DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

26 Aralık 2015 Cumartesi

Təbiət fənləri üzrə labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi-Yeni müsabiqə

DEKABRIN 28-DƏ “TƏBİƏT FƏNLƏRİ ÜZRƏ LABDİSK RƏQƏMSAL LABORATORİYA AVADANLIĞININ TƏDRİSDƏ TƏTBİQİ” MÜSABİQƏSİNƏ START VERİLƏCƏK
“Edumedia-Azərbaycan” təşkilatı Azərbaycan təhsil sisteminin informasiyalaşdırılması prosesində İKT infrastrukturunun inkişafının və yeni pedaqoji texnologiyaların tətbiqində fəal iştirak edən şirkətlərdən biridir. Şirkətin əsas məqsədi mövcud təhsil sisteminə interaktiv və rəqəmsal tədris texnologiyalarını tətbiq edərək təhsildə davamlı nailiyyətlər əldə etmək və müsabiqələr vasitəsilə müəllimlərin yeni texnologiyaların tədrisdə tətbiqinə həvəsləndirməkdir. “Edumedia-Azərbaycan” təşkilatı bu məqsədilə 28 dekabr 2015-ci il tarixində “Təbiət fənləri üzrə labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi” müsabiqəsinin başlanmasını elan edir. Müsabiqənin rəsmi İnternet səhifəsi www.musabiqe.edu.az saytıdır.
Müsabiqə iki nominasiya altında keçiriləcəkdir.
I Nominasiya. Ən yaxşı müəllim işi
Bura fizika, kimya və biologiya fənləri üzrə ümumtəhsil müəssisələrində müəllimlər üçün təşkil olunan "Labdisk avadanlığı və Globilab proqram təminatından istifadə" təlimlərində iştirak edən bütün müəllimlər iştirak edə bilərlər.
Bu nominasiya özü 3 (üç) istiqamətə bölünür.
- Fizika fənni üzrə ən yaxşı təcrübə işi
- Kimya fənni üzrə ən yaxşı təcrübə işi
- Biologiya fənni üzrə ən yaxşı təcrübə işi
Hər bir istiqamət üzrə 3 (üç) yer nəzərdə tutulur.
II Nominasiya. Ən yaxşı təlimçi işi
Bura fizika, kimya və biologiya fənlərindən "Labdisk avadanlığı və Globilab proqram təminatından istifadə" üzrə 20-23 fevral və 2-4 iyul 2015-ci il tarixlərində xarici təlimçilərin təlimində iştirak edən müəllimlər müraciət edə bilərlər. Təlimçi nominasiyası bir istiqamət üzrə aparılır. Yəni kimya, biologiya və fizika fənləri üzrə təlimçilər birgə olaraq I, II və III yer üçün mübarizə aparacaqlar.
Müsabiqənin keçirilməsində əsas məqsəd rəqəmsal Labdisk avadanlığı və Globilab proqram təminatının tədrisdə səmərəli şəkildə tətbiq edilməsinin təşkil edilməsi, yaradıcı müəllimlərin bu texnologiyalardan fəal istifadə etməyə həvəsləndirilməsi və fəaliyyətlərinin dəstəklənməsi, interaktiv texnologiyaların dərs prosesində istifadəsinin mənimsənilməsi, ən yaxşı laboratoriya hesabatlarının hazırlanması və geniş istifadəçi auditoriyasına tanıdılmasıdır.
Müsabiqənin təşkilatçıları “Edumedia-Azərbaycan” və “Globisens” şirkətləridir və müsabiqə Təhsil Nazirliyi tərəfindən də dəstəklənir.

Müsabiqə qalibləri “iPad air” 16 GB, “Globimate” planşet, “Samsung Galaxy Tab-3, 7” 8 GB və s. hədiyyələrlə mükafatlandırılacaqlar.

23 Aralık 2015 Çarşamba

Dərsi qiymətləndirmə qaydası və meyarlar

Hörmətli həmkarlar!
Bilirik ki, məktəblərdə açıq dərslər təşkil edilir. Dərs prosesində dinləmə zamanı dərs haqqında hər hansı qeydlər götürürük. Bu qeydlər, dərsin gedişi zamanı olan üstün cəhətlər və ya nöqsanlar olur. 
Əsasən, qeydi hər hansısa bloknot və ya əlavə qeyd vərəqində edirik. Sizin üçün dərs dinləmə vərəqini paylaşacam. Bu sadəcə bir nümunədir. Nümunədən istifadə edərək özünüz əlavə dinləmə vərəqi də hazırlaya bilərsiniz. 
Ancaq, fənn kurikulumu tətbiq edilmiş siniflərdə dərsləri dinləmə prosesi zamanı əsasən aşağıdakı meyarlara diqqət edilməlidir. Bu meyarlarla gəlin tanış olaq:
1. Standartın düzgün seçilməsi 
2. Məqsədin standarta uyğunluğu
3. Məqsədin reallaşdırılması üçün əlverişli forma və üsulların seçilməsi
4. Fəndaxili və fənlərarası inteqrasiya  
5. Resurslardan məqsədəuyğun istifadə
6. Motivasiyanın məqsədəuyğun qoyulması
7. Tədqiqat sualının təlim məqsədinə uyğunluğu 
8. Təlim tapşırığının problemin həllinə istiqamətlənməsi və şagirdlərin potensial imkanlarına uyğunluğu
9. Məlumat mübadiləsi mərhələsinin təşkili (şagirdlərin təhlil etmə və təqdim etmə bacarığı) 
10. Məlumatın müzakirəsinin təşkili 
11. Ümumiləşdirmə və nəticə 
12. Qiymətləndirmə meyarlarının düzgün müəyyən edilməsi (qiymətləndirmənin təlim boyu aparılması)
13. Müəllim nitqinin aydınlığı 
14. Dərsdə vaxtdan səmərəli istifadə.Şagirdlərdə əməkdaşlıq bacarığının formalaşdırılması

 Qeyd: Bu  meyarları üzrə dərsi dinləmə zamanı ayrılmış vaxta da diqqət edilməli.

  • Məsələn müəllim, seçdiyi standartları dərs boyu reallaşdıra bildimi?
  • Dərsin məqsədi standartlara uyğundurmu? 
  • Müəllim dərs boyu məqsədləri reallaşdıra biləcəkmi?
  • Motivasiya üçün ayrılmış vaxta riayət edə bildimi?
  • Əgər müəllim izah verəcəksə bunu motivasiyadan sonra etməli. Bəzən müəllimlər tədqiqat sualını elan edib, iş vərəqlərini paylayıb sonra izah verir. Bu doğru deyil. Bu zaman şagirdlərin fikri iş vərəqindəki tapşırıqlarda qalır və müəllimin izahı dinlənilmir.
  • İş vərəqləri tədqiqat sualının elanından sonra paylanılmalı.
  • Fəndaxili inteqrasiya və ya fənlərarası inteqrasiya düzgün yerinə yetirildimi?
  • Müəllimin istifadə etdiyi resurs sinfin və ya şagirdlərin yaş səviyyəsinə uyğundurmu?
  • Tədqiqat sualı məqsədləri əhatə edibmi? eləcə də, tapşırıqlar qoyulan zaman tədqiqat sualı nəzərə alınıbmı?
  • Tədqiqatdan öncə şagirdlərə tədqiqat vaxtının elan edilməsinə diqqət edilməli.(Müəllim vaxtı şagirdlərə öncədən xatırlatmalıdır.)
  • Tapşırıqlar əsasında bilik mənimsənildimi? 
  • Tapşırıqlar bütün qruplar üzrə eyni səviyyədə verilmişdirmi?
  • Tapşırıqlarda sitifadə edilmiş üsullar müəllimin dərs icmalında qeyd etdiyi üsullardırmı?
  • Tapşırıqlar şagirdlərin həll edə biləcəyi və ya hər hansı məlumata köklənən səviyyədə verilməsi (Bəzən müəllim özünün həll edə bilməyəcəyi ziddiyətli problemi şagirdlərə tapşırıq kimi verir-bu doğru deyil)
  • Təqdimat zamanı şagirdlərə ayrılmış vaxta düzgün riayət edilirmi?
  • Təqdimat zamanı bütün qruplara eyni vaxtın ayırlması
  • Müzakirə prosesində qruplara suallar ünvanlanarkən müəllim bütün qruplara eyni səviyyədə suallar verirmi? Hər bir qrupda ayırdığı vaxta düzgün riayət etməsi. (Bəzən müəllimlər bir qrupa çox sual verir müzakirə zamanı digərinə az-bu doğru deyil)
  • Qiymətləndirmə meyarları şagirdlərə elan edildimi öncədən? (Bəzən müəllimlər tədqiqata başlamazdan öncə şagirdlərin hansı meyarlar üzrə qiymətləndirilmələri haqqında onlara məlumat vermir və təqdimat bitdikdən sonra şagirdlərə meyarlar üzrə şagirdlərin fikri soruşulmadan qiymət yazır.-bu doğru deyil. Qrup qiymətləndirilməsi qruplarla müzakirə şəklində yazılsa daha doğru olar)
  • Müəllimin nitqinə diqqət edilməli -belə ki, müəllimlər bəzən ləhcədə və ya əlavə rus, türk dillərində ifadələr səsləndirir. Kobud şəkildə cavablar, kobud ifadələr, səhv dedin bilmirsən kimi ifadələr səsləndirmək olmaz. Bunlara diqqət edilməli
  • Müəllimin fasilitator bacarıqları nəzərdən keçirilir. (Qruplar işləyərkən onlara yaxınlaşması və nəzarət etməsi, eləcə də izləməsi, səhv istiqamətdə gedirlərsə şagirdləri doğru şəkildə istiqamətləndirməsi, müşahidəsi və s izlənilir.)
  • Qiymətləndirmə zamanı əgər qrup qiymətləndirməsidirsə, müəllimin qrupların fikrini alıb qiymətləndirmə aparması (təbii ki öz bacarığından istifadə edib şagirdləri obyektiv qiymətləndirməyə yönəltməli) 
  • Müəllimin dərsi qiymətləndirilərkən dərs icmalının dərsi dinləyənlərin qarşısında olması da arzuolunandır.
  • Ev tapşırığının elan edilməsi
Qeyd: Meyarlara aid olmasa belə,  müəllimin fasilitator bacarığı  müəllimin jestləri, mimikaları da çox önəmlidir. Dərs nə dərəcədə mükəmməl olsa belə, nöqsansız olsa belə canlı və aktiv qurulsa yaxşı olar. Müəllimlər dərslərini qurarkən ünsiyyət bacarıqlarından maximum dərəcədə istifadə etmələri, şagirdlərlə jest və mimikalarla danışması dərsi daha canlı edəcəkdir. 

Dərsdən asılı olaraq, əlavələr etmək olar. Əgər hər hansı suallarınız yaranarsa rəy bölməsinə yaza və dəqiqləşdirə bilərsiniz. Eləcə də izlədiyiniz dərslərlə bağlı əlavələrinizi bölüşə bilərsiniz.
Sizin üçün yüklədiyim meyar cədvəlində elektron bal yazmaq mümkündür, bunu kağız üzərində çıxartsanız özünüz hər meyar üzrə bal təyin edib yaza bilərsiniz.







Havard Qardnerin dərketmə səviyyələrini əks etdirən nəzəriyyəsi

Qardner nəzəriyyəsi-Şagirdlərin bilik, bacarıq və qabiliyyətlərinin aşkar edilməsi
Şagirdlərin bilik, bacarıq və qabiliyyətlərinin aşkar edilməsi və inkişaf etdirilməsi işində dünya təcrübəsində geniş yayılmış Hovard Qardnerin nəzəriyyəsinin böyük əhəmiyyəti vardır. Bu nəzəriyyəyə çoxşaxəli əqli qabiliyyətlər nəzəriyyəsi də deyirlər. Amerika psixoloqu Hovard Qardner bu nəzəriyyəni 1983-cü ildə “Ağıl çərçivəsində” kitabında təklif etmişdir. Qardner nəzəriyyəsinə görə hər bir şagird 8 qabiliyyətin təkrarolunmaz kombinasiyasına malikdir. Bu qabiliyyətləri inkişaf etdirmək yollarını tapmaq lazımdır. Qardnerin fikrincə hər bir şagird ruhlandırıldıqda, dəstək və düzgün təlimatlar aldıqda 8 qabiliyyəti də lazımı səviyyədə inkişaf etdirilə bilər. Bu xüsusiyyətlərin üzə çıxması üçün onlara şərait yaradılmalıdır. Bu qabiliyyətlər aşağıdakılardır:
1. Verbal (linqvistik) qabiliyyət – belə şagirdlər çoxlu suallar verir, danışmağı, oxumağı, yazmağı xoşlayır, yaxşı lüğətə malikdir, asanlıqla yeni dil öyrənə bilirlər.
2. Məntiqi (riyazi) qabiliyyət – belə şagirdlər rəqəmlərlə oynamağı, əşyaları toplamağı, qruplaşdırmağı xoşlayır, işlərin necə getdiyini bilmək istəyir, məntiqi ilə maraqlanırlar. Riyaziyyatı, məntiqi yaxşı bilirlər.
3. Vizual (fəza) qabiliyyət - belə şagirdlər şəkil çəkməyi, mexaniki cızma-qara etməyi, hadisələrə təcrid olunmuş şəkildə yanaşmağı xoşlayır, yerləri təsvirə, şəkillərə əsasən yadda saxlayırlar, əşyaları yaxşı təsvir edirlər, diaqramla və xəritələrlə asan işləyirlər.
4. Kinestetik (bədən) qabiliyyət – belə şagirdlər yaxşı müvazinət hissinə, ritm hissinə malikdir. Hərəkətləri qrasiyalıdır, bədən dilini (jestləri) oxuyurlar, fikirlərini jestlər vasitəsilə çatdırırlar.
5. Ritmik (musiqi) qabiliyyət - belə şagirdlər səslərə qarşı həssasdırlar, ritmlə tıkkıldanır və yellənirlər, səsləri bir-birindən ayıra bilir, musiqini xoşlayır, onu axtarır, ritmi tuta bilirlər.
6. Şəxsiyyətlərarası qabiliyyət - belə şagirdlər başqalarının hislərinə şərik olur, həmyaşıdları tərəfindən sevilir, özünə oxşar böyüklərlə yaxşı əlaqə saxlayırlar, liderlik bacarığı nümayiş etdirirlər, məsləhətçi və ya vasitəçi rolu oynayırlar, insanlar arasında ünsiyyət qura, bəzən onlarla manipulyasiya edə bilirlər.
7. Şəxsiyyətdaxili qabiliyyət – belə şagirdlər müəyyən fəaliyyətlə bağlı xoşuna gələn və gəlməyən cəhətləri açıq şəkildə ifadə edə bilirlər. Güclü və zəif cəhətlərindən xəbərdardırlar. Öz bacarıqlarına inanırlar, qarşılarına müəyyən məqsədlər qoyurlar, diqqətlərini hislərinə, arzularına yönəldirlər, orijinal olmağı sevirlər.
8. Naturalistik qabiliyyət – belə şagirdlər təbiət hadisələrini dərk edir, bitkiləri, heyvanları xoşlayır, bitki yetişdirməyə, heyvan saxlamağa həvəslidirlər, həvəskar astronomdurlar.
Hər bir müəllim şagirdlərində bu qabiliyyətlərin üzə çıxarılmasına yardım etməlidir. Unutmayaq ki, müəllimin şagirdlərinə xeyirxah münasibəti, hörməti, onları olduğu kimi qəbul etməsi, onların bacarıqlarına inam – bunların hamısı şagirdlərdə həm özünə, həm də müəlliminə hörmət və etibarı artırar. Gördüyünüz kimi müəllim-şagird münasibətləri çox incə və mürəkkəb məsələdir. Odur ki, işlərimizi düzgün qursaq nəticədə ölkəmizə yüksək intellekti, elmi potensialı və milli-mənəvi dəyərləri ilə seçilən, cəsarətli və vətənpərvər şagirdlər tərbiyə etmiş olacağıq
linqvistik, riyazi-məntiqi, vizual-məkan, kinestetik, fərdlərarası, fərddaxili,
 musiqi-ritmik, naturalist.
İnsan bu qabiliyyətlərin hamısına az və ya çox dərəcədə sahibdir. Lakin bunlardan hansısa daha inkişaf etmiş olur və bu qabiliyyətin aşkarlanması, onun daha da inkişaf etdirilməsi, imkanlarından istifadə edilməsi biliklərin mənimsənilməsini, yaddaşda daha uzun müddət saxlanılmasını təmin edir.
Sagirdlərin intellekt qabiliyyətlərinin müəyyənləşdirilməsi müəllimin yüksək pedeqoqluq bacarığı nəticəsində mümkündür. Uzunmüddətli müşahidələr, şagirdlərin özləri və valideynləri ilə söhbətlər, tapşırıqlar, testlər əsasında şagirdin hansı qabiliyyətə malik olduğunu müəyyənləşdirmək və bunun əsasında da hansı dərketmə üsulunun faydalı olacağını meydana çıxartmaq mümkündür.
Şagirdin hansı qabiliyyətə malik olmasından asılı olmayaraq, dərs prosesinin aktiv həyata keçirilməsi böyük əhəmiyyətə malikdir. Nə müəllim tərəfindən biliklərin şagirdin beyninə doldurulması, nə də təkbaşına öyrənmə biliyin uzun müddət yaddaşda saxlanmasına zəmanət vermir. Dərs prosesində biliyin aktiv şəkildə mənimsənilməsi sanki onun öyrənən tərəfindən yenidən kəşf olunması, yaradılmasıdır. Bu cür əldə olunan bilik uzunmüddətli yaddaşda saxlanılır.
Bu prosesin həyata keçirilməsi kurikulumların təbiətdən irəli gələn metod və iş formalarının düzgün seçilməsi nəticəsində mümkün olur. Qardnerin “Çoxintellektlilik” nəzəriyyəsinin təlimdə tətbiqi zamanı istər iş üsullarının, istərsə də iş formalarının seçilməsi kortəbii olmur, dərketmə üsullarının müəyyənləşdirilməsi nəticəsində şəxsin fərdi xüsusiyətlərinin də nəzərə alınması ilə müşayiət edilir. Bu zaman əgər müəllim kiçik qruplarla iş formasını seçibsə, şagirdlər təsadüfi qruplarda yox, müəllimin şagirdin dərketmə üsuluna əsasən müəyyənləşdirdiyi qruplarda birləşirlər. Qruplara verilən tapşırıqlar da oxşar qabiliyyətlərə malik şagirdlərin maraq və ehtiyacları nəzərə alınmaqla tərtib edilir.
Ədəbiyyat dərslərində həm məzmun üzərində işi, həm də əsərlərin təhlilini “Çoxintellektlilik” nəzəriyyəsinə əsaslanaraq aparmaq lazımi səmərə verir. V sinifdə öyrədilən Amerika yazıçısı Cek Londonun “Kiş haqqında hekayə” əsərinin təhlili zamanı intellekt qabiliyyətlərinə görə seçilərək təşkil olunmuş qruplara verilən tapşırıqlarda bunu izləmək olar.
Linqvistik qabiliyyəti inkişaf etmiş insanlar kəlmə oyunlarını sevir, tanış olmayan sözlərin mənasını öyrənməyə, onlardan nitqində istifadə etməyə meyilli olur, oxuduqlarını və eşitdiklərini öyrənmək üçün suallar verməkdən zövq alırlar. Ən sevdiyi məşğuliyyətlər müxtəlif hekayələr, əhvalatlar uydurmaqdır. Linqvistik qabiliyyəti güclü olan şagirdlər dil və ədəbiyyat dərslərində daha çox uğur əldə edirlər. Ədəbi əsərlərin təhlili zamanı belə şagirdlərdən təşkil olunmuş qrupa esse tipli tapşırıqların verilməsi daha məqsədəuyğundur. Yuxarıda adı çəkilən hekayə ilə bağlı belə bir esse yazmağı tapşırmaq olar: “Ayı ovçusu kimi məşhurlaşmış Kiş bir gün anası ölmüş iki ayı balası ilə rastlaşdı…” Belə bir cümlə ilə başlayan essenin yazılması bir tərəfdən Kişin daha yaxından başa düşməyə kömək edirsə, digər tərəfdən də fərziyyələr vasitəsilə obrazın xarakterinin görünməyən tərəfləri barədə mülahizələr irəli sürməyə imkan yaradır.
Riyazi-məntiqi qabiliyyəti güclü olanlar hadisə və ya əşyalar arasında bağlılığı tapır, səbəb-nəticə əlaqəsini asanlıqla müəyyənləşdirir, nəzəriyyələr irəli sürürlər. Belə şagirdlər informasiyanın parçaları arasında əlaqə qurmaq və bu əlaqələri riyazi fiqurlar, sxemlərlə ifadə etmək bacarığına sahib olduqları üçün hekayələr xəritəsi vasitəsilə əsər haqqında ətraflı təsəvvür yaratmağa nail ola bilərlər.

Cədvəl 1
Vizual-məkan qabiliyyəti üstün olan insanlar rəsmlər, şəkillər və cizgilərlə düşünür, xəyalında gördükləri rəsmləri sözə çevirə bilirlər. Həmçinin dinlədiklərinin beyində rəsmini qurur, öyrəndikləri məlumatları xatırlamaq üçün bu rəsmlərdən istifadə edirlər. “Kişin yaşadığı yerləri elə təsvir edin ki, sanki rəsmini çəkirsiniz”, “Kişin xarakterinin ən çox aşkarlandığı səhnənin rəsmini çəkin” tipli tapşırıqların verilməsində məqsəd hekayədəki insanların xarakterindəki sərtliyin, amansızlığın, təbiətin sərtliyi ilə birbaşa əlaqəli olmasını aşkara çıxarmaqdır. Rəsm çəkmək belə şagirdlərin sevdikləri iş olduğundan bu tapşırıq onların düşünmə prosesindəki fəaliyyətini stimullaşdırır, eyni zamanda Kişin xarakterinin daha yaxından aydınlaşdırılmasına imkan verir.
Kinestetik qabiliyyət insana hərəkət, jest və mimikalar vasitəsilə özünü ifadə etmək imkanı verir. Belə insanlar obyektlərə toxunmağa, daim hərəkətdə olmağa, rəqs etməyə meyillidirlər. Onları daha çox düşünməyi, təhlil etməyi tələb edən sahələrə yönəltmək müəllim üçün çətinlik yaradır. Lakin belə şagirdlərin zəka ilə bədənin harmoniyasına nail ola bilmək bacarıqlarından istifadə edərək onların imkanlarını hərəkətli səhnəciklərdə reallaşdırmaq lazımdır. Məsələn, belə bir tapşırığın verilməsi məqsədəuyğun ola bilər: “Kiş və qəbilə üzvlərinin xarakterlərinin daha güclü üzə çıxdığı bir epizodda onların rollarını canlandırın”. Bu tapşırıq Kiş və qəbilə üzvlərinin xarakterinin modelləşmə əsasında təhlilinə, onların canlı müqayisəsinə imkan yaradır.
Fərdlərarası qabiliyyətə sahib olanlar qrup içində çalışmağı, digər insanlarla ünsiyyət qurmağı, dinləməyi və danışmağı sevirlər. Özünü başqalarının yerinə qoymaq, onları anlaya bilmək, ətrafındakıları inandırmaq bacarığına malikdirlər. Belə şagirdlərə verilən “Kiş Kloş-Kvanın daxmasında olarkən mən orada olsa idim, nə edərdim? Onlara nə deyərdim?” sualı bir tərəfdən əsərdəki obrazlara münasibətdə obyektivliyi qorumağa imkan verirsə, digər tətəfdən də şagirdlərin yetişməkdə olan şəxsiyyətlər kimi cəmiyyətdə mövcud olan sosial baxışlara münasibətini formalaşdırır.
Fərddaxili qabiliyyəti güclü olan insanlar tənha çalışmaqdan zövq alırlar, azadlığa meyillidirlər, cəmiyyətdən kənar qalmağa üstünlük verirlər. Qarşılarına hədəflər qoymağı, xəyallar qurmağı sevirlər, hər şeydə özlərindən bir parça tapmağa çalışırlar. Obrazların təhlili zamanı onların bu xüsusiyyətindən istifadə etmək lazımdır. “Mən Kişin yerində olsa idim, nə hiss edərdim?
Haqqım tapdananda…
Qəbilə üzvlərinə qarşı çıxanda…
Ayıları ovlayanda…” kimi suallarla qarşılaşan şagird problemə kənardan yox, daxildən yaxınlaşa bilir.
Musiqi-ritmik qabiliyyətə sahib olanlar səslər və ritmlərlə düşünür, özləri də ritmlər yaradırlar. Hər bir şeydə musiqi, ritm axtarırlar. “Kişin cəsarətini ifadə edən şeir yazmağa, onu ritmlə oxumağa çalışın” tapşırığı ilə baş qəhrəmanın xarakterinin müxtəlif cizgilərinin və bununla da əsərin ideyasının müəyyənləşdirilməsinə nail olmaq mümkündür.
Naturalist qabiliyyəti güclü olan insanlar təbiətdəki canlıları tanımağa, canlıların yaradılışları haqqında düşünməyə meyillidirlər. Təbiətin insan üzərində, ya da insanın təbiət üzərindəki təsirini araşdırır, “heyvanlar nələr düşünür, nələr hiss edirlər” kimi suallar ətrafında düşünürlər. Naturalist qabiliyyətə malik şagirdlər üçün “Ayıların ovlanması barədə nə düşünürəm?” tipli suallar çox əhəmiyyətlidir. Belə suallar əsərə və obrazlara müxtəlif yönlərdən yanaşmağa imkan verir.
Qruplar təşkil edilərkən bəzi şərtləri: dərsin xüsusiyyətini, hər hansı bir zəka tipinə uyğun gələn şagird sayının məhdudluğunu nəzərə alaraq bəzi zəka tiplərinə malik şagirdləri bir qrupda da birləşdirmək mümkündür. Linqvistik və musiqi-ritmik, vizual-məkan və naturalist qabiliyyətləri daha inkişaf etmiş olan şagirdləri bir qrupda birləşdirmək məqsədəuyğun sayıla bilər.

22 Aralık 2015 Salı

2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olaraq qərara alıram:
1. 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda qeyd edilən müəllimlər 5000 (beş min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsınlar:
Abbasova Ülviyyə Vaqif qızı
Abdullayeva Gülnarə Bəşir qızı
Abidi Gülnarə Abusəməd qızı
Ağayeva Məlahət İmran qızı
Ağayeva Vüsalə Əli qızı
Axundova Nailə Ələsgər qızı
Axundzadə Həcər Təvəkkül qızı
Allahverdiyeva Afət İkram qızı
Allahverdiyeva Bikə Əhməd qızı
Aslanova Ülviyyə Salam qızı
Babayeva Leyla Əvəz qızı
Bayramov Şərafət Təhmuraz oğlu
Bayramova İradə İsmayıl qızı
Bəşirov Əmiraslan Xəlil oğlu
Cabbarov Hafiz Əkbər oğlu
Cabbarov Vasif Arif oğlu
Cəfərova Cəmalə Fərəməz qızı
Eldarova İradə Baba qızı
Eyubova Mehriban Qulu qızı
Əfəndiyeva Rübail Əhməd qızı
Əhmədova Aliyə Fərman qızı
Əhmədova Səlimə Bağır qızı
Əliyev Rövşən Mirzə oğlu
Əliyeva Könül İsa qızı
Əliyeva Leyli Məhərrəm qızı
Əliyeva Nəzakət Səlim qızı
Əliyeva Sahilə Vahid qızı
Əliyeva Tamara Nuruş qızı
Əlizadə Aynur Məmməd qızı
Əlizadə Sevda Cavanşir qızı
Əmirova İlahə Malik qızı
Əmrahova Sevda Rüfət qızı
Əsədov Seyyub Əsəd oğlu
Əsgərova Cəmalə Mehman qızı
Əskərova Solmaz Hacıəhməd qızı
Əyyubzadə Günay Teyyub qızı
Fazilova Şəfəq Nadir qızı
Fərzəliyev Dəyanət Xaliq oğlu
Heydərova Pərvanə Müslüm qızı
Həsənova Tatyana Qara qızı
Həşimova Aygün Baba qızı
Hümbətova Olqa Gennadyevna
Hüseynov Hüseyn Əmirhüseyn oğlu
Hüseynova Aynur Namiq qızı
Hüseynova Gülnar Müşviq qızı
Hüseynova Arzu Talıb qızı
Xəlilova Söylü Nüşirəvan qızı
Xudiyeva Günəş Şərəfəddin qızı
Xudiyeva Xatirə Rafiq qızı
İbrahimova Aynur Asif qızı
İmanov Elmin Allahverdi oğlu
İsmayılov Mərdan Rəhim oğlu
İsmayılov Nicat Əli oğlu
İsmayılova Aynurə Zahid qızı
İsmayılova Mələknisə Yusif qızı
Kərimova Dilşad Ədilağa qızı
Qasımova Tahirə İsmayıl qızı
Qayıblı Nügbar Məcnun qızı
Qəribova Pərvin Yaşar qızı
Quliyev Elməddin Əli oğlu
Quliyeva Xəyalə Xeyrullah qızı
Qurbanova Natalya Dmitriyevna
Məhəmmədova Təranə Eyvaz qızı
Məlikova İradə Telman qızı
Məmmədli Ələddin Qibləli oğlu
Məmmədova Sahibə Xasay qızı
Məmmədova Şirin Nəcəf qızı
Məmmədova Şirincan Əvəz qızı
Məmmədova Zeynəb Əliqasım qızı
Məşədibəyova Samirə Camal qızı
Mirzayeva Ellada Rəşid qızı
Mirzəyev Ziya Tofiq oğlu
Mirzəyeva Zöhrə Məzayir qızı
Mirzoyeva Kamalə Rəfayıl qızı
Musayeva Nərmin Əsəd qızı
Mustafayeva Nailə Tahir qızı
Mustafayeva Vəfa Rafail qızı
Nəcəfova Bikə Əliyulla qızı
Nəzərova Sevinc Mahmud qızı
Orucova Aynurə Tuiddin qızı
Poladov Xəyal Bayram oğlu
Ramazanova Yeganə Sətdar qızı
Rəsulova Səbinə Əlibala qızı
Rüstəmov Etibar Ələddin oğlu
Rüstəmova Qəmər Xalıq qızı
Rzayev Hüseyn Həsən oğlu
Seyidəliyev Yaşar Nəcməddin oğlu
Seyidova Şərəbanı Mirəbdüləzim qızı
Səfərova Əminə Əli qızı
Səmədov Azər İbiş oğlu
Soltanova Gülsən Rza qızı
Süleymanova Fatimə Hüseynbala qızı
Şahbazov Rafət Məmmədəli oğlu
Şahgəldiyeva Ədibə Səfər qızı
Şükürov Yaşar Fəxrəddin oğlu
Şükürova Nailə Sadıx qızı
Tahirli Aytən Yaşar qızı
Təhməzova Könül Arif qızı
Valehova Gülbəniz Babaverdi qızı
Vasanova Könül Məmməd qızı.
2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş pul mükafatları “Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəssisələrinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanının 3-cü hissəsinə uyğun ödənilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2015-ci il.

2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olaraq qərara alıram:
1. 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda qeyd edilən ümumi təhsil müəssisələri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsın:
Abşeron rayonu Saray qəsəbə 3 nömrəli tam orta məktəb
Ağdam rayonu Quzanlı qəsəbə tam orta məktəbi
Bakı Avropa Liseyi
Bakı şəhəri 3 nömrəli tam orta məktəb
Bakı şəhəri 54 nömrəli tam orta məktəb
Bakı şəhəri 62 nömrəli məktəb-lisey
Bakı şəhəri 129 nömrəli tam orta məktəb
Bakı şəhəri 138 nömrəli tam orta məktəb
Bakı şəhəri 149 nömrəli tam orta məktəb
Bakı şəhəri 167 nömrəli tam orta məktəb
Bakı şəhəri 204 nömrəli tam orta məktəb
Bakı şəhəri 214 nömrəli tam orta məktəb
Bakı şəhəri 240 nömrəli tam orta məktəb
Bakı şəhəri 245 nömrəli tam orta məktəb
Bakı şəhəri 257 nömrəli tam orta məktəb
Bakı şəhəri 258 nömrəli tam orta məktəb
Bakı şəhəri 267 nömrəli məktəb-lisey
Bakı şəhəri 274 nömrəli tam orta məktəb
Beyləqan şəhəri 1 nömrəli tam orta məktəb
Culfa şəhəri 2 nömrəli tam orta məktəb
Gəncə şəhəri 16 nömrəli tam orta məktəb
Gəncə şəhəri 39 nömrəli tam orta məktəb
İsmayıllı şəhəri 5 nömrəli tam orta məktəb
İsmayıllı rayonu Təzəkənd kənd tam orta məktəbi
Qax şəhəri 5 nömrəli tam orta məktəb
Quba şəhəri 2 nömrəli məktəb-lisey
Qubadlı rayonu Qəzyan kənd tam orta məktəbi
Qəbələ şəhəri 2 nömrəli tam orta məktəb
Qusar şəhəri 1 nömrəli tam orta məktəb
Lənkəran şəhəri 6 nömrəli məktəb-lisey
Lənkəran şəhəri 10 nömrəli tam orta məktəb
Masallı rayonu “Dəfinə” məktəb-liseyi
Mingəçevir şəhəri Texniki-humanitar lisey
Mingəçevir şəhəri 7 nömrəli tam orta məktəb
Mingəçevir şəhəri 10 nömrəli tam orta məktəb
Naxçıvan şəhəri 14 nömrəli tam orta məktəb
Ordubad rayonu Aşağı Əylis kənd tam orta məktəbi
Oğuz şəhəri 2 nömrəli tam orta məktəb
Siyəzən şəhəri 6 nömrəli məktəb-lisey
Sumqayıt şəhəri 18 nömrəli tam orta məktəb
Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəb
Sumqayıt şəhəri 25 nömrəli tam orta məktəb
Şəki şəhəri 11 nömrəli tam orta məktəb
Şəki rayonu Orta Zəyzid kənd 2 nömrəli tam orta məktəb
Şirvan şəhəri 9 nömrəli tam orta məktəb
Şirvan şəhəri 18 nömrəli tam orta məktəb
Tərtər şəhəri 1 nömrəli tam orta məktəb
Ucar şəhəri 4 nömrəli tam orta məktəb
Zaqatala şəhəri 2 nömrəli tam orta məktəb
Zaqatala şəhəri 3 nömrəli tam orta məktəb.
2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş pul mükafatları “Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəssisələrinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanının 3-cü hissəsinə uyğun ödənilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2015-ci il.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar