DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

26 Şubat 2016 Cuma

Sinif Rəhbərinin dövri qrafiki

Sinif rəhbərinın fəaliyyətinin dövri  qrafiki sinif rəhbərinə Fəaliyyət Planına əsasən görəcəyi işləri sistemli şəkildə müəyyən etməyə imkan verir.Dövrü qrafiki ,müəllimlər otağından və ya təşkilat işləri üzrə direktor müavininin otağının divarından görünən şəkildə asmaq tövsiyyə olunur eyni zamanda,yaddaş kimi də sinif rəhbərinin portfoylusunda olmalıdır.

Dövrü qrafiq aşağıdakı formada tərtib olmalıdır.

HƏR GÜN-GÜNDƏLİK
1.Dərsə geçikən şagirdlərlə iş,dərsə gecikmələrin səbəblərini araşdırmaq.
2.Məktəbin nizam –intizam qaydalarını pozan (dərsdənqaçan,məktəbli formasına ,saç düzümü və baş örtüyünə əməl etməyən,davranış qaydalarını pozan) şagirdlərlə iş
3.Sinif növbətçiliyinin yerinə yetirilməsinə nəzarət etmək
4.Sinif şagirlərinə verilmiş tapşırıqların yerinə yetirilməsinə nəzarət etmək
5. Şagirlərlə fərdi iş (plan üzrə )
 
HƏR HƏFTƏ
1.Şagirdlərin gündəliklərini ( səliqəli saxlanmasını,valideyinlərin imzasını, fənn müəllimlərin şagird naliyyətlərini vaxtında yazmasını,lazımı qeydlərin yazılmasını və s)həftəsonu yoxlamaq

HƏR AY
1.Sinif jurnalına nəzarət etmək,lazım olduqca yeni səhifələrə şagirdlərin siyahısını yazmaq ,şagird naliyyətlərini izləmək
2.Məktəb həkimi  ilə görüşmək ( şagirlərin sağlamlıq vəziyyətini nəzarətdə saxlamaq,lazım gələrsə valideyinlərlə əlaqə saxlamaq, ehtiyacı olan şagirdin valideyni tərəfdən daha ciddi müayinəyə götürülməsini tövsiyyə etmək)
3.Məktəb kitabxanaçısı ilə görüşərək şagirlərin mütaliə vərdişlərinə yiyələnməsini və mütaliə vərdişlərinin inkişafını izləmək.
4.Məktəb psixoloqu ilə görüşərək şagirdlərin xarakter və davranışlarının təhlili,analizi üçün lazım olan tövsiyyələri almaq,müxtəlif sorğular  keçirməklə bağlı  məsləhətlər almaq.
5.Valideyinlər üçün məsləhət saatları ayırmaq,şagirdlərin təlim naliyyətləri,xarakter və davranışlarını fərdi şəkildə müzakirə etmək.
6.Dərsdinləmələr (ayrı-ayrı fənlər üzrə dərsləri dinləməklə,şagirdlərin təlim naliyyətlərini izləmək)
7.Şagirdlərin məktəbdə olan dərnəklərdə,fakultativ və qrup məşğələlərdə,məktəbdənkənar qlublarda iştirakını izləmək.
8. Müxtəlif psixoloji-sosioloji sorğular,testlər keçirtməklə şagirdlərin dünyagörüşü,meylləri,xarakterlərini müəyyən etmək, psixoloji pasportlara lazımi qeydlər etmək
9..Ay ərzində sinifdə görülən işlərlə bağlı hesabat hazırlayaraq təşkilat işləri üzrə direktor müavininə təhvil vermək
 
YARIMİLDƏ
1.     Şagirlərin yarımillik naliyyətlərini haqqında hesabat hazırlamaq
2.     Şagirdlərin yarımil naliyyətlərini şəxsi işlərə yazmaq
3.     Hesabt xarakterli sinif valideyin iclasını keçirtmək
4.     Yarımil ərzində görülmüş işlərin analizi və hesabatı
 
İL ƏRZİNDƏ
1.  Şagirlərin illik naliyyətlərini haqqında hesabat hazırlamaq
2.  Şagirdlərin illik naliyyətlərini şəxsi işlərə yazmaq
3.  Hesabt xarakterli sinif valideyin iclasını keçirtmək
4.  İl ərzində görülmüş işlərin analizi və hesabatı

25 Şubat 2016 Perşembe

Fəal/interaktiv təlimin mexanizmləri


Aşağıda göstərilən prinsipləri diqqətlə oxusanız görəcəksiniz ki, idrak fəallığının həm yaradılması, həm də saxlanılması üçün xüsusi psixoloji mexanizmlər mövcuddur.

Mexanizm №1. Problemli vəziyyətin yaradılması

Yuxarıda qeyd etdiyimiz şəxsiyyətə yönəlmiş təlim prinsipinə uyğun olaraq təlim prosesi yalnız şagirdin tədqiqatçı mövqeyinə, onun idraki maraqlarına əsaslananda səmərəli olur. Bu mövqeyi yaratmaq üçün mərkəzi təlim prosesi – tədqiqat olmalıdır. Hər tədqiqat isə ilk növbədə problemin qoyulmasından başlanır.
Fəal(interaktiv) təlim metodu təqdim edilən informasiyanın ziddiyyətli və yarımçıq olması səbəbindən əqli cəhətdən gərgin (problemli) vəziyyətin yaradılmasına əsaslanır. Bu cür vəziyyətin yaradılması şagirdləri qarşıya qoyulmuş məqsədə nail olmaq yollarını axtarmağa sövq edir və bununla da onların təfəkkürünü fəallaşdırır. Bu da öz növbəsində şagirdlərdə idrak fəallığı yaradır, onların tədqiqat fəaliyyətini artırır.
Problemli vəziyyət – məsələnin həllində ziddiyyətlərin, müxtəlif nöqteyi-nəzərlərin və variantların mövcudluğunu ehtiva edən vəziyyətdir.

Mexanizm №2. Dialoqun və əməkdaşlığın zəruriliyi

Problemin həlli zərurəti müxtəlif fərziyyə və baxışların nəzərdən keçirilməsini və ən optimal metodun tapılmasını tələb edir. Bu isə məhz təlim prosesinin digər iştirakçıları ilə fəal əməkdaşlıq prosesində ən effektiv şəkildə əldə oluna bilər. Buna görə mövcud təlim metodunu ifadə etmək üçün "problem” və ya "problem – dialoji” təlim kimi anlayışlardan istifadə olunur.

Mexanizm 3. Şagird - tədqiqatçı, müəllim - fasilitator.

İdrak fəaliyyətinin fəallaşdırılmasının ən başlıca mexanizmlərindən biri – ənənəvi təlim sxeminin dəyişdirilməsidir, yəni:
ona tədqiqat xarakteri verilməsi; şagirdin biliklərin mənimsənilməsi prosesinin başlıca simasına, bərabər hüquqlu subyektinə çevrilməsidir.
Bu da təlim prosesində şagirdlərin və müəllimin mövqelərinin və onların funksiyalarının dəyişdirilməsi hesabına əldə oluna bilər.
Şagirdin mövqeyi – "kəşf edən”, "tədqiqatçı” mövqeyidir; o, gücü çatdığı məsələlər və problemlərlə üzləşərkən, bunları müstəqil tədqiqat prosesində həll edir. Bu zaman təlimin mühüm şərti qismində uşağın təlimin məqsədlərini şüurlu surətdə tərkib hissələrinə bölə bilməsi zərurəti çıxış edir: nəyi dərk etməli, nə üçün dərk etməli, nəyi öyrənməli, nə üçün öyrənməli, necə öyrənməli və bu hansı nəticələrə gətirib çıxara bilər (təlimin bəhrəsi necə olmalıdır).
Müəllimin mövqeyi – ”bələdçi” (fasilitator) , "aparıcı” (istiqamət verən) mövqeyidir. Fəal təlim prosesində müəllimin biliklərə aparan yolda bir bələdçi kimi əsas funksiyası, təyinedici rolu fasilitasiya (ingilis dilində facilitation –əlverişli şərait yaratma) adlanır. Bu müəllim liderliyinin yeni tipidir və o, müəllimlə şagirdin təhsil məqsədinə nail olmağa yönəldilmiş birgə fəaliyyətinə əsaslanır. Bu zaman müəllim şəksiz nüfuz sahibi kimi sinif üzərində "ağalıq” etmir və özünü ondan yüksəkdə tutmur. Əksinə o, sistemli, ardıcıl və məqsədyönlü şəkildə şagirdlərlə əməkdaşlıq edir: problem-vəziyyəti təşkil edir, tədqiqat məqsədlərinin qoyuluşunda şagirdlərə istiqamət verir, bunların həllində metodik köməklik göstərir, biliklərin əldə edilməsi və mənimsənilməsi yollarını öyrədir. Müəllimin vəzifəsi – öyrənməyi öyrətməkdir, yəni: təlim fəaliyyətinin əsas tərkib hissələrini mənimsəməkdə uşağa kömək edir, eyni zamanda özü biliklərin əldə edilməsinə və tətbiqinə dair zəruri əqli üsul və vasitələrə praktik cəhətdən yiyələnir.

Təlim prosesinin mövcud sxemi fəallıq keyfiyyətinə malikdir və hər bir şagirdin ona lazım olan bilikləri müstəqil əldə etməsinə və bütün həyatı boyu öyrənməyə qadir olan bacarıqlı, müstəqil tədqiqatçı kimi yetişməsinə kömək etmək üçün nəzərdə tutulub.
Lakin bu cür təlim sxemini həyata keçirmək üçün müəllim biliklərin qazanılması yolunda öz bələdçi roluna yiyələnməklə kifayətlənməməli, həm də öz konkret funksiyalarını bilməli və bunları həyata keçirməyi bacarmalıdır. Bunun üçün o, ilk növbədə fasilitasiya prosesinin mahiyyətini aydın başa düşüb dərk etməlidir.
Fasilitasiya bir proses kimi yönəldici, köməkçi sualların effektli tətbiqinin köməyi ilə diskussiyaların təşkili və şagirdlərin fəallaşdırılması prosesindən ibarətdir. Fasilitasiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, yeni bilgi müəllim tərəfindən deyil, şagirdlər tərəfindən aşkara çıxarılır. Fasilitatorun mövqeyi, onun əsas funksiyası düşüncəni inkişaf etdirmək və onu lazımı məcraya yönəltməkdən ibarətdir. Fasilitasiya yanaşmasının əsas məqsədi şagirdlərin öyrənmək və yaratmaq tələbatlarını tam ödəmək, onların öz potensialını həyata keçirə bilməsi üçün şərait yaratmaqdır. 

Mexanizm 4. Psixoloji dəstək: hörmət və etibar. 

Şagirdlərin fəal idrak mövqeyinin lazımi səviyyədə qalmasının zəruri şərti: müəllimin hər bir şagirdə mərhəmətli, hörmətcil, fərdi münasibətindən, sinifdəki mühiti xüsusi həssaslıqla duymasından ibarətdir.
Müəllimin xeyirxah münasibəti, hörməti, şagirdləri olduğu kimi qəbul edilməsi, onları daim dəstəkləmək meyli, onların bacarıqlarına inam – bunların hamısı şagirdlərdə belə bir inamı möhkəmləndirə bilər ki, qarşıya qoyulmuş problemin həllində onun istənilən cəhdi yaradıcı fikir kimi qiymətləndiriləcək, ona ciddi və hörmətlə yanaşılacaqdır. Təlimin psixoloji mühitinin məhz bu şəkildə dəyişdirilməsi halında uğursuzluq qorxusu, inamsızlıq hissi aradan götürülə bilər və şagirdlərin idrak fəallığı dərs boyu lazımi səviyyədə qoruna bilər.
Şagirdə hörmətlə yanaşma, ona etibar etməsi, cavabların yaxşı və ya pis qiymətləndirilməsindən imtina edilməsi onda həm özünə inam hissini, həm də müəllimə hörmət və etibarı daha da artırır.

 Mənbə: Zülfiyyə Veysova-Fəal İnteraktiv Təlim

24 Şubat 2016 Çarşamba

Fasilitasiya qaydaları


Fəal(interaktiv) dərsin aparılması üçün ən mühüm amillərdən biri müəllimin bələdçi rolunu həyata keçirməsi bacarığıdır. Fasilitasiya fəal(interaktiv) təlim prosesində müəllimin mövqeyini əks etdirir. Fasilitasiya özü çoxşaxəli bir fəaliyyətdir və özündə bir sıra bilik, bacarıq,vərdiş və şəxsi keyfiyyətləri birləşdirir. Bu prosesdə müəllim şagirdlərin fikrini təhrik etməli, onlara psixoloji, informasiya və təşkilati dəstək verməlidir. 

Fikrin təhrik edilməsi qaydaları: 
Motivasiya mərhələsində şagirdləri dərsin mövzusunun müəyyənləşdirilməsinə cəlb edin. Dərsə şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürü və elmi-tədqiqat vərdişlərini inkişaf etdirən tapşırıqları daxil edin. Qapalı suallardansa, açıq suallardan daha çox istifadə edin. Qapalı suallar – «Siz bunu bilirsinizmi?» «Nə?», «Harada?», «Nə vaxt?». Bu cur suallara yalnız bir konkret cavab almaq olar: «Hə» və ya «Yox». Açıq suallar bir yox, bir neçə mümkün cavabı nəzərdə tutur. Çalışın sualları «Nə üçün?», «Nəyə görə?», «Hansı yolla?», «Necə?» və s. sözlərlə başlayın. Açıq sualların nümunəsi: «…haqqında nə bilirsiniz?», «Nə üçün bu haqda daha çox bilmək istərdiniz?», «Bu necə baş verir?» İştirakçılar tərəfindən ifadə olunan fikirləri anlamağa çalışın və öyrəndiyiniz, oxuduğunuz, yaratdığınız fikirləri zorla qəbul etdirməyin. Fasilitasiya zamanı konkret misallardan, müqayisə və tutuşdurma üsulundan, analogiyalardan istifadə edin, konkret yönü və məqsədi olmayan sualları az verin. Mənaca yaxın olan yönəldici suallardan istifadə edin, lakin bilavasitə yönəldici suallardan istifadə etməyin. Həmçinin, əvvəlcədən şübhəli fikirdən ibarət olan çaşdırıcı suallardan istifadə edə bilərsiniz. Bu suallar şagirdləri sizin fikirlərinizi təkzib etməyə təhrik edəcək və onu lazım olan istiqamətə yönəldəcək. İştirakçının deyə biləcəyi sözü və ya fikri onun əvəzinə ifadə etməyin. Mətndə əsas fikri müəyyən etmək və onu öz sözləri ilə ifadə, ümumiləşdirmə, öz fikrini ifadə və yenidən ifadə etmə bacarığı üzərində işləyin. Şagirdləri öz fikirlərini daha dəqiq ifadə etməyə təhrik edin və onlara köməklik göstərin. Bunun üçün sərf etdiyiniz vaxta təəssüflənməyin! Bu prosesi nümayiş etdirin və şagirdlərin diqqətini buna cəlb edin! Şagirdlərin əvəzinə onların məhsulunu izah etməyin, hər bir iştirakçıya digər şagirdlərin işinə öz fikir və münasibətlərini ifadə etməyə imkan yaradın. Uşaqların cavablarını formal ("quş qoymaq” üçün) dinləməkdən çəkinin. Onların başlıca fikirləri xülasə edilməli və bütün uşaqların nəzərinə çatdırılmalıdır. Fasilitasiya prosesində uşaqların cavablarını dəqiqləşdirin və şərh edin (qiymətləndirmədən, məzmuna əsasən), problemli situasiyalarda uşaqları bu sualların həlli işinə cəlb edin. 

Psixoloji dəstəkləmənin qaydaları: 
Müsbət dil ifadələrindən istifadə edin, müzakirədə və qrup işində iştirak etmələrinə görə şagirdlərə öz minnətdarlığınızı bildirin (pozitiv münasibət və hörmət). Danışanlara diqqətlə qulaq asın. Hər bir iştirakçıya öz fikrini söyləməyə imkan yaradın. Qrupun yalnız yüksəkdən danışan şagirdlərinı dinləməyinizi yox, bütün qrupun şagirdlərinı diqqətlə dinləməyə hazır olduğunuzu nümayiş etdirin («fəal dinləmə» vərdişi). İştirakçılarla birlikdə işləyib hazırladığınız qaydalara riayət edin. Unutmayın ki, dərs zamanı Siz davranış nümunəsi kimi çıxış edirsiniz (müəllim davranış modeli kimi). Şagirdlərə adları ilə müraciət edin və onların gözlərinə baxın (fərdi yönəlmə).
Konstruktivliyi dəstəkləyin, qarşıdurmaya şərait yaratmayın. Şagirdlərin fikirləri ilə səmimi maraqlanın. Yalnız liderlərin və ən fəalların deyil, bütün şagirdlərin nöqteyi-nəzərinə eyni dərəcədə diqqətlə yanaşın. Hər hansı bir fikrin qiymətləndirilməsinə, məzəmmət və lovğalığa imkan verməyin. Lazımsız olaraq qrupun işini qiymətləndirməyin. Müəllimin qiyməti onun şəxsi fikrini əks etdirməməlidir və qiymətləndirmə üçün yox, fasilitasiya üçün bir vasitə olmalıdır! O, şagirdlərin fikirləri ilə razı olmadıqda, bunu onlarla müzakirə etməyi təklif etməlidir. Lakin müəllim işi mütləq qiymətləndirməli olduqda, o, bunu meyarlar əsasında həyata keçirməlidir.


Məlumatla təmin etmə qaydaları:
Fasilitasiyaya başlamazdan öncə özünüzdə zəruri informasiya mənbələrinin və şagirdlərdə lazımi biliklərin olub-olmadığını yoxlayın. Şagirdlərin şüurunda dərsin dəqiq «şəklini» formalaşdırın. Dərsdə təkcə dərslikdə olan materialdan yox, həm də müxtəlif sənədlər, məlumat ədəbiyyatı, şagirdlərin öz təcrübə və müşahidələrindən istifadə edin. Materialın qavranılmasının müxtəlif üsullarını (görmə, eşitmə, toxunma, duyma və s) tətbiq edin. Sual və cavabları mümkün qədər qısa, lakonik və şagirdlərin səviyyəsinə uyğun söyləyin. Başqa şagirdlərin söylədikləri yeni anlayışları, habelə sualın və ya mülahizənin yanlış anlamını vaxtında izah və təhlil etməyə çalışın. Şagirdlərə bütün dərs ərzində problemin həlli yolunda əldə etdikləri nailiyyətləri haqqında məlumatı və əks əlaqəni verməyi unutmayın. 

Təşkilatı dəstək qaydaları 
Diskussiyanın təşkili üçün hər bir şagirdə hiss etdirin ki, onun fikir və rəyi yeni biliyin, həqiqətin aşkara çıxarılması üçün vacibdir. Bunun üçün iştirakçıları bu cür suallarla işə qoşun: "Bu ideya haqqında nə düşünürsünüz?”, "Bu fikirlə kim razıdır, kim yox?”, "Bunu başqa şəkildə necə söyləmək olar?” və s. Şagirdlərdə öz fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək bacarığını formalaşdırın. Lövhədə və ya kağız üzərində qrup işi zamanı müəyyən edilən əsas halları qeyd etmək məqsədəuyğundur. Unutmayın ki, qrup işinin nəticələri sonrakı mərhələdə məlumatın müzakirəsi və təşkili üçün lazımdır («körpülərin» quraşdırılması). Öz razılığını və ya narazılığını ifadə etmək üçün şagirdlərə xüsusi işarələr təklif edin (məsələn, baş barmağın yuxarı və ya aşağı vəziyyəti) və onlarla müzakirə zamanı əks əlaqəni verməyə təhrik edin. Destruksiya cəhdlərinin, artıq danışmağın, qeyri-adekvat və ya məqsədəuyğun olmayan söhbətlərin qarşısını alın. Bunun üçün iştirakçını mədəni surətdə dayandıraraq, ona öz fikirlərini qısa və məzmuna uyğun çatdırmaq qaydasını xatırladın. Diskussiyanın lideri olun! 

Mənbə: Zülfiyyə Veysova-Fəal interaktiv təlim



23 Şubat 2016 Salı

Müasir təlimin prinsipləri


1. Şəxsiyyətə yönəlmiş təlim prinsipi
Nə üçün uşaqlar erkən yaş dövründə daha fəal olurlar? Bir qədər inandırıcı olmasa da elmi araşdırmalar göstərir ki, insan bütün ömrü boyu qazandığı məlumatın təxminən 70% -ni 6 yaşa qədər əldə edir. Paradoks ondan ibarətdir ki, məktəbə daxil olduqdan sonra uşağın idrak fəallığı müəyyən dərəcədə ləngiməyə başlayır. Bu nəyə görə baş verir?
İş ondadır ki, məktəbəqədər dövrdə uşaq dünyanı bir tədqiqatçı kimi dərk edir: o, suallar verir, bu suallara cavab tapmaq üçün öz imkanı dairəsində müxtəlif məlumat mənbələrindən istifadə edir və ilk növbədə öz təcrübəsinə əsaslanır. Onu əhatə edən dünyanı müstəqil dərk edərək uşaq öz maraqlarına görə fəaliyyət göstərir.
Birinci sinfə qəbul olarkən uşaq elə bir təlim mühitinə düşür ki, burada ondan adət etdiyi, təbii olan öyrənmə metodundan əl çəkmək tələb olunur. Müəllim tələb edir ki, uşaq ona diqqətlə qulaq asıb dediklərini yadda saxlasın, təlimatlarını dəqiq yerinə yetirsin və bu təlimata aid olmayan sualları az versin. Bununla şagirdə, demək olar ki, passiv mövqe tutmaq, tətqiqatçı rolundan imtina etmək və müəllim tərəfindən verilən məlumatla kifayətlənmək təklif olunur. Bu cür təlim prosesinin mərkəzində şagird yox, müəllim dayanır. Məhz müəllim təlim prosesinin fəal iştirakçısı olur və şagirdə nəyi və necə dərk edilməsini diktə edir. Bunun nəticəsində şagirdin dərketmə imkanları məhdudlaşır, onun ehtiyacları, maraq və qabiliyyətləri nəzərə alınmır.
Deməli, şagirdin fəallaşması üçün ilk növbədəi, onun, bir şəxsiyyət kimi təlim prosesinin mərkəzi obyekti kimi çıxış etməsi vacibdir. Təlim uşağın maraq və tələbatlarına, onun bilik səviyyəsinə, imkan və qabiliyyətlərinə yönəlməlidir. Müəllim tərəfindən şagirdə şəxsiyyət kimi yanaşılmalı, onun fərdi cəhətləri nəzərə alınmalı və ona hörmət əsasında münasibət göstərilməlidir.

2. Fəal idrak prinsipi
Tədris prosesi elə təşkil olunmalıdır ki, o, idrak fəallığı, təbii öyrənmə fəaliyyəti doğursun, şagirdə «ilk kəşf» sevinci keçirməyə imkan versin, onda yeni biliklərə yiyələnmək həvəsi yaratsın. İdrak fəallığı ilk növbədə təfəkkürün fəallaşdırılması əsasında yaranır. Buna nail olmaq üçün birinci növbədə təlim prosesində idrak fəallığını stimullaşdıran problemli situasiyalar yaradılmalıdır. Uşaqda bu problemin həlli tələbatının yaranması nəticəsində bütün idrak prosesləri də fəallaşır, o, yeni bilikləri kəşf etməyə yönəlir.
3. İnkişafedici təlim prinsipi
Görkəmli rus psixoloqu, müasir pedaqoji psixologiyanın banilərindən biri olan L.S.Vıqotskinin nəzəriyyəsinə görə təlim inkişafı qabaqlamalı, uşağın «qarşıdakı (yaxın) inkişaf zonasına» yönəlməlidir. Bu inkişaf zonasında uşağın potensial imkanları mərkəzləşib, onları aktuallaşdırmaq üçün xüsusi təlim şəraiti yaradılmalıdır. Buna nail olmaq üçün şagirdlərə imkanlarına uyğun, lakin bir qədər mürəkkəb tapşırıqları müstəqil həll etmək təklif edilməlidir. Eyni zamanda, müəllim və digər böyüklər suallar verməklə onları problemin həllinə istiqamətləndirməlidirlər. Yəni təlim uşağın özünün müstəqil fəaliyyəti və ya böyüklərin köməyi sayəsində bilik və bacarıqları əldə etmək üzrə aşkarlanan potensial imkanlarının gerçəkləşdirilməsinə yönəlməlidir. İnkişafedici təlim ilk növbədə təfəkkürü və yaradıcılığı formalaşdırmalıdır.

4. «Qabaqlayıcı təlim» prinsipi
Müasir dövrdə baş verən sürətli dəyişikliklər təlimin qarşısında şagirdlərin həyata hazırlanması məsələsini daha kəskin qoyur. Bunun üçün ilk növbədə təlim cəmiyyətin inkişaf meyillərini əks etdirməli və yeni nəsli yaxın gələcəkdə həyat şəraitinə hazırlamalıdır. Məktəb şagirdə baza bilik, bacarıq və vərdişləri verməklə kifayətlənməməlidir. O, eyni zamanda onda idraki fəallığı, hər şeyi öyrənmək həvəsi və digər zəruri keyfiyyətləri formalaşdırmalıdır. Təlim şagirdə zəruri olan informasiyanı müstəqil əldə etməyi, onu yenidən işləməyi, düzğün istifadə və tətbiq etməyi öyrətməlidir.

5. Təlim-tərbiyə sisteminin çevikliyi prinsipi
Təlim-tərbiyə sisteminin çevikliyi ilk növbədə onun real şəraitə uyğunlaşmaq qabiliyyətidir. İctimai mühitin və şagirdlərin dəyişən tələbləri nəzərə alınmaqla, tədris planları və proqramlarının məzmunu, təlim-tərbiyə prosesinin təşkili, pedaqoji texnologiyaların seçilməsi sistematik olaraq təzələnməlidir. Çevik təlim-tərbiyə sistemində, daha çox təlimin diferensiallaşmasına, şagirdlər tərəfindən müxtəlif məlumatların işlənilməsi və mənimsənilməsinə üstünlük verilir. Buna nail olmaq üçün müəllim hər bir şagirdə fərdi yanaşmağa, təlimdə müxtəlif bilik mənbələrindən və məlumatı təqdimetmə formalarından (görmə, eşitmə, hiss etmə və s. duyğulara əsaslanan) istifadə etməyə çalışmalıdır. Təlim-tərbiyə sisteminin çevikliyi bir nəticə olaraq biliklərin daha çox yaradıcı və tətbiqi olmasında öz əksini tapır, şagirdlər təlim məqsədlərini qoymağa özləri cəhd edirlər.

6. Əməkdaşlıq prinsipi
«Müəllim-şagird» qarşılıqlı münasibətləri sistemində bu subyektlərin hər biri təlim prosesində tərəf müqabili kimi iştirak etməlidirlər. Əməkdaşlıq ilk növbədə təlim prosesinin kollegial və dinamik keçməsində öz əksini tapır. Əgər şagird təlim prosesində müəllimlə bərabərhüquqlu şəxs kimi çıxış edirsə, bu onun fəaliyyətində yeni bir keyfiyyət yaradır: şagirdin özünə inamı artır, o öz fikrini çatdırmağa qorxmur, öz potensial imkanlarını gerçəkləşdirir. Əməkdaşlıq prinsipi müəllimdən tələb edir ki, o, şagirdin qiymətləndirilməsində daha çox dəstəkləyici qiymətlərdən istifadə etsin. Əməkdaşlıq təlim mühitini şagird üçün daha əlverişli, fəallaşdırıcı və ruhlandırıcı edir.
<
7. Dialoji təlim prinsipi
Məsələlərin birgə həlli gedişində özünün və qrup üzvlərinin fikirlərini, imkanlarını və təcrübələrini bölüşə bilmək və bundan qarşılıqlı faydalanmaq məqsədi ilə hər bir şagirdin müzakirələrdə və qrupun işində iştirakı təmin edilməlidir. Təlim prosesində bütün şagirdlərin müxtəlif nöqteyi-nəzərlərini və fikirlərini nəzərə almaqla, dialoji təlim fikir müxtəlifliyinə, tədrisin məzmununu daha da zənginləşdirməyə imkan yaradır, nəticəçıxarma prosesinə müsbət təsir edir.
Bu prinsiplərin həyata keçirilməsi sagirddə səmərəli həyat fəaliyyətinin formalaşması və onun aramsız dəyişən şəraitə uyğunlaşması üçün təsiredici zəruri bacarıqların əldə olunmasına şərait yaradır. Bütün bu prinsiplərin təlim prosesində ən dolğun şəkildə tətbiqi fəal(interaktiv) təlim metodları vasitəsilə mümkündür.

 Mənbə: Zülfiyyə Veysova -Fəal İnteraktiv Təlim

Məşhur Postlar

Səhifələr

Vacib saytlar