DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

4 Kasım 2015 Çarşamba

Pedaqoji proses və onun səciyyəvi cəhətləri

Pedaqoji proses və onun səciyyəvi cəhətləri

Pedaqoji proses dedikdə, şəxsiyyətin tərbiyəsi, təhsili, təlimi və inkişafı ilə bağlı aparılan bütün məqsədyönlü, planlı və mütəşəkkil işlər nəzərdə tutulur.
Pedaqoji prosesin bir neçə səciyyəvi cəhəti vardır:
a) pedaqoji prosesin ayrı-ayrı sahələrinin vəhdəti;
b) pedaqoji prosesdə obyekt və subyektin qarşılıqlı əlaqəsi;
c) pedaqoji prosesin inkişafı;
ç) pedaqoji prosesdə ümumi məqsədin, qanunauyğunluq və prinsiplərin, forma və metodların mövcudluğu.
Pedaqoji prosesin müxtəlif sahələri - tərbiyə, təhsil, təlim və şəxsiyyətin inkişafı bir-biri ilə sıx vəhdət təşkil edir, bir-birini tamamlayır. Təlim və təhsil şəxsiyyətin tərbiyəsinə, ümumi və psixi inkişafına güclü təsir göstərir. Tərbiyə və inkişaf prosesi isə, öz növbəsində, təlim və təhsil prosesinə - şagirdin zehni işdə daha səylə çalışmasına, fəallığına, borc və məsuliyyət hissinin güclənməsinə kömək edir.
Pedaqoji prosesin inkişaf dinamikası obyektlə subyekt arasında qarşılıqlı münasibətlərin xarakterindən asılıdır. Pedaqoji prosesin obyektini ayrı-ayrı fərdlər (şagirdlər) və onların qrupları (sinif, məktəb kollektivi) təşkil edir. Pedaqoji prosesin subyekti kimi isə ayrı-ayrı şəxslər (müəllim, tərbiyəçi, valideyn və b.), habelə kollektiv orqanlar (pedaqoji şura, ictimai təşkilatlar, pedaqoji kollektiv və b.) çıxış edir. Pedaqoji prosesdə tərbiyənin obyekti eyni zamanda onun subyektinə çevrilməlidir. Bu cəhətin nəzərə alınmaması pedaqoji prosesdə ciddi qüsurlar doğura bilər (avtoritar tərbiyə, şəxsiyyətin passivliyi və s.)
Pedaqoji prosesin səciyyəvi cəhətlərindən biri onun inkişafı, mütəhərrikliyidir. Bunun da sayəsində gənc nəslin tərbiyə, təhsil, təlim və inkişaf səviyyəsi dəyişir, təkmilləşir. Pedaqoji prosesin daxili hərəkətverici qüvvəsini şagirdlər qarşısında qoyulan tələblərlə onların bu tələbləri yerinə yetirmək üçün real imkanları arasındakı ziddiyyət təşkil edir. Bu ziddiyyət o zaman inkişafın mənbəyi olur ki, irəli sürülən tələblər şagirdlərin imkanlarına müvafiq gəlsin. Tərbiyəçinin vəzifəsi şagirdlərin və uşaq kollektivinin təlim-tərbiyə səviyyəsini öyrənməkdən, onlar qarşısında real tələblər qoymaqdan, şəxsiyyət və kollektivin inkişaf perspektivlərini layihələşdirməkdən ibarətdir.
Pedaqoji prosesi səciyyələndirən cəhətlərdən biri də bu prosesdə ümumi məqsədin, qanunauyğunluq və prinsiplərin, forma və metodların olmasıdır. Pedaqoji prosesin qanunauyğunluqları bu prosesə xas olan zəruri, davamlı əlaqələrlə - səbəb-nəticə asılılıqları ilə bağlıdır. Belə qanunauyğun əlaqələr çoxcəhətlidir: pedaqoji proseslə cəmiyyətin tələbatları, imkan və şəraiti arasında əlaqə; pedaqoji prosesin müxtəlif sahələri - tərbiyə, təhsil, təlim və şəxsiyyətin inkişafı arasında əlaqə; şəxsiyyətin fəaliyyəti və ünsiyyəti ilə onun inkişafının nəticələri arasında əlaqə; pedaqoji prosesin subyekti və obyekti arasında əlaqə; kollektiv və şəxsiyyət arasında əlaqə; pedaqoji prosesin məqsədi, məzmunu, forma və metodları arasında əlaqə; şəxsiyyətin imkanları ilə ona pedaqoji təsirin xarakteri arasında əlaqə və s.
Hər bir əlaqə ilə bağlı müvafiq qanunauyğunluqlar özünü göstərir. Əgər bu qanunauyğunluqlardan (eləcə də onları əks etdirən pedaqoji prinsiplərdən) hər hansı biri nəzərə alınmazsa, pedaqoji prosesi səmərəli qurmaq olmaz. Bu cəhət pedaqoji prosesin forma və metodlarına da aiddir.
Pedaqoji prosesin ümumi metodları fəaliyyətin tamlığı konsepsiyası baxımından müəyyən olunur. Bu metodlar həm təlim, həm də tərbiyə fəaliyyətində özünü göstərir: şəxsiyyətin ağlını, şüurunu formalaşdıran metodlar; zehni və mənəvi fəaliyyəti, ünsiyyəti və ictimai davranış təcrübəsini formalaşdıran metodlar; fəaliyyəti və davranışı stimullaşdıran və motivləşdirən metodlar; nəzarət, özünənəzarət və özünüqiymətləndirmə metodları.
Pedaqoji prosesin təşkili formalarında da ümumi cəhətlər özünü göstərir: həm təlim, həm də tərbiyə prosesində fərdi, qrup və kollektiv formalar tətbiq olunur.
Pedaqoji prosesə xas olan ümumi cəhətlərlə yanaşı, bu prosesə daxil olan sahələrin spesifik cəhətləri, özlərinə məxsus xüsusiyyətləri də vardır. Bu xüsusiyyətlərin nəzərə alınması təlim, təhsil, tərbiyə və şəxsiyyətin inkişafı proseslərini daha səmərəli təşkil etməyə imkan verir.
Mənbə: kayzen.az



0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar