DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

17 Şubat 2016 Çarşamba

Fəal təlimdə iş vərəqlərinin hazırlanması



Salam hörmətli həmkarlarım! Bu gün sizə, fəal təlimdə iş vərəqlərinin hazırlanması qaydasından yazacam. 


İş vərəqləri nəyə uyğun tərtib edilməli?

Əvvəlcə qeyd edim ki, iş vərəqlərindən dərsin ikinci və ən vacib mərhələlərindən biri olan, tədqiqatın aparılması mərhələsində istifadə edilir. Xüsusən də, əgər müəllim dərsi qruplarla təşkil edibsə, problemi həll etmək üçün müxtəlif tapşırıqlar tərtib edir. Bu tapşırlıqları iş vərəqlərində hazırlayır.
Tapşırıqların növləri və hazırlanması haqqında əvvəlki paylaşımlarımda ətraflı məlumat verdiyim üçün bu gün tapşırıqların yazılmasına qaydasına toxunmayacam.
Ancaq nəzərinizə çatdırım ki, tapşırıqların növlərinə (hafizə, məntiqi, tənqidi, yaradıcı) uyğun olaraq iş vərəqləri hazırlanır. Məhz müvafiq olaraq, iş vərəqləri də tapşırığın növlərinə uyğun olaraq tərtib edilir.
Müəllim iş vərəqini hazırlamazdan əvvəl, standartlara, dərsin məqsədlərinə, mövzuya  uyğun tapşırıqlarını hazırlayır. Ancaq tapşırıqların daha aydın, daha maraqlı, daha səliqəli, daha anlaşıqlı olması üçün onu müəyyən bir vasitə ilə şagirdlərə təqdim edir. 

Bəs iş vərəqlərinin əhəmiyyəti nədir?

Müəllim tərəfindən iş vərəqlərinin əvvəlcədən hazırlanaraq, tapşırıqların iş vərəqində təqdim edilməsi şagirdlərə stimul verir. Onlar problemin həllini daha "canla-başla" həyata keçirirlər.
İş vərəqinin rəngarəng, səliqə, anlaşıqlı olması dərsin vaxtına qənaət edir, şagirdlər müəllimə tapşırıq ilə bağlı əlavə suallar ünvanlamırlar. Belə ki, müəllim iş vərəqində tapşırığı bəzən elə formada verir ki, şagird tapşırığı başa düşmür. Tədqiqat bitənə qədər tapşırığı başa düşmədiyini nümayiş etdirən sualalr verir. Bu isə həm digər qrup üzvlərinə mane olur, həm də dərsin gedişinə, vaxtdan düzgün istifadəyə mane olan amildir.

Bəs iş vərəqini necə tərtib etməli?

Özümüz iş vərəqinə tərif versək------İş vərəqi tədqiqatın aparılması mərhələsində tapşırıqların, problemin şagirdlərə ünvanlaması vasitəsidir

İş vərəqinin hazırlanması zamanı nələri nəzərə almalıyıq?

1. Tapşırığın həcmini- Müəllim tapşırığın həcmini nəzərə almır. Belə ki, ya iş vərəqində bir və ya bir neçə tapşırıq verir. Və ya olduqca böyük həcmli tapşırıq verir ki, bu isə dərsin tədqiqat mərhələsində həll olunub bitiriləcək bir problem olmur. 
Bəzən əksin də olur. Müəllim tədqiqat üçün qoyduğu vaxta əhəmiyyət vermədən çox sadə tapşırıq da verə bilir. Hətta bəzən, iş vərəqinin birində çox bəsit, həcmi az, digər iş vərəqində isə olduqca çətin və ya həcmi çox tapşırıq verir. 
Qeyd: Müəllim iş vərəqlərində tapşırıqları yazarkən, nəzərə almalıdır ki, bütün qruplar üçün olan tapşırıqlar eyni səviyyədə olmalıdır. Ya hamısı asan, ya da hamısı çətin. Qrupun birinə sadə iş vərəqi (tapşırıq), digərinə isə çətin iş vərəqi (tapşırıq) vermək olmaz. 
Bu isə qruplar arasında qeyri obyektivliyə və hətta sinifdə "qarşıdurmaya" səbəb ola bilir. 

2. Sualların miqdarını- Yuxarıda da qeyd etdiyim kimi, bəzən müəllim tədqiqat mərhələsi üçün 10 dəqiqə vaxt verir. Ancaq, iş vərəqinin birində 1-sual verir, digərində isə 2 sual verir. Və ya neçə iş vərəqi hazırlayıbsa, hamısında sual sayını çox edir. Bunun  isə qoyulan vaxt ərzində həlli mümkün olmur. Bir sözlə müəllim iş vərəqini tərtib edərkən sualların miqdarına diqqət etməlidir. Nəzərə alınmalıdır ki, şagirdlər 10 dəqiqəyə 1 problemi araşdırıb həll edə bilərlər.( Tətbiq edən zaman şahidi olacaqsınız) Bəlkə sizdə sual yarana bilər ki, suallar asandırsa 10 dəqiqəyə 5-6 sual da cavablandırmaq olar. Nəzərə alaq ki, tədqiqat mərhələsində şagirdlərə ünvanlanan suallar konkret cavabı olan yox, təfəkkürü inkişaf etdirmək üçün, idrak fəallığını artırmaq üçün tərtib edilən tapşırıqlar olur. Ətraflı məlumat üçün bloqumda bu sılkadan http://metodiktovsiyye.blogspot.com/2016/02/tapsrqlarn-hazrlanmas-qaydas-v-hmiyyti.html
istifadə edə bilərsiniz. Bu tip tapşırıqları isə 10 dəqiqəyə bir neçəsini həll etmək mümkün olmur.

3.Sualların növlərini- İş vərəqləri tərtib edilərkən, tapşırıqların növləri nəzərə alınaraq tərtib edilməlidir. Hafizə iş vərəqi, Məntiqi iş vərəqi, Tənqidi iş vərəqi, Yaradıcı iş vərəqi
Bu tip iş vərəqlərinə aid nümunələrlə tanış olaq.
Öz dərs nümunələrimdən bir  neçə tapşırıq nümunələrini sizə təqdim edirəm. 
Hafizə tapşırığı olan iş vərəqi:
Bu iş vərəqində şagirdlər xəritədə mağaraların ərazi adlarını qeyd edəcəklər və mağaralı müvafiq ərazilərə çəkib yerləşdirəcəklər. Şagird əzbərdən mağara ərazilərini bilməsə onları yerləşdirə və adlarını yaza bilməyəcək.

Məntiqi tapşırıq olan iş vərəqi nümunəsi ilə tanış olaq.
Burda isə şagirdlər  qəbilə və sürüyə məxsus cəhətləri  izah etməklə yazacaq və onların oxşar və fərqli cəhətlərini müvafiq yerlərdə qeyd edəcəklər.
Tənqidi tapşırıq olan iş vərəqi ilə tanış olaq
Tənqidi tapşırıq vərəqində imkan yaradılır ki şagirdlər öz münasibətlərini bildirsinlər. Bu tapşırıqda da şagirdlərə bu imkan yaradılıb. Şagirdlər yaşayış məskənlərində birgə yaşamanın müsbət və mənfi cəhətlərini qeyd edəcəklər.
Yaradıcı tapşırıq nümunəsi olan yaradıcı iş vərəqi nümunəsi ilə tanış olaq.
Bu iş vərəqində isə şagirdlər insan məskənləri haqqında öz fikirlərini yazacaqlar. Tapşırıq nümunəsinə baxaq.
Beləliklə, tapşırıq növləri ilə də tanış olduq. 
4.Tərtib etmə qaydalarını: Nəzərə almalıyıq ki, iş vərəqinə tapşırıqlara uyğun dizayn verilməlidir. Bəzən müəllim tapşırıqları verərkən mövzuya dəxli olmayan şəkil və ya illüstrasiyalardan istifadə edir. Bu şagirdlərin əksinə diqqətini yayındıra bilər. Daha sonra müəllim diqqət etməlidir ki, tapşırığı yazarkən tapşırığıa uyğun seçmiş olduğu iş üsulunu vərəqdə tətbiq etmiş olsun.
Nümunə üçün deyim ki, bəzən müəllim belə bir tapşırıq yazır. Venn diaqramında Şah İsmayıl Xətayi ilə Nadir şahı müqayisə edin. Bu düzgün deyil. Bəlkə də şagird venn diaqramının nə olduğunu bilmir. Sizə sual verə bilər. Müəllim o diaqram hanı? Venn diaqramı nədir? Bu isə dərsə mane olan amildir. Bunun üçün müəllim tapşırığı hazır şəkildə diaqramda göstərməli və şagirdin işləməsi üçün yeri də ayırmalıdır. Və ya esse üsulunu tətbiq edibsə, şagirdə esseni işləməsi, yazması üçün yer ayırmalıdır.
Əks halda şagird Müəllim hara yazım? Necə yazım? kimi suallar verə bilər.
Gəlin esse üsulunun tətbiq edildiyi iş vərəqi nümunəsi ilə tanış olaq.
Bu tapşırıqda, şagirdlərin esseni yaza bilmələri üçün müəyyən sahə ayrılıb. Bu olduqca vacib amildir.

İş vərəqinə verilən tələblər
1. Cəlbedici məzmun və tərtibat olmalıdır.- Qısaca qeyd edim ki, məzmunu (yəni problem) və tərtibatı maraqlı və mövzuya xidmət edən olmalıdır. İş vərəqində tapşırığın əhəmiyyəti qədər tərtibatın, dizaynın da əhəmiyyəti var.
2.Məqsəd və sual aydın və konkret olmalıdır.- Belə ki, şagird tapşırığı oxuyan kimi başa düşməli, nə edəcəyini anlamalı, onun beynində necə edim? sualı yaranmamalıdır. Konkret və anlaşıqlı olmalıdır
3. Uşaqların səviyyəsinə uyğun olmalı- Bəzən qoyulan tapşırıqlar sinif səviyyəsinə uyğun olmur. Bu necə baş verə bilər?
Deməli bəzən müəllimlər eyni metodik vəsaitdən istifadə etdiyi üçün, zəif  ən güclü sinfinə eyni tapşırıqları tətbiq edir. İlk əvvəl fürsətdən istifadə edib sizi əziz həmkarlarımı metodik vəsait kimi şablonlardan uzaqlaşmağa və yaradıcılığınızdan istifadəyə səsləyirəm. 
Deməli, müəllim  iki qoşa 5-ci sinifdə tarix fənnini tədris edir. Hər ikisinə də eyni motivasiya eyni tədqiqat sualı və eyni tapşırıq nümunələrini verir. Hansı ki, sinfin biri olduqca zəif, digəri isə olduqca istedadlı sinifdir. Müəllim tapşırıqları siniflərin, şagirdlərin bilik və bacarıq səviyyəsini nəzərə alaraq tərtib etməlidir.
4. Dərsin məqsədinə uyğun olmalıdır.- Ən ciddi məsələlərdən biri də budur ki, dərsin məqsədi başqa olur, tapşırıqlar başqa. Tapşırıqlar dərsin məqsədinə xidmət etmir. Eləcə də tədqiqat sualına xidmət etmir. Bu sistem bir birini tamamlamadıqda ciddi problem yaranır və dərsdə müəllim qarşıya qoymuş olduğu məqsədə çatmır. Sadəcə "dərs keçir" Məqsədləri, standartların fəaliyyət xətlərini diqqətə almalı və fəaliyyət xətlərinə uyğun iş üsulu seçilməli iş vərəqində tətbiq edilməlidir.
İş vərəqlərinin hazırlanması üçün məsləhətlər
Dərsin məqsədini dəqiqləşdirmək
Dərsin mövzusuna , məzmununa aid olmalı, müəyyən bilik, bacarıq, vərdişlər formalaşdırmalıdır. (məsələn, təfəkkür, yaradıcılıq bacarığı, müstəqil iş qabiliyyəti, elmi-araşdrıma qabiliyyətləri, qavrayış, izah etmə bacarıqları və s)
Müxtəlif növlü tapşırıqlar seçilməli

Tapşırıqlar isə öz növbəsində:

  • Dərsin məqsədinə uyğun və qoyulan tədqiqat probleminin həllinə yönəlmiş olmalı (təfəkkürün növünə, məlumat mərhələlərinə, nəticələri təqdim etmə formasına və s)
  • Şagirdlərin  yaşına, bilik və intelektual səviyyəsinə, qabiliyyətlərinə və maraqlarına uyğun olmalı və differensial xarakter daşımalı
  • Dövlət proqramına və milli dəyərlərə əsaslanmalı
  • Aktual, real həyatla və şagirdlərin təcrübələri ilə bağlı olmalı
  • Keşfetmə həvəsini artıran, maraqlı, cəlbedici olmalı
  • Müxtəlif məlumat mənbələrindən istifadə etməli
  • Nəticələrin təqdim etmə formaları müxtəlif olmalı (sxemlər, şəkillər, tədqiqatlar, layihələr, referatlar, krassvordlar, nağıllar və s)
  • Tapşırıqlar dəqiq ifadə edilməli
  • İş vərəqinin tərtibatı səliqəli, məhdud, yaraşıqlı, estetik, əyani, orada formal məlumatlar (məsələn, tarix, sinif, şagirdlərin adı və s) qeyd olunmalıdır.
Bəzən  cəlbedicilik deyəndə iş vərəqini "gül-çicəklə" bəzənməsi nəzərdə tutulur. Əslində isə cəlbedicilik də mövzuya xidmət etməlidir. 
İş vərəqində qrupun adı və ya şagirdin adı soyadı qeyd edilir. Hər hansı mövzuya xidmət edən illüstrasiya, şagirdin işləməsi üçün olan sahə ayrılmalı, eyni zamanda tapşırıq açıq aydın və konkret qeyd edilməlidir.

Qeyd: İş vərəqinin tərtibi və hazırlanması ilə əlaqədar əlavə suallarınız yaranarsa, bloqun yorum bölməsində qeyd edə bilərsiniz. Ancaq məqalə ilə bağlı suallarınıza cavab veriləcəkdir.
Tepkiler:

4 yorum:

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar