DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

1 Mart 2016 Salı

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar

ARXİV             
  AZƏRBAYCAN  MÜƏLLİMİ  QƏZETİ.

AZƏRBAYCAN  RESPUBLİKASININ  TƏHSİL NAZİRLİYİNİN ORQANI
16 Mart  2012-ci il.  №11                                          
                                                            
Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar
Təhsil Nazirliyinin 21 fevral 2012-ci il tarixli,
242 nömrəli əmri ilə təsdiq edilmişdir.
1. Bu "Qaydalar" "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 13.1.4-cü bəndinə, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin 3.10-cu maddəsinə əsasən hazırlanmışdır və bilavasitə Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur.
2. Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
3. Bu "Qaydalar"ın 2-ci bəndində nəzərdə tutulan şəxslərdən (bundan sonra - eksternlər) ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin isə yaşı 18-dən aşağı olmamalıdır.
4. Səhhətinin vəziyyətinə görə, evdə fərdi təhsilə cəlb olunmuş şagirdlər müəyyən edilmiş qaydaya əsasən, ümumiyyətlə buraxılış imtahanlarından azad olunduqları üçün bu "Qaydalar" onlara şamil edilmir.
5. Sərbəst (eksternat) təhsilalma forması əsasında müstəqil hazırlaşıb ümumi orta və ya tam orta təhsil üzrə buraxılış imtahanlarında iştirak etmək istəyən eksternlərin ərizələri hər ilin aprel ayı ərzində yaşadıqları rayonun (şəhərin) təhsil şöbəsində (idarəsində) qəbul olunur və qeydiyyata alınır.
6. Ərizəsi qeydiyyata alınmış eksternin adı təhsil şöbəsinin (idarəsinin) müəyyən etdiyi məktəbin imtahanlara buraxılan şagirdlərinin siyahısına daxil olunur.
7. Eksternlər mərkəzləşmiş qaydada keçirilən ümumi orta və ya tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarından əvvəl yaşadıqları rayonun (şəhərin) təhsil şöbəsi (idarəsi) tərəfindən təşkil olunan aralıq imtahanlarında iştirak edir və rəsmxət, əmək hazırlığı ("Texnologiya"), təsviri incəsənət, fiziki tərbiyə, musiqi və nəğmə, gənclərin çağırışaqədərki hazırlığı fənləri istisna edilməklə tədris planındakı imtahan aparılmayan digər fənlərdən buraxılış imtahanı verirlər.
8. Aralıq imtahanlarını aparmaq üçün  rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirinin əmri ilə hər fənn üzrə sədr və üç  nəfər müəllimdən ibarət komissiya yaradılır.
9. Aralıq imtahanları hər il mayın 10-dan 20-dək yerli təhsil orqanının əmri ilə müəyyən edilmiş məktəbdə əvvəlcədən hazırlanıb təsdiq edilmiş  imtahan sualları  əsasında müvafiq komissiya tərəfindən  keçirilir.
10. İmtahanların nəticələri protokollaşdırılır, fənn komissiyalarının sədrləri tərəfindən imzalanır və təhsil şöbəsinin (idarəsinin) müdirinin imzası və möhürü ilə təsdiq olunur.
11. Aralıq imtahanlarında müsbət qiymət alan eksternlərin adlı siyahısı (soyadı, adı, atasının adı) aşağıdakı sənədlərlə birlikdə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) göndəriş məktubu ilə mayın 25-dək Təhsil Nazirliyinə təqdim edilir:
11.1. Hər bir eksternin imtahan verdiyi fənlər üzrə aldığı  qiymətlərin cədvəli.
11.2. Eksternin 3x4 sm ölçüdə  2 ədəd rəngli fotoşəkli.
11.3. Eksternin doğum haqqında şəhadətnaməsinin (şəxsiyyət vəsiqəsinin), ümumi orta təhsil haqqında şəhadətnaməsinin notarius tərəfindən təsdiq olunmuş kserosurəti.
12. Aralıq imtahanlarından müvəffəqiyyətlə keçmiş eksternlər Təhsil Nazirliyinin müəyyən etdiyi imtahan mərkəzlərində mövcud qaydalar əsasında buraxılış imtahanı verirlər.
13. Buraxılış imtahanlarından müsbət qiymət alan eksternlərə ümumi orta və ya tam orta təhsil haqqında sənəd siyahısına daxil edildiyi məktəb tərəfindən verilir.
14. Bu "Qaydalar"ın 7-ci bəndində göstərilən fənlərdən imtahan verilmədiyi üçün ümumi orta təhsil haqqında şəhadətnamədə və ya tam orta təhsil haqqında attestatda müvafiq olaraq həmin fənlərin qarşısında xətt çəkilir.

15. Ümumi orta və ya tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarını eksternat qaydasında vermiş məzunların təhsil sənədində "bitirmişdir" sözündən əvvəl "eksternat qaydasında" sözləri əlavə olunur.
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar