Fəal təlimin üstünlükləri
Təhsil bütün cəmiyyətlərin, xüsusilə də
demokratik cəmiyyətin ən zəruri komponentlərindəndir.
Hələ Tomas Cefferson qeyd edirdi ki, “Əgər
xalq elə güman edir ki, sivilizasiyanın hər hansı bir mərhələsində o, həm
cahil, həm də azad ola bilər, deməli o heç vaxt mümkün olmayan bir şey istəyir”
Dünyanın hər yerində təhsil sistemi
modernləşdirməyə çalışılır ki, günün tələblərinə mümkün qədər yaxşı cavab
versin. Müxtəlif ölkələrdə bu sahədə islahatlar aparılır.Lakin bu halda hər bir
ölkənin spesifik tələbatı, inkişaf səviyyəsi, təhsil sahəsində milli ənənələr nəzərə
alınır.
Demokratik təhsilin məqsədi demokratik
qaydalar və demokratik təcrübəyə dair dərin biliklərə malik olan, hər şeyi bilmək
istəyən müstəqil vətəndaşların formalaşması üçün şərait yaratmaqdır.
Respublika təhsil sistemində üstünlük təşkil
edən təlim sistemi təhsildə yeni nailiyyətlər əldə etməyə imkan vermirdi.
Doğrudur, bu təlim sistemi bir sıra üstünlüklərə malik idi. Ancaq, cəmiyyət
inkişaf etdikcə, insanların həyat tərzi, iş tərzi, dünyagörüşü dəyişdikcə təhsil
sisteminin də dəyişilməsi labüdləşir. Belə ki, informasiya axınının sürətli
olduğu bir dövrdə, elmin müxtəlif sahələrində toplanmış bilik kütləsi elə sürətlə
artır ki, təlimin ənənəvi sxemi bu məlumatları əldə etməyə imkan vermir. Ənənəvi
sxemin mahiyyəti ondan ibarət idi ki, müəllim yalnız “hazır bilikləri” şərh
edir, şagirdlər isə emal olunmuş hazır bilikləri isə passiv şəkildə mənimsəyirdilər.Şagirdə
verilmiş hazır biliklər isə şagirdin təfəkkürünü yaradıcı mənbədən, yəni sərbəstlik,
müstəqillik kimi keyfiyyətlərdən məhrum edir.
Müasir kurikulum isə ənənəvi təlim
sxemindən fərqli olaraq dövlətin təhsil siyasətinə aid konseptual sənəd olub,
mühüm məsələlərlə bağlı uzunmüddətli planlaşdırmanı özündə əks etdirir. Yeni təhsil
sxemi müəllimyönümlülükdən-şagiryönümlülüyə, təklifyönümlülükdən- tələbyönümlülüyə,
məzmunyönümlülükdən – nəticəyönümlülüyə istiqamətlənmişdir.
Müasir kurikuluma əsaslanaraq qurulan dərslərdə
istifadə olunan fəal təlim üsulları bizə öz məqsədimizə daha sadə, daha səmərəli
yolla nail olmağa imkan verir.
Fəal təlim şagirdlərin yaddaşının yeni
elmi biliklərlə, informasiyalarla zənginləşdirilməsinə deyil, biliklərin müstəqil
qazanılması, mənimsənilməsi vərdişləri və təfəkkürün müntəzəm şəkildə inkişaf
etdirilməsinə əsaslanır. Bu zaman şagirdlər müəllimin bələdçiliyi altında vacib
təlim materialının öyrənilməsi, problemin həll edilməsi prosesində müəllimin
köməyi olmadan elmin əsas qanunauyğunluqları haqqında nəticə çıxarmağı , müstəqil
şəkildə mühüm və dərin ümumiləşdirmələr aparmağı öyrənirlər.
Fəal təlimin əsas üstünlüyü ondan ibarətdir
ki, şagirdlərin idrak fəallığını artırır, onları düşündürür, müstəqil qərarlar
çıxarmağa yönəldir. İdrak fəaliyyətinin gedişində şagirdlərin məntiqi, tənqidi,
yaradıcı təfəkkürü inkişaf edir. Təfəkkürün inkişafının başlanğıc nöqtəsi
isə informasiyadır.Şagirdlərin təfəkkürünü inkişaf etdirmək üçün fəal təlim
üsullarından istifadə olunur.
Məhz fəal təlim üsullarının tətbiqi ilə
keçirilən dərslərdə ənənəvi qiymətləndirmədən fərqli, prinsipcə yeni qiymətləndirmə
sistemi nəzərdə tutulur. Məhz bu qiymətləndirmə sisteminin əsas prinsiplərindən
biri belədir: “ səhv cavablar olmur, sadəcə həmin cavablar müxtəlif olur.
Müasir kurikuluma əsaslanaraq keçilən dərslərin
qiymətləndirilməsi zamanı yalnız vacib informasiyanın mənimsədilməsi deyil, həm
də cəmiyyətin həyatında fəal vətəndaş mövqeyi və iştirakı üçün zəruri olan
qabiliyyətlərin əldə edilməsi, habelə insan hüquqlarının və demokratik cəmiyyətin
dəyərlərinin formalaşdırılması məsələləri xüsusi nəzərə alınır.
Təlim prosesinin iştirakçılarının həm müəllim,
həm də şagird olmasına baxmayaraq, məktəb təcrübəsində fəal təlimin tətbiq
edilməsinə məhz müəllimdən başlamaq lazımdır.
Müəllimlər ənənəvi sxemdə mövcud olan “reproduktor”
(bilikləri ötürən) rolundan imtina etməli və yeni bir rolu – biliklərin əldə
edilməsi yolunda “bələdçi” (fasilitator) rolunu qəbul etməlidirlər.
Düzgün fasilitasiya qaydalarına riayət
etməklə müxtəlif kompetensiyalara malik olan,şəxsiyyəti yetişdirmək mümkündür.
Fəal təlimin üstünlüklərindən biri də məhz şagirdə hörmətlə yanaşma , etibar
etmə hissinin yaradılması, cavabların yaxşı və ya pis qiymətləndirilməsindən
imtina edilməsi, onda müəllimə hörmət və özünə inam hissi yaratmalı, “müvəffəqiyyətsizliyin”
olmasına dair qorxunu aradan götürməlidir. Məhz bütün bunlar fasilitatorun əsas
vəzifələrindəndir.
Məqsəd sağlam məktəb mühitində ən vacib
cəhət olan insani münasibətlərin bərqərar olmasıdır. Həm müəllimlər, həm də
şagirdlər sağlam qarşılaşma, müsbət risk və əməkdaşlıq şəraitində məqsədlərin
müəyyən edilməsi və s kimi vərdişləri öyrənir və təcrübədə həyata keçirilər.
Müvəffəqiyyətli orta məktəb belə bir
düşüncəyə əsaslanır ki, şagirdlər ənənəvi sxemin müəllimlərinin fikirləşdiklərindən
daha qabiliyyətlidirlər. Şagirdlər müəllimin rolunu öz üzərinə götürdükdə, müəllimlər
hələ də öyrənmə vəziyyətlərində olduqda əsl öyrənmə vəziyyəti yaranır. Bu zaman
müəllimlər özləri şagirdlərin fəaliyyətini passiv müşahidə etməyib, öyrənmə
prosesinin fəal iştirakçıları olurlar.
Eyni zamanda müəllimin qarşısında duran ən
vacib vəzifə odur ki, o, şagird qarşısında problemi ustalıqla qoymağı, onun
idrak və tədqiqat fəalliyyətinə rəhbərlik etməyi bacarmalıdır.
Təlimin keyfiyyəti ancaq o zaman yüksəldilə
bilər ki, fənnin tədrisi şagirdlərin fəal işi ilə möhkəm əlaqələndirilmiş olsun
və şagirdlər birbaşa yaradıcılıq və axtarıcılıq prosesinə qoşulsunlar. Tədqiqatçılıq
prosesində şagirdin müstəqil axtarıcılıq işi üstünlük təşkil edir və bütöv
problemin həllinə yönəlmiş olur. Tədqiqatçılıq metodu həm də müəllimin
axtarışını istiqamətləndirir, problemi öyrənmək üçün situasiya yaradır, ziddiyətləri
aşkara çıxarır,
müqayisə edir, müsahibənin pillələrini qurur və nəhayət problem və
yarımproblemlərin hissələrinin həllinə şagirdləri cəlb edir.
Tədqiqat prosesində bələdçinin şagirdin
qarşısında qoyduğu problem (tədqiqat sualı) yeni biliklərin kəşfinə aparan
yolda “yolgöstərən ulduz” rolunu oynayır. Tədqiqat prosesində şagirdin idrak fəallığı
artır, düşüncə tərzi inkişaf edir və bu isə öz növbəsində şagirdlərin yüksək təfəkkürə
malik olmasına gətirib çıxarır. Yüksək təfəkkürə malik olan şagird isə hər
zaman qarşıya qoyulmuş problemin aradan qaldırılmasında, eləcə də real həyat
situasiyalarında icra zamanı çətinliklərlə qarşılaşmırlar.
Təfəkkür təcrübəsinin artması müasir məktəbin
əsas məsələsinin, şagird şəxsiyyətinin inkişafına yardımın həlli ilə sıx
bağlıdır.
Fəal təlimin üsullarından istifadə nəinki
şagirdin təfəkkürünün inkişafına, eyni zamanda “qarşılıqlı fəaliyyət” zamanı
müxtəlif kompetensiyalara malik olmalarına gətirib çıxarır.
Fəal təlim üsulları –müəllimin iştirakı
ilə müxtəlif informasiya mənbələri (kitab, xəritə, illüstrasiya və s) və ya
bir-biri ilə qarşılıqlı fəaliyyət prosesində yeni biliklər əldə etməyə imkan verən
təlim üsullarının və dərs formalarının məcmusudur.
Qeyd etmək lazımdır ki, dərs aparılması
prosesində üsul və model seçimi müəllimin öz öhdəsinə düşür, onun istək və təcrübəsindən
asılı olur. Təbii ki, bu zaman müəllim şagirdin də maraq və istəklərini nəzərə
almalıdır.
Kurikulum o zaman münasib hesab olunur
ki, o şagirdin maraqlarına, fənlərin məzmunu, ümumən dünya haqqında olan
sorğularına cavab verə bilsin. Kurikulumun müəyyən edilməsi zamanı nəinki
şagirdin maraqları, həm də dövlətin maraqları nəzərə alınır.
Kurikulumu şagirdlər üçün münasib etməkdə
məqsəd onların yeni maraqlarını stimullaşdırmaqdan, yeni biliklərə qapılar
açmaqdan, şagirdlərin daha yüksək öyrənmə səviyyələrinə çatmalarına cəhdlər etməsini
həyata keçirməkdən ibarətdir.
İstifadə olunan ədəbiyyat
Metodika
obuçeniya istorii v sredney şkole. M.,1978, c. 2. Q1.XVI,§ 1.Q1.XVII, §1-3
Veysova .Z.Fəal
interaktiv təlim: müəllimlər üçün vəsait .Bakı, 2007
Mübariz
Əmirov. Tam Orta Məktəbdə Tarixin Fəal/İnteraktiv təlimi metodikası .Bakı.2011
İnsan
hüquqlarının tədrisi. Müəllimlər üçün metodik vəsait.Bakı, 2007
Veysova .Z. Məktəb müəllimləri üçün fəal
təlim metodlarına giriş kursu, təlimçilər üçün metodik vəsait.Bakı.2004
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.