DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

8 Kasım 2015 Pazar

Qiymətləndirmənin aparılması barədə


Təhsilalanların bilik və bacarıqları haqqında məlumatların  toplanması, yəni qiymətləndirmə  ibtidai  təhsil pilləsində  diaq­nos­tik (ilkin səviyyənin qiymət­lən­dirilməsi), formativ (irəliləmə və geriləmələrin izlənməsi) və  summativ (kiçik və böyük) olmaqla üç formada həyata keçirilir. Qiymətləndirmənin biri digərinə xidmət edən və bir-birini  tamamlayan hər üç   növü öz mahiyyətinə uyğun olaraq şagirdlərin bilik və bacarıqlarını standartlara əsasən ölçür. İbtidai təhsil pilləsində qiymətləndirmənin düzgün həyata keçirilməsi üçün onun növləri və  bu qiymətləndirmələrdə  istifadə olunan üsul və vasitələr haqqında ayrı-ayrılıqda məlumat verməyi məqsədəuyğun hesab edirik.

I  Diaqnostik qiymətləndirmə

“ümumi təhsil müəssisələrində, peşə liseylərində məktəbdaxili qiymətləndirmə və şagirdlərin sinifdən-sinfə, səviyyədən-səviyyəyə keçirilməsi Qaydaları”nın layihə variantının ikinci maddəsində göstərilir ki, diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsinin müəy­yən­ləş­dirilməsinə və bunun əsasında hər bir şagirdin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə  xidmət edir. 
Hər bir müəllim  keyfiyyətli dərsə yiyələnmək üçün başlanğıcda özünə “şagirdlərin bilik və bacarıqlarının səviyyəsi necədir”, “tədris edilmiş materialı necə mənimsəyiblər”, “əldə olunmuş  bilikləri tətbiq edə bilirlərmi”, “şagirdlərin dərsi yaxşı mənimsəmələri üçün hansı məsələlərə xüsusi diqqət yetirilməlidir” kimi suallar verməlidir.
Məhz bu suallara  cavab tapmaq üçün müəllim şagirdin, müvafiq hallarda qrup və ya sinfin  hazırkı vəziyyətinə qiymət verməli, yəni diaqnoz qoymalıdır. Diaqnostik qiymətləndirməni keçirmək üçün müəllim  Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsində müzakirə edilərək tövsiyə olunan  aşağıdakı üsul və vasitələrdən istifadə etməlidir.
Qiymətləndirmə üsulu dedikdə bu prosesin hansı formada həyata keçirilməsi nəzərdə tutulur. Qiymətləndirmə vasitəsi isə bu prosesdə istifadə olunan alətdir. Aydınlıq üçün deyək ki, bilik və bacarıqları yoxlamaq üçün testləşdirmə qiymətləndirmə  üsuludursa, test tapşırıqları qiymətləndirmə vasitəsidir:

Üsullar
Vasitələr
Tapşırıqvermə
Çalışmalar
Müsahibə (şifahi yoxlama)
Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq hallarda  qrup, yaxud siniflə  aparılan sifahi yoxlama  zamanı müəllimin diaqnoz qoymaq istədiyi məsələnin  yazıldığı  vərəq)
Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq
Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)

Diaqostik  qiymətləndirmə üçün verdiyimiz nümunələr arasında ən populyar və  əlverişlisi tapşırıqvermə üsuludur ki, bu üsulu həyata keçirmək üçün  müəllim dərs ilinin əvvəlində əvvəlki sinif, dərs ili ərzində isə  bəhs və bölmələrə aid çalışmalardan  istifadə edir.
Müsahibə üsulu isə müəllimdən bir qədər yaradıcılıq tələb edir. Bu üsulu həyata keçirmək üçün müəllim vasitə kimi özü üçün qeydiyyat vərəqi tərtib edir və burada şagirdlərin yoxlamaq istədiyi bacarıqlarını sadalayır. Məsələn, ana dilindən  anlama, danışmaq, tələffüz qaydalarına əməl etmək, riyaziyyatdan toplama, çıxma,vurma, bölmə, sadalama, həyat bilgisindən ətraf mühiti tanımaq və təbiət hadisələrini bilmək, ünsiyyət qurmaq və s. bacarıqlar yoxlanılır və hər şagirdin adının qarşısında “yenidən izah edilməlidir”, “təkmilləşdirilməlidir” və ya “qənaətbəxşdir” kimi qeydlər edilir. Bu qeydlər barədə şagird və onların valideynlərinin də məlumatlandırılması məqsədəuyğundur.
Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq üsulu isə müəllimin şagird haqqında məlumatlarını tamamlamaq üçün əlverişli sayılır. Burada istifadə olunan vasitə sorğu səciyyəli olur və daha çox şagirdi əhatə edən mühit, onun məktəbdənkənar fəaliyyəti  haqqında  rəy yaradır. Bu qiymətləndirmədə də müəllim özünün istifadəsi üçün sorğu vərəqi tərtib edir və lazımi nəticələr çıxarır.
Tədris proqramları və şagirdlərin hazırlıq səviyyəsi imkan verdiyi hallarda şagirdlərlə diaqnostik qiymətləndirmə test tapşırıqları vasitəsilə də aparıla bilər.
Məqsəddən asılı olaraq bəzən diaqnostik qiymətləndirmədə müşahidə üsulundan və bu üsul üçün hazırlanan   vasitədən-meyar cədvəlindən də istifadə edilir. Müşahidə yolu ilə müəllim şagirdlərin hər birinin inkişaf səviyyəsini müəyyən edir və təlim prosesində strategiyalarla bağlı qərar qəbul edərkən bu məlumatlara arxalanır. Şagirdə hansı səviyyədə ev və sinif tapşırıqlarının verilməsi də bu məlumatlar əsasında müəyyən olunur.
Müşahidə üsulu və vasitəsi adətən davamlı diaqnostik qiymətləndirmənin obyekti olur. Bu baxımdan diaqnostik  qiymətləndirmə  forma cəhətdən  formativ qiymətləndirməyə  yaxınlaşsa da, məqsədinə görə onunla eyniyyət təşkil etmir. Davamlı diaqnostik qiymətləndirmə adətən dərs ilinin əvvəllərində  aparılır.
Qeyd edək ki diaqnostik qiymətləndirmənin aparılma formaları siniflərə uyğun olaraq da dəyişilir. Belə ki, ilk dəfə məktəbə qədəm qoyan şagirdlə aparılan diaqnostik qiymətləndirmə  digərlərindən xeyli fərqlənir. Birinci sinfin şagirdi ilə təlim prosesində davamlı diaqnostik qiymətləndirmə aparmaq üçün   inkişaf və öyrənmə sahələrinə əsaslanan müşahidə vərəqi aşağıdakı kimi tərtib edilə bilər.
Verilən müşahidə vərəqinə  uyğun olaraq müəllim təlimə başlamazdan əvvəl bir-neçə gün ərzində I sinif  şagirdlərini  aşağıda göstərilən   əsas inkişaf sahələrinə görə müşahidə edir, qiymətləndirir və təlim fəaliyyətini bu nəticələrə uyğun olaraq qurur:


Müşahidə vərəqi
İnkişaf sahələri
Müəllim nəyə diqqət etməlidir?
Müəllim hansı köməyi göstərə bilər?
Şəxsi inkişaf:
Özü və başqaları barədə danışmaq, özünə inanmaq , öz xüsusiyyətlərini bilmək, müxtəlif  situasiyalarda davrana bilmək.

Müşahidə etdiyiniz şagird başqaları ilə ünsiyyətdə olarkən özü barədə necə danışır?
Şagird ailə üzvləri barədə danışırmı?
O, özünün  hansı bacarıqları haqqında danışır?
O, bildikləri və gördüklərini necə ifadə edə bilir?
Hər hansı istəyini necə ifadə edir? 
Müəllim dərsi elə qurur ki, hər bir şagird şəxsiyyət olduğunu və digərləri ilə bir   qrupa daxil olduğunu anlasın. Şagirdlərə müəyyən  təcrübəni aşılamaq üçün birlikdə “Sinfin  idarə qaydaları” tərtib edilir. Şagirdlər barədə lazım olan məlumatı əldə etmək üçün valideynlərlə  ünsiyyət çox vacibdir.
Sosial-emosional inkişaf:
Öz  məsuliyyətini anlamaq, yaşıdları və özündən  böyüklərlə ünsiyyətə girmək, ətrafındakıların hərəkətlərini qiymətləndirmək,  davranışının səbəblərini  izah etmək. 
Şagird öz istəklərini başqalarınınkından ayıra bilirmi? Danışanlara diqqətlə qulaq asırmı? Onların mövqeyini başa düşməyə çalışırmı?
Müəllim  daim şagirdlərə  məsuliyyətlərini anladır, onlardan gözlənilən nəticələri izah edir, qaydaları yada salır,dinləmənin  vacibliyini izah edir. Uşaqları bir-biri ilə ünsiyyət qurmağa və nailiyyətlərindən danışmağa həvəsləndirir.
Fiziki inkişaf:
Böyüklərin köməyi olmadan özünə qulluq etməyi  bacarmaq, gigiyena və  təhlükəsizlik qaydalarından xəbərdar olmaq.  
Şagird sinifdə  özünü necə aparır?, Özünün və sinfin təmizliyini qoruyurmu?  Sinif yoldaşları ilə  gigiyena qaydalarından danışırmı? Təhlükəsizlik qaydalarına riayət edirmi?
Müəllim sinif otağının təmiz və səliqəli  saxlanmasının vacibliyini izah edir.  “Təmizlik  və təhlükəsizlik qaydaları” tərtib edir və ona nəzarət üçün məsul şəxslər seçir.
Uşaqları müstəqil şəkildə özünə qulluq etməyə həvəsləndirir.  
İdraki inkişaf:  Sual vermək və sualları cavablandırmaq, eşitdiyi sözlərin mənasını bilmək,şəkil üzrə danışmaq, hadisələri ardıcıllıqla sadalamaq, onları əvvəllər rastlaşdığı digər hadisələrlə əlaqələndirmək və müqayisə etmək.    
Şagird sual-cavabda fəal iştirak edirmi?, Deyilənləri başa düşməyəndə soruşurmu?
Deyilənləri yerinə yetirməyə həvəslidirmi?
Şəkildə verilən obrazı və ya hər-hansı bir qrafik işarəni başa düşürmü?  
Şagirdlər müzakirələrdə  fəal iştirak etməyə həvəsləndirilir, hər biri ayrılıqda  danışdırılır. 
Verilən tapşırıqlar mütləq yoxlanılır və daima  əks-əlaqə yaradılır. 

İkinci, üçüncü və s. sinfə gələn şagirdin diaqnostik qiymətləndirilməsi üçün müəllim əvvəlki sinfin təlim standartlarından çıxan məqamları önə çəkir. Şagirdin fənn üzrə əvvəlki illərdə yiyələndiyi bilik və bacarıqlara əsaslanan qiymətləndirmə meyarlarını müəyyən edir və bir-iki həftə ərzində müşahidələr aparır. Məsələn, ikinci sinifdə ana dili fənnindən dinləyib-anlama və danışma məzmun xətti üzrə  meyarlar aşağıdakı kimi tərtib edilə bilər. Qeyd edək ki, verilən nümunə davamlı diaqnostik qiymətləndirmə üçün deyil, bir dərs müddətində aparılan diaqnostik qiymətləndirmə üçün nəzərdə tutulmuşdur:

Müşahidə (müəllim şagirdlərin fəaliyyətini müşahidə edərək qiymətləndirir)
Müşahidə vərəqi (şagirdin təlim  fəaliyyətindən gözlənilən nəticəni əks etdirən meyarların yazıldığı  cədvəl)
  Meyarlar
Şagirdlərin soyadı və adı
Mətn qurur
Cümlələr arasında rabitə yaradır
Mətndəki  əsas fikri müəyyənləşdirir
İfadəli oxuyur
Sürətlə oxuyur
Danışarkən sadə bədii ifadələrdən
istifadə edir
Danışarkən jest və mimikalardan istifadə edir

Diaqnostik qiymət­lən­dir­mənin nəticələri rəsmi sənədlərdə qeyd olunmur, müəllimin şəxsi qeyd dəftərində öz əksini tapır, nəticələr barədə valideynlər, sinif rəhbəri və digər fənn müəllimləri də məlumatlandırılır.






II Formativ qiymətləndirmə

 “ümumi təhsil müəssisələrində, peşə liseylərində məktəbdaxili qiymətləndirmə və şagirdlərin sinifdən-sinfə, səviyyədən-səviyyəyə keçirilməsi Qaydaları”nın üçüncü maddəsində göstərilir ki, formativ qiymətləndirmə şagirdin qəbul edilmiş standartların reallaşmasına yönəlmiş irəliləmələrini və geriləmələrini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır.
Yeni  və ənənəvi   qiymətləndirmə arasında əsas fərq gündəlik rəqəmli qiymətlərin yazılmaması və şagirdin təlim fəaliyyətinin  daim  izlənməsidir. Bu izləmələr  şagirdin təlim nəticələrinə nail olması və nəticədə  summmativ qiymətləndirmədə nailiyyət qazanmasına kömək məqsədilə aparılır. Məhz formativ qiymətləndirmə sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli  qiymət almaq üçün deyil,  yaxşı nəticə göstərmək üçün  çalışır.
Qeyd edək ki, yeni məktəbdaxili qiymətləndirmənin əsas mahiyyəti və ağırlıq mərkəzi məhz formativ qiymətləndirmənin üzərinə düşür. Bu məzmun formativ qiymətləndirmənin adında da aydın əks olunub. Formativ sözü (formative) “formalaşdıran”, “formalaşdırıcı” deməkdir. Formativ qiymətləndirmə   təlim nəticələrinin   mənimsənilməsi ilə bağlı mütəmadi məlumat toplamaq məqsədilə aparılır. Fənni  tədris edən müəllim  formativ qiymətləndirməni  məzmun standartl­arından irəli gələn təlim məqsədləri əsasında hazırladığı  meyarlar üzrə dərs ili ərzində müntəzəm olaraq  həyata keçirir, nəticədə şagirdin ehtiyaclarını öyrənir, uğur qazana bilməməsinin səbəblərinı araşdırır və onun inkişafının təmin olunması üçün zəruri tədbirlər görür.

Formativ qiymətləndirmədə istifadə olunan əlverişli üsul və vasitələr aşağıdakılardır:


Üsullar
Vasitələr
Müşahidə
Müəllimin müşahidə vərəqləri
Şifahi sual-cavab
Bacarıqlar  üzrə  qeydiyyat vərəqi (müəllimin istifadəsi üçün)
Yazı
İmla, inşa, ifadə, məsələ, misal həlli, yoxlama yazı işləri
Oxu
Mətnlər
Tədqiqat
Ayrı-ayrı şagirdlərin və ya qrupların hazırladığı  layihə
Test
Test  tapşırıqları
Sorğu və ya müsahibə
Ayrı-ayrı şagirdlərin və ya qrupların hazırladığı  sorğu vərəqləri
Özünüqiymətləndirmə
Özünüqiymətləndirmə vərəqləri
Rollu oyunlar
Meyar cədvəli

Müşahidə

Müşahidə üsulu və burada istifadə olunan vasitələr diaqnostik qiymətləndirmədə olduğu kimi tərtib oluna bilər. Məsələn, şəkil üzrə mətn qurmaqla bağlı dərsin müşahidəsini müəllim aşağıdakı meyarlar əsasında apara bilər: 
 Meyarlar
Şagirdlərin soyadı və adı
Sözlərin mənasını düzgün anlayır
Mətn qurur
Sadə bədii ifadələrdən
istifadə edir
Jest və mimikalardan istifadə edir






Şifahi sual-cavab

Şifahi sual-cavab üsulundan istifadə edən müəllim qiymətləndirmə vasitəsi kimi bacarıqlar üzrə qeydiyyat vərəqindən istifadə edir və bu qeydiyyat vərəqi   hər bir fənnin xüsusiyyətlərinə uyğun tərtib edilir.

Yazı

Yazı üsulundan istifadə edərək müəllim hər hansı mövzuda  imla, inşa yazmağı, məsələ və ya misal həllini tapşırır və şagirdlərin bacarıqlarını meyarlar tərtib etməklə yoxlayır. Şagirdin yazısını yoxlayan müəllim onun nəticələri haqqında valideynləri də məlumatlandırır.



Oxu

Müəllim  qiymətləndirmə  məqsədinə uyğun olaraq müxtəlif mətnlərin oxusunu təşkil edir və oxu zamanı yoxlamaq istədiyi bacarıqların şagirdlər tərəfindən necə nümayiş etdirilməsinə diqqət yetirir.
Şagird oxuyanda müəllim müdaxilə etmədən dinləyir, onun etdiyi səhvləri qeyd edir. Sözlərin və ifadələrin düzgün tələffüz edilməməsinin səbəbini aydınlaşdırır, müşahidə etdiklərini qeydiyyat vərəqində yazır və şagirdin portfoliosuna daxil edir. Müəllim  sonrakı fəaliyyətini hər bir şagirdin portfoliosunda etdiyi qeydləri əsas götürməklə qurur.
Qeydiyyat vərəqindəki qeydləri müəllim valideynə bildirmək üçün şagirdin məktəbli kitabçasına da yazmalıdır.

Tədqiqat

Tədqiqat üsulunun mahiyyəti ondan ibarətdir ki,  şagirdlərə fərdi və ya qrup halında tədqiqat xarakterli sual verilir və onlar bu sual ətrafında apardıqları araşdırmanı layihə şəklində təqdim edirlər. Məsələn, həyat bilgisi fənnindən aşağıdakı tipli suallardan müxtəlif mövzular üzrə  araşdırma aparmaq üçün istifadə etmək olar:
·         Zəlzələ zamanı öz təhlükəsizliyini necə təmin edə bilərsən?
·         Partada düzgün əyləşmək nə üçün vacibdir?
·         Heyvanları qorumaq üçün sən nə edirsən?
Bu suallar əsasında hazırlanan layihə şagirdin aşağıdakı bacarıqlarını yoxlamaq üçün imkan verir: 


Məsələyə münasibət bildirmək
Şərh etmək
Topladığı məlumatları əlaqələndirmək 
Zəif



Orta



Yaxşı




Nəticəyə uyğun olaraq müəllim şagird haqqında qeydini  qısa şəkildə belə yaza bilər:
“Danışır, amma danışdığı məsələyə öz münasibətini bildirə bilmir”,”Məlumatları toplayır, ancaq əlaqələndirə bilmir” və.s

Sorğu və ya müsahibə

Sorğu və ya müsahibə şagirdə müstəqil ev tapşırığı kimi verilir. Bu zaman müsahibənin kiminlə aparılacağını və hansı suallara cavab axtarılacağını sinifdə müəllim şagirdlərlə birgə müəyyən edir. Şagird həmin suallar ətrafında topladığı məlumatı təhlil edərək sinif qarşısında təqdimat edir. Birinci sinif şagirdi üçün bu tipli tapşırıqlar şifahi formada ola bilər. Müəyyən bir sual ətrafında valideyni, digər fənn müəllimi və ya yuxarı sinif şagirdi ilə aparılacaq müsahibənin bütün detalları müəllim və şagirdlər tərəfindən şagirdin yaş səviyyəsinə və məzmun standartlarına uyğun olaraq diqqətlə araşdırılır, vaxt təyin edilir və məlumatların sistemləşdirilməsi üçün istiqamətlər müəyyənləşdirilir. Burada əsas şərt veriləcək sualın düzgün tərtib edilməsi və dəqiq ünvanlanmasıdır.
Məsələn, ana dili fənnindən 20 yanvar hadisələri ilə bağlı mövzunu tədris edən müəllim şagirdlərə fərdi və ya qrup halında belə bir sual ətrafında müsahibə götürməyi tövsiyə edir:
-“Siz 20 yanvar hadisələrini necə xatırlayırsınız?”
Bu sual həmin hadisələri xatırlayacaq yaş səviyyəsində olan adamlara- valideynə, baba və ya nənələrə, digər müəllimlərə və hətta qonşulara ünvanlana bilər. Bir neçə nəfərdən məlumat toplayan şagird həmin hadisə haqqında fikirləri ümumiləşdirib nəticəyə gəlməli və sinfə təqdim etməlidir.
Bu yolla şagirdin məlumat toplamaq, nəticə çıxarmaq, ümumiləşdirmək və eşitdiklərini şərh etmək bacarıqları yoxlanılır:
Şagirdin adı və ya qrupun nömrəsi:

Meyarlar


Zəif
Orta
Yaxşı
məlumat toplamaq



eşitdiklərini  şərh etmək



ümumiləşdirmək



nəticə çıxarmaq




Bu qiymətləndirmənin nəticəsini hər bir şagirdin vəziyyətinə uyğun olaraq qısa şəkildə belə ifadə edərək məktəbli kitabçasına yazmaq olar:
“Müvafiq məlumatı toplamağın yolunu bilmir”, “Toplanmış məlumat əsasında nəticəyə gəlib, amma fikrini yaxşı ifadə edə bilmir”, “Əldə etdiyi məlumatları ümumiləşdirib təqdim edir” və s.
Özünüqiymətləndirmə
Özünüqiymətləndirmə üsulundan istifadə geniş yayılmışdır. Məsələn, ana dili fənnindən əlifbanın öyrənilməsi zamanı  müəllim şagirdlərlə özünüqiymətləndirmə  keçirə bilər. Özünüqiymətləndirmə vərəqində göstərilən meyarlar üzrə şagird özünə qiymət verir və bunu “+”, “-” ilə işarə edir.


Şagirdin özünü qiymətləndirmə vərəqi
Şagirdin adı : ____________  
Sinif: 
  
Meyarlar
Özünüqiymətləndirmə

+
-
Hərfləri tanıyır


Sait və samit səsləri fərqləndirir


Səsləri hecalarda birləşdirərək oxuyur


Hecalardan sözlər düzəldir.



Müəllim özünüqiymətləndirmə vərəqlərini də şagird portfoliosuna daxil edir və şagirdin valideyninin həmin vərəqlə tanış olması məqsədəuyğundur.

Rollu oyunlar
Rollu oyunlar  jest və mimikalardan istifadə, şagirdin ifadəli danışığı, nitqində bədii ifadələrdən istifadə etməsi və digər bacarıqlarının üzə çıxarılması üçün  əhəmiyyətlidir. Rollu oyunlar üçün şagirdlərə hər hansı bir situasiya təqdim olunur. Şagird həmin problemə dair düşüncələrini əks etdirən həll yolunu təqdim edir.
Rollu oyunları müşahidə etmək üçün meyarlar hazırlanarkən bir yox, bir neçə standartın məzmunundan istifadə edilir. Aşağıdakı standartlar qrupu buna misal ola bilər.
Şagird:
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və oxuduqları haqqında danışır.
1.2.2. Dialoqlarda vəziyyətə uyğun nitq etiketlərindən istifadə edir.
1.2.3. Nitqində müvafiq bədii ifadələrdən istifadə edir.
1.2.4. Nitq situasiyalarından asılı olaraq danışıq prosesində müvafiq jest və mimikalardan istifadə edir.
Meyarlar aşağıdakı kimi yazıla bilər:

Meyarlar
Şagirdlərin soyadı və adı
Müşahidə etdiyi hadisələri danışır
Oxuduqlarını şərh edir
Eşitdiyi məlumatı  təsvir edir
Dialoq qurur
Dialoqlarda nitq etiketləri işlədir
Sadə bədii ifadələrdən istifadə edir 
Jest və mimikalardan istifadə edir

Əgər müəllim göstərilən üsul və vasitələr əsasında bütün müşahidələri vaxtlı-vaxtında, düzgün aparmasına baxmayaraq, ondan öz işini qurmaq üçün istifadə etməzsə və zəif şagirdi elə zəif olduğuna görə diqqətdən kənarda saxlayarsa, formativ qiymətləndirmənin əhəmiyyəti azalar və məzmununa xələl gələr .
“ümumi təhsil müəssisələrində, peşə liseylərində məktəbdaxili qiymətləndirmə və şagirdlərin sinifdən-sinfə, səviyyədən-səviyyəyə keçirilməsi Qaydaları”nın layihəsində göstərildiyi kimi, formativ qiymətləndirmənin nəticələri sinif jurnalında qeyd olunmasa da, şagirdin məktəbli kitabçasında, müəllimin şəxsi qeyd dəftərində öz əksini tapır və şagird qovluğunda (portfolio) toplanır, eyni zamanda ümumiləşdirilmiş cümlələr şəklində şagird gündəliyi vasitəsilə valideynə çatdırılır. Qiymətləndirmənin nəticələrinin qeydiyyatı müəllimlərə, şagirdlərə və valideynlərə aşağıdakı suallara cavab verməyə kömək edir:
·         Şagird nələri öyrənmişdir?
·         Daha nələri öyrənməlidir?
·         İnkişaf üçün o hansı addımları atmalıdır?
İzləmələrin qeydiyyatı həmçinin müəllimin məktəb və valideyn qarşısında  hesabatlılıq məsuliyyətini də artırır. Odur ki, müəllim şəxsi qeyd dəftərinə  “rəsmi sənəd deyildir”, deyə diqqətsiz yanaşmamalı və onun valideynlər üçün əsas məlumat mənbələrindən biri olduğunu unutmamalıdır.
Uzun illər övladının məktəbli kitabçasında  qiymət görməyə adət etmiş valideynin indi başqa bir vəziyyətlə rastlaşdıqda  müəyyən narahatlıq keçirməsi təbiidir. Lakin fənn müəllimi  formativ qiymətləndirmənin mahiyyətini və məqsədini valideynə düzgün izah edərsə, şagirdin gündəlik rəqəmli qiymətləndirilməməsi valideyn üçün cavabı olmayan tapmacaya çevrilməz. Məhz formativ qiymətləndirmə sayəsində valideynlər öz övladlarının inkişafını, nailiyyətlərini daha diqqətlə izləməyə müvəffəq olur, məktəblə, müəllimlə daim  təmas saxlayırlar. Valideyn bilməlidir ki, ənənəvi qiymətləndirmənin prinsiplərinə uyğun olaraq şagird gündəlik 2,3, 4,5   rəqəmləri ilə qiymətləndirildikdə övladının çatışmayan və ya zəif cəhətləri barədə məlumata malik olmur, övladına kömək etmək istəsə də, hədəfi dəqiq seçə bilmir.Formativ qiymətləndirmənin nəticəsi olan  təsviri qiymətləndirmə isə  bu cür anlaşılmazlıqları aradan qaldırır. Belə ki, övladının gündəliyində „ hərfləri tanıyır, lakin sözləri yazmaqda çətinlik çəkir“ ifadəsini oxuyarkən valideyn problemin mahiyyətini anlayır və onun aradan qaldırılması üçün müəllimin köməkçisinə çevrilir.



III  Summativ qiymətləndirmə

“ümumi təhsil müəssisələrində, peşə liseylərində məktəbdaxili qiymətləndirmə və şagirdlərin sinifdən-sinfə, səviyyədən-səviyyəyə keçirilməsi Qaydaları”nın layihə variantının beşinci və altıncı  maddələrində göstərilir ki, summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (bəhs və ya böl­mə­nin, yarımilin sonunda) yekun vurmaqla, şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır. Kiçik summativ qiy­mət­ləndirmə bəhs və ya bölmə­lərin sonunda müəllim tərəfindən, böyük summativ qiy­mət­ləndirmə  isə yarımillərin sonunda ümumi təhsil müəssisəsinin rəhbərliyinin və ya orada yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır.
 Kiçik summativ qiymətləndirmənin keçirilmə vaxtı tədris planında həftədə həmin dərs üçün nəzərdə tutulan saatların sayından asılı olaraq fərdi şəkildə müəyyən edilir. Belə ki, ana dili fənnindən kiçik summativ  qiymətləndirmə üçün müəyyən edilmiş vaxt texnologiya və ya musiqi fənni ilə eyni ola bilməz. Kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim tərəfindən hazırlanır.
Böyük summativ üçün qiymətləndirmə vasitələri qiymətləndirmə standartları əsasında hazırlanır. Standartın hər səviyyəsinə uyğun olaraq müəyyən sayda suallar nəzərdə tutulur. Şagirdin düzgün cavab verdiyi sualların sayı ilə onun qiyməti müəyyən olunur.
Sualların ümumi sayının 10%-nə düzgün cavab verən “1”, 10% daxil olmaqla 20%-nə düzgün cavab verən “2”, 20% daxil olmaqla 50%-nə düzgün cavab verən “3”, 50% daxil olmaqla 80%-nə düzgün cavab verən “4”, 80% daxil olmaqla 100%-nə düzgün cavab verən şagird “5” qiymətlə qiymətləndirilir. Summativ qiymətləndirmənin nəticələri 5 ballıq qiymət şkalası üzrə (1,2,3,4,5) rəqəmlə ifadə olunur və qiymətlər jurnala yazılır.
Summativ qiymətləndirmənin keçirilməsi üçün üsullar fənnin məqsədinə uyğun olaraq müəyyənləşir. Ana dili, riyaziyyat, həyat bilgisi fənlərindən ən əlverişli qiymətləndirmə üsulları testləşmə və yazı, qiymətləndirmə vasitələri isə test tapşırıqları, imla, inşa, misal, məsələ həllidirsə, texnologiya fənni üçün  şagirdin  hər  hansı bir məmulatı hazırlaması, musiqi üçün  hər hansı musiqi nümunəsinin ifa edilməsi, fiziki tərbiyədən isə normativlərin yerinə yetirilməsi ola bilər.

IV Qeyd

Kurikulum tətbiq olunan siniflərin  jurnalında gündəlik qiymətlər yazılmır. Dərsdə iştirak etməyənlərin adının qarşısında “q”, dərsdə iştirak edən şagirdlərin adının qarşısında “+” qeyd olunur. Jurnalda yalnız summativ qiymətləndirmənin nəticələri summativ qiymətləndirmənin keçirildiyi  gün üçün ayrılmış qrafada sütun şəklində yazılır.  
Kurikulum tətbiq olunmayan siniflərdə dərsdə iştirak etməyən şagirdin adının qarşısında “q”, dərsdə olub, amma qiymətləndirilməyən şagirdin adının qarşısında “+”, qiymətləndirilən şagirdin adının qarşısında aldığı qiymət yazılır.
Qeyd edək ki, şagirdlərin həm fiziki, həm zehni yüklənməsinin qarşısını almaq məqsədilə  ibtidai təhsil pilləsində formativ və summativ qiymətləndirmə aparmaq üçün yalnız Təhsil Nazirliyinin təsdiq etdiyi , Monitorinq və qiymətləndirmə  şöbəsinin tövsiyə etdiyi qiymətləndirmə vasitələrindən istifadə edilə bilər. Qiymətləndirmənin göstərilən qaydalar əsasında aparılması üçün müəllimlərlə yanaşı, məktəb rəhbərləri də  məsuliyyət daşıyır.


Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar