DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

20 Ekim 2015 Salı

Təlimin təşkili, istifadə olunan forma və üsullar.

Təlimin təşkili, istifadə olunan forma və üsullar. 

İnkişafetdirici mühitin mahiyyəti və prinsipləri 
Təlim mühiti uşaqların təfəkkür, sosial, emosional, fiziki və yaradıcı inkişafına böyük təsir göstərir. Tərbiyəçilər fiziki və psixoloji baxımdan təhlükəsiz və həvəsləndirici mühit yaradaraq uşaqların müstəqil və qrup tədqiqatları, oyun, müxtəlif vasitələr və digər uşaqlarla və böyüklərlə qarşılıqlı əlaqə vasitəsilə inkişafı dəstəkləyirlər. 

Uşaqyönümlü mühitin yaradılması işində 2 əsas prinsip nəzərə alınmalıdır: 
- Uşaqların ətraf mühitdə olan əşyalar və onları əhatə edən insanlarla qarşılıqlı əlaqə quraraq öyrənməsi və biliklər qazanması; 
- Uşaqların inkişafını və öyrənməsini təmin etmək üçün onların maraqlarının, ehtiyaclarının və güclü tərəflərinin nəzərə alınması. 

Qrup otağı “tədqiqat laboratoriyası” kimi təşkil edilir ki, uşaqlar müxtəlif rollarda: tədqiqatçı, aktyor, rəssam, tamaşaçı, inşaatçı, həkim, aşbaz, müəllim, ata, ana və s. özlərini sınayırlar. Elementar tədqiqatların aparılması, yeniliklərin kəşf edilməsi və fikir mübadiləsinə şərait yaradan mühitin qurulması məsuliyyəti tərbiyəçilərin üzərinə düşür. Belə mühitdə tərbiyəçinin rolu uşaqların özünü ifadəsini dəstəkləməkdən və arzu olunan davranış və şəxsi keyfiyyətləri: “niyə” və “nə üçün” suallarının verilməsi, ətrafdıkalara qarşı hörmət və qayğının göstərilməsi, məsuliyyət hissinin təmin olunmasından ibarətdir.

Uşaqyönümlü inkişafetdirici mühitdə tərbiyəçi uşaqların irəli sürdükləri fikirlərə, təşəbbüslərə hörmət və diqqətlə yanaşır və onları, xüsusilə məşğələlərin planlaşdırılması və həyata keçirilməsi zamanı nəzərə alır. Təşəbbüskar uşaqlar dəstəklənir, bir qədər çəkinən və passiv olan uşaqlar isə təşəbbüs göstərməyə həvəsləndirilir. Bunun üçün tərbiyəçi “sən nə ilə məşğul olmaq istəyərdin? ”, “sən nə fikirləşirsən?”, “çəkdiyin şəklin mənasını mənə başa sal” və s. kimi sual və təkliflərlə uşaqları fəallaşdıra bilər. Uşaqlar yalnız eşitmək və deyilən kimi hərəkət etmək deyil, fikir yürütmək, faktlar axtarmaq, səbəb-nəticə əlaqələrini soruşmaq, izah etmək və qurmaq, sadə tədqiqatlar aparmaq, həmyaşıdları ilə ünsiyyət qurmaq, fəaliyyəti marağına görə seçmək və sərbəst davranmaq hüquqlarına malikdirlər. 

İnkişafetdirici və dəstəkləyici mühitin yaradılması üçün məktəbəqədər təhsil müəssisələrində müxtəlif guşələr (fəaliyyət mərkəzləri) təşkil olunur. Guşələr 2 əsas şərti nəzərə almaqla tərtib olunur: 
1.Uşaqların maraq və inkişaf ehtiyacları; 
2. Məktəbəqədər təhsil müəssisələrində mövcud olan təlim resursları. Fəaliyyət mərkəzləri (guşələr) dedikdə, əsasən, aşağıdakılar nəzərdə tutulur: 
- riyaziyyat guşəsi, 
- kitab guşəsi, 
- stolüstü oyunlar guşəsi, 
- elm guşəsi, 
- təsviri fəaliyyət guşəsi, 
- qum və su guşəsi, 
- tikinti materialları guşəsi, 
- sujetli-rollu oyunlar guşəsi, 
- məişət-təsərrüfat guşəsi, 
- milli guşə, 
- gəlincik guşəsi, 
- nəqliyyat guşəsi, 
- təbiət guşəsi, 
- əl əməyi (məktəbəhazırlıq qrupunda) guşəsi. 

Fəaliyyət mərkəzləri bir-birindən ayrı təşkil edilir, xüsusi materiallarla təchiz olunur. Mərkəzlərdə qoyulan materiallar (kitablar, oyuncaqlar, həndəsi fiqurlar, oyuncaq qablar, mətbəxə aid oyuncaqlar, kağız, qələmlər, karton, boyalar, plastilin, pazl oyuncaqları, müxtəlif bitkilər, yarpaqlar) uşaqların əli çatan vəziyyətdə 54 qoyulmalıdır və uşaqlar həmin materiallarla yaradıcı və müstəqil oynamağa həvəsləndirilməlidir. Fəaliyyət mərkəzləri (guşələr) elə yaradılmalıdır ki, orada uşaqlar kiçik qruplarda bir-birilə oynayıb ünsiyyət qura, istədikləri fəaliyyət mərkəzlərini özləri seçə bilsinlər. 

Dəstəkləyici təlim mühiti uşaqların müstəqilliyinə imkan yaradır, onların təhsil uğurunun təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Təlim mühitinin xarakteristikası: 
• Bütün uşaqlar üçün səmimi mühit olmalıdır. 
• Mühit cəlbedici və zövqlü olmalıdır. 
• Mühit dəstəkləyici olmalı, ünsiyyət və əməkdaşlığı təmin etməlidir. 
• Bütün uşaqlar üçün kifayət qədər materiallar təmin olunmalıdır. 
• Uşaqların materialı müstəqil tapması, istifadə etməsi və qaytarmasına imkan yaradılmalıdır. 
• Mühit müxtəlif oyun növlərinə həvəs yaratmalıdır. 
• Mühit uşağın qrup otağının bütün tərəflərini görməsinə və asanlıqla hərəkət etməsinə imkan verməlidir. 
• Uşaqların bir sahədən digər sahəyə material və vəsaitləri gətirərək oyun zamanı istifadə edə bilməsi təmin edilməlidir. 

Məktəbəqədər müəssisədə təhsilin səmərəli qurulması üçün psixososioloji mühit təlimə uyğun olmalı və uşaqların öyrənmə prosesində ünsiyyət və əlaqə yaratmasına imkan verməlidir.
Təlim mühitinin yaradılması: 
• Tərbiyəçinin mədəni və müsbət davranışı uşaq fəaliyyətinə təsir edir. 
• Yeni materialların davamlı və fərqli biçimdə istifadəsi təlimə həvəs yaradır. 
• Fərqli struktur səmərəli fərdi təlim üçün vacib hesab edilir. 
• Musiqi yadasalma qabiliyyətinin inkişaf etdirilməsi və müvafiq təlim mühitinin yaradılması üçün istifadə edilə bilər. 
• Resurslar məqsədəuyğun, istifadəyə yararlı, müəyyənedici və uşağın təliminə uyğun olmalıdır. 

Uşaqlar inkişaf və təlim prosesinin fəal iştirakçısıdırlar. Müasir təlim tələb edir ki, məlumat uşağa valideyn və ya tərbiyəçi tərəfindən hazır ötürülməsin, uşaq məlumatı özü əldə etsin. Biliyin əldə edilməsinin əsasını təşkil edən bacarıqlar təcrübə prosesində təkmiləşdirilir. Buna görə də uşaqlara ətraf mühitdə biliklərin araşdırma yolu ilə əldə edilməsi imkanını, eyni zamanda, əşyalar və modellərin imitasiyası imkanını vermək çox vacibdir. Beləliklə, məşğələlər zamanı uşaqlara ətraf mühiti təcrübi yolla dərk etmək, müxtəlif fəaliyyətlər həyata keçirmək, məsələlərin həllində iştirak etmək, danışıq və ünsiyyət vərdişlərini inkişaf etdirmək imkanı vermək olduqca zəruridir. Məktəbəqədər yaşlı uşaqların təlimini və inkişafını təmin etmək üçün ayrı-ayrılıqda oxu, yazı və riyazi təsəvvürlərin təliminə və əzbərçiliyə həddən artıq əhəmiyyət vermək lazım deyil. Evdə və məktəbəqədər təhsil müəssisələrində uşaq üçün rəngarəng fəaliyyətlər planlaşdırılmalıdır. Əsas uşaqların nəyi bilmələri deyil, nə etməyi bacardıqları və nə öyrəndikləridir. Daha doğrusu, öyrənmə və düşünmə bacarıqlarının təkmilləşdirilməsidir. 

Fəal öyrənmə prosesi uşaqların ətrafdakı insanlar və əşyalarla qarşılıqlı təsiri nəticəsində baş verir. Böyüklərin uşağın inkişafını dəstəkləmələrində rolu özlərinin bu prosesdə birgə iştirakı ilə əlverişli emosional şərait yaratmaqdan ibarətdir. Bu zaman uşaqlara əşyalarla manipulyasiya etmək, seçim etmək, əşya və ideyaları “tədqiq” etmək, eksperiment aparmaq və “kəşflər etmək” imkanı vermək mümkündür. Bu zaman uşaqlar həm öz həmyaşıdları ilə, həm də böyüklərlə təhlükəsiz və xoş mühitdə ünsiyyət qurmaq imkanı qazana bilirlər. 
Mənbə: kurikulum.az

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar