DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

10 Ocak 2016 Pazar

Dərs : Yüzillik müharibə. Janna d"Ark.

Dərs : Yüzillik müharibə.  Janna dArk.
                        ( tarixi mənbələr üzrə və fəal təlim üsulu olan rollu oyun )

Müəllif : Nizami Heydər oğlu Heydərov, Xətai rayonu 245 saylı orta məktəbin müəllimi, 2009-cu il İlin müəllimi müsabiqəsinin qalibi.




Ünvan :  VIII-ci sinif
Səviyyə : dərinləşdirilmiş

Tədris kursunda yeri : Şagirdlər  Y. Mahmudlu, Ə. Qocayev və s. müəlliflər qrupu " Orta əsrlər tarixi " dərsliyində 25-ci paraqrafında olan materialdan xəbərdardılar.
Dərsin məqsədi :
                                                         I öyrədici
1.      Yüzillik müharibədə həlledici dönüşün yaranması şəraitini şagirdlərə əyani surətdə göstərmək.
2.      Janna dArkın orduya gəlməsindən sonra milli azadlıq hərəkatının genişlənməsi səbəblərini aşkara çıxarmaq. 
3.      Fransada milli azadlıq hərəkatı dövründə katolik kilsəsinin oynadığı rolu, kilsə xadimlərinin iç üzünü şagirdlərə nümayiş etdirmək.
4.      Bəhs edilən tarixi dövrün dərk edilməsi, tarixi şəxslərin roluna daxil olaraq, onların bu və ya digər hərəkətlərinin səbəblərini öyrətmək.
                                             II İnkişaf etdirici
1.      Şagirdlərə tanış olan şəraitin, tarixi dövrün canlandırılması.
2.      Şagirdlərdə aktyorluq bacarığının, ifadəli nitqin inkişaf etdirilməsi
3.      Kiçik qruplarda işləmə bacarığının formalaşdırılması
Dərsin tipi : interaktiv təlim üsulu olan rollu oyunun tətbiqi.
Dərs üçün ədəbiyyat : 
1.V.F.Semyonov " Orta əsrlər tarixi ". Moskva 1965
2. A.D. Udaltsov, E. A. Komenski "Orta əsrlər tarixi” Moskva 1952
3. E.A.Kosminski, S.D. Skazkin "Orta əsrlər tarixi” Moskva 1963
4 " Orta əsrlər üzrə xrestomatiya” Moskva 1963
5.A.Levandovski "Janna dArk” Bakı 1988
6.Y.Mahmudlu, Ə. Qocayev və s.”Orta əsrlər tarixi” VIII sinif.
Əsas istilahlar : " Baş ştatlar”,” Yüzillik müharibə ", " partizan müharibəsi ", " xalq azadlıq müharibəsi ", " arbalet "
Dərsin təchizatı : səhnəciyin ssenarisi, şagirdlər tərəfindən hazırlanmış kostyumlar, butaforlar, masa, oturacaqlar.
Dərsin hazırlığı : Rollu oyun şagirdlər tərəfindən oynanılan, əsasən impovizə olunmuş kiçik səhnəcik və ya pyesdir. Ona görə müəllim şagirdlərlə birlikdə rollu oyunun əks etdirdiyi problemi təyin edir. Müəllim qabaqcaqan mövzunun ssenarisini hazırlayır (və ya özü bacarmırsa başqasına hazırlatdırır ), onun nüsxələrini çoxaldır, şagirdlərə paylayır. Müəllim eyni zamanda mövzuya aid olan ədəbiyyatın siyahısını şagirdlərə təqdim edir. O, səhnəcikdə iştirak edən və seyrçi olacaq şagirdləri müəyyənləşdirir. Şagirdlərə rollu oyunun səhnəcik formasından istifadə ediləcəyini söyləyir. Rollar şagirdlər arasında paylanılır və onlar səhnəciyə hazırlaşırlar. Çalışmaq lazımdır ki, utancaq şagirdlər səhnəciyə daha cox cəlb olunsunlar. Yaxşı olardı ki, dərsə qədər şagirdlər öz rollarını əlavə vaxtda məşq etsinlər.
Rollu oyun, drama "süni” yolla şəraitə daxil olmaqdır. Onun vəzifəsi rolların iştirakçıları tarixi reallığı təqlid etmə və " elə bil həqiqi olaraq " hərəkət etmək imkanının verilməsidir. Rollu oyun zamanı hər bir iştirakçı öz rolunun əsas ideyasını və ümumiyyətlə rollu oyunun məqsədini bilməlidir. Rollu oyunun məqsədi konkret tarixi şəraitə və ya həyat şəraitinə münasibətin müəyyənləşməsi, oyun vasitəsilə öyrənməkdir. Rollu oyundan həm də şagirdlərdə konkret bacarığın əldə edilməsi məqsədilə istifadə oluna bilər.
                                                II Dərsin gedişi ( səhnəciyin ssenarisi )
Aparıcı : Fransa, 1431-ci il fevralın 21-i, Ruan şəhərinin Buğrey kilsəsi. Artıq yüzillik müharibənin gedişində dönüş yaranmışdır. Orleanın mühasirəsi aradan qaldırılmış, hərbi əməliyyatlar Paris ətrafında gedirdi. İngilislər sanki, müharibəni uduzduqlarını hiss etmişdilər. İndi burda, kilsədə ingilislərin ən çox qorxduğu, fransız xalqını yadelli işğalçılara qarşı qaldıra bilmiş, onlarda ingilislər üzərində qələbəyə inam yarada bilmiş Fransanın şanlı qızı Janna dArk üzərində məhkəmə qurulmuşdu. Onu cadugərlikdə taqsırlandırırdılar. Məhkəmənin sədri Bove yepiskopu Pyer Koşon, hakim inkivizitor Jak Lemetr, ittihamçı keşiş Jak Estive, müstəntiq Ruan keşişi Jak de Lafonten, məhkəmənin üzvləri ilahiyyatçı professorlar Jan Boper, Nikola Midi və Tomade Kursel və s. idi. Maraqlı idi ki, məhkəmə zalında oturan 300 nəfərdən 290 nəfəri fransız idi.
Pyer Koşon (məhkəmənin sədri ) :
-          Əlini müqəddəs kitabın üzərinə qoy və and iç ki, səndən soruşulanlara düzgün cavab verəcəksən.
Janna :
-          Mən hələ bilmirəm Siz məndən nə soruşacaqsınız. Ola bilər ki, elə şey soruşasınız ki, mən ona cavab verməyim. ( zalda səs– küy qopur )
Jak Lemetr ( hakim ) :
-          Sən din, inam haqqında verilən suallara düzgün cavab verməyə and içirsən.
Janna :
-          Mən dinə, müqəddəslərə inanıram. Mənə gələn vəhylər, səslər haqqında şəhzadə Karldan başqa heç kəsə söz deməmişəm və indinin özündə başımı kəssələr belə heç kəsə demərəm. ( yenə zalda səs-küy qopur )
Pyer Koşon ( məhkəmənin sədri ) :
-          İncimə, onda sən ancaq dinə aid suallara cavab verməyə and iç.
Janna ( əlini kitab üzərinə qoyaraq ) :
-          And içirəm.
Pyer Koşon :
-          Adın və ləqəbin nədir ?
Janna :
-          Vətənimdə mənə Janetta deyirlər. Fransaya gəldikdən sonra Janna çağırmağa başladılar. Ləqəbim haqqında heç nə bilmirəm.
Pyer Koşon :
-          Harada anadan olmusan ?
Janna :
-          Şampan əyaləti ilə Lotaringiya sərhəddində yerləşən Vokuler dairəsinin Domremi kəndində. Atamın adı Jak dArk, anamın adı İzabelladır.
Jak Lemetr ( Hakim ) :
-          Neçə yaşın var ?
Janna : 19
Aparıcı :
-          Kilsə qanunlarına görə əgər müqəssirin yaşı 25-dən az olsaydı ona alimlər arasından müdafiəçi verilməliydi. Müdafiəçi – qəyyum məhkəmədə onu müdafiə etməliydi. Maddələrin birində deyilirdi, göstərilən qaydaya riayət edilməməsi məhkəməni qeyri-qanuni edir və mühakimə ləğv olunurdu. Nə üçünsə ilahiyyat alimləri bunu " unutdular” və bu qaydanı onların yadına salan olmadı.
Keşiş Jak Estive ( İttihamçı ) :
-          Sən iki dəfə həbsdən qaçmaq istəmisən , bir də buna cəhd etsən biz səni kilsədən kənar edəcəyik, bidətçi elan edəcəyik.
Janna :
-          Əgər macal tapıb gizlənə bilsəydim heç kəs məni məzəmmət edə bilməzdi ki, vədimi pozmuşam. Çünki heç kəsə söz verməmişəm. İndi isə xahiş edirem qandallarımı açın, çox ağırdır.
Pyer Koşon :
-          Yenə qaça bilərsən.
Janna :
-          Mən qaçmaq istədiyimi inkar etmirəm. Hər bir dustaq bu arzuyla yaşayır. ( Yenə zalda etiraz səsləri ucalır ).
Jak Boper ( məhkəmənin üzvü ) :
-          Evdən gedəndə neçə yaşın vardı ?
Janna :
-          Bilmirəm.
Jak Boper :
-          Məgər ata – anadan icazəsiz evdən getmək böyük günah deyilmi ?
Janna :
-          Borc məni bu yola çağırdı. Yüz atam – anam olsaydı, yenə də çıxıb gedərdim.
Mikolo Midi (məhkəmənin üzvü ) :
-          De görüm Milad günü Parisə hücum etmək yaxşı hal idimi ?
Janna :
-          Bu bayramı hər kəs öz vicdanında əziz saxlasa daha yaxşı olar. Keçin növbəti suala.
Bir neçə hakim :
-          De görək..., de görüm..., necə oldu...(Deyə - Hakimlər bir-birinin sözünü kəsir)
Yanna :
-          Möhtərəm ağalar ! Zəhmət olmasa hamınız birdən danışmayın. Çünki, sizə cavab verə bilmərəm.
Tomade Kursel ( məhkəmənin üzvü, ilahiyyatçı professor ) :
-          Domremi sakinləri burqundiyalıların tərəfində idimi ?
Janna :
-          Xeyr ! Mən bir burqundiyalı xeyirxah Filippi  tanıyıram ki, onun da başının Allahın iradəsi ilə vurulmasını istəyirəm.
Tomade Kursel :
-          Daxili  səslərin sənə dedi ki, burqundiyalılara nifrət et.
Janna :
-          Xeyr, daxildən gələn səslərin Fransa kralı tərəfində olduğunu hiss etdikdə mənim burqundiyalılardan xoşum gəlmədi.
Tomade Kursel :
-          Gənc yaşlarındanmı daxili səslər ingilislərin Fransaya gələcəkləri haqqında sənə xəbər verdi ?
Janna :
-          Xeyr, o səsləri eşidəndə ingilislər artıq Fransada idi.
Tomade Kursel :
-          Niyə gənc yaşlarından burqundiyalıları təqib etmək fikrinə gəlmisən ?
Janna :
-          Buna səbəb mənim ən böyük arzum olan Fransa kralının öz krallığına yiyələnməsidir.
Pyer Koşon ( Məhkəmənin sədri ) :
-          Sən ingilis kralına məktub yazmısan ?
Janna :
-          Bəli, yazmışam.
Pyer Koşon :
-          Məqsədin nə idi ?
Janna :
-          İstəmirdim qan tökülə. İstəyirdim ki, sakitçə çıxıb getsinlər evlərinə. Mən onları xəbərdar etdim ki, onsuz da Fransadan qovulacaqlar.
Nikolo Midi ( Məhkəmənin üzvü, ilahiyyatçı professor ) :
-          Allah ingilislərə nifrət edirmi ?
Janna :
-          Allahın onları sevməsi, yaxud onlara nifrət etməsi barədə heç nə məlum deyil. Amma mən əminəm ki, burda ölənlərdən başqa bütün ingilislər Fransadan qovulacaqlar.
Keşiş Jak Estive ( İttihamçı ) :
-          Sən daha çox nəyə hörmət edirsən, bayrağına, yoxsa qılıncına ?
Janna :
-          Əlbəttə ki, bayrağıma. Düşmənlərin üzərinə hücum edəndə bayrağı özüm götürürdüm ki, heç kəsi öldürməyim və mən bir dəfə də olsun adam öldürməmişəm.
Pyer Koşon :
-          Orlean qalasına hücum edəndə qələbə çalacağına əmin idinmi ?
Janna :
-          Daxildən gələn səsə olan inamıma görə bilirdim ki, Orleanın mühasirəsi aradan qalxacaqdır. Və bunu Orleana getməmişdən əvvəl kralıma demişdim.
Keşiş Jan de Lafonten :
-          Jarjo qalasının komendantı sənə müqavilə təklif edəndə  niyə onu qəbul etmədin ?
Janna :
-          Yanımda olan ağalar ingilislərin bu sazişini rədd etdilər və tələb etdilər ki, atlarına minib tezliklə buranı tərk etsinlər. Öz tərəfimdən isə dedim ki, Jarjoda olan döyüşçülər əgər istəyirlərsə plaş və kaftanlarını geyib getinlər, onların həyatı qorunacaqdır, əks halda qala hücumla alınacaqdır.
Jan de Lafonten :
-          Sən əminsən ki, ingilislər Fransadan gedəcəklər ?
Janna :
-          Heç yeddi il keçməyəcək ki, Orlean altındakı itki kimi Fransada böyük itki verəcəklər və onlar bütün Fransanı itirəcəklər.
Jan de Lafonten :
-          Sən bunu hardan bilirsən ?
Janna :
-          Mən bunu uzaq görənliyim sayəsində yaxşı bilirəm ki, yeddi ildən sonra bu baş verəcək. Əgər bu geciksə mən çox təəcüblənərdim.
Aparıcı :
-          Artıq, 1436-cı il aprelin 13-də ingilislərə qalib gəlmiş fransız orduları Parisə daxil oldular.
Jak Boper :
-          Janna sən özünü firavanlıq içində sanırsanmı ?
Aparıcı :
-          Bu sualla ilahiyyatçı qızı tələyə salmaq istəyirdi. Əgər "hə” desəydi bu xristian üçün nalayiq hərəkət olan lovğalıq idi. Əgər "yox” desəydi, təsdiqləyərdi ki, Allahın elçisi deyil, səfildir.
Janna :
-          Əgər mən firavanlıqdan kənaramsa Allaha dua edirəm ki, onu mənə göndərsin, firavanamsa, Allah məni belə saxlasın ( zaldan təəcüb dolu səslər gəlir ).
Jak Boper :
-          ( Jannanın əynindəki kişi paltarına işarə edərək ) Qadın paltarına münasibətin necədir ? ( onu da deyək ki, həbs etdikləri birinci gündən onun əlindən qadın paltarları alınmışdı ).
Janna :
-          Onu verin mənə götürüm və gedim, başqa cür  onu götürməyəcəyəm. İndiki paltarımda da özümü rahat hiss edirəm. Allah belə istəyir ki, mən bu paltarı geyim.
Pyer Koşon :
-          Əsgərləri döyüşə ruhlandırmaq üçün hansı cadugərlik üsullarından istifadə etmisən ?
Janna :
-          Mən onlara "irəli” demişəm və birinci özüm qabağa düşmüşəm.
Jak Lemetr ( hakim – inkivizitor ) :
-          Niyə kasıblar yanına gəlib müqəddəs adam kimi sənə ehtiram bəsləmişlər ?
Janna :
-          Kasıblar ona görə xətrimi istəyirdilər ki, onlar ilə mehriban idim və əlimdən gələn köməyi edirdim.
Keşiş Jak Estive ( İttihamçı ) :
-          Nə üçün Reymsdə tacqoyma mərasimi vaxtı başqa sərkərdələlərin bayraqlarından çox sənin bayrağına üstünlük verirdilər ?
Janna :
-          Bu bayraq zəhmət və hünər bayrağı olduğuna görə şərəf də onundur.
Zalda oturan ingilis ( heyrətlə ) :
-          Vallah o xeyirxah qadındır ! Heyif ingilis deyil.
Tomade Kursel :
-          Sən bilirsənmi ki, tərəfdarların sənin şərəfinə dini ayinlər icra edir, dua edirlər. Sən özün bunu onlara əmr etmisənmi ?
Janna :
-          Mənim xəbərim yoxdur, mən heç kəsə bu haqda əmr verməmişəm. Əgər onlar dini ayinlər icra edirlərsə, burda qəbahətli bir şey yoxdur.
Tomade Kursel :
-          Əgər tərəfdarların səni Allah tərəfindən göndərildiyinə inanırlarsa, onlar həqiqi dinin tərəfdarlarıdırmı ?
Janna :
-          Əgər onlar inanırlarsa ki, mən Allah tərəfindən göndərilmişəm, onda səhv etməyiblər.
Tomade Kursel :
-          Onlar sənin əl-ayağını, paltarını öpəndə sən onların bu əhval-ruhiyyəsini bilirdinmi ?
Janna :
-          Çoxları mənim yanıma gəlirdi. İmkan verməməyimə baxmayaraq əlimi-ayağımı, paltarımı öpürdülər. Mən bunu onlara qadağan edə bilməzdim.
Aparıcı :
-          İki aydan yuxarı idi ki, istintaq davam edirdi. Mühakimə edənlər dəyişilir, lakin bu ilahiyyat alimləri, təcrübəli hakimlər 19  yaşlı kəndli qızının məntiqli cavabları qarşısında aciz qalmışdılar. Hələ də cadugər olduğunu sübut edə biləcək cavabları ondan ala bilməmişdilər. Ağalarının, ingilislərin səbr kasası daşırdı.
Pyer Koşon :
-          Janna, sən bilirsənmi ki, yuxarıdan gələn vəhylə xilas ola bilərsən.
Janna ( ürəyinə nəsə danmış kimi ) :
-          Bunun mühakiməyə dəxli yoxdur. Doğrudanmı siz elə fikirləşirsiz ki, öz əleyhimə danışacağam ?
Pyer Koşon :
-          Sən bu suala cavab verməlisən.
Janna :
-          Mən hər işdə Allah təalaya bel bağlayıram. O özü necə istəsə, eləcə də həll edər.
Pyer Koşon :
-          Deməli eşitdiyin səslər bu barədə sənə heç nə deməyib ?
Janna :
-          Onlar mənə gümrah və cəsarətli olmağımı deyiblər. Onlar mənə deyiblər ki, böyük qələbə ilə azad olacağam. Əzablarıma görə onlar mənə böyük mükafat vəd ediblər.
Aparıcı :
-          Əvvəldən axıra qədər saxtakarlıqla dolu olan bu məhkəmənin qərarı əvvəlcədən məlum idi. Hökmü oxumaq Nikolo Midiyə tapşırılmışdı.
Nikolo Midi :
-          Janna dArk, həm kral həzrətləri, həm Allah, həm də katolik məzhəbinə qarşı günah işlənilmişdi. O, həm ifritə,   həm kafir, həm təfriqəçi, həm də adam tovlayandır. Bu qız bütün ilahi və bəşəri qanunları pozmuş, öz ölkəsini və krallığını dəhşətli zərbə altına qoymuşdur. Ona görə kilsə məhkəməsi qərara gəlir : Biz səni, Janna , kilsənin ziyanlı üzvü elan edirik ! Və ona görə də kilsədən uzaqlaşdırırıq. Biz səni dünyəvi hökumət orqanlarının ixtiyarına verir, amma onlardan xahiş edirik ki, öz hökmlərini yumşaldıb səni şikəst olmaqdan xilas etsinlər.
Aparıcı :
-          1431-ci il mayın 31-də Ruan şəhərinin köhnə bazar meydanında eşafot qurulmuşdu. Kilsə qan tökmürdü. O, həmişə öz qurbanları ilə " humanistcəsinə " hərəkət edərək, onları tonqalda yandırırdı. Eşafotun ortasında dirək var idi. Üstündəki lövhədə yazılmışdı : " Janna adlı bu qız mürtəd, ifritə, məluncasına küfr danışan, qan içən, şeytanın nökəri, təfriqətçi və kafirdir  ". Eşafotda o sakit dayanmışdı. Bəli, o qalib gəlmişdi. Bu, yalanın, böhtanın, təkliyin və nəhayət ölümün üzərində qələbəydi. Qız eşafotda odun, tüstünün içərisində böyük əzabkeş, qüdrətli xalqına son salamını göndərdi. Az keçməmiş kilsə nə kimi " cinayət " işlədiyini başa düşdü və 25 il sonra  yeni qurulmuş məhkəmə 1456-cı il iyulun 7-də qəti hökm elan etdi. Bütün taqsırlar artıq mərhum Pyer Koşonun, Jak Estivenin üstünə atıldı. Janna bəraət qazandı. Hadisənin üstündən 5 əsr keçməsinə baxmayaraq, katolik kilsəsi yenə Janna dArkın onlar üzərində olan ideya təzyiqini hiss edirdi. Kilsə bundan özünəməxsus çıxış yolu  tapdı. Kilsə öz qurbanlığını övliyalar sırasına keçirdi. Bəli, 1920-ci ildə Janna rəsmi surətdə müqəddəslər icmasına daxil edildi. Bu onun tarix və kilsə üzərində növbəti qələbəsi idi.
                                               III Qiymətləndirmə
Dərs qurtardıqdan sonra, yəni səhnəcik oynanıldıqdan sonra müəllim şagirdlərlə səhnədə nə baş verdiyini müzakirə etməlidir. Müzakirə zamanı bu və ya digər hadisənin səbəbləri araşdırılmalı, hadisənin mahiyyəti şagirdlərə çatdırılmalıdır. Şagirdlər yaranmış yaranmış suallara özləri cavab tapmalıdırlar. Rollu oyun tarixi və ya müasir həyatı əks etdirdiyindən onlar həlli  sadə olmayan məsələləri müzakirə obyekti edə bilər. Məsələn, səhnəcikdə iştirakçının, yaxud onun səhnəcikdə rolunu ifa etdiyi qəhrəmanın düzgün və ya qeyri-düzgün davranışı haqqında öz fikri ola bilər. Ona görə müəllim hər bir sualın yalnız bir mümkün cavabı olması haqda şagirddə fikir yaratmamalıdır. Müəllim və şagirdlərin müxtəlif nöqteyi-nəzərlərinin mövcudluğu təbii hal kimi, normal qəbul edilməsi olduqca vacibdir. Müəllim mübahisəli məsələlərdə öz fikirlərini şagirdlərə zorla qəbul etdirməməlidir, zorakı həmrəyliyə nail olmağa çalışmamalıdır. Buna baxmayaraq müəllim həmrəyliyə gətirən fikirləri ümumiləşdirə, rəy müxtəlifliyi yaradan fikirləri isə müzakirə üçün "açıq” saxlaya bilər. Sonda müəllim müzakirəyə yekun vurmalı, şagirdlərin qiymətlərini elan edə bilər.
Qiymətlər şagirdlərin rollu oyunda iştirak səviyyəsinə, müzakirə zamanı fəallığına və təşkilatşılığına və s. görə verilə bilər. Burda müəllim müxtəlif qiymətləndirmə metodlarından istifadə edə bilər.


( Dərs bir neçə il əvvəl yazılmışdır. Bununla onun mahiyyəti itmir. Dərs öz əhəmiyyətini indi də saxlayır. Müasir müəllim indi də dərsin ssenarisindən istifadə edib dövrü canlandıra bilər. Dərin gedişində uşaqların bir sıra bacarıqları aşkara çıxa bilər. Elə məqsəd də budur. Dərs maraqlı və canlı keçsin. Dərsin ssenarisindən istifadə edən müəllin ondan həm dərs kimi, həm də kiçik səhnələşdirilmiş bir tamaşa-dərs kimi də keçə bilər. Bir sözlə dövrü canlandırmaq üçün dərsin ssenarisi ona geniş imkan yaradır. Hörmətlə Nizami müəllim Heydərov.)

 mənbə:tarix.info
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar