Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Bu ilin sonunadək Azərbaycanın daha 12 şəhər və rayonunda - Gəncə,
Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad,
Saatlı, Qubadlı və Sabirabadda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin
bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsi adları
qeyd edilən bu rayon və şəhərlərdə işləyən bəzi müəllimlər üçün narahatlıqların
yaranmasına səbəb olub.
Trend-in məlumatına görə, müəllimlərin əsas narahatlığı diaqnostik qiymətləndirmənin
Bakıda olduğu kimi “kağız” üzərində deyil, elektron yolla aparılmasıdır. Hesab
edilir ki, rayonlarda yaşayan muəllimlərin böyük hissəsi, xüsusilə yaşlı müəllimlər
kompüter bacarıqlarına malik olmadığından, diaqnostik qiymətləndirmənin
elektron proqram təminatı vasitəsilə aparılması onlar üçün böyük çətinliklər
yaradacaq. Bu məsələ isə sonda onların imtahan nəticələrinə mənfi təsir göstərəcək.
Qeyd edək ki, 2016-cı ilin yanvarından adları çəkilən rayon və şəhərlərdə
diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqlarının artırılması
planlaşdırılır. Artım zamanı müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdikləri
nəticələr nəzərə alınacaq.
Təhsil Nazirliyindən isə Trend-ə bildirilib ki, müəllimlərin bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsi ilə əlaqədar artıq
həmin rayon və şəhərlərin yerli təhsil idarəetmə orqanlarının nümayəndələri ilə
görüşlər keçirilib. Bu zaman qeyd edilən problemlərin mövcud olmadığı, yalnız
müəllimlərin kiçik bir qismində bu kimi çətinliyin yaşana bilmə ehtimalının olması
üzə çıxıb.
Nazirlikdən bildirilib ki, bu kimi çətinliyin yaranmaması və ya aradan
qaldırılması üçün təhsil naziri Mikayıl Cabbarovun 07.10.2015-ci il tarixli,
994 nömrəli əmri ilə noyabr-dekabr aylarında müəllimlərin bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulan
rayonlarda kompüterlərdən, xüsusilə imtahanlarda istifadə ediləcək proqramdan
istifadəyə dair təlimlərin keçirilməsinə başlanılıb.
Azərbaycan Respublikası
Təhsil Şurasının sədri Əjdər Ağayev isə Trend-ə açıqlamasında bildirib ki,
indiyədək Təhsil Nazirliyi və müəyyən qeyri-hökumət təşkilatları, o cümlədən “Mədəd”
təşkilatı tərəfindən müəllimlərin İKT bacarıqlarına yiyələnməsi üzrə layihələr
həyata keçirilib: "Artıq bir necə min müəllim bu təlimlərdə iştirak edərək
sertifikat alıb. Ancaq müşahidələrimiz göstərir ki, İKT bacarıqlarına yiyələnmə
kursları səthi keçirilib. İKT üzrə müəyyən qədər bacarığı olan, bu sahəyə həvəsi
olan müəllimlər bu bacarıqlara yaxşı yiyələniblər. Bəzi müəllimlər “mən də
sertifikat alım” prinsipi ilə bu kurslarda iştirak ediblər, bacarıqlara isə yiyələnməyiblər.
Məktəb direktorlarının da əksəriyyəti bu kurslarda iştirak edərək sertifikat
alıb, amma İKT bacarıqlarına yiyələnməyib”.
Mütəxəssis bu fikirdədir
ki, bu gün hansısa müəllimin İKT bacarıqlarına yiyələnməməsi yalnız onun öz
günahı hesab oluna bilər.
Eskpert hesab edir ki,
indiki zamanda kompüterdən, internetdən istifadə edə bilməyən müəllim
olmamalıdır. Bunu bacarmayan müəllimlər isə qısa müddət ərzində - diaqnostik
qiymətləndirmə başlayanadək həmin bacarıqlara sahib olmağa çalışmalıdırlar.
Məqalə müəllifi ilə əlaqə
ünvanı: agency@trend.az
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.