DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

13 Nisan 2016 Çarşamba

Tarix fənni timsalında nümunəvi dərsi qurarkən müəllim nə etməli? Məqalə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Müəllimi qəzeti redaksiyası tərəfindən elan edilmiş "Ən yaxşı yazı müsabiqəsi"ndə 1-ci dərəcəli diplomla qalib elan edilib.


Məqalə  Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Müəllimi qəzeti redaksiyası tərəfindən elan edilmiş "Ən yaxşı yazı müsabiqəsi"ndə  I Dərəcəli  diplomla qalib elan edilib.
Tarix fənni timsalında nümunəvi dərsi qurarkən müəllim nə etməli?
Öz üzərində işləyən müəllimlər müasir dərsin qurulması qaydaları, eləcə də tətbiqi ilə yaxından tanışdılar. Müasir dərsin özünəməxsus mərhələləri vardır ki, bu mərhələlər doğru şəkildə tətbiq edildiyi zaman mükəmməl dərs qurmaq mümkün olur. Hətta müəllim və şagirdlər dərs prosesindən zövq alırlar.  Müasir dərsi tətbiq etmək üçün, dərsin mərhələləri üzrə qarşıya qoyulmuş qaydalar, vaxt, meyarlar, tapşırıqlar və s düzgün yerinə yetirilməlidir.
Müasir dərsin üstünlükləri nələrdir?
Dərsə hazırlaşarkən müəllim daha çox əmək sərf edir. Nəticədə mükəmməl şəkildə dərs qurur. Şagirdlər tərəfindən dərs maraqsız və darıxıdırıcı deyil, daha maraqlı qəbul edilir. Dərsdə şagirdlər 45 dəqiqənin necə keçdiyinin fərqində olmurlar. Çünki, dərs bütün siniflə həyata keçirilir, nəticədə bütün şagirdlər dərsdə öyrənmə prosesinə cəlb edilir. Dərs şagirdlərin maraqlarına, eləcə də dövlətin qoyduğu tələblərə uyğun olaraq qurulur. Fəal dərs zamanı şagirdlər bir dərsdə öyrəndikləri öyrənmə nümunəsində, əslində sərbəst “öyrənməyi öyrənirlər”. Çünki şagirdlərə informasiyalar emal edilərək deyil, təfəkkürlərini inkişaf etdirmək üçün tapşırıqlar formasında verilir. Şagirdlər tədqiqat prosesində problemi özləri həll edir və təfəkkürləri inkişaf edir.
Fəal dərsin əsas üstünlüyü ondan ibarətdir ki,  fəal dərs şagirdlərin idrak fəallığını artırır, onları düşündürür, müstəqil qərarlar çıxarmağa yönəldir. İdrak fəaliyyətinin gedişində şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf edir. Təfəkkürün inkişafının başlanğıc nöqtəsi isə informasiyadır.Şagirdlərin təfəkkürünü inkişaf etdirmək üçün fəal təlim üsullarından istifadə olunur.
Fəal təlimin üsullarından istifadə nəinki şagirdin təfəkkürünün inkişafına, eyni zamanda “qarşılıqlı fəaliyyət” zamanı müxtəlif  kompetensiyalara malik olmalarına gətirib çıxarır.
Fənn kurikulumunu tətbiq edən müəllim dərsini qurarkən aşağıdakı meyarları nəzərə almalıdır.
  •   Standartın düzgün seçilməsi 
  •   Məqsədin standarta uyğunluğu
  •  Məqsədin reallaşdırılması üçün əlverişli forma və üsulların seçilməsi
  •   Fəndaxili və fənlərarası inteqrasiya  
  •   Resurslardan məqsədəuyğun istifadə
  •  Motivasiyanın məqsədəuyğun qoyulması
  •  Tədqiqat sualının təlim məqsədinə uyğunluğu 
  •   Təlim tapşırığının problemin həllinə istiqamətlənməsi və şagirdlərin potensial imkanlarına uyğunluğu
  •   Məlumat mübadiləsi mərhələsinin təşkili (şagirdlərin təhlil etmə və təqdim etmə bacarığı) 
  •  Məlumatın müzakirəsinin təşkili 
  •   Ümumiləşdirmə və nəticə 
  •   Qiymətləndirmə meyarlarının düzgün müəyyən edilməsi (qiymətləndirmənin təlim boyu aparılması)
  •   Müəllim nitqinin aydınlığı 
  •   Dərsdə vaxtdan səmərəli istifadə. Şagirdlərdə əməkdaşlıq bacarığının formalaşdırılması
Dərsin gedişi zamanı müəllimlərdən asılı və ya asılı olmayan səbəblərdən nöqsanlar baş verir.
Bəzən dərs prosesində müəllim müəyyən nöqsanlara yol verir. Ilk öncə qeyd edim ki, nöqsansız, mükəmməl,  nümunəvi dərs yoxdur. Dərs prosesində xırda nöqsanların baş verməsi normal haldır. Ancaq ciddi nöqsanlar varsa, deməli müəllim ya hansısa meyarları, ya da bu meyarların tətbiqi qaydasını yerinə yetirməli olduğunu düzgün bilmir.
Onun üçün əsas olaraq fənn kurikulumunun tətbiqi zamanı təcrübəli müəllimlərdən örnək götürmək, dəstək almaq daha məqsədəuyğundur.
Fənn kurikulumunun dərsdə tətbiqi zamanı xüsusilə nələrə diqqət edilməli...
1.      İlk öncə müəllim evdə dərs prosesinə hazırlaşarkən dərsdə reallaşdırmalı olacağı standartları düzgün seçməlidir. Standartları seçərkən onu hansı mövzu əsasında reallaşdıra biləcəyini əvvəlcədən dəqiqləşdirir.
Bəzən xırda nöqsanlara da yol verilir.
Bəzən müəllim seçdiyi standartları dərsdə reallaşdıra bilmir. Bu müxtəlif səbəblərdən baş verir. Standartların daha çox seçilməsindən, standartlardan çıxarılmış məqsədlərin dərs boyu yerinə yetirilib vaxtında çatdırılmaması, tapşırıqların standart və məqsədlərə xidmət etməməsi və s kimi səbəblərdən baş verir.
2.      Müəllim dərsin məqsədlərini hazırlayarkən standartları nəzərə almır, məqsədlər standartlardan çıxarılmır, sadəcə kortəbii olaraq mövzuya xidmət edən məqsədlər olur. Müəllim dərsi qurarkən dərsin əsas hissəsi olan standart və məqsədləri bir-birinə uyğun olaraq hazırlamalıdır ki, dərs boyu  planlaşdırma ardıcıl şəkildə davam etsin.
3.       Diqqət edilməli olacaq digər məsələ öncədən müəyyənləşdirilmiş məqsədlərin 45 dəqiqə ərzində yerinə yetirilib çatdırılması, həmçinin məqsədlərin reallaşması, müəllimin tədqiqat zamanı şagirdlərə vermiş olduğu tapşırıqlarda da öz əksini tapır. Əgər müəllimin tədqiqat zamanı hazırladığı tapşırıqlar məqsədə xidmət etmirsə, həmçinin tədqiqat sualı məqsədlərə xidmət etmirsə, deməli məqsədlər kortəbii olaraq yazılmış və əslində tətbiq edilməmişdir.
4.      Bildiyimiz kimi dərsin ilk mərhələsi Motivasiya mərhələsidir. Bu mərhələ fəal dərsin əsas hissəsini təşkil etdiyindən çox əhəmiyyət kəsb edir. Dərsin Motivasiya mərhələsinin düzgün və ya yalnış  qurulması dərsin sonluğuna təsir edir. Müəllimin motivasiya üçün ayırdığı vaxta düzgün riayət etməsi doğru atılmış addımdır.  Motivasiya sinfin, şagirdlərin yaş səviyyəsinə uyğun olarsa məqsədə çatmaq asanlaşar. Müəllim şagirdləri birbaşa motivasiyadan tədqiqata yönəltməyi xüsusi nəzərə alması önəmli məsələlərdəndir.
5.      Tədqiqat sualı qoyulan zaman, sualın məqsədlərə xidmət etməsinə diqqət edilməlidir.
Bəzən müəllim bu mərhələdə ciddi nöqsanlara yol verir.
1.      Şagirdin səsləndirməli olduğu fikri onun yerinə özü səsləndirir.
2.      Şagirdlərin hər birindən fikirlərini dinləmədən, hər hansı şagird düz cavabı səsləndirərsə dərhal motivasiya nəticəsini elan edir və digər şagirdlərlə əqli iş aparılmır.
3.      Müəllim motivasiya zamanı şagirdləri tədqiqata yönləndirmək əvəzinə, şagirdlərdən  keçəcəyi mövzunun adını almağa çalışır.
4.      Müəllim dərs icmalını evdə yazan zaman, motivasiya mərhələsini hazır edəndə şagirdin yaş səviyyəsini nəzərə almır.
5.      Əgər müəllim izah verəcəksə bunu motivasiyadan sonra etsə daha yaxı olar. Bəzən müəllimlər motivasiya bitdikdən sonra tədqiqat sualını elan edib, iş vərəqlərini şagirdlərə paylayır. Sonra isə izah verməyə başlayır. Bu doğru addım deyil. Bu zaman şagirdlərin fikri iş vərəqlərindəki tapşırıqlarda qalır və müəllimin izahına diqqət edilmir. Müəllim izah verməlidirsə, izahını verməli, daha sonra şagirdləri iş vərəqindəki tapşırıqlarla tanış etməlidir. Ondan sonra isə iş vərəqlərini şagirdlərə paylaması daha məqsədəuyğundur. Müəllimin kiçik izahlarına ehtiyac olarsa, digər mərhələlərdə də ola bilər.
6.             Müəllim, şagirdlərə iş vərəqlərini paylamazdan qabaq onları dərs prosesində əvvəlcədən hansı meyarlarla qiymətləndirməli olduğunu elan etməsi daha yaxşı olardı. Ancaq, tədqiqatdan öncə olması şərt deyil, müəllim istənilən bir mərhələdə meyarları şagirdlərin nəzərinə çatdıra bilər. Bəzən dərs prosesində müəllimin icmalına müəyyən dəyişikliklər etməsinə ehtiyac yaranır. Bu  isə müəllimdən bacarıq tələb edir. Müəllim qiymətləndirməni fənn kurikulumunda  dərsin bütün mərhələlərində tətbiq edə bilir. Şagirdlərin əvvəlcədən hansı meyara görə qiymət aldıqlarını bilmələri daha məqsədəuyğundur. Həmçinin müəllim iş vərəqini şagirdlərə paylayarkən, tədqiqat zamanı onlara nə qədər vaxt ayırdığını elan etsə daha yaxşı olar, çünki şagirdlər əvvəlcədən hansı vaxtda tapşırığı yerinə yetirməli olduqlarını bilsələr, vaxtlarını ona uyğun olaraq bölmə imkanı qazanarlar.
7.              İş vərəqləri tələblərə uyğun qurulmalıdır. Bəzən müəllim, iş vərəqində yazdığı tapşırıqlar məqsədlərə xidmət etmir. İş vərəqində  tapşırıq adı altında bir neçə sual verilir? Tapşırıq və sual arasında fərq var. Tapşırıq verilirsə bu tam şəkildə ifadə edilsə daha yaxşı olar. Şagird  tapşırığı necə və hansı formada yazacağını müəllim iş vərəqində qeyd etməlidir. Nümunə 1:Cavanşir və Babəkə məxsus olan cəhətləri aşağıdakı diaqramda müqayisə edərək oxşar və fərqli cəhətlərini yazın.  Nümunə2:Əgər sən dövlət başçısı olsaydın dövlətini qorumaq üçün ölkədə hansı tədbirləri görərdin? Aşağıda ayrılmış sahədə qeyd edin.
İş vərəqində verilmiş tapşırıqlar, digər qruplarda verilmiş tapşırıqlarla eyni səviyyədə olmalıdır. Bir qrupa verilmiş tapşırıq çox sadə, digərinə verilmiş tapşırıq çətin olarsa bu şagirdlər arasında narazılıq yaradar və  müəllim ədalətsizliyə yol vermiş olar. İş vərəqlərində verilmiş tapşırıqların təfəkkürün inkişafına xidmət etməsi daha məqsədəuyğundur. Çünki, faktlara əsaslanan tapşırıqları şagirdlər kitabdan seçib köçürtmə imkanına malikdirlər. Faktlara əsaslanan tapşırıqlara çox köklənmək şagirdləri təfəkkürün inkişafından uzaqlaşdırır və fakt əzbərləməyə yönəldir. Bunun üçün iş vərəqlərində verilmiş tapşırıqlar məntiqi, tənqidi, yaradıcı tapşırıqlar olsa daha yaxşı olar. Həmçinin tapşırıqlar qoyulan zaman müəllim mütləq tədqiqat sualını nəzərə alır. 
           Tapşırıqları verərkən müəllim şagirdlərin qarşısında ziddiyyətli, həlli olmayan və ya çox çətinliklə həlli olan problemi qoymamalı, problemi qoyarkən müəllim tapşırığın bir neçə həll variantı olmasını nəzərə almalıdır.
8.      Bəzən müəllim dərs icmalında iş üsullarını qeyd xatirinə yazır. Dərs icmalında olan iş üsulları deyil, yazılmayan iş üsulu və iş formalarını tətbiq edir. Müəllim dərs prosesinə hazırlaşarkən əvvəlcədən  standartları nəzərdən keçirməli və fəaliyyət xətlərinə uyğun olan iş üsulunu və formasını-strategiyanı düzgün seçməsi vacibdir. Əks halda standartların reallaşması doğru şəkildə tətbiq edilməyəcəkdir.
9.      Fəndaxili və fənlərarası inteqrasiyanın dərs boyu, dərsin istənilən bir mərhələsində tətbiqinə müəllimin diqqət etməsi də vacib məsələlərdəndir. İnteqrasiya kortəbii xarakter daşımalı deyil, məqsədlərə xidmət etməlidir.
10.   Müəllimin sinifdə istifadə etdiyi əlavə resurs mövzuya, məqsədlərə, şagirdlərin yaş səviyyəsinə xidmət etməklə yanaşı doğru və şagirdləri yalnış istiqamətə yönləndirməyən resurs olması daha məqsədəuyğundur. Bəzən müəllimin dərsdə istifadə etdiyi mənbələr doğru seçilmədiyindən, mənbə ilə işləmə prosesi çox vaxt getməsinə səbəb olur və məqsədə çatmağa mane olur.
11.   Dərsin növbəti mərhələsi Məlumat mübadiləsi və müzakirə mərhələsidir. Bu mərhələ zamanı da müəllim bir sıra nöqsanlara yol verə bilir.  Təqdimat zamanı müəllim tapşırıqları dinləmə prosesində bir qrupa az digər qrupa çox zaman ayırmaqla, eləcə də, bir qrupa daha çox sual digərinə daha az sual ünvanlamaqla, tapşırıqlara və məqsədə xidmət etməyən suallar verməklə məqsəddən uzaqlaşa bilər.
           Bəzi hallarda müəllim  iki eyni yaş səviyyəsində şagirdlər olan  sinfi idarə edir. Hər iki sinifdə dərs prosesini eyni müəllim aparır. Bu zaman bir sinif üçün hazırladığı dərs icmalını və  hazırladığı kiçik summativ qiymətləndirməni digər bir sinif üçün də tətbiq edir. Çox hallarda isə, metodik vəsaitdə olan  kiçik summativ qiymətləndirmə  nümunəsini, müəllim sadəcə sürətini çıxardaraq  bütün şagirdlərə təqdim edir.  Müəllimdən əsas tələb olunan məsələlərdən biri də şagirddən sinif səviyyəsini nəzərə almasıdır. Müəllim sinif səviyyəsini nəzərə almadan bu prosesi icra edərsə, müyyən dərəcədə işini çətinləşdirmiş olacaq. Çünki dərs keçdiyimiz siniflərdə şagirdlərin yaş səviyyələri eyni olmur. Sinfin biri çox zəif, digəri isə daha güclü və ya orta səviyyədə ola bilər. O baxımdan, müəllim eyni dərs icmalını və qiymətləndirməni təşkil edərkən hər sinfə uyğun meyarları olmalıdır. Siniflərdə şagirdlərin hafizə və təfəkkür səviyyələri nəzərə alınaraq, hər sinfə uyğun motivasiya hazırlanmalı, tapşırıqlar sinif səviyyəsinə uyğunlaşdırılmalı, eləcə də dərsin digər bölmələri və qiymətləndirmələrdə buna xüsusi diqqət edilməsi daha məqsədəuyğundur.
Təhsilimizin üstünlüklərindən biri də, yeni işə başlamış müəllimlərə, eləcə də fənn kurikulumu sistemindəki yenilikləri öyrənməklə bağlı  müxtəlif problemləri olan müəllimlər üçün metodik vəsaitlər, internet resursları, şablon vasitələr çox saydadır. Ancaq, bütün bu vəsaitlər müəllimlərə istiqamət ala bilmələri üçün verilir.  Şablon vəsaitlər üzərində müəllimlər öz yaradıcılıqlarını tətbiq edərək, sinifdə dərsi qurmaları daha yaxşı olardı. Heç bir şablon hazırlanarkən, mümkün deyil ki, respublikada olan bütün məktəblərin siniflərinin səviyyələri nəzərə alınaraq şablon hazırlansın. Bu səbəbdən, istənilən şablon tətbiq ediləndə şagirdlərin hafizə və təfəkkürləri, yaş və sinif səviyyələrinin nəzərə alınması daha məqsədəuyğundur.
          Müəllimin dərs prosesində sərbəst ədəbi dildə danışması daha məqsədəuyğundur. Bəzən müəllimlərin, dərsdə əlavə dillərdən (rus, türk dillərində olan ifadələrdən) ləhcədən istifadə etməsi şagirdin, onu özü üçün nümunəyə çevirməsinə gətirib çıxara bilər. Xüsusi ilə ibtidai sinif müəllimlərinin yazıları və danışıq tərzləri şagird üçün nümunə olur. Disleksiyalı müəllimin şagirdləri bir çox zaman disleksiyalı olurlar. Dərs prosesində müəllimin canlı və təmiz nitqi qədər, onun jest və mimikaları da önəmlidir. Dərsi aktiv, fəal, canlı etmək müəllimdən qismən “aktyorluk” tələb edir.
Müəllim dərs prosesində fasilitator kimi malik olduğu bacarıqlardan tam doğruluqla istifadə etməlidir ki, şagirdlərin etibarını və inamını qazansın. Şagirdlər sevdikləri müəllimin fənnini də sevərək oxuyurlar.
          Fənn kurikulumunun tətbiqi zamanı şagirdlərə şəxsiyyət kimi yanaşılır. Onlara istiqamət verilir və məsələnin doğru həllinə istiqamətləndirilir. Şagirdə “səhv dedin” ifadəsini səsləndirməkdən imtina edilir, “başqa necə ifadə edə bilərsən?” kimi ifadələrlə əvəz edilməsi daha məqsədəuyğun hesab edilir.
Fənn kurikulumu o zaman münasib hesab olunur ki, o şagirdin maraqlarına, fənlərin məzmunu, ümumən dünya haqqında olan sorğularına cavab verə bilsin. Kurikulumun müəyyən edilməsi zamanı nəinki şagirdin maraqları, həm də dövlətin maraqları nəzərə alınır.
Kurikulumu şagirdlər üçün münasib etməkdə məqsəd onların yeni maraqlarını stimullaşdırmaqdan, yeni biliklərə qapılar açmaqdan, şagirdlərin daha yüksək öyrənmə səviyyələrinə çatmalarına cəhdlər etməsini həyata keçirməkdən ibarətdir.

Qeyd: Məqalənin  ilk versiyasına əlavələr  edərək  paylaşmışam. Məqalənin  orginal formasını  Azərbaycan  Müəllimi  qəzetinin  aprel ayı üçün olan 15 nömrəli  buraxılışında  tanış  ola  bilərsiniz. 






Müəllif: 2013-2014-cü tədris ili üzrə “Ən Yaxşı Müəllim” müsabiqəsinin qalibi, 2015-ci tədris ili üzrə Elektron Təhsil Müsabiqəsinin “Tədrisdə Ən Yaxşı Metodik Tövsiyə/ sənəd” nominasiya üzrə qalibi Leyla Bayramova
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar