Uşağın məktəbə psixoloji hazırlığı
Uşaqda qavrayışın, diqqətin,
təxəyyülün, hafizə, təfəkkür və nitqin inkişafı ilə yanaşı onun müxtəlif
fəaliyyət növlərini, xüsusilə təlim fəaliyyətini müvəffəqiyyətlə yerinə
yetirməsi üçün bir sıra keyfiyyətlərə yiyələnməsi zəruridir.
Həmin tələblərə aşağıdakıları aid etmək olar: uşağın ümumi fiziki inkişafı,
kifayət qədər bilik ehtiyatına malik olması, özünəxidmət «məişət» vərdişlərinə
yiyələnməsi, ünsiyyətə girə bilmək bacarığı, mədəni davranış, sadə əmək
vərdişlərinə, nitqə, əsas psixi funksiyaların zəruri inkişaf səviyyəsinə,
koqnitiv və əqli inkişaf səviyyəsinə yiyələnmək, əməkdaşlıq etməyi bacarmaq,
davranışın ixtiyariliyi, oxumağa arzu və maraq.
Burada qavrayış, diqqət, hafizə, təfəkkür, nitq, iradə və s. kimi əsas psixi
funksiyaların inkişaf səviyyəsi xüsusi yer tutur.
Bəs məktəbə psixoloji hazırlıq üçün bütün bu qeyd olunanların inkişaf səviyyəsi
necə olmalıdır?
Burada birinci növbədə sensor (duyğu və qavrayışın) inkişafının müvafiq
səviyyədə olması zəruridir. Uşağın qavrayışının seçiciliyi, mənalılığı,
predmetliliyi lazımi səviyyədə olmalıdır. Məktəbə daxil olan uşaq cisimlərin və
onların xassələrinin identikliyini müəyyənləşdirməyi bacarmalıdır. Uşaq
rəngləri, cisimlərin forma və həcmini fərqləndirməyi bacarmalıdır. Təcrübə
göstərir ki, çox vaxt məktəbə daxil olan uşaqlarda bu cür bacarıq, başqa sözlə,
qavradıqları cisimləri məqsədəuyğun təhlil və fərqləndirmə bacarığı
formalaşmadığına görə təlimdə ciddi çətinliklərlə qarşılaşırlar. Ona görə də
təlim fəaliyyəti prosesində uşaqlarda həmin bacarıqları formalaşdırmaq, onları
müşahidə etməyə alışdırmaq zəruridir. Uşağın qavrayışının seçiciliyi,
mənalılığı, predmetliliyi lazımi səviyyədə olmalıdır.
Məktəbə daxil olan vaxt uşağın diqqəti artıq ixtiyari xarakter daşımalı, onun
həcmi, davamlılığı, paylanması və keçirilməsi kifayət qədər inkişaf etməlidir.
Altı yaşlı uşaq yalnız o zaman uzun müddət, diqqəti yayınmadan hər hansı bir
işlə məşğul ola bilər ki, həmin iş onu maraqlandırsın, özünə cəlb etsin. Lakin
bu yaş dövründə uşaqda ixtiyari diqqət hələ o səviyyədə formalaşmamışdır ki,
onun üçün maraqlı olmayan bir cismin və ya hadisənin üzərində mərkəzləşməsini təmin
etsin. Təlim fəaliyyəti isə ixtiyari diqqət olmadan keçə bilməz. Burada çox
vaxt maraqlı olmayan, lakin zəruri tapşırıqları da yerinə yetirmək tələb
olunur. Ona görə də təlimin ilk günlərindən müəllim şagirdlərdə ixtiyari
diqqətin planlı şəkildə formalaşdırılmasına fikir verməlidir.
Altı yaşlı uşağın hafizəsini də diqqətində olduğu kimi
səciyyələndirmək lazım gəlir. Uşaq öz parlaqlığı, qeyri adiliyi ilə diqqətini
cəlb edən cisim və hadisələri asan və tez yadda saxlayır. Bu o deməkdir ki, bu
dövrdə qeyri-ixtiyari hafizə üstünlük təşkil edir. Təlim fəaliyyətində isə
ixtiyari hafizəyə istinad olunması zəruridir. Məhz buna görə də məktəbə təzəcə
daxil olan uşağın hafizəsinə xüsusi tələb verilir. Uşağın tədris proqramını
yaxşı mənimsəməsi üçün onun hafizəsi ixtiyari xarakter daşımaqla, uşaq yaddasaxlamanın
səmərəli yollarından istifadə etməyi bacarmalıdır. Lakin təcrübə göstərir ki,
uşaqlarla xüsusi şəkildə iş aparılmadıqda bu cür bacarıqlar çətin formalaşır.
Məktəbə təzəcə daxil olan uşağın hafizəsinə xüsusi tələb verilir. Uşağın tədris
proqramını yaxşı mənimsəməsi üçün onun hafizəsi ixtiyari xarakter daşımaqla,
uşaq yaddasaxlamanın sadə səmərəli yollarından istifadə etməyi bacarmalıdır.
Məktəbə daxil olarkən uşağın təxəyyülü də inkişaf etməlidir. Xüsusilə
uşaqlarda təsvir əsasında təxəyyül surətləri yaratmaq bacarığı, başqa sözlə,
bərpaedici təxəyyül müvafiq səviyyədə olmalıdır.
Uşağın məktəbə psixoloji hazırlığı üçün təfəkkürüninkişafı xüsusi
əhəmiyyətə malikdir. Məktəbə yeni gələn uşaqlarda təfəkkürün
əyani-əməli, əyani-obrazlı və sözlü məntiqi növlərinin
hər üçü lazımi səviyyədə inkişaf etməlidir. Bu dövrdə uşaqlarda təfəkkürün
prosesləri də müvafiq səviyyədə inkişaf etməlidir. Uşaqlar öz idrak
obyektlərinə tənqidi yanaşmağı və müstəqil fikirləşməyi bacarmalıdırlar.
Uşağın nitqi elə səviyyədə inkişaf etməlidir ki, öz fikrini ifadə edə bilsin.
Uşağın nitqindəki qüsurlar onun təlim fəaliyyətini çətinləşdirir.
Uşaqlarda təlimə, öyrənməyə marağın, idrak tələbatının olması da məktəbə psixoloji
hazırlığın əsas şərtlərindəndir. Bununla yanaşı olaraq uşaqlarda təlim motivi
kimi müvəffəqiyyət qazanmağa tələbat, müvafiq özünüqiymətləndirmə və iddia
səviyyəsinin inkişafı da zəruridir.
Məktəbə təzəcə gələn uşaq tamamilə yeni mühitə, yeni əhatə dairəsinə daxil
olur. Ona görə də burada uşağın düşdüyü yeni mühitdə həmyaşıdları və böyüklərlə
ünsiyyətə girə bilmək bacarığına yiyələnməsi də zəruridir.
Bütün bunlarla yanaşı uşaqlarda müvafiq qabiliyyətlərin və xarakter
əlamətlərinin inkişafı da məktəbə psixoloji hazırlıq üçün əsas şərtlərdən hesab
olunur.
Bağça
yaşlı uşaqların psixoloji xüsusiyyətləri (3-6 yaş)
APARICI FƏALİYYƏT – OYUN,
insanların davranış və fəaliyyət normalarının mənimsənilməsi
-3-4 yaş – özünütəsdiq; reaksiyaları: sözə qulaq asmamaq, tərslik,
neqativizm, höcətlik, «böyükləri məcbur etmək» («mən özüm», «mən özüm
bilirəm», özünü öymə)
TƏKBAŞINA OYUN (əşyavi, quraşdırma, süjetli-rollu oyunlar)
-5-6 yaş – böyüklərə münasibətin ahəngdarlığı, uşaqlara münasibətin
inkişafı, uşaqlarla birgə oyun (qaydalı, süjetli-rollu oyunlar), uşaqlar
arasında liderlik və tabeçilik münasibətinin formalaşması, «yarış xarakterli
oyunlar».
-Quraşdırma oyunlarının inkişafı, PRAKTİK TƏFƏKKÜRÜN inkişafı.
Rəsm qabiliyyətinin, musiqi qabiliyyətinin (musiqini başa düşmək, oxumaq,
oynamaq) inkişafı, yaradıcılığın inkişafı.
-Təfəkkürün EQOSENTRİZMİ.
-Qavrayışın inkişafı (perseptiv işlərin, perseptiv etoalonların
mənimsənilməsi), diqqətin, hafizənin qeyri-ixtiyaridən ixtiyariyə doğru
inkişafı, iradənin inkişafı.
-Hər şeylə maraqlanmaq (4-5 yaşında «bu nədir?»)
-Təxəyyülün inkişafı (reproduktiv formadan yaradıcıya doğru).
-Başqa adamlarla dialoji nitqin və eqosentrik nitqin inkişafı, daxili nitqə keçid.
-Məfhumların inkişafı (3-5 yaşlarında sözlər cisim və hadisələri əvəz edən
yerlik kimi, 6-7 yaşlarında sözlərin əşyaların mühüm əlamətini bildirməsi –
konkret məfhumlar).
-Təfəkkürün əməliyyataqədərki səviyyədə (Piaje) inkişafı, tədricən
əməliyyat səviyyəsinə keçid.
-Cins üzvlərinə, uşaqların doğulmasına maraq:
a)psixoseksual inkişafın fallik mərhələsi (3-4 yaşda);
b)Edip kompleksinin formalaşması və qarşısının alınması.
-Təşəbbüskarlığın, məqsədəyönəlişliyin, fəallığın formalaşması,
müstəqilliyin, neqativ inkişaf gedişində passivliyin, yamsılamağa meylin
formalaşması
-Məktəbə hazırlığın formalaşması.
|
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.