris
Özəl təhsilin məqsədi qüsurlu
uşaqların tədrisə cəlb olunmasına, onların cəmiyyətə inteqrasiyasına və müəyyən
peşələrə yiyələnmələrinə kömək etməkdən ibarətdir. Özəl təhsildə uşaqların
qüsurlarına uyğun olaraq xüsusi tədris proqramlarından istifadə olunur.
Özəl təhsil məktəblərində
(Azərbaycandakı xüsusi təyinatlı internat-məktəblərə uyğun tədris ocaqları)
ibtidai təhsildən əvvəl hazırlıq sinfi mövcuddur. Nisbətən az qüsurlu şagirdlər
birbaşa ibtidai təhsilə başlaya bilərlər. Özəl təhsil məktəblərində görmə,
eşitmə, ortopedik, zehni qüsurluların, xroniki xəstəliyi olanların, otistik
(ruhi xəstə) uşaqların, üstün və ya özəl qabiliyyətlilərin təhsili, eləcə də
özəl siniflərdə təhsili üzrə tədris aparılır.
Özəl tədris müəssisələri isə hər
mərhələ və növdəki özəl məktəbləri, özəl dərs evlərini, özəl peşə və texniki
kursları, özəl sürücü kurslarını və özəl şagird araşdırma təhsil mərkəzlərini
əhatə edir. Özəl tədris müəssisələri Milli Təhsil Nazirliyinin nəzarəti altında
fəaliyyət göstərir.
Ali təhsil
Ali təhsil orta məktəb
məzunlarının müvafiq ixtisaslara sahib olmasını və yüksək səviyyəli
mütəxəssislər kimi yetişməsini təmin edir. Türkiyənin ali təhsil müəssisələri
sırasına universitetlər, institutlar, konservatoriyalar, peşə ali məktəbləri
daxildir. Türkiyədə 104 dövlət, 62 vəqf universiteti və 7 peşə ali məktəbi
fəaliyyət göstərir.
Türkiyə ali təhsilinin məqsəd və
vəzifələri milli təhsilin ümumi məqsəd və təməl prinsiplərinə uyğun olaraq
müəyyən edilib:
* Tələbələri maraq, istedad və
qabiliyyətləri müqabilində dövlətin elm və təhsil siyasətinə, əmək qabiliyyəti
ehtiyaclarına görə yetişdirmək;
* Müxtəlif istiqamətlərdə elmi
inkişafa nail olmaq;
* Ölkənin ümumi inkişafı naminə
dərin elmi araşdırmalar aparmaq;
* Hökumət və qeyri-hökumət
təşkilatları ilə işbirliyi şəraitində tədris və araşdırma mövzularının
nəticələrini cəmiyyətə təqdim etmək;
* Elmi araşdırmaların nəticələrinə
həsr olunmuş, elm və texnikanın inkişafını təmin edən nəşrləri təqdim etmək;
* Türkiyə cəmiyyətinin ümumi
səviyyəsini yüksəldən, ictimai rəyi aydınlaşdıran elmi məlumatları xalqa
çatdırmaq və əyani təhsil xidmətləri göstərmək.
Yeri gəlmişkən onu da qeyd edək
ki, ali məktəblərinə dünyanın bütün ölkələrindən böyük axın olan Türkiyə
universitetlərində təhsil alan azərbaycanlıların sayı ilbəil artmaqdadır.
Azərbaycanla Türkiyə arasında inkişaf edən təhsil əlaqələrinin nəticəsidir ki,
dövlət xətti və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 950-yə yaxın
azərbaycanlı Türkiyə universitetlərində ölkəmiz üçün prioritet ixtisaslar üzrə
təhsil alır. Çoxsaylı azərbaycanlı gənclər qardaş ölkədə ali təhsillərini başa
vuraraq, yüksək ixtisaslı mütəxəssis kimi Azərbaycanda çalışmaqda, ölkə
həyatının ayrı-ayrı sahələrinin inkişafına layiqli töhfələr
verməkdədirlər.
Təhsilin idarə olunması
Türkiyədə təhsilin idarə olunması
üzrə üç qurum - Milli Təhsil Nazirliyi, Ali Təhsil Komitəsi və Şagird Seçmə və
Yerləşdirmə Mərkəzi fəaliyyət göstərir.
Türkiyənin Milli Təhsil
Nazirliyinin strukturu mərkəz təşkilatı, şəhər-əyalət təşkilatı, ölkədənkənar
təşkilatlar və digər tabe təşkilatlardan ibarətdir. Nazirliyin mərkəzi aparatı
Təlim və Tərbiyə Heyəti İdarəsi, əsas xidmət təşkilatları, müraciət etmə və
yoxlama təşkilatları, köməkçi təşkilatlar və layihələrin Koordinasiyası
Mərkəzindən ibarətdir. Nazirlik hökumətin ümumi siyasəti, milli mənafelər,
inkişaf planları və illik proqramlara uyğun olaraq fəaliyyət göstərir, digər
qurumlarla işbirliyi və koordinasiyanı təmin edir.
Təlim və Tərbiyə Heyəti İdarəsi
birbaşa nazirə bağlı bir orqandır. Təhsillə bağlı demək olar ki, hər mövzuda
nazirə kömək etməkdə, məsləhət verməkdə, təhsil problemləri ilə bağlı araşdırmalar
etməkdə vəzifəlidir.
Milli Təhsil Nazirliyinin 81
şəhər və 924 bölgədə yerli təşkilatları fəaliyyət göstərir (şəhər və ya rayon
milli təhsil müdirliyi).
Milli Təhsil Nazirliyinin
nəzdində bir sıra ölkədənkənar təşkilatlar fəaliyyət göstərir. Türkiyənin
Vaşinqton, Berlin, Vyana, Brüssel, Kopenhagen, Paris, Tbilisi, Lahey, London,
Berlin, Stokholm, Qahirə, Ər-Riyad, Moskva, Nikosiya, Bakı, Almatı, Bişkek,
Daşkənd və Aşqabad şəhərlərində təhsil müşavirliyi, Nyu-York, Los-Anceles,
Berlin, Köln, Mayn, Münster, Münhen, Nürnberq, Ştuttqard, Düselldorf, Essen,
Frankfurt, Hamburq, Hannover, Sidney, Strasburq və Lionda isə təhsil
nümayəndəliyi mövcuddur.
Son 30 ilə qədər Türkiyədə ali
təhsilin bütün səviyyələrində mərkəzi idarəetmənin olmaması səbəbindən bu
sahədə ciddi geriləmə müşahidə edilirdi. Odur ki, 1981-ci ildə ali təhsil
sahəsində aparılan islahatlardan sonra Ali Təhsil Komitəsi yaradıldı və bütün
ali təhsil müəssisələri bu qurumun tabeliyinə verildi. Ali Təhsil Komitəsi
bütün ali məktəblərin fəaliyyətinin koordinasiya olunmasını həyata keçirir və
onların işinin müvafiq qanunvericilik çərçivəsində təşkilinə nəzarət edir.
1974-cü ildən fəaliyyətə başlayan
Şagird Seçmə və Yerləşdirmə Mərkəzi isə Ali Təhsil Komitəsinin təsbit etdiyi
əsaslar çərçivəsində ali təhsil müəssisələrinə qəbul imtahanlarını həyata
keçirir.
Estoniyanın
təhsil sistemi
Estoniyada təhsil sistemi eston xalqının, o
cümlədən ölkədəki etnik azlıqların qorunması, inkişafı məqsədlərinə xidmət
edir. Ölkə təhsili humanizm, demokratiklik və qanunun aliliyi prinsiplərinə
əsaslanır. 1992-ci ildə qəbul edilmiş Təhsil aktına görə təhsil savadlı və
müasir dünyagörüşlü vətəndaş yetişdirməyə, qanunun aliliyinə hörmətlə yanaşan
şəxsiyyət formalaşdırmağa xidmət etməli, həmçinin fasiləsiz təlim üçün imkan
yaratmalıdır.
Təhsil sisteminə rəhbərlik Təhsil və Tədqiqat
Nazirliyi tərəfindən həyata keçirilir. Nazirliyin səlahiyyət sahələrinə
təhsilin, elmi tədqiqat işlərinin planlaşdırılması, dövlətin gənclər və dil
siyasətinin həyata keçirilməsi, o cümlədən məktəbəqədər təhsilin, ümumi orta
təhsilin, texniki peşə təhsilinin, ali təhsilin, əlavə təhsilin təşkili
məsələləri daxildir.
Ölkənin təhsil sistemi məktəbəqədər təhsil, əsas
təhsil (təhsilin ilk pilləsi), orta təhsil (təhsilin ikinci piləsi) və ali
təhsil (təhsilin üçüncü pilləsi) səviyyələrindən ibarətdir. Estoniyada uşaqlar
7 yaşdan başlayaraq icbari təhsilə cəlb olunur. İcbari təhsil isə uşaqlar əsas
təhsil pilləsini tamamlayana və ya 17 yaşı tamam olana qədər davam edir.
Əsas təhsil pilləsi I-IX sinifləri əhatə edir.
Əsas təhsilin VII-IX siniflərində də şagirdlər maraq sahələrinə uyğun olaraq
peşə profili üzrə təhsil ala bilərlər. Orta təhsil pilləsi 3 il olmaqla X-XII
sinifləri əhatə edir.
Tədris dilindən asılı olmayaraq təhsil bütün
pillələrdə ümumi milli kurikulum əsasında təşkil olunur. Məktəblər ümumi milli
kurikulum əsasında öz kurikulumlarını hazırlayırlar. Tədris ili ən azı 175
tədris günündən (35 həftə) ibarətdir.
Ölkə üzrə 2008-2009-cu tədris ilində ümumi təhsil
məktəblərində oxuyan şagirdlərin sayı təxminən 148000 nəfər təşkil edib.
Onların 12426 nəfəri I sinif şagirdi olub.
Ölkədə təhsil təqaüdlərindən bəhrələnmək üçün
geniş imkanlar yaradılıb. Bunun üçün şagirdlər, tələbələr və doktorantlar
kurikulumda tədris üçün müəyyən olunmuş standart müddətdə müvafiq biliklərə
yiyələndiklərini nümayiş etdirməlidirlər. Tədris proqramlarını mənimsəməyən,
akademik icazə və məzuniyyət götürmüş tələbələrə təqaüd almaq imkanı
verilmir.
Məktəbəqədər təhsil
Məktəbəqədər təhsil məktəbəqədər təhsil
müəssisələrində və ya evdə təşkil olunur. Uşaqların məktəbəqədər təhsilə cəlb
olunması valideynlərin istəyindən asılıdır.
Estoniyada 4 növ məktəbəqədər təhsil müəssisəsi
fəaliyyət göstərir. Bu sıraya 1-3 yaşlı uşaqlar üçün nəzərdə tutulan gündüz
bağçaları, 1-7 yaşlı uşaqlar üçün bağçalar, xüsusi qayğıya ehtiycı olan uşaqlar
üçün nəzərdə tutulan bağçalar və ibtidai məktəb tipli bağçalar daxildir.
Məktəbəqədər təhsil müəssisələrinin əksəriyyəti
regionlarda fəaliyyət göstərən 1-3 yaşlı uşaqlar üçün nəzərdə tutulan gündüz
bağçalarından ibarətdir. Şəhərlərdəki məktəbəqədər təhsil müəssisələrinə
müraciət edənlərin sayı çox olduğuna görə həmin bağçalarda qrupların sayı
12-dən az olmur. Bununla yanaşı, yeni tipli məktəbəqədər təhsil müəssisələrində
qrupların maksimum sayı 6-nı keçmir.
Onu da qeyd edək ki, yerli hökumətlə
r nəzarət etdikləri ərazi dairəsində yaşayan 1-7
yaşlı bütün uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmasına imkan
yaratmalıdırlar. Bələdiyyələr və ya şəhər hökumətləri fiziki, nitq, görmə və
əqli qüsuru olan, eləcə də xüsusi qayğıya ehtiyacı olan digər uşaqların
yaşadıqları ərazidəki məktəbəqədər təhsil müəssisələrindəki adaptasiya
qruplarında tərbiyə olunmasını təmin edirlər. Məktəbəqədər təhsil
müəssisələrində adaptasiya qrupunun yaradılması mümkün olmadığı hallarda
bələdiyyələr və şəhər hökumətləri xüsusi qruplar yaradır və ya xüsusi bağçalar
təsis edirlər. Uşaqlar adaptasiya və ya xüsusi qruplara valideynin yazılı
müraciəti, eləcə də məşvərət komitəsinin qərarı əsasında qəbul edilirlər.
Ölkənin digər regionları ilə müqayisədə iri
şəhərlərdə məktəbəqədər təhsil müəssisələrinə daha çox ehtiyac duyulur. Bu
baxımdan Tallin, Tartu şəhərlərindəki vəziyyət daha çox diqqəti cəlb edir.
Məktəbəqədər təhsil müəssisələrində oxumayan
uşaqlar üçün bağçaların və məktəblərin nəzdində məktəbə hazırlıq qrupları
təşkil olunur. Bu qruplarda təhsil pulsuzdur və könüllülük prinsipi
əsasındadır.
Əsas təhsil
Estoniyada uşaqlar 7 yaşından icbari və ya əsas
təhsilə cəlb olunur. İcbari təhsil I-IX sinifləri əhatə edir. I-VI siniflər
üçün nəzərdə tutulan ibtidai məktəblər əsas təhsilin mühüm bir hissəsidir.
VII-IX siniflərində şagirdlər maraq sahələrinə uyğun olaraq təmayüllər üzrə
təhsil ala bilərlər.
Əsas təhsil 3 mərhələdə təşkil edilir:
* Birinci mərhələ - I-III siniflər;
* İkinci mərhələ -IV-VI siniflər;
* Üçüncü mərhələ -VII-IX siniflər.
Bələdiyyələr əraziyə uyğun olaraq əsas məktəbləri
müəyyən edirlər. Həmin məktəblərdə müvafiq əhatə dairəsində yaşayan hər bir
uşaq təhsil ala bilər. Valideynlər məktəbin himayədarlar şurasında təmsil
olunmaqla təhsil müəssisələrinin inkişafına mühüm töhfə verirlər.
Əsas təhsil üç milli kurikulum əsasında təşkil olunur.
Şagirdlərin həftəlik dərs yükü sinfin səviyyəsindən asılı olaraq dəyişir: I
sinifdə 20 dərs, II sinifdə 23 dərs, III-IV siniflərdə 25 dərs, V sinifdə 28
dərs, VI-VII siniflərdə 30 dərs, VIII sinifdə 32 dərs, IX sinifdə 34 dərs.
Əsas təhsil pilləsində eston dili və ədəbiyyatı, iki
xarici dil, riyaziyyat, təbiət elmləri, coğrafiya, biologiya, kimya, fizika,
tarix, humanitar elmlər, ictimai elmlər, musiqi, təsviri sənət, fiziki təhsil,
əmək təlimi kimi icbari fənlər tədris edilir. Tədris rus və digər əcnəbi
dillərdə təşkil olunan məktəblərdə eston dilinin ayrıca fənn kimi keçirilməsi
icbaridir. Həmçinin ana dili eston dili olmayan şagirdlərin oxuduğu məktəblərdə
eston dili ikinci xarici dil kimi tədris olunur.
Əsas təhsil pilləsini başa vurmaq üçün şagirdlərdən
müvafiq kurikulumu tamamlamaq və təyin olunmuş 3 imtahanı (eston dili və
ədəbiyyatı, riyaziyyat və şagirdin seçdiyi hər hansı digər bir fənn) uğurla
vermək tələb olunur. Əsas təhsil pilləsini tamamlaya bilməyən və ən azı 17 yaşı
tamam olmuş şagirdlər ya əsas təhsil pilləsini başa vurmaq haqqında sənəd tələb
edilməyən peşə təhsili üzrə peşələrə yiyələnə və ya yaşlılar üçün nəzərdə
tutulan orta ümumi təhsil müəssisələrində əsas təhsil ala bilərlər.
Əsas təhsil pilləsini uğurla başa vuran şagirdlər 3
illik ümumi orta və ya 3 illik peşə yönümlü orta təhsil müəssisələrində
təhsillərini davam etdirmək imkanı qazanırlar. Həmçinin onların 3 illik ümumi
orta təhsil verən peşə məktəblərində və ya ümumi orta təhsil verməyən, ancaq
peşə bacarıqları aşılayan peşə təhsili müəssisələrində oxuması mümkündür.
Orta təhsil
Qeyd etdiyimiz kimi, orta təhsil müddəti 3 il olmaqla
X-XII sinifləri əhatə edir. Orta təhsil milli kurikuluma uyğun olaraq həyata
keçirilir. Hər bir məktəb milli kurikuluma əsasən öz kurikulumunu hazırlayır.
Orta təhsil pilləsində bir tədris ili 35 həftə, bir tədris həftəsi isə ən azı
32 dərs saatından ibarətdir.
Bu pillədə şagirdlər seçmə fənlərlə yanaşı, müvafiq
sahə, o cümlədən təbiət elmləri, humanitar elmlər və digər sahələr üzrə dərin
biliklərə və ya peşə məktəblərində oxumaqla hər hansı peşəyə yiyələnə bilərlər.
Orta təhsil pilləsinin sonunda şagirdlər 5 fəndən imtahan verir. Bu
imtahanlardan ən azı 3-ü dövlət imtahanıdır.
Qeyd edək ki, 2008-2009-cu tədris ilində Estoniyanın
orta məktəblərində təhsil alan şagirdlərin sayı 31265 nəfər olub. 2011-2012-ci
tədris ilindən başlayaraq Estoniyada rus dilində tədris aparılan bütün orta
təhsil müəssisələrində tədris eston dilində təşkil olunur.
Orta təhsil pilləsini tamamladıqdan sonra şagirdlər
aşağıdakı istiqamətlər üzrə təhsillərini davam etdirə bilərlər:
* Peşə təhsili müəssisələrində peşə təhsili (0,5-3
il);
* Kolleclər və ya universitetlərdə ali peşə
təhsili (3-4,5 il);
* Universitet və ya digər ali təhsil
müəssisələrində bakalavriatura təhsili (3 il), magistratura təhsili (2 il) və
ya doktorantura təhsili (3-4 il).
Texniki peşə təhsili
Həm əsas, həm də orta təhsil pilləsində təmayüllər
üzrə texniki peşə təhsili proqramları peşə biliklərinin və bacarıqlarının
inkişaf etdirilməsinə əlverişli zəmin yaradır. Əsas təhsil pilləsini başa
vurmaq tələb olunmayan peşə təhsili proqramlarında əsas təhsil pilləsini başa
vura bilməyən və 17 yaşı tamam olmuş şəxslər yalnız müvafiq peşələrə yiyələnir.
Bu zaman təhsil müddəti 0,5-2,5 ildir. Həmin proqramları seçən şəxslər peşə
təhsilini tamamladıqdan sonra da icbari əsas təhsillərini davam etdirə
bilərlər.
Əsas təhsil əsaslı peşə təhsili elə bir təhsil
növüdür ki, burada yalnız peşə təhsili ilə əlaqəsi olan ümumi təhsil fənləri
tədris edilir. Bu təhsil proqramlarını başa vuran şagirdlər müəyyən peşəyə
yiyələnməklə yanaşı, əsas təhsil pilləsini də bitirmiş hesab olunurlar.
Orta peşə təhsilinə əsas təhsil pilləsində təhsil
almış şagirdlər müraciət edə bilərlər. Orta peşə təhsilini başa vuran şagirdlər
orta təhsil sertifikatına və müəyyən peşəyə yiyələnir. Orta peşə təhsilinin
müddəti minimum 3 il təşkil edir. Peşə məktəblərində orta peşə təhsili
kurikulumunu tamamlamış şagirdlər öz seçimlərinə əsasən əlavə olaraq 1 illik
ümumi təhsil fənn proqramlarını da öyrənə və müvafiq dövlət imtahanları verə
bilərlər. Bu, həmin peşə məktəblərini bitirən məzunların təhsillərini ali
məktəblərdə davam etdirmələrinə imkan verir.
Orta təhsil əsaslı peşə təhsilinə isə orta təhsil
pilləsini tamamladıqdan sonra yiyələnmək mümkündür. Həmin tədris ocaqları
0,5-2,5 il müddətdə peşə bacarıqlarına yiyələnmək imkanı yaradır.
Əsas və orta məktəblərdə təşkil olunan peşə
təhsili ümumi təhsil məktəblərinin şagirdləri üçün nəzərdə tutulur və peşə
təhsili müəssisələri tərəfindən həyata keçirilir. Tədris ayrıca bir kurikulum
əsasında ən azı 15 tədris həftəsi müddətində təşkil olunur. Təhsili başa vurduqdan
sonra şagirdlər seçdikləri peşə üzrə əsas bilik və bacarıqlara, həmçinin peşə
təhsilinin tamamlanmasına dair sertifikata yiyələnirlər.
2008-2009-cu tədris ilində Estoniyada 45 peşə
təhsili müəssisəsi fəaliyyət göstərib. Onların da 31-i dövlət, 3-ü bələdiyyə və
11 özəl əsaslı peşə təhsili müəssisələridir. Həmin təhsil müəssisələrində
oxuyan 27239 şagirdin 11456 nəfəri dövlət sifarişli ixtisasları seçib.
Ali təhsil
Orta təhsil pilləsini uğurla başa vuran bütün
şagirdlər ali təhsil pilləsində oxumaq hüququ qazanır. Ali təhsil proqramları
universitetlərdə və ali peşə təhsili müəssisələrində tədris edilir.
Tələbələr ali təhsilin birinci mərhələsində iki
növ kurikulumdan birini seçə bilərlər:
* Nəzəri prinsiplərə əsasən peşə bacarıqlarının
inkişaf etdirilməsinə xidmət edən nəzəriyyə əsaslı bakalavr təhsili;
* Praktiki prinsiplərə əsasən nəzəri biliklərin
inkişaf etdirilməsinə xidmət edən təcrübəyönümlü ali peşə təhsili. Praktiki
fəaliyyət kurikulumun 30 faizini təşkil edir.
Ali peşə təhsili proqramı üzrə tədrisin müddəti
3-4,5 il, bakalavr proqramı üzrə isə 3-4 ildir. Hər iki proqram üzrə
kurikulumda nəzərdə tutulan tədris yükü 120-160 kredit (Avropa Kredit Köçürmə
Sistemində müvafiq olaraq 180-240 kredit) arasında dəyişir.
Ali peşə və bakalavr təhsili proqramını başa vuran
tələbələr magistratura səviyyəsində təhsillərini davam etdirə bilərlər.
Magistratura təhsili üzrə tədrisin müddəti 1 və ya
2 ildir. Nəzərdə tutulan tədris yükü isə 40-80 kredit (Avropa Kredit Köçürmə
Sistemində müvafiq olaraq 60-120 kredit) arasında dəyişir. Bakalavriatura və
magistratura səviyyəsində təhsilin müddəti ümumilikdə 5 ildir. Kurikulumda
nəzərdə tutulan tədris yükü isə ümumilikdə 200 kredit (Avropa Kredit Köçürmə
Sistemində 300 kredit) təşkil edir.
Tibb ixtisası üzrə təhsilin müddəti 6 ildir. Tibb
ixtisası üzrə kurikulumda nəzərdə tutulan tədris yükü 240 kredit (Avropa Kredit
Köçürmə Sistemində 360 kredit) müəyyən olunub.
Stomatologiya, əczaçılıq, tikinti mühəndisliyi və
müəllimlik ixtisası üzrə təhsil müddəti isə 5 ildir. Bu ixtisaslar üzrə
kurikulumda nəzərdə tutulan tədris yükü isə 200 kredit (Avropa Kredit Köçürmə
Sistemində 300 kredit) təşkil edir.
Təhsilin ən yüksək səviyyəsi olan fəlsəfə doktoru
proqramı üzrə təhsil müddəti 3-4 il davam edir. Fəlsəfə doktoru proqramı üzrə
kurikulumda nəzərdə tutulan tədris yükü 120-160 kredit (Avropa Kredit Köçürmə
Sistemində müvafiq olaraq 180-240 kredit) arasında dəyişir.
Qeyd etdiyimiz kimi, Estoniyanın ali təhsil
sistemi iki növ ali təhsil müəssisələrindən ibarətdir: universitetlər və ali
peşə təhsili müəssisələri.
Universitetlər elmi-tədqiqat, inkişaf, təhsil və
mədəniyyət əsaslı müəssisələrdir. Universitetlərin fəaliyyəti beynəlxalq
standartlara uyğun əsas və tətbiqi tədqiqatın aparılmasından ibarətdir.
Universitetləri şərtləndirən əsas cəhət bu təhsil müəssisələrində ali təhsilin
ikinci və üçüncü səviyyəsi üzrə nəzəriyyəyə əsaslanan tədqiqatların və
mütəxəssis hazırlığının həyata keçirilməsidir.
Ali peşə təhsili müəssisələrində isə ali təhsilin
birinci səviyyəsi üzrə peşə bacarıqlarına yiyələnmiş mütəxəssislər əmək
bazarının tələblərinə uyğun olaraq hazırlanır.
Kurikulum çevikliyi və təcrübəyə üstünlük
verilməsi, eləcə də şirkətlər, peşə assosiasiyaları, ictimai tərəfdaşlar ilə
əməkdaşlıq edilməsi ali peşə təhsili müəssisələrini şərtləndirən əsas
cəhətlərdir. Ali peşə təhsili müəssisələrində magistratura səviyyəsi üzrə
mütəxəssis hazırlığına hökumətin razılığı əsasında icazə verilir. 2008-ci ilin
statistikasına görə, Estoniyada 6 ali peşə təhsili müəssisəsində magistratura
pilləsi üzrə mütəxəssis hazırlığı həyata keçirilib.
Müəllimlik peşəsi üzrə kadrların hazırlanması
universitetlərdə və kolleclərdə həyata keçirilir. Məktəbəqədər təhsil üzrə
müəllimlərin hazırlığı isə həm universitet, həm də ali peşə təhsili
müəssisələrində təşkil edilir.
Ölkədə dövlət əsaslı universitetlər və ali peşə
təhsili müəssisələri ilə yanaşı, özəl universitetlər, ali peşə təhsili
müəssisələri və peşə kollecləri də kifayət qədərdir. Ölkədə 6 dövlət, 4 özəl
universitet və 10 dövlət, 11 özəl ali peşə təhsili müəssisəsi olub. Həmçinin 2
dövlət və 1 özəl peşə kolleci fəaliyyət göstərir. 2009-cu ilin statistik
məlumatına görə, ali təhsil müəssisələrində oxuyan tələbələrin sayı təxminən
68000 nəfər olub.
Tələbələr həm dövlət sifarişli, həm də ödənişli
ixtisaslara qəbul ola bilərlər. Dövlət sifarişli və ödənişli ixtisaslar
arasındakı nisbət əhəmiyyətli dərəcədə dəyişib. 2008-2009-cu tədris ilində ali
məktəblərə qəbul zamanı dövlət sifarişli ixtisaslara qəbul edilən tələbələr
ümumi tələbə sayının 46 faizini təşkil edib.
Artmaqda olan əmək bazarının tələblərinə uyğun
olaraq ali təhsil pilləsi üzrə müəyyən olunmuş prioritet sahələrə-mühəndislik,
istehsalat və emal, kompüter elmləri, ətraf mühitin mühafizəsi, fizika, səhiyyə
xidməti və digərləri aiddir. Bu sahələrə tələbat böyük olduğuna görə, müvafiq
ixtisaslara qəbul prosesi yüksək rəqabət şəraitində keçirilir.
Əlavə təhsil
Yaşlıların təhsilinin təşkili üçün Estoniyada
çevik sistem və geniş imkanlar yaradılıb. Yaşlıların təhsili proqramları
formal, peşə təhsili və qeyri-formal peşə təhsili formalarında həyata
keçirilir.
Yaşlıların formal təhsilinə əsas və orta təhsil
pilləsində təhsil almaq üçün distant təhsil, axşam kursları vasitəsilə
yaşlıların təhsili aiddir.
Peşə təhsili və ali təhsil müəssisələrində
fasiləsiz təhsil və yenidən hazırlanma kursları təşkil olunur. Bu kurslar
yaşlıların peşə və ixtisas biliklərini, bacarıqlarını, eləcə də təcrübələrini
təkmilləşdirməyə və dərinləşdirməyə xidmət edir. Peşə təhsili və ali təhsil
müəssisələrində yaşlıların təhsili qiyabi təhsil formasında təklif olunur.
Qeyri-formal təlim kursları tələbələrin
yaradıcılığının, istedadının və sosial fəallığının inkişaf etdirilməsinə imkan
yaradır. Yaşlıların qeyri-formal təhsili bir çox qeyri-formal təhsil
mərkəzlərində, xalq universitetlərində (qeyri-formal təhsil müəssisələrində) və
mədəniyyət mərkəzlərində təşkil olunur.
Yaşlıların əsas, orta və orta peşə təhsili pulsuz
olduğu halda, qiyabi ali təhsildə ödəniş tələb edilir. Dövlət sifarişli yerlərə
müraciət etmək üçün əyani təhsil formasını seçmək lazımdır. Milli prioritet
hesab edilən ixtisaslar üzrə yaşlıların qiyabi ali təhsili dövlət tərəfindən
maliyyələşdirilir.
Müvafiq qaydalara görə pedaqoji sahədə çalışanlar
5 ildə 160 saat fasiləsiz təhsilə cəlb olunmalıdırlar. Yaşlıların təhsili haqqında
qanunvericilik aktlarına əsasən müəllimlərin fasiləsiz təhsili dövlət büdcəsi
hesabına maliyyələşir.
Xüsusi təhsil
Xüsusi ehtiyaclı uşaqların təhsili üçün dövlət
mühüm öhdəliyə malikdir. Qanunvericiliyə uyğun olaraq xüsusi ehtiyaclı uşaqlar
öz yaşadıqları ərazidəki məktəbdə oxumaq hüququna malikdir.
Dövlət və bələdiyyə məktəblərində xüsusi ehtiyaclı
uşaqların təhsili üçün siniflər aşağıdakı şəkildə qruplaşdırılır:
* fiziki, nitq, görmə və əqli qüsurlu uşaqlar üçün
siniflər;
* digər təlim çətinlikləri olan uşaqlar üçün
motivasiya sinifləri;
* yüngül təlim çətinlikləri olan uşaqlar üçün
siniflər;
* orta səviyyəli təlim çətinlikləri olan uşaqlar
üçün siniflər;
* ciddi təlim çətinlikləri olan uşaqlar üçün
siniflər.
Siniflərin qruplaşdırılmasında əsas məqsəd
tədrisin təşkilində fərdi xüsusiyyətlər nəzərə alınmaqla uşaqların şəxsi
inkişafını təmin etməkdir.
Xüsusi məktəblərdə uşaqlar üçün aşağıdakı yardımçı
sistemlər təklif olunur:
* fərdi kurikulum;
* korrektiv qruplar;
* nitq terapiyası;
* uzunmüddətli qruplar;
* ev təhsili;
* davranış problemləri olan uşaqlar üçün siniflər;
* sosial problemləri olan uşaqlar üçün internat
tipli məktəblər.
Estoniyada 48 xüsusi məktəb fəaliyyət göstərir.
Onların 3-ü eşitmə qüsurlu, 1-i fiziki qüsurlu, 1-i görmə qüsurlu, 3-ü ümumi
qüsurlu, 5-i davranış qüsurlu, qalanları isə digər təlim çətinlikləri
olan uşaqlar üçün nəzərdə tutulub.
Əqli qüsuru olan uşaqlar üçün tədris
sadələşdirilmiş milli kurikulum əsasında təşkil edilir. Bundan əlavə, orta
səviyyəli və ciddi təlim çətinlikləri olan uşaqların tədrisi üçün də milli
kurikulum mövcuddur. Fiziki qüsurlu uşaqların tədrisi və inkişafı ilə bağlı
bütün məsələlərdə valideynin razılığı tələb edilir.
Səhhəti ağır olan uşaqlar valideynin razılığı ilə
evdə də icbari təhsil ala bilərlər. Uzun müddət müalicə alması tələb olunan
uşaqların təhsili isə xəstəxanada təşkil edilir.
Elmi tədqiqatlar
Estoniyada elmi tədqiqat sahəsinin müasir tələblər
səviyyəsində inkişafına xüsusi diqqət yetirilir. Hökumət elmi tədqiqat və
inkişaf planını hazırlayır, parlamentə təqdim edir, müvafiq proqramları təsdiq
edir, nazirliklərarası əlaqələndirməni tənzimləyir.
Tədqiqat və İnkişaf Şurası elmi tədqiqat və
inkişaf məsələləri ilə bağlı hökumətə tövsiyələr verir. Təhsil və Tədqiqat
Nazirliyi isə milli tədqiqat strategiyasını həyata keçirir, elmi tədqiqat və
inkişaf müəssisələrini maliyyələşdirir, onların fəaliyyətini dəyərləndirir,
beynəlxalq əməkdaşlığın genişləndirilməsini təmin edir.
Ölkənin elmi tədqiqat və inkişaf siyasətinin əsas
məqsədləri "Bilikyönümlü Estoniya 2007-2015" adlı tədqiqat, inkişaf
və innovasiya strategiyasında dolğun şəkildə əks olunub. Strategiyada əsas üç
məqsəd bəyan edilib:
* Keyfiyyətin rəqabət əsasında yüksəldilməsi, elmi
tədqiqat və inkişaf fəaliyyətinin məhsuldarlığının artırılması;
* Qlobal iqtisadiyyata töhfə verən innovativ
biznes fəaliyyətinin yaradılması;
* Uzunmüddətli davamlı inkişafı təmin edəcək
innovativ cəmiyyətin formalaşdırılması.
Estoniyada 18 elmi-tədqiqat müəssisəsi fəaliyyət
göstərir ki, onların da 6-sı dövlət universitetlərinin nəzdindədir. Ən böyük
elmi-tədqiqat müəssisələri Tartu Universiteti, Tallin Texnologiya Universiteti
və Tallin Universitetinin nəzdində fəaliyyət göstərir. Universitetlərdən kənar
fəaliyyət göstərən ən böyük dövlət elmi-tədqiqat müəssisəsi Estoniya
Biomərkəzi, Tartu Rəsədxanası, Estoniya Ədəbiyyat Muzeyi hesab edilir. Müstəqil
fəaliyyət göstərən tədqiqat müəssisəsinə isə Milli Kimya və Biofizika
İnstitutunu aid etmək olar.
Təhsilin maliyyələşməsi
Ölkə üzrə 582 ümumi təhsil məktəbindən 517-si
bələdiyyə, 31-i dövlət, 34-ü isə özəl məktəblərdir. 31 dövlət məktəbinin 27-si
xüsusi ehtiyaclı uşaqlar üçün nəzərdə tutulan, digərləri isə adi təhsil
müəssisələridir. Ümumi təhsil məktəbləri əsasən yerli hökumətin büdcəsi
hesabına maliyyələşir.
Son illərdə Estoniyada ümumi dövlət xərclərinin
14-15 faizi təhsilə sərf olunur. Ümumi təhsil sisteminə ayrılmış xərclər
ümumilikdə təhsil sisteminə yönəldilən vəsaitin yarıdan çox hissəsinə
bərabərdir. Ümumi təhsil xərclərinin 11 faizi peşə təhsilinə, 21 faizi isə ali
təhsilə yönəldilir. Dövlət təhsil xərclərinin 15 faizi isə məktəbəqədər təhsil
və digər təhsil xidmətləri, layihələr üçün nəzərdə tutulur.
Ali təhsilə ayrılmış xərclərə nəinki dövlət
sifarişi üzrə təhsil xərcləri, həmçinin investisiya, təqaüdlər və digər xərclər
daxildir. Ali təhsil üçün nəzərdə tutulan vəsaitlərin böyük hissəsi (67 faizi)
dövlət ali təhsil müəssisələrinə verilir. Dövlət sifarişi ilə oxuyan
tələbələrin 66 faizi dövlət ali məktəblərində təhsil alır. Ali peşə təhsili
xərcləri ümumilikdə ali təhsil üçün nəzərdə tutulan xərclərin 22 faizini təşkil
edir.
Estoniyada elmi tədqiqat layihələri dövlət
büdcəsi, bələdiyyə və şəhər büdcəsi, ünvanlı yardımlar, qrantlar, milli
tədqiqat və inkişaf proqramları, elmi-tədqiqat müəssisələrinin iqtisadi
fəaliyyət nəticəsində əldə etdiyi qazanc və digər mənbələr hesabına
maliyyələşir. 2007-ci ildə Estoniyada elmi tədqiqat və inkişafa ayrılmış
vəsaitin miqdarı ÜDM-un 1,14 faizini təşkil edib ki, bu da Avropa İttifaqı üzrə
nəzərdə tutulmuş 1,84 faizlik orta göstəricidən aşağıdır.
Təhsil xərclərinin ödənilməsi üçün nəzərdə tutulan
vəsait dövlət büdcəsindən bələdiyyə və şəhər büdcələrinə köçürülür. Əməkhaqqı,
fasiləsiz təhsil, investisiya, dərslik və əyani vəsaitlər ilə bağlı xərclər
məktəb üçün ayrılan vəsaitin böyük hissəsini təşkil edir. Eyni qayda ilə özəl
ümumi təhsil müəssisələrinə də vəsait ayrılır.
Estoniyada son illər ərzində müəllimlərin minimum
əməkhaqlarının artırılaraq orta əməkhaqqı səviyyəsinə çatdırılması təhsilin
yüksək inkişaf ahəngi ilə irəliləməsinə zəmin yaradıb.
Təhsilin idarə olunması
Estoniyada təhsillə bağlı qanunlar və
strategiyalar parlament tərəfindən qəbul edilir. Parlament, həmçinin təhsil
haqqının həcmini müəyyən edir. Təhsil və Tədqiqat Nazirliyi bütövlükdə təhsil
siyasəti və strategiyasının həyata keçirilməsini əlaqələndirir. 15 dairə
hökumətinin tabeliyindəki təhsil idarələri yerli təhsilin idarə olunmasına
cavabdehlik daşıyır. Yerli təhsil idarələri dairə üzrə təhsilin inkişaf planını
hazırlayır, məktəbəqədər və ümumi təhsil məktəblərinin fəaliyyətinə nəzarət
edir, eləcə də bələdiyyələrə təhsil məsələləri ilə bağlı tövsiyələr verir.
Bələdiyyələr isə öz səlahiyyətləri dairəsində
məktəbəqədər, əsas, orta təhsil müəssisələrinin, axşam məktəblərinin,
mədəniyyət mərkəzlərinin fəaliyyətini tənzimləyir və icbari təhsil yaşlı
uşaqların sayını müəyyən edir. Bələdiyyələr təhsil müəssisələrinin rəhbərlərini
təyin edir, məktəblərin tibb, təminat və təchizat xidmətlərini yerinə yetirir.
Bələdiyyələr, həmçinin ümumi təhsil məktəblərinin təsis edilməsi, təkrar
təşkili, bağlanması və şagirdlərin nəqliyyatla təmin edilməsi məsələlərinə
cavabdehdir.
Təhsil müəssisələrinin fəaliyyətinin gündəlik
təşkili və idarə olunması isə direktor, məktəbin Nəzarət Şurası və Təhsil
Şurası tərəfindən yerinə yetirilir. Özəl məktəblərin fəaliyyətinə Təhsil və
Tədqiqat Nazirliyinin müəyyən etdiyi qaydalara uyğun nəzarət olunur.
Universitetlər və ali peşə təhsili müəssisələri
isə tədris heyətini, təşkilati strukturu, tədris və tədqiqat proqramlarının
məzmununu, kurikulumu, tədris planını, qəbul meyarlarını müəyyən etməkdə
sərbəstdirlər.
Beynəlxalq əlaqələr
Ölkə təhsil, elm və texnologiya sahəsində
uzunmüddətli beynəlxalq əməkdaşlıq ənənələrinə malikdir. Estoniya Avropa
İttifaqının dəstəklədiyi bir çox proqramlar çərçivəsində müxtəlif ölkələr ilə
əməkdaşlıq edir.
Qohum Millətlər Proqramı çərçivəsində Estoniya
Finlandiya və Macarıstan ilə təhsil, tədqiqat, mədəniyyət, informasiya
mübadiləsi sahəsində geniş əməkdaşlıq edir. Proqram çərçivəsində estonlara
qohum olan millətlərin nümayəndələrinin Estoniyada ali təhsil almasına imkan
yaradılır, onların beynəlxalq tədqiqat və mədəni tədbirlərdə iştirakı
maliyyələşdirilir.
2004-cü ildən bəri Avropa İttifaqı Avropa Sosial
Fondu və Avropa Regional İnkişaf Fondu vasitəsilə Estoniyada təhsil, elmi
tədqiqat və inkişaf layihələrinə dəstək verir. Avropa İttifaqının qeyd olunan
layihələri maliyyələşdirməsinin əsas məqsədi ictimai rifah və iqtisadi inkişafı
bütün üzv ölkələrdə bərabər səviyyəyə çatdırmaqdan ibarətdir.
Estoniya elm və texnologiya sahəsində 40-dan artıq
ölkə ilə əməkdaşlığa dair çərçivə müqaviləsi imzalayıb. Bu sıraya ABŞ, Çin,
Hindistan, Meksika, Ukrayna və digər ölkələr daxildir.
Şimali Kipr
Türk Respublikasının təhsil sistemi
Şimali Kipr Türk Respublikası Aralıq dənizinin
şərq sahillərində yerləşir. Ölkənin müstəqilliyi Türkiyə Cümhuriyyətindən başqa
heç bir dövlət tərəfindən tanınmayıb. Bununla belə, Şimali Kipr Türk
Respublikası de-fakto müstəqil dövlətdir. 1985-ci ildə qəbul edilmiş
Konstitusiyaya görə, dövlət başçısı prezidentdir.
Ölkədə son illər təhsil sahəsinin sürətli inkişafı
müşahidə edilməkdədir. Təhsil sisteminə nəzarət, müvafiq qanunların və yeni
normativ-hüquqi sənədlərin hazırlanması işi Milli Təhsil, Gənclik və İdman Nazirliyi
tərəfindən həyata keçirilir.
Məktəbəqədər təhsil, ibtidai təhsil və orta
təhsilin 12-14 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş birinci mərhələsi icbari
xarakter daşıyır. Məktəblərin əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilir.
Dövlət məktəbləri ilə yanaşı, genişləndirilmiş təhsil proqramları təklif edən
özəl tədris ocaqları da fəaliyyət göstərir.
Şimali Kiprin təhsil sistemi aşağıdakı pillələrə
bölünür:
* Məktəbəqədər təhsil - 6 yaşa qədər olan uşaqlar
üçün nəzərdə tutulub;
* İbtidai təhsil - 6-11 yaşlı uşaqlar üçün nəzərdə
tutulub;
* Orta təhsilin aşağı pilləsi (əsas təhsil) -
12-14 yaşlı uşaqlar üçün nəzərdə tutulub;
* Orta təhsilin yuxarı pilləsi - 15-17 yaşlı
uşaqlar üçün nəzərdə tutulub;
* Peşə təhsili;
* Ali təhsil.
Orta təhsilin yuxarı pilləsində şagirdlər əsasən,
lisey və peşə məktəblərində oxuyurlar. Orta təhsilin yuxarı pilləsi
universitetlərə hazırlıq mərhələsi hesab olunur.
Tam orta təhsil 11 ildir. 12 illik təhsilə keçmək
planlaşdırılsa da, qarşıya çıxan maneələr aradan qaldırılmamış bu məsələnin
reallaşdırılması mümkün olmayacaq.
Ölkə üzrə təxminən 1 müəllimə 30 şagird nisbəti
qeydə alınıb. Dərs ili sentyabr ayında başlayır və iyun ayının sonunda başa
çatır.
Şimali Kipr Türk Respublikasında fəaliyyət
göstərən universitetlər müasir təhsil ənənələrini uğurla tətbiq edir, daha
yüksək səviyyəli mütəxəssis hazırlığı istiqamətində rəqabət aparırlar. Şərqi
Aralıq Dənizi Universiteti, Yaxın Şərq Universiteti, Kipr Beynəlxalq
Universiteti, Girnə Amerikan Universiteti, Lefke Avropa Universiteti,
Türkiyənin Orta Şərq Texniki Universitetinin və İstanbul Texniki
Universitetinin Şimali Kiprdəki filiallarında nəinki yerli, həmçinin kifayət
qədər əcnəbi tələbələr təhsil alır.
Məktəbəqədər təhsil
Şimali Kiprdə məktəbəqədər təhsil müəssisələri
sırasına körpələr evi və kreşlər daxildir. Körpələr evinə 4 yaşına qədər
uşaqlar cəlb edilir. Kreşlərdə isə 4-6 yaşlı uşaqlar təhsil alırlar.
5 yaşlı uşaqların məktəbə hazırlığını nəzərdə
tutan məktəbəqədər təhsil proqramları 2004-cü ildən etibarən icbari xarakter
daşıyır. Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsil ödənişsiz əsaslarla
həyata keçirilir.
Məktəbəqədər təhsil proqramlarının əsas məqsədi
şagirdlərin ümumi və emosional inkişafını təmin etməkdən ibarətdir. Bununla
yanaşı, uşaqların məktəbə hazırlığı məsələlərinə də xüsusi diqqət yetirilir,
müvafiq kurikulumlar əsasında tədris aparılır.
İbtidai təhsil
Uşaqlar 6 yaşından etibarən I sinfə qəbul olunur.
Qeyd etdiyimiz kimi, 5 illik ibtidai təhsil icbari xarakter daşıyır və
ödənişsiz əsaslarla aparılır.
2002-2003-cü tədris ilinin statistik məlumatlarına
görə, Şimali Kiprdə 344 ibtidai məktəb fəaliyyət göstərir. Bu məktəblərdə 60
mindən çox şagirdin təlim-tərbiyəsi ilə təxminən 4000 müəllim məşğul olur.
Dövlət məktəbləri ilə yanaşı, özəl ibtidai təhsil
müəssisələri də fəaliyyət göstərir. Özəl məktəblərə də Milli Təhsil,
Gənclik və İdman Nazirliyi nəzarət edir.
İbtidai təhsil (6-11 yaş) əsas təhsil mərhələsinin
birinci pilləsi hesab olunur. Orta təhsilin 3 il davam edən aşağı pilləsi isə
(12-14 yaş) əsas təhsilin ikinci mərhələsidir. Əsas təhsil ödənişsiz və icbari
xarakter daşıyır.
İbtidai təhsil şagirdlərin məktəb həyatında ən
mühüm mərhələ hesab olunur. İbtidai siniflərdə şagirdlərə əsasən oxu və yazı
bacarıqları aşılanır, tarix, riyaziyyat, ədəbiyyat, coğrafiya və digər fənlər
tədris olunur.
İbtidai məktəblərdə şagirdlərə əsasən, eyni
müəllim dərs keçir. Musiqi və bədən tərbiyəsi və digər bu kimi fənləri isə
yalnız fənn müəllimləri tədris edirlər.
Şagirdlər ibtidai təhsil mərhələsini tamamladıqdan
sonra öz təhsillərini orta məktəblərdə davam etdirirlər.
Orta təhsil
Şimali Kiprdə 12-17 yaşlı uşaqlar orta təhsil
pilləsində oxuya bilərlər. Orta təhsil iki mərhələdə həyata keçirilir. İlkin
mərhələ adlandırılan orta məktəbin aşağı siniflərində 12-15 yaşlı uşaqlar
təhsil alır. Təhsilin bu mərhələsi icbari və ödənişsiz əsaslarla həyata
keçirilir. Bu təhsil mərhələsi Türkiyədə olduğu kimi, "orta okul"
adlandırılır.
Orta təhsilin yuxarı pilləsində 3 illik proqram
tədris edilir. Şagirdlər orta təhsilin yuxarı pilləsində lisey və
gimnaziyalarda oxuyurlar.
Orta təhsilin yuxarı pilləsində əsasən əsas təhsil
pilləsini uğurla başa vuran şagirdlər təhsil alır. Orta məktəbin son 3 ilində
əsasən təmayüllər üzrə tədris aparılır. Bu zaman şagirdlər ixtisas fənlərini və
əlavə fənləri seçməkdə sərbəstdirlər.
Dövlət tərəfindən maliyyələşdirilən məktəb və
kolleclərdə tədris əsasən türk dilində aparılır. İngilis, alman və fransız
dilləri xarici dil kimi tədris olunur. Orta məktəblərdə şagirdlərin hamısı
vahid məktəbli formasından istifadə edir.
Dövlət və özəl məktəblərdə tədris Milli Təhsil,
Gənclik və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş kurikulum əsasında
aparılır. Şagirdlərin bilikləri 1-10 ballıq şkala üzrə qiymətləndirilir.
Özəl məktəblərdə və kolleclərdə tədris dili kimi
əsasən ingilis dilindən istifadə olunur. Türk dili isə ikinci dil kimi tədris
edilir. Özəl tədris müəssisələrinin fəaliyyətinə də Milli Təhsil, Gənclik və
İdman Nazirliyi nəzarət edir. Qeyri-dövlət məktəblərinin nizam-intizam
məsələləri və tədris standartları da nazirlik tərəfindən tənzimlənir.
Məktəblərdə şagirdlərin dərsdənkənar məşğələlərə
cəlb olunması işinə xüsusi diqqət yetirilir. Təhsil ocaqlarında təsviri
incəsənət, musiqi, idman və digər dərnəklər fəaliyyət göstərir. Bütün bunlar
uşaqların fərdi yaradıcılıq qabiliyyətinin və istedadının inkişaf etdirilməsinə
xidmət edir.
Peşə təhsili
Kiprdə icbari təhsili başa vuran şagirdlərin
təxminən 20 faizi öz təhsilini texniki və ya peşə məktəblərində davam etdirir.
Bu tədris ocaqlarında təhsil əsasən iki istiqamətdə - nəzəri və texniki
istiqamətlərdə aparılır.
Texniki və peşə məktəblərində kənd təsərrüfatı,
tibb bacısı, turizm, otel menecmenti və iaşə xidməti ixtisaslarına yiyələnmək
mümkündür. Onu da qeyd edək ki, peşə təhsili də orta təhsilin bir hissəsi hesab
edilir.
Milli Təhsil, Gənclik və İdman Nazirliyi texniki
və ya peşə məktəblərində tədris olunan ixtisasların müəyyənləşdirilməsi, eləcə
də məzunların məşğulluğunun təmin olunması məqsədilə Əmək və Sosial Müdafiə
Nazirliyi ilə yaxından əməkdaşlıq edir. Odur ki, peşə məktəblərində əsasən əmək
bazarının tələblərinə uyğun ixtisaslar tədris edilir.
Texniki və peşə təhsili proqramları çərçivəsində
yaşlıların təhsilinə də imkan yaradılır. Yaşlıların peşə təhsili proqramları
ömürboyu öyrənmə və təkmilləşmə prinsipinə əsaslanır.
Ali təhsil
Son illər Şimali Kipr Türk Respublikasında ali
təhsil sahəsinin sürətli inkişafı müşahidə edilməkdədir. Ölkə universitetləri
yüksək səviyyəli təhsil proqramları sayəsində dünya arenasında tanınmağa
iddialıdır.
Avropa ölkələrinin əksər hissəsində olduğu kimi,
ali təhsil pilləsində bakalavriatura səviyyəsi 4 il davam edir. Şimali Kipr
Türk Respublikası Boloniya prosesinə qoşulmasa da, bu dərəcə 240 Avropa Kredit
Transferi Sisteminə uyğun gəlir.
Magistratura səviyyəsi diplomdansonrakı dərəcə
kimi qəbul olunur. Bakalavriatura səviyyəsini bitirən məzunlar öz təhsillərini
magistratura səviyyəsində müvafiq ixtisaslar üzrə davam etdirə bilərlər.
Elmi araşdırmaları əhatə edən doktorantura ali
təhsilin üçüncü səviyyəsi hesab olunur. Doktoranturaya yalnız magistraturanı
bitirmiş məzunlar qəbul edilirlər. 3 illik təhsil və elmi tədqiqat fəaliyyətini
əhatə edən doktorantura səviyyəsinin sonunda hər bir doktorant konkret nəzəri
müddəalarını sübuta yetirməli, araşdırmaların nəticələri ortaya qoyulmalıdır.
Şimali Kiprdə fəaliyyət göstərən ali təhsil
müəssisələri ilbəil beynəlxalq əlaqələrini və tələbə mübadiləsinin səviyyəsini
yüksəltməyə nail olur. Kipr Beynəlxalq Universiteti, Şərqi Aralıq Dənizi
Universiteti, Lefke Avropa Universiteti, Girnə Amerikan Universiteti, Yaxın
Şərq Universiteti, Lefkoşa Atatürk Təlim Akademiyası, Türkiyənin Orta Şərq
Texniki Universitetinin və İstanbul Texniki Universitetinin Şimali Kiprdəki
filiallarında həyata keçirilən layihələr bu tədris ocaqlarının nüfuzunu daha da
artırır, onların qarşısında yeni perspektiv inkişaf imkanları açır.
Yüksək nüfuzu ilə fərqlənən Şərqi Aralıq Dənizi
Universiteti beynəlxalq statusa malikdir. Bu ali məktəbdə dünyanın müxtəlif
ölkələrindən tələbələr təhsil alır. Universitetdə ümumilikdə 14000-ə yaxın
tələbə müxtəlif ixtisaslara yiyələnir və 1000-dən çox işçi çalışır.
Lefke Avropa Universiteti, Beynəlxalq Kipr
Universiteti, Girnə Amerikan Universiteti, Orta Şərq Texniki Universiteti
Şimali Kipr filialı və digər ali məktəblərdə də həm yerli, həm də əcnəbi
tələbələr təhsil alırlar. Bəzi universitetlərdə təlim dili kimi ingilis dilinə
də yer verilir. Kipr universitetlərinə Birləşmiş Krallıq, Almaniya, Türkiyə,
MDB respublikaları, İordaniya, Hindistan, Misir, Pakistan, Sudan və digər ölkələrdən
olan tələbələr daha çox maraq göstərirlər.
Beynəlxalq əməkdaşlıq
Şimali Kipr təhsil və elmi əməkdaşlıq sahələrində
beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir. Bu baxımdan Boloniya
prosesi və onun müddəalarının tətbiqi, universitetlərarası və beynəlxalq
təşkilatlarla ikitərəfli razılaşmalar, birgə əməkdaşlıq məsələləri daim diqqət
mərkəzində saxlanılır.
ERASMUS mübadilə proqramı, Aralıq dənizi ölkələri
əməkdaşlıq proqramları və digər təhsil proqramları üzrə əlaqələr
genişləndirilir. Tələbə mübadiləsi sahəsində ilbəil daha müsbət nəticələr
qazanılır, elmi əlaqələrin inkişafına hərtərəfli dəstək verilir.
Onu da qeyd edək ki, Şimali Kipr Türk Respublikası
ilə Azərbaycan arasında elm və təhsil sahəsindəki əlaqələr ilbəil inkişaf
etməkdə, əməkdaşlığın yeni-yeni istiqamətləri müzakirə olunmaqdadır.
MÜQAYİSƏLİ
STATİSTİKA
|
|
Avstriya
Respublikasının təhsil sistemi
Avropa İttifaqının üzvü olan
Avstriya 9 əyalətdən ibarət federal dövlətdir. Ölkə əhalisinin 88 faizi alman
dilində danışır. Odur ki, təhsil sahəsində də alman dili aparıcı mövqeyə sahibdir.
Ölkənin cənub və şərq əyalətlərində yaşayan etnik azlıqların ana dillərində
təhsil almaları üçün imkanlar yaradılıb.
6-15 yaşlı uşaqlar üçün təhsil
icbari xarakter daşıyır. Əhalinin savadlılıq səviyyəsi 98 faizdir. Ölkə üzrə
ümumi xərclərin 5,4 faizi təhsil sahəsinə ayrılır.
Orta məktəblərdə təhsil aşağı və
yuxarı pillələrə bölünür. Orta təhsil pilləsi üzrə tədris ili sentyabr ayından
iyun ayına qədər davam edir. Tədris həftəsi 6 gün davam edir. Dərslər
birnövbəlidir. Məktəblərdə tarix, iqtisadiyyat və coğrafiya kimi fənlərin hər
hansı bir xarici dildə tədris olunmasına imkan yaradılır. Bəzi əyalətlərdə
Beynəlxalq ikidilli məktəblərin açılması kimi pilot layihələr həyata keçirilir.
Avstriyanın ibtidai və orta məktəblərində
qiymət və bal sistemi 1-dən 5-ə qədər hesablanır. 1 qiyməti ən yaxşı, 5 qiyməti
zəif, 4 qiyməti isə keçid qiyməti kimi qəbul olunur. İbtidai təhsil
səviyyəsində, bir sıra seçmə kurslarda - xor və dram dərslərində uşaqlara
qiymət yazılmır. Bununla yanaşı, əhəmiyyətlilik baxımından müəyyən fənlərə
xüsusi diqqət göstərilir. Bu fənlər üzrə şagirdlərin əldə etdikləri
nailiyyətlər ali məktəb seçimində təkanverici amilə çevrilir.
Dövlət məktəbləri ilə yanaşı,
özəl tədris ocaqları da fəaliyyət göstərir. Özəl məktəblər əsasən Roma Katolik
Kilsəsinin nəzarəti altındadır. Ölkə üzrə şagirdlərin 88 faizi dövlət
məktəblərində təhsil alır.
Orta məktəbdən sonrakı təhsil
dövrünə kollec, universitet, ixtisas institutu və akademiya təhsili daxildir.
Bir çox ölkələrdən fərqli olaraq
universitetlərə və digər ali təhsil müəssisələrində oxumaq üçün xüsusi qəbul
imtahanı vermək tələb edilmir. Məzunların orta məktəbi bitirdiyini təsdiq edən
sənəd ali təhsil müəssisələrinə qəbul olunmağa əsas verir. Bütün
universitetlərdə tədris Boloniya müqaviləsinin prinsipləri əsasında qurulub.
Ali təhsilin idarə edilməsi üzrə səlahiyyət federal hökumətə məxsusdur.
Təhsil, Elm və Mədəniyyət üzrə
Federal Nazirlik orta, orta pillədən sonrakı təhsil, ali təhsil və texniki peşə
təhsili üzrə cavabdehdir. Əmək və İqtisadi Məsələlər üzrə Federal Nazirlik isə
ilkin peşə təhsili və əsasən təlim təcrübəsi məsələlərinə nəzarət edir.
Peşə təhsili proqramlarına
qadınlar daha çox maraq göstərir. Riyaziyyat, kompüter elmləri və mühəndislik
kimi ixtisaslara kişilərin axını üstünlük təşkil edir. Bu sahədə mövcud olan
gender müxtəlifliyini aradan qaldırmaq üçün hökumət Təhsil, Elm və Mədəniyyət
İşləri üzrə Federal Nazirliyin Fəaliyyət Planına uyğun olaraq xüsusi təşəbbüs
proqramı hazırlayıb. Bu proqramın əsas hədəfi məktəblərə müxtariyyətin
verilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.
Ölkənin təhsil sistemində texniki
peşə təhsili müəssisələrinə şagirdlərin cəlb edilməsi prioritet məsələlərdən
biridir. Lakin son illərdə orta məktəb məzunlarının texniki peşə müəssisələrindən
daha çox universitetlərə yönləndirmək üçün müəyyən təşəbbüslər edilir və xüsusi
proqramlar həyata keçirilir.
Avstriya hökuməti müasir
texnologiyaların tətbiqi məsələlərinə xüsusi önəm verir. Praktiki prinsiplərin
təlim kurikulumlarına yönəldilməsi müsbət nəticələr verir. Şəhər və kənd
arasındakı fərqliliyi aradan qaldırmaq məqsədilə multimedia və İnternet
əlaqələri daha da inkişaf etdirilir.
Məktəbəqədər təhsil
Avstriyada məktəbəqədər təhsil
3-6 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Məktəbəqədər təhsil müəssisələri
bağçalar və körpələr evlərindən ibarətdir. Uşaqların bağçalara cəlb edilməsi
icbari xarakter daşımır. Valideynlərin əksəriyyəti öz uşaqlarını 5 yaşından
məktəbəqədər təhsil müəssisələrinə göndərməyə üstünlük verirlər. Uşaq bağçaları
yarım gün və yaxud da tam iş günü qrafiki ilə işləyirlər.
Məktəbəqədər təhsil
müəssisələrində tədris prosesi uşaqların qrup məşğələləri əsasında təşkil
edilir. Uşaqların hərtərəfli formalaşması üçün fərdi inkişafa təkan verən oyun
metodu əsasında tədrisə də üstünlük verilir.
Məktəbəqədər təhsil
müəssisələrinin 75 faizi dövlət bağçaları olsa da, yerli özünüidarəetmə
qurumları tərəfindən idarə edilir. Ölkə üzrə 5 yaşlı uşaqların 90 faizindən
çoxu məktəbəqədər təhsil müəssisələrinə cəlb olunur.
İbtidai təhsil
İbtidai təhsil mərhələsində
tədris prosesi əsasən alman dilində aparılır və 4 il davam edir. Alman dili ana
dili olmayan uşaqlar üçün iki dildə və yaxud əlavə tədris aparıla bilər.
Bəzi məktəblərdə təhsilin
beynəlxalq standartlara uyğun qurulmasına xüsusi diqqət yetirilir. Belə təhsil
müəssisələrində tədrisin ingilis dilində aparılmasına üstünlük verilir.
İbtidai təhsil mərhələsində dil
və əmək təlimindən başqa bütün fənlər üzrə eyni müəllim dərs keçir.
İbtidai təhsildə din, coğrafiya, tarix, biologiya, alman dili, oxu, yazı,
riyaziyyat, xarici dil, musiqi, toxuculuq və texniki iş, idman, yol
təhlükəsizliyi kimi fənlərin tədrisi icbaridir.
İbtidai məktəblər üçün nəzərdə
tutulmuş bütün dərsliklər Təhsil, Elm və Mədəniyyət üzrə Federal Nazirlik
tərəfindən təsdiq edilir. Eyni fənn üzrə müxtəlif dərsliklər olduğu halda,
məktəblilərə dərslikləri seçməkdə tam sərbəstlik verilir.
Orta təhsil
Avstriyada 4 illik ibtidai təhsil
pilləsini başa vurduqdan sonra şagirdlər ümumi orta təhsil pilləsinə daxil
olurlar. İcbari təhsil 9 il davam edir.
Orta təhsil pilləsi iki pilləyə:
ümumi orta təhsil və akademik orta təhsil pilləsinə bölünür. Hələ orta məktəb
təhsili dövründə şagirdlər davamlı təhsil və ya texniki peşə təhsili
istiqamətləri üzrə ixtisaslaşırlar. Riyaziyyat, alman dili və xarici dillər üç
səviyyəli proqramlar üzrə tədris olunur. Bu fənlərin öyrənilməsi uşaqlara
təhsil mərhələsini gimnaziyalarda davam etdirməyə imkan yaradır.
Avstriyada klassik və real
gimnaziyalar daha nüfuzlu məktəblər hesab olunur. Gimnaziyalarda tədrisin
keyfiyyətinə daha çox diqqət yetirilir, müasir xarici və klassik dillər
öyrədilir. Gimnaziyaların məzunları universitetlərə imtahansız qəbul edilir.
Ölkə üzrə təxminən 320 orta
təhsil verən gimnaziya fəaliyyət göstərir. Bu gimnaziyalarda da təxminən 360000
şagird təhsil alır.
Kurikulumlar Təhsil, Elm və
Mədəniyyət üzrə Federal Nazirliyinin təşkil etdiyi ekspertlərdən ibarət işçi
qrupu tərəfindən hazırlanır. Bu işdə onlara məktəb direktorları, müəllimlər və
kənar ekspertlər yaxından kömək edir, müvafiq tövsiyələr verirlər. Qeyd
etdiyimiz kimi, ümumi icbari təhsil dinindən, irqindən, milliyyətindən və
sosial mənşəyindən asılı olmayaraq Avstriya vətəndaşı olan bütün uşaqlara şamil
edilir.
Dövlət məktəbləri ilə yanaşı,
özəl orta məktəblər də fəaliyyət göstərir. Dövlət məktəblərində təhsil haqqı
üçün heç bir ödəniş tələb olunmur. Federal hökumət tərəfindən uşaqların məktəbə
gedib-gəlməsi üçün xüsusi nəqliyyat vasitəsi ayrılır. Şagirdlər dövlət
tərəfindən dərsliklərlə də təmin olunur. Müəyyən hallarda valideynlərdən
dərslik haqqının 10 faizini ödəmək tələb olunur. Orta məktəblərdə dərslər
sentyabrın əvvəlində başlayır.
Orta məktəbi bitirmiş məzunlara 9
illik icbari təhsil haqqında şəhadətnamə verilir. Məktəblilərin 100 faizi
icbari təhsil pilləsini tamamlamağa nail olurlar.
Dövlət və özəl məktəblərindən
əlavə, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müvafiq məktəblər də fəaliyyət
göstərir. Belə məktəblərdə tədris digər tədris ocaqlarından fərqlənir.
Şagirdlərin təxminən 40 faizi
icbari təhsil pilləsini başa vurduqdan sonra peşə məktəblərinə, eləcə də təlim
və təcrübə proqramlarına daxil olurlar.
Texniki peşə təhsili
Avstriyada texniki peşə təhsili
və təlimi məktəbləri və kolleclərinin yaranması XIX əsrə təsadüf edir. Həmin
dövrdən ötən müddətdə texniki peşə təhsilində ciddi dəyişiklik olunub və bu
sahə bir neçə inkişaf mərhələsindən keçib.
Texniki peşə məktəblərində
mühəndislik, incəsənət, geyim, turizm, biznes və ticarət, idarəetmə və xidmət
sənayesi, sosial xidmətlər, kənd təsərrüfatı, səhiyyə və tibb sektoru,
kosmetika, heyvanlara qulluq kimi ixtisaslar tədris olunur. İxtisasdan asılı
olaraq texniki peşə məktəblərində təhsil müddəti 3-5 il arasında dəyişir.
Orta təhsili başa vuran
məzunların seçdikləri peşə kolleclərində əsasən sosial işçi, müəllim hazırlığı
və tibb işçilərinin təlimi sahələri üzrə tədris aparılır. Həmin kolleclərdə
peşə təhsili adətən altı semestr davam edir və müəyyən peşə sahəsinə dair
diplomun verilməsi ilə nəticələnir.
Ali təhsil
Avstriyada ali təhsil
müəssisələri sırasına universitet, incəsənət universitetləri, kolleclər (bu
təhsil müəssisələrində müəllimlər və sosial işçilər kimi mütəxəssislər
hazırlanır) və digər ali məktəblər daxildir. Ali məktəblərdə tələbələrə ümumi
nəzəri biliklər verilir. Praktiki təcrübə və bacarıqlar əmək fəaliyyəti
dövründə əldə edilir.
Avstriyada bütün universitetlər
dövlət tərəfindən maliyyələşdirilir. Universitet əməkdaşları və müəllimlər
dövlət qulluqçusu hesab olunurlar. Universitetlər federal büdcədən
maliyyələşir.
1994-cü ildən ölkədə tətbiqi
elmlər universitetləri fəaliyyətə başlayıb. Bu ali təhsil müəssisələrinin
fəaliyyətinə Avstriyanın elm və tədqiqat naziri tərəfindən on altı nəfər
ekspertdən ibarət təşkil olunmuş müstəqil agentlik nəzarət edir. Tətbiqi elmlər
universitetlərinin təhsil proqramları digər ali məktəblərin təhsil
proqramlarından fərqlənir. Bu universitetlərin təhsil proqramlarında peşə
təhsili ali təhsil səviyyəsində öyrənilir və əmək bazarının tələbləri daha çox
nəzərə alınır.
Müəyyən olunmuş vaxt ərzində ali
təhsil proqramlarını mənimsəyən Avstriya və Avropa ölkələrinin vətəndaşları
üçün ali təhsil ödənişsizdir. Universitetlərdə verilən bakalavr, magistr və
dokror dərəcələri ABŞ, Kanada və digər Avropa ölkələrindəki müvafiq dərəcələrə
uyğundur.
Hazırda Avstriyada 22 ali təhsil
müəssisəsi, 18 tətbiqi elmlər universiteti, 11 özəl universitet fəaliyyət
göstərir. 1365-ci ildə təsis olunmuş Vyana Universiteti Avropada qədim tarixi
ənənələrə malik olan ikinci ən böyük universitet hesab olunur. Ali təhsil
müəssisələrində dərs ili 8-12 semestrdən ibarət olur. Qış semestri oktyabrın
1-dən, yay semestri isə martın 1-dən başlayır. Hər bir semestrin sonunda
imtahan verilir. Son kursda tələbələrdən diplom işi yazmaq tələb olunur.
Akkreditasiya Şurası tam müstəqil
qərarvermə hüququna malikdir. Bu qurum özəl universitetlərin, akademik
proqramların, akkreditasiyadan keçmiş özəl universitetlərin yenidən
akkreditasiyası və onların fəaliyyətinə nəzarət məsələlərini həyata keçirir.
Ən məşhur ali təhsil
müəssisələrinin sırasına Vyana Universiteti, Vyana Tibb Universiteti, Təbii
Resurslar və Tətbiqi Həyat Elmləri Universiteti, Vyana İqtisadiyyat və Biznes
Administrasiyası Universiteti, Vyana Tətbiqi İncəsənət
Akademiyası, Vyana Musiqi Universiteti daxildir.
Avstriya ali məktəblərində
kifayət qədər əcnəbi tələbələr təhsil alır. Ölkə universitetlərində oxumaq
istəyən əcnəbilərdən alman dilini yüksək səviyyədə bilmək, orta məktəbi
bitirmək haqqında sertifikat və sağlamlıq haqqında arayış tələb olunur.
Avstriya universitetləri
digər inkişaf etmiş ölkələrdə olduğu kimi, ən yüksək səviyyəli elmi-tədqiqat
qurumları hesab olunur. 2004-cü ildən universitetlərin hamısı elmi-tədqiqat
işlərində və təhsil fəaliyyətlərində muxtar status qazanıb, tam müstəqil hüquqi
qurum kimi fəaliyyət göstərirlər.
Yaşlıların təhsili
Avstriyada XIX əsrin sonlarından
tətbiq olunan yaşlıların təhsili proqramından hər bir Avstriya vətəndaşı
yararlana bilər. Bəzi kurslar və təlim proqramlarında xüsusi ixtisas təhsilinin
olması tələb olunur. İşləyən yaşlı şəxslərin təhsili proqramını seçənlər
minimum səkkizillik təhsil proqramını bitirməli və 17 yaşına çatmış şəxs
olmalıdır. Bəzi tədris ocaqları təhsil proqramının iştirakçılarına daha
əlverişli imkan yaratmaq üçün axşam kursları da təşkil edirlər. Yaşlıların
təhsili daha çox texniki peşə məktəbləri və kollecləri, əmək bazarı xidməti
orqanları tərəfindən həyata keçirilir.
Ölkə üzrə yaşlıların təhsili
istiqamətində 270-ə yaxın yaşlıların təhsili mərkəzi, 9 regional assosiasiya, 1
federal assosiasiya fəaliyyət göstərir.
Elmi tədqiqatlar
Avstriyada elmi tədqiqatlar
universitetlərdə və qeyri-universitet sektorunda aparılır. 2010-cu ildə federal
hökumət elmi tədqiqatların maliyyələşməsinə 400 milyon avro vəsait ayırıb.
Elmi-tədqiqat müəssisələri Təhsil, Elm və Mədəniyyət üzrə Federal Nazirliyin nəzarəti
altında fəaliyyət göstərirlər.
Ölkənin elmi tədqiqat
şəbəkəsinin lideri 1847-ci ildə yaradılmış Avstriya Elmlər Akademiyasıdır.
Akademiyanın nəzdində 22 institut, 5 tədqiqat mərkəzi, 35 elmi komissiya, 3
tədqiqat şirkəti fəaliyyət göstərir.
Avstriya İqtisadi Tədqiqatlar
İnstitutu və Mükəmməl Tədqiqatlar İnstitutunda iqtisadiyyat sahəsində
tədqiqatlar aparılır. 1989-cu ildə yaradılmış Kristian Dopler Tədqiqat
Assosiasiyasında fundamental tədqiqatlar vasitəsilə əldə edilmiş biliyin
sənayedə tətbiq edilməsi məsələləri araşdırılır. Bu mərkəzin əsas məqsədi
texnologiya və iqtisadiyyat sahələrində elmi yeniliklərin inkişafına təkan
verməkdən ibarətdir.
Bu günə qədər Nobel
mükafatı almağa 16 avstriyalı alim təqdim edilib. Onlardan 3 nəfəri bu ali
mükafata layiq görülüb.
Beynəlxalq əməkdaşlıq
Avstriya təhsil və elmi
əməkdaşlıq sahəsində beynəlxalq əlaqələrə xüsusi önəm verir. Ölkə 1948-ci ildən
etibarən Avropa Yenidənqurma və İnkişaf Bankının, 1956-cı ildən Beynəlxalq
Maliyyə Korporasiyasının, 1961-ci ildən isə Beynəlxalq İnkişaf Assosiasiyasının
üzvüdür. Bu qurumlarla əməkdaşlıq ölkədə təhsilin, elmin inkişafına xidmət edən
islahatların dərinləşməsinə təkan verir, insan amilinə daha həssaslıqla
yanaşılmasına yol açır. Ölkənin sosial-iqtisadi və mədəni inkişafı, müasir
texnologiyaların tətbiqi baxımından qabaqcıl dünya təcrübəsindən uğurla
istifadə edilir, Avstriyadakı mütərəqqi yeniliklərdən digər ölkələr bəhrələnir.
Ölkənin təhsil və elm sahəsində
beynəlxalq əlaqələri hökumətlərarası razılığa əsaslanan Elmi və Texnoloji
Əməkdaşlıq Müqaviləsi ilə tənzimlənir. Bu baxımdan elm və texnologiya sahəsində
imzalanmış digər müqavilələr də mühüm rol oynayır.
Çin Xalq
Respublikasının təhsil sistemi
Şərqi Asiyada yerləşən Çin Xalq
Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi hökumətin nəzarəti
altındadır. 1949-cu ildən etibarən Çin Kommunist Partiyası təhsilin idarə
olunmasında mühüm rol oynayır. Çin Kommunist Partiyasının müəyyən etdiyi geniş
təhsil strategiyasında təhsilin keyfiyyətinin yüksəldilməsi müasirləşdirmə ilə
əlaqələndirilib. Partiya təhsil strategiyasının icrasına nəzarət edir, təhsil
müəssisələrində işin təşkilini istiqamətləndirir.
Çində uşaqlar 3 yaşdan 6 yaşa
qədər məktəbəqədər təhsilə cəlb olunur. 6 illik ibtidai təhsilə bölgələrdən
asılı olaraq 6 və ya 7 yaşlı uşaqlar qəbul edilir. Orta təhsil isə 12 yaşdan 18
yaşa qədərki dövrü əhatə etməklə 6 il davam edir. Orta təhsil pilləsinin ilk üç
ili aralıq məktəblərdə, növbəti üç ili isə orta məktəblərdə həyata keçirilir.
Bəzi əyalətlərdə ibtidai təhsil 5 il davam edir. Bu halda aralıq məktəblərdə
təhsilin müddəti 4 il təşkil edir.
Ölkə üzrə ibtidai və orta təhsil
pilləsində oxuyan şagirdlərin sayı 200 milyon nəfəri ötür. İbtidai və orta
təhsilin keyfiyyətinin yüksəldilməsi üçün hökumətin ayırdığı xüsusi maliyyə
vəsaiti yeni məktəblərin tikilməsi, təmiri, bərpası və lüzumsuz məktəblərin
ixtisarı üçün nəzərdə tutulur. İbtidai və orta təhsil pilləsində adambaşına
maliyyələşmə modelinin tətbiqi genişləndirilir, tədris və tədqiqat
avadanlıqları, kitablar, dərsliklər, əyani vəsaitlər hər il yenilənir.
2006-cı ildən Çin 9 illik pulsuz
icbari təhsil sistemini qəbul edib. İcbari təhsil ibtidai təhsil və əsas təhsil
pilləsindən ibarətdir. Uşaqlar 6 yaşdan 15 yaşa qədər icbari təhsil
almalıdırlar.
İcbari təhsil haqqında qanunda
Çinin ərazisi 3 kateqoriyaya bölünmüşdür: şəhərlər və iqtisadi cəhətdən inkişaf
etmiş əyalətlər; rayonlar və orta səviyyədə inkişaf etmiş kəndlər; iqtisadi
cəhətdən kasıb ərazilər.
Statistik göstəricilərə görə,
2007-ci ildə Çin Xalq Respublikasında 396567 ibtidai məktəb, 94116 orta məktəb
və 2236 ali məktəb fəaliyyət göstərib. 2007-ci ilin statistik məlumatlarına
əsasən ölkədə yaşı 15-dən yuxarı olan əhalinin 93,3 faizi savadlıdır.
2009-cu ildə Beynəlxalq Şagird
Qiymətləndirmə Proqramı (PİSA) çərçivəsində 15 yaşlı məktəb şagirdləri arasında
keçirilmiş tədqiqatlarda Çin riyaziyyat, təbiət elmləri və ədəbiyyat üzrə ən
yaxşı nəticəyə nail olub. Müəyyən edilib ki, Çinin ən ucqar əyalətlərindəki
şagirdlərin müvafiq göstəriciləri orta həddə yaxındır.
Ölkə üzrə sentyabrın 1-dən
başlayan tədris ili 2 semestrdən ibarətdir. Hər bir semestr 19 həftə davam
edir. Bundan əlavə, 1 həftə əlverişsiz hava şəraiti ehtimalına görə ehtiyatda
saxlanılır. İyul və avqust ayları yay, yanvar və fevral ayları isə qış tətili
hesab olunur. İbtidai və orta təhsil pilləsində tədris həftəsi 5 günlükdür.
İstedadlı və təlim çətinlikləri
olan uşaqların təhsilinin xüsusi qaydalar əsasında təşkil edilməsinin vacibliyi
ilə əlaqədar 1985-ci ildə müvafiq proqram təsdiq olundu. Proqramda istedadlı
şagirdlər və təlim çətinlikləri olan uşaqlarla bağlı müddəalar əksini tapdı.
Ciddi əqli və fiziki qüsuru olan uşaqların təhsili ilə bağlı dövlət müəyyən
addımlar atsa da, onların təhsilinə valideynlər cavabdehlik daşıyır.
Hazırda Çində 1540 xüsusi təhsil
məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə təhsil alanların sayı 375000
nəfər təşkil edir. Bundan əlavə, Çində fiziki və əqli qüsuru olan uşaqlar üçün
100 peşə təlimi müəssisəsi, 3000 standart peşə məktəbi, eşitmə çətinlikləri
olan uşaqların reabilitasiyası üçün 1700 təlim təşkilatı vardır. Hər il
minlərlə fiziki qüsuru olan şagird ali təhsil müəssisələrinə daxil olur.
Çində yaşlıların təhsili müxtəlif
formalarda həyata keçirilir. Yaşlıların təhsili vasitəsilə ölkə vətəndaşlarının
siyasət, iqtisadiyyat, mədəniyyət, elm, texnologiya və digər sahələr üzrə
hazırlığı təmin edilir. Yaşlıların təhsili ilə məşğul olan 528 müəssisənin 65
faizində magistratura, 30 faizində isə bakalavr təhsili verilir. Belə təhsil
müəssisələrinə fəhlə, media, qiyabi və axşam universitetləri, idarəetmə və
təhsil kollecləri daxildir. Yaşlıların orta təhsili müəssisələri isə peşə və
media məktəbləri, bacarıq təlimi müəssisələrindən ibarətdir. Fəhlə ibtidai
məktəbləri yaşlıların ibtidai təhsil müəssisələri hesab olunur. Onu da qeyd
edək ki, yaşlıların təhsili əyani, qiyabi, özünütəhsil və distant təhsil
formasında təşkil olunur.
Ölkədə mütəşəkkil müəllim
hazırlığı sistemi mövcuddur. Çində müəllimlik peşəsi ən mötəbər peşələrdən biri
kimi qəbul olunur. Gənc müəllimlər hər zaman təcrübəli pedaqoqların dərslərini
müşahidə edir, özlərini daha yaxşı tərəfdən göstərmək üçün var qüvvələri ilə
çalışırlar. Müəllimlər mütəmadi olaraq fasiləsiz peşə hazırlığına cəlb
olunurlar.
Onu da qeyd edək ki, müəllimlərin
təhsili iki istiqamətdə aparılır: ilkin müəllim hazırlığı və ixtisasartırma
təhsili. İlkin müəllim hazırlığı 4 illik müəllim hazırlığı institutları, o
cümlədən adi universitetlər və kolleclər, 3 illik müəllim hazırlığı kollecləri
və orta məktəb müəllimlərinin hazırlığı müəssisələrində təşkil olunur.
Müəllimlərin ixtisasartırma təhsili isə müvafiq institutlar və müəllimlərin
ixtisasartırma təhsili məktəblərində həyata keçirilir.
1985-ci ildən hökumət vergi
əsasında maliyyələşən ali təhsil sistemini ləğv edib. Bununla da
abituriyentlərin akademik qabiliyyət əsasında təqaüdlər uğrunda rəqabət
aparmasına şərait yaranıb. 80-ci illərin əvvəllərində ilk özəl ali təhsil
müəssisələrinin əsasının qoyulmasına icazə verilib.
Çində ali təhsilin səviyyəsi
yüksək, əhatə dairəsi çox genişdir. Son 10 ildə bakalavr pilləsində təhsil
alanların və doktorluq dərəcəsinə malik olanların sayı dəfələrlə artıb. Ölkədə
100-dən çox nüfuzlu ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan ən
tanınmışı Pekin və Sinxua universitetləridir.
Çində təhsil xərcləri ilbəil
artaraq hazırda 100 milyard dolları ötüb. 80-ci illərin əvvəllərindən
başlayaraq elm və texnologiyanın inkişafı təhsil strategiyasının prioritetinə
çevrilib.
Ali təhsil pilləsində ümumi
xərclərin müəyyən faizi həcmində təhsil haqqı tələb olunur. Aztəminatlı
ailələrdən olan tələbələrin ali təhsil almasını asanlaşdırmaq üçün hökumət
səmərəli yardım metodlarından istifadə edir. Belə yardım paketinə təqaüdlər,
"oxu və işlə" proqramları, aztəminatlı ailələrdən olan tələbələrə
əlavə yardımların olunması, təhsil haqqının azaldılması və ya tam aradan
qaldırılması, dövlət təqaüdlərinin verilməsi daxildir.
Məktəbəqədər təhsil
Qeyd etdiyimiz kimi, Çində
uşaqlar 3 yaşdan 6 yaşa qədər məktəbəqədər təhsil müəssisələrinə cəlb olunur.
Çin məktəbəqədər təhsilə olduqca ciddi diqqət yetirən azsaylı ölkələrdən
biridir. Məktəbəqədər təhsil pilləsi bütün cəmiyyətin resurslarının
səfərbərliyi sayəsində inkişaf etdirilir.
Bağçalar yerli hökumətlər
tərəfindən idarə olunsa da, müxtəlif qurumlar, ictimai təşkilatlar və fərdlər
də məktəbəqədər təhsil müəssisələri təsis edə bilərlər. Şəhərlərdə və
regionlarda bağçalar təhsil şöbələri, hökumət qurumları, müəssisələr, əyalət
idarələri və fərdlər tərəfindən idarə olunur. Ucqar əyalətlərdə məktəbəqədər
təhsilə ictimaiyyət maddi yardım edir. İqtisadi cəhətdən kasıb ərazilərdə,
etnik azlıqların yaşadıqları yerlərdə məktəbəqədər təhsil forması kimi uşaq
fəaliyyət mərkəzləri, oyun qrupları, çevik yardım mərkəzləri fəaliyyət
göstərir. Belə ərazilərdə 1 və ya 2 illik bağçalar mövsümdən asılı olaraq
işləyirlər.
Son illərdə ucqar, iqtisadi
cəhətdən kasıb və etnik azlıqların yaşadıqları ərazilərdə məktəbəqədər
təhsilin səviyyəsi sürətlə inkişaf etməkdədir. Məktəbəqədər təhsil
müəssisələrində uşaqlara qayğı tədrislə inteqrasiya edilir. Bu da uşaqların
məktəb təhsilinə hazırlanması üçün fiziki, mənəvi, əqli və estetik tərbiyəsinin
harmonik şəkildə təmin olunmasına imkan verir. Məktəbəqədər təhsil
müəssisələrində tətbiq olunan təhsil proqramları sistemli, məqsədli və
çoxtərəflidir.
Məktəbəqədər təhsilin idarə
olunması işinin səmərəliliyini artırmaq üçün dövlət tərəfindən silsilə qanunlar
qəbul edilir. Dövlət, həmçinin məktəbəqədər təhsil müəssisələrində çalışan
müəllimlərin və tərbiyəçilərin ixtisaslaşmasına dair yeni qayda və qanunların
həyata keçirilməsinə başlayıb. Hazırda Çində məktəbəqədər təhsil müəssisələri
üçün ixtisaslı müəllim hazırlayan 67 məktəb fəaliyyət göstərir.
İbtidai təhsil
Çində ibtidai təhsil pilləsi o
qədər genişdir ki, çox böyük çətinliklər hesabına bu sahədə müəyyən
nailiyyətlər əldə edilib. 1986-cı ildə qəbul edilmiş icbari təhsil haqqında
qanunda ibtidai təhsilin milli səviyyədə genişləndirilməsi nəzərdə tutulur.
Qeyd etdiyimiz kimi, ölkədə uşaqlar 6 yaşından başlayaraq ibtidai təhsilə cəlb
olunurlar.
Əksər əyalətlərdə ibtidai təhsil
pilləsi 5 il davam edir. Lakin Pekin, Şanxay və digər böyük şəhərlərdə ibtidai
təhsil pilləsi 6 illikdir.
İbtidai təhsil kurikulumuna Çin
dili, riyaziyyat, fiziki təhsil, musiqi, təsviri sənət, həyat bilgisi, tarix və
coğrafiya fənləri daxildir. Bundan əlavə, siyasi biliklər və etik davranışların
tədrisi də kurikulumun bir hissəsini təşkil edir. İngilis dili III sinifdən
başlayaraq tədris olunur. IV sinifdən hər semestrdə iki həftə texnologiya
tədris olunur. Bunun nəticəsində şagirdlər yaradıcı əmək vasitəsilə müəyyən
vərdişlər qazanır, nəzəri bilikləri istehsalatla əlaqələndirirlər.
Tədris qrup halında təşkil olunur
ki, bu da şagirdlərin birgə əməkdaşlıq bacarıqlarına yiyələnmələrinə imkan
verir. Şagirdlərin cavabdehliyini artırmaq üçün məktəblərə xadimələr təyin
edilmir. Məktəbin təmizliyi məhz şagirdlər tərəfindən həyata keçirilir.
Orta təhsil
Çində orta təhsil aşağı və yuxarı
pillədən ibarətdir. Orta təhsilin aşağı və yuxarı pilləsinin hər biri 3 il
davam edir. İcbari təhsilin son 3 ili orta təhsilin aşağı pilləsi hesab olunur.
6 illik ibtidai təhsil pilləsini
başa vurduqdan sonra şagirdlər öz təhsillərini orta təhsilin aşağı pilləsində
davam etdirməlidirlər. Orta təhsilin aşağı pilləsini tamamladıqdan sonra isə
şagirdlər müvafiq qəbul imtahanı verərək növbəti 3 ili akademik təmayüllü orta
məktəblərdə oxuya və ya peşə məktəblərinə daxil ola bilərlər.
Orta təhsilin yuxarı pilləsinə
qəbul imtahanı ildə bir dəfə Çin dili, riyaziyyat, ingilis dili, fizika, kimya,
siyasət və fiziki təhsil fənlərindən təşkil olunur. Qəbul balı müxtəlif
regionlardan asılı olaraq dəyişə bilər.
Orta təhsilin yuxarı pilləsi
X-XII sinifləri əhatə edir. Təhsilin bu pilləsində tədris ili 2 semestrdən, 40
həftədən ibarətdir.
Yuxarı pillədə cari tədris olunan
fənlər icbari və seçmə olmaqla iki qrupa bölünür. Akademik kurikuluma Çin dili,
riyaziyyat, ingilis dili, fizika, kimya, biologiya, coğrafiya, tarix, siyasət,
musiqi, təsviri sənət, fiziki təhsil, texnologiya, kompüter kimi fənlər daxildir.
Bəzi məktəblərdə peşəyönümlü fənlər də tədris edilir.
Son illər orta təhsilin yuxarı
pilləsində oxuyan şagirdlərin sayı davamlı olaraq artmaqdadır. Məzunlar Ali
Təhsilə Qəbul üzrə Milli İmtahanlarda əsasən Çin dili, riyaziyyat və ingilis
dili fənlərindən imtahan verirlər.
Orta təhsilin yuxarı
pilləsini bitirənlərin çoxunun universitetlərə və peşə məktəblərinə daxil
olmalarına baxmayaraq, Çində bu pilləni bitirən hər kəs artıq təhsilli şəxs
hesab edilir. Universitetlərin məhdud sayda elan etdiyi yerlərə qəbul olmaq
üçün rəqabətin gərginliyini nəzərə alan valideynlər və şagirdlər orta
məktəbləri dəqiqliklə seçirlər.
Peşə təhsili
Çində peşə təhsili sistemi 130
illik inkişaf tarixinə malikdir. Həyata keçirilmiş köklü peşə təhsili
islahatları nəticəsində bu sahədə ciddi inkişaf meyilləri müşahidə olunur.
Tətbiq olunmuş yeniliklər sayəsində peşə təhsili müəssisələri təkmilləşib və
inkişaf edib. Onu da qeyd edək ki, Çində peşə təhsili orta təhsilin aşağı və
yuxarı pillələrində, eləcə də ali təhsil pilləsində həyata keçirilir.
Orta təhsilin aşağı pilləsində
təşkil olunan peşə təhsilinin məqsədi müvafiq peşə biliklərinə və bacarıqlarına
yiyələnmiş işçilər, fəhlələr hazırlamaqdır. Bu pillədə həyata keçirilən peşə
təhsili 9 illik icbari təhsilin bir hissəsini təşkil edir.
Orta təhsilin yuxarı pilləsində
təşkil olunan peşə təhsilinin məqsədi isə əməli bacarıqlara yiyələnmiş ikinci
dərəcəli işçi qüvvəsi hazırlamaqdır. Orta təhsilin yuxarı pilləsində təşkil
olunan peşə təhsili 2 ildən 4 ilə qədər davam edən proqramlara əsaslanır. Bu
növ peşə təhsili ixtisaslaşmış orta məktəblərdə, bacarıqlı işçi məktəblərində
və peşə təmayüllü orta məktəblərdə həyata keçirilir.
İxtisaslaşmış orta məktəblərdə 3
və ya 4 illik proqramlar, bacarıqlı işçi məktəblərində isə 3 illik proqramlar
əsasında ikinci dərəcəli işçilər hazırlanır. 3 illik peşə təmayüllü orta
məktəblərdə istehsalat, xidmət, texnologiya və idarəetmə sahəsi üzrə ikinci
dərəcəli mütəxəssislər yetişdirilir.
Peşə təmayüllü və ixtisaslaşmış
orta məktəbləri başa vuranlar öz təhsillərini ali peşə məktəblərində davam
etdirə bilərlər. Ali peşə məktəblərinin məqsədi texniki və idarəetmə sahəsində
yüksəkixtisaslı kadrlar hazırlamaqdır.
Ali peşə məktəbləri 4 yerə
bölünür: ali peşə və texnologiya kollecləri; ixtisaslaşmış orta məktəblərdə
təşkil olunan 5 illik ali peşə məktəbləri; ali təhsil və yaşlıların ali təhsili
müəssisələrində təşkil olunan ali peşə təhsili; təcrübəyönümlü kadrların,
yüksək səviyyəli peşəkar və texniki mütəxəssislərin hazırlanması ilə məşğul
olan 2-3 illik ali təhsil müəssisələri.
Ali təhsil
Çinin ali təhsil sistemi Amerika
Birləşmiş Ştatlarının (ABŞ) və Birləşmiş Krallığın ali təhsil sistemlərinin
vəhdətindən ibarət olsa da, daha çox ABŞ təhsil sisteminə bənzəyir. Ölkədə ali
təhsil pilləsi əsasən ödənişlidir. Ali təhsil üçmərhələli bakalavr,
magistratura və doktorantura pillələrindən ibarətdir. Bundan əlavə, dərəcə
verməyən proqramlar üzrə tədris aparılan universitetlər də var. Magistratura və
doktorantura dərəcəsi müvafiq Dövlət Şurası tərəfindən akkreditasiyadan keçmiş
universitetlər və tədqiqat müəssisələrində verilir.
Ölkənin ali təhsil sistemində həm
3 illik, həm də 4 illik proqramlar tədris olunur. 3 illik proqramların tədrisi
istənilən ali təhsil müəssisəsində aparılır. 4 illik proqramlar isə 4 illik
kolleclərdə və ya universitetlərdə tədris olunur. 4 illik proqramlardan fərqli
olaraq, 3 illik proqramların sonunda bakalavr dərəcəsi verilmir. Tələbə 3 illik
proqramın davamı kimi əlavə olaraq 2 il təhsil aldıqda bakalavr dərəcəsinə
sahib ola bilər.
Çində 1650 adi ali təhsil
müəssisəsi, 528 yaşlıların ali təhsili müəssisəsi və 214 özəl ali təhsil
müəssisəsi fəaliyyət göstərir. 2005-ci ilin statistikasına görə, Çinin ali
təhsil müəssisələrində 23 milyon tələbə təhsil alıb. Bu isə əvvəlki illə
müqayisədə 10 faiz çoxdur (2004-cü ildə təxminən 21 milyon nəfər olub).
Ölkənin ali təhsil müəssisələri
adi universitetlər, texniki universitetlər, kənd təsərrüfatı, xarici dillər və
tibb sahələri üzrə ixtisaslaşmış ali təhsil müəssisələri, peşə kollecləri -
müəllim hazırlığı müəssisələri və ixtisaslaşmış kolleclər kimi qruplara
bölünür.
Ali təhsil müəssisələrinin
bəziləri əyalət hökumətləri (Şanxay Universiteti), bəziləri müxtəlif
nazirliklər və dövlət idarələri (Pekin Aeronavtika Universiteti) tərəfindən
idarə olunur. Bundan əlavə, Təhsil Nazirliyi tərəfindən idarə olunan ali təhsil
müəssisələri (Pekin Universiteti) də vardır. Bu tip universitetlər mərkəzi və
yerli hökumət tərəfindən müştərək idarə olunur.
Statistik məlumatlara görə, Çində
magistratura təhsili verən 770 ali təhsil müəssisəsi fəaliyyət göstərir ki,
onlardan da 73-ü və ya 10 faizi Təhsil Nazirliyinə, 296-sı isə mərkəzi hökumətə
tabedir. Bundan əlavə, 315 tədqiqat müəssisəsinin 272-si mərkəzi hökumətin
nəzarəti altındadır. Magistratura təhsili verən ali təhsil müəssisələrinin 48
faizi mərkəzi hökumətin tabeliyindədir. Göründüyü kimi, mərkəzi hökumət
magistratura təhsili verən ali təhsil müəssisələrinə daha çox nəzarət edir.
1731 ali təhsil müəssisəsi isə bakalavr pilləsi üzrə təhsil verir.
Son zamanlar həyata keçirilən
islahatlar nəticəsində ali təhsil sisteminin təkmilləşməsinə böyük diqqət
yetirilir. Bir çox sənaye universitetləri və ixtisaslaşmış kolleclər təsis
olunub. Yeni ixtisaslar, o cümlədən avtomatika, nüvə enerjisi, enerji
resursları, okeanoqrafiya, nüvə fizikası, kompüter elmləri, polimerlər kimyası,
polimerlər fizikası, radiokimya, fiziki kimya ixtisası üzrə mütəxəssis
hazırlığı aparılır.
Elmi tədqiqatlar
Çin bir çox texnologiyaların
ixtira olunduğu, müasir sivilizasiyanın təməlinin qoyulduğu ölkələrdən biri
kimi tanınır. İlk kağız istehsalı, ağac nəqqaşlığı, çevik makina çapı, maqnit,
iynəli kompas, barıt, seysmoloji detektor, kibrit, iki funksiyalı porşenli
nasos, domna peçi, çuqun istehsalı, asma körpülər, təbii qazın yanacaq kimi
istifadəsi, hidravlik çəkic, mexaniki zəncir ötürücüsü, mexaniki kəmər
ötürücüsü, pər, qundaqlı ox-yay, artilleriya topu, raket və digər çoxsaylı
ixtiralar bunu təsdiq edir.
Ölkə astronomları səma
cismlərinin ilkin və dəqiq müşahidələrini aparanlar sırasındadır. Çin riyaziyyatçıları
yunan riyaziyyatçılarından bəhrələnərək riyaziyyat elminin inkişafına layiqli
töhfələr veriblər.
Bütün bunlara baxmayaraq XVII
əsrə qədər Çində elm və texnologiyanın tətbiqi Avropadan geri qalırdı. Yalnız
bu dövrdən sonra həyata keçirilmiş islahatlar sayəsində Çin qlobal
iqtisadiyyata inteqrasiya etdi, hökumət elm və texnologiyanın inkişafına böyük
diqqət göstərməyə başladı.
1960-1970-ci illərdə Çin-Sovet
qarşıdurmasından sonra Çin nüvə silahı istehsal etməyə başladı və 1964-cü ildə
ilk uğurlu sınaq həyata keçirildi. 1970-ci ildə Çin ilk süni peykini buraxdı.
Bununla da Çin müstəqil peykə malik olan beşinci ölkə oldu.
Hazırda Çin elmi-tədqiqat və
texnoloji inkişafa ayırdığı büdcənin həcminə görə dünyada ikinci yerdə
qərarlaşır. 2006-cı ildə Çin hökuməti elm və texnologiya sahəsinə 136 milyard
ABŞ dolları investisiya ayırıb ki, bu da 2005-ci illə müqayisədə 20 faiz
çoxdur.
Qərbdə hələ də mübahisəli məsələ
kimi nəzərdən keçirilən törəmə hüceyrələrin tədqiqatı və gen terapiyası Çində
ən yüksək səviyyədə inkişaf edib. Ölkə üzrə 926000 tədqiqatçı fəaliyyət
göstərir. Bu göstəriciyə görə Çin dünyada ikinci yeri tutur.
Kosmosun fəthi istiqamətində bir
çox uğurlara imza atan ölkə kifayət qədər mürəkkəb layihələrə maliyyə vəsaiti
ayırır. Ayın Tədqiqi Proqramının bir hissəsi kimi 2007-ci ildə Çin Çanqe kosmik
gəmisini uğurla orbitə çıxarıb. 2011-ci ilin sentyabr ayında Çinin ilk kosmik
stansiya modulu olan Tianqonq-1 uğurla fəaliyyətə başlayıb.
Ölkədə yarımkeçiricilər, o
cümlədən bərpa edilən enerji, hidroelektrik enerji, külək və günəş enerjisi
sahəsində funksional kompüter proqramları hazırlanır. Yanacaq enerji
stansiyalarında çirklənmənin qarşısını almaq üçün Çin girdə yanacaqlı nüvə
reaktorlarından istifadə edən ilk ölkədir. Bu tip reaktorun istifadə edilməsi
daha əlverişli və təhlükəsizdir.
2010-cu ildə Çinin Milli Super
Kompüter Mərkəzi hazırda dünyanın ən sürətli super kompüterini hazırlamağa nail
olub. 2010-cu ildən ölkədə dünyanın ən yaxşı 10 super kompüterlərindən biri
olan Nebula super kompüterləri də istehsal edilməkdədir.
Beynəlxalq əməkdaşlıq
Təhsildə beynəlxalq əməkdaşlığa
xüsusi diqqət yetirən Çin digər ölkələrlə müqayisədə xaricdə təhsil almağa daha
çox tələbə göndərir. 1978-ci ildə aparılan islahatlardan sonra 700000-ə yaxın
çinli 103 ölkədə təhsil alıb. Onlardan yalnız 185000-i təhsillərini başa
vurduqdan sonra ölkələrinə qayıdıb.
Çində təhsil alan əcnəbi
tələbələrin sayı ildə 20 faiz artır. Rəsmi statistikaya görə, 2007-ci ildə bu
ölkədə təhsil alan əcnəbi tələbələrin sayı 195503 nəfər təşkil edib. Dünyanın
188 ölkəsini təmsil edən əcnəbi tələbələr ən çox Cənubi Koreyadan (57504),
Yaponiyadan (18363), ABŞ-dan (11784), Vyetnamdan (7310) və İndoneziyadan (5652)
gəlirlər.
Çində təhsilin inkişafına bir çox
beynəlxalq təşkilatlar, o cümlədən YUNESKO, YUNİSEF, BMT-nin Əhali Fondu,
BMT-nin İnkişaf Proqramı, Dünya Əmək Təşkilatı, Asiya-Sakit Okean
İqtisadi Əməkdaşlıq Təşkilatı, AİƏT, Dünya Bankı öz töhfələrini
verməkdədir. Yalnız Dünya Bankı Çin təhsilinin inkişafına 1,5 milyard ABŞ dolları
həcmində kredit ayırıb.
Böyük nüfuza malik Pekin və
Sinxua universitetləri mükəmməl tədris və tədqiqat imkanlarına görə beynəlxalq
arenada tanınır. Çin diplomların qarşılıqlı tanınması sahəsində 40 ölkə, o
cümlədən Fransa, Böyük Britaniya, ABŞ, Rusiya və digər ölkələrlə müqavilələr
imzalayıb.
Mənə 5.000.000.00 ABŞ dolları məbləğində kredit verən kredit şirkəti digər kredit investorları mənim təklifimi laqeyd etsələr də mr benjamin lee mənə müvəffəqiyyət borcu verərlər. Onlar birbaşa kredit maliyyələşdirmə və investisiya baxımından layihədədirlər. kapital bazarları fondlarına çıxış əldə etmək istəyən şirkətlərə və şəxslərə maliyyələşdirmə həlləri təqdim edir, layihənizi maliyyələşdirməyə və ya işinizi genişləndirməyə kömək edə bilərlər .. E-poçt Əlaqə :::: Lfdsloans@outlook.com və ya da yazın
YanıtlaSilwhatsapp nömrəsi + 1- (989-394-3740)