Azərbaycan Respublikasının
ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası
«AZƏRBAYCAN
RESPUBLİKASININ ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI»NIN TƏSDİQ
EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan
Respublikasının Təhsil sahəsində İslahat Proqramı və Azərbaycan Respublikası ilə
Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) arasında bağlanmış kredit sazişi
çərçivəsində həyata keçirilən Təhsil Sektorunun İnkişaf Layihəsinə uyğun olaraq
Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA
ALIR:
1.
"Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə
Konsepsiyası" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar
imzalandığı gündən qüvvəyə minir.
A.Rasi-zadə
Azərbaycan
Respublikasının
Baş
naziri
Bakı şəhəri, 13 yanvar 2009-cu il
№ 9
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ
KONSEPSİYASI
1.
Giriş
Hazırda
Azərbaycan Respublikasında bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də
köklü islahatlar həyata keçirilir. Bu islahatların əsas məqsədi cəmiyyətin
ehtiyac və tələbləri nəzərə alınmaqla, təhsilin keyfiyyətini yüksəltmək və onun
inkişafını təmin etməkdir. Bununla əlaqədar təhsilin keyfiyyətini şərtləndirən
amillərə, ilk növbədə təhsilin məzmununa, müəllim hazırlığına və qiymətləndirmə
sistemlərinə yenidən baxılması zərurəti yaranmışdır.
Yeni
qiymətləndirmə sisteminin hazırlanması Təhsil Sektorunun İnkişafı layihəsində
prioritet istiqamətlərdən biri kimi müəyyən olunmuşdur. Təlim və tədris
prosesinin təkmilləşdirilməsi, ölkə üzrə şagirdlərin nailiyyətləri barədə
obyektiv məlumatların əldə edilməsi, habelə dövlət təhsil standartlarının
monitorinqinin həyata keçirilməsi üçün müasir qiymətləndirmə mexanizmlərinin
yaradılması mühüm vəzifə kimi irəli sürülür. Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində
əsas göstərici şagirdin təlim nəticələri olduğundan, həmin nəticələrin obyektiv
qiymətləndirilməsi də keyfiyyəti üzə çıxaran ən etibarlı mənbə hesab olunur.
Azərbaycan
Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası (bundan sonra
- Konsepsiya) ölkədə yaxın illər ərzində təhsildə qiymətləndirmə məsələləri ilə
bağlı tədbirləri idarə etmək üçün nəzərdə tutulmuşdur. Sənədin əsas məzmunu
qiymətləndirmə fəaliyyətinin qanuniliyini təmin edən prinsiplərin müəyyənləşdirilməsinə,
bu fəaliyyətin aparıcı istiqamətlərinin təyin edilməsinə, qiymətləndirmə tədbirlərini
həyata keçirən qurumların sosial statusunun gücləndirilməsinə, qiymətləndirmədən
təlim və tədrisin ehtiyaclarını ödəmək üçün istifadə edilməsinə yönəldilmişdir.
Bu sənəd çərçivə sənədi kimi, Azərbaycan Respublikasının Təhsil Qanununun, Azərbaycan
Respublikasının Təhsil sahəsində İslahat Proqramının tələblərinə və dövlətin təhsil
siyasətinə, qiymətləndirmənin müasir dünya standartlarına uyğun hazırlanmışdır
və yeni qiymətləndirmə sisteminin prinsipləri üçün baza rolunu oynayır. Sənəddə
məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmənin əsas prinsipləri və fəaliyyət
sahələri şərh edilir. Konsepsiyada qiymətləndirmə növlərinin hər birinin
etibarlılığını və effektivliyini təmin etmək üçün dəqiq qaydalar və əsasnamələr
formasında əlavə sənədlərin hazırlanması da nəzərdə tutulur.
Konsepsiya
Azərbaycanda ümumi təhsilin müasirləşdirilməsi və yeniləşdirilməsi məqsədi ilə
hazırlanmış milli kurrikulum çərçivə sənədi ilə bilavasitə əlaqəlidir və onun tərkib
hissəsini təşkil edir. Qiymətləndirmə mexanizmlərinin və vasitələrinin
yaradılması təhsilin məzmun standartları və fənn kurrikulumları hazırlandıqdan
sonra növbəti mərhələlər hesab olunur.
1.2.
Müasir dövrdə qiymətləndirmə fəaliyyətinə qoyulan tələblər
Yeni
qiymətləndirmə sistemi aşağıdakıları təmin edir:
təhsildə
müsbət dəyişikliklərin aparılması üçün mühüm vasitə rolunun yerinə yetirilməsini;
təhsilin keyfiyyəti üçün əsas göstərici olan "şagirdin təlim nəticələri"
haqqında etibarlı məlumat verilməsini; qiymətləndirmə vasitəsilə şagirdin bilik
və bacarıqları haqqında kifayət qədər məlumat əldə edildikdən sonra fənn
kurrikulumlarında və dərsliklərdə müvafiq dəyişikliklərin aparılmasını; təhsildə
olan bəzi neqativ hallara qarşı mübarizə vasitəsi funksiyasını; qiymətləndirmədə
yeni yanaşmaların yaddaşa əsaslanan qiymətləndirmənin əksinə olaraq, məntiqi təfəkkür
vərdişlərinin inkişafına xidmət etməsini.
1.3.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində mövcud olan problemlər
Hazırkı
qiymətləndirmə sisteminin təhlili zamanı aşkara çıxarılan problem və nöqsanları
aşağıdakı kimi qruplaşdırmaq olar:
dəqiq
müəyyənləşdirilmiş qiymətləndirmə standartlarının olmaması səbəbindən qiymətləndirmə
prinsiplərinin pozulması;
qiymətləndirmə
üsul və vasitələrinin keyfiyyətlərinin təsvir olunmaması, onların əsas xüsusiyyətlərinin
və meyarlarının dəqiqləşdirilməməsi;
qiymətləndirmə
vasitələrinin texniki keyfiyyətlərinə diqqət yetirilməməsi və qeyri-standart
vasitələrdən istifadə olunması;
qiymətləndirməyə
və onun üsullarına müxtəlif yanaşmaların mövcudluğu şəraitində dəqiqləşdirmələrin
vaxtaşırı aparılmaması;
nailiyyətlərin
qiymətləndirilməsi prosesində şagird fəaliyyətinin nəticələrinin obyektiv əsaslandırılmaması;
müasir
qiymətləndirmə metodlarından istifadə təcrübəsinin məhdudluğu, mütəxəssislərin
bu sahədə hazırlıq səviyyəsinin aşağı olması;
tədris
proqramlarını hazırlayan və qiymətləndirmə fəaliyyəti ilə məşğul olan mütəxəssislər
arasında qarşılıqlı əlaqənin yaradılmaması;
inzibati
prosedurların qeyri-şəffaflığı, qiymətləndirmə fəaliyyətinin qanuniliyinə zəmanətin
verilməməsi;
qiymətləndirmə
nəticələrinin təhlilinin aparılmaması və müvafiq hesabatların hazırlanmaması.
Bu
problemlərin uzun müddət həll edilməməsi Azərbaycanın təhsil sistemindəki qiymətləndirmə
mexanizmində aşağıdakı xarakterik çatışmazlıqların yaranması ilə nəticələnmişdir:
mövcud
qiymətləndirmə mexanizmi təlim prosesinin ehtiyaclarına kifayətedici səviyyədə
yönəlmir, onun tərkib hissəsinə çevrilmir və keyfiyyətinin yüksəldilməsinə xidmət
etmir;
bu
mexanizm subyektiv xarakter daşıyır, şagirdi, bir qayda olaraq, əzbərləməyə və əksər
şagirdləri qiymət almaq xatirinə oxumağa təhrik edir;
təlim
prosesində yalnız formal biliklər qiymətləndirilir, çox hallarda məqsəd qiymət
yazmaqla məhdudlaşır, şagirdlərə özünüqiymətləndirmə imkanı verilmir;
tədris
zamanı müəllim qiymətləndirmə vasitəsilə şagirdlərlə səmərəli əks-əlaqə yarada
bilmir;
mövcud
qiymətləndirmə üsullarının məhdudluğu yeni təlim texnologiyalarının səmərəli tətbiqinə
imkan vermir.
1.4.
Konsepsiyanın yaradılması üçün zəruri səbəblər
Azərbaycanda
nəzərdə tutulan təhsil və qiymətləndirmə siyasəti ümummilli maraqları əks etdirməklə
yanaşı, əsaslı islahatyönümlü tədbirlərin həyata keçirilməsi zərurətini şərtləndirir.
XX əsrin sonlarında dünyada gedən siyasi, iqtisadi və sosial dəyişikliklər
bilavasitə aşağıdakı konkret məqsədlərin reallaşdırılmasını tələb edir:
- idarəetmənin
daha demokratik üsullarına keçilməsi;
- ölkədə
açıq vətəndaş cəmiyyətinin qurulması;
-
inkişaf etmiş ölkələrlə səmərəli əməkdaşlığın təmin edilməsi;
- beynəlxalq
bazar münasibətlərinin və iqtisadi rəqabət şəraitinin yaradılması;
- milli
özünəqayıdış hisslərinin aşılanması.
Hazırda
bir çox ölkələrin təhsil sistemlərində yeni qiymətləndirmə modellərinin
qurulması, şagirdlərin təhsil nailiyyətlərinin uçotunun aparılması və təhsil
pillələri üzrə buraxılış imtahanlarının təşkili ilə bağlı genişmiqyaslı
islahatlar aparılır. Bunların əsas xarakterik xüsusiyyətləri aşağıdakı kimi səciyyələndirilir:
qiymətləndirmə
və təhsil siyasətində müasir yanaşmaların tətbiqi və inkişaf etdirilməsi,
bununla əlaqədar vaxtı keçmiş mövcud üsullardan imtina edilməsi;
imtahanların
ədalətli və şəffaf keçirilməsi istiqamətində daha mütərəqqi üsulların seçilməsi;
yeni
qiymətləndirmə mexanizmlərinin tətbiqi üzrə təhsil sistemi çərçivəsində müvafiq
təşkilatların yaradılması;
yeni
qiymətləndirmə sisteminin təşəkkülünə təhsil islahatlarının tərkib hissəsi,
prioritet sahəsi kimi baxılması və onun müasir kurrikulumların hazırlanması
siyasəti ilə əlaqəli kontekstdə nəzərdə tutulması.
Qiymətləndirmə
Konsepsiyasının hazırlanması bu məqsədləri reallaşdırmaq istiqamətində
aşağıdakı fəaliyyətlərin həyata keçirilməsinə xidmət edir:
qiymətləndirməyə
və imtahan sistemlərinə yenidən baxmaqla, kurrikulumlarda mütərəqqi dəyişikliklərin
zəruriliyinin əsaslandırılması, sınaqdan çıxmış mexanizmlər vasitəsilə cəmiyyətdə
müasir baxışların, mədəni dəyərlərin, yeni hüquq və vəzifələrin
formalaşdırılması;
yüksək
rəqabət və bazar münasibətləri şəraitində milli mütəxəssislərin yetişdirilməsi
üçün kurrikuluma yeni fənlərin və peşələrin daxil edilməsi, tədris
proqramlarında əsas diqqətin praktik vərdişlərin aşılanmasına və problemlərin həllinə
yönəldilməsi, bütün şagirdlər tərəfindən minimum standartların mənimsənilməsi;
təhsil
sisteminin səmərəli fəaliyyətini təmin edən məktəbdaxili qiymətləndirmə
sisteminin yaradılması məqsədi ilə müasir məzmun standartlarına cavab verən yüksək
keyfiyyətli qiymətləndirmə vasitələrinin hazırlanması, təhsil pillələri üzrə
buraxılış imtahanları üçün müvafiq prosedurların daha ədalətli və şəffaf tətbiq
edilməsi və bu məsələlərin tənzimlənməsi üçün normativ hüquqi bazanın
yaradılması;
təhsilin
keyfiyyətinin idarə edilməsi, onun təşkilinin səmərəliliyinin artırılması və təsir
dairəsinin genişləndirilməsi istiqamətində hökumətə və digər strukturlara kömək
edən milli qiymətləndirmə sisteminin yaradılması, beynəlxalq qiymətləndirmə və
müqayisəedilmə tədqiqatlarında ölkənin iştirakının təmin edilməsi.
1.5.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin vəzifələri
Qiymətləndirmə
sistemindəki islahatlar təhsildə müsbət dəyişikliklərin aparılması üçün mühüm
vasitə olduğundan, yeni qiymətləndirmə sisteminin yaradılması prosesinin
kurrikulum və müəllim hazırlığı sahəsində aparılan islahatlarla sıx əlaqəli şəkildə
həyata keçirilməsi, dərslik və təlim materiallarının yaradılmasına yeni
yanaşmaların formalaşdırılması ciddi vəzifələrdən hesab olunur. Bu istiqamətdə
görülən işlər vasitəsilə aşağıdakıların reallaşdırılması nəzərdə tutulur:
ölkədə
kurrikulum hazırlanmasını və qiymətləndirmə fəaliyyətini bir-biri ilə əlaqələndirən
tam milli sistemin yaradılması;
qiymətləndirmədən
təlim və tədrisin ehtiyaclarını ödəmək üçün istifadə edilməsi;
təhsilin
keyfiyyəti haqqında obyektiv məlumatları əldə etmək məqsədi ilə səmərəli idarəetmə
üçün məktəbdaxili və milli qiymətləndirmə sistemlərinin yaradılması, ölkənin
beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakının təmin edilməsi.
Bu məqsədlərə
nail olunması üçün aşağıdakı strateji fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir:
şagird
nailiyyətlərinin qiymətləndirilməsi fəaliyyətinin uzunmüddətli strategiyasının,
məktəbdaxili və milli qiymətləndirmə konsepsiyalarının işlənib hazırlanması;
məktəbdaxili
və milli qiymətləndirmənin, habelə yeni imtahan sisteminin yaradılması, şagird
nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq proqramlarda ölkənin
iştirakının təmin edilməsi;
şagird
nailiyyətlərinin qiymətləndirilməsi tədbirlərinin səmərəli təşkili üçün təlimatların,
metodiki vəsaitlərin, idarəetmə və maddi-texniki təchizat planının
hazırlanması;
kurrikulum
islahatı çərçivəsində müvafiq qiymətləndirmə üsullarının və vasitələrinin
yaradılması üzrə mütəxəssislərin hazırlanması, bu üsul və vasitələrin istifadəsi
istiqamətində müəllimlərin təliminin təşkili;
qiymətləndirmə
nəticələrinin təhlilinin aparılması, hesabatların hazırlanması və ölkədə təhsilin
keyfiyyətinin qiymətləndirilməsi sisteminin qurulması.
1.6.
Şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas xüsusiyyətləri
Fənlər
üzrə məzmun standartlarının müəyyən edilməsində əsas məqsəd həmin standartların
şagird tərəfindən mənimsənilməsi istiqamətində hədəflərin təyin edilməsidir.
Qəbul edilmiş standartlara uyğun
bilik və bacarıqlara nail olmaq üçün şagirdin fəaliyyəti fasiləsiz
stimullaşdırılmalı, onların daha yüksək səviyyəli standartları mənimsəməsi üçün
müvafiq şərait yaradılmalıdır. Optimal vəziyyətdə heç bir şagirdin tədris ili
boyunca geri qalmasına imkan verilməməli, əksinə, hər bir şagirdin nailiyyəti
diqqət mərkəzində olmalıdır. Bu baxımdan şagird nailiyyətlərinin qiymətləndirilməsi
davamlı, dinamik və rəsmi olmayan prosesdir. Bu prosesdə müəllimlərin şagirdlər
üzərində müşahidəsi, şagirdlərin sinif işlərini və ev tapşırıqlarını yerinə
yetirmələri, yazılı və şifahi cavabları vacibdir.
Düzgün
həyata keçirilmiş qiymətləndirmənin nəticələri müəllimin fəaliyyəti, bu fəaliyyətin
şagirdlərin tələbatına nə dərəcədə cavab verməsi, habelə kurrikulumda,
planlaşdırmada və dərsliklərdə müvafiq dəyişikliklərin aparılması zərurəti
haqqında qərar qəbul etməyə şərait yaradır.
Şagird
nailiyyətlərinin qiymətləndirilməsi şagirdin biliklərə yiyələnmək, onlardan
istifadə etmək, nəticə çıxarmaq bacarıqları haqqında məlumatların toplanması
prosesi kimi qəbul edilir və aşağıdakı məqsədlərə xidmət edir:
-
şagirdin nailiyyətinin (və ya geriləmələrinin) izlənilməsi (monitorinqi);
- təlim
prosesində qərarların qəbulu;
-
şagirdin təlim nəticələrinin qiymətləndirilməsi;
-
kurrikulumun qiymətləndirilməsi.
Qiymətləndirmə
və təlim proseslərinə təhsilin qarşılıqlı əlaqədə olan iki tərəfi kimi baxılır.
Sistemli proses olan qiymətləndirmə təlim nəticələri ilə maraqlı tərəflər
arasında səmərəli əks-əlaqə vasitəsi kimi aşağıdakı komponentləri əhatə etməklə
qurulur:
qiymətləndirmə
məlumatları. Bunlara şagirdlərin nailiyyətlərini və təlimə münasibətlərini, müəllimin
hazırlıq səviyyəsini, fənn kurrikulumlarının xarakterik cəhətlərini, təlim
resurslarının bölgüsünü əks etdirən məlumatlar və fəaliyyətlərin icra mexanizmləri
daxildir;
məlumatların
toplanması. Bu proses testlərin keçirilməsi, şagird tapşırıqlarının
yoxlanılması, sinifdə müsahibələrin aparılması, fənn kurrikulumlarının icra
keyfiyyətinin, şagirdlərin və müəllimlərin fəaliyyətlərinin müşahidəsi, qiymət
cədvəlləri və digər məktəb sənədlərinin təhlil edilməsi kimi üsullarla həyata
keçirilir;
qiymətləndirmə
nəticələri. Həmin nəticələrdən tədris prosesinin planlaşdırılması və istiqamətləndirilməsi,
qiymət ballarının hesablanması, müqayisələrin aparılması, təhsil sənədlərinin və
lisenziyaların verilməsi, təhsilin bir pilləsindən digərinə keçilməsi, pedaqoji
nəzəriyyələrin formalaşdırılması, təhsil siyasətinin qurulması və onun təsirliliyinin
monitorinqinin aparılması, təlim resurslarının bölgüsü, kurrikulumun və tədrisin
keyfiyyətinin dəyərləndirilməsi zamanı istifadə olunur, eləcə də geniş
ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır;
qiymətləndirmə
standartları. Bu standartlar təhsilin keyfiyyətini qiymətləndirmək üçün əsas
meyarları təyin edir, şagird nailiyyətlərinin və təhsil imkanlarının qarşılıqlı
dəyərləndirilməsi üçün istifadə olunan qiymətləndirmə üsulları və vasitələrinin
keyfiyyətini təsvir edir, qiymətvermə prosesinin qanuniliyinə zəmanət verir;
şagird
nailiyyətlərinin qiymətləndirilməsində əsas prinsiplər.
Bütün
növ qiymətləndirmələrin aparılmasında aşağıdakı prinsiplərə riayət olunur:
məqsədəuyğunluq.
Nəzərdə tutulmuş məqsədlə qiymətləndirmə arasında uzlaşma təmin olunur. Qiymətləndirmə
əvvəlcədən planlaşdırılır, onun xidmət edəcəyi məqsədlər müəyyənləşdirilir,
şagird haqqında toplanılan zəruri məlumatların mahiyyəti, texniki keyfiyyəti və
əsas xüsusiyyətləri göstərilir, məlumatların toplanılması və təhlili üsulları
seçilir, veriləcək qərarın mahiyyəti təsvir edilir. Qiymətləndirmənin nəticələri
müəyyən olunmuş məqsədləri əks etdirir. Qəbul edilmiş qərarlar və toplanılmış məlumatlar
arasında əlaqələrin şəffaflığı təmin edilir. Qiymətləndirmə prosedurları daxilən
ardıcıl qurulur və vəhdət təşkil edir;
nailiyyətlərin
və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi. Müvafiq indikatorlar vasitəsilə
təhsil imkanları haqqında aşağıdakı məlumatlar toplanır: sinifdaxili
indikatorlar vasitəsilə - müəllimin peşəkarlıq səviyyəsi, təlimin məzmunu, irəliləyişlərin,
qiymətləndirmələrin koordinasiya səviyyəsi, təlim üçün ayrılmış vaxt, şagirdin
tələblərini ödəyən resurslar və tədris vasitələrinin keyfiyyəti;
bilavasitə
təhsil sistemi ilə bağlı indikatorlar vasitəsilə - dövlət standartları, tədris
proqramları, adambaşına düşən təhsil xərcləri;
digər
indikatorlar vasitəsilə - məişət problemləri ilə bağlı məsələlər;
toplanılmış
məlumatların keyfiyyətcə müvafiqliyinin və etibarlılığının təmin edilməsi
(validlik və relevantlıq). Məlumatların keyfiyyəti qəbul edilmiş qərar və fəaliyyətlərin
münasibliyinə təminat verir. Qiymətləndirmə məqsədləri real seçilir və ölçülə
bilən xüsusiyyətlər qiymətləndirilir. Şagirdin nailiyyətləri ona yaradılmış
imkan daxilində müəyyən sahədə yerinə yetirdiyi konkret tapşırığın səviyyəsinə
görə qiymətləndirilir.
Qiymətləndirmə
məqsədləri və nəzərdə tutulmuş müvafiq məlumatlar müxtəlif vaxtlarda istifadə
edildikdə belə, eyni qərar verməyə imkan yaradır və kifayət qədər dayanıqlıdır;
qiymətləndirmədə
şəffaflıq, ədalətlilik, qarşılıqlı razılaşma və əməkdaşlıq. Məlumatların
toplanılması prosesi, müəllimin istifadə etdiyi qiymətləndirmə meyarları və hətta
onun özünün peşəkarlıq səviyyəsi şəffafdır və qiymətləndirmə tapşırıqlarında
şablonların, fərziyyələrin, şagirdlərin diqqətini yayındıran digər məsələlərin
istifadəsinə yol verilmir. Onlar şagirdlərin maraqlarına və imkanlarına görə
müxtəlif kontekstlərdə (etnik xüsusiyyətlər nəzərə alınmamaq şərtilə) qurulur.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün qiymətləndirmə tapşırıqları müvafiq
qaydada uyğunlaşdırılır. Qiymət mükəmməl və düşünülmüş, məqsədəmüvafiq, tədris
proqramlarına və digər normativ sənədlərə müvafiq verilir;
təlim fəaliyyətində
qiymətləndirmə nəticələrinin inkişafetdirici rolunun təmin edilməsi. Nəticələr əsasında
sinifdaxili fəaliyyətlər təşkil edilir, kurrikulumun hazırlanması və idarə
edilməsi (təhsilin məzmun münasibliyinin tənzimlənməsi, məzmunda şagird
maraqlarının təmin edilməsi, arzuolunan təlim nəticələrinin mənimsənilməsi üçün
fəaliyyətlərin və seçilmiş tapşırıqların səmərəliliyi, onların şagird
bacarıqlarının inkişafında əhəmiyyətinin təmin edilməsi) həyata keçirilir.
Şagird tədqiqatçılığının inkişaf etdirilməsi, onun idrak qabiliyyətlərinin qiymətləndirilməsi
(müəyyən qanunauyğunluğun başa düşüldüyünü əks etdirən hissəni seçmək və ya
sorğu keçirmək bacarığı, qavramanın təsdiqini əks etdirən şifahi, yazılı və ya
təsviri tapşırıq nümunəsini yerinə yetirmək bacarığı, yerinə yetirilən tapşırıq
nümunəsində tənqidi təhlil aparmaq bacarığı, digər şagirdlərin yerinə yetirdiyi
tapşırıq nümunələrində səmərəli tənqidi təhlil aparmaq bacarığı) aparılır.
Müəllim
tərəfindən qiymətləndirmə meyarları əsasında müəyyən təlim mərhələsinin əvvəlində
və sonunda şagirdin tədris proqramının mənimsənilməsi üzrə irəliləyiş səviyyəsi
və digər nailiyyətləri barədə hesabatlar verilir.
1.7.
Əsas qiymətləndirmə növləri
Məzmun
standartlarının mənimsənilməsi istiqamətində əsasən aşağıdakı qiymətləndirmə
növlərindən istifadə olunur və onların hər biri qeyd edilən müvafiq məsələlərə
aydınlıq gətirmək məqsədi daşıyır:
ilkin səviyyənin
qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə). Şagirdlər əsas bilik və
bacarıqlara müəyyən dərəcədə malikdirlərmi? Şagirdlər tədris edilmiş materialın
hansı hissəsini bilirlər?
irəliləyişlərin
monitorinqi (formativ qiymətləndirmə). Standartların mənimsənilməsinə doğru
şagirdlər kifayət qədər irəliləyə bilirlərmi?
yekun
(summativ) qiymətləndirmə. Şagirdlər verilmiş standart və ya standartlar
qrupunda müəyyən edilmiş məqsədlərə nail olublarmı?
Qiymətləndirmənin
bu növləri şagirdləri hər bir fənnin məzmun standartlarında göstərilən əsas
bilik və bacarıqların əldə edilməsinə yönəlmiş fəaliyyət istiqamətləri ilə təmin
edirlər;
ilkin səviyyənin
qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə) şagirdin biliyini müəyyən edir və
təlimin düzgün qurulmasında müəllimə köməklik göstərir. Təlim prosesində düzgün
istiqamətləndirilmiş şagird öyrənilmiş materialın təkrarına vaxt itirmir, həmçinin
onun üçün başa düşülməyən və ya tanış olmayan material qalmır. İlkin səviyyə
qiymətləndirməsinin sualları bir-biri ilə elə əlaqələndirilib tənzimlənməlidir
ki, onların bəziləri şagirdin hansı biliklərə malik olduğunu, digərləri isə
yeni materialı mənimsəmiş şagirdləri müəyyən etsin. Əgər ilkin səviyyə qiymətləndirilməsi
şagirdlərin sinifdəki fəaliyyətini müqayisə etmək və ya sonrakı inkişafını qiymətləndirmək
üçün ilkin məlumat bazasını yaratmaq məqsədi ilə istifadə olunursa, onda bu
suallar əsas psixometrik tələblərə cavab verməlidir;
şagird
irəliləyişlərinin monitorinqi (formativ qiymətləndirmə) vasitəsilə tədrisin
düzgün istiqamətləndirilməsi həyata keçirilir, alternativ üsul və mənbələrdən
istifadə və ya şagirdin daha irəliyə addım atması üçün ona əlavə impulsun
verilməsi barədə ehtiyaclar müəyyənləşdirilir.
Qəbul
edilmiş standartların reallaşmasına istiqamətlənən irəliləyişlərin monitorinqi
(formativ qiymətləndirmə) sinifdə hər bir şagirdin inkişafının hərəkətverici
amilinə, təlimin həlledici komponentinə çevrilir. Müəllim yalnız belə
monitorinq vasitəsilə tədris prosesini tənzimləyir, bütün şagirdlərin irəliləyişlərini
təmin edir, eyni zamanda uğur qazana bilməyən şagirdlərin ehtiyaclarını öyrənərək,
onlara əlavə köməklik göstərir. Bu mənada şagirdlərin faktiki fəaliyyətinin nəticələri
müəllim üçün real indikatorlara çevrilir.
Monitorinqlər
müəyyən anlayışların mənimsənildiyini müşahidə etməklə və ev tapşırıqlarını nəzərdən
keçirməklə, yaxud daha formal qiymətləndirmə tipindən istifadə etməklə aparıla
bilər. Monitorinqlərin hansı formada aparılmasından asılı olmayaraq, onlar müntəzəm
xarakter daşımalıdır. Bundan əlavə, hər altı həftədən gec olmayaraq, şagirdlərin
standartlar üzrə nailiyyətlərinin daha ümumi monitorinqi təşkil edilməlidir.
Növbəti
mərhələdə monitorinq şagirdlərin əldə etdiyi nailiyyətlərin mövcud standartlara
uyğunluğunu öyrənmək məqsədi ilə aparılır. Bu prosesdə toplanmış məlumatlar tədris
prosesinin tənzimlənməsində mühüm əhəmiyyətə malikdir. Həmin məlumatlar əsasında
müəllim aşağıdakı suallara cavab axtarır və müəyyən nəticəyə gəlir:
- Mən
irəli getməliyəm, yoxsa hansısa bir hissəyə daha çox vaxt sərf etməliyəm?
-
Şagirdlər öyrəndiklərini sərbəst tətbiq edə biləcəklərmi, yoxsa əlavə tədris
aparılmasına ehtiyac vardır?
-
Planlaşdırılmış tədrisi bir neçə şagird üçün və ya hamı üçün sürətləndirilmiş
formada apara bilərəmmi?
- Əgər
belədirsə, bunun üçün ən yaxşı yol hansıdır?
İlkin səviyyənin
qiymətləndirilməsi ilə oxşar xüsusiyyətləri olan yekun (summativ) qiymətləndirmə
standart və ya standartlar qrupunda müəyyən edilmiş məqsədlərə şagirdlərin
hansı səviyyədə nail olduqlarını aydınlaşdırır. Yekun (summativ) qiymətləndirmə
aşağıdakı suallara cavab verir:
Şagird
materialı mənimsəyə bilirmi?
Bildiklərini
tətbiq edə bilirmi?
Daha irəli
getmək üçün lazımi səviyyədədirmi?
Yekun
(summativ) qiymətləndirmə standartların mənimsənilməsi istiqamətində şagirdlərin
əldə etdiyi irəliləyişləri dəyərləndirir. Bu qiymətləndirmə növü mövzunun, bəhs
və bölmənin, yaxud da tədris ilinin sonunda eyni qaydada həyata keçirilir.
Yekun (summativ) qiymətləndirmənin ən mühüm cəhəti şagirdlərin mənimsədiklərini
tətbiqetmə qabiliyyətinə nə dərəcədə malik olduqlarını aşkara çıxarmaqdır.
Yekun
(summativ) qiymətləndirmənin bu xüsusiyyəti müəllimlərin testyönümlü tədrislə
bağlı narahatlığını aradan qaldırır. Yekun qiymətləndirmə fənnin məzmun
standartlarının tərtibi üçün aparıcı rol oynamır, əksinə qiymətləndirmənin bu
standartlar əsasında aparılmasını təmin edir. Bundan əlavə, yekun qiymətləndirmə
əldə olunan bilikləri tam əks etdirmir, lakin o, mənimsəmə səviyyəsinin
etibarlı və adekvat göstəricisidir.
1.8. Qiymətləndirmə standartlarının və qiymətləndirmə vasitələrinin
hazırlanması
Hər bir
fənn kurrikulumunda məzmun standartları və onların mənimsənilməsi üçün istifadə
edilən strategiyalarla yanaşı, nail olunmuş təlim nəticələrinin, əldə edilmiş
bilik və bacarıqların qiymətləndirilməsi məqsədi ilə müvafiq qiymətləndirmə
standartlarının nümunələrindən də istifadə olunur.
Məzmun
standartları inteqrativ təlim nəticələri olub, şagirdin müvafiq bilik, bacarıq
və dəyərlərə nail olmaqla səviyyəcə dəyişməsini təmin edir.
Qiymətləndirmə
standartları məzmun standartlarının hansı səviyyədə reallaşdığını yoxlamaqla,
baş vermiş dəyişikliklərin dərəcəsini müəyyən edir.
Qiymətləndirmə
standartlarının təyin edilməsində imtahana əsaslanan metod vasitəsilə bütün
maraqlı tərəflərin razılığı əsasında müvafiq siniflər üzrə milli səviyyədə
yekun qiymətləndirmə (imtahan) keçirilir, nəticələr təhlil olunmaqla,
standartlar təyin edilir. Məsələn:
minimum
- şagirdlərin 90-100 faizi tərəfindən nail olunan standartlar;
yüksək
- şagirdlərin ən yaxşı halda 30 faizi tərəfindən nail olunan standartlar.
Qiymətləndirmə
standartlarının təyin edilməsində kurrikulumyönümlü metoda daha çox üstünlük
verilir. Bu metoda görə:
qiymətləndirmə
standartları milli kurrikulumda əks olunmuş nailiyyətlərə (nəticələrə) uyğun
hazırlanır və faktiki olaraq şagirdlərin nəyi bacardıqlarına dair ölçmələrə
deyil, mütəxəssis mühakimələrinə əsaslanır.
bütün məktəblərin,
müəllimlərin təmsil olunduğu təşkilatların və digər maraqlı tərəflərin müzakirələri
əsasında standartlara düzəlişlər edilir və arzuolunan nailiyyət səviyyələrinə
dair ortaq fikir yaranır.
Qiymətləndirmə
standartları 4 səviyyə üzrə qiymətləndirmə sxemləri şəklində hazırlanır. Qiymətləndirmə
sxemləri xüsusi növ qiymətləndirmə şkalasıdır və iki əsas sualı əhatə edir:
1. Mən
nəyi qiymətləndirməliyəm (obyekt, məzmun, aspektlər, tərəflər, xüsusiyyətlər)?
2.
Aşağı, orta və yuxarı nailiyyət səviyyələrinin xüsusiyyətlərini necə müəyyənləşdirmək
olar?
1-ci səviyyə
ən aşağı, 4-cü səviyyə isə ən yüksək səviyyəni əks etdirir. 1-ci səviyyə və
2-ci səviyyə əksər şagirdlər, 3-cü səviyyə və xüsusilə 4-cü səviyyə isə daha
istedadlı şagirdlər üçün nəzərdə tutulur.
Qiymətləndirmə
sxemləri qiymətləndirmənin daha ədalətli, obyektiv, etibarlı və ardıcıl həyata
keçirilməsinə imkan verir, tədrisin səmərəliliyi ilə bağlı müəllimləri faydalı
məlumatlarla təmin edir və tələb edir ki, hər bir müəllim müvafiq şərtlər üzrə
öz meyarlarını müəyyənləşdirsin. Qiymətləndirmə sxemləri şagirdin işini qiymətləndirmək
üçün müəllimin sərf etdiyi vaxtı azaldır, keyfiyyət səviyyələri vasitəsilə müxtəlif
qabiliyyətə malik şagirdlərin təhsil aldığı sinifləri nəzərə almağa şərait
yaradır.
Qiymətləndirmə
sxemləri fəaliyyətin qiymətləndirilməsi zamanı istifadə edilən meyarlarla bağlı
şagirdlərin məlumatlandırılmasını, onların işinin necə qiymətləndiriləcəyini və
onlardan nələrin tələb olunduğunu aydın şəkildə göstərməklə, konkret məqsəd və
tələbləri (meyarları) müəyyən edir. Bu sxemlər şagird işlərinin keyfiyyətini
daha yaxşı qiymətləndirməklə, təlim prosesində irəliləyişlərin qiymətləndirilməsi
üçün çərçivə təyin edir, işlərin keyfiyyəti ilə bağlı əks tərəfə məlumat verilməsini
təmin edir. Qiymətləndirmə sxemləri mahiyyət etibarı ilə iki növə ayrılır.
Holistik
qiymətləndirmə sxemləri şagirdin işi ilə bağlı ümumi təəssürat yaradır və əksər
hallarda fəaliyyət səviyyələrini əks etdirən 4-5 ballıq şkalaya əsaslanır. Bu
növ sxemlər sürətli qiymətləndirmə aparmaqla, şagird nailiyyətləri üzrə ümumi mənzərəni
təsvir edir.
Analitik
qiymətləndirmə sxemləri şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini
təyin edir. Qiymətləndirmədə, əsasən, 4-5 ballıq şkaladan istifadə edilir. Bu
zaman şagirdlərin fəaliyyəti ardıcıl qiymətləndirilməklə, onların nailiyyətləri
haqqında daha ətraflı informasiya verilir, lakin qiymətləndirmə üçün daha çox
vaxt tələb olunur.
Qiymətləndirmə
sxemlərinin elementlərinə qiymətləndiriləcək əsas sahələr, nailiyyətin müxtəlif
səviyyələrini dəyərləndirmək üçün qiymətləndirmə şkalası, nailiyyət səviyyəsini
təsvir edən söz və ya rəqəm (səviyyə üzrə etiket), nailiyyət səviyyəsini daha
müfəssəl təsvir edən söz və ya ifadə (səviyyə deskriptoru), hər bir nailiyyət səviyyəsi
üzrə diqqət yetirilən məsələlərə aid konkret nümunələr (səviyyə indikatorları),
nail olunması nəzərdə tutulan nəticə (standart) daxildir.
Şagirdlərin
məzmun standartlarına nə dərəcədə nail olduqlarını ölçmək və qazanılmış
bacarıqlar üzrə yekun (summativ) qiymətləndirmələr aparmaq üçün qiymətləndirmə
vasitələrinin (testlərin) hazırlanması aşağıdakı ardıcıllıqla aparılır:
qiymətləndirmə
vasitələrinin (testlərin) hazırlanması prosesində testlərin məqsədəuyğunluğu (məhz
"nəzərdə tutulanı" qiymətləndirməsi) və etibarlılığı (real məlumatlara
əsaslanması);
səmərəlilik
üçün hər sinif üzrə nisbətən az (<10) və nisbətən çox (>10) məzmun
standartına malik olan iki fənn qrupunun müəyyənləşdirilməsi;
yekun (summativ) testlərdə bütün standartların
reprezentativ (təmsiledici) seçiminin təmin edilməsi;
yekun (summativ) testlərdə bütün səviyyələr üzrə də reprezentativ
seçimin təmin edilməsi (1-ci səviyyə üzrə suallar 20%, 2-ci səviyyə üzrə
suallar 30%, 3-cü səviyyə üzrə suallar 30%, 4-cü səviyyə üzrə suallar 20%).
2. Məktəbdaxili qiymətləndirmənin mahiyyəti və məzmunu
Yuxarıda göstərilən qiymətləndirmə növlərinə və qiymətləndirmə
vasitələrinə əsaslanan məktəbdaxili qiymətləndirmə aşağıdakı əsas komponentləri
əhatə edir:
şagird nailiyyətlərinin və irəliləyişlərinin
monitorinqi;
şagird fəaliyyətinin təlim standartlarına uyğunluğunun
müəyyənləşdirilməsi (kurrikulum üzrə qiymətləndirmə);
ümumtəhsil pillələri üzrə yekun qiymətləndirmənin
(buraxılış imtahanlarının) aparılması.
2.1. Şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqi sistemi
Şagird nailiyyətləri və irəliləyişlərinin monitorinqi
formativ qiymətləndirmə məqsədləri üçün məktəb səviyyəsində müəllimlər və məktəb
rəhbərləri tərəfindən aşağıdakı mərhələlərlə həyata keçirilir:
formativlər, bəhslər və bölmələr üzrə yekun (kiçik
summativ) qiymətləndirmə:
mövcud qiymətləndirmə normalarını və şifahi sorğular əsasında
aparılan cari qiymətlərləndirmə qaydalarını təkmilləşdirmək məqsədi ilə həyata
keçirilir;
şagirdin ayrı-ayrı mövzu və bəhslərin mənimsənilməsi
ilə bağlı fəaliyyəti barədə məlumat toplamaq məqsədi ilə müəllim tərəfindən
müntəzəm, davamlı olaraq müşahidə və monitorinqlər vasitəsilə aparılır;
mövzular və fəaliyyət tapşırıqları üzrə əvvəlcədən
hazırlanmış qiymətləndirmə sxemlərindən və digər diskriptiv (təsviri) qiymətləndirmə
üsullarından istifadə olunmaqla, şagirdin fəaliyyətini təsvir edir;
hər altı həftədən gec olmayaraq, tədris olunan
mövzular üzrə müəllim tərəfindən hazırlanmış testlər və standartlaşdırılmış
prosedurlar vasitəsilə şagird nailiyyətlərinin kiçik summativ (bəhslər üzrə
yekun) qiymətləndirilməsini nəzərdə tutur;
yarımillər üzrə yekun (böyük summativ) qiymətləndirmə:
yarımillər üzrə mövcud qiymətləndirmələri təkmilləşdirmək
məqsədi ilə ümumi monitorinqlərin davamı kimi müəllimlər və məktəb rəhbərləri tərəfindən
həyata keçirilir;
yarımil ərzində keçilən tədris materialının mənimsənilməsi
barədə şagirdlərə və valideynlərə ümumi məlumat vermək məqsədi ilə aparılır;
qiymətləndirmə vasitələri (eyni çətinlik dərəcəli və
müxtəlif variantlı testlər, yardımçı tədris materialları) nümunələrə və müvafiq
təlimatlara əsasən müəllimlər tərəfindən hazırlanır, məktəbin rəhbərliyi tərəfindən
təsdiq edilir;
nəzarətçi və yoxlayıcılar cəlb edilməklə, dekabr və
may aylarının sonuncu həftəsində xüsusi cədvəl əsasında aparılır;
nəticələri təhlil olunur, hesabat verilir, tədris və təlim
prosesinin təkmilləşdirilməsində ondan istifadə edilir.
2.2. Kurrikulum üzrə qiymətləndirmə
(şagird fəaliyyətinin təlim standartlarına uyğunluğunun müəyyənləşdirilməsi)
Kurrikulum üzrə qiymətləndirmə şagirdin təlim nəticələrinin
məzmun standartlarına uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə aparılır. Qiymətləndirmənin
bu növü Milli Kurrikulum çərçivəsi kontekstində hazırlanmış məzmun standartları
və fənn kurrikulumları ilə yaxından əlaqəlidir.
Kurrikulum üzrə daxili qiymətləndirmə dərs ilinin
sonunda hər bir sinifdə şagirdin fəaliyyətinin milli standartlara uyğunluğunu
müəyyənləşdirmək məqsədi ilə müəllimlər tərəfindən aparılır.
Kurrikulum üzrə xarici qiymətləndirmə şagirdin fəaliyyətinin
milli standartlara uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə tam
standartlaşdırılmış formada, ibtidai (4-cü sinfin sonunda), əsas (9-cu sinfin
sonunda) və orta (11-ci sinfin sonunda) təhsil pillələrinin sonunda müəllim və
məktəb rəhbərləri tərəfindən aparılır (II yarımil üzrə yekun qiymətləndirmə ilə
birləşdirmək olar).
Kurrikulum üzrə qiymətləndirmə vasitəsilə hər ilin
sonunda şagirdin fərdi nailiyyətləri ölçülür, təlim-tədris prosesinin hədəfləri
təyin olunur və bu hədəflərə doğru irəliləyişlər qiymətləndirilir, məktəblərin,
siniflərin və şagirdlərin fəaliyyətləri arasında müqayisələr aparılır.
Kurrikulum üzrə imtahanların əhəmiyyətinin və etibarlılığının artırılması məqsədi
ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bütün sinifləri əhatə
edən təhsil standartlarına əsaslanmış testlər toplusunun və standartlaşdırılmış
imtahanlar sisteminin yaradılması, müvafiq təlimatların hazırlanması nəzərdə
tutulur.
2.3. Buraxılış imtahanları
(ümumtəhsil pillələri üzrə yekun qiymətləndirmə)
Buraxılış imtahanları təhsil pillələri üzrə (9 və
11-ci siniflər) testlər vasitəsilə mərkəzləşdirilmiş qaydada aparılır, nəticələri
xüsusi prosedurlar və texniki vasitələr tətbiq edilməklə, Azərbaycan
Respublikasının Təhsil Nazirliyində qiymətləndirilir, məzunlara şəhadətnamə və
attestatların verilməsi təmin edilir.
Bu məqsədlə aşağıdakılar nəzərdə tutulmuşdur:
9-cu sinif buraxılış imtahanlarının nəticələri əsasında
orta təhsil (10 və 11-ci siniflər) pilləsinin profillər üzrə təşkil edilməsi;
9-cu və 11-ci sinif buraxılış imtahanlarının iki əsas
- Ana dili və riyaziyyat fənləri üzrə müvafiq sayda sualları əhatə edən testlər
vasitəsilə aparılması;
yekun imtahanına Azərbaycan tarixi, coğrafiya, fizika,
kimya, biologiya və xarici dil fənləri daxildir. Bu imtahanların hansı
formatda, nə vaxt və harada keçirilməsi barədə Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən qərar qəbul edilməsi;
imtahanların maksimum təhlükəsizliyin təmin olunduğu şəraitdə
keçirilməsi, şagirdlərin nəticələrinin qısa müddətdə optik qurğu və xüsusi
kompüter proqramları tətbiq olunmaqla yoxlanılması, təhlil edilməsi, internet və
digər vasitələrlə ictimaiyyətə çatdırılması.
3. Milli qiymətləndirmənin mahiyyəti və məzmunu
Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək
üçün müəyyən tədris dövrünün sonunda mütəmadi olaraq həyata keçirilən və şagird
nailiyyətlərinin qiymətləndirilməsini təmin edən sistemdir. Xüsusi təmsiledici
seçim etməklə, 4-cü və 9-cu sinif şagirdləri arasında obyektiv testlər, sorğu vərəqələri
və müvafiq təlimatlar vasitəsilə bir qayda olaraq, 4-5 ildən bir aparılır və əldə
olunan nəticələr kurrikulumun, təlim-tədris prosesinin keyfiyyətinin, təhsildə
aparılan digər dəyişikliklərin dəyərləndirilməsinə, təhsilin keyfiyyətinə nəzarətin
daha səmərəli həyata keçirilməsinə xidmət edir. Təlimin aparıldığı şərait tədris
praktikası və təhsil prosesində iştirak edən tərəflərin münasibətində baş verən
dəyişikliklər, həmçinin şagird nailiyyətlərinə təsir edən digər amillər barədə əlavə
məlumatların əldə edilməsinə imkan verir.
3.1. Milli qiymətləndirmənin məqsədləri
Milli qiymətləndirmənin məqsədləri aşağıdakılardır:
şagirdlərin təlim nəticələrində zəif və güclü tərəfləri
aşkar etməklə, ümumi mənimsəmə səviyyəsini və onun dinamikasını müəyyənləşdirmək;
şagirdlərin təlim nəticələrinə təsir edən mümkün amilləri
təsvir etmək və nəticələr arasındakı fərqləri müqayisə etmək üçün şagirdlərin,
onların ailələrinin, təhsil müəssisələri və tədris prosesinin xüsusiyyətlərini
öyrənmək;
ölkədə təhsil siyasətini müəyyənləşdirmək üçün təhsilin
vəziyyəti haqqında müvafiq məlumat toplamaq, öyrənilməsi və müzakirəsi tələb
olunan problemləri və təhsilin inkişafının prioritet istiqamətlərini təyin etmək;
şagirdin təlim nəticələrinin və irəliləyişlərinin dəyərləndirilməsi
vasitəsilə təhsilin dövlət standartlarının monitorinqini aparmaq, təhsil
sisteminin məqsədlərinin müvafiqliyini və səmərəliliyini tənzimləmək, sistemin
təsir dairəsini genişləndirmək;
təhsil siyasətini müəyyən edənlərin cavabdehlik səviyyəsini
artırmaq.
ölkədə təhsilin məzmunu üzrə əsas prioritetlərin
ictimaiyyət tərəfindən geniş müzakirəsini təşkil etmək.
3.2. Milli qiymətləndirmə üzrə təlimatların məqsədi və
strukturu
Təhsil siyasəti ilə bağlı qəbul edilmiş qərarların təhsilin
keyfiyyətinə uzunmüddətli təsirlərini nəzərə alaraq, onların həqiqi və etibarlı
məlumatlara istinad edilməsi diqqət mərkəzində saxlanılır. Milli qiymətləndirmə
vasitəsilə əldə edilən həmin məlumatların etibarlılığını təmin etmək üçün nəzərdə
tutulmuş prosedurların yüksək keyfiyyətlə planlaşdırılması, qiymətləndirmə mərhələlərinin
tam standartlaşdırılması, həmçinin cəlb olunmuş mütəxəssislərin vəzifələrinin tənzimlənməsi
müvafiq təlimatlara uyğun olaraq həyata keçirilir.
Milli qiymətləndirmə üzrə təlimatların strukturu ölkə
səviyyəsində şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə fəaliyyətləri əks
etdirən standartlardan və onların icrası məqsədi ilə seçilmiş üsulları təsvir
edən prosedurlardan ibarətdir.
Təlimatlar hazırlanarkən Azərbaycanda həyata
keçirilmiş sınaq qiymətləndirmələr zamanı qazanılmış təcrübədən və qiymətləndirmə
üzrə qəbul edilmiş bəzi beynəlxalq standartlardan istifadə olunmuşdur.
Təlimatlar aşağıdakı sahələr üzrə hazırlanır:
- planlaşdırma və idarəetmə;
- vasitələrin (alətlərin) hazırlanması;
- məlumatın toplanılması;
- məlumatın işlənilməsi və təhlili;
- nəticələrin ictimaiyyətə çatdırılması.
Bu çərçivə sənədində göstərilən sahələrin qısa icmalı
aşağıda verilmişdir:
milli qiymətləndirmənin planlaşdırılması və idarə
olunması
- müəyyən fənn/bölmə üzrə milli qiymətləndirmənin
planı;
- seçimlərin aparılması planı;
- məlumatların toplanılması üçün metodların seçilməsi;
- məlumatların toplanılması üçün müvafiq planın hazırlanması;
- təhlilin aparılması və nəticələrin nəşr etdirilməsi
üzrə plan;
vasitələrin (alətlərin) hazırlanması
- tədqiqatın konseptual çərçivəsinin hazırlanması;
- vasitələrin (alətlərin) xüsusiyyətlərinin
(spesifikasiyasının) hazırlanması (sorğular, siyahılar);
- test məsələlərinin hazırlanması;
- testin ümumi tərtibatı;
- test kitabçalarının tərtibatı;
- sorğuların hazırlanması;
- vasitələrin qrafiki və texniki redaktəsi;
- vasitələrin çap etdirilməsi;
- tədqiqatın aparılması üçün təlimatların hazırlanması;
məlumatların toplanılması
- məktəblər üzrə məlumat bazasının tərtib edilməsi;
- təmsiledici seçimlərin aparılması;
- məktəblərin məlumatlandırılması;
- məlumatları toplayacaq işçilərin seçilməsi və təlimatlandırılması;
- testin və sorğunun keçirilməsi;
- məlumatların toplanması prosesinin keyfiyyət təminatı;
məlumatların işlənməsi və təhlili
- testlərin qiymətləndirilməsi (yoxlanılması);
- məlumatların sənədlərə daxil edilməsi;
- məlumatların dəqiqləşdirilməsi və təhlili;
- tərkib elementlərinin və şkalaların dəqiqləşdirilməsi;
nəticələrin ictimaiyyətə çatdırılması
- nəticələrin təqdim edilməsi;
- sualların açıqlanması;
- nəticələrin yayılması;
- texniki hesabatın yazılması və sənədləşdirmənin
aparılması.
Milli qiymətləndirmə sisteminin geniş planı üçün təlimatlar
nəzərdə tutulmuş tədbirin əsas məqsədini, bu tədbirin əhatə etdiyi
standartları, bu standartlara nail olmaq üçün istifadə olunan prosesləri və
onların icra prosedurlarını təsvir etməklə hazırlanır.
4. Beynəlxalq qiymətləndirmənin mahiyyəti və məzmunu
Beynəlxalq qiymətləndirmə ilə bağlı qeyd etmək
lazımdır ki, artıq bu sahədə konkret tədbirlərə başlanılmışdır. Azərbaycan
Respublikası Təhsil Sektorunun İslahatı Layihəsi çərçivəsində PISA-2006
Proqramında iştirak edir.
Beynəlxalq qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsi
və qiymətləndirilməsi funksiyalarını yerinə yetirir. Burada müqayisəetmə tədqiqatları,
monitorinqlər vasitəsilə aparılır, ölkədə təhsilin vəziyyəti haqqında məlumat əldə
etmək, həlli tələb olunan daha əhəmiyyətli problemləri üzə çıxarmaq, onları
araşdırmaq, nəticələri xarici ölkələrlə müqayisə etmək imkanı yaradılır. Bu
qiymətləndirmə şagirdlərin qazanılmış bacarıqlardan istifadəetmə imkanlarının
qiymətləndirilməsinə yönəldilmişdir, üç ildən bir həyata keçirilir, iştirakçı
ölkələrin şagirdlərinin nəticələri arasındakı fərqləri izah edən amilləri
(şagirdlərin və onların ailələrinin, təhsil müəssisələri və tədris prosesinin
xüsusiyyətlərini) öyrənməyə, riyazi savadlılıq, oxu savadı, təbiət elmləri
savadlılığı və əlavə olaraq müxtəlif tipli problemləri həlletmə bacarıqlarını
qiymətləndirməyə xidmət edir.
4.1. Beynəlxalq qiymətləndirmə Proqramının əsas məqsədləri
Beynəlxalq qiymətləndirmə proqramının məqsədləri
aşağıdakılardır:
ölkədə təhsilin vəziyyəti haqqında müvafiq məlumat əldə
etmək, beynəlxalq səviyyəli müqayisələr aparmaq, öyrənilməsi və müzakirəsi tələb
olunan problemləri, təhsilin inkişafının prioritet istiqamətlərini təyin etmək;
şagirdlərin nəticələrinə təsir edən mümkün amilləri təsvir
etmək, nəticələr arasındakı fərqləri təyin etmək üçün şagirdlərin, onların ailələrinin,
təhsil müəssisələri və tədris prosesinin xüsusiyyətlərini öyrənmək;
təhsilin məzmununun müəyyənləşdirilməsi və nəticəyönümlü
yeni kurrikulumun hazırlanması üçün əsas təlim məqsədlərini təyin etmək,
kompetensiyalara əsaslanan yanaşmanın məqsədəuyğunluğu istiqamətində tədqiqatlar
aparmaq, gözlənilən və nail olunan təlim nəticələrini müqayisə etmək;
pedaqoji ölçmə nəzəriyyəsinin gündəlik təcrübədə
istifadə olunan nəzəri və praktiki məsələlərini öyrənmək;
müasir qiymətləndirmə vasitələrinin hazırlanmasını, nəticələrin
təhlili üsullarını və hesabatlar hazırlanması qaydalarını öyrənmək;
ölkədə təhsilin keyfiyyətinin qiymətləndirilməsi
sisteminin qurulması istiqamətində ümumi orta təhsilin məzmunu üzrə əsas
prioritetlərin ictimaiyyət tərəfindən geniş müzakirəsini təşkil etmək.
4.2. Beynəlxalq qiymətləndirmə proqramı üzrə həyata
keçiriləcək əsas tədbirlər
Beynəlxalq qiymətləndirmənin həyata keçirilməsi
istiqamətində nəzərdə tutulan tədbirlər aşağıdakılardır:
qiymətləndirmə tədqiqatı üçün təlimatların, test və
sorğu vərəqələrinin hazırlanması;
ölkə üzrə bütün məktəblərin siyahısının hazırlanması,
məktəblərin və şagirdlərin seçimi qaydalarının təyin edilməsi;
keçirilən tədqiqat nəticəsində əlavə olunmuş məlumatların
qiymətləndirməni həyata keçirən təşkilata göndərilməsini təmin etmək;
nəticələrin qiymətləndirən təşkilat tərəfindən təhlil
edilməsi, müvafiq hesabatların hazırlanması və ictimaiyyətə çatdırılması.
Tədqiqatın qiymətləndirilməsi vasitələri xarici beynəlxalq
ekspertlərin və iştirakçı ölkələrin aparıcı mütəxəssislərinin interaktiv birgə
fəaliyyəti prosesində yaradılır. Riyazi savadlılığı, oxu savadını, təbiət elmləri
üzrə savadlılığı və problemləri həll etmək bacarığını yoxlamaq üçün kompleks şəkildə
qurulmuş tapşırıqlar işlənib hazırlanır. Hər bir tapşırıq müəyyən problemi şərh
edən ayrıca mətndən və müxtəlif çətinlik dərəcəsi olan bir neçə sualdan ibarət
olur. Tapşırıqların yerinə yetirilməsi nəticələrinə görə şagirdlərin mətndəki
situasiya ilə bağlı problemləri dərketmə və onları həlletmə qabiliyyətləri qiymətləndirilir.
5. Qiymətləndirmə islahatından gözlənilən nəticələr
Qeyd olunduğu kimi, yeni Qiymətləndirmə Konsepsiyası
xüsusilə məktəbdaxili qiymətləndirmə sahəsində yeni Milli Kurrikulum çərçivəsi
ilə sıx şəkildə əlaqəlidir. Yeni Kurrikulum və yeni təyin edilmiş standartlar
olmadan şagirdlərin kurrikulum üzrə fəaliyyətini qiymətləndirmək üçün tələb
olunan vasitələri (alətləri) hazırlamaq mümkün olmayacaqdır. Odur ki, qiymətləndirmə
fəaliyyəti nəticəsində əldə edilən məlumatların həqiqi və etibarlı olmasını təmin
etmək üçün fənn kurrikulumlarını hazırlayan və qiymətləndirməni tərtib edən tərəflərin
birgə fəaliyyəti təşkil edilməlidir.
Həmçinin, qeyd etmək lazımdır ki, müəllim hazırlığı ilə
bağlı ciddi islahatlar və geniş proqramlar həyata keçirmədən nə standartlar və
kurrikulum, nə də qiymətləndirmə sahəsində arzuolunan nəticələr gözləmək olmaz.
Kurrikulumu hazırlayan tərəflər, müəllim hazırlığı ilə bağlı qurumlar və qiymətləndirmə
mütəxəssisləri arasında sıx əməkdaşlığın olması Azərbaycan Respublikasının
ümumi təhsilində uğurlu islahatların aparılması üçün ilkin şərtdir.
Konsepsiya sənədinin və bu sənəd əsasında hazırlanacaq
mərhələli İnkişaf Proqramının həyata keçirilməsi nəticəsində aşağıdakı nailiyyətlərin
əldə edilməsi gözlənilir:
təhsildə qiymətləndirmə, imtahanların keçirilməsi
sistemində islahat aparılması üçün uzunmüddətli strategiya işlənib
hazırlanacaq, bu sahədə yeni mexanizmlər yaradılacaq, onların fəaliyyətləri
vahid mövqedən koordinasiya olunacaq;
təhsil sistemində məktəbdaxili və milli qiymətləndirmələrin
keçirilməsi metodologiyası, qiymətləndirmə standartları və vasitələrinin
yaradılması, tətbiq edilməsi üçün müvafiq təlimatlar hazırlanacaq və bu fəaliyyət
kurrikulum islahatı ilə əlaqələndiriləcək;
şagird nailiyyətlərinin qiymətləndirilməsinin yeni
sistemi yaradılacaq, təhsil sistemində yeni monitorinq xidməti təşkil ediləcək,
ümumtəhsil pilləsindən professional pilləyə keçiddə mərkəzləşdirilmiş buraxılış
imtahanının keçirilməsi təmin olunacaq;
milli
qiymətləndirmə üçün təhsil pillələrinə müvafiq vahid normativ tələbləri,
attestasiya prosedurlarını nəzərdə tutan təlimatlar hazırlanacaq;
milli
qiymətləndirmədə şagirdlər tərəfindən nail olunmuş təlim nəticələrinin dəyərləndirilməsi
vasitəsilə təhsilin dövlət standartlarının monitorinqi aparılacaq;
təhsilin
məzmununun müəyyənləşdirilməsi və nəticəyönümlü yeni kurrikulumun hazırlanması
üçün əsas təlim nəticələri təyin olunacaq, kompetensiyalara əsaslanan
yanaşmanın məqsədəuyğunluğu istiqamətində tədqiqatlar aparılacaq;
milli
qiymətləndirmənin həyata keçirilməsi və idarə olunmasının monitorinqi
aparılacaq, nəticələr təhlil olunacaq və məntiqi əsaslandırılacaq hesabatvermə
prosedurları əsasında nümunəvi hesabatlar, əks-əlaqə sistemləri hazırlanacaq;
qiymətləndirməni
həyata keçirmək məqsədi ilə müəllimlərin ixtisasartırma və maarifləndirilməsi
işləri təşkil ediləcək və müvafiq hesabatlar hazırlanacaq;
beynəlxalq
qiymətləndirmə üzrə normativ tələblər, attestasiya prosedurları, təlimatlar əsasında
ölkədə şagirdlərin beynəlxalq qiymətləndirilməsi proqramı və digər proqramlar həyata
keçiriləcək, qiymətləndirmə sahəsində fəaliyyət göstərən ölkədaxili və beynəlxalq
qurumlarla əlaqələr yaradılacaq və məlumat mübadiləsi təmin ediləcəkdir.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.