Məqalə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Müəllimi qəzeti redaksiyası tərəfindən elan edilmiş "Ən yaxşı yazı müsabiqəsi"ndə I Dərəcəli diplomla qalib elan edilib.
Tarix fənni timsalında nümunəvi dərsi qurarkən müəllim nə
etməli?
Öz üzərində işləyən
müəllimlər müasir dərsin qurulması qaydaları, eləcə də tətbiqi ilə yaxından
tanışdılar. Müasir dərsin özünəməxsus mərhələləri vardır ki, bu mərhələlər
doğru şəkildə tətbiq edildiyi zaman mükəmməl dərs qurmaq mümkün olur. Hətta
müəllim və şagirdlər dərs prosesindən zövq alırlar. Müasir dərsi tətbiq
etmək üçün, dərsin mərhələləri üzrə qarşıya qoyulmuş qaydalar, vaxt, meyarlar,
tapşırıqlar və s düzgün yerinə yetirilməlidir.
Müasir
dərsin üstünlükləri nələrdir?
Dərsə
hazırlaşarkən müəllim daha çox əmək sərf edir. Nəticədə mükəmməl şəkildə dərs
qurur. Şagirdlər tərəfindən dərs maraqsız və darıxıdırıcı deyil, daha maraqlı
qəbul edilir. Dərsdə şagirdlər 45 dəqiqənin necə keçdiyinin fərqində olmurlar.
Çünki, dərs bütün siniflə həyata keçirilir, nəticədə bütün şagirdlər dərsdə
öyrənmə prosesinə cəlb edilir. Dərs şagirdlərin maraqlarına, eləcə də dövlətin
qoyduğu tələblərə uyğun olaraq qurulur. Fəal dərs zamanı şagirdlər bir dərsdə
öyrəndikləri öyrənmə nümunəsində, əslində sərbəst “öyrənməyi öyrənirlər”. Çünki
şagirdlərə informasiyalar emal edilərək deyil, təfəkkürlərini inkişaf etdirmək
üçün tapşırıqlar formasında verilir. Şagirdlər tədqiqat prosesində problemi
özləri həll edir və təfəkkürləri inkişaf edir.
Fəal
dərsin əsas üstünlüyü ondan ibarətdir ki, fəal dərs şagirdlərin idrak
fəallığını artırır, onları düşündürür, müstəqil qərarlar çıxarmağa yönəldir.
İdrak fəaliyyətinin gedişində şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürü
inkişaf edir. Təfəkkürün inkişafının başlanğıc nöqtəsi isə
informasiyadır.Şagirdlərin təfəkkürünü inkişaf etdirmək üçün fəal təlim
üsullarından istifadə olunur.
Fəal
təlimin üsullarından istifadə nəinki şagirdin təfəkkürünün inkişafına, eyni
zamanda “qarşılıqlı fəaliyyət” zamanı müxtəlif kompetensiyalara malik
olmalarına gətirib çıxarır.
Fənn
kurikulumunu tətbiq edən müəllim dərsini qurarkən aşağıdakı meyarları nəzərə
almalıdır.
- Standartın düzgün seçilməsi
- Məqsədin standarta uyğunluğu
- Məqsədin reallaşdırılması üçün əlverişli forma və üsulların seçilməsi
- Fəndaxili və fənlərarası inteqrasiya
- Resurslardan məqsədəuyğun istifadə
- Motivasiyanın məqsədəuyğun qoyulması
- Tədqiqat sualının təlim məqsədinə uyğunluğu
- Təlim tapşırığının problemin həllinə istiqamətlənməsi və şagirdlərin potensial imkanlarına uyğunluğu
- Məlumat mübadiləsi mərhələsinin təşkili (şagirdlərin təhlil etmə və təqdim etmə bacarığı)
- Məlumatın müzakirəsinin təşkili
- Ümumiləşdirmə və nəticə
- Qiymətləndirmə meyarlarının düzgün müəyyən edilməsi (qiymətləndirmənin təlim boyu aparılması)
- Müəllim nitqinin aydınlığı
- Dərsdə vaxtdan səmərəli istifadə. Şagirdlərdə əməkdaşlıq bacarığının formalaşdırılması
Dərsin
gedişi zamanı müəllimlərdən asılı və ya asılı olmayan səbəblərdən nöqsanlar baş
verir.
Bəzən dərs prosesində müəllim müəyyən nöqsanlara yol verir. Ilk
öncə qeyd edim ki, nöqsansız, mükəmməl, nümunəvi dərs yoxdur. Dərs
prosesində xırda nöqsanların baş verməsi normal haldır. Ancaq ciddi nöqsanlar
varsa, deməli müəllim ya hansısa meyarları, ya da bu meyarların tətbiqi
qaydasını yerinə yetirməli olduğunu düzgün bilmir.
Onun üçün
əsas olaraq fənn kurikulumunun tətbiqi zamanı təcrübəli müəllimlərdən örnək
götürmək, dəstək almaq daha məqsədəuyğundur.
Fənn
kurikulumunun dərsdə tətbiqi zamanı xüsusilə nələrə diqqət edilməli...
1. İlk
öncə müəllim evdə dərs prosesinə hazırlaşarkən dərsdə reallaşdırmalı olacağı
standartları düzgün seçməlidir. Standartları seçərkən onu hansı mövzu əsasında
reallaşdıra biləcəyini əvvəlcədən dəqiqləşdirir.
Bəzən xırda nöqsanlara da yol verilir.
Bəzən müəllim seçdiyi standartları dərsdə
reallaşdıra bilmir. Bu müxtəlif səbəblərdən baş verir. Standartların daha çox
seçilməsindən, standartlardan çıxarılmış məqsədlərin dərs boyu yerinə yetirilib
vaxtında çatdırılmaması, tapşırıqların standart və məqsədlərə xidmət etməməsi
və s kimi səbəblərdən baş verir.
2. Müəllim dərsin məqsədlərini
hazırlayarkən standartları nəzərə almır, məqsədlər standartlardan çıxarılmır,
sadəcə kortəbii olaraq mövzuya xidmət edən məqsədlər olur. Müəllim dərsi
qurarkən dərsin əsas hissəsi olan standart və məqsədləri bir-birinə uyğun
olaraq hazırlamalıdır ki, dərs boyu planlaşdırma ardıcıl şəkildə davam
etsin.
3. Diqqət edilməli olacaq digər
məsələ öncədən müəyyənləşdirilmiş məqsədlərin 45 dəqiqə ərzində yerinə
yetirilib çatdırılması, həmçinin məqsədlərin reallaşması, müəllimin tədqiqat
zamanı şagirdlərə vermiş olduğu tapşırıqlarda da öz əksini tapır. Əgər
müəllimin tədqiqat zamanı hazırladığı tapşırıqlar məqsədə xidmət etmirsə,
həmçinin tədqiqat sualı məqsədlərə xidmət etmirsə, deməli məqsədlər kortəbii
olaraq yazılmış və əslində tətbiq edilməmişdir.
4. Bildiyimiz kimi dərsin ilk mərhələsi Motivasiya mərhələsidir. Bu mərhələ fəal dərsin
əsas hissəsini təşkil etdiyindən çox əhəmiyyət kəsb edir. Dərsin Motivasiya mərhələsinin düzgün və ya
yalnış qurulması dərsin sonluğuna təsir edir. Müəllimin motivasiya üçün
ayırdığı vaxta düzgün riayət etməsi doğru atılmış addımdır. Motivasiya sinfin,
şagirdlərin yaş səviyyəsinə uyğun olarsa məqsədə çatmaq asanlaşar. Müəllim
şagirdləri birbaşa motivasiyadan tədqiqata yönəltməyi xüsusi nəzərə alması
önəmli məsələlərdəndir.
5. Tədqiqat sualı qoyulan zaman, sualın
məqsədlərə xidmət etməsinə diqqət edilməlidir.
Bəzən müəllim bu mərhələdə ciddi nöqsanlara yol verir.
1. Şagirdin səsləndirməli olduğu fikri
onun yerinə özü səsləndirir.
2. Şagirdlərin hər birindən fikirlərini
dinləmədən, hər hansı şagird düz cavabı səsləndirərsə dərhal motivasiya
nəticəsini elan edir və digər şagirdlərlə əqli iş aparılmır.
3. Müəllim motivasiya zamanı şagirdləri tədqiqata
yönləndirmək əvəzinə, şagirdlərdən keçəcəyi mövzunun adını almağa
çalışır.
4. Müəllim dərs icmalını evdə yazan
zaman, motivasiya mərhələsini hazır edəndə şagirdin yaş
səviyyəsini nəzərə almır.
5. Əgər müəllim izah verəcəksə bunu
motivasiyadan sonra etsə daha yaxı olar. Bəzən müəllimlər motivasiya bitdikdən
sonra tədqiqat sualını elan edib, iş vərəqlərini şagirdlərə paylayır. Sonra isə
izah verməyə başlayır. Bu doğru addım deyil. Bu zaman şagirdlərin fikri iş
vərəqlərindəki tapşırıqlarda qalır və müəllimin izahına diqqət edilmir. Müəllim
izah verməlidirsə, izahını verməli, daha sonra şagirdləri iş vərəqindəki
tapşırıqlarla tanış etməlidir. Ondan sonra isə iş vərəqlərini şagirdlərə
paylaması daha məqsədəuyğundur. Müəllimin kiçik izahlarına ehtiyac olarsa,
digər mərhələlərdə də ola bilər.
6. Müəllim, şagirdlərə iş vərəqlərini
paylamazdan qabaq onları dərs prosesində əvvəlcədən hansı meyarlarla
qiymətləndirməli olduğunu elan etməsi daha yaxşı olardı. Ancaq, tədqiqatdan
öncə olması şərt deyil, müəllim istənilən bir mərhələdə meyarları şagirdlərin
nəzərinə çatdıra bilər. Bəzən dərs prosesində müəllimin icmalına müəyyən dəyişikliklər
etməsinə ehtiyac yaranır. Bu isə müəllimdən bacarıq tələb edir. Müəllim
qiymətləndirməni fənn kurikulumunda dərsin bütün mərhələlərində tətbiq
edə bilir. Şagirdlərin əvvəlcədən hansı meyara görə qiymət aldıqlarını
bilmələri daha məqsədəuyğundur. Həmçinin müəllim iş vərəqini şagirdlərə
paylayarkən, tədqiqat zamanı onlara nə qədər vaxt ayırdığını elan etsə daha
yaxşı olar, çünki şagirdlər əvvəlcədən hansı vaxtda tapşırığı yerinə yetirməli
olduqlarını bilsələr, vaxtlarını ona uyğun olaraq bölmə imkanı qazanarlar.
7. İş vərəqləri tələblərə uyğun
qurulmalıdır. Bəzən müəllim, iş vərəqində yazdığı tapşırıqlar məqsədlərə xidmət
etmir. İş vərəqində tapşırıq adı altında bir neçə sual verilir? Tapşırıq
və sual arasında fərq var. Tapşırıq verilirsə bu tam şəkildə ifadə edilsə daha
yaxşı olar. Şagird tapşırığı necə və hansı formada yazacağını müəllim iş
vərəqində qeyd etməlidir. Nümunə
1:Cavanşir və Babəkə məxsus olan cəhətləri aşağıdakı diaqramda müqayisə
edərək oxşar və fərqli cəhətlərini yazın. Nümunə2:Əgər sən dövlət başçısı
olsaydın dövlətini qorumaq üçün ölkədə hansı tədbirləri görərdin? Aşağıda
ayrılmış sahədə qeyd edin.
İş vərəqində verilmiş tapşırıqlar, digər qruplarda
verilmiş tapşırıqlarla eyni səviyyədə olmalıdır. Bir qrupa verilmiş tapşırıq
çox sadə, digərinə verilmiş tapşırıq çətin olarsa bu şagirdlər arasında
narazılıq yaradar və müəllim ədalətsizliyə yol vermiş olar. İş
vərəqlərində verilmiş tapşırıqların təfəkkürün inkişafına xidmət etməsi daha
məqsədəuyğundur. Çünki, faktlara əsaslanan tapşırıqları şagirdlər kitabdan
seçib köçürtmə imkanına malikdirlər. Faktlara əsaslanan tapşırıqlara çox
köklənmək şagirdləri təfəkkürün inkişafından uzaqlaşdırır və fakt əzbərləməyə
yönəldir. Bunun üçün iş vərəqlərində verilmiş tapşırıqlar məntiqi, tənqidi,
yaradıcı tapşırıqlar olsa daha yaxşı olar. Həmçinin tapşırıqlar qoyulan zaman
müəllim mütləq tədqiqat sualını nəzərə alır.
Tapşırıqları verərkən müəllim şagirdlərin qarşısında ziddiyyətli, həlli
olmayan və ya çox çətinliklə həlli olan problemi qoymamalı, problemi qoyarkən
müəllim tapşırığın bir neçə həll variantı olmasını nəzərə almalıdır.
8. Bəzən müəllim dərs icmalında iş
üsullarını qeyd xatirinə yazır. Dərs icmalında olan iş üsulları deyil,
yazılmayan iş üsulu və iş formalarını tətbiq edir. Müəllim dərs prosesinə
hazırlaşarkən əvvəlcədən standartları nəzərdən keçirməli və fəaliyyət
xətlərinə uyğun olan iş üsulunu və formasını-strategiyanı düzgün seçməsi
vacibdir. Əks halda standartların reallaşması doğru şəkildə tətbiq edilməyəcəkdir.
9. Fəndaxili və fənlərarası
inteqrasiyanın dərs boyu, dərsin istənilən bir mərhələsində tətbiqinə müəllimin
diqqət etməsi də vacib məsələlərdəndir. İnteqrasiya kortəbii xarakter daşımalı
deyil, məqsədlərə xidmət etməlidir.
10. Müəllimin sinifdə istifadə
etdiyi əlavə resurs mövzuya, məqsədlərə, şagirdlərin yaş səviyyəsinə xidmət
etməklə yanaşı doğru və şagirdləri yalnış istiqamətə yönləndirməyən resurs
olması daha məqsədəuyğundur. Bəzən müəllimin dərsdə istifadə etdiyi mənbələr
doğru seçilmədiyindən, mənbə ilə işləmə prosesi çox vaxt getməsinə səbəb olur
və məqsədə çatmağa mane olur.
11. Dərsin növbəti mərhələsi Məlumat mübadiləsi və müzakirə mərhələsidir. Bu mərhələ zamanı da
müəllim bir sıra nöqsanlara yol verə bilir. Təqdimat zamanı müəllim
tapşırıqları dinləmə prosesində bir qrupa az digər qrupa çox zaman ayırmaqla,
eləcə də, bir qrupa daha çox sual digərinə daha az sual ünvanlamaqla,
tapşırıqlara və məqsədə xidmət etməyən suallar verməklə məqsəddən uzaqlaşa
bilər.
Bəzi hallarda müəllim iki eyni yaş səviyyəsində şagirdlər
olan sinfi idarə edir. Hər iki sinifdə dərs prosesini eyni müəllim
aparır. Bu zaman bir sinif üçün hazırladığı dərs icmalını və hazırladığı
kiçik summativ qiymətləndirməni digər bir sinif üçün də tətbiq edir. Çox
hallarda isə, metodik vəsaitdə olan kiçik summativ qiymətləndirmə
nümunəsini, müəllim sadəcə sürətini çıxardaraq bütün şagirdlərə təqdim
edir. Müəllimdən əsas tələb olunan məsələlərdən biri də şagirddən sinif
səviyyəsini nəzərə almasıdır. Müəllim sinif səviyyəsini nəzərə almadan bu
prosesi icra edərsə, müyyən dərəcədə işini çətinləşdirmiş olacaq. Çünki dərs
keçdiyimiz siniflərdə şagirdlərin yaş səviyyələri eyni olmur. Sinfin biri çox
zəif, digəri isə daha güclü və ya orta səviyyədə ola bilər. O baxımdan, müəllim
eyni dərs icmalını və qiymətləndirməni təşkil edərkən hər sinfə uyğun meyarları
olmalıdır. Siniflərdə şagirdlərin hafizə və təfəkkür səviyyələri nəzərə
alınaraq, hər sinfə uyğun motivasiya hazırlanmalı, tapşırıqlar sinif səviyyəsinə
uyğunlaşdırılmalı, eləcə də dərsin digər bölmələri və qiymətləndirmələrdə buna
xüsusi diqqət edilməsi daha məqsədəuyğundur.
Təhsilimizin üstünlüklərindən biri də, yeni işə
başlamış müəllimlərə, eləcə də fənn kurikulumu sistemindəki yenilikləri
öyrənməklə bağlı müxtəlif problemləri olan müəllimlər üçün metodik
vəsaitlər, internet resursları, şablon vasitələr çox saydadır. Ancaq, bütün bu
vəsaitlər müəllimlərə istiqamət ala bilmələri üçün verilir. Şablon
vəsaitlər üzərində müəllimlər öz yaradıcılıqlarını tətbiq edərək, sinifdə dərsi
qurmaları daha yaxşı olardı. Heç bir şablon hazırlanarkən, mümkün deyil ki,
respublikada olan bütün məktəblərin siniflərinin səviyyələri nəzərə alınaraq
şablon hazırlansın. Bu səbəbdən, istənilən şablon tətbiq ediləndə şagirdlərin
hafizə və təfəkkürləri, yaş və sinif səviyyələrinin nəzərə alınması daha
məqsədəuyğundur.
Müəllimin dərs prosesində sərbəst ədəbi dildə danışması daha
məqsədəuyğundur. Bəzən müəllimlərin, dərsdə əlavə dillərdən (rus, türk
dillərində olan ifadələrdən) ləhcədən istifadə etməsi şagirdin, onu özü üçün
nümunəyə çevirməsinə gətirib çıxara bilər. Xüsusi ilə ibtidai sinif
müəllimlərinin yazıları və danışıq tərzləri şagird üçün nümunə olur.
Disleksiyalı müəllimin şagirdləri bir çox zaman disleksiyalı olurlar. Dərs
prosesində müəllimin canlı və təmiz nitqi qədər, onun jest və mimikaları da
önəmlidir. Dərsi aktiv, fəal, canlı etmək müəllimdən qismən “aktyorluk” tələb
edir.
Müəllim
dərs prosesində fasilitator kimi malik olduğu bacarıqlardan tam doğruluqla
istifadə etməlidir ki, şagirdlərin etibarını və inamını qazansın. Şagirdlər
sevdikləri müəllimin fənnini də sevərək oxuyurlar.
Fənn kurikulumunun tətbiqi zamanı şagirdlərə şəxsiyyət kimi yanaşılır. Onlara
istiqamət verilir və məsələnin doğru həllinə istiqamətləndirilir. Şagirdə “səhv
dedin” ifadəsini səsləndirməkdən imtina edilir, “başqa necə ifadə edə
bilərsən?” kimi ifadələrlə əvəz edilməsi daha məqsədəuyğun hesab edilir.
Fənn
kurikulumu o zaman münasib hesab olunur ki, o şagirdin maraqlarına, fənlərin
məzmunu, ümumən dünya haqqında olan sorğularına cavab verə bilsin. Kurikulumun
müəyyən edilməsi zamanı nəinki şagirdin maraqları, həm də dövlətin maraqları
nəzərə alınır.
Kurikulumu şagirdlər üçün münasib etməkdə məqsəd onların yeni
maraqlarını stimullaşdırmaqdan, yeni biliklərə qapılar açmaqdan, şagirdlərin
daha yüksək öyrənmə səviyyələrinə çatmalarına cəhdlər etməsini həyata
keçirməkdən ibarətdir.
Qeyd: Məqalənin ilk versiyasına əlavələr edərək paylaşmışam. Məqalənin orginal formasını Azərbaycan Müəllimi qəzetinin aprel ayı üçün olan 15 nömrəli buraxılışında tanış ola bilərsiniz.
Qeyd: Məqalənin ilk versiyasına əlavələr edərək paylaşmışam. Məqalənin orginal formasını Azərbaycan Müəllimi qəzetinin aprel ayı üçün olan 15 nömrəli buraxılışında tanış ola bilərsiniz.
Müəllif: 2013-2014-cü tədris ili üzrə “Ən Yaxşı Müəllim” müsabiqəsinin qalibi, 2015-ci tədris ili üzrə Elektron Təhsil Müsabiqəsinin “Tədrisdə Ən Yaxşı Metodik Tövsiyə/ sənəd” nominasiya üzrə qalibi Leyla Bayramova
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.