Ümumi təhsil sistemində dərslik siyasəti
Mənbə: http://portal.edu.az
Ümumi təhsil sistemində dərslik siyasəti*
Azərbaycan hökumətinin strateji fəaliyyət dairəsinə daxil olan təhsil sahəsində
prioritet istiqamətlərdən biridir.
Azərbaycan Respublikasında dərslik
siyasətini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
Dərslik siyasətinin məqsədi məktəbliləri
müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələndirmək, Vətəninə,
xalqına, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər
zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır
və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir.
Dərslik siyasəti bu işdə əsas icra orqanı
funksiyasını yerinə yetirən Təhsil Nazirliyinin, onun müvafiq strukturlarının,
elmi qurumların, özəl təşkilatların və ictimai orqanların vasitəsilə həyata
keçirilir.
Dərslik siyasəti həyata keçirilərkən
Azərbaycan Respublikası Konstitusiyası, Təhsil Qanunu, Azərbaycan
Respublikasının müvafiq qanunvericilik aktları və bu sənəd (“Ümumi təhsil
sistemində dərslik siyasəti”) əsas götürülür.
“Dərslik siyasəti” sənədi Nazirlər
Kabineti tərəfindən təsdiq olunur. “Dərslik siyasəti” sənədinə aid olan
“Dərslikləri Qiymətləndirmə Şurasının Əsasnaməsi”, “Dərsliklərin
qiymətləndirilməsi meyarları”, “Yeni dərsliklərin yaradılması qaydaları”,
“Dərsliklərin texniki və gigiyenik standartları” müvafiq olaraq Təhsil
Nazirliyi tərəfindən təsdiq olunur.
2. Dərslik siyasətinin əsas prinsipləri
2.1. Azərbaycan Respublikasının ümumtəhsil
məktəblərinin bütün şagirdləri “Ümumtəhsil məktəbləri üçün dərsliklərin nəşri, çapı
və paylanması qaydaları”na uyğun olaraq dərsliklərlə pulsuz təmin olunurlar.
2.2. Şəffaflıq və aşkarlıq
2.2.1. Dərsliklərin hazırlanmasında,
qiymətləndirilməsində, təsdiqində və nəşrində Azərbaycan Respublikasının dövlət
mənafeyi gözlənilməklə, alimlərin, mütəxəssislərin, müəlliflərin , müəllimlərin
və valideynlərin rəyi nəzərə alınır.
2.2.2. Dərsliyin əlyazması DQŞ**
tərəfindən qiymətləndirildikdən sonra nəticələr DQŞ saytına yerləşdirilir.
2.3. Antiinhisar və sağlam rəqabət
2.3.1. Müvafiq ixtisası və xüsusi
yaradıcılıq qabiliyyəti olan Azərbaycan vətəndaşları ayrı-ayrılıqda və ya qrup
şəklində istənilən dərsliyi tədris proqramı əsasında hazırlayıb, seçdiyi
nəşriyyatla birlikdə mövcud qaydalara uyğun olaraq DQŞ-yə təqdim edə bilərlər.
*Bundan sonra “Dərslik siyasəti”
**Dərslikləri Qiymətləndirmə Şurası
2.3.2. Mülkiyyət formasından asılı
olmayaraq hər bir nəşriyyat müəlliflərlə birlikdə istənilən dərsliyi
hazırlayıb, mövcud qaydalara uyğun olaraq DQŞ-yə təqdim edə bilər.
2.3.3. Ümumtəhsil məktəbləri dərsliklərinin
müəllifləri əsasən Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
2.3.4. Ümumtəhsil məktəblərində xarici
ölkələrin dərsliklərindən Təhsil Nazirliyinin icazəsi ilə istifadə oluna bilər.
2.4. Variativlik və seçim
2.4.1 Ümumtəhsil məktəblərinin dərslikləri,
əsasən, variativ şəkildə nəşr olunur.
2.4.2. Variativ dərsliklərdən istifadə
üçün seçim hüququ məktəb pedaqoji şuralarına, fənn müəllimlərinə və
valideyn-müəllim assosiasiyalarına məxsusdur.
2.4.3. Hər bir müəllifin və nəşriyyatın öz
dərsliyini məktəblərdə təbliğ etmək hüququ vardır.
3. Dərsliklərin məzmununa verilən əsas
tələblər
3.1. Dərsliklərdə:
- şagirdlərin Azərbaycan xalqının milli,
mənəvi və mədəni dəyərləri ruhunda tərbiyə olunmasına, onların öz ailəsini,
xalqını, Vətənini sevməsinə, insan haqlarına və bəşəri dəyərlərə hömrət
etməsinə yönələn ideyalar olmalıdır;
- şagirdlərin yaş psixologiyası və
fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır;
- dünyəvilik prinsipinə riayət
edilməlidir;
- elmin, texnikanın və mədəniyyətin müasir
nailiyyətləri haqqında yoxlanılması mümkün olan və səlahiyyətli mənbələrdən
götürülmüş məlumatlar öz əksini tapmalıdır;
- illüstrasiyalar yığcam və mövzulara
uyğun olmalıdır;
- Azərbaycan Respublikasının
Konstitusiyasına, qanunlarına, ölkənin qoşulduğu beynəlxalq hüquqi aktlara zidd
olan fikirlərə yer verilməməlidir;
- milli, dini, irqi, cinsi və siyasi
ayrıseçkilik təbliğ edən fikirlər, mübahisə doğuran məlumatlar olmamalıdır;
- elmi mübahisə doğuran məsələlərə yer
verilməməlidir.
3.2. Dərsliklər:
- Dövlət Təhsil Standarları əsasında
hazırlanmış kurrikulumlara uyğun olmalıdır;
- şagirdlərə müstəqil tədqiqatçılıq və
yaradıcılıq vərdişləri aşılanmalı, onları düşünməyə sövq etməli, məntiqi
təfəkkürü inkişaf etdirməlidir;
- tətbiqi xarakter daşımalı, interqrativ
xüsusiyyətə malik olmalıdır;
- şagirdlərdə demokratik dünyagörüşü
formalaşdırmalıdır.
4. Dərsliklərin dili
Ümumtəhsil məktəblərinin dərslikləri
dövlət dili olan Azərbaycan dilində, təlimin aparıldığı başqa dillərdə, o
cümlədən ölkəmizdə yaşayan azsaylı xalqların dillərində nəşr olunur.
5. Dərslikləri Qiymətləndirmə Şurası
5.1. Dərsliklərin qiymətləndirilməsi üçün
Təhsil Nazirliyinin nəzdində büdcədən maliyyələşdirilmədən Dərslikləri
Qiymətləndirmə Şurası fəaliyyət göstərir.
5.2. Təhsil Nazirliyi Dərslikləri
Qiymətləndirmə Şurasının sədrini təyin edir və Şuranın Əsasnaməsini
təsdiqləyir. DQŞ üzvləri sədr tərəfindən yüksək ixtisaslı mütəxəssislərdən
seşilir.
5.3. DQŞ-nin fəaliyyəti onun Əsasnaməsi
ilə tənzimlənir.
5.4. Dərslikləri Qiymətləndirmə Şurasının
üzvləri bu qurumda fəaliyyət göstərdikləri müddətdə müəllifi (həmmüəllifi)
olduğu dərslikləri qiymətləndirmədə iştirak edə bilməz.
5.5. DQŞ-nin işinə müdaxiləyə yol
verilmir.
6. Yeni dərsliklərin yaradılması, təsdiqi
və nəşri
6.1. Təhsil Nazirliyi yeni yaradılacaq
dərsliklərin siyahısını müəyyənləşdirib elan edir.
6.2. Müsabiqə. Təhsil Nazirliyi istənilən
fənn üzrə müsabiqəni “Yeni dərsliyin yaradılması qaydaları”na uyğun olaraq elan
edir.
6.3. Sifariş. Azsaylı xalqların dillərində
olan, eləcə də sağlamlıq imkanları məhud şagirdlər üçün nəzərdə tutulan
aztirajlı dərsliklərin yaradılmasını nazirlik müəlliflərə və ya nəşriyyatlara
sifariş verə bilər. Bu yolla hazılanmış dərsliklərin əlyazmaları da Dərslikləri
Qiymətləndirmə Şurasına tam həcmdə göndərilir. Sifariş yolu ilə yaradılmış
dərsliklərin nəşr və yayım hüququ Təhsil Nazirliyinə məxsusdur.
6.4. Ümumtəhsil məktəbləri dərslikləri
əsasən müvafiq iş dəftəri və müəllim üçün metodik vəsaitlə birlikdə qəbul
olunur.
6.5. Dərslik Təhsil Nazirliyi tərəfindən
yalnız Dərslikləri Qiymətləndirmə Şurasının təqdimatı əsasında təsdiq olunur.
6.6. Ümumtəhsil məktəblərinin dərslikləri
əsasən beş il müddətinə təsdiq olunur və onun qüvvədə olma müddəti tədris planı
və proqramdakı dəyişikliklər nəzərə alınmaqla müəyyənləşdirilir.
6.7. Dərsliklər “Dərslikləri
qiymətləndirmə meyarları”na və “Dərsliklərə qoyulan texniki və gigiyenik
tələblər”ə cavab verməlidir.
6.8. Dərsliklərin titul səhifəsində Təhsil
Nazirliyi tərəfindən verilmiş əmrin nömrəsi və tarixi göstərilir.
6.9. Məktəblərə pulsuz verilən
dərsliklərin cildinin arxasında “Pulsuzdur” sözü yazılır.
6.10. Dərsliklər məktəblərə bu sənədin 2.1
maddəsinə uyğun olaraq verilir.
6.11. Dərsliklərdə tədrislə əlaqəsi olmayan
reklamlara yol verilmir.
6.12. Müsabiqədənkənar olaraq nəşriyyatlar
öz təşəbbüsləri, yəni müəllif (yaxud müəllif qrupu) ilə birgə kurrikuluma uyğun
olmaq şərtilə müəyyən dərsliklər hazırlaya bilərlər. Bu halda naşirlər
dərsliyin əlyazmasını və çap olunmuş nümunəsini DQŞ tərəfindən
qiymətləndirilmək üçün Təhsil Nazirliyinə təqdim edirlər.
Qiymətləndirmə ilə bağlı bütün xərclər
naşirlər tərəfindən ödənilir. Təhsil Nazirliyi belə təşəbbüsləri
maliyyələşdirmir, lakin nəşriyyatlar dərslikləri valideynlərə və məktəblərə
satmaqda və təbliğ etməkdə sərbəstdirlər.
7. Müəllif və nəşriyyatların hüquqları
7.1. Müəlliflərin və nəşriyyatların
hüquqları “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” və “Nəşriyyat işi
haqqında” qanunlarla tənzimlənir.
7.2. DQŞ, müəllif və nəşriyyatlar arasında
fikir ayrılıqları yaranarsa, problem Təhsil Nazirliyi və ya aidiyyəti orqanlar
tərəfindən həll edilir.
8. Dərsliklərin alınması və şagirdlərə
çatdırılması. Dərslik fondu.
8.1. Ümumtəhsil məktəbləri şagirdlərinə
veriləcək dərsliklərin maliyyə vəsaiti Təhsil Nazirliyinə ayrılır. Həmin vəsait
hesabına alınan dərsliklər məktəblərə pulsuz paylanılır.
8.2. Dərsliklər şagirdlərə paylanmazdan
əvvəl nömrələnib, kitabxana fonduna daxil edilir.
8.3. Dərs ilinin sonunda dərsliklər
şagirdlərdən toplanıb dərslik fonduna keçirilir.
8.4. Dərslik fondu “Dərslik fondu haqqında
təlimat”la tənzimlənir. Dərsliklərdən istifadə müddəti və fondların
yeniləşdirilməsi qaydaları Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.
9. Elektron dərsliklər
9.1 Təhsil Nazirliyinin təsdiq etdiyi
elektron dərslik və dərs vəsaiti məktəblərdə istifadə oluna bilər.
10. Dərslik siyasətinin həyata
keçirilməsində Təhsil Nazirliyinin funksiyaları
10.1 Təhsil Nazirliyi:
- ümumtəhsil məktəblərində istifadə
olunacaq müvafiq standartlara və kurrikuluma uyğun dərsliklərin siyahısını
müəyyənləşdirir;
- dərsliklərin hazırlanması üçün müsabiqə
elan edir və ya sifariş verir;
- DQŞ sədrinin təqdimatı ilə həmin qurumun
üzvlərini təsdiq edir;
- dərslikləri qiymətləndirmə meyarlarını
təsdiq edir;
- yeni dərsliklərin yaradılması
qaydalarını müəyyənləşdirir.
- aidiyyəti təşkilatlarla birlikdə
dərsliklərin texniki və gigiyenik tələblərini təsdiq edir;
- “Dərslik fondu haqqında” təlimatı təsdiq
edir;
- DQŞ-nin təqdimatı əsasında dərslikləri
təsdiq və ya ləğv edir;
- xüsusi araşdırmalar, sorğular yolu ilə
təkmilləşdirilməli və yeniləşdirilməli olan dərsliklərin siyahısını
müəyyənləşdirib mətbuatda elan edir;
- növbəti tədris ilinə çap olunacaq
dərsliklər üçün lazım olacaq maliyyə vəsaitinin ayrılması barədə məlumatı hər
il dekabrın 1-dək Nazirlər Kabinetinə təqdim edir;
- dərslik fondlarının formalaşmasına,
yeniləşdirilməsinə, ondan səmərəli istifadə olunmasına nəzarət edir;
- nəşr və yayım hüququ Təhsil Nazirliyinə
məxsus olan məhdud tirajlı dərsliklərin çapını mövcud qaydalara uyğun olaraq
təşkil edir;
- yeni dərsliklərdən səmərəli istifadə
edilməsi məqsədilə müəllimlər üçün treninqlər keçirir;
- dərslik yaradıcılığı və nəşri sahəsində
gedən prosesləri təhlil etmək, proqnozlaşdırmaq, dərsliklərin tədrisi zamanı
ortaya çıxan problemləri və onların həlli yollarını müzakirə etmək məqsədilə
tədbirlər görür;
- bu və ya digər dərsliyi eksperimentdən
keçirmək üçün müvafiq qaydalara uyğun olaraq az tirajla nəşr etdirir.
11. Dərslik siyasətinin həyata
keçirilməsində yerli təhsil orqanları və məktəblərin vəzifələri
11.1. Yerli təhsil orqanları:
- tabeliklərində olan ümumtəhsil
məktəblərinin dərsliklərə tələbatını müəyyənləşdirib, Təhsil Nazirliyinə təqdim
edir;
- məktəblərdə dərsliklərin qorunmasına və
onlardan səmərəli istifadə olunmasına nəzarət edir.
- dərsliklərin məzmunu, çap keyfiyyəti,
normativlərə uyğunluğu barədə Təhsil Nazirliyinə təkliflər verir;
11.2. Məktəblər:
- Təhsil Nazirliyinin sifarişi ilə nəşr
olunan, donor təşkilatlar tərəfindən bağışlanan dərsliklərin və vəsaitlərin
mövcud qaydalara uyğun şəkildə məktəblərin fonduna daxil edilməsini və səmərəli
istifadəsini təmin edir;
- dərslik fondunun yaradılmasına,
yeniləşdirilməsinə, qorunmasına və ondan istifadə olunmasına dair tədbirləri
həyata keçirir;
- valideyn-müəllim assosiasiyaları ilə
birlikdə dərsliklərin seçimini aparır;
- tədris ilinin sonunda dərsliklərin fonda
qaytarılmasını, istifadə müddəti başa çatmış dərsliklərin təlimata uyğun olaraq
silinməsini təmin edir.
12. Xüsusi anlayışlar
Kurrikulum – təlim prosesi ilə bağlı bütün
fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə
imkan yaradan konseptual sənəd.
Tədris planı (kurrikulumun tərkib hissəsi)
– hər bir sinif üzrə fənləri və onların tədrisinə ayrılan həftəlik dərs
saatlarının miqdarını göstərən sənəd.
Tədris proqramı (kurrikulumun tərkib
hissəsi) – hər bir fənn üzrə mənimsənilməli bilik, bacarıq və vərdişlərin məzmununu,
həcmini müəyyən edən sənəd.
Dərslik – konkret fənn üzrə tədris planı
və proqram əsasında hazırlanmış nəzəri və praktik biliklərin əsaslarının
sistemli və anlaşıqlı şəkildə izah olunduğu əsas vəsait.
Variativ dərsliklər – ayrı-ayrı
müəlliflərin (müəllif qrupunun) vahid tədris proqramı əsasında eyni fənn üçün
hazırladıqları müxtəlif dərsliklər.
Dərs vəsaiti – konkret fənn üzrə tədris
proqramına uyğun hazırlanmış, dərslikdə verilən biliklərin genişləndirilməsi və
möhkəmləndirilməsinə xidmət edən vəsait.
Nəşriyyat - əlyazmaların mətnini redaktə,
yığım, korrektura, bədii və texniki tərtibat proseslərindən keçirməklə onları
dövrü və ya qeyri-dövrü nəşrlər şəklində hazırlayan və çap edən yaradıcılıq
müəssisəsi.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.