DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

6 Kasım 2015 Cuma

Pedaqogikanın sahələri


Adətən, hər bir elmin inkişaf səviyyəsi haqqında mühakimə yürüdərkən onun tədqiqatlarının diferensiallaşması dərəcəsi və digər elmlərlə çoxcəhətli əlaqələrinin mövcudluğuna əsaslanırlar. Pedaqoji elmlərin tarixi inkişafı gedişində onun aşağıdakı sahələri formalaşmışdır.
Ümumi pedaqogika - pedaqoji prosesin ümumi qanunauyğunluqlarını öyrənir; pedaqogikanın digər sahələri üçün nəzəri-metodoloji əhəmiyyət kəsb edir.
Pedaqoji elmlərin bir çox sahəsi insanın müxtəlif yaş dövrlərində təlim-tərbiyə məsələlərini tədqiq edir. Yaşa görə pedaqoji elmlərin sahələri bunlardır: körpəlik pedaqogikası, məktəbəqədər tərbiyə pedaqogikası, məktəb pedaqogikası, texniki peşə məktəbi pedaqogikası, orta ixtisas məktəbi pedaqogikası, ali məktəb pedaqogikası.
Pedaqoji elmlərin müəyyən qismi müxtəlif fəaliyyət sahələri ilə əlaqədardır. Konkret fəaliyyətlə bağlı pedaqoji elm sahələri bunlardır: idman pedaqogikası, istehsalat pedaqogikası, sosial pedaqogika, hərbi pedaqogika, hüquq pedaqogikası, mədəni-maarif işi pedaqogikası və b.
Pedaqoji elmlərin bir qrupu orqanizmdə ciddi pozuntuları olan uşaq və gənclərin təlim-tərbiyə xüsusiyyətlərini öyrənir. Bu elm sahələri əlahiddə pedaqogika adlanır. Əlahiddə pedaqogika bir neçə qola bölünür: kar-lal uşaqların təlim-tərbiyəsi məsələlərini öyrənən elm sahəsi surdopedaqogika, kor uşaqlarla bağlı tiflopedaqogika, əqli cəhətdən geridə qalan uşaqlarla bağlı oliqofrenlər pedaqogikası, nitqi qüsurlu uşaqlarla bağlı loqopediya.
Pedaqoji elmlərin bir qismini tarixi-müqayisəli, tətbiqi xarakterli elm sahələri təşkil edir. Bunlara aşağıdakılar daxildir: pedaqogika tarixi (müxtəlif tarixi dövrlərdə və müxtəlif ölkələrdə pedaqogika nəzəriyyəsi və təcrübəsinin inkişafını öyrənir), xalq pedaqogikası (xalqımızın və digər xalqların şifahi xalq yaradıcılığında təlim-tərbiyə məsələlərini tədqiq edir), müqayisəli pedaqogika (müxtəlif ölkələrin pedaqoji nəzəriyyəsi və təcrübəsini müqayisəli şəkildə öyrənir), metodika və ya xüsusi didaktika (ayrı-ayrı fənlərin tədrisində ümumi didaktik qanunauyğunluqların tətbiqi xüsusiyyətlərini öyrənir), ailə pedaqogikası (ailədə tərbiyə məsələlərini tədqiq edir).
Pedaqoji elm sahələri öz növbəsində müəyyən qollara bölünür. Məsələn, məktəb pedaqogikasının aşağıdakı istiqamətləri vardır: tərbiyə nəzəriyyəsi, təlim və təhsil nəzəriyyəsi (didaktika), məktəbşünaslıq, təhsil və tərbiyə fəlsəfəsi, təhsil iqtisadiyyatı və s.

Mənbə: kayzen.az



0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar