DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

23 Aralık 2015 Çarşamba

Havard Qardnerin dərketmə səviyyələrini əks etdirən nəzəriyyəsi

Qardner nəzəriyyəsi-Şagirdlərin bilik, bacarıq və qabiliyyətlərinin aşkar edilməsi
Şagirdlərin bilik, bacarıq və qabiliyyətlərinin aşkar edilməsi və inkişaf etdirilməsi işində dünya təcrübəsində geniş yayılmış Hovard Qardnerin nəzəriyyəsinin böyük əhəmiyyəti vardır. Bu nəzəriyyəyə çoxşaxəli əqli qabiliyyətlər nəzəriyyəsi də deyirlər. Amerika psixoloqu Hovard Qardner bu nəzəriyyəni 1983-cü ildə “Ağıl çərçivəsində” kitabında təklif etmişdir. Qardner nəzəriyyəsinə görə hər bir şagird 8 qabiliyyətin təkrarolunmaz kombinasiyasına malikdir. Bu qabiliyyətləri inkişaf etdirmək yollarını tapmaq lazımdır. Qardnerin fikrincə hər bir şagird ruhlandırıldıqda, dəstək və düzgün təlimatlar aldıqda 8 qabiliyyəti də lazımı səviyyədə inkişaf etdirilə bilər. Bu xüsusiyyətlərin üzə çıxması üçün onlara şərait yaradılmalıdır. Bu qabiliyyətlər aşağıdakılardır:
1. Verbal (linqvistik) qabiliyyət – belə şagirdlər çoxlu suallar verir, danışmağı, oxumağı, yazmağı xoşlayır, yaxşı lüğətə malikdir, asanlıqla yeni dil öyrənə bilirlər.
2. Məntiqi (riyazi) qabiliyyət – belə şagirdlər rəqəmlərlə oynamağı, əşyaları toplamağı, qruplaşdırmağı xoşlayır, işlərin necə getdiyini bilmək istəyir, məntiqi ilə maraqlanırlar. Riyaziyyatı, məntiqi yaxşı bilirlər.
3. Vizual (fəza) qabiliyyət - belə şagirdlər şəkil çəkməyi, mexaniki cızma-qara etməyi, hadisələrə təcrid olunmuş şəkildə yanaşmağı xoşlayır, yerləri təsvirə, şəkillərə əsasən yadda saxlayırlar, əşyaları yaxşı təsvir edirlər, diaqramla və xəritələrlə asan işləyirlər.
4. Kinestetik (bədən) qabiliyyət – belə şagirdlər yaxşı müvazinət hissinə, ritm hissinə malikdir. Hərəkətləri qrasiyalıdır, bədən dilini (jestləri) oxuyurlar, fikirlərini jestlər vasitəsilə çatdırırlar.
5. Ritmik (musiqi) qabiliyyət - belə şagirdlər səslərə qarşı həssasdırlar, ritmlə tıkkıldanır və yellənirlər, səsləri bir-birindən ayıra bilir, musiqini xoşlayır, onu axtarır, ritmi tuta bilirlər.
6. Şəxsiyyətlərarası qabiliyyət - belə şagirdlər başqalarının hislərinə şərik olur, həmyaşıdları tərəfindən sevilir, özünə oxşar böyüklərlə yaxşı əlaqə saxlayırlar, liderlik bacarığı nümayiş etdirirlər, məsləhətçi və ya vasitəçi rolu oynayırlar, insanlar arasında ünsiyyət qura, bəzən onlarla manipulyasiya edə bilirlər.
7. Şəxsiyyətdaxili qabiliyyət – belə şagirdlər müəyyən fəaliyyətlə bağlı xoşuna gələn və gəlməyən cəhətləri açıq şəkildə ifadə edə bilirlər. Güclü və zəif cəhətlərindən xəbərdardırlar. Öz bacarıqlarına inanırlar, qarşılarına müəyyən məqsədlər qoyurlar, diqqətlərini hislərinə, arzularına yönəldirlər, orijinal olmağı sevirlər.
8. Naturalistik qabiliyyət – belə şagirdlər təbiət hadisələrini dərk edir, bitkiləri, heyvanları xoşlayır, bitki yetişdirməyə, heyvan saxlamağa həvəslidirlər, həvəskar astronomdurlar.
Hər bir müəllim şagirdlərində bu qabiliyyətlərin üzə çıxarılmasına yardım etməlidir. Unutmayaq ki, müəllimin şagirdlərinə xeyirxah münasibəti, hörməti, onları olduğu kimi qəbul etməsi, onların bacarıqlarına inam – bunların hamısı şagirdlərdə həm özünə, həm də müəlliminə hörmət və etibarı artırar. Gördüyünüz kimi müəllim-şagird münasibətləri çox incə və mürəkkəb məsələdir. Odur ki, işlərimizi düzgün qursaq nəticədə ölkəmizə yüksək intellekti, elmi potensialı və milli-mənəvi dəyərləri ilə seçilən, cəsarətli və vətənpərvər şagirdlər tərbiyə etmiş olacağıq
linqvistik, riyazi-məntiqi, vizual-məkan, kinestetik, fərdlərarası, fərddaxili,
 musiqi-ritmik, naturalist.
İnsan bu qabiliyyətlərin hamısına az və ya çox dərəcədə sahibdir. Lakin bunlardan hansısa daha inkişaf etmiş olur və bu qabiliyyətin aşkarlanması, onun daha da inkişaf etdirilməsi, imkanlarından istifadə edilməsi biliklərin mənimsənilməsini, yaddaşda daha uzun müddət saxlanılmasını təmin edir.
Sagirdlərin intellekt qabiliyyətlərinin müəyyənləşdirilməsi müəllimin yüksək pedeqoqluq bacarığı nəticəsində mümkündür. Uzunmüddətli müşahidələr, şagirdlərin özləri və valideynləri ilə söhbətlər, tapşırıqlar, testlər əsasında şagirdin hansı qabiliyyətə malik olduğunu müəyyənləşdirmək və bunun əsasında da hansı dərketmə üsulunun faydalı olacağını meydana çıxartmaq mümkündür.
Şagirdin hansı qabiliyyətə malik olmasından asılı olmayaraq, dərs prosesinin aktiv həyata keçirilməsi böyük əhəmiyyətə malikdir. Nə müəllim tərəfindən biliklərin şagirdin beyninə doldurulması, nə də təkbaşına öyrənmə biliyin uzun müddət yaddaşda saxlanmasına zəmanət vermir. Dərs prosesində biliyin aktiv şəkildə mənimsənilməsi sanki onun öyrənən tərəfindən yenidən kəşf olunması, yaradılmasıdır. Bu cür əldə olunan bilik uzunmüddətli yaddaşda saxlanılır.
Bu prosesin həyata keçirilməsi kurikulumların təbiətdən irəli gələn metod və iş formalarının düzgün seçilməsi nəticəsində mümkün olur. Qardnerin “Çoxintellektlilik” nəzəriyyəsinin təlimdə tətbiqi zamanı istər iş üsullarının, istərsə də iş formalarının seçilməsi kortəbii olmur, dərketmə üsullarının müəyyənləşdirilməsi nəticəsində şəxsin fərdi xüsusiyətlərinin də nəzərə alınması ilə müşayiət edilir. Bu zaman əgər müəllim kiçik qruplarla iş formasını seçibsə, şagirdlər təsadüfi qruplarda yox, müəllimin şagirdin dərketmə üsuluna əsasən müəyyənləşdirdiyi qruplarda birləşirlər. Qruplara verilən tapşırıqlar da oxşar qabiliyyətlərə malik şagirdlərin maraq və ehtiyacları nəzərə alınmaqla tərtib edilir.
Ədəbiyyat dərslərində həm məzmun üzərində işi, həm də əsərlərin təhlilini “Çoxintellektlilik” nəzəriyyəsinə əsaslanaraq aparmaq lazımi səmərə verir. V sinifdə öyrədilən Amerika yazıçısı Cek Londonun “Kiş haqqında hekayə” əsərinin təhlili zamanı intellekt qabiliyyətlərinə görə seçilərək təşkil olunmuş qruplara verilən tapşırıqlarda bunu izləmək olar.
Linqvistik qabiliyyəti inkişaf etmiş insanlar kəlmə oyunlarını sevir, tanış olmayan sözlərin mənasını öyrənməyə, onlardan nitqində istifadə etməyə meyilli olur, oxuduqlarını və eşitdiklərini öyrənmək üçün suallar verməkdən zövq alırlar. Ən sevdiyi məşğuliyyətlər müxtəlif hekayələr, əhvalatlar uydurmaqdır. Linqvistik qabiliyyəti güclü olan şagirdlər dil və ədəbiyyat dərslərində daha çox uğur əldə edirlər. Ədəbi əsərlərin təhlili zamanı belə şagirdlərdən təşkil olunmuş qrupa esse tipli tapşırıqların verilməsi daha məqsədəuyğundur. Yuxarıda adı çəkilən hekayə ilə bağlı belə bir esse yazmağı tapşırmaq olar: “Ayı ovçusu kimi məşhurlaşmış Kiş bir gün anası ölmüş iki ayı balası ilə rastlaşdı…” Belə bir cümlə ilə başlayan essenin yazılması bir tərəfdən Kişin daha yaxından başa düşməyə kömək edirsə, digər tərəfdən də fərziyyələr vasitəsilə obrazın xarakterinin görünməyən tərəfləri barədə mülahizələr irəli sürməyə imkan yaradır.
Riyazi-məntiqi qabiliyyəti güclü olanlar hadisə və ya əşyalar arasında bağlılığı tapır, səbəb-nəticə əlaqəsini asanlıqla müəyyənləşdirir, nəzəriyyələr irəli sürürlər. Belə şagirdlər informasiyanın parçaları arasında əlaqə qurmaq və bu əlaqələri riyazi fiqurlar, sxemlərlə ifadə etmək bacarığına sahib olduqları üçün hekayələr xəritəsi vasitəsilə əsər haqqında ətraflı təsəvvür yaratmağa nail ola bilərlər.

Cədvəl 1
Vizual-məkan qabiliyyəti üstün olan insanlar rəsmlər, şəkillər və cizgilərlə düşünür, xəyalında gördükləri rəsmləri sözə çevirə bilirlər. Həmçinin dinlədiklərinin beyində rəsmini qurur, öyrəndikləri məlumatları xatırlamaq üçün bu rəsmlərdən istifadə edirlər. “Kişin yaşadığı yerləri elə təsvir edin ki, sanki rəsmini çəkirsiniz”, “Kişin xarakterinin ən çox aşkarlandığı səhnənin rəsmini çəkin” tipli tapşırıqların verilməsində məqsəd hekayədəki insanların xarakterindəki sərtliyin, amansızlığın, təbiətin sərtliyi ilə birbaşa əlaqəli olmasını aşkara çıxarmaqdır. Rəsm çəkmək belə şagirdlərin sevdikləri iş olduğundan bu tapşırıq onların düşünmə prosesindəki fəaliyyətini stimullaşdırır, eyni zamanda Kişin xarakterinin daha yaxından aydınlaşdırılmasına imkan verir.
Kinestetik qabiliyyət insana hərəkət, jest və mimikalar vasitəsilə özünü ifadə etmək imkanı verir. Belə insanlar obyektlərə toxunmağa, daim hərəkətdə olmağa, rəqs etməyə meyillidirlər. Onları daha çox düşünməyi, təhlil etməyi tələb edən sahələrə yönəltmək müəllim üçün çətinlik yaradır. Lakin belə şagirdlərin zəka ilə bədənin harmoniyasına nail ola bilmək bacarıqlarından istifadə edərək onların imkanlarını hərəkətli səhnəciklərdə reallaşdırmaq lazımdır. Məsələn, belə bir tapşırığın verilməsi məqsədəuyğun ola bilər: “Kiş və qəbilə üzvlərinin xarakterlərinin daha güclü üzə çıxdığı bir epizodda onların rollarını canlandırın”. Bu tapşırıq Kiş və qəbilə üzvlərinin xarakterinin modelləşmə əsasında təhlilinə, onların canlı müqayisəsinə imkan yaradır.
Fərdlərarası qabiliyyətə sahib olanlar qrup içində çalışmağı, digər insanlarla ünsiyyət qurmağı, dinləməyi və danışmağı sevirlər. Özünü başqalarının yerinə qoymaq, onları anlaya bilmək, ətrafındakıları inandırmaq bacarığına malikdirlər. Belə şagirdlərə verilən “Kiş Kloş-Kvanın daxmasında olarkən mən orada olsa idim, nə edərdim? Onlara nə deyərdim?” sualı bir tərəfdən əsərdəki obrazlara münasibətdə obyektivliyi qorumağa imkan verirsə, digər tətəfdən də şagirdlərin yetişməkdə olan şəxsiyyətlər kimi cəmiyyətdə mövcud olan sosial baxışlara münasibətini formalaşdırır.
Fərddaxili qabiliyyəti güclü olan insanlar tənha çalışmaqdan zövq alırlar, azadlığa meyillidirlər, cəmiyyətdən kənar qalmağa üstünlük verirlər. Qarşılarına hədəflər qoymağı, xəyallar qurmağı sevirlər, hər şeydə özlərindən bir parça tapmağa çalışırlar. Obrazların təhlili zamanı onların bu xüsusiyyətindən istifadə etmək lazımdır. “Mən Kişin yerində olsa idim, nə hiss edərdim?
Haqqım tapdananda…
Qəbilə üzvlərinə qarşı çıxanda…
Ayıları ovlayanda…” kimi suallarla qarşılaşan şagird problemə kənardan yox, daxildən yaxınlaşa bilir.
Musiqi-ritmik qabiliyyətə sahib olanlar səslər və ritmlərlə düşünür, özləri də ritmlər yaradırlar. Hər bir şeydə musiqi, ritm axtarırlar. “Kişin cəsarətini ifadə edən şeir yazmağa, onu ritmlə oxumağa çalışın” tapşırığı ilə baş qəhrəmanın xarakterinin müxtəlif cizgilərinin və bununla da əsərin ideyasının müəyyənləşdirilməsinə nail olmaq mümkündür.
Naturalist qabiliyyəti güclü olan insanlar təbiətdəki canlıları tanımağa, canlıların yaradılışları haqqında düşünməyə meyillidirlər. Təbiətin insan üzərində, ya da insanın təbiət üzərindəki təsirini araşdırır, “heyvanlar nələr düşünür, nələr hiss edirlər” kimi suallar ətrafında düşünürlər. Naturalist qabiliyyətə malik şagirdlər üçün “Ayıların ovlanması barədə nə düşünürəm?” tipli suallar çox əhəmiyyətlidir. Belə suallar əsərə və obrazlara müxtəlif yönlərdən yanaşmağa imkan verir.
Qruplar təşkil edilərkən bəzi şərtləri: dərsin xüsusiyyətini, hər hansı bir zəka tipinə uyğun gələn şagird sayının məhdudluğunu nəzərə alaraq bəzi zəka tiplərinə malik şagirdləri bir qrupda da birləşdirmək mümkündür. Linqvistik və musiqi-ritmik, vizual-məkan və naturalist qabiliyyətləri daha inkişaf etmiş olan şagirdləri bir qrupda birləşdirmək məqsədəuyğun sayıla bilər.

Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar