DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

7 Kasım 2015 Cumartesi

Tərbiyənin mahiyyəti və məzmunu


1. Tərbiyənin mahiyyəti, hərəkətverici qüvvələri
2. Tərbiyənin xüsusiyyətləri
3. Tərbiyənin məzmunu
1. Tərbiyənin mahiyyəti, hərəkətverici qüvvələri
Tərbiyə prosesini elmi əsasda qurmaq üçün onun mahiyyətini düzgün başa düşmək lazımdır.
Pedaqogika tarixində tərbiyəyə müxtəlif baxışlar olmuşdur. Orta əsrlərdə tərbiyəyə insanı idarə etmək vasitəsi kimi baxılırdı: uşaq qoyulmuş qaydalara, böyüklərin tələblərinə tabe olmalı idi. Belə tərbiyə avtoritar tərbiyə adlanırdı. Onun əsas vasitələri nəzarət, cəza, tələb, əmr, qadağan idi.
Kapitalizmin inkişafı ilə əlaqədar tərbiyəyə yeni baxışlar meydana çıxdı. Tərbiyə insanın təbii qüvvələrini inkişaf etdirən, onun sərbəst inkişafını təmin edən vasitə kimi başa düşülürdü. Bu əsasda azad tərbiyə ideyası irəli sürüldü (C.C.Russo).
XX əsrin əvvəllərində tərbiyə insana birtərəfli təsir vasitəsi kimi izah edilməyə başlandı: uşağa tərbiyənin sadəcə obyekti kimi baxılırdı, onun şəxsi fəallığı qiymətləndirilmirdi (P.Blonski, A.Pinkeviç və b.).
Sonrakı dövrdə tərbiyəyə birtərəfli baxış tənqid edilməyə başladı; tərbiyə insanın daim yeniləşməsi, mənəvi cəhətdən zənginləşməsi prosesi kimi, subyekt və obyektin qarşılıqlı təsiri, bir-birini qarşılıqlı zənginləşdirməsi prosesi kimi xarakterizə edildi (V.A.Suxomlinski).
Tərbiyəyə müasir baxış həm avtoritar, həm də azad tərbiyəni inkar edir: birinci halda tərbiyə insan şəxsiyyətini boğur, fəallığını məhdudlaşdırırsa, ikinci halda kortəbiiliyə, ifrat sərbəstliyə gətirib çıxarır. Tərbiyə insana müəyyən sərbəstlik verməklə ağıllı pedaqoji rəhbərliyi uzlaşdırmağa əsaslanmalıdır.
Müasir pedaqogika tərbiyəyə şəxsiyyətin ahəngdar formalaşması və inkişafı prosesi kimi baxır. Tərbiyəçi və tərbiyə olunan ümumi məqsəd üçün birgə qüvvə ilə çalışan fəal tərəflər kimi qəbul olunur. Tərbiyə uşağa birtərəfli təsir kimi yox, pedaqoji əməkdaşlıq kimi başa düşülür.
Tərbiyə prosesinin dialektikası və hərəkətverici qüvvələri. Tərbiyə prosesi dialektik səciyyə daşıyır. Bu, bir neçə cəhətdə özünü göstərir: a) tərbiyə daim inkişaf edən prosesdir; b) tərbiyədə subyekt və obyekt qarşılıqlı vəhdət təşkil edir; c) ziddiyyətlər tərbiyənin hərəkətverici qüvvəsi kimi çıxış edir; ç) tərbiyə, özünütərbiyə və yenidəntərbiyə dialektik vəhdətdədir.
İnsan ətraf aləmlə çoxcəhətli əlaqə və asılılıqdadır. Bu, real tərbiyə prosesinin çevikliyini, dinamikliyini, dəyişkənliyini şərtləndirir: heç bir tərbiyə sistemi dəyişməz deyildir, heç bir tərbiyə metodu bütün hallar üçün yararlı ola bilməz.
Tərbiyənin dialektik xarakteri bu prosesdə subyekt və obyektin qarşılıqlı vəhdəti ilə də bağlıdır: tərbiyə olunan bu prosesdə təkcə obyekt kimi yox, həm də bir çox halda subyekt kimi çıxış edir. O, özünə və yoldaşlarına təsir göstərir, kollektivdə müəyyən mövqe tutur, onun ümumi xəttinin formalaşmasında iştirak edir.
Tərbiyə prosesinin dialektikası onun ziddiyyətli olmasında özünü göstərir. Ziddiyyətlər tərbiyə prosesinin əsas hərəkətverici qüvvəsi kimi çıxış edir. Ziddiyyətlər xarici və daxili olmaqla iki qrupa bölünür.
Xarici ziddiyyətlər cəmiyyətin tələbləri ilə şəxsiyyətin imkanları və tərbiyə səviyyəsi arasındakı ziddiyyətlərlə bağlıdır. İnsan cəmiyyətin (məktəbin, ailənin) tələblərini ödəmək üçün öz imkanlarını (biliyini, bacarığını, psixi qüvvələrini) işə salır. Nəticədə müəyyən müddətdən sonra cəmiyyətin tələblərinə uyğun hərəkət etməyi öyrənir. Beləliklə, öz inkişafında bir addım irəli gedir, yeni keyfiyyətlərə yiyələnir.
Daxili ziddiyyətlər tərbiyə prosesinə daxilən xas olan ziddiyyətlərdir, onun komponentləri arasındakı uyğunsuzluqlardır. Əsas daxili ziddiyyət insanın tələbatları ilə onları ödəmək imkanı arasındakı ziddiyyətdir. İnsan öz tələbatını ödəmək üçün yeni yollar axtarır; yeni vasitələrə, üsullara, əməliyyatlara, biliyə və bacarığa yiyələnir. Beləliklə, öz tələbatını ödəyir: tələbatla imkan arasında ziddiyyət aradan qalxır. Lakin təmin olunmuş tələbat zəminində yeni tələbatlar və deməli, yeni ziddiyyətlər yaranır. Proses ardıcıl surətdə davam etdikcə hər dəfə şəxsiyyətin inkişafında yeni cəhətlər, yeni xüsusiyyətlər və xassələr əmələ gəlir. Bu zəmində insan tədricən həyatı, başqa adamları, özünü dərk edir, yeni-yeni təsəvvürlərə yiyələnir. Onun motivləri, münasibətlər sistemi formalaşır, əxlaqi keyfiyyətləri, mənlik şüuru inkişaf edir.
Tərbiyədə digər daxili ziddiyyətlər də özünü göstərir: tərbiyənin məqsədi ilə məzmunu və vasitələri arasında ziddiyyət; müəllimin məqsədi ilə uşağın məqsədi arasında ziddiyyət; məktəbin planlı təsiri ilə mühitin kortəbii təsiri arasında ziddiyyət; məktəblə ailənin təsiri arasında ziddiyyət; kollektivlə fərd arasında ziddiyyət və s.
Bu ziddiyyətlərin həlli tərbiyə prosesinin səmərə və keyfiyyətini yüksəltməyə, şəxsiyyətin inkişafı üçün əlverişli şərait yaratmağa imkan verir.
2. Tərbiyənin xüsusiyyətləri
Tərbiyə işi özünəməxsus xüsusiyyətlərə malikdir. Onun düzgün idarə olunması və yüksək səmərə verməsi üçün həmin xüsusiyyətləri yaxşı bilmək və tərbiyə işində nəzərə almaq lazımdır. Bu xüsusiyyətlər aşağıdakılardan ibarətdir:
1. Tərbiyə çoxamilli prosesdir. Bu o deməkdir ki, uşaq şəxsiyyətinin formalaşması çox müxtəlif amillərin təsiri ilə baş verir: məktəb, ailə, ictimaiyyət, geniş sosial mühit, məhəllə və yoldaşlıq mühiti, yaşlı adamlar, kino, televiziya, bədii əsərlər və s. tərbiyədə mühüm rol oynayır. A.S.Makarenkonun sözləri ilə desək, uşağı hər şey - adamlar, əşyalar, hadisələr, ilk növbədə isə valideyn və müəllimlər tərbiyə edir.
2. Tərbiyə uzun sürən və fasiləsiz prosesdir. O, insanın doğulduğu gündən başlayıb, bütün ömrü boyu davam edir. Tərbiyədə fasilə yoxdur: o, hər gün, hər an, hətta tərbiyəçi (valideyn) bilavasitə olmadığı dövrdə də davam edir. Tərbiyənin nəticəsi tez gözə görünmür. Buna görə də burada tələsik müsbət nəticə almaq mümkün deyildir; uşaqla gündəlik, səbirlə tərbiyə işi aparmaq lazımdır. Tərbiyəçi (valideyn) apardığı işin müsbət nəticəsini dərhal görmürsə, ruhdan düşməməlidir.
3. Tərbiyə çoxcəhətli, eyni zamanda bütöv prosesdir. Şəxsiyyətin keyfiyyətləri bir-birindən ayrı olmayıb, sıx vəhdət təşkil edir. Tərbiyə prosesində uşağın şəxsiyyəti hissə-hissə yox, bütöv proses kimi, kompleks halda formalaşır. Buna görə də, bütün tərbiyə sahələrini əlaqəli şəkildə aparmaq lazımdır.
4. Tərbiyədə xırda məsələ yoxdur; hər bir "xırda" məsələ şəxsiyyətə müəyyən təsir göstərir. Əslində, tərbiyə işi gündəlik xırda təsirlərdən ibarətdir. Səliqəlilik haqqında uşaqlarla söhbət keçirən müəllim axırda çirkli cib dəsmalı ilə əlini silirsə, bu, onun bütün söhbətinin təsirini aşağı salır.
5. Tərbiyə özünütərbiyə və yenidəntərbiyə ilə dialektik vəhdət təşkil edir. Tərbiyə məqsədyönlü, mütəşəkkil prosesdir. Tərbiyəçinin cəmi uşağın şəxsi səyi ilə birləşdikdə daha yaxşı nəticə əldə etmək olur. Buna görə də kiçik yaşlardan tərbiyə ilə özünütərbiyəni əlaqələndirmək lazımdır.
Özünütərbiyə insanın özünü təkmilləşdirmək üçün öz üzərində şüurlu, məqsədyönlü işləməsi prosesidir. Özünütərbiyənin əsas vasitələrinə özünümüşahidə, özünütəhlil, özünütərbiyə planı və ya proqramının müəyyən edilməsi, özünüinandırma (özünətəlqin), özünənəzarət, özünəhesabat, özünütərif, özünütənqid, özünüqiymətləndirmə daxildir. Yeniyetmə və gəncləri özünütərbiyə vasitələri ilə tanış etmək, bu işə həvəsləndirmək lazımdır.
Tərbiyə prosesi, bir qayda olaraq, yenidəntərbiyə ilə müşayiət olunur. Əgər kiçik yaşlardan insana düzgün tərbiyə verilərsə, sonradan yenidəntərbiyəyə ehtiyac qalmaz. Həm də nəzərə almaq lazımdır ki, yenidəntərbiyə tərbiyəyə nisbətən çətindir; o, çox vaxt və qüvvə tələb edir. Yenidəntərbiyə insanın xarakterində, rəftar və davranışında özünü göstərən mənfi keyfiyyətlərin, mənfi halların aradan qaldırılması prosesidir. Yenidəntərbiyənin əsas şərtləri mənfi keyfiyyətləri doğuran səbəbləri aradan qaldırmaqdan, insanın münasibətlər sistemini dəyişməkdən, kollektivin tərbiyəvi rolunu gücləndirməkdən, insanda özünə inam yaratmaqdan, stimullaşdırıcı tərbiyə metodlarına istinad etməkdən, insanı özünütərbiyə işinə qoşmaqdan ibarətdir. Yenidəntərbiyənin ən böyük ustası A.S.Makarenko olmuşdur; o, 3 mindən artıq nəzarətsiz, qanunpozan uşağı düzgün həyata qaytarmışdır.
Tərbiyə prosesinin əsas mərhələləri. Tərbiyə prosesi müəyyən mərhələlərdən ibarətdir. Bu mərhələləri bilmək və onlara əməl etmək tərbiyə işini düzgün idarə etməyə, şəxsiyyətin inkişafını düzgün istiqamətləndirməyə imkan verir. Tərbiyə prosesi aşağıdakı mərhələlərdə qurulur:
- düzgün davranış normaları və tələbləri ilə tanışlıq;
- həmin norma və tələblərə münasibətin formalaşdırılması: düzgün davranış motivlərinin və arzusunun aşılanması;
- ictimai davranış normalarına baxış və əqidənin formalaşdırılması;
- düzgün davranış təcrübəsinin, adətlərinin yaradılması;
- tərbiyənin özünütərbiyəyə keçməsi, insanda özünütərbiyə tələbatının yaranması.
Tərbiyə prosesi bu mərhələlərlə qurulduqda şəxsiyyətin formalaşması və inkişafını planlı və mütəşəkkil qaydada həyata keçirmək mümkündür.
3. Tərbiyənin məzmunu
Tərbiyənin məzmunu gənc nəslə aşılanacaq tərbiyə keyfiyyətlərinin məcmusudur. O, ahəngdar şəxsiyyət tərbiyəsinin bütün tərkib hissələrini özündə birləşdirir. Buraya əqli tərbiyə, elmi dünyagörüşü tərbiyəsi, ideya-siyasi tərbiyə, əxlaq tərbiyəsi, estetik tərbiyə, əmək tərbiyəsi, fiziki tərbiyə, hüquq, iqtisadi və ekoloji tərbiyə daxildir. Bu tərbiyə sahələri tərbiyənin ümumi məqsədinin həyata keçirilməsində - ahəngdar şəxsiyyətin formalaşmasında mühüm rol oynayır.
Əqli tərbiyə gənc nəsli biliklər sistemi ilə, elmi dünyagörüşü, ideya-mənəvi keyfiyyətlərlə silahlandırmağa, zehni qüvvələri, təfəkkürü inkişaf etdirməyə kömək göstərir.
İdeya-siyasi tərbiyə şəxsiyyətin istiqamətini təşkil edən ideyalar, siyasi baxış və əqidə yaratmağa xidmət edir.
Əxlaq tərbiyəsi insanda əxlaqi şüuru, müsbət davranış adətləri formalaşdırmağa istiqamətlənir.
Əmək tərbiyəsi əməksevərlik, əməyə məhəbbət, əmək bacarıq və vərdişləri tərbiyə edir, gənc nəsli psixoloji və əməli cəhətdən əməyə, peşə seçmə işinə hazırlayır.
Estetik tərbiyə böyüyən nəsli gözəllik ruhunda tərbiyə edir, onda estetik hisslər, zövq, bədii-estetik bacarıqları formalaşdırır
Fiziki tərbiyə şəxsiyyətin vacib keyfiyyətlərini - sağlamlığı, gümrahlığı möhkəmlədir, gənc nəsli əməyə, Vətən müdafiəsinə hazırlayır.
Hüquq, iqtisadi və ekoloji tərbiyə böyüyən nəsli hüquqi, iqtisadi və ekoloji mədəniyyət ruhunda tərbiyə etməklə, cəmiyyətdə yaşayıb fəaliyyət göstərməyə hazırlayır, vətəndaş kimi öz hüquq və vəzifələrini dərk etməyə kömək göstərir.
Tərbiyənin məzmunu onun məqsədi ilə, cəmiyyətin tələbatı ilə müəyyən olunur. Tərbiyənin başlıca məqsədi ahəngdar şəxsiyyət yetişdirməkdən ibarət olduğu üçün tərbiyə işinin məzmunu - bütün sahələri əlaqəli şəkildə həyata keçirilməli, ümumi məqsədə xidmət etməlidir.
Məktəbdə tərbiyə işlərinin məzmunu xüsusi proqramda öz əksini tapmışdır. Bu proqram "Məktəblilərin tərbiyə edilməsinin nümunəvi məzmunu" adlanır. Proqram dörd hissədən ibarətdir. I hissədə ümumtəhsil məktəbində tərbiyə fəaliyyətinin ümumi vəzifələri öz əksini tapmışdır. II hissədə müxtəlif yaş dövrlərində (I-IV, V-IX, X-XI siniflər) tərbiyə işinin xüsusiyyətləri ilə bağlı vəzifələr konkretləşdirilir. III hissədə ümumməktəb kollektivinin təxmini fəaliyyət növləri, IV hissədə isə məktəb, ailə və ictimaiyyətin birgə fəaliyyətinin məzmunu və formaları nəzərdən keçirilir.
Məktəb kollektivləri, sinif rəhbərləri öz işlərini planlaşdırarkən "Məktəblilərin tərbiyə edilməsinin nümunəvi məzmunu" proqramından faydalana bilərlər.
mənbə: kayzen.az

Təlimin təşkili formalarının tarixi


Təlimin səmərəsi onun hansı formada təşkilindən çox asılıdır. Təlimin məqsəd və məzmunu onun təşkili forması ilə həyata keçirilir. Məzmun formanı müəyyən edir və onunla reallaşır. Buna görə də təlimin səmərəli formalarının seçilməsi böyük əhəmiyyətə malikdir.
Təlimin təşkili forması bütöv təlim prosesinin mühüm komponentlərindən biridir. Forma hər hansı fəaliyyətin, işin zahiri ifadəsidir. Təlimin təşkili forması müəllim və şagirdlərin müəyyən qaydada və rejimdə cərəyan edən birgə fəaliyyətinin ifadəsidir.
Təlimin təşkili formalarının tarixi qədimdir. Pedaqogika tarixində aşağıdakı formalar mövcud olmuşdur.
- Fərdi təlim forması (XIII-XVI əsrlər);
- Sinif-dərs forması (XVI-XVII əsrlər);
- Standart təlim sistemi (XVIII-XIX əsrlər);
- Qarşılıqlı təlim forması (XVIII-XIX əsrlər);
- Dalton-plan təlim forması (XX əsrin əvvəli);
- Laborator-briqada forması (XX əsrin əvvəli);
- Tramp planı sistemi (XX əsr) - təlimin kollektiv, qrup və fərdi formalarını uzlaşdırmağa əsaslanır. Onun banisi - ABŞ professoru L.Tramp bütün təlim vaxtının 40%-ni kollektiv məşğələlərə, 20%-ni qrupla işə, 40%-ni isə fərdi işə ayırmağı təklif edirdi.
Bu formalardan əlavə ABŞ və Qərbi Avropa ölkələrinin təhsil sistemində digər formalar da tətbiq edilir.
Nəzərdən keçirilən formaların böyük qismi müəyyən müddət ərzində öz təsirini saxlaya bilmişdir. Kollektiv forma kimi dərs daha çox yayılmış və öz təsirini indi də saxlamaqdadır.


Didaktika, onun mövzusu

Didaktika, onun mövzusu
Didaktika (yunanca "öyrədirəm" deməkdir) pedaqogikanın mühüm bir sahəsini təşkil edir. Pedaqoji ədəbiyyatda didaktikanın mövzusu müxtəlif şəkildə şərh olunur: gah təhsil və ya təlim nəzəriyyəsi kimi, gah da onların vəhdəti kimi nəzərdən keçirilir. Sonuncu mövqe daha düzgündür. Çünki didaktika həm təlimin, həm də təhsil prosesinin nəzəri əsaslarını, məzmununu ("Nəyi öyrətməli və öyrənməli?"), vasitə və metodlarını, təşkili formalarını ("Necə öyrətməli və öyrənməli?") araşdırır.
Didaktikanın obyekti təlim və təhsil prosesidir. Onun mövzusu (predmeti) isə təlim və təhsil prosesinin qanunauyğunluqlarını, müəllimin öyrətmə və şagirdin (tələbənin) öyrənmə fəaliyyətinin qarşılıqlı əlaqəsini, səmərəli yollarını, şərtlərini müəyyən etməkdir.
Didaktikanın əsas anlayışlarına təhsil, təlim, tədrisetmə, təhsilalma və b. daxildir. Təhsil müəyyən tədris müəssisəsində verilən, tərbiyə və inkişafa xidmət edən bilik, bacarıq və vərdişlərin sistemidir. Təhsil həm müəllimin rəhbərliyi ilə (təlim), həm də müstəqil yolla (özünütəhsil) əldə edilə bilər. Təlim müəllimin rəhbərliyi altında insanın məqsədyönlü şəkildə bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi və bu zəmində tərbiyə və inkişaf etməsi prosesidir.
Didaktika üç başlıca suala cavab verir: nəyi öyrətmək (öyrənmək), necə öyrətmək (öyrənmək), hansı formada öyrətmək (öyrənmək)? Bu məsələlərlə bağlı təlimin optimal məzmununu, səmərəli vasitə və yollarını, təşkili formalarını müəyyən etmək, təlim və təhsilin qanunauyğunluqları və prinsiplərini araşdırmaq didaktikanın əsas problemlərinə aiddir.
Təlim prosesinin səmərəsi müəllim və şagirdlərin qarşılıqlı fəaliyyətindən asılıdır. Didaktika bu əlaqənin şərtlərini, tənzimlənməsi yollarını araşdırır.
Mənbə: kayzen.az


Şəxsiyyət haqqında anlayış

Şəxsiyyət haqqında anlayış
Müasir psixologiyada şəxsiyyət problemi. Şəxsiyyət problemi elmin müxtəlif sahələrində çalışan alim və mütəfəkkirlərin illərlə diqqət mərkəzində dayanan mühüm problemlərdən biri olmuş və müasir dövrdə də öz aktuallığını saxlamaqdadır. Müasir psixologiyada şəxsiyyət, onun fəallığı, formalaşması, strukturu kimi məsələlər, ümu­miyyətlə şəxsiyyət anlayışının mahiyyəti barədə müxtəlif fikirlər irəli sürülür. Bu bir daha həmin problemin mürəkkəb və çətin olduğunu təsdiq edir.
İnsanlar təkcə gözlərinin rənginə, səslərinin tembrinə, barmaq izlərinə və s. görə deyil şəxsiyyətlərinin xarakte­ristikasına görə də bir-birlərindən fərqlənirlər. İnsanları göz­lərinin rənginə, səslərinin tembrinə və ya digər biofiziki xüsusiy­yətlərinə görə xarakterizə etməyə nisbətən onları bir şəxsiyyət kimi xarakterizə etmək olduqca çətindir. Şəxsiyyət anlayışı mürəkkəb anlayışdır. Onun adekvat şəkildə anlaşılmasının çətinliyi bir sıra amillərlə bağlıdır. Həmin mühüm amillərdən bir neçəsini nəzərdən keçirək.
1. İnsan şəxsiyyəti maddi və toxunula bilən, hiss edilən deyildir. O, bir sıra amillərin, şəraitin, imkanların və determinantların təsiri altında formalaşan psixoloji törəmədir.
2. İnsan şəxsiyyəti bir sıra amillərin təsirinə məruz qalsa da yalnız onlardan asılı bir törəmə kimi şərh oluna bilməz, çünki o formalaşdığı həmin əsası dialektik olaraq rədd edir.
3. İnsan davranışının determinasiyasında şəxsiyyətin mühüm əhəmiyyət kəsb etməsi barədə çoxlu  nəzəriyyə və konsepsiya mövcuddur ki, bunların bir çoxunun «şəxsiyyət» anlayışını şərh etməsi ziddiyyətlidir.                    
4. Nəhayət, şəxsiyyəti anlamaq insan fenomenini anlamaqla birbaşa əlaqədardır. Şəxsiyyət yalnız o zaman insanın əsası, özəyi kimi, onun başlıca parametri, onun eyniləşdirmə vasitəsi kimi şərh oluna bilər ki, antropologiya və insan haqqında biliklər insanın öz təbiətini anlamaq səviyyəsinə yüksəlmiş olsun.
Lakin bütün bu qeyd olunanlar heç də şəxsiyyətin tədqiqi imkanlarının mümkün olduğunu rədd etməyə imkan vermir. Əksinə, şəxsiyyət problemi barədə son nəzəri və eksperimental tədqiqatlar onun öyrənilməsi imkanlarını artırır.
   «Şəxsiyyət» sözü Azərbaycan, rus və ingilis dillərində maraqlı və faktiki olaraq eyni etimologiyaya malikdir. Azərbaycan dilində «şəxsiyyət» sözü öz əsasını ərəb sözü olan «şəxs» sözündən götürmüş və hər hansı bir konkret şəxsi, simanı bildirir. Rus dilində «şəxsiyyət» (liçnostğ) sözü də «liüo», «liçina» (üz, sifət) sözləri ilə bağlıdır. İngilis dilində «şəxsiyyət» mənasını ifadə edən «personality» sözü öz əsasını iki latın sözündən – «per» və «sona» sözlərindən götürmüşdür ki, bu da bir növ «vasitəsilə danışır» mənasını ifadə edir. Sonralar qədim Yunanıstanda  və Rim imperiyasında bu söz teatr tamaşasında aktyorun «maskası» şəklində özünü büruzə vermişdir. Adətən, səhnə hərəkətindən asılı olaraq «masqa» dəyişilir, aktyor rola daxil olur. Lakin, yalnız xeyli vaxt keçdikdən sonra «persona» sözü hazırki dövrdə daşıdığı məna yükünü daşımağa başlamış, «personality» – «şəxsiyyət» mənasında işlənməyə başlan­mışdır.
   Qeyd edilənlərdən göründüyü kimi, insanın şəxsiyyəti birbaşa və dolayı mənada onun siması, sifətidir. Birbaşa mənada insanın siması, sifəti onun başlıca identifikatorudur. Məhz onun xətləri, formaları, çevrəsi və digər xüsusiyyətləri əsasında bir adamı başqasından fərqləndirir, onun hansı yaş kateqoriyasına mənsub olduğunu müəyyənləşdirə bilirik. Təsadüfi deyildir ki, şəxsiyyəti eyniləşdirməklə bağlı bütün sənədlərdə onun sifətinin (üzünün) şəkli olması tələb edilir. Bununla yanaşı olaraq bizim sifətimiz emosiyalarımızın, hisslərimizin, əhvalımızın, vəziyyətimizin, istəklərimizin ifadəçisinə çevrilir, o bizə təkcə verbal yolla deyil, qeyri- verbal yolla da, zəngin mimiki imkanlarımızın köməyilə də ünsiyyətə girmək imkanı verir. Dolayı mənada, insan şəxsiyyəti onun «ruhunun», başqa sözlə, onun bütün psixi təzahürünün «sifətidir». İnsana məxsus olan fərdi-psixoloji xassələrin təzahür xüsusiyyətlərinə, onun ünsiyyət üslubuna, davranışına, fikir və ideyalarına görə onu aydın eyniləşdirməyimiz və onun gələcək davranışının  istiqamətini proqnozlaşdırmağımız heç kimdə şübhə doğura bilməz.
   Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, şəxsiyyət fərdin özünü cəmiyyətlə eyni­ləş­dirməsinə imkan verən davamlı fiziki və psixi xarakteristikasının məcmuundan ibarətdir.
  Şəxsiyyət insanın psixoloji siması olub, şüura, mənliyə malik olan, öz hərəkətlərinə cavabdeh, ictimai münasibətlərin fəal iştirakçısı olan adamdır. Şəxsiyyət müəyyən ictimai-tarixi dövrdə yaşayıb fəaliyyət göstərən, gerçəkliyi dərk edib müəyyən istiqamətdə dəyişdirən, ünsiyyətə girməyi bacaran konkret canlı insandır.
mənbə: kayzen.az


13 noyabr 2015-ci il tarixində saat 11:00-da Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə ümumtəhsil məktəblərinin 8-ci sinif “Azərbaycan dili” dərsliyinin 126-cı səhifəsində verilmiş mətnin ictimai müzakirəsi təşkil olunacaq.

13 noyabr 2015-ci il tarixində saat 11:00-da Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə ümumtəhsil məktəblərinin 8-ci sinif “Azərbaycan dili” dərsliyinin 126-cı səhifəsində verilmiş mətnin ictimai müzakirəsi təşkil olunacaq.

Müzakirədə Təhsil Nazirliyinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və AMEA-nın əməkdaşları, Azərbaycan dili və ədəbiyyatı müəllimləri, təhsil ekspertləri, ictimaiyyət nümayəndələri və valideyn icmasının üzvləri iştirak edəcəklər.

6 Kasım 2015 Cuma

İbtidai sinif-Motivasiya nümunələri

İbtidai sinif-Motivasiya nümunələri
Ana-Dili III sinif
Müəllif: Püstə Mehdiyeva

Müəllim tərəfindən şagirlərə şəkillər nümayiş etdirilir. Şəkillər aşağıdakı slayd -şəkildəki kimi nümunələrdən ibarət ola bilər.
Sonra şagirdlərə aşağıdakı açar sözlər təqdim edilir. Açar sözlər təqdim edilərkən mürəkkəbdən sadəəyə doğru təqdim edilir ki, sinifdə ən istedadlı şagirdlərlə yanaşı, ən zəif şagirdlər də iştirak edə bilsin. Bu motivasiyaya maximum 5 dəqiqə sərf edilə bilər.
1.Qız məktəbi tikdirib
2.Millətin atasıdır.
3. Mətbəə açıdırıb
4. Milyonçudur.
5. Bakıya su çəkdirib.
6. Xeyriyyəçidir.
Açar sözlər təqdim edilərkən, inifdə şagirdlərin bilik və yaş səviyyələri nəzərə alınmalıdır.
Müəllim daha sonra növbəti slaydı və ya Hacı Zeynalabdin tağıyeva məxsus olan şəkilləri nümayiş etdirir.
Daha sonra şagirdlərə araşdırmaya yönəltmək məqsədilə, şagirdlərə tədqiqat sualını verir
Tədqiqat sualı ilə tanış olaq.
" Əsl insan hansı keyfiyyətlərə malik olmalıdır?"




Kurikulum testlərlə özünüzü yoxlayın

 KURİKULUM NƏDİR?
A) Təhsilin məzmunu, təşkili və qiymətləndirməsi ilə bağlı məsələləri özündə əks etdirən konseptual sənəddir.
B) Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün zəmin yaradan sənəddir.
C) Təlimin məzmunu ilə bağlı məsələləri özündə əks etdirən konseptual sənəddir.
D) Şagird nailiyyətlərinin qiymətləndirilməsini özündə əks etdirən sənəddir
E) Müəllim fəaliyyətinin planlaşdırılmasına və idarə edilməsinə kömək edən sənəddir.
2. E) Müəllim fəaliyyətinin planlaşdırılmasına və idarə edilməsinə kömək edən sənəddir.
A) Fənn üzrə ümumi təlim nəticələri
B) Təlim strategiyaları
C) Tədris planı
D) Şagird nailiyyətlərinin qiymətləndirilməsi
E) Məzmun standartlarının şərhi
3. KURİKULUMUN ƏSAS XÜSUSİYYƏTİ:
A) Qiymətləndirmə mexanizmləri müəyyən edilmişdir.
B) Fənyönümlüdür.
C) İnteqrasiya sistemli xarakter daşımır.
D) Müəllimyönümlüdür.
E) Bilikyönümlüdür.
4. MƏZMUN XƏTTİ NƏDİR?
A) Mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
B) Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
C) Təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir
D) Dərslikdəki mövzuların bölmələr üzrə qruplaşdırılmasıdır.
E)Təlim nəticələrinin reallaşdırılması səviyyəsini yoxlamaq üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
5. TƏHSİL STANDARTI:
A) Təhsilalanların kompetensiyalarının məcmusudur.
B) Şagird nailiyyətlərinin keyfiyyət göstəricisidir.
C) Təhsilalanların nailiyyət səviyyəsinin ölçülməsi meyarıdır.
D) Təlim prosesində istifadə olunan metod və üsulların məcmusudur.
E) Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinə qoyulmuş dövlət tələbidir.
6. AŞAĞIDAKILARDAN BİRİ TƏLİMIN TƏŞKİLİNƏ VERİLƏN TƏLƏBLƏRƏ DAXİL DEYİL:
A) Pedaqoji prosesin tamlığı.
B) Yekun qiymətləndirmənin aparılması.
C) Təlimdə bərabər imkanların yaradılması.
D) Fəaliyyətin stimullaşdırılması.
E) Şagirdyönümlülük .
7. TƏHSİLALANLARIN MƏNƏVİ TƏRBİYƏSİNDƏ ƏSAS METOD:
A) Tənbeh etmək
B) İnandırmaq
C) Tapşırıq vermək
D) Məsuliyyətli işə cəlb etmək
E) Nəzarət etmək
8. PEDAQOJİ TEXNOLOGİYA:
A) Öyrənilən elm sahəsində ideyalar məcmusudur.
B) Pedaqoji fəaliyyətin nəticəsidir.
C) Tərbiyə məsələlərinə nəzəri yanaşmaların məcmusudur.
D) Qarşıya qoyulmuş məqsədlərə daha səmərəli yolla nail olunmasını təmin edən metodlar və vasitələr sistemidir.
E) Müəllimin qarşısına qoyulan tələblərdir.
9. TƏRBİYƏ SİSTEMİNİN KOMPONENTİ DEYİL:
A) Tərbiyənin məqsədi
B) Tolerantlığın formalaşdırılması
C) Tərbiyəvi işin forma və üsulları
D) Tərbiyənin məzmunu
E) Tərbiyənin prinsipləri
10. MÜƏLLİMLƏRİN İNNOVATİV FƏALİYYƏTİNIN NƏTİCƏSİNƏ AİD OLANLARI GÖSTƏRİN:
1. Təhsilin keyfiyyəti yüksəlir.
2. Təhsildən yayınma halları artır.
3. Təhsil müəssisəsinin nüfuzu artır.
4. Şagirdlərin kompetensiyasıartır.
5.Təhsil müəssisəsində psixoloji iqlim pisləşir.
 A) 2, 3, 5
 B) 1, 3, 5 
 C) 1, 3, 4 
 D) 1, 2, 3 
 E) 2, 3, 4
11. TƏLİM PROSESİNDƏ TAKSONOMİYALAR NƏYƏ XİDMƏT EDİR?
A) Gündəlik keçirilən dərslərin mövzularını müəyyənləşdirmək.
B) Dərsin bütün mərhələlərini tam şəkildə həyata keçirmək.
C) Təfəkkürün müxtəlif növlərini inkişaf etdirmək üçün tapşırıqlar tərtib etmək.
D) Şagirdlərin fəaliyyətini stimullaşdırmaq.
E) Şagirdlərdə öyrənməyə motivasiya yaratmaq.
12. CARİ PLANLAŞDIRMADA ƏN ÇOX BURAXILAN SƏHV hANSIDIR?
A) Dərslikdəki materialı mənimsətmək.
B) Dərsdə reallaşdırılacaq alt-standartları müəyyənləşdirmək.
C) İş vərəqlərini hazırlamaq.
D) Dərsin təlim nəticələrini müəyyənləşdirmək
E) Dərsin təlim nəticələrinə uyğun tapşırıqlar hazırlamaq.
13. VARİANTLARDAN BİRİ FƏAL (İNTERAKTİV) TƏLİMİN xÜSUSİYYƏTİDİR:
A) Müəllim və şagirdlər arasında əks-əlaqənin yaradılması.
B) Hazır şəkildə əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsəmə
C) Yeni biliklərin müəllimin məlumatları və izahları vasitəsilə qavranılması.
D) Avtoritar metoda əsaslanır.
E) Hafizəyə əsaslanır.
14. NƏ ÜÇÜN MOTİVASİYA DÜŞÜNDÜRÜCÜ VƏ ƏQSƏDƏUYĞUN OLMALIDIR?
A) Tədqiqat prosesini çətinləşdirir.
B) Dərsin bütün mərhələlərini tam şəkildə həyata keçirməyə imkan yaradır.
C) Dərsin vaxtında başa çatmasına kömək edir.
D) Şagirdlərdə idrak fəallığı oyadır.
E) Tapşırıqları düzgün yerinə yetirməyə kömək edir.
15. PROBLEM SİTUASİYANIN YARADILMASI ZAMANI TEZ-TEZ MÜŞAHİDƏ OLUNAN SƏHVİ GÖSTƏRİN:
A) Problemin həlli müxtəlif fərziyyələr yaradır.
B) Qoyulan problemdə ziddiyyəti həll etmək tələb olunur.
C) Hər bir şagird öz bilik və təcrübəsindən istifadə etməklə problemin həlli yollarını tapmağa çalışır.
D) Problemin həlli xüsusi tədqiqat tələb etməlidir.
E) Müəllimin şagirdin qarşısına qoyduğu problem onun yaş səviyyəsinə uyğun gəlmir.
16. TƏLİM STRATEGİYALARINA AİD OLMAYANI GÖSTƏRİN:
A) Fənn üzrə təlimin təşkilinə verilən tələblərin təsviri
B) Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyələr
C) Planlaşdırmaya dair nümunələr
D) Sinifdənkənar tədbirlərin təşkil edilməsi.
E) Məzmun standartlarının şərhi
17. DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏ NƏ VAXT APARILIR?
A ) Hər ayın əvvəlində
B) Dərs ilinin,bölmənin tədrisinin əvvəlində.
C) Bölmə və bəhslərin, yarımilin sonunda.
D) Təhsil səviyyələrini başa vurarkən.
E) Tədris ilinin sonunda.
18. FORMATİV QİYMƏTLƏNDİRMƏNİN MƏQSƏDİ:
A) Şagirdin təlim prosesində irəliləyişinin izlənilməsi.
B) Şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsi.
C) Müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bacarıq və vərdişlərinin səviyyəsinin qiymətləndirilməsi.
D) Yarımilin və tədris ilinin sonunda şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi.
E) Bölmə üzrə mövzuların tədrisinin sonunda şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi.
19. BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏNİN (BSQ) XÜSUSİYYƏTLƏRİNİ SEÇIN:
1. Bəhs və ya bölmənin sonunda keçirilir.
2. Qiymətləndirmə vasitələri məktəb rəhbərliyi tərəfindən hazırlanır.
3. BSQ –nin keçirilmə tarixi fənn müəllimi tərəfindən müəyyən edilir.
4. Yarımilin sonunda keçirilir.
5. BSQ-nin keçirilmə tarixi illik planlaşmada nəzərdə tutulur.
A) 2,4,5
B) 1,3,5 
 C) 1,2,3
D)1,3,4 
E) 2,3,4
20. SUMMATİV QİYMƏTLƏNDİRMƏNİN MƏQSƏDLƏRİ:
1. Müəllimin tədris fəaliyyətini dəyərləndirmək.
2. Sinfin ilkin səviyyəsini müəyyənləşdirmək.
3. Məktəbdə təlimin səviyyəsini müəyyənləşdirmək.
4. Şagirdin təlim nailiyyətlərinin inkişafını gündəlik olaraq izləmək.
5. Təlimin hər hansı bir mərhələsində (tədris vahidinin, yarımilin, tədris ilinin sonunda) şagirdlərin nailiyyətlərini qiymətləndirmək.
A) 1, 2, 3
B) 2, 3, 5 
C) 2, 4, 5 
 D) 1, 4, 5 
E) 1, 3, 5
Cavablara baxın.
1. A) Təhsilin məzmunu, təşkili və qiymətləndirməsi ilə bağlı məsələləri özündə əks etdirən konseptual sənəddir.
2. C) Tədris planı
3. A) Qiymətləndirmə mexanizmləri müəyyən edilmişdir.
4. B) Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
5. E) Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinə qoyulmuş dövlət tələbidir.
6. B) Yekun qiymətləndirmənin aparılması.
7. B) İnandırmaq
8. D) Qarşıya qoyulmuş məqsədlərə daha səmərəli yolla nail olunmasını təmin edən metodlar və vasitələr sistemidir.
9. B) Tolerantlığın formalaşdırılması
10.  C) 1, 3, 4 
11. C) Təfəkkürün müxtəlif növlərini inkişaf etdirmək üçün tapşırıqlar tərtib etmək.
12. A) Dərslikdəki materialı mənimsətmək.
13. A) Müəllim və şagirdlər arasında əks-əlaqənin yaradılması.
14. D) Şagirdlərdə idrak fəallığı oyadır.
15. E) Müəllimin şagirdin qarşısına qoyduğu problem onun yaş səviyyəsinə uyğun gəlmir.
16. D) Sinifdənkənar tədbirlərin təşkil edilməsi.
17. B) Dərs ilinin,bölmənin tədrisinin əvvəlində.
18. A) Şagirdin təlim prosesində irəliləyişinin izlənilməsi.
19. A) 2,4,5
20. E) 1, 3, 5
Mənbə: coğrafiya.info

Məşhur Postlar

Səhifələr

Vacib saytlar