DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

5 Kasım 2015 Perşembe

Kiçik məktəb yaşının başlanğıcı və sonu ilə əlaqədar özünü göstərən psixoloji dəyişiklik.

 Kiçik məktəblilər
Kiçik məktəb yaşının başlanğıcı və sonu ilə əlaqədar özünü göstərən psixoloji dəyişiklik. Kiçik məktəb yaşı 6-10 yaşı əhatə edir. Bu dövrün başlıca xüsusiyyətləri-uşağın məktəbli olması, əsas fəaliyyətini təlim fəaliyyəti təşkil etməsindən ibarətdir. Bu dövrdə inkişafetdirici oyunlar təlimdən sonra ikinci yeri tutur. Bu dövr bir növ keçid dövrü olub, məktəbəqədər dövrün xüsusiyyətləri ilə məktəblinin xüsusiyyətlərini birləşdirir. Şəxsiyyətin bir çox psixi xüsusiyyətlərinin əsası məhz bu dövrdə qoyulur. Məktəbə təzəcə daxil olduğu vaxt rastlaşdığı çətin­liklər kiçik məktəb yaşının sonunda aradan qalx­mış olur, təlim fəaliyyəti oyundan tamamilə fərqli xüsusiyyətlərini əldə edir.
Məktəbə təzəcə daxil olan uşaq bir sıra prob­lemlərlə qarşılaşır. O, artıq şagirddir. Buna görə də şagirdlər üçün nəzərdə tutulan qaydalara əməl etməli, həmişə eyni vaxtda zənglə sinfə girib si­nifdən çıxmalı, bütün dərs ərzində sakit oturmalı, sinifdən çıxmaq və ora daxil olmaq üçün müəllimdən icazə almalı, onun bütün tələb və göstərişlərini yerinə yetirməli olur. Bunlarla yanaşı olaraq uşağın ünsiyyət sahəsi genişlənir, tamamilə yeni adamlarla: müəllimlər və həmyaşıd­ları ilə rastlaşır, onlarla birgə fəaliyyət zamanı ünsiyyətə girməli olur. Müəllim onun yeni nüfuz sahəsinə çevrilir. Tədricən sinif kollektivində qarşılıqlı münasibətlər formalaşır. Bütün bunlara uşaqlar asan­lıqla alışa bilmirlər. Burada uşağın məktəbə psi­xoloji hazırlığından çox şey asılı olur. 
Uşağın həyat tərzi və münasibətlərindəki dəyişikliyin zəruriliyi. Məktəb təcrübəsi göstərir ki, məktəbə yeni daxil olmuş uşaq öz həyat tərzində, gün rejimində, onu əhatə edənlərlə münasibətində dəyişiklik etmədən məktəb həyatına uyğunlaşa bil­mir. Ona görə də məktəb həyatı uşaq üçün cansıxıcı olur, bu vəziyyətdən çıxmaqda çətinlik çəkir. Bu cür çətinliklərin aradan qaldırılması və uşağın öz həyat tərzi və münasibətlərində dəyişiklik etməsi işində müəllimlərin üzərinə ciddi vəzifələr dü­şür. Müəllimin qayğıkeş yanaşması bu prosesin asanlıqla keçməsinə səbəb olur.
Məktəbə təzəcə gələn uşaqların qarşılaşdıq­ları çətinliklərdən biri də ondan ibarətdir ki, ilk dəfə olaraq məktəbdə həyata keçirməli olduqları dərinləşmiş məhsuldar əqli iş onlardan hövsələ, emosiyalarını saxlaya bilmək, təbii hərəki fəallı­ğı tənzim etməyi, diqqətini tədris məsələləri üzərin­də cəmləşdirməyi və saxlaya bilməyi tələb edir. Lakin kiçik məktəblilərin heç də hamısı bunlara əməl edə bilmirlər. Onlardan çoxu asanlıqla və tez yorulurlar.
Xüsusilə birinci sinfə qəbul olunmuş uşaq­lar öz davranışlarını tənzim etməkdə çətinlik çə­kirlər. Birinci sinif şagirdlərinin çoxunda uzun müddət özünü eyni vəziyyətdə saxlamaq, özünü idarə etmək üçün iradi güc çatmır.
Məktəbdə məşğələ zamanı müəllim uşaqlara suallar verir, onları fikirləşməyə məcbur edir. Eyni iş ailədə də təkrar olunur. Valideyn uşaqdan ev tapşırıqlarını yerinə yetirməyi tələb edir. Bu cür gərgin əqli iş uşaqları asanlıqla yorur. Psixo­loqlar bunun səbəbini uşağın məhz əqli işdən yorul­ması ilə deyil, fiziki özünütənzimi həyata keçirə bilməmələri ilə izah edirlər.
Kiçik yaşlı məktəblilərdə idrak proseslərinin    inkişafı
Kiçik məktəb yaşı dövründə məktəbə daxil ol­maqla əlaqədar idrak prosesləri möhkəmlənir və in­kişaf edir. L.S.Vıqotskinin fikrincə bu proseslər kiçik məktəb yaşının sonunda “təbii” proseslərdən “mədəni” proseslərə çevrilmə­lidir, daha doğrusu nitqlə bağlı olaraq ixtiyari, vasitəli ali psixi funksiyalara çevrilməlidir. Buna uşağın həmin yaş döv­ründə məktəbdə və ailədə məşğul olduğu əsas fəa­liyyət növ­ləri: təlim, ünsiyyət, oyun və əmək fəaliy­yətləri imkan yaradır.
Məktəbə təzə gələn uşaqlarda qavrayış hələ repro­duktiv xarakter daşıyır. I-II sinif şagirdlərinin qavrayışları azfərqləndirici, səthi, nisbətən az məqsədəyönəlmiş olur. Bu dövrdə uşaqların qavrayışı kəskin emosionallığı ilə fərqlənir. I — II sinif şagirdləri cisim və hadisələrdə ən çox onlar üçün əhəmiyyətli olan cəhətləri qavramağa meylli olurlar. Ona görə də bu dövrdə uşaqların qavrayışı çox vaxt cisim və hadisələrin yalnız müəyyən əlamət və keyfiyyətlərini əks etdirir. Bu zaman xarici, bilavasitə nəzərə çarpan əlamətlərə görə qavramaya daha çox üstünlük verilir. Cisimlərin mahiyyətinin dərindən təhlili və dərk olunması uşaq üçün hələ çətindir. Ona görə də kiçik məktəb yaşının əvvəllərində şagirdlərin qavrayış prosesi qavranılan obyekti yalnız tanımaq və sonra onu adlandırmaqla məhdudlaşır.
Bu dövrdə şagirdlərin qavrayışı üçün xarakterik cəhətlərdən biri də oxşar obyektləri qavramalarındakı qeyri dəqiqlikdir. Məhz fərqləndirmənin lazımi səviyyədə olma­ması şagirdlərin oxşar cisim və hadisələrə eyni əhəmiyyət vermələrinə və onları eyni cür qavramalarına səbəb olur.  Buna görə də bu dövrdə müəllimin müvafiq iş aparmasına böyük ehtiyac hiss olunur.
III-IV siniflərdə qavrayış produktiv xarakter daşı­maqla, təlim fəaliyyətinin təsiri altında daha məqsədə­yönəlmiş, ixtiyari olmağa başlayır. İxtiyari qavrayış olan müşahidə inkişaf edir. Müşahidənin təsiri altında qavrayış prosesi məqsədəmüvafiq, planlı və adekvat xarakter daşımağa başlayır.
Təcrübə göstərir ki, kiçik yaşlı məktəblilərdə təlim və tərbiyənin təsiri altında zaman və məkan qavrayışı inkişaf edir. Lakin bu zaman qavrayışın həmin növlərinin inkişafı bir sıra çətinliklərlə müşayət olunur. Kiçik məktəblilərin, xüsusilə I-II sinif şagirdlərinin zaman haqqında təsəvvürləri olduqca konkret xarakter daşıyır. Uşaqlar yalnız öz həyat­larında rast gəldikləri zaman münasibətlərini bilirlər. Onlar yalnız saatın, gündüzün, gecənin nə olduğunu bil­dikləri halda, sutkada neçə saat olduğunu, ayda, ildə neçə gün olduğunu dəqiq bilmirlər.
Təlim və tərbiyənin təsiri altında və ümumi inkişaf prosesində kiçik məktəblilərdə zaman və məkan qavrayış­­ının təkmilləşməsi baş verir.
Kiçik məktəb yaşı dövründə uşaqlarda diqqətin inkişafında da özünəməxsus dəyişiklik baş verir. Psixoloji tədqiqatlar göstərmişdir ki, kiçik məktəblilərin diqqəti ilk gündən seçici xarakter daşımağa başlayır, daha doğrusu, uşaqların diqqəti onlar üçün daha çox əhəmiyyətli olan cisim və hadisələrə yönəlir. Bu baxımdan birinci-ikinci sinif şagirdləri üçün müəllimin onların diqqətini yönəltdiyi sahə əhəmiyyətlilik kəsb edir.
Məktəb təcrübəsi göstərir ki, yeknəsək xarakterli işin yerinə yetirilməsi kiçik məktəblilərin yorğunluğuna, bu da öz növbəsində diqqətin yayınmasına gətirib çıxarır. Birinci-ikinci sinif şagirdlərinin diqqəti yüksək emosional təəs­sürata malik olmaları ilə bağlı olur. Ona görə də bu yaşda uşaqların diqqəti onlar üçün çox maraqsız, cansıxıcı görünən işlərdən asanlıqla yayınır. Ona görə də bu dövrdə şagird­­­lərin diqqətini əsas detallara nisbətən ikinci dərəcəli detallar daha çox cəlb edir.
Kiçik məktəb yaşı dövründə qeyri ixtiyari diq­qəthələ nisbətən üstünlük təşkil etsə də ixtiyari diqqət əsaslı şəkildə inkişaf etməyə başlayır. Ki­çik məktəb yaşının sonunda — IV sinifdə diqqətin həcmi və davamlılığı, keçirilməsi və mərkəzləş­məsi demək olar ki, əsasən böyüklərdə olan səviyyəyə çatır. Diqqətin keçirilməsi bu dövrdə hətta orta hesabla böyüklərin diqqətlərinin keçirilməsindən yük­sək olur. Bu, orqanizmin cavanlığından və uşağın mərkəzi sinir sistemində proseslərin mütəhərrikli­yindən asılıdır.
Kiçik məktəblilər heç bir xüsusi çətinlik olmadan bir fəaliyyət növündən digərinə keçə bilir­lər. Lakin burada hələ də “uşaqlıq” əlamətləri qalır. Belə ki, uşaqların diqqətini ən çox onlara bilavasitə təsir edən və onlar üçün maraqlı olan cisim və hadisələr cəlb edir.
Kiçik məktəb yaşı dövründə hafizə də öz inkişafını davam etdirir. Bu dövrdə mexaniki hafizə üstünlük təşkil edir. Bu dövrdə uşaqlar hər cür materialı asanlıqla əzbər öyrənə bilirlər, ona görə də əzbər öyrənməyə meylli olurlar. Bunun müəyyən əhəmiyyəti olsa da uşaqları quru əzbərçiliyə alışdırmaq olmaz. Şübhəsiz bəzi materialları, məsələn, vurma cədvəlini əzbərdən bilmək yaxşıdır. Lakin təcrübəli müəllim vurma cədvəlini əzbərdən öyrənməyi tapşırmazdan əvvəl cədvəlin strukturunu ətraflı izah edir, onun hansı prinsip üzrə tərtib olunduğunu uşaqlara başa salır. Öyrənmə bu şəkildə təşkil olunduqda əgər şagird, məsələn, yeddi dəfə səkkiz neçə etdiyini yaddan çıxarıbsa, özünü itirmir. O, yeddi dəfə yeddinin neçə etdiyini yada salır və buna yeddi əlavə edir.
Çox vaxt birinci-ikinci sinif şagirdləri materialı hərfən yadda saxlamağa çalışırlar. Bu, həmin yaşda şagirdlərin oxuduqlarını və eşitdiklərini öz sözləri ilə ifadə edə bilməmələri ilə izah oluna bilər. Burada nitqin lazımi səviyyədə inkişaf etməməsi və müəllimin şagirddən öyrən­­diyini dəqiq və tam yada salmağı tələb etməsi də rol oynaya bilər.
Təcrübə göstərir ki, kiçik məktəblilərdə, xüsusilə birinci-ikinci sinif şagirdlərində birinci siqnal sistemi üstün­­­lük təşkil etdiyinə görə əyani materialları daha yaxşı yadda saxlayırlar.
Kiçik məktəb yaşlı uşaqlarda məntiqi hafizə nisbə­­­tən zəif inkişaf etmiş olur. Birinci-ikinci sinif şagirdlərindən fərqli olaraq üçüncü-dördüncü sinif şagirdləri elə yadda saxlamağa çalışırlar ki, sonradan onu öz sözləri ilə danışa bilsinlər. Nəticədə onlarda müqayisə və ümumiləşdirməyə əsaslanan məntiqi hafizə inkişaf edir. Birinci sinifdən başlayaraq məktəbdə təlim prosesində uşaqlara xüsusi şə­kildə mnemik tərzlər öyrədildikdə məntiqi hafizənin məh­suldarlığı xeyli yüksəlir.
Məktəbə təzə gələn uşaqlar ən çox parlaq, emo­sional təəssürat yaradan materialı yaxşı yadda sax­lamağa daha çox meylli olurlar. Sonrakı siniflərdə, xüsusilə IV sinifdə bu hal əsasən aradan qalxmış olur.
Kiçik məktəb yaşı dövründə uşağın həyat təc­rübəsi və biliyinin artması nəticəsində onda təxəy­yülün inkişafı üçün əlverişli şərait yaranır. Bununla belə kiçik məktəb yaşının əvvəllərindən uşaqların təxəyyül surətləri hələ də az davamlı olub, qavrayışa əsaslanmaqda davam edir.
Bərpaedici təxəyyül kiçik yaşlı məktəblinin fəaliyyətində həlledici rol oynamağa başlayır, təlim materialını mənimsəməsini asanlaşdırır.
Ə.Əlizadənin tədqiqatları göstərmişdir ki, kiçik mək­təblilərin təxəyyülü, hər şeydən əvvəl, emosional xarakter daşıyır. Onda hisslərin, bədii əsərlərin təsiri altında daha parlaq təxəyyül surət­ləri yaranır. Kiçik məktəblinin təxəyyülü müəyyən əyani vasitəyə istinad etmədikdə, o, təsvir edilən ha­disəni aydın təsəvvür edə bilmir. Kiçik məktəblilər baharda baharı, qışda qışı təsvir edən mətnləri daha yaxşı mənimsəyir. Çünki bu zaman təxəyyül şa­girdin xarici aləmdən aldığı yeni, parlaq və canlı təəssüratdan daha səmərəli şəkildə istifadə edir.
Kiçik məktəb yaşı dövründə təfəkkür də özü­nə­məxsus xüsusiyyətlərə malik olur. İlk dövrlər əya­ni-əməli təfəkkür özünü göstərsə də əyani-obrazlı təfəkkürə keçid baş verir, sözlü məntiqi təfəkkürün inkişafı üçün müvafiq şərait yaranır.
Kiçik məktəb yaşının əvvəllərində hələ də ümumiləşdirmə və müqayisə zamanı zahiri əlamət­lərə üstünlük verilir. Getdikcə mühüm əlamətlər üzrə ümumiləşdirmə və müqayisəyə meyl artır. Kiçik yaşlı məktəblilərdə mücərrədləşdirmənin persep­tual və konseptual səviyyəsi inkişaf edərək, onların idrak fəaliyyətində mühüm rol oynayır. (Ə.Qədirov).
Kiçik məktəb yaşı dövründə uşaqlarda təfək­kürün keyfiyyətləri inkişaf edir. Ə.Bayramovun təd­qiqatları göstərmişdir ki, əlverişli şərait yara­dıldıqda, hətta I-II sinif şagirdləri idrak obyekt­lərinin mahiyyətini anlaya bilir, oradan müəyyən nəticə çıxarmağa, səhvləri, uyğunsuzluqları tapmağı, onları törədən səbəblər barədə müəyyən mülahizələr söyləməyə qabil olurlar. Bununla belə kiçik məktəb yaşlı uşaqların hamısı eyni dərəcədə müstəqil və tənqidi düşünə bilmirlər.
Bu sahədə şagirdlər arasında bir sıra fərdi fərqlər özünü göstərir. Professor Ə.Bayramovun tədqiqatları kiçik məktəbliləri təfəkkürün tənqidiliyinin inkişaf xüsusiyyət­lərinə görə aşağıdakı qruplara ayırmağa imkan vermişdir:
1) heç bir təhrik olmadan tənqidi düşünən şagirdlər. Bu cür şagirdlər heç bir təhrik olmadan, müstəqil şəkildə öz idrak obyektlərinə tənqidi yanaşır və buradakı qüsurları, uyğunsuzluqları görə bilirlər.
2) qismən təhriklə tənqidi düşünən şagirdlər. Bu cür şagirdə sadəcə olaraq idrak obyektində qüsur və ya çatışmazlıq olduğunu dedikdə onu asanlıqla müəyyənləşdirə və düzəldə bilir.
3) tam təhriklə tənqidi düşünən şagirdlər. Bu cür şagirdlər yalnız onlara nədə səhv etdiklərini bildirdikdə qüsurları müəyyənləşdirə və aradan qaldıra bilirlər.
4) heç cür təhriklə belə tənqidi düşünə bilməyən şa­girdlər. Bu cür şagirdlərdə təfəkkürün ümumi inkişafı aşağı səviyyədə olur.
Kiçik məktəb yaşı dövründə nitqin bütün isti­qa­mətləri üzrə inkişaf baş verməklə yanaşı məktəb­lilər ilk dəfə olaraq oxu vərdişlərinə və yazılı nitqə yiyələnməyə baş­layırlar. Şagirdlərin düzgün yazı vərdişlərinə yiyələnmələrinin əsası məhz bu dövrdən başlanır. Psixoloji tədqiqatlar göstərmişdir ki, kiçik mək­təblilər düzgün yazı vərdişlərinə yiyələnərkən bəzən ilk dövrlər yalnız təsadüfi, zahiri formal əlamətə görə ümumiləşdirmə aparmağa meyl göstərir­lər ki, bu da generalizasiya hadisəsi ilə nəticə­lənir. Təlim prosesində müqayisəli işə geniş yer verilməsi bu kimi halların aradan qaldırılmasına imkan verir (M.Ə.Həm­­zə­­yev).
Şagirdlər qrammatik və orfoqrafik qaydalara yiyələn­dikdə onlarda həm şifahi, həm də yazılı nitq inkişaf edib zənginləşir.

Kiçik məktəblilərdə hisslərin, iradə və xarakterin inkişafı
Məktəbə daxil olmaqla əlaqədar uşaqda bir sıra yeni, mürəkkəb və ziddiyyətli hisslər özünü gös­tərməyə başlayır. Bu hisslər uşağın yeni vəziyyəti ilə bağlı olur. Məktəbə yenicə gəlmiş uşaqlar bir sıra hissi hallar, təəssüratlar keçirirlər: onlar fəxr edirlər ki, artıq məktəblidirlər, “böyük” ol­muşlar. Eyni zamanda məktəbə təzə gələn uşaqlar bəzi həyəcanlı anlar da keçirməyə başlayırlar: “Görəsən məktəbdə necə olacaq? Tapşırıqları yerinə yetirə biləcəkmi? Yoldaşları, müəllim necə olacaq? və s.
Bütün bunlarla yanaşı olaraq mühitin, təlim və tərbiyənin təsiri altında uşaqlarda bir sıra müsbət hisslər yaranmağa başlayır. Təlimdə qazan­dığı ilk müvəffəqiyyət uşa­ğı sevindirir.
Kiçik məktəb yaşlı uşaqlarda hisslər az davamlı və keçici olur. Onların hissləri asanlıqla bir-birini əvəz edir. Bu dövrdə uşaqlar öz hisslə­rini gizlətməkdə çətinlik çəkirlər.
Kiçik məktəb yaşının sonuna doğru uşaqların hissləri nisbətən davamlı xarakter daşımağa başlayır.
Bu dövrdə uşaqlarda zehni, əxlaqi və estetik hisslər də özünəməxsus şəkildə inkişaf edir. Uşaq­da hər şeyi bilməyə, öyrənməyə həvəs, təlim zamanı rast gəldiyi çətinliyi aradan qaldırmağa inam, şüb­hə, işi icra edərkən özündən razı qalmaq, öz “kəşf­ləri” ilə fəxr etmək və s. kimi hallar baş verir. Bu dövrdə vətənə məhəbbət, böyüklərə hörmət, yoldaşlıq, insanlara qayğı və s. kimi əxlaqi hisslərin əsası qo­yulur. Ümumiyyətlə kiçik məktəblilərdə əxlaqi hiss­lər biliklərə, tədricən əxlaqi anlayışlara yiyələn­məklə əlaqədar inkişaf edir. Kiçik məktəb yaşı döv­ründə estetik hisslərin inkişafı, estetik zövqün tərbiyəsi üçün də səmərəli şərait yaranır.
Kiçik məktəb yaşı dövründə uşaqlardairadə­nin inkişafı üçün də geniş imkan yaranır. Bu dövr­də uşaq öz hərəkətlərini, fikir və arzularını qaydalara tabe etməli olur. Bu prosesdə maneələri aradan qaldırır. I-III sinif şagirdlərində iradi cəhd göstərmək bacarığı hissediləcək dərəcədə ar­tır. İxtiyari, iradi fəaliyyət inkişaf etməyə baş­layır. Uşağı iradi cəhdə yönəldən motivlər kəskin şəkildə dəyişir. 9-10 yaşlı uşaqlar nəyə qadir ol­duqlarını öz həmyaşıdlarına göstərmək istəyirlər. Bu dövrdə hisslərin və iradənin inkişafı uşaqda xarakterin inkişafına da əsaslı təsir göstərir. Kiçik məktəblilərdə təlim və tərbiyənin təsiri altında xarakterin intizamlılıq, dözümlülük, tə­kidlilik kimi iradi keyfiyyətləri formalaşmağa başlayır. Təlim və tərbiyənin təsiri altında kiçik məktəblilərdə xarakterin əməksevərlik, səliqəlilik, böyüklərə hörmət kimi əlamətləri formalaşır.
Kiçik məktəblilərdə xarakterin formalaşmasında təlim və tərbiyə ilə yanaşı onlarda təqlidə meyllilik də mühüm rol oynayır.
Bütün bunlarla yanaşı olaraq müəllimin qiymətlən­dirməsi və təlimdə əldə edilmiş uğurlu nəticələrin təsiri altında kiçik məktəblilərdə özünüqiymətləndirmə formalaş­mağa başlayır. Lakin bu hal sabit xarakter daşımır, tez-tez aşağı düşə bilir.
Özünüqiymətləndirmə ilə bağlı olaraq kiçik məktəb­lilərdə özünə, öz gücünə inam da formalaşır. Lakin təcrübə göstərir ki, təlimdəki çətinliklərdən, müəllimin və vali­deyn­lərin tənqidi qeydlərindən asılı olaraq kiçik məktəblilərdə öz gücünə  inamsızlıq,  frustrasiya vəziyyəti, təlimə marağın  itməsi, «məktəb nevrozlarının» meydana gəlməsi halları da müşahidə olunur. Müəllimin bu cəhətləri nəzərə alması kiçik məktəblilərdə şəxsiyyətin müvafiq əlamətlərinin for­­ma­­laşmasında mühüm əhəmiyyət kəsb edir.
Kiçik məktəb yaşlı uşaqların psixoloji xüsusiyyətləri
(6-10 yaş)
APARICI  FƏALİYYƏT – TƏLİM
-İdrak proseslərinin yenidən qurulması – ixtiyariliyin, məhsuldarlığın və davamlılığın formalaşması – ixtiyari diqqətin, ixtiyari qavrayışın, hafizənin (birinci növbədə mexaniki hafizənin), tə­­fəkkürün inkişafı – KONKRET ANLAYIŞLAR səviyyəsində əyani-əmə­­li-obrazlı təfəkkürdən SÖZLÜ-MƏNTİQİ TƏFƏKKÜRƏ keçid.
-Davranışın, iradənin özünütənziminin inkişafı
-Oxu, yazı, riyazi hesablama bacarıqlarının mənimsənilməsi, biliklərin artması
-Evdarlıq (məişət) əməyi vərdişlərinə yiyələnmək
-Ünsiyyət sahəsinin genişlənməsi, yeni nüfuzların meydana gəlməsi (müəllim), sinif kollektivində münasibətlərin formalaşması.
-İnkişafetdirici oyunların təlimdən sonra ikinci yeri tutması
-Müəllimin qiymətləndirməsi və təlimdə əldə edilmiş nəticələrin təsiri altında özünüqiymətləndirmənin aşağı düşməsi.
-Özünə inamın formalaşması, təlimdəki çətinliklərdən, müəllimin və valideynlərin tənqidi qeydlərindən asılı olaraq öz gücünə inamsızlığın, frustrasiya vəziyyətinin, təlimə marağın itməsinin, «məktəb nevrozlarının» meydana gələ bilməsi.


1 yorum:

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar