Azərbaycan Respublikasının
təhsil naziri Mikayıl Cabbarovun Moskvaya işgüzar səfəri
Səfərin ilk günü Mikayıl Cabbarov Rusiya Federasiyası təhsil və
elm naziri Dmitri Livanovla görüşüb. Görüşdə Elm və Təhsil sahəsinə
Nəzarət üzrə Federal Xidmətin direktor müavini Aleksandr Biserov və Azərbaycan
Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov da iştirak ediblər.
Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq
məsələləri, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin Azərbaycan Dövlət İqtisad
Universitetinin Dərbənd filialının lisenziyalaşdırılması prosesinin
sürətləndirilməsi istiqamətində görülən işlər barədə müzakirələr aparılıb.
Oktyabrın 30-da təhsil naziri həmçinin, Moskva şəhərində K.Kərimov
adına Azərbaycan etnomədəni komponentli 1583 saylı gimnaziyaya baş çəkib,
müəllim və şagirdlərlə görüşüb, tədris prosesi ilə yaxından tanış olub. Təhsil
naziri məktəbdə Azərbaycan dilində tədrisin təşkili prosesinə dəstəyin
verilməsi imkanlarının araşdırılacağını bildirib.
Oktyabrın 31-də Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin
(RAGB) “Gənclərin layiqli gələcəyi naminə” VI Forumu keçirilib. Forumun açılış
mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-in sədri Leyla
Əliyeva çıxış edib.
Forum çərçivəsində çıxış edən təhsil naziri Mikayıl Cabbarov
təhsil sahəsində əməkdaşlığın Azərbaycan-Rusiya münasibətlərində xüsusi
əhəmiyyət kəsb etməsi, tələbə və qarşılıqlı təcrübə mübadiləsinin təhsil
əlaqələrinin inkişafında rolu, Rusiya Federasiyasının 2 ali təhsil müəssisəsinin
Azərbaycanda uğurla fəaliyyət göstərməsi, rus dilinin Azərbaycanın təhsil
müəssisələrində tədrisi kimi məsələləri nəzərə çatdırıb.
Həmin gün təhsil naziri Mikayıl Cabbarov Moskva şəhərində 28
oktyabr-1 noyabr 2015-ci il tarixlərində keçirilən “Açıq İnnovasiyalar-2015”
Forumunu ziyarət edərək təhsil sahəsində fəaliyyət göstərən müxtəlif
müəssisələrin təmsilçiləri ilə fikir mübadiləsi aparıb.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.