2015-2016-cı tədris ilindən etibarən müəyyən olunmuş qaydalar üzrə komplektləşdirilmiş X siniflərdə tədrisin təmayüllər üzrə aparılmasına başlanacaq.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərindən seçilmiş 50 məktəbi əhatə edən pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarətdir.
Təhsil nazirinin əmrinə əsasən, tədrisin təmayüllər üzrə təşkil olunacağı həmin
təhsil müəssisələrinin təmayül sinifləri üçün tədris planları təsdiq edilib və
fənn proqramları hazırlanaraq yerlərə çatdırılıb.
Tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9,
riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri
təmayüllü siniflərdə 10-dur. Təmayül istiqamətindən asılı olmayaraq, tədris
planlarında Azərbaycan dili (rus bölməsində rus dili), xarici dil, ədəbiyyat,
riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki
hazırlığı fənləri saxlanılır.
Təmayül sinifləri, mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər
olmaqla komplektləşdiriləcək. 2016-2017-ci dərs ilində isə qeyd olunan məktəblərin
müvafiq qaydalar üzrə komplektləşdirilmiş XI siniflərində tədris təmayüllər üzrə
davam etdiriləcək.
Təmayülləşmə ilə əlaqədar yerlərdə geniş maarifləndirmə işləri aparılıb, təmayül
siniflərinin komplektləşdirilməsi üzrə təşkilati tədbirlər görülüb, təmayül fənlərini
tədris edən müəllimlər üçün təlimlər təşkil olunub.
Tam orta təhsil səviyyəsində təmayülləşmə üzrə pilot layihə Bakı şəhərindəki 5
məktəbdə bir neçə il öncə tətbiq olunmağa başlayıb və sonrakı illərdə daha 3 müəssisə
pilot məktəblər siyahısına daxil olunub.
Təmayülləşmə dünyanın bir çox ölkələrində tətbiq edilir. Beynəlxalq qiymətləndirmə
tədqiqatlarında yüksək nailiyyət əldə edən Sinqapur, Cənubi Koreya, Niderland,
Polşa, Estoniya və bir sıra başqa ölkələrdə təmayülləşmə şagird nailiyyətlərinə
müsbət təsir edən başlıca amillər sırasındadır.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.