Sual. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin məqsədi nədir?
Müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirib üzə çıxarılması; bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi; nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi.
Sual. Diaqnostik qiymətləndirilmədə hansı müəssisələrin müəllimləri iştirak edə bilərlər?
Diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin (ibtidai, ümumi orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrinin (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) müəllimləri iştirak edə bilərlər.
Sual. Diaqnostik qiymətləndirilmədə kimlər iştirak edə bilərlər?
Əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, eyni zamanda Nazirliyin mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilmədə iştirak edə bilərlər.
Sual. Sınaq qiymətləndirilməsində kimlər iştirak etmir?
1. Məktəb direktorları
2. Direktor müavinləri
3. Psixoloqlar
4. Laborantlar
5. Uşaq birliyi rəhbərləri
6. Sosial məzuniyyətdə olan və müvəqqəti əmək qabiliyyətini itirən müəllimlər
Sual. İki və daha artıq fəndən tədris aparan müəllimlər diaqnostik qiymətləndirmədə neçə fəndən imtahan verəcəklər?
İki və daha artıq fəndən tədris aparan müəllimlər öz seçimlərinə əsasən yalnız bir fənn üzrə diaqnostik qiymətləndirilmədə iştirak edə bilərlər. Müəllimlər bu seçimləri ilə əlaqədar əsaslandırılmış səbəbi müəssisə rəhbərinə bildirməlidirlər (bununla bağlı ehtiyac yaranarsa, mütləq məktəb rəhbərliyinə müraciət edərək, hazırlanan siyahıda Sizin imtahan verəcəyiniz fənn və təlim dilini mütləq yoxlayın).
Sual. İmtahanlar hansı formatda keçiriləcək?
Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanları elektron proqram təminatı vasitəsilə keçiriləcək. Bununla da imtahan iştirakçılarının sualları cavablandırarkən seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişmək (əgər hər hansı bir suala cavab verib keçmiş, sonradan səhv etdiyinizi başa düşmüsüzsə, yenidən həmin suala qayıdıb düzgün hesab etdiyiniz digər cavabı seçə bilərsiniz), imtahanın vaxtını monitorda izləmək, ekrandakı elektron kalkulyatordan istifadə etmək kimi imkanları yaranacaq.
Sual. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanlarında keçid balı neçə faizdir?
Diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə (ixisas üzrə 4, metodika üzrə 2) düzgün cavab vermiş müəllimlər Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına uyğun olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar.
Sual. İmtahan neçə dəqiqədən ibarət olur?
Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanları 90 (hər bir suala orta hesabla 1.5 dəqiqə) dəqiqədən ibarət olur.
Sual. İmtahan suallarının neçəsi ixtisas, neçəsi metodika suallarıdır?
Qiymətləndirilmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı verilir və hər bir düzgün cavab 1 balla qiymətləndirilir.
Sual. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanlarında keçid balı neçə faizdir?
Diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə (ixisas üzrə 4, metodika üzrə 2) düzgün cavab vermiş müəllimlər Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına uyğun olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar.
Sual. İmtahanlarda səhv cavablandırılmış suallar düzgün cavablandırılmış sualların balına təsir edirmi?
Səhv cavablandırılmış suallar düzgün cavablandırılmış sualların balına heç bir təsir etmir.
Sual: Sınaq qiymətləndirmənin attestasiyadan fərqi nədir?
Təhsil Nazirliyi tərəfindən keçirilən qiymətləndirmə sınaq xarakteri daşıyır. Burada əsas məqsəd yaradıcı düşüncəni inkişaf etdirən, təhsilalanın fərdi xüsusiyyətlərini, stimullaşdırma və karyera inkişafını nəzərə alan, səriştənin artırılmasına xidmət edən modelin yaradılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. Effektiv və harmonik təhsil mühitinin yaradılması təhsilalanların əldə etdikləri bilikləri tətbiq etmələri üçün çox vacibdir. Bu mühitin yaradılması dünya təcrübəsində də istinad edildiyi kimi, təhsilalanların peşəkar bilik və bacarıqlarının vaxtaşırı monitorinqindən keçir. Və ən əsası, attestasiyadan aşağı qiymət almış şəxslər sistemdən kənarlaşdırılır, sınaq qiymətləndirmədə isə belə hal mövcud deyil.
Sual: Sınaq qiymətləndirmədə hamı iştirak etməlidirmi?
Bütün müəllimlər bu qiymətləndirmə prosesindən keçməlidir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsinin təmin olunmasına şərait yaradan sınaq qiymətləndirmə səriştəli təhsilverənin karyera inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, təhsilverənlərin bu qiymətləndirmə prosesindən keçməsi onların karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üçün vacibdir.
Sual: Sınaq qiymətləndirmə nəyə xidmət edir?
Sınaq qiymətləndirmə müəllimlərin peşəkar inkişaf istiqamətlərini, onların karyera inkişafını müəyyənləşdirir, nəticəyönümlü əməkhaqqı sistemini stimullaşdırır, təhsilverənin daim öz bilik və bacarıqlarını artırması üçün münbit şərait yaradır. Bu proses eyni zamanda təhsilverənlərin attestasiyasına hazırlıq xarakteri daşıyır.
Sual: Sınaq qiymətləndirmədən keçmək üçün yaş həddi müəyyənləşibmi? Bütün müəllimlər bu prosesdən keçməlidirmi?
Hazırda Təhsil Nazirliyi sisteminə daxil olan, müəllimlik fəaliyyəti ilə məşğul olan hər kəs qiymətləndirmədən keçməlidir.
Sual: Sınaq qiymətləndirmədə fəxri ad və mükafata layiq görülənlər, elmi dərəcəsi olanlar, "Əməkdar müəllim"lər və "Ən yaxşı müəllim"lər üçün güzəştlər nəzərdə tutulubmu?
Bununla bağlı heç bir güzəşt nəzərdə tutulmayıb və bu müəllimlərin sınaq qiymətləndirmədə öndə gedərək nümunə olmaları gözlənilir.
Sual: Sınaq qiymətləndirmədən keçmiş müəllimlər üçün təlimlər əsasən hansı istiqamətləri əhatə edəcək?
Bu, fərdi xarakter daşıyır və hər bir müəllimin göstəricilərindən asılı olaraq dəyişəcəkdir. İxtisasartırma kursları dövlət və özəl təhsil müəssisələrində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçiriləcək.
Sual: Rus bölməsində tədris edən müəllimlər hansı dildə testdən keçəcək?
Müəllimlər tədris etdikləri dildə qiymətləndirmədən keçəcək.
Sual: Suallar hansı mövzularda olacaqdır?
Suallar tədris proqramına uyğun tərtib edilir və müəllimlərin şagirdlərə dərs dedikləri mövzulardandır.
Sual: Həm rus bölməsində, həm də Azərbaycan bölməsində xarici dil tədris edən müəllimlər hansı dildə qiymətləndirmədən keçəcək?
Qiymətləndirilmənin ixtisas sualları ixtisas dilində, kommunikativ və metodika ilə bağlı suallar isə dərs yükünün çoxluğuna və növbəti dərs ilində hansı bölmədə dərs deyilməsi planlaşdırılırsa, o dildə olacaq.
Sual: İbtidai sinif müəllimləri ixtisas üzrə hansı fənlərdən qiymətləndirmədən keçəcək?
İbtidai sinif müəllimlərinin ixtisas üzrə bilikləri Azərbaycan dili və riyaziyyat fənlərindən qiymətləndiriləcək.
mənbə:testlərim.org
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.