DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

4 Kasım 2015 Çarşamba

Pedaqoji prosesin tamlığı şəxsiyyətin ahəngdar inkişafının mühüm amili kimi

Pedaqoji prosesin tamlığı şəxsiyyətin ahəngdar inkişafının mühüm amili kimi

Pedaqoji prosesin tamlığı onun sahələri qarşısında vahid məqsədin durması və şəxsiyyətin bütövlüyü ilə təmin olunur.
Tərbiyə, təhsil və təlim prosesləri özlərinə məxsus spesifik xüsusiyyətlərə malik olsa da, hamısı ümumi bir məqsədə - şəxsiyyətin ahəngdar inkişafına xidmət edir. Həm tərbiyə, həm də təlim üç əsas funksiyanı - təhsilverici, tərbiyəedici və inkişafetdirici funksiyaları yerinə yetirir. Bu zaman pedaqoji prosesin bütün sahələri qarşılıqlı vəhdətdə çıxış edir: təlim prosesi tərbiyə funksiyasını həyata keçirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə təsir göstərir. Ümumi məqsəd baxımından pedaqoji prosesin hər bir sahəsi bu və ya digər funksiyanın yerinə yetirilməsində aparıcı (dominant) rol oynayır. Belə ki, təlim prosesi öyrədici (təhsilverici) və inkişafetdirici, tərbiyə prosesi isə tərbiyəedici funksiyanın həyata keçirilməsinə daha çox xidmət göstərir.
Buna müvafiq olaraq pedaqoji prosesin hər bir sahəsi özünə məxsus vəzifələrə və məzmuna malikdir. Təlimin məzmununda elmi təsəvvürlərin, anlayış və qanunların, bacarıq və vərdişlərin aşılanması aparıcı yer tutur. Lakin təlimin məzmunu eyni zamanda tərbiyə və inkişaf vəzifələrinin həllinə, gənc nəslin ideya-mənəvi tərbiyəsinə kömək göstərir.
Tərbiyənin məzmununda şəxsiyyətin ideya-mənəvi təsəvvürləri, inamı, əqidəsi, dünyagörüşü, müsbət davranış adətləri aşılamaq əsas yer tutur. Lakin tərbiyə prosesinin məzmunu şəxsiyyətin təhsil səviyyəsinə, biliklərin genişlənməsinə də güclü təsir göstərir, təlimdə şagirdlərin fəallıq və səyini stimullaşdıran amil kimi çıxış edir.
Şəxsiyyətin çox müxtəlif keyfiyyətləri - zehni, əxlaqi, ideya-siyasi, əmək, fiziki, estetik və digər keyfiyyətləri qarşılıqlı vəhdətdə formalaşır və inkişaf edir; bu keyfiyyətlər biri-digərini şərtləndirir, tamamlayır. Bununla da şəxsiyyətin bütövlüyü - ahəngdar inkişafı təmin olunur. Əgər pedaqoji prosesin müxtəlif sahələri bir-birindən ayrılıqda, əlaqəsiz həyata keçirilərsə, pedaqoji prosesin tamlığı pozular; bu da şəxsiyyətin inkişafına mənfi təsir göstərər.
Göründüyü kimi, pedaqoji prosesin müxtəlif sahələri ümumi tərbiyə məqsədinin həyata keçirilməsində iştirak edir.
Geniş mənada tərbiyənin məqsədi nədir? Biz necə insan yetişdirmək istəyirik? Ona hansı yollarla nail olmaq olar?
Bu suallar pedaqoji fəaliyyətlə məşğul olan hər bir adamı ciddi maraqlandırır.
Məqsəd - pedaqoji prosesin birinci ünsürüdür. O, fəaliyyətin digər ünsürlərini - məzmun, vasitə və metodları müəyyən edir.
Pedaqoji fəaliyyətin səmərəli nəticə verməsi üçün onun məqsədini bilmək vacibdir, çünki məqsədsiz fəaliyyət yoxdur. Məqsədsiz fəaliyyət kortəbii xarakter daşıyır. Bunu dəryada kompassız, mayaksız hərəkət edən gəminin işinə bənzətmək olar. K.D.Uşinski məqsədi bilmədən fəaliyyət göstərən müəllimi layihəsiz bina tikən bənnaya bənzədirdi.
Tərbiyənin məqsədi dedikdə, pedaqoji fəaliyyətin son nəticəsi, yəni insan şəxsiyyətinin layihəsi başa düşülür. Bu məqsəd cəmiyyətin tələbatı ilə müəyyən olunur; cəmiyyət necə insan yetişdirmək lazım gəldiyini, bir növ, məktəb və ailəyə sifariş verir. Məktəb də bu sosial sifarişi yerinə yetirir. Müxtəlif cəmiyyətlərdə, eləcə də eyni cəmiyyətin müxtəlif inkişaf mərhələlərində tərbiyənin məqsədi dəyişə bilər. Məsələn, 70 illik kommunist rejimi dövründəki məqsədlərlə hazırda - müstəqil dövlət quruculuğu dövründəki tərbiyə məqsədlərində ciddi fərqlər vardır.
Tərbiyənin başlıca məqsədi ahəngdar inkişaf etmiş şəxsiyyət yetişdirməkdir. Belə şəxsiyyət birtərəfli yox, bir çox cəhətdən (zehni, fiziki, mənəvi və s. cəhətdən) inkişaf etməlidir. Ahəngdar inkişaf etmiş şəxsiyyətin keyfiyyətləri çoxdur. Hər bir keyfiyyətin formalaşmasında tərbiyənin ayrı-ayrı tərkib hissələri aparıcı (dominant) rol oynayır. Bunu cədvəl şəklində nəzərdən keçirək.
Ahəngdar inkişaf etmiş şəxsiyyətin əsas keyfiyyətləri
Tərbiyənin tərkib hissələri
1. İntellektual keyfiyyətlər
Zehni (əqli) tərbiyə
2. İdeya-mənəvi keyfiyyətlər
İdeya-mənəvi tərbiyə
3. Əxlaqi saflıq
Əxlaq tərbiyəsi
4. Əmək və peşə hazırlığı
Əmək tərbiyəsi
5. Estetik zövq
Estetik tərbiyə
6. Fiziki sağlamlıq, gümrahlıq
Fiziki tərbiyə
7. İqtisadi, ekoloji və hüquq mədəniyyəti
İqtisadi, ekoloji və hüquq tərbiyəsi
Şəxsiyyətin ahəngdar inkişafı üçün göstərilən tərbiyə sahələri kompleks şəkildə həyata keçirilməlidir. Pedaqoji prosesə kompleks yanaşma o deməkdir ki, hər bir şagird tərbiyənin bütün sahələri ilə əhatə olunsun, yəni zehni, əxlaqi, əmək, estetik, fiziki və s. hazırlıq keçsin. Bunun üçün məktəbdə lazımi şərait maddi baza yaradılmalı, məktəb kompleksi təşkil edilməlidir. Yevlax rayonundakı Xaldan kənd məktəbində bu sahədə müsbət təcrübə əldə edilmişdir. Orada əmək tərbiyəsi ilə bağlı bağçılıq, şitillik, heyvandarlıq, quşçuluq sahələri, fiziki tərbiyə ilə bağlı idman kompleksi, üzgüçülük hovuzu, müxtəlif idman növləri üzrə komandalar, estetik tərbiyə ilə bağlı məktəb xoru, incəsənət dərnəkləri, əxlaq tərbiyəsi ilə bağlı müxtəlif muzeylər, marağa görə dəstələr yaradılmışdır. Bütün bunlar yeniyetmə və gənclərin ahəngdar şəxsiyyət kimi yetişməsinə müsbət təsir göstərir.
Mənbə: kayzen.az


0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar