AZƏRBAYCAN MÜƏLLİMİ
QƏZETİ.
AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİNİN ORQANI
16 Mart 2012-ci il. №11
Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst
(eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış
imtahanlarının təşkili haqqında Qaydalar
Təhsil Nazirliyinin 21 fevral
2012-ci il tarixli,
242 nömrəli əmri ilə təsdiq edilmişdir.
242 nömrəli əmri ilə təsdiq edilmişdir.
1. Bu "Qaydalar" "Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 13.1.4-cü
bəndinə, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin 3.10-cu
maddəsinə əsasən hazırlanmışdır və bilavasitə Azərbaycan Respublikasının
vətəndaşlarına şamil olunur.
2. Sərbəst (eksternat) təhsilalma
formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil
səviyyəsini başa vura bilməmiş şəxslərə həmin səviyyələr üzrə buraxılış
imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi
daşıyır.
3. Bu "Qaydalar"ın 2-ci
bəndində nəzərdə tutulan şəxslərdən (bundan sonra - eksternlər) ümumi orta
təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin yaşı 16-dan, tam orta
təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin isə yaşı 18-dən aşağı olmamalıdır.
4. Səhhətinin vəziyyətinə görə, evdə
fərdi təhsilə cəlb olunmuş şagirdlər müəyyən edilmiş qaydaya əsasən,
ümumiyyətlə buraxılış imtahanlarından azad olunduqları üçün bu
"Qaydalar" onlara şamil edilmir.
5. Sərbəst (eksternat) təhsilalma
forması əsasında müstəqil hazırlaşıb ümumi orta və ya tam orta təhsil üzrə
buraxılış imtahanlarında iştirak etmək istəyən eksternlərin ərizələri hər ilin
aprel ayı ərzində yaşadıqları rayonun (şəhərin) təhsil şöbəsində (idarəsində)
qəbul olunur və qeydiyyata alınır.
6. Ərizəsi qeydiyyata alınmış
eksternin adı təhsil şöbəsinin (idarəsinin) müəyyən etdiyi məktəbin imtahanlara
buraxılan şagirdlərinin siyahısına daxil olunur.
7. Eksternlər mərkəzləşmiş qaydada
keçirilən ümumi orta və ya tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarından
əvvəl yaşadıqları rayonun (şəhərin) təhsil şöbəsi (idarəsi) tərəfindən təşkil
olunan aralıq imtahanlarında iştirak edir və rəsmxət, əmək hazırlığı
("Texnologiya"), təsviri incəsənət, fiziki tərbiyə, musiqi və nəğmə,
gənclərin çağırışaqədərki hazırlığı fənləri istisna edilməklə tədris planındakı
imtahan aparılmayan digər fənlərdən buraxılış imtahanı verirlər.
8. Aralıq imtahanlarını aparmaq üçün rayon (şəhər) təhsil şöbəsi (idarəsi)
müdirinin əmri ilə hər fənn üzrə sədr və üç nəfər müəllimdən ibarət
komissiya yaradılır.
9. Aralıq imtahanları hər il mayın
10-dan 20-dək yerli təhsil orqanının əmri ilə müəyyən edilmiş məktəbdə
əvvəlcədən hazırlanıb təsdiq edilmiş imtahan sualları əsasında
müvafiq komissiya tərəfindən keçirilir.
10. İmtahanların nəticələri
protokollaşdırılır, fənn komissiyalarının sədrləri tərəfindən imzalanır və
təhsil şöbəsinin (idarəsinin) müdirinin imzası və möhürü ilə təsdiq olunur.
11. Aralıq imtahanlarında müsbət
qiymət alan eksternlərin adlı siyahısı (soyadı, adı, atasının adı) aşağıdakı
sənədlərlə birlikdə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) göndəriş
məktubu ilə mayın 25-dək Təhsil Nazirliyinə təqdim edilir:
11.1. Hər
bir eksternin imtahan verdiyi fənlər üzrə aldığı qiymətlərin cədvəli.
11.2.
Eksternin 3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkli.
11.3.
Eksternin doğum haqqında şəhadətnaməsinin (şəxsiyyət vəsiqəsinin), ümumi orta
təhsil haqqında şəhadətnaməsinin notarius tərəfindən təsdiq olunmuş
kserosurəti.
12. Aralıq
imtahanlarından müvəffəqiyyətlə keçmiş eksternlər Təhsil Nazirliyinin müəyyən
etdiyi imtahan mərkəzlərində mövcud qaydalar əsasında buraxılış imtahanı
verirlər.
13.
Buraxılış imtahanlarından müsbət qiymət alan eksternlərə ümumi orta və ya tam
orta təhsil haqqında sənəd siyahısına daxil edildiyi məktəb tərəfindən verilir.
14. Bu
"Qaydalar"ın 7-ci bəndində göstərilən fənlərdən imtahan verilmədiyi
üçün ümumi orta təhsil haqqında şəhadətnamədə və ya tam orta təhsil haqqında
attestatda müvafiq olaraq həmin fənlərin qarşısında xətt çəkilir.
15. Ümumi orta və ya tam orta təhsil
səviyyəsi üzrə buraxılış imtahanlarını eksternat qaydasında vermiş məzunların təhsil
sənədində "bitirmişdir" sözündən əvvəl "eksternat qaydasında"
sözləri əlavə olunur.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.