Pedaqoji proses və onun səciyyəvi cəhətləri
Pedaqoji prosesin bir neçə səciyyəvi cəhəti vardır:
a) pedaqoji
prosesin ayrı-ayrı sahələrinin vəhdəti;
b) pedaqoji
prosesdə obyekt və subyektin qarşılıqlı əlaqəsi;
c) pedaqoji
prosesin inkişafı;
ç) pedaqoji
prosesdə ümumi məqsədin, qanunauyğunluq və prinsiplərin, forma və metodların
mövcudluğu.
Pedaqoji prosesin
müxtəlif sahələri - tərbiyə, təhsil, təlim və şəxsiyyətin inkişafı bir-biri ilə
sıx vəhdət təşkil edir, bir-birini tamamlayır. Təlim və təhsil şəxsiyyətin
tərbiyəsinə, ümumi və psixi inkişafına güclü təsir göstərir. Tərbiyə və inkişaf
prosesi isə, öz növbəsində, təlim və təhsil prosesinə - şagirdin zehni işdə
daha səylə çalışmasına, fəallığına, borc və məsuliyyət hissinin güclənməsinə
kömək edir.
Pedaqoji prosesin
inkişaf dinamikası obyektlə subyekt arasında qarşılıqlı münasibətlərin
xarakterindən asılıdır. Pedaqoji prosesin obyektini ayrı-ayrı fərdlər
(şagirdlər) və onların qrupları (sinif, məktəb kollektivi) təşkil edir.
Pedaqoji prosesin subyekti kimi isə ayrı-ayrı şəxslər (müəllim, tərbiyəçi,
valideyn və b.), habelə kollektiv orqanlar (pedaqoji şura, ictimai təşkilatlar,
pedaqoji kollektiv və b.) çıxış edir. Pedaqoji prosesdə tərbiyənin obyekti eyni
zamanda onun subyektinə çevrilməlidir. Bu cəhətin nəzərə alınmaması pedaqoji
prosesdə ciddi qüsurlar doğura bilər (avtoritar tərbiyə, şəxsiyyətin passivliyi
və s.)
Pedaqoji prosesin
səciyyəvi cəhətlərindən biri onun inkişafı, mütəhərrikliyidir. Bunun da
sayəsində gənc nəslin tərbiyə, təhsil, təlim və inkişaf səviyyəsi dəyişir,
təkmilləşir. Pedaqoji prosesin daxili hərəkətverici qüvvəsini şagirdlər
qarşısında qoyulan tələblərlə onların bu tələbləri yerinə yetirmək üçün real
imkanları arasındakı ziddiyyət təşkil edir. Bu ziddiyyət o zaman inkişafın
mənbəyi olur ki, irəli sürülən tələblər şagirdlərin imkanlarına müvafiq gəlsin.
Tərbiyəçinin vəzifəsi şagirdlərin və uşaq kollektivinin təlim-tərbiyə
səviyyəsini öyrənməkdən, onlar qarşısında real tələblər qoymaqdan, şəxsiyyət və
kollektivin inkişaf perspektivlərini layihələşdirməkdən ibarətdir.
Pedaqoji prosesi
səciyyələndirən cəhətlərdən biri də bu prosesdə ümumi məqsədin, qanunauyğunluq
və prinsiplərin, forma və metodların olmasıdır. Pedaqoji prosesin
qanunauyğunluqları bu prosesə xas olan zəruri, davamlı əlaqələrlə -
səbəb-nəticə asılılıqları ilə bağlıdır. Belə qanunauyğun əlaqələr
çoxcəhətlidir: pedaqoji proseslə cəmiyyətin tələbatları, imkan və şəraiti
arasında əlaqə; pedaqoji prosesin müxtəlif sahələri - tərbiyə, təhsil, təlim və
şəxsiyyətin inkişafı arasında əlaqə; şəxsiyyətin fəaliyyəti və ünsiyyəti ilə
onun inkişafının nəticələri arasında əlaqə; pedaqoji prosesin subyekti və
obyekti arasında əlaqə; kollektiv və şəxsiyyət arasında əlaqə; pedaqoji
prosesin məqsədi, məzmunu, forma və metodları arasında əlaqə; şəxsiyyətin
imkanları ilə ona pedaqoji təsirin xarakteri arasında əlaqə və s.
Hər bir əlaqə ilə
bağlı müvafiq qanunauyğunluqlar özünü göstərir. Əgər bu qanunauyğunluqlardan
(eləcə də onları əks etdirən pedaqoji prinsiplərdən) hər hansı biri nəzərə
alınmazsa, pedaqoji prosesi səmərəli qurmaq olmaz. Bu cəhət pedaqoji prosesin
forma və metodlarına da aiddir.
Pedaqoji prosesin
ümumi metodları fəaliyyətin tamlığı konsepsiyası baxımından müəyyən olunur. Bu
metodlar həm təlim, həm də tərbiyə fəaliyyətində özünü göstərir: şəxsiyyətin
ağlını, şüurunu formalaşdıran metodlar; zehni və mənəvi fəaliyyəti, ünsiyyəti
və ictimai davranış təcrübəsini formalaşdıran metodlar; fəaliyyəti və davranışı
stimullaşdıran və motivləşdirən metodlar; nəzarət, özünənəzarət və özünüqiymətləndirmə
metodları.
Pedaqoji prosesin
təşkili formalarında da ümumi cəhətlər özünü göstərir: həm təlim, həm də
tərbiyə prosesində fərdi, qrup və kollektiv formalar tətbiq olunur.
Pedaqoji prosesə
xas olan ümumi cəhətlərlə yanaşı, bu prosesə daxil olan sahələrin spesifik
cəhətləri, özlərinə məxsus xüsusiyyətləri də vardır. Bu xüsusiyyətlərin nəzərə
alınması təlim, təhsil, tərbiyə və şəxsiyyətin inkişafı proseslərini daha
səmərəli təşkil etməyə imkan verir.
Mənbə: kayzen.az
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.