DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

8 Kasım 2015 Pazar

Dünya ölkələrinin Təhsil Sistemi

                                                Rusiyanın təhsil sistemi

Rusiya Federasiyası Müstəqil Dövlətlər Birliyində (MDB) təmsil olunan ən böyük dövlətdir. Keçmiş SSRİ-nin varisi olan Rusiya Boloniya prosesinə ilk qoşulan ölkələrdəndir. Son 10 ildə təhsil sisteminin yenidən qurulması üçün ölkədə ciddi təhsil islahatları aparılıb.
Rusiya Federasiyasında mövcud olan dövlət, özəl, bələdiyyə təhsil müəssisələri fəaliyyətlərini hökumət tərəfindən təsdiq olunmuş nümunəvi əsasnamələrə uyğun qururlar. Rusiyanın təhsil sistemi aşağıdakı təhsil səviyyələrinə bölünür:
* məktəbəqədər təhsil;
* ümumi təhsil:
- ibtidai ümumi təhsil;
- əsas ümumi təhsil;
- orta ümumi təhsil;
* orta peşə təhsili:
- ixtisaslı fəhlələrin hazırlığı;
- orta səviyyəli mütəxəssislərin hazırlığı;
* ali təhsil:
- bakalavriat;
- magistratura (mütəxəssis hazırlığı);
- elmi-pedaqoji kadrların hazırlığı. 
Məktəbəqədər təhsil 
Rusiyanın məktəbəqədər təhsilində uşaqların sağlamlığının qorunması kimi kifayət qədər geniş kompleks vəzifələr yerinə yetirilir və ailələrlə qarşılıqlı səylər əsasında uşaqlara mənəvi dəyərlər aşılanır, onların hərtərəfli və harmonik inkişafı üçün zəruri şərait yaradılır. Məktəbəqədər təhsil müəssisələrinə təlim-tərbiyə prosesinin prioritet istiqamətlərinin, təhsil proqramlarının seçimində sərbəstlik verilib. Bu da, öz növbəsində, məktəbəqədər təhsildə rəngarəngliyə səbəb olur.
Ölkədə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri bir sıra cəhətlərinə görə bir-birindən fərqlənirlər. Bu baxımdan uşaqların bir və ya bir neçə prioritet istiqamətdə (intellekt, bədii-estetik, fiziki və s.) inkişafını nəzərdə tutan uşaq bağçaları, əsasən fiziki və psixi cəhətdən qüsurlu uşaqların təlim-tərbiyəsi ilə məşğul olan uşaq bağçaları, sanitar-gigiyenik, profilaktik və digər sağlamlaşdırıcı proseduraların həyata keçirildiyi uşaq bağçaları, universal uşaq bağçaları (onların tərkibinə müxtəlif səviyyəli ümuminkişaf, bərpa və sağlamlaşdırıcı qruplar daxildir) və uşaq inkişaf mərkəzlərinin - bütün uşaqların sağlamlığını, fiziki və psixoloji inkişafını nəzərdə tutan uşaq bağçalarının adını çəkə bilərik.
Onlardan əlavə, Rusiyada körpələr evləri də fəaliyyət göstərir. Lakin son 10 il ərzində körpələr evlərinin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Bu, müxtəlif iqtisadi və digər amillərlə əlaqədardır.
Ölkədə məktəbəqədər təhsil müəssisələrinə 3-6, körpələr evlərinə isə 1-3 yaşlı uşaqlar qəbul olunur. Nadir hallarda isə 2 aydan 1 yaşa qədər olan uşaqlar da körpələr evlərinə verilə bilər.
Məktəbəqədər təhsil müəssisələri dövlət, bələdiyyələr və müxtəlif idarələr tərəfindən maliyyələşir. Son zamanlar özəl məktəbəqədər təhsil müəssisələri də fəaliyyətə başlayır ki, onlar da ölkə üzrə cəmi 8 faiz təşkil edir.
Rusiyada uşaqların yalnız 59 faizi uşaq bağçalarına gedir. 20 faiz uşaq isə bağçaya getmək üçün növbə gözləyir. Bir sıra valideynlər isə hələ də uşaqlarını bağçalara vermək barədə düşünmürlər. Bu baxımdan dövlətin 3 yaşa qədər uşaqlar üçün effektiv təlim proqramları qəbul etməsinin vacibliyi önə çəkilir. 
Ümumi orta təhsil 
Ümumi orta təhsilin ilk mərhələsi olan ibtidai təhsildə uşaqlar ətraf mühit, ünsiyyət vərdişləri, tətbiqi tapşırıqların həlli barədə ilkin biliklərə yiyələnirlər. Bu mərhələnin uşaqların şəxsiyyət kimi formalaşmasına və inkişafına göstərdiyi təsirə görə ibtidai təhsil dövlət və cəmiyyət üçün olduqca əhəmiyyətlidir.
Rusiyada icbari ibtidai ümumi təhsil hamı üçün əlçatan hesab olunur. İbtidai məktəblərdə uşaqların təlim-tərbiyəsinə 6 yaşdan (uşağın sağlamlığı ilə əlaqədar ciddi səbəb olarsa, 8 yaşdan gec olmayaraq) başlanılır.
İbtidai məktəblərdə rus dili, oxu, xarici dil, riyaziyyat, ətraf mühit, təsviri incəsənət, musiqi, texnologiya, fiziki mədəniyyət fənlərinin tədrisi icbari xarakter daşıyır. Fənlərin tədrisi üçün ibtidai məktəbdə müvafiq şəraitin yaradılmasına xüsusi diqqət yetirilir. Proqram üzrə xarici dil II sinifdən tədris olunur. Texnologiya fənninin "Kompüterdə iş təcrübəsi" (informasiya texnologiyalarından istifadə) bölməsinin tədrisinə III sinifdən başlanılır. Rus dili və ədəbiyyat fənni isə federal təhsil proqramında iki variantda təqdim olunur: rus dilində tədris aparılan məktəblər və qeyri-rusdilli təhsil müəssisələri (digər xalqların doğma dillərində tədris aparılan məktəblər) üçün.
İbtidai məktəb federal təhsil sisteminin qarşısında duran aşağıdakı əsas  məqsədlərə nail olunmasını təmin etməlidir:
- məktəblinin şəxsiyyətinin inkişafı, onun yaradıcılıq qabiliyyətinin, öyrənmək marağının, arzusunun və oxumaq bacarığının formalaşdırılması və inkişaf etdirilməsi;
- mənəvi və estetik hisslərin tərbiyə olunması, özünə və ətraf mühitə qarşı emosional müsbət münasibətin formalaşması; 
- biliklər sisteminin, bacarıq və vərdişlərin, fəaliyyətin müxtəlif növlərinin həyata keçirilməsi təcrübəsinin mənimsənilməsi;
- uşaqların fiziki və psixi sağlamlığının mühafizəsi və   möhkəmləndirilməsi;
- uşaqların individuallığının qorunması və dəstəklənməsi.
Ümumi orta təhsil Rusiya təhsil sistemində əsas yerlərdən birini tutur. Orta təhsil müəssisələri sırasına aiddir:
- orta ümumtəhsil məktəbləri;
- ayrı-ayrı fənlərin dərindən öyrənilməsini həyata keçirən xüsusi məktəblər;
- gimnaziyalar;
- liseylər;
- axşam məktəbləri;
- internat tipli təhsil müəssisələri;
- fiziki və psixi qüsurlu uşaqlar üçün xüsusi məktəblər;
- məktəbdənkənar təhsil müəssisələri (uşaq musiqi məktəbləri, incəsənət məktəbləri, xor və xoreoqrafiya studiyaları, folklor ansamblları, uşaq-yeniyetmə idman məktəbləri, gənc texniklər stansiyaları, istirahət mərkəzləri və s.).
Adətən ümumtəhsil müəssisələrinə uşaqlar 6 və ya 7 yaşında daxil olur, 17 və ya 18 yaşda orta məktəbi bitirirlər. Ümumi orta təhsilin standart məktəb proqramı IX və ya XI sinfə qədər nəzərdə tutulur. Dərslər sentyabrın 1-də başlayır və mayın sonunda başa çatır. Tədris ilinin bölünməsinin iki əsas üsulu var:
- tədris ili 4 rübə bölünür və hər rübün sonunda (yay, payız, qış və yaz) tətillər verilir;
- tədris ili 3 rübə bölünür və rüblər birhəftəlik tətillə başa çatır. Bu zaman hər rüb 5 bloka bölünür.
Hər rübün sonunda bütün fənlər üzrə yekun qiymətləndirmə aparılır. Hər ilin sonunda isə şagirdlərin illik qiymətləri müəyyən olunur. Bəzən rüblüklərlə yanaşı, yarımilliyin nəticələri üzrə də qiymətləndirmə aparılır. Pis oxuyan, illik qeyri-kafi qiymətlər almış şagirdlər sinifdə saxlanıla bilər.
XI sinifdə, eləcə də IX sinfin sonunda şagirdlər bir sıra fənlər üzrə imtahanlar verirlər. Bu imtahanların və illik qiymətlərin əsasında attestat qiymətləri müəyyənləşdirilir. İmtahanlar keçirilməmiş fənlər üzrə isə rüblərə əsasən çıxarılmış illik qiymətlər attestata yazılır.
IX sinfə qədər oxumaq icbari, X və XI siniflər üzrə təhsil isə könüllüdür. XI sinfi bitirən şagird tam orta təhsil barədə attestat, IX sinfi uğurla başa vuran şagird isə əsas ümumi təhsil haqda şəhadətnamə alır.
IX sinfin məzunu təhsilini orta ixtisas (texnikum, kollec, bir sıra tibbi, pedaqoji və digər orta ixtisas məktəbləri) və peşə təhsili müəssisələrində (orta peşə texniki, peşə texniki məktəblərində) davam etdirə bilərlər. Ali məktəbə daxil olmaq üçün tam orta təhsil barədə attestat və yaxud peşə texniki məktəbinin, texnikumun diplomu tələb olunur.
Məktəblərin əksəriyyəti 6 günlük iş həftəsi əsasında fəaliyyət göstərir. Hər gün 4-7 dərs keçilir. Dərslər 45 dəqiqə davam edir. Həmçinin dərslərin həftədə 5 gün keçilməsi də mümkündür. Bu zaman dərslərin sayı 9-a qədər artırıla, dərs saatı isə 45 dəqiqədən 35 dəqiqəyə qədər azaldıla bilər. Şagirdlər məktəbdə dərslərdən əlavə ev tapşırıqlarını da yerinə yetirirlər. Müəllimlərin qərarına uyğun olaraq aşağı siniflərin şagirdləri üçün ev tapşırıqları verilməyə bilər.
Rusiyada ixtisaslaşmış orta məktəblərə və ya ayrı-ayrı ixtisaslaşmış siniflərə də təsadüf olunur. Bu halda bəzi fənlərin (xarici dil, fizika-riyaziyyat, kimya, mühəndislik, biologiya və s.) daha dərindən tədrisi təşkil olunur. İxtisas fənləri üzrə dərslər ənənəvi məşğələlərdən əlavə dərs yükü ilə fərqlənir.
Son vaxtlar Rusiyada günərzi məktəb şəbəkəsi də inkişaf edir. Bu məktəblərdə uşaqlar nəinki ümumi təhsil alır, onlarla böyük həcmdə dərsdənxaric işlər aparılır, dərnəklər, bölmələr və uşaqların əlavə təhsili üzrə digər birliklər də fəaliyyət göstərir.
Uşaqların əlavə təhsilini təmin edən məktəbdənkənar müəssisələrdə musiqi, bədii, idman və digər istiqamətlər üzrə məşğələlər keçirilir. Bu məktəblərin fəaliyyəti uşaqlarda yaradıcılıq potensialının inkişafına təkan verir, onların ixtisas və gələcək həyat yolunu müəyyənləşdirmələrinə kömək edir. 
Orta peşə təhsili 
Rusiya Federasiyasında peşə təhsilinə xüsusi önəm verilir. Ölkədə 280-dən artıq ixtisas üzrə praktik-mütəxəssislərin hazırlanması həyata keçirilir.
Peşə təhsili iki əsas tədris proqramı üzrə aparılır: baza səviyyəsi və yüksək səviyyə. Baza səviyyəsini mənimsəyən məzuna L-texnik dərəcəsi verilir. Təhsil müddəti bir il çox olan yüksək səviyyəli peşə təhsili baza səviyyəsinə nisbətən daha dərin və geniş hazırlığı nəzərdə tutur. Peşə hazırlığını dərinləşdirən məzuna L-baş texnik dərəcəsi verilir.
Hazırda Rusiyada iqtisadiyyat və sosial sahələrdə 21,6 milyon peşə təhsilli mütəxəssis çalışır. Bu isə məşğul əhalinin ümumi sayının 34 faizinə bərabərdir.
Orta peşə təhsili müəssisələrində əyani, əyani-qiyabi (axşam), qiyabi oxumaq mümkündür. Peşə təhsili müəssisələrinə əsas ümum təhsil (ümumtəhsil məktəbinin IX sinfindən) və ya orta təhsil (ümumtəhsil məktəbinin XI sinfindən) məktəblərinin məzunları daxil ola bilərlər. Orta peşə təhsilinin müddəti əyani hazırlığın profilindən asılı olaraq 2-3 il arasında dəyişir. Əyani-qiyabi və qiyabi peşə təhsili isə bir il artıqdır. IX sinif məzunları orta peşə təhsilinə yiyələnmək üçün tam orta (XI sinif) təhsilli gənclərlə müqayisədə bir il artıq oxuyurlar.
Orta peşə təhsili müəssisələrinin 2 növü mövcuddur:
- Baza səviyyəsində orta peşə təhsilinin əsas peşə təhsili proqramlarını   reallaşdıran texnikumlar;
- Baza və yüksək baza səviyyəli orta peşə təhsili proqramlarını həyata keçirən kolleclər.
Bəzən orta peşə təhsili proqramları ali məktəblərdə də tədris olunur. Müvafiq profilli peşə təhsili almış şəxslər qısa gücləndirilmiş proqramlar üzrə ali peşə təhsilinə yiyələnə bilərlər.
Rusiyada 25-dən artıq federal nazirlik və idarənin nəzdində orta peşə məktəblərinin bölmələri də fəaliyyət göstərir.
Ali təhsil 
Ənənəvi olaraq Rusiyada ali təhsil iki pilləyə bölünür: bakalavriat və magistratura. Ali təhsil proqramlarının normativ müddətləri aşağıdakı kimidir:
- bakalavr dərəcəsi almaq üçün təhsilin əyani forması üzrə bakalavriat proqramı - 4 il;
- mütəxəssis dərəcəsi almaq üçün əyani  forma üzrə mütəxəssis hazırlığı proqramı - 5 ildən az olmamaqla;
- təhsilin əyani forması üzrə magistr dərəcəsi almaq üçün magistr  proqramı - 2 il;
- elmi pedaqoji kadrların aspiranturaya (adyunktura)  hazırlığı proqramı - 3   ildən artıq olmamaqla.
Ali təhsilin tədris proqramını uğurla mənimsəmiş və yekun attestasiyadan keçmiş şəxslərə müvafiq qaydada ali təhsil təsnifatları (akademik dərəcələr) verilir. Bakalavriat proqramını mənimsəyənlərə - bakalavr, mütəxəssis hazırlığı proqramını başa vuranlara mütəxəssis, magistratura proqramını mənimsəyənlərə magistr, elmi pedaqoji kadrların aspirantura (adyunktura) hazırlıq proqramını keçənlərə ali məktəb müəllimi və ya tədqiqatçı, dissertasiya müdafiə etmiş şəxslərə isə elmlər namizədi diplomu verilir.
Rusiya hökuməti son illər ali təhsilin inkişaf etdirilməsinə xidmət edən müvafiq dəstək proqramlarının maliyyələşdirilməsi üzrə bir sıra qərarlar qəbul edib. Bu proqramlar çərçivəsində ayrılmış vəsaitlər istedadlı uşaqların dəstəklənməsinə, elmi-tədqiqat institutları yanında distant məktəblərin və federal universitetlərdə istedadlı gənclərin inkişafı mərkəzlərinin yaradılmasına sərf olunur. Bundan əlavə, federal universitetlərin maddi-texniki bazasının yaxşılaşdırılması məsələləri də diqqət mərkəzində saxlanılır.
2010-cu ildə ali təhsil müəssisələrində innovativ infrastrukturun dəstəklənməsi məqsədilə dövlət proqramı qəbul olunub. Bu proqram ali məktəblərdə innovativ mühitin formalaşmasını, təhsil ocaqları ilə sənaye müəssisələri arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsini nəzərdə tutur.
Xarici ölkələrin tanınmış mütəxəssislərinin Rusiyaya dəvət olunması ali məktəblərə dövlət dəstəyinin bariz nümunəsidir. 2010-cu ildə Rusiya hökuməti "Aparıcı alimlərin Rusiya ali təhsilinə cəlb olunması tədbirləri barədə" qərar qəbul edib. Qərara müvafiq olaraq dövlət büdcəsindən bu tədbirlər üçün 2010-cu ildə 3 milyard rubl, 2011-ci ildə 5 milyard rubl, 2012-ci ildə isə 4 milyard rubl ayrılması nəzərdə tutulub. Ayrılmış qrantlar müsabiqə əsasında hər bir elmi-tədqiqat işinə görə 150 milyon rubl həcmində müəyyənləşdirilib. Rusiya hökuməti yanında fəaliyyət göstərən qrantlar üzrə Şura bu vəsaitlərin ayrılması barədə yekun qərar verir və dövlət dəstəyi göstəriləcək elmi-tədqiqat sahələrinin adlarını da müəyyən edir. Dövlət dəstəyi göstərilən elmi-tədqiqat sahələri sırasına astronomiya və astrofizika, atom energetikası və nüvə texnologiyası, biologiya, biotexnologiya, hesablama maşınları və informasiya texnologiyaları, riyaziyyat, maşınqayırma, tibbi elmlər və texnologiya, kosmik tədqiqatlar və texnologiyalar, mexanika və idarəetmə prosesləri, nanotexnologiya, Yer haqqında elm, materiallar haqqında elm, psixologiya, koqnitiv araşdırmalar, radioelektronika, tikinti və arxitektura, fizika, kimya, ekologiya, iqtisadiyyat, beynəlxalq tədqiqatlar, sosiologiya, energetika və digər istiqamətlərə aid tədqiqatlar daxildir.
Keyfiyyətin aşağı olması Rusiya ali təhsilinin başlıca problemlərindəndir. Gənclərin 80 faizdən çoxunun ali təhsil almasına baxmayaraq, ölkədə mütəxəssis çatışmazlığı hiss edilir, savadlı hüquqşünaslar, iqtisadçıları və digər mütəxəssislər çatışmır.
Ali təhsildəki digər problemin isə orta təhsildən irəli gəldiyinə dair fikirlər səsləndirilir. Artıq Rusiyada orta təhsil müddətinin 12 ilə qaldırılması barədə müzakirələr aparılır. Bildirilir ki, universitetlərin birinci kurs tələbələrinə hələ orta məktəblərdə öyrənməli olduqları biliklər tədris olunur.
Eləcə də məktəbəqədər təhsilə diqqətin artırılması, uşaqların bağçalara cəlb olunma faizinin yüksəldilməsi məsələləri ətrafında müzakirələr aparılır. 
Universitetlər 
Rusiyada həm dövlət və həm də özəl ali təhsil müəssisələri mövcuddur. Ali məktəblərin filialları və müxtəlif regionlarda nümayəndəlikləri də fəaliyyət göstərir. Hər bir ali təhsil müəssisəsi muxtariyyət hüququna malikdir.
Ali məktəblər müvafiq qaydalara uyğun olaraq akkreditasiyadan (akkreditasiya ali məktəbə bir qayda olaraq attestasiyadan sonra verilir) keçməlidirlər. Ali təhsil müddəti, bir qayda olaraq, 4 ildən 6 ilə kimi davam edir. Ali təhsil əyani, axşam (əyani-qiyabi) və qiyabi formada həyata keçirilir.
Rusiya Federasiyasında ali təhsil müəssisələrinin aşağıdakı növləri mövcuddur:
Federal universitetlər federal dairələrin ərazilərində fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələri, elm və təhsil mərkəzləridir. Artıq Rusiyada 14-ə qədər federal universitet fəaliyyət göstərir.  
Universitetlər müxtəlif sahələri əhatə edən zəngin tədris proqramlarına malik çoxprofilli təhsil müəssisələridir. Universitetlər unikal elm-təhsil kompleksi kimi xüsusi hüquqi statusa malikdirlər.
Universitetlər arasında yüksək nüfuza malik, Rusiya cəmiyyətinin inkişafında xüsusi əhəmiyyət kəsb edən iki ali təhsil müəssisəsinin - Moskva Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universitetinin adlarını xüsusi olaraq qeyd etmək lazımdır.
Rusiyanın aparıcı və ən böyük ali məktəbi, milli elm və mədəniyyət mərkəzi olan Moskva Dövlət Universitetinin (MDU) tərkibində 9 elmi-tədqiqat institutu fəaliyyət göstərir. MDU-da 40 fakültə və 300-dən artıq kafedra var. Universitetdə 31 mindən artıq tələbə və 7 minə yaxın aspirant təhsil alır. Fakültə və elmi-tədqiqat mərkəzlərində 4 mindən artıq professor və müəllim, 5 minə yaxın elmi işçi çalışır. Universitetin sərəncamında ümumi sahəsi 1 milyon kvadratmetr olan 600-dən artıq bina və tikili var. MDU yalnız Moskvada 205,7 hektar ərazini əhatə edir. 1997-ci ildə MDU-nun Sevastopolda (Ukrayna), 2000-ci ildə Astanada (Qazaxıstan), 2006-cı ildə Daşkənddə (Özbəkistan), 2009-cu ildə Bakıda, həmin ildə isə Düşənbədə (Tacikistan) filialları açılıb. 
MDU-nun elmi kitabxanası ölkənin ən zəngin kitabxanası hesab olunur. Burada müxtəlif sahələrə aid həm rus, həm də xarici dillərdə əksər ədəbiyyatlar cəmləşib. MDU-nun nəzdində 1963-cü ildən ixtisaslaşmış elm-tədris mərkəzi-internat-məktəb fəaliyyət göstərir. Bu məktəb ölkənin ən perspektivli təhsil müəssisələrindən biri hesab olunur.
"World Reputation Rankings" jurnalının dünya universitetlərinin reytinq cədvəlində Rusiya ali məktəblərindən yalnız Moskva Dövlət Universiteti yer alıb. Jurnalın 2010-cu il üzrə tərtib etdiyi reytinq cədvəlində MDU 33-cü yerdə qərarlaşıb.
1724-cü ildə əsası qoyulmuş Sankt-Peterburq Dövlət Universiteti Rusiya ali təhsil müəssisələrinin flaqmanı hesab olunur. Universitet 286 illik fəaliyyəti ərzində ali təhsil sahəsində zəngin ənənələri ilə tanınıb, Rusiya elminin, təhsilinin inkişafına layiqli töhfələr verib. Hazırda universitetdə 32000-dən çox tələbə 20 fakültədə 323-dən çox ixtisasa yiyələnir. Sankt-Peterburq Dövlət Universitetində çalışanların ümumi sayı 14000 nəfərdən çoxdur. Təhsil ocağının professor-müəllim heyəti içərisində tanınmış akademiklər, elm adamları da az deyil. Kifayət qədər tanınmış məzunları olan universitetdə V.İ.Lenin, V.V.Putin, D.A.Medvedev və başqa məşhurlar da təhsil alıb. 
Beynəlxalq əməkdaşlıq 
Vahid Avropa təhsil məkanına inteqrasiya Rusiyanın milli təhsil sistemi qarşısında bir sıra vacib vəzifələr qoyub. Rusiya təhsil sisteminin modernləşdirilməsi və onun rəqabət qabiliyyətinin gücləndirilməsinə nail olmaq üçün təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. 2003-cü ildə Boloniya prosesinə qoşulan Rusiya Avropa vahid təhsil məkanının bərabərhüquqlu üzvünə çevrilib.
Hazırda ölkənin təhsil müəssisələri beynəlxalq əməkdaşlıq çərçivəsində 70-dən artıq proqram və layihənin reallaşdırılmasında iştirak edir. Rusiya təhsil sisteminin modernləşdirilməsinə xidmət edən layihələr sırasında TASİS texniki dəstək proqramı və universitetlərarası TEMPUS-TASİS proqramları  (Avropa  Komissiyası), orta və peşə təhsili sahəsində Rusiya-Böyük Britaniya əməkdaşlıq proqramı (Britaniya Şurası), Rusiya-Niderland əməkdaşlıq proqramı (KROSS bürosu), Avropa Şurası ilə əməkdaşlıq üzrə işçi proqramının adını çəkmək olar. Rusiya həmçinin YUNESKO, YUNİSEF, Avropa Şurası, Baltik Dənizi Dövlətləri Şurası, Barents-Avroarktika Şurası, ATES Forumu, Niderland, Fransa, Avstriya, Finlandiya və digər ölkələrlə təhsil sahəsində beynəlxalq əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur.
Son illər Rusiya universitetləri ABŞ, Avropa, Asiya, Latın Amerikası ölkələrinin aparıcı elm və təhsil mərkəzləri ilə fəal əməkdaşlıq əlaqələri qurur, birgə təhsil proqramları reallaşdırılır. İlbəil xarici ölkələrin  ali məktəblərinə təhsil almağa gedən rusiyalı gənclərin sayında artım müşahidə olunur. Əsasən, Böyük Britaniya, Almaniya, Fransa, Kanada, Avstraliya, ABŞ universitetlərində təhsil almağa üstünlük verən rusiyalı gənclər bir sıra prioritet ixtisaslara yiyələnir, ölkənin ixtisaslı mütəxəssislərə olan ehtiyacını ödəyirlər.
Rusiya universitetlərində təhsil alan və ya öz təhsil səviyyələrini təkmilləşdirən əcnəbilərin sayı da durmadan artmaqdadır. Hazırda Rusiya ali məktəblərində 80 mindən artıq əcnəbi tələbə oxuyur ki, onların da 57,2 min nəfəri Müstəqil Dövlətlər Birliyi ölkələrindəndir.
Onu da qeyd edək ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində, eləcə də dövlət xətti ilə Rusiya universitetlərində 300-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Azərbaycanın ali məktəblərində isə 220-dən artıq rusiyalı gənc təhsilini davam etdirir. 

                                        Amerika Birləşmiş Ştatlarında təhsil sistemi
Amerika Birləşmiş Ştatları (ABŞ) geniş perspektivlər və hədsiz imkanlar ölkəsidir. ABŞ elmi-tədqiqatların, qabaqcıl texnologiyaların tətbiqi və sənayenin inkişafı sahəsində böyük uğurlar qazanıb. Bütün bu uğurlar Amerikanın təhsil sisteminə də təsirsiz ötüşməyib. ABŞ təhsil sistemi dünyanın ən qabaqcıl tələblərinə cavab verən, texniki və elmi bazasının unikallığı ilə seçilən və analoqu olmayan bir sistemə çevrilib. Amerika universitetləri sadəcə ali təhsil müəssisələri deyil. Onların hər biri elmin bütün sahələri üzrə qabaqcıl elmi tədqiqatların aparıldığı və böyük kəşflərin edildiyi elmi tədqiqat mərkəzləridir. Təsadüfi deyil ki, ABŞ-ın Milli Aeronavtika və Kosmik Administrasiyasının (NASA-National Aeronautics and Space Administration) Cet Propuljon laboratoriyası Kaliforniya Texnologiya İnstitutunda yerləşir. Nüfuzlu təhsil müəssisələri dünyanın hər yerindən minlərlə şagird və tələbəni, eləcə də alimləri bu ölkəyə cəlb edir. Məhz yüksək keyfiyyətinə görə dünyada ən bahalı təhsil də məhz ABŞ-dadır.  ABŞ-da tarixi, iqtisadi və sosial amillərin təsiri altında formalaşmış müasir təhsil sistemi özünəməxsusluğu ilə seçilir. Burada dövlətin vahid təhsil sistemi yoxdur. Hər ştat təhsilin strukturunu müstəqil şəkildə müəyyən etmək hüququna malikdir. 
Təhsil sistemi 
Digər ölkələrlə müqayisədə Amerika məktəbləri daha demokratik olmaları ilə fərqlənir. İngiltərədə, Fransada və digər Qərbi Avropa ölkələrində uşaqlar adətən erkən yaşlarından ibtidai siniflərdə 2-4 il oxuduqdan sonra müxtəlif növ məktəblərə daxil olurlar. Məsələn, İngiltərədə uşaqların təxminən 10-15 faizi qrammatik məktəblərə, Fransada isə liseylərə gedirlər. ABŞ-da isə belə məktəb sistemi yoxdur. Ölkədə vahid məktəb strukturu da mövcud deyil.
Dövlətə məxsus məktəblərlə yanaşı, ABŞ-da kilsə və özəl təhsil müəssisələri də mövcuddur. Kilsə məktəbləri dini təşkilatlar tərəfindən maliyyələşir və buradakı təlim-tərbiyə işləri dini ruhda aparılır. Özəl məktəblərdə isə təhsil bahalı olduğundan burada, adətən imkanlı ailələrin övladları təhsil alırlar.
Uşaq bağçalarını başa vuran uşaqların təxminən 99 faizi məktəblərə daxil olurlar (6 yaşdan 13 yaşadək). Onların 94 faizi təhsillərini 18 yaşadək davam etdirirlər. 18-24 yaş arası gənclərin 29 faizi isə kollec və universitetlərə qəbul olurlar.
ABŞ-da universitet və ya kolleclərə daxil olmazdan əvvəl 12 illik ibtidai və orta məktəb təhsilini başa vurmaq əsas tələblərdən biridir. 
Məktəbəqədər təhsil  
ABŞ-da məktəbəqədər təhsil icbari deyil. Valideynlər övladlarını istədikləri təhsil müəssisəsinə verə bilərlər. Ölkədə məktəbəqədər təhsil müəssisələri sırasına oyun məktəbləri (play school - azyaşlı uşaqlar əşyaları oynayaraq tanıyırlar), körpələr evi (nursery school) və bağçalar (kindergarten) daxildir.
Bundan əlavə, ibtidai məktəblərin (elementary schools) əksəriyyətini beş yaşlı uşaqlar üçün məktəbəqədər təhsil müəssisələri təşkil edir. Adətən bu, ibtidai məktəbin birinci sinfi hesab olunur. 
Amerikanın bəzi məktəbəqədər təhsil müəssisələrində Montessori metodundan istifadə olunur. Bu metod doktor Mariya Montessori tərəfindən 1900-cü ilin əvvəllərində yaradılıb. Həmin metoda əsasən hər bir uşağın özünəməxsus ehtiyacı, marağı və inkişaf xüsusiyyətləri olduğu üçün ona fərdi yanaşma tətbiq olunmalıdır. Bəzi Montessori məktəbləri (Montessori schools) məktəbəqədər təhsil müəssisələrindən (2-5 yaşlı uşaqlar üçün) və ibtidai məktəblərdən (6-12 yaşlılar üçün) ibarətdir.
2010-cu ildə ABŞ-da uşaq bağçalarına cəlb olunmuş uşaqların sayı 1 milyon 94 min nəfər olub.   
Orta təhsil 
ABŞ-da təxminən 120 min orta məktəb var. Onların 27 mini özəldir. Şagirdlərin 15 faizi özəl təhsil müəssisələrində və ya kilsə məktəblərində təhsil alırlar. Məktəb məzunlarının təxminən 30 faizi universitetlərə qəbul olur.
Amerikanın orta təhsil strukturu 12 illik təhsil təklif edir və aşağıdakı pillələri əhatə edir:
1. İbtidai məktəb (elementary school): 6-11 yaşlı uşaqlar üçün (I-VI siniflər);
2. Əsas məktəb (secondary school): 12-15 yaşlı uşaqlar üçün (VII-IX siniflər);
3. Orta məktəb (High school): 16-18 yaşlı uşaqlar üçün (X-XII siniflər).
Məktəblərdə fənlərin tədrisi baxımından vahid tələblər qoyulmur. Onlar məktəbin yerləşdiyi ərazidən (ştatdan) və ya həmin məktəbin öz siyasətindən asılı olaraq dəyişə bilər.
Bütün məktəblərdə tədris olunan icbari fənlərə ingilis dili (İngiltərə və Amerika ədəbiyyatı), riyaziyyat (cəbr və həndəsə), xarici dil (əsasən ispan dili), tarix (Amerika və Avropa tarixi) və təbiət elmləri (biologiya, kimya, ekologiya) daxildir.
Amerikanın məktəb sistemində biliyin qiymətləndirilməsi bir qədər demokratik xarakter daşıyır. Burada fənlər üzrə vahid dövlət imtahanları mövcud deyil, onları aralıq və semestr testləri əvəz edir. İlin sonunda isə yekun imtahan verilir.
Təhsil alanların bu və ya digər fəndən aldığı qiymət yalnız testlərin nəticəsi əsasında müəyyənləşdirilmir. Qiymətləndirməyə onun təhsilə münasibəti, məktəb həyatında iştirakı və digər müvafiq meyarlar da təsir göstərir. Yeganə dövlət imtahanı SAT-dır (Scholastic Aptitude Test-Təhsilin qiymətləndirilməsi testinin). Buraya bacarıqlar üzrə ümumi akademik test, riyaziyyat biliyi və dil bacarıqlarının səviyyəsi daxildir. Bu test kollec və universitetlərə daxil olmaq imkanı yaradır. 
Tədris ili semestrlərə bölünür və 170-186 gün davam edir. Dərslər 5-6 saat olmaqla həftənin beş günü keçirilir.
İbtidai məktəb. Əsasən 6 yaşdan etibarən başlayır. Burada təhsil ştatdan asılı olaraq 5-6 il davam edir. Amerikada adətən məktəbə uşaqları 6 yaşında qəbul edirlər. Bütün dərslər (oxu, ədəbiyyat, şifahi nitq, orfoqrafiya, musiqi, təsviri incəsənət, hesab, tarix, təbiətşünaslıq, gigiyena, bədən tərbiyəsi və əmək) bir müəllim tərəfindən aparılır.
İbtidai məktəblərdə şagirdləri adətən testlərin nəticələrinə uyğun qruplara bölürlər. Bu testlər xüsusi hazırlıq tələb etmir, istedadlı uşaqları üzə çıxarır və riyazi dəqiqliklə intellekt əmsalını - IQ (intelligence quotient) müəyyənləşdirməyə imkan verir. IQ (ay kyu) testləri insanın intellekt səviyyəsinin qiymətləndirilməsidir. ABŞ-da orta intellekt əmsalı 100-dür. Ölkə məktəblərinin məzunlarının orta IQ-su 115, əlaçıların 135-140 təşkil edir. 70-dən aşağı IQ əqli gerilik hesab olunur.
IQ müəyyən edildikdən sonra A, B və C (istedadlı, normal və qabiliyyətsizlər) qrupları yaradılır və təhsil diferensiallaşdırılır. Təhsildə geri qalan uşaqlarla ciddi iş aparılır. İstedadlılar isə adətən kollec və universitetlərə hazırlaşırlar.
Əsas məktəb (secondary school). Təhsilin bu pilləsi 3 illikdir (VII-IX siniflər). Burada tədris olunan əsas fənlər aşağıdakılardır: ingilis dili, riyaziyyat, təbiətşünaslıq, bədən tərbiyəsi, gigiyena, musiqi, təsviri incəsənət, əmək və ya evdarlıq. Səkkizinci sinifdən etibarən şagirdlər maraq göstərdikləri fənləri seçmək hüququna malikdirlər.
Orta məktəb (high school). Təhsil müddəti 3 ildir (X-XII siniflər). Əsas fənlərə riyaziyyat (2 il), ingilis dili (4 il), təbiət elmləri (2 il) və sosial elmlər (3 il) daxildir.
Orta məktəbdə qiymətləndirmə sistemi ingilis əlifbasının A, B, C, D, F hərfləri ilə aparılır. Orta qiymətin müəyyən edilməsi üçün hərflərə uyğun ballardan  (A=4, B=3, C=2, D=1 və F= 0) istifadə olunur.
C-dən yuxarı qiymətlər yaxşı qiymətlər hesab edilir. Təhsilin davam etdirilməsi üçün tədrisin sonunda B və ya A qiymətləri alınmalıdır. D - biliyin orta səviyyədən aşağı olduğunu, F isə qeyri-qənaətbəxş nəticə və ya tədris materialının tamamilə öyrənilməməsi deməkdir.
Orta məktəbin bitirilməsi haqqında diplom almaq üçün son 4 il ərzində 16 akademik kurs üzrə zaçot almaq kifayətdir. Akademik kurs adətən 90-180 məşğələdən ibarət olur. Adətən hər yarımilə 5-6 kurs düşür. Son 4 ildə şagirdlərə 5 əsas fənnin - ingilis dili (4 il), riyaziyyat (3 il), təbiət elmləri (3 il), sosial elmlər (3 il), kompüter (5 ay) öyrənilməsi məsləhət görülür. Universitet və dördillik kolleclərdə təhsilini davam etdirmək istəyənlər üçün xarici dil kursunu (2 il) keçmək də tələb olunur.
Əsas fənlər 20-30 ixtisaslaşmış kurslara bölünür. Məsələn, ingilis dilinə Amerika ədəbiyyatı və ədəbi yaradıcılıq daxil edilir. Məqbul qiymət almaq üçün müasir yazıçıların yaradıcılığı və ya jurnalistika sahəsindən də imtahan vermək mümkündür.
Təhsil Nailiyyətlərinin Milli Qiymətləndirilməsi (National Assessment of Educational Progress - NAEP) təşkilatının verdiyi məlumata əsasən, 2010-2011-ci tədris ilində təxminən 49,4 milyon şagird dövlət ibtidai və orta məktəblərində təhsil alır. Bundan əlavə, 5,8 milyon şagird özəl məktəblərdə təhsil alır. Bütün bu məktəblərdə təxminən 3,8 milyon müəllim çalışır.
2010-2011-ci tədris ilində isə 19,1 milyon nəfər iki və dördillik kolleclərə və universitetlərə daxil olub. Bu rəqəm 2000-ci illə müqayisədə 3,8 milyon nəfər çoxdur.
2010-2011-ci tədris ilində orta təhsilə təxminən 340 milyard dollar məbləğində vəsait ayrılıb. Ölkə üzrə hər şagirdə orta hesabla 10 min 792 dollar düşür. Müqayisə üçün qeyd edək ki, 2007-2008-ci tədris ilində bu məbləğ 10 min 297 dollar təşkil edib.  
Ali təhsil 
ABŞ-da ali təhsil müəssisəsi anlayışının dəqiq təyinatı mövcud deyil. Orta məktəbdən sonra təhsil verən istənilən təhsil müəssisəsi kollec, məktəb, institut və hətta universitet adlandırıla bilər. Hər hansı təhsil müəssisəsinin statusunu müəyyənləşdirən yeganə meyar orda tədris olunan ixtisasların keyfiyyəti və həyata keçirilən elmi tədqiqatlar ola bilər.
Ali məktəblərə qəbul olunmaq üçün abituriyentlərə qarşı vahid tələblər yoxdur. İkiillik kolleclərə daxil olmaq üçün heç bir qəbul şərtləri və yaş məhdudiyyəti qoyulmur. Abituriyentlərdən sadəcə olaraq orta təhsil haqqında sənəd tələb edilir.
Ali təhsil müəssisəsinin növündən və nüfuzundan asılı olaraq, qəbul olmaq istəyənlərdən müsabiqə imtahanları, müsahibələr və test imtahanları götürülə bilər. Əsasən namizədlərdən aşağıdakı sənədlər tələb edilir:
- orta məktəb nailiyyətləri haqqında sənəd (GPA - Grade Point Average, orta bal);
- SAT (Scholastic Aptitude Test) - təhsilin qiymətləndirilməsi testinin nəticələri;
- müəllimlərin zəmanəti;
- yazılı inşa;
- liderlik potensialının olması haqqında və tədrisdənkənar tədbirlərdə (məsələn, məktəb qəzetində, idman komandalarında, yaradıcılıq müsabiqələrində, ictimai işlərdə) iştirakı təsdiqləyən sənədlər.
Amerika ali təhsilində çoxpilləli sistem qəbul edilib. Bu sistemə əsasən ölkədəki ali təhsil müəyyən dövrlərə bölünür.
Bakalavr (Undergraduate) dövrü 4 il davam edir və humanitar (Bachelor of Arts, BA) və ya təbiət elmləri (Bachelor of Science, BS) bakalavr dərəcəsinin alınması ilə başa çatır. Bakalavr kursunun proqramına təxminən 30 tədris fənni daxildir. Onlardan hər biri müəyyən kredit balı ilə qiymətləndirilir. Ümumilikdə, bakalavr dərəcəsini almaq üçün 120 kredit toplamaq lazımdır. Əgər tələbə müəyyən sayda mühazirədə iştirak edibsə (akademik saatlarla ölçülən), laborator işləri yerinə yetiribsə, müstəqil iş (referat, esse, hesabat və s.) yazıbsa, o zaman müvafiq krediti qazanmış hesab olunur.
Amerika təhsil sistemi özünəməxsus çevikliyi ilə fərqlənir. Məsələn, bakalavr proqramı üzrə təhsilin ilk iki ili bir sıra əsas fənlərin icbari qaydada öyrənilməsi nəzərdə tutulur. Növbəti iki ildə isə tələbələr kifayət qədər geniş siyahıdan istədikləri kursu seçə bilirlər.
Magistr (Graduate) dövrü magistr dərəcəsinin (MasterTs Degree) verilməsi ilə nəticələnir. Magistraturada təhsil iki ildir. Sonda məzunlar magistr dissertasiyası yazır və müdafiə edirlər. 
Ali təhsil müəssisələri  
ABŞ-ın ali təhsil müəssisələrinin sayı 4480-dən çoxdur. Buraya ikiillik və dördillik kolleclər, eləcə də universitetlər daxildir.
Universitetlər proqram seçimində və onların məzmununun müəyyən edilməsində sərbəstdirlər. Bundan əlavə, ölkənin ən yaxşı universitetləri böyük maliyyə sərbəstliyinə malikdirlər. Onların maliyyə mənbələri yalnız tələbələrdən alınan təhsil haqları hesabına deyil, həmçinin elmi-tədqiqat işlərindən, sponsor yardımından əldə edilən gəlirlər hesabına formalaşır.
Ölkənin ən qədim ali təhsil müəssisəsi 1636-cı ildə yaradılmış Harvard Universitetidir. 1693-cü ildən 1749-cu ilədək ABŞ-da daha dörd ali təhsil ocağı - Vilyam və Meri Kolleci (1693, Virciniya ştatı), Yel (1701), Prinston (1746) və Pensilvaniya (1749) universitetləri fəaliyyətə başlayıb. 
Digər universitetlər ərazilərə görə (Orta Qərb, Şimal, Cənub və Qərb bölgələri) bölünürlər. Bu sıraya öz ştatlarının büdcəsindən maliyyələşən dövlət universitetləri, ayrı-ayrı şəxslərin və ya fondların maliyyə vəsaiti hesabına fəaliyyət göstərən özəl universitetlər daxildir.  
Dünya universitetləri reytinqində ABŞ universitetləri həmişə yüksək pillələri tuturlar. "Times Higher Education World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən dünyadakı 100 ən yaxşı universitetin 51-i ABŞ-dadır. Reytinqin ilk beşliyində də ABŞ universitetləri (Harvard Universiteti, Kaliforniya Texnologiya Universiteti, Massaçusets Texnologiya Universiteti, Stanford Universiteti və Prinston Universiteti) qərar tutur.
"QS World University Rankings"in hesabatına əsasən isə dünyadakı 100 ən yaxşı universitetin 31-i ABŞ-da yerləşir. Bu reytinqdə ilk onluğa daxil olan universitetlərin altısı (Harvard Universiteti -2, Yel Universiteti - 3, Massaçusets Texnologiya Universiteti - 5, Çikaqo Universiteti - 8, Kaliforniya  Texnologiya Universiteti - 9, Prinston Universiteti - 10) Amerikanın payına düşür.
Təhsilin sonunda bakalavr, magistr və doktorluq dərəcələri verilir. Kollec və universitetlər veriləcək dərəcələri və onları alacaq tələbələri özləri müəyyənləşdirir.
Amerika universitetləri tədris binaları, laboratoriyalar, kitabxanalar, yataqxanalar, müəllimlər üçün evlər, kafe və yeməkxanalar, idman və mədəni  kampuslar, təhsil şəhərcikləri ilə əhatə olunur. Tədris ili 2 və ya 3 semestrdən ibarətdir.
Mühazirələrdə, adətən, minədək tələbə iştirak edir. Hər tələbənin şəxsi tədris planı olur. Universitetlərdə daimi qruplar yoxdur. Müəllimlər adətən mühazirənin surətini tələbələrə payladıqları üçün konspekt tutmağa ehtiyac olmur. Hər semestrin sonunda imtahan və zaçotlar verilir. Bu zaman nailiyyət qazana bilməyən tələbələr universitetlərdən çıxarılmırlar. Onlara imtahanı bir neçə dəfə yenidən vermək imkanı yaradılır.
Dördillik kolleclər statusuna görə universitetlərə bərabər tutulurlar. Onların bəziləri müstəqil təhsil müəssisələri olsa da, digərləri universitetlərin tərkibində fəaliyyət göstərirlər. Kolleclərlə universitetlər arasında yeganə fərq kolleclərin yalnız bakalavr proqramı əsasında tədris aparmasından ibarətdir. Təhsilini magistraturada davam etdirmək istəyən tələbə universitetin magistr (Graduate) proqramına qəbul oluna bilər.  
Bundan əlavə, ABŞ-da ştatdaxili regional kolleclər də fəaliyyət göstərir. XX əsrin əvvəllərində yaradılan regional kolleclərdən ibarət sistemin əsas məqsədi məktəblə universitet arasında keçid yaratmaqdır. Bu kolleclərdə təhsil 2 il davam edir və Associate degree (Aralıq dərəcə) alınması ilə başa çatır. Bu dərəcə tələbələrə bakalavr dərəcəsi almaq üçün öz təhsillərini universitetlərdə davam etdirmək imkanı yaradır. Regional kolleclərin özünəməxsusluğu, onların ümumtəhsil proqramları və texniki sahələr üzrə ixtisasartırma kursları təklif etməsindən ibarətdir.
ABŞ-da tibbi təhsil ən bahalı təhsillərdən hesab edilir. Tələbələrin bir hissəsi təhsil haqqı ödəmək iqtidarında olmadıqlarından, əsasən təhsil kreditləri hesabına oxuyurlar. Statistikaya əsasən, təhsilin sonunda Amerika Tibb Məktəbi məzunlarının əksəriyyətinin 100 min dollardan artıq borcu olur. Buna baxmayaraq, məzunların təcrübi və tədqiqat fəaliyyətlərinin ilk aylarında aldıqları yüksək məvaciblər təhsilə xərclənmiş vəsaiti ödəmək imkanı yaradır.
ABŞ-ın ən məşhur tibb məktəbləri arasında Oreqon Tibb və Elm Universiteti (Oregon Health & Science University), Miçiqan Dövlət Universiteti Osteopatik Tibb Kolleci (Mich. State U. College. of Osteopathic Medicine), Minnesota Universiteti (University of Minnesota), Con Hopkins Universiteti (Johns Hopkins University), Kolumbiya Universiteti Terapiya və Cərrahiyyə Kolleci (Columbia U. College of Physicians and Surgeons) və digər tədris ocaqlarının adlarını çəkmək olar.
Amerika ali təhsilindən danışarkən biznes təhsilini qeyd etməmək mümkün deyil. Belə ki, dünyada ilk biznes məktəbi - Tak Biznes Məktəbi (TuckTs School of Business) məhz ABŞ-da yaradılıb. Bu gün dünyanın aparıcı biznes məktəblərinin təxminən 60 faizi Amerikadadır. Bu ölkədə alınmış MBA (Master of Business Administration) diplomu bütün dünyada gələcək uğurlu karyeranın zəmanəti hesab edilir.
ABŞ-da 1500-dən artıq təhsil müəssisəsi MBA proqramları təklif edir. Amerikanın ən məşhur biznes-proqramlarına marketinq, maliyyə, beynəlxalq və İnternet biznesi, sahibkarlıq, pərakəndə satış və digər sahələr üzrə proqramlar aiddir. ABŞ biznes-məktəblərində təhsil iki il davam edir. Təhsil haqqı ildə təxminən 50 min dollardır. Amerika biznes məktəbinə daxil olan hər kəs qəbul komissiyasına təhsil haqqını ödəmə qabiliyyətinin olması ilə bağlı zəmanət təqdim etməlidir.
İlk MBA məktəbləri olan Harvard, Stenford və Barton məktəbləri uzun illərdir ki, dünya universitetlərinin reytinq siyahısında ilk üç pilləni tuturlar. Bəzən onlar reytinq siyahısında bir-birini əvəz edirlər.
Onu da qeyd edək ki, ABŞ-da 16-24 yaşlılar arasında təhsilini yarımçıq qoyanlar 2009-cu ildə 8,1 faizə qədər azalıb. Tələbələr arasında qızların sayı (10,9 milyon) oğlanlardan (8,3 milyon) çoxdur. Bütün tələbələrin 11,9 milyonu əyani təhsil, 7,2 milyonu isə qiyabi təhsil alır.  
Əcnəbi tələbələr               
ABŞ universitet və kolleclərdə təhsil alan əcnəbi tələbələrin sayına görə dünya lideridir. Tələbələrin Amerikanı seçməsinin bir sıra səbəbləri var. Amerikada geniş ixtisas seçimi və güclü elmi-tədris bazası mövcuddur. Amerika universitetləri sadəcə ali təhsil müəssisələri deyil. Onların hər biri elmin müxtəlif sahələri üzrə qabaqcıl tədqiqatların aparıldığı və kəşflərin edildiyi mərkəzlərdir.
ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosunun dəstəyi ilə Beynəlxalq Təhsil İnstitutunun  (Institute of International Education, IIE) hazırladığı illik hesabatına əsasən 2009-2010-cu tədris ilində ABŞ universitetlərinə 202 mindən çox əcnəbi tələbə qəbul olunub. Ümumlikdə, 2009-2010 - cu tədris ilində ABŞ universitetlərində 700 minə yaxın əcnəbi tələbə təhsil alıb ki, bu da 2008-2009-cu ilin tədris ili ilə müqayisədə 2,9 faiz çoxdur.
ABŞ-da təhsil alan əcnəbi tələbələrin böyük əksəriyyəti Çin (18,5 faiz), Hindistan (15,2 faiz) və Cənubi Koreya (10,4 faiz) vətəndaşlarıdır. Bu üç ölkədən olan tələbələr əcnəbi tələbələrin ümumi sayının təxminən 44 faizini təşkil edir. Əgər 2008-2009-cu tədris ilində əcnəbi tələbələr arasında hindistanlıların sayı çoxluq təşkil edirdisə, 2009-2010-cu tədris ilində çinlilər ön mövqeyə çıxıb. Bundan əlavə, ABŞ-da təhsil alan əcnəbi tələbələrin statistikasında ilk onluğa Kanada (4,1 faiz), Tayvan (3,9 faiz), Yaponiya (3,6 faiz), Səudiyyə Ərəbistanı (2,3 faiz), Meksika (1,9 faiz), Vyetnam (1,9 faiz) və Türkiyə (1,8 faiz) daxildir.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 26 azərbaycanlı gənc ABŞ-ın ən nüfuzlu  ali təhsil müəssisələrinə göndərilib. Artıq onlardan 9 nəfəri təhsillərini başa vuraraq  ölkəmizə qayıdıb.
ABŞ-da təhsil alan əcnəbi tələbələrin əksəriyyəti Cənubi Kaliforniya Universitetində (University of Southern California, 8 minə qədər), İllinoys - Urbana Şampeyn Universitetində (University of Illinois - Urbana-Champaign, təxminən 8 min), Nyu-York Universitetində (New York University, 7,3 min), Perdyu Universitetində (Purdue University, 6,9 min), Kolumbiya Universitetində (Columbia University, 6,8 min), Miçiqan Universitetində (University of Michigan - 6,1 min), Kaliforniya Universitetində (University of California, 5,7 min), Miçiqan Dövlət Universitetində (Michigan State University, 5,4 min), Texas Universitetində (University of Texas, 5,3 min) və Boston Universitetində (Boston University, 5,2 min) təhsil alırlar.
ABŞ-da təhsil alanların 21,1 faizi (145,5 min nəfər) biznes və menecment sahələrinə, 18,4 faizi (127,4 min nəfər) mühəndislik elmlərinə, 8,9 faizi (61,285 min nəfər) fizika və həyat haqqında elmlərə, 8,8 faizi (təxminən 61 mini) riyaziyyat və kompüter elmlərinə, 8,7 faizi (təxminən 60 mini) ictimai elmlərə üstünlük verirlər. 
Beynəlxalq Təhsil İnstitutunun  (Institute of International Education, IIE) məlumatına görə, 2008-2009-cu tədris ilində Amerikadan olan 260 mindən artıq tələbə xarici ölkələrdə təhsil alıb. Bu ölkələr arasında liderliyi Böyük Britaniya (12 faiz), İtaliya (10,5 faiz), İspaniya (9,3 faiz), Fransa (6,5 faiz) və Çin (5,3 faiz) tutur. Xarici dövlətlərdə oxuyan amerikalılar əsasən sosial elmlərə, biznes və idarəetmə, humanitar, tətbiqi incəsənət, rəssamlıq, fizika və yer haqqında elmlərə üstünlük verirlər.  
Təhsil və yaşayış haqqı 
ABŞ universitetlərində təhsil haqqı bir sıra meyarlardan asılıdır. Bu baxımdan təhsil ocağının statusu (dövlət və ya özəl, kollec və ya universitet), nüfuzu və konkret fakültə əsas götürülür. Ən aşağı qiymətlər dövlət kollecləri və universitetlərindədir. İlk ildə təhsilin məbləği orta hesabla 7 min, ikinci il 9-10 min ABŞ dolları ola bilər. Məsələn, Berkli Universiteti kifayət qədər tanınsa da, burada təhsil ildə təxminən 14-20 min dollar təşkil edir. Özəl ali təhsil müəssisələrində isə (məsələn, Stenford və ya Harvard universitetlərində) qiymətlər 30 min dollardan (qiymətlər tədris ilinə görə fərqlənə bilər) başlayır. Texniki ixtisaslar bahalı laboratoriya avadanlıqlarından istifadəni nəzərdə tutduğu üçün humanitar elmlərə nisbətən daha çox xərc tələb edir. Qeyd etdiyimiz kimi, Amerikada ən yüksək təhsil haqqı tibb ixtisası üzrədir.
Yaşayış qiymətləri isə universitetin yerləşdiyi ərazidən asılıdır. Həyat səviyyəsinə görə ölkənin ən bahalı şəhərləri Nyu-York, Los-Anceles və Çikaqodur. Ən ucuz yaşayış ölkənin kiçik əyalət şəhərlərindədir.
Tələbələrin xərclərinin əsas hissəsini yaşayış xərcləri təşkil edir. Universitet kampusundakı yataqxanalardakı otaqlarda qalmaq ildə 5-12 min dollara (universitetin yerləşdiyi ərazidən asılı olaraq) başa gəlir. 
Təqaüd proqramları 
ABŞ hökuməti Amerikada təhsil almaq istəyən əcnəbi tələbələr üçün xeyli sayda təqaüdlər təklif edir. Onların böyük hissəsi magistr və doktor proqramlarının iştirakçıları üçün nəzərdə tutulub. Lakin bakalavrlar üçün də təqaüdlər mövcuddur.
Qlobal Bakalavr Mübadiləsi Proqramı (UGRAD) çərçivəsində təqaüd I-III kurs tələbələrinə verilir. Bu, 1 və ya 2 il ərzində kənd təsərrüfatı, biznes, informatika, pedaqogika, iqtisadiyyat, beynəlxalq əlaqələr və digər istiqamətlər üzrə təhsil almaq imkanı yaradır. 1995-ci ildən bu proqramda 200-dən çox azərbaycanlı tələbə iştirak edib.
Fulbrayt Proqramı (Fulbright Program) çərçivəsində magistraturada təhsil üçün incəsənət, humanitar və ictimai elmlər, texniki və təbiət elmləri, eləcə də ABŞ tarixi, hüquq, jurnalistika, psixologiya, kinematoqrafiya, teatr və incəsənət, sosiologiya, memarlıq və digər sahələr üzrə təqaüd ayrılır. Eləcə də bu proqram çərçivəsində Amerika universitetlərində magistr (MA- Master of Arts) dərəcəsinin alınması üzrə ikiillik qrantlar təklif edilir. Bundan əlavə, proqram Amerika universitetlərində və arxivlərində namizədlik dissertasiyası üçün material toplamaq məqsədilə elmi-tədqiqat işləri aparmağa birillik qrantlar ayırır.
Fulbrayt Proqramı üzrə təqaüdlər Azərbaycan vətəndaşları üçün də verilir. Bu proqram üzrə təqaüdlərin verilməsi açıq müsabiqə yolu ilə ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən hər tədris ilində həyata keçirilir. Ali təhsili (ən azı bakalavr dərəcəsi) olan, ingilis dilini bilən Azərbaycan vətəndaşları bu proqrama qoşulmaq üçün ərizə verə bilərlər.
ABŞ Konqresi tərəfindən 1992-ci ildə təsis edilmiş Edmund S.Maski Magistr Proqramının (Edmund S.Muskie Graduate Fellowship Program) məqsədi Avrasiya ərazisində iqtisadiyyatın və demokratiyanın inkişafına yardım göstərməkdir. Bu, ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosunun  proqramı olsa da, IREX tərəfindən həyata keçirilir. Proqram Azərbaycan, Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Ermənistan, Özbəkistan və Ukraynadan olan aspirantlara və  mütəxəssislərə ABŞ-da 1 il dərəcəsiz, 1 və ya 2 il müddətində isə dərəcə almaq üçün təhsil təklif edir.
1998-2008-ci illər ərzində təqribən 280-ə yaxın azərbaycanlı gənc bu proqramda iştirak edib. Proqram iştirakçıları magistr dərəcəsi almaqla yanaşı, bitirdikləri universitetdə ixtisasları üzrə 12 həftəlik təcrübə keçmək imkanı da qazanırlar. Ali təhsili (ən azı bakalavr dərəcəsi) olan, ingilis dilini bilən və biznes idarəçiliyi, iqtisadiyyat, hüquq, ictimai idarəetmə, ictimai siyasət, ətraf mühit, beynəlxalq əlaqələr, kitabxanaçılıq, təhsil və jurnalistika ixtisaslarından birinə yiyələnmək istəyən istənilən Azərbaycan vətəndaşı proqram üzrə təqaüd almaq üçün müraciət edə bilər.
Gələcək Liderlərin Mübadiləsi Proqramı (FLEX) ABŞ Dövlət Departamentinin təşəbbüsü ilə həyata keçirilir. Bu proqram çərçivəsində MDB ölkələrindən hər il yüzlərlə X və XI sinif şagirdləri ABŞ-ın orta məktəblərində təhsil alır və bu ölkədə yaşayır. Proqram üzrə seçim prosesi ingilis dilini bilmə, şəxsi keyfiyyətlər, akademik nailiyyətlər və rəhbərlik potensialı kimi meyarlara əsaslanır. Seçilmiş şagirdlər Amerika haqqında kurslar keçir və bir il müddətində Amerikanın orta məktəblərində tam kursu bitirirlər.
1998-ci ildən başlayaraq FLEX Proqramı üzrə hər il 55 azərbaycanlı şagird ABŞ-da təhsil alır. İndiyədək 800-dən artıq şagirdimiz bu proqramda iştirak edib. FLEX Proqramı çərçivəsində ABŞ-da bir il təhsil almaq hüququ qazanan məktəblilər arasında təkcə Bakı şəhərinin deyil, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir, Quba, Şəki, Lənkəran məktəblərinin də şagirdləri var.
Gənc Müəllimlərin İnkişafı Proqramı
 (JFDP) gənc ali məktəb müəllimləri üçün nəzərdə tutulur. Bu layihə tədris proqramlarının hazırlanması və tədris metodikasının təkmilləşdirilməsi sahələrini əhatə edir. Həmin proqram çərçivəsində müəllimlər ABŞ və Azərbaycanın ali məktəbləri ilə sıx əməkdaşlıq əlaqələri yaradırlar. Birillik akademik proqramda 2 aylıq stajkeçmə də nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, bu proqram elmi dərəcə alınmasını nəzərdə tutmur. 1999-2007-ci illərdə Azərbaycandan 35 nəfər bu proqramda iştirak edib.
2010-2011-ci tədris ili üzrə Gələcək Liderlərin Mübadiləsi Proqramı (FLEX) çərçivəsində 42, Gənc Müəllimlərin İnkişafı Proqramı (JFDP) üzrə 5, "Open World" Proqramı çərçivəsində 50, Qlobal Bakalavr Mübadiləsi Proqramı (UGRAD) çərçivəsində 10, Edmund S. Maski Proqramı çərçivəsində isə 15 nəfər ABŞ-a göndərilib.
Bunlardan əlavə, Amerikada hər universitetin öz təqaüd proqramı mövcuddur. Bir çox hallarda onlar əcnəbi tələbələrə də şamil edilir. Bəzən təhsildə və ya idmanda yüksək göstəricilər qazanmaq təqaüd almaq üçün əsas ola bilər. Adətən, bu cür təqaüdlərin məbləği yüksək olmur və təhsil xərclərinin yalnız bir qismini ödəyir.  
Elmi tədqiqatlar 
ABŞ-da elmin idarə edilməsi təcrübəsi xeyli maraq doğurur. Çünki söhbət təhsil, iqtisadiyyat sahələri və müxtəlif dövlət orqanları ilə sıx inteqrasiya edən dünyanın ən iri Elmi-Texniki Kompleksindən gedir. Burada universitetlərin tədqiqat mərkəzləri, sənaye korporasiyaları, milli dövlət laboratoriyaları, azad tədqiqat təşkilatları, kiçik və orta kommersiya və mühəndis şirkətləri, kooperativ təşkilatlar daxildir. Hökumət ETK-nın müstəqil fəaliyyətinin səmərəliliyini təmin edir, həmçinin elmi-texniki siyasətin formalaşması işinin təşkili ilə məşğul olur.
Milli Elm Fondu (MEF) federal hökumət tərkibində elm və texnikanın inkişafına məsul olan yeganə qurumdur. MEF əsasən universitetlərdəki kiçik, orta kommersiya və mühəndis firmalarındakı fundamental tədqiqat proqramlarını maliyyələşdirir.
Federal hökumətin büdcə maliyyəsi nəzəri elmin inkişafını stimullaşdıran əsas mənbə hesab olunur. Federal hökumətin maliyyəsi universitetlərin fundamental tədqiqat xərclərinin 65 faizini və qeyri- təhsil xərclərinin isə 60 faizini təşkil edir. Dövlət bu investisiyanı bütün elm sahələrində liderliyi saxlamaq məqsədilə ayırır.
Ali təhsil müəssisələri qabaqcıl fundamental tədqiqatların həyata keçirilməsində və yüksək ixtisaslı elmi kadrların yetişdirilməsində əsas rola malikdir. ABŞ ali məktəblərində təhsil prosesi ilə yüksək keyfiyyətli elmi tədqiqatlar bir-birilə sıx birləşir.
Bundan əlavə, ölkədə bir sıra elmi-tədqiqat institutları fəaliyyət göstərir. Bu müəssisələrin məqsədi tədqiqatların aparılması, biliklərin dərinləşdirilməsidir. Bu institutlar arasında 1916-cı ildə yaradılmış Dövlət Tədqiqatları İnstitutu (Institute for Government Research) və 1927-ci ildən fəaliyyət göstərən Brukinqs İnstitutu (Brookings Institution)  daha məşhurdurlar. 
Nobel mükafatçıları 
Birləşmiş Ştatlar dünya elmində lider mövqeyə malikdir. Nobel laureatları arasında amerikalıların sayı mütləq çoxluq təşkil edir. Belə ki, dünyada olan 817 Nobel mükafatçısının 316-sı amerikalıdır. Con Bardin (fizika) və Linus Paulin (kimya və sülh) Nobel mükafatına iki dəfə layiq görüldüyündən, ümumilikdə, amerikalıların aldıqları mükafatların sayı 318-dir.
Amerikalılar kimya üzrə 62, iqtisadi elmlərə görə 47, ədəbiyyat sahəsi üzrə 11, fizika üzrə 84, fiziologiya və ya tibb üzrə 93, Nobel sülh mükafatına isə 21 dəfə layiq görülüblər. 

                                       Almaniyada təhsil sistemi
Almaniya ideyalar ölkəsidir. Burada təhsilə, elmə və elmi tədqiqatlara hər zaman xüsusi diqqət ayrılıb. Ölkədə 50 mindən çox orta məktəb, 3000 mindən artıq gimnaziya mövcuddur.  Bu tədris müəssisələrində 12 milyondan çox şagird təhsil alır. 370 ali təhsil müəssisəsi, o cümlədən elmlər namizədi hazırlayan 140 universitet və təxminən 200 ixtisaslaşmış ali təhsil ocağı fəaliyyət göstərir. Bundan əlavə, ölkədə 63 özəl universitet və 40-dan artıq dini təmayüllü ali məktəb var. Ölkənin demək olar ki, hər bir iri şəhərində ali təhsil müəssisəsi mövcuddur. Təhsil sistemi mərkəzləşmiş qaydada idarə olunmur. Federal torpaqların hər birinin müvafiq idarəetmə strukturları fəaliyyət göstərir. Bu səbəbdən ölkənin, müxtəlif əyalətlərində təhsilalma şərtləri və təhsil proqramları arasında fərqlər mövcuddur.   
Məktəbəqədər təhsil 
Almaniyada uşaqların məktəbəqədər təhsili icbari təhsil sisteminə daxil olmadığından məcburi deyil. Yalnız zəif inkişaf etmiş azyaşlı uşaqların təhsili istisnadır. Belə ki, məktəbə yeni gedən uşaq hər hansı səbəbə görə öz yaşıdlarından geri qalırsa, o zaman xüsusi məktəbəqədər siniflərdə (vorklassen) və ya məktəbdaxili uşaq bağçalarında (schulkindergarten) birinci sinfə hazırlıq kursu keçir. Uşaq bağçalarının (kindergarten) təqribən 20 faizi dövlətin, qalan 80 faizi isə kilsənin, xeyriyyə cəmiyyətlərinin və yerli hakimiyyət orqanlarının (bələdiyyələrin) himayəsindədir. Bundan əlavə, uşaq bağçaları müəssisə və təşkilatlar tərəfindən də yaradıla bilər.
Bağçalara 3 yaşından 6 yaşadək uşaqlar qəbul edilir. Uşaqların bağçalarda saxlanılması xərcləri yerli hakimiyyət orqanları, məktəbəqədər təhsil müəssisəsi və valideynlər tərəfindən ödənilir. Valideynlərin xərcləri ailənin gəlirindən, ailə üzvlərinin və ya ailədəki uşaqların sayından asılıdır.  
Orta təhsil  
Almaniyada bütün uşaqlar altı yaşından etibarən 9 il ərzində icbari qaydada məktəbə getməlidirlər. Dövlət məktəblərində təhsil pulsuzdur. Adətən, uşaqlar 4 il ibtidai məktəbdə oxuyurlar. Sonra onlar müxtəlif növ məktəblərə - əsas məktəb, real məktəb və gimnaziyaya daxil olurlar. Məktəblər şagirdlərin bacarıqlarına olan tələblərə, həmçinin nəzəri və praktik təlim nisbətinə görə bir-birindən fərqlənirlər. Bundan əlavə, ölkədə birləşmiş məktəblər mövcuddur. Burada bütün növ məktəblərin şagirdləri paralel şəkildə təhsil alır, bir məktəbdən digərinə keçə bilirlər. Əsas məktəbdə V sinifdən X sinfə qədər təhsil icbari, X sinifdə isə könüllüdür. Real məktəbdə şagirdlər V sinifdən X sinfə qədər oxuyur və sonda kamillik attestatı alırlar. Gimnaziyada federal torpaqdan asılı olaraq tədris XII-XIII siniflərə qədər aparılır və kamillik attestatının alınması ilə başa çatır. Bu attestat ali təhsil müəssisəsinə daxil olmaq hüququ verir.
Məktəblərin əksəriyyətində dərslər günün birinci yarısında aparılır. Məktəb təhsili torpaqların səlahiyyətinə daxildir. Məktəb siyasəti isə təhsil və mədəniyyət nazirliklərinin Daimi Şurası tərəfindən əlaqələndirilir.  
Peşə təhsili  
Almaniyada peşə təhsili sahəsində dual sistem geniş yayılıb. Bu sistemin təməlində nəzəriyyə ilə təcrübənin qarşılıqlı əlaqəsi prinsipi dayanır. Burada tərəflərdən biri peşə məktəbi, digəri isə təlim müəssisəsidir.
Gənclərin təxminən yarısı məktəbdən sonra dual sistem çərçivəsində dövlət tərəfindən tanınmış 350 rəsmi peşədən birinə yiyələnir. Peşə təhsili orta məktəblərdə tədris olunan təhsildən fərqlənir. Peşə təhsilinə yiyələnənlərə həftədə 3-4 gün müəssisələrdə təcrübə keçilir və bir-iki gün isə peşə məktəbində nəzəri biliklər verilir. Təhsil müddəti 2 ildən 3,5 ilə qədərdir.
Texniki peşə təhsili bu məktəblərdə təhsil xərclərini öz üzərinə götürən dövlət və müvafiq müəssisələr tərəfindən şagirdlərə ayrılan pul mükafatları hesabına maliyyələşdirilir. Hazırda 500 mindən çox müəssisə və dövlət xidməti sistemi gənclərin peşə təhsilinə yiyələnmələri ilə məşğuldur. Şagird yerlərinin 80 faizdən çoxunu kiçik və orta şirkətlər təqdim edirlər. Dual sistemin sayəsində Almaniyada peşəsi və ya müəssisələrdə şagirdlik yeri olmayan gənclərin sayı o qədər də çox deyil. Bu ölkədə 15-19 yaşındakı gənclər arasında bu göstərici cəmi 4,2 faiz təşkil edir. Nəzəriyyə ilə təcrübənin əlaqələndirilməsi peşəkarların və fəhlələrin yüksək ixtisasa yiyələnmələrini təmin edir. Peşə təhsili usta olmaq imkanı verən karyeranın başlanğıcı hesab edilir. Peşə təhsilinin səviyyəsinin artırılması üzrə həyata keçirilən müxtəlif tədbirlər universitetlərdə magistr dərəcəsi almaq imkanı da yaradır.   
Ali təhsil  
Qloballaşma Almaniyanın elmi və ali təhsili qarşısında yeni tələblər qoyur. Müvafiq islahatlar nəticəsində universitetlər ali təhsil sistemini yeni beynəlxalq tələblərə uyğunlaşdırmağa başlayıblar. Buraya çoxpilləli təhsil sistemi (bakalavr və magistratura), ali təhsilin ödənişli olması, qəbul testləri, universitetlər və qeyri-universitet müəssisələri ilə strateji tərəfdaşlığın gücləndirilməsi aid edilə bilər. Bütün bunların sayəsində ali təhsil böyük dəyişikliklərə məruz qalıb.
Almaniyada verilən elmi dərəcələr digər Avropa ölkələrindən bir qədər fərqlidir. Ali məktəblərin riyaziyyat, təbiət elmləri, iqtisadiyyat və sosiologiya fakültələrinin məzunları ali təhsil haqqında dövlət diplomu alırlar. Humanitar fakültənin tələbələrinə təhsillərini bitirdikdən sonra, adətən, magistr (magister artium) dərəcəsi verilir. Bundan sonra aspiranturaya (promotion) daxil olaraq doktorluq dərəcəsi (doktor) almaq mümkündür. 2010-cu ildən Almaniya universitetlərinin fakültələri əsasən bakalavr və magistr dərəcələri (beynəlxalq nümunəli) almaq imkanı verən təhsil sisteminə keçməyə başlayıblar. Bu, Avropa dövlətlərinin qoşulduqları Boloniya prosesinə uyğundur.
Almaniyada ali təhsil müəssisələrinə qəbulun ümumi standartları müəyyən edilib. Belə ki, universitetə daxil olarkən gimnaziyada və ya gimnaziya proqramı üzrə əsas və ya real məktəbdə təhsilin nəticələrinə uyğun verilən sənəd (abitur diplomu) əsas götürülür. Abitur diplomu ilə təsdiqlənmiş təhsil standartlarına uyğunluq, adətən, universitetə imtahansız qəbul olmaq imkanı verir.
Almaniya ali təhsilinin əsas prinsipi "akademik sərbəstlik" sistemidir. Bu sistem hər bir  tələbəyə öyrənmək istədiyi fənlərin siyahısını müəyyənləşdirmək imkanı yaradır. Almaniyanın ali təhsili təlim prosesi ilə elmi tədqiqatların birləşdirilməsini də nəzərdə tutur. Belə ki, universitetlərdə hər semestr mühazirə (14-20 həftə) və qeyri-mühazirə dövrlərindən ibarətdir. Qeyri-mühazirə dövründə tələbələr müstəqil elmi işlə məşğul olurlar.
Ali təhsilin ilk pilləsi baza dövrüdür (grundstudium). Bu pillədə təhsil adətən dörd semestrdir (iki tədris ili) və aralıq imtahanlarının (diplom - vorprüfung, zwischenprüfung) verilməsi ilə başa çatır. Bu imtahanları uğurla verən tələbələr ikinci pillədə (hauptstudium) təhsilini davam etdirmək hüququ qazanırlar. Bu pillədə təhsil daha beş semestr davam edir və ixtisasın daha dərindən öyrənilməsini nəzərdə tutur. O, adətən, buraxılış imtahanı ilə başa çatır. Bir sıra ixtisasların (pedaqogika, tibb, hüquq) məzunları buraxılış imtahanı qismində dövlət imtahanı (staatsexamen) verirlər.
Yuxarıda qeyd etdiyimiz kimi, ikinci pillənin yekunlarına əsasən universitetlər daha çox bakalavr (bachelor) dərəcəsi verirlər. Bunun üçün universitetdə 3-4 il ərzində təhsil almaq zəruridir. Bundan sonra məzunlar, adətən, peşəkar fəaliyyətə başlayırlar. Magistr (Master) dərəcəsi namizədin verdiyi magistr imtahanları əsasında təqdim olunur. Təlim kursu iki əsas ixtisası və ya bir əsas və iki əlavə ixtisası əhatə edir. Universitetlərin əksəriyyətində magistr dərəcəsi yeni tətbiq olunmağa başlayıb. Yaxın gələcəkdə magistraturanı bitirənlərə verilən sənədin, diplomu tamamilə əvəz edəcəyi nəzərdə tutulub.
Ali təhsilin üçüncü pilləsi aspiranturadır (promotion). Doktorluq dərəcəsinin alınması məqsədilə dissertasiya hazırlığı yalnız universitetlər tərəfindən həyata keçirilir. Elmi tədqiqatın aparılması ilə əlaqədar dissertasiyanın hazırlanması magistr dərəcəsi alandan sonra 2-4 il ərzində davam edir. Dissertasiyanın yazılmasının və şifahi imtahanın uğurla verilməsinin nəticələrinə əsasən doktorluq dərəcəsi verilir.
Almaniyada təhsilin ödənişli olması haqqında uzun müddət davam edən müzakirələr (Studiengebühren) nəticəsində təhsil qismən ödənişli olub. 2005-ci ildə Federal Konstitusiya Məhkəməsinin qərarı ilə təhsilə görə ödənişə qoyulan qadağa aradan götürülüb.
Son illərə qədər Almaniyada ali təhsil yalnız dövlət tərəfindən maliyyələşdirilirdi. 2007-ci ildən etibarən Baden-Vürtemberq, Bavariya, Hamburq, Aşağı Saksoniya və Şimali Reyn-Vestfaliya torpaqları birinci semestrdən etibarən universitetlərdə ödənişli təhsil tətbiq etməyə başlayıblar. Məbləğ əsasən bir semestr üçün 500 avro təşkil edir. Təhsilin maliyyələşdirilməsi məqsədilə bu torpaqlar dövlət zəmanəti ilə kredit də təklif edirlər. Berlin, Branderburq, Meklenburq - Ön Pomeraniya və Şlezviq - Qolşteyndə isə bütün ödənişlər inzibati (50-60 avro) və ya sosial semestr ödənişləri (40 avrodan 180 avroyadək) ilə məhdudlaşdırılır. Burada əlavə təhsil (Regelstudienzeit), yəni 5 ildən artıq alınan təhsil, eləcə də könüllü dinləyicilər (məsələn, təhsil almaq istəyən təqaüdçülər) və ikinci təhsil alanlar (əsasən iqtisadiyyat ixtisasları) üçün ödənişlər geniş yayılıb. Bütün bu təhsil məbləğləri isə semestr üçün 800 avro təşkil edir.
Bundan əlavə, dərsliklərə çəkilən xərclər bir semestr ərzində təqribən 200 avro və tibbi sığorta haqqı isə bir semestr üçün 280 avro məğləğində (qiymətlər tədris ilinə görə dəyişə bilər) müəyyən edilib.
Ölkənin özəl təhsil müəssisələri uzun müddətdir təhsili ödənişli əsaslarla həyata keçirirlər. Məsələn, ingilis dilində magistr proqramları il ərzində 4-15 min avroya və daha artıq məbləğə başa gəlir.  
Universitetlər 
Qeyd etdiyimiz kimi, hazırda Almaniyada təqribən 370 ali təhsil müəssisəsi, o cümlədən elmlər namizədi hazırlayan 140 universitet və təxminən 200 ixtisaslaşdırılmış ali təhsil ocağı fəaliyyət göstərir. Bundan əlavə, ölkədə 63 özəl universitet və 40-dan artıq dini təmayüllü ali məktəb var. Universitetlərin böyük əksəriyyəti dövlətə məxsusdur və vətəndaşlığından, eləcə də milli mənsubiyyətindən asılı olmayaraq bütün tələbələr üçün açıqdır.
Almaniya universitetləri 12500-dən artıq müxtəlif ixtisas üzrə təhsil təklif edirlər. Təkliflərin əksəriyyəti əcnəbi tələbələr üçün nəzərdə tutulub. Bundan başqa, ötən illər ərzində çoxlu sayda strukturlaşdırılmış və əcnəbi tələbələr üçün ideal şərtlərə malik aspirant proqramları yaradılıb.
Onu da qeyd edək ki, Almaniyanın ən qədim universiteti 1386-cı ildə yaradılmış Karl Ruprext adına Heydelberq Universitetidir. Tələbələrinin sayına görə ölkənin ən böyük  universiteti Lüdviq - Maksimilian adına Münhen Universitetidir ki, burada  44400 tələbə təhsil alır. Ən güclü elmi-tədqiqat potensialına malik universitet isə Axen şəhərində yerləşən Reyn-Vestfal Ali Texniki Məktəbidir.
Almaniya universitetləri ("vahid elmi tədqiqatlar və tədris" prinsipinə əsasən) yalnız ali təhsil müəssisəsi deyil, həmçinin qabaqcıl elmi tədqiqatlar mərkəzidir. Ölkə daxilində və xaricində alimlərlə elmi tədqiqat müəssisələri arasındakı sıx əməkdaşlıq bunun üçün geniş imkanlar yaradır. Ali təhsil məktəbləri dövlətdən, fondlardan və üçüncü şəxslərdən (elmi tədqiqatların sifarişçilərindən) maliyyə vəsaitləri alırlar. Universitetlərin fakültə və kafedraları əsasən aşağıdakı ixtisaslar üzrə ixtisaslaşıblar: tibb, təbiət və texniki elmlər, incəsənət və humanitar elmlər, hüquqşünaslıq, ilahiyyat, iqtisadiyyat, sosial elmlər, kənd təsərrüfatı və meşəçilik.
Klassik universitetlər sırf elmə üstünlük verərək qədim dünya tarixindən iqtisadiyyata qədər bütün növ ixtisaslar təklif etdiyi halda, texniki universitetlər daha çox mühəndislik və təbiət elmlərinin öyrənilməsinə diqqət ayırırlar. Texniki universitetlər alman mühəndislik sənətinin əsas mərkəzi kimi böyük nüfuza malikdirlər.  Bu universitetlərə daha çox əcnəbi tələbələr maraq göstərirlər.
Dünya ölkələrində təhsil alan əcnəbi tələbələr haqqında məlumatÖtən əsrin 60-cı illərinin sonundan ölkədə ixtisaslaşdırılmış universitetlər (İU) inkişaf etməyə başlayıb. Almaniyadakı bütün tələbələrin demək olar ki, üçdə biri peşəkar akademiya adlanan və müəssisələrlə sıx əməkdaşlıq edən bu cür universitetlərdə təhsil alırlar. Sənətə qısa zamanda yiyələnmək imkanı yaradan ixtisaslaşdırılmış universitetlərdə təhsil müddəti 3 ildir. Ciddi şəkildə təşkil edilmiş təlim kursları və aralıq imtahanlar təhsilin orta müddətini qısaltmaq imkanı yaradır. Lakin bu, elmi fəaliyyətdən imtina edilməsi kimi başa düşülməməlidir. Belə ki, ölkənin təqribən 200 ixtisaslaşdırılmış universitetində elmi tədqiqatlar aparılır. Onlar əsasən sənayenin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulduğundan tətbiqi xarakter daşıyırlar.
Almaniyanın 167 tətbiqi elmlər universiteti (Fachhochschulen) tələbələrə peşə təhsili təklif edir. Bu universitetlərdə tədris kursunun müddəti qısadır və elmi-tədqiqat universitetlərindən fərqli olaraq daha çox praktik yönümlüdür. Həmin universitetlərdə aspirantura yoxdur.
Almaniya universitetlərində tələbələrin ən çox seçdikləri ixtisaslar
Almaniyanın 57 ali incəsənət və musiqi təhsili müəssisəsi yaradıcılıq peşələri (rəssamlıq, qrafika, dizayn, heykəltəraşlıq, bədii tərtibat, fotoqrafiya, kino, musiqi) üzrə akademik təhsil təkilf edir. Bu universitetlərdəki təhsil peşəkar rəssam və musiqiçilər, eləcə də bədii-estetika fənləri üzrə müəllim yetişdirməyə yönəlib.
Son vaxtlar hər bir konkret universitetdə təhsilin keyfiyyətinin obyektiv qiymətləndirilməsi tendensiyası geniş yayılıb. "Die Zeit" qəzeti ilə Ali məktəbin inkişaf mərkəzinin (CHE) birgə hazırladıqları reytinq buna misal ola bilər. Ənənəvi olaraq bu reytinqdə ən yaxşı mövqeləri Baden-Vyurtemberq, Bavariya, Meklenburq-Şərqi Pomeraniya, Turinqiya və Saksoniya torpaqlarının universitetləri tuturlar.
Ötən əsrin 70-ci illərindən etibarən dövlət və dini universitetlərlə yanaşı, dövlət tərəfindən tanınmış bir sıra özəl universitetlər də fəaliyyətə başlayır. Hazırda Almaniyada 130 özəl ali təhsil müəssisəsi (əsasən kiçik), o cümlədən 10 özəl universitet fəaliyyət göstərir. Bunlara Oestrix-Vinkeldə yerləşən Avropa Biznes Məktəbini, Vitten-Herdekke Özəl Universitetini, eləcə də 12 dini universiteti misal çəkmək olar. Lakin bir çox digər ölkələrdən fərqli olaraq Almaniyada özəl universitetlər böyük nüfuza malik deyillər. Tələbələrin 90 faizdən çoxu dövlət universitetlərində təhsil alır. Buna səbəb dövlət universitetlərinin dövlətin nəzarəti altında fəaliyyət göstərməsi və fəaliyyətlərinin dövlət tərəfindən əlaqələndirilməsidir. Bundan başqa, dövlət universitetləri ali məktəbə daxil olmaq hüququ verən kamillik attestatına (və ya orta təhsil haqqında şəhadətnaməyə bərabər tutulan hər hansı bir sənədə) malik hər bir şəxs üçün açıqdır.
Almaniyada 39 aspirant məktəbi fəaliyyət göstərir. Onlar "Əla keyfiyyət təşəbbüsü" çərçivəsində dövlət tərəfindən dəstəklənirlər. Bu məktəblər 3-illik aspirant proqramları təklif edirlər. Aspirant məktəbləri ilə yanaşı, ölkədə ali təhsilli şəxslər üçün 226 təhsil müəssisəsi (GRK - Almaniya elmi-tədqiqat cəmiyyətinin (DFG) dəstəklədiyi nisbətən dar tematik yönümlü) fəaliyyət göstərir. Bu universitetlərdən 59-u digər ölkədə ali təhsil almış şəxslər (IGK) üçün nəzərdə tutulub. IGK - müxtəlif ölkələrin bir və bir neçə universitetinin alman universitetlərindən biri ilə əməkdaşlıq etməsi deməkdir.
Son zamanlar ölkə üzrə universitetlərə daxil olmaq istəyənlərin sayının çoxluğu bir neçə ixtisas üzrə ali təhsil ocağına qəbula say məhdudiyyəti (Numerus clausus) qoymaq zərurəti yaradıb. 2005-ci ildən etibarən bəzi ixtisaslar üçün "20-20-60" qaydası qüvvəyə minib. Qaydaya əsasən yerlərin 20 faizi ən yüksək bal toplayan və öz istədikləri universiteti seçmək hüququ qazanan abituriyentlərə verilir. Yerlərin qalan 20 faizi gözləmə müddətinə müvafiq olaraq təqdim edilir. Universitetlərdəki yerlərin 60 faizi isə ali məktəblər tərəfindən abituriyentin attestatdakı orta balına və universitetin meyarlarına əsasən bölüşdürülə bilər.
Almaniya ali təhsil almaq istəyən istənilən gənc üçün cəlbedici ölkədir. O, ABŞ və Böyük Britaniyadan sonra əcnəbi tələbələrin ən çox axın etdiyi üçüncü dövlətdir. Bu gün alman universitetlərində 240 min əcnəbi tələbə təhsil alır. Bu, 1995-ci ilin göstəricisi ilə müqayisədə 70 faiz çoxdur. Onların hər dörd nəfərindən biri Almaniyada müvafiq kamillik attestatı alıb. Əcnəbilər üçün universitetlərdə əcnəbi tələbələrlə iş üzrə xüsusi şöbələr (Akademisches Auslandsamt, AAA) yaradılıb. Bundan əlavə, təxminən 25 min əcnəbi alim Almaniya universitetlərinin əməkdaşıdır.
Öz növbəsində, 85 min alman xarici ölkələrin universitetlərində təhsil alır. Almanlar Niderland, Böyük Britaniya, Avstriya və İsveçrə ali məktəblərinə daha çox maraq göstərirlər.
Dünyada təxminən 3 milyon tələbə xaricdə təhsil alır. Onların 12,2 faizi Almaniyanın payına düşür. Ümumiyyətlə, bu gün Almaniya universitetlərində təxminən 2 milyon gənc təhsil alır.
Almaniyada ali təhsilini yarımçıq qoyanların sayı isə tələbələrin təxminən 23 faizini təşkil edir. Bu, dünyada mövcud olan ən yaxşı göstəricilərdən biridir.  
Elmi tədqiqatlar  
Almaniyada qabaqcıl elmi tədqiqatlar, əsasən elmi tədqiqat institutlarında aparılır. Onlara Helmholts adına Alman Elmi-Tədqiqat Mərkəzləri Cəmiyyəti, Fraunqofer adına Cəmiyyət və ya Qotfrid Vilhelm Leybniç adına Elmi Cəmiyyət kimi təşkilatlar daxildirlər. Məhz universitetdənkənar elmi tədqiqat müəssisələrində aparıcı alimlər dünyada çox az institutların təklif edə biləcəyi optimal iş şəraiti tapa bilirlər. Burada ən məhsuldar alman tədqiqatçıları çalışır, maraqlı elmi nəşrlər işıq üzü görür. Bu xüsusilə Maks Plank adına Cəmiyyətin 77 institutuna aiddir. Cəmiyyət 1948-ci il fevralın 26-da yaradılmışdır. Marsda su axtarışı, insan genomu layihəsi, insan davranışlarının öyrənilməsi kimi məsələlərin araşdırılmasında Maks Plank adına Cəmiyyətin institutları yaxından iştirak edirlər. Yarandığı 1948-ci ildən bu günə qədər cəmiyyətin əməkdaşları 17 Nobel mükafatına və çoxlu sayda digər nüfuzlu beynəlxalq mükafatlara layiq görülüblər.
2007-ci ildə kimya üzrə Nobel mükafatına Maks Plank adına Cəmiyyətin institutlarından birinin direktoru Gerhard Ertl layiq görülüb.
Maks Plank adına Cəmiyyətin cəlbediciliyi onun elmi tədqiqatlara yanaşması ilə əlaqədardır. Onun tərkibinə daxil olan institutlar bütün mövzuları özləri müəyyən edirlər. İş üçün optimal şərait yaratmaqda və əməkdaş seçimində də bu institutlar sərbəstdirlər. Cəmiyyətin institutlarından birinə rəhbərlik etmək alimlər üçün karyeranın ən uca zirvəsi hesab olunur.
Helmholts adına Cəmiyyətin 16 elmi tədqiqat mərkəzi var. Bunların arasında Ağır İonların Öyrənilməsi Cəmiyyəti (GSII) Alman Onkologiya Mərkəzi (DKFZ), Hamburqdakı Alman Elektron Sinxrotron (DESY) və ya Bremerhafendəki Alfred Vegener adına Qütb və Dəniz Tədqiqatı institutlarının adlarını çəkmək olar. Bu cəmiyyət Almaniyanın ən iri elmi təşkilatıdır. İllik büdcəsi təxminən 2,8 milyard avro olan cəmiyyətdə 28 min əməkdaş çalışır. Cəmiyyətin institutları energetika, torpaq haqqında elmlər, ekologiya, səhiyyə, əsas texnologiyalar, maddənin strukturu, eləcə də nəqliyyat və kosmos sahələri ilə məşğuldurlar. Hər il minlərlə əcnəbi alim fiziki və tibbi sınaqlar aparmaq, dünyada ən nadir qurğulardan istifadə etmək məqsədilə Helmholts adına Cəmiyyətin institutlarına gəlirlər.
Fraunqofer adına Cəmiyyətin institutları isə sənaye ilə sıx əməkdaşlığa üstünlük verirlər. Cəmiyyətin 80-dən çox elmi tədqiqat müəssisəsi tətbiqi tədqiqatlarla, əsasən də mühəndislik elmləri ilə məşğuldur. Cəmiyyətin mütəxəssisləri sifarişləri əsasən kiçik və orta müəssisələrdən aldıqları üçün laboratoriyalarla yanaşı, zavod sexlərində də çalışırlar. Cəmiyyətdəki elmi tədqiqat işlərinin illik həcminin dəyəri 1,5 milyard avro təşkil edir. Fraunqofer adına Cəmiyyətin Avropa ölkələrində, ABŞ, Asiya və Yaxın Şərqdə filialları var.
Leybniç adına Elmi Cəmiyyətin 86 institutu yalnız həyat və təbiət elmləri sahəsində deyil, həmçinin humanitar, ictimai və iqtisadi elmlər sahəsində də ixtisaslaşıb. Cəmiyyətin institutlarında 14 min nəfər çalışır. İllik büdcəsi bir milyard avrodan çoxdur.
Elmi tədqiqatlar innovasiyalar üçün mühüm açardır. İnnovasiyalar isə iqtisadi artımın təkanverici gücüdür. Bunu nəzərə alan federal hökumət məqsədyönlü yardım ilə elmi və elmi tədqiqatları daha irəli aparmaq istəyir. Bu məqsədlə 2010-2013-cü illər ərzində təhsil və elmi tədqiqatlar sahəsinə xərclərin ümumilikdə, 12 milyard avro artırılması əsas məqsəd kimi qarşıya qoyulub. Bu istiqamətdə əsas hədəf 2015-ci ildən gec olmayaraq ümumi daxili məhsulun 10 faizinin bu sahəyə yönəldilməsinə nail olmaqdır. 
Beynəlxalq elmi əməkdaşlıq 
Almaniyada elmin beynəlmiləlləşdirilməsi sahəsində əldə edilmiş uğur universitetlərin, elmi-tədqiqat müəssisələrinin və siyasətçilərin birgə səylərinin məhsuludur. Dəstək məqsədyönlü layihələrin, təqaüdlərin və həvəsləndirici mükafatların yardımı ilə beynəlxalq tələbə, aspirant və alim mübadiləsinə göstərilir. Bu tədbirlər təhsildə nailiyyətlərin artırılması və əcnəbi tələbələrin sosial inteqrasiyası üzrə proqramlarla daha da möhkəmləndirilir. Almaniya universitetləri böyük uğurla dünyanın hər yerindən tələbə və gənc alimləri cəlb edirlər. Bu işdə xaricdəki alman məktəbi sistemi və alman universitetlərinin xarici ölkələrin ali məktəbləri ilə əməkdaşlığı mühüm rol oynayır. Bu qəbildən olan təşəbbüslərin reallaşmasında dünya üzrə tələbə və alim mübadiləsinə dəstək olan Alman Akademik Mübadilə Xidmətinin (DAAD) fəaliyyəti də danılmazdır. DAAD-ın 100-dən çox ölkədə nümayəndəliyi və ya Keçmiş Təqaüdçülər Cəmiyyəti fəaliyyət göstərir. Bu qurum həmçinin alman universitetlərində yüzlərlə xarici dil (əsasən ingilis) kurslarının açılmasında iştirak edir.
Aleksandr Humbolt adına Fond da beynəlxalq elmi əməkdaşlığa yardım göstərən əsas təşkilatlardan biridir. 2009-cu ildən başlanılan "xarici elmi siyasət sahəsində təşəbbüs" sayəsində federal xarici işlər nazirliyi elmi mübadilə üzrə mövcud vasitələri möhkəmləndirir və yeni tədbirlər hesabına onları genişləndirir. Xaricdə yaradılmış Almaniya Elm və İnnovasiya Evləri isə alman elminin inkişafına daha əlverişli şərait yaradır.
Almaniya universitetlərinin dəstəyi ilə xaricdə tərəfdaş müəssisələrlə birgə nümunəvi elmi tədqiqatlar və təlim mərkəzləri yaradılır. Bundan əlavə, əcnəbi tələbələrə təqaüdlərin verilməsi üzrə təkliflər artır və dünyada alman dilinin öyrənilməsi üçün yaxşı şərait yaradılır. 
Almaniyanın Nobel mükafatı laureatları  
Almaniyanın 80 Nobel mükafatı laureatından 68-i bu mükafatı təbiət elmləri və tibb sahəsindəki xidmətlərinə görə alıb. Fizika sahəsində ilk Nobel mükafatına Konrad Rentgen "şüalanmanın yeni növünə görə" layiq görülüb. Növbəti laureatlar Robert Kox, Maks Plank, Albert Eynşteyn və Verner Heyzenberq olublar. Bu ən yüksək elmi mükafatı alan sonuncu alman alimləri isə Kristiane Nüssleyn - Volhard, Harald zur Hausen (tibb sahəsi üzrə),  Horst Ştörmer, Herbert Kremer, Volfqanq Ketterle, Teodor Henş, Peter Grünberq (fizika sahəsi üzrə) və Gerhard Ertldir (kimya sahəsi üzrə). 
Təqaüd proqramları  
Almaniyada təqaüd proqramları alman və ingilis dillərini yaxşı bilən istedadlı tələbələrə, aspirantlara və müəllimlərə təqdim olunur. Təqaüdlər əsasən Alman Akademik Mübadilə Xidməti (DAAD), həmçinin siyasi partiyalar, kilsə, iri şirkətlər və ayrı-ayrı torpaqlar tərəfindən maliyyələşən müxtəlif ictimai fondların xətti ilə verilir.
DAAD Almaniyanın 230 universitetini və 126 tələbə təşkilatını birləşdirir. Bu qurum Almaniyanın xarici mədəniyyət, ali təhsil və elm üzrə siyasətinin təşkilində bir vasitəçidir. Xidmətin xarici dövlətlərdə 14 nümayəndəliyi və dünya üzrə 48 məlumat mərkəzi fəaliyyət göstərir. DAAD ildə 55 mindən çox təqaüd ayırır.
DAAD-la Azərbaycan Republikası Təhsil Nazirliyi arasında imzalanmış Azərbaycan tələbələrinin Almaniyada təhsili üzrə təqaüd proqramı ilə bağlı sazişə əsasən son illər azərbaycanlı tələbə, magistr və doktorantların (aspirantların) Almaniyada təhsil alması üçün geniş imkanlar yaranıb. Bu proqram çərçivəsində namizədin akademik səviyyəsindən asılı olaraq onlar alman universitetlərindən bakalavr, magistr və ya PhD dərəcəsi alırlar. Proqramda muhəndislik, tibb və səhiyyə, təbiət elmləri, sosial və humanitar elmlər, biznes və iqtisadiyyat, kompüter və informasiya elmləri, hüquq, incəsənət və musiqi, kənd təsərrüfatı, ekologiya və turizm sahələrinin tələbələri iştirak edə bilərlər.
ERP-nin (Avropa Bərpa Proqramı) illik təqaüdləri isə iqtisadiyyatçı tələbələr üçün nəzərdə tutulub. Bu təqaüdlərin sayəsində iqtisadiyyat və müəssisə idarəçiliyi sahələri üzrə üçüncü kurs tələbələri iki semestr (10 ay) ərzində Almaniyanın dövlət universitetlərində təhsil almaq imkanı əldə edirlər. Almaniyada müəssisələrin birində təcrübənin keçirilməsi proqramın mühüm hissəsini təşkil edir. Daxilolma şərtlərinə əsasən şəxsin yaş həddi 32-dən yuxarı olmamalı və o, alman dilini yaxşı bilməlidir.
Almaniyanın müxtəlif siyasi partiyalarına yaxın fondların təqaüd proqramları da yetərincədir. Əsasən, Adenauer adına Fond (Konrad-Adenauer-Stiftung) magistratura təhsili və Almaniyada elmi tədqiqatların aparılması istiqamətində təqaüdlər ayırır.
1860-cı ildə təsis olunmuş Aleksandr Humbolt adına fond əcnəbi və yerli alimlər arasında elmi əməkdaşlığın yaradılmasına yardım edir. O, hər il 1900-dən çox əcnəbi alimin elmi məqsədlərlə Almaniyaya gəlməsinə şərait yaradır və 23 minlik keçmiş təqaüdçülərin dünya şəbəkəsini dəstəkləyir. Onların arasında 130 ölkədən 43 Nobel mükafatı laureatı da var.
Daha bir nüfuzlu yardım proqramını Beynəlxalq Maks Plank Tədqiqat Məktəbləri (International Max Planck Research Schools - IMPRS) təqdim edirlər. Onlar savadlı alman və əcnəbi tələbələr üçün nəzərdə tutulub. IMPRS strukturlaşdırılmış təhsil və tədqiqatlar üçün gözəl şərait yaradır. IMPRS çərçivəsində elmi tədqiqatlarla təxminən 2100 aspirant məşğul olur. Onların əksəriyyətini xarici ölkələrdən gələnlər təşkil edir. Bu proqramın təqaüdçüləri namizədlik dissertasiyasını Almaniya universitetlərindən birində və ya öz ölkəsindəki universitetdə müdafiə edə bilərlər.
İstənilən təqaüdün alınması üçün adətən standart sənədlər paketi tələb olunur. Buraya müraciət anketi, qısa tərcümeyi-hal, diplomun, orta təhsil haqqında attestatın surəti, iki və daha artıq xasiyyətnamə və dil kurslarından alman dilinin öyrənilməsi barədə arayış daxildir. Bəzi hallarda sağlamlıq haqqında arayış, aspirantlar üçün elmi nəşrlərin siyahısı, alman professorun elmi rəhbər olmasına namizədin razılığı, Almaniyada təhsilin zəruriliyinin ətraflı əks olunduğu əlavə məktub (Beratung) və konkret təlim proqramının seçilməsi də tələb edilə bilər. 
Azərbaycanlı tələbələrin Almaniyada təhsili 
Sevindirici haldır ki, universitetlərinə dünyanın bütün ölkələrdən böyük  axın olan Almaniya ali məktəblərində təhsil alan azərbaycanlıların sayı son illər durmadan artmaqdadır. Azərbaycanla Almaniya arasında inkişaf edən təhsil əlaqələrinin nəticəsidir ki, 1998-2010-cu illərdə Alman Akademik Mübadilə Xidmətinin xətti ilə 800-dən çox həmvətənimiz bu ölkənin ali məktəblərinə göndərilib. Onu da qeyd edək ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində isə 120-yə yaxın azərbaycanlı Almaniyanın ən nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb. Artıq onların bir çoxu ali təhsillərini başa vuraraq yüksək ixtisaslı mütəxəssis kimi Azərbaycanda çalışmaqda, ölkə həyatının ayrı-ayrı sahələrinin inkişafına layiqli töhfələr verməkdədir. 

                                      Fransanın təhsil sistemi
Fransada təhsil pulsuzdur. Ölkənin müasir təhsil sisteminin əsası 1880-1890-cı illərdə qoyulub və 6 yaşından 16 yaşınadək uşaqlar üçün icbari xarakter daşıyır. Dövlət, eləcə də özəl təhsil müəssisələri mövcud olan Fransada məktəblilərin təxminən 20 faizi özəl orta təhsil müəssisələrində oxuyur.
Həm dövlət, həm də özəl təhsil müəssisələri üçün bütün məktəb proqramlarını dövlət təsdiq edir. Həmçinin müsabiqə və imtahanların keçirilməsi də dövlət tərəfindən təmin olunur. Bakalavriat dərəcəsi səviyyəsinədək diplomların verilməsi hüququ yalnız dövlətə məxsusdur.
1959-cu ildən bəri özəl təhsilə dövlət tərəfindən yardım edilir. Ölkədə hər 9 özəl məktəbdən 8-i bu yardımdan yararlanır. Özəl sektorda çalışan müəllimlərin əməkhaqqı və təhsil xərclərini də dövlət ödəyir.
Fransanın təhsil sistemi aşağıdakı struktura malikdir:
* məktəbəqədər    təhsil (6 yaşınadək);
* ibtidai təhsil (6-11 yaş);
* orta təhsil (11-18 yaş) (orta təhsilin sonunda bakalavriat diplomu verilir. Bu diplom imtahansız universitetə qəbul olmaq hüququ verir);
* ali təhsil.
Müxtəlif pillələrdə təhsilin  təşkili və məzmunu, 30 ildən artıqdır ki, həyata keçirilən islahatlarla müşayiət olunur. Aparılan islahatlar təhsilin demokratikləşdirilməsini və onun inkişaf etməkdə olan cəmiyyətin ehtiyaclarına yönəldilməsini təmin edir. Fransada son illərin əsas təhsil islahatları aşağıdakılardan ibarətdir: 
* 3 yaşından 5 yaşınadək uşaqlar üçün məktəbəqədər uşaq müəssisələri şəbəkəsinin inkişafı;
* ibtidai məktəblərdən kolleclərə keçid imtahanlarının ləğv edilməsi, təhsildən geri qalan şagirdlər üçün adaptasiya siniflərinin yaradılması;
* xüsusiləşdirilmiş və ibtidai məktəbdən kollecə qədər qruplara bölünmə olmadan təhsilin ümumi sütununun təşkili;
* təhsilin ödənişsiz olması (şagirdlərin təhsil müddəti ərzində lazımi vəsaitlərlə təmin olunması, məktəbə gediş haqlarının ödənilməsi);
* yeni fənlərin tədris proqramına daxil edilməsi: (informatika, vətəndaş cəmiyyətinin əsasları və digər). 
Məktəbəqədər təhsil 
Məktəbəqədər uşaq müəssisələri - "ana məktəbləri" 3 yaşından (boş yer olduqda 2 yaşından) 6 yaşınadək uşaqları qəbul edir. Fransada məktəbəqədər təhsil icbari olmasa da, faktiki olaraq 3-6 yaşında olan bütün uşaqlar (99,5 faiz) uşaq müəssisələrinə gedirlər.
"Ana məktəbləri"ni çox vaxt fransız təhsil sisteminin ən böyük uğuru hesab edirlər. Məktəbəqədər təhsil müəssisələrində siniflər, tədris prosesi yaxşı təşkil edilib, uşaqların hərtərəfli inkişafı üçün lazım olan bütün amillər nəzərə alınıb. Uşaqlar müvafiq tədris materialları əsasında öyrədilir, bir çox faydalı bilikləri mənimsəyir və ünsiyyət vərdişlərinə yiyələnirlər.
Bu məktəblərdə uşaqlar üç yaş qrupuna bölünür. Birincisi, 3 yaşından (bəzən 2 yaşından) 4 yaşınadək uşaqların oynadıqları və danışmaq vərdişlərinə yiyələndikləri qrupdur. İkincisi, 4 yaşından 5 yaşınadək uşaqların yapma, rəsm və digər praktik vərdişlər, eləcə də şifahi ünsiyyət vərdişlərinə yiyələndikləri qrupdur. Üçüncü böyük qrup isə 5 yaşından 6 yaşınadək uşaqları əhatə edir. Burada uşaqlar oxu, yazı və hesablama vərdişlərinə yiyələnirlər. 
Orta təhsil  
Fransada qəbul edilmiş orta təhsil sistemi özlüyündə üç qrupa bölünür:
* ibtidai məktəb (5 illik təhsil);
* kollec (4 il);
* lisey (3 il).
Adətən bu təhsil müəssisələri bir-birindən ayrı yerləşirlər. İbtidai məktəb və  kollec məcburi xarakter daşıyır.
İbtidai məktəb 6 yaşdan 11 yaşadək (əgər uşağın təhsillə bağlı problemi yoxdursa) davam edir və aşağıdakı pillələrə bölünür:
* hazırlıq kursu (CP);
* ibtidai kurs 1-ci il (CE1);
* ibtidai kurs 2-ci il (CE2);
* orta kurs 1-ci il (CM1);
* orta kurs 2-ci il  (CM2).
İbtidai məktəbdə dərslər (saat 9-dan 12-dək və saat 14-dən 17-dək) həftədə dörd gün (27 saat) davam  edir. Çərşənbə günü, şənbə günü nahardan sonra və bazar günü uşaqlar istirahət edirlər. Bu günlər ərzində uşaqlar maraqlarına uyğun olaraq müxtəlif idman və bədii dərnəklərdə məşğul ola bilərlər.
Fransada ibtidai məktəbdə oxuyan şagirdlərə evə tapşırıq verilmir. İbtidai təhsil dövründə sinifdə bütün fənləri bir müəllim tədris edir.
İbtidai təhsil almış bütün şagirdlər kolleclərdə oxuya bilərlər. Kollecdə təhsil, hər biri 2 il olmaqla iki dövrə bölünür:
* müşahidə dövrü;
* istiqamətləndirici dövr.
Müşahidə dövrünə VI və V siniflər daxildir. (Fransada siniflərin sıralanması əks istiqamətdə aparılır-VI, V, IV, III). Bu dövrdə tədris prosesi orta təhsilin baza elementlərini təqdim etməklə, ibtidai təhsili tamamlayır. Bütün uşaqlar kollecə daxil olur, bərabər tədris proqramı üzrə dərs keçir və mütləq şəkildə müəyyən olunmuş xarici dillərdən birini öyrənirlər.
İstiqamətləndirici dövrə ümumi təhsilin IV və III sinifləri, eləcə də texniki təmayüllü kolleclərin IV və III sinifləri daxildir. Bu mərhələdə uşaqlar ikinci xarici dili öyrənməyə başlayır və əlavə olaraq latın, yunan və ya digər dilləri seçə bilirlər. III sinfin sonunda şagirdlər imtahan verir və kolleci bitirmələri haqda şəhadətnamə alırlar.
Bir sıra kolleclərdə xüsusi dərs rejimi mövcuddur. Kollecdə təhsil aldıqları müddət ərzində idman və ya incəsənətin bir növü ilə intensiv şəkildə məşğul olmaq istəyən şagirdlər üçün uyğunlaşdırılmış dərs cədvəli üzrə siniflər təşkil edilir (təmayüllü kolleclər kimi). Xarici dilin dərindən öyrənildiyi, bir neçə fənnin xarici dildə tədris edildiyi beynəlxalq kolleclər və ya Avropa kollecləri də fəaliyyət göstərir.
Kollecin III sinfindən sonra şagirdlər təhsillərini ya peşə (2 illik), ya da ümumtəhsil liseylərində (3 illik) davam etdirə bilərlər.
Ümumtəhsil liseyi 3 il ərzində bakalavriat diplomu almaq üçün buraxılış imtahanına hazırlayır. Liseydəki siniflər "ikinci», "birinci" sinif və "Terminal" adlanır. Birinci sinif bakalavriat dərəcəsinin müxtəlif növlərinə aparan çoxlu sayda istiqamətlərə - filyerlərə malikdir. Birinci sinifdən sonra şagirdlər fransız dilindən verdikləri sınaq imtahanında əldə etdikləri qiymətlər bakalavriat dərəcəsi imtahanında nəzərə alınır. "Terminal", yaxud liseyin sonuncu sinfi bakalavriat imtahanının verilməsi ilə başa çatır.
Fransızların qısaca "Bak" adlandırdıqları orta təhsil haqqında bu diplom böyük əhəmiyyətə malikdir (Azərbaycanda verilən ali təhsilin bakalavr diplomundan fərqlənir). Bu diplom məzunlara imtahansız universitetə qəbul olmaq imkanı verir. 
Peşə təhsili 
Qeyd etdiyimiz kimi, kolleci bitirdikdən sonra şagirdlər təhsillərini 2 illik peşə liseylərində də davam etdirə bilərlər.
"LEP" Peşə liseyləri (Azərbaycandakı texniki peşə məktəblərinə oxşar tədris ocaqları) 2 il ərzində şagirdləri peşəkar diploma hazırlayır.
Müəyyən peşəyə yiyələnmiş şagirdlərə "CAP" - peşəkar hazırlıq şəhadətnaməsi verilir. Mehmanxana təsərrüfatı, nəqliyyat və digər bu kimi sahələr üzrə ixtisaslara yiyələnmiş şagirdlər isə "BEP" - ümumi peşə təhsili şəhadətnaməsi alırlar. 
Ali təhsil 
Fransanın ali təhsil sistemi olduqca çevik və rəngarəngdir. Təhsil müəssisələri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Dövlət tərəfindən qəbul edilmiş müvafiq sənədlərə baxmayaraq, hər bir universitetin və ali məktəbin bir çox özünəməxsus xüsusiyyəti var.
Fransada təxminən 85 dövlət universiteti və ya Universitet Mərkəzi (buraya universitetlərlə yanaşı, institutlar-birprofil üzrə ali təhsil verən təhsil müəssisələri də daxildir), çoxsaylı ali məktəblər (çoxfənli peşə hazırlığı üçün), elmi-tədqiqat laboratoriyaları və tədqiqat mərkəzləri mövcuddur.
Dövlət universitetləri nüfuzuna görə daha yüksək qiymətləndirilir və hər hansı özəl ali təhsil ocaqları ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Birincisi, universitetin tədris planları milli təhsil nazirliyi tərəfindən tənzimlənir və standartlaşdırılır. İkincisi, dövlət universitetlərində dərs deməyə yalnız dissertasiya müdafiə etmiş və çoxmərhələli müsabiqəni keçmiş müəllimlər buraxılır. Təhsili başa çatdırdıqdan sonra universitetlər dövlət diplomları, ya da özlərinin daxili diplomlarını verirlər.
Universitetlərin nəzdində müxtəlif növ institutlar fəaliyyət göstərir. Bu sıraya müxtəlif profilli orta texniki personal hazırlayan və təxminən bizim texnikumlara uyğun gələn qısamüddətli Universitet Texnoloji İnstitutları (IUT), müəyyən dar çərçivəli ixtisas üzrə magistratura səviyyəsində mütəxəssislər hazırlayan Universitet Peşəkar İnstitutları (IUP) daxildir. Fransada orta və ali təhsil arasında kəskin hədd mövcud deyil.
Belə ki, orta texniki təhsil ali təhsil üçün pillə rolunu oynayır.
Hazırda Fransada "Üçüncü Minilliyin Universiteti" (U3M) adlanan yeni ali təhsilin inkişafı planı tətbiq edilir. Sözügedən plan ali təhsil üçün prioritetləri müəyyən edir və inkişafın əsas istiqamətlərini göstərir. Bu istiqamətdə qarşıya qoyulmuş əsas hədəflər:
* ali təhsil müəssisələri arasında əməkdaşlığın şəbəkə sistemində təşkili;
* ali təhsil müəssisələrinin əməkdaşlığa açıqlığının və beynəlxalq mobilliyin dəstəklənməsi;
* yeni informasiya və kommunikasiya texnologiyalarının inkişafı;
* elmi tədqiqatların səmərəliliyinin artırılması. 
Universitetlər 
Fransada universitetlər fakültələrə, Tədris-tədqiqat şöbələrinə (UFR) və filyerlərə, yəni ixtisas istiqamətlərinə bölünür. Avropanın hər yerində olduğu kimi, hazırda Fransada da vahid üçsəviyyəli universitet proqramında lisans, master, doktorluq (LMD) tətbiq edilir. Lisans Azərbaycandakı bakalavr dərəcəsinə uyğundur və 3 illik təhsilin yekununda verilir.
Təhsilin ilk üçillik pilləsi lisans (Licence - L1, L2, L3) diplomunun alınması ilə başa çatır. Lisansın müxtəlif növləri mövcuddur : mono və ya plüri fənlər üzrə, ümumi, tətbiqi və peşəkar - L3 Pros (professional və ya peşəkar lisans). Lisans pilləsi 180 kreditlə (hər biri 30 kredit olmaqla 6 semestr) qiymətləndirilir. Kreditlər tələbənin biliyinin Avropa qiymətini təmin edir. Bütün Avropa ölkələrinin universitet diplomları kimi, Fransa universitetlərinin diplomları da UE-dən (Unites dTEnseignement), yəni Avropa kreditləri sistemində hər birinin öz dəyəri olan fənlər blokundan ibarətdir.
Lisansın müxtəlif istiqamətləri mövcuddur:
* iqtisadi və sosial idarəetmə;
* hüquq və siyasi elmlər;
* bədii və mədəniyyət sektoru;
* filologiya və dillər;
* humanitar və sosial elmlər;
* təbii və dəqiq elmlər və texnologiyalar;
* idman və fiziki fəaliyyət texnikası;
* mühəndislik texnologiyaları;
* ilahiyyat.
Lisans diplomları arasında professional və ya peşəkar diplomunu (Licence Pros) xüsusi qeyd etmək lazımdır. Birillik lisans peşəkar təhsili alan tələbələr həm nəzəri, həm praktiki məşğələlər, eləcə də müəssisədə 12 həftədən 16 həftəyədək davam edən iş təcrübəsini keçir. Bu peşəkar diplom bank sektoru, mühəndis-tikinti, sənaye, elektronika, turizm və mehmanxana işindən tutmuş kənd təsərrüfatı sektoruna qədər 1000-dən çox müxtəlif ixtisası təklif edir. Adətən məhdud yerlər verilən Lisans Pros diplomuna müsabiqə böyük olur.
Lisans Pros diplomu hazırlığında əcnəbi tələbələr üçün də yerlər nəzərdə tutulur. Yəni, fransız dilini mükəmməl bilən və müxtəlif ali təhsil ocaqlarında təhsil alan, yaxud da ali məktəbi bitirmiş əcnəbi tələbələr öz sənədlərini birbaşa Lisans Prosun 3-cü kursuna təqdim edə bilərlər. Licence diplomunu aldıqdan sonra arzu etdikləri təqdirdə əcnəbilər Master səviyyəsində də təhsillərini davam etdirə bilər.
Onu da qeyd edək ki, sığorta, maliyyə, bank işi, metal və taxta konstruksiyaların inşası, mexanika, elektrik enerjisi, elektronika sektoru, mülki tikinti, avtomobillərin təmiri istiqamətlərində Lisans Pros diplomu almaq istəyənlər daha çoxdur.
İkiillik master dövründə məzuna iki müstəqil diplom verilir: Master 1 (M1) və Master 2 (M2). Burada da seçim etmək imkanı vardır. Elmlə məşğul olmaq istəyənlər  elmi tədqiqatlar üzrə master diplomu (Master Recherche), istehsalatda çalışmaq arzusunda olanlar isə peşəkar master diplomu (Master Professional) alırlar.    Master səviyyəsi 120 kreditlə (hər biri 30 kredit olmaqla 4 semestr) qiymətləndirilir. Ümumilikdə, beşillik "Licence" və "Master" pillələri 300 kreditlə qiymətləndirilir.
Sonuncu üçillik pillə- doctorat doktorluq dissertasiyasının müdafiəsi ilə başa çatır. Doctorat pilləsində təhsil alan namizədlər əvvəlki təhsil sənədləri və gələcək elmi işin mövzusu təklif olunan məktub əsasında müsahibə yolu ilə seçilir.
Bu pillə seçilmiş ixtisasın dərindən öyrənilməsini təklif edir. Mövzusunu proqrama daxil etməzdən əvvəl namizədlərdən müstəqil elmi iş aparılması tələb olunur. Bu mərhələni uğurla bitirənlərə doctorat diplomu verilir.
Əcnəbi tələbələr də təhsil səviyyələrindən asılı olaraq birbaşa Licence 3 və ya Licence 2, Licence 1, Master 1, Master 2 üçün sənədlərini təqdim edə bilərlər. Fransanın dövlət universitetləri müvafiq komissiyalar vasitəsilə ali təhsilin bu pillələrində oxumaq istəyənlərin sənədlərinə baxaraq müstəqil qərar verirlər. Bu baxımdan vahid meyar mövcud deyil.
Fransa ali təhsilində ən çətin mərhələ birinci iki il-L1 və L2 hesab olunur. Belə ki, ilk iki ildə əsasən nəzəri fənlərə üstünlük verilir. Bu zaman fənn biliklərini qiymətləndirməklə yanaşı, həm də dilə, universitet metodologiyasına yiyələnməyi tələb edən yazılı və şifahi imtahanlar keçirilir.
Əcnəbi tələbələrin Fransa universitetlərinə qəbulu üç əsas prinsipə əsaslanır:
* əcnəbi və fransız tələbələrin hüquqlarının bərabərliyi;
* əcnəbi abituriyentlər arasında bərabərlik;
* tələbələrin qəbulu üzrə son sözü demək hüququnu özündə saxlayan universitetlərin və ali məktəblərin tələblərinə riayət edilməsi.
Fransada bir sıra universitetlər müxtəlif səviyyələrdə ingilis dilində də təhsil proqramları təklif edirlər.
Fransada tibb ixtisasları üzrə ali təhsil almaq özünəməxsus fərqləri ilə seçilir. Digər ixtisaslara nisbətən tibb ixtisasları üzrə təhsil daha uzun müddət davam edir. 6 ildən 8 ilədək çəkən tibb təhsilində tələbələr qarşısında daha mürəkkəb tələblər qoyulur. Məsələn, olduqca ciddi seçim imtahanından keçməyən tələbələr ikinci kursda təhsil ala bilmir, müəyyən qədər yaxşı qiymət toplamayanlar müsabiqədən keçmir və ya imtahandan kəsilənlərə yalnız bir dəfə  birinci kursda təkrar təhsil almaq imkanı verilir.
Həkim-terapevt diplomunu tələbələr 8 illik (bunun bir ili təcrübəyə sərf olunur), stomatoloq və əczaçı diplomunu isə 6 illik təhsildən sonra alırlar. Tibbin hər hansı sahəsi üzrə ixtisaslaşmaq üçün ordinaturaya daha 4-5 il sərf etmək lazımdır.
İctimai səhiyyənin Dövlət Məktəbində əcnəbilər üçün də açıq olan müxtəlif təhsil proqramları mövcuddur. 
İxtisaslaşmış ali məktəblər 
Fransada universitetlərlə yanaşı, müxtəlif profilli ali məktəblər də (Grandes Ecoles) mövcuddur. Bu məktəblərə xüsusiləşdirilmiş hazırlıq kursları (ikiillik təhsil) keçdikdən sonra, yaxud olduqca çətin müsabiqələr nəticəsində qəbul olmaq mümkündür. Bu ali məktəblər özünəməxsusluğu ilə fərqlənir və yüksək səviyyəli idarəetmə kadrlarının hazırlanmasında onlar əhəmiyyətli rola malikdirlər.
Bu təhsil ocaqlarında yüksək səviyyəli mütəxəssislər tərəfindən tədris proqramları hazırlanır və dərs keçilir. Burada təhsil alan fransız tələbələr imtahanlara buraxılmazdan əvvəl müəyyən illər ərzində dövlət qulluğunda və dövlət müəssisələrində çalışacaqlarına razılıq haqda iltizam imzalamalıdırlar. Ali məktəbdə təhsil aldıqları dövrdə tələbələr əməkhaqqı alır və əməkdaş-təcrübəçi kimi çalışırlar. Əcnəbi tələbələr də Fransada işləmək və əməkhaqqı almaq hüququ olmadan, könüllü dinləyicilər qismində müsabiqədən keçməklə bu məktəblərə qəbul ola bilərlər. Təbii ki, söhbət ixtisasları ali məktəblərin profilinə uyğun gələn yüksək hazırlıqlı əcnəbi tələbələrdən gedir.
Fransanın nüfuzlu ali məktəbləri arasında ENA-Dövlət İdarəetmə Məktəbi, HEC-Ali Kommersiya Məktəbi (özəl), Ecole Normale Superieure-Ali Pedaqoji Məktəb (müxtəlif profilli ən yüksək səviyyəli pedaqoji və elmi kadrlar yetişdirir), Ecole Polytechnique-Ali Politexnik Məktəb (dövlət qulluğunda texniki vəzifələr tutmaq üçün yüksək səviyyəli hərbi kadrlar və mühəndislər hazırlayır) və ENM-Ali Magistrlər Məktəbi (dövlət qulluğunda çalışmaq üçün hüquq və ədliyyə sahəsi üzrə yüksək səviyyəli kadrlar yetişdirir) daha məşhurdur. Ölkə üzrə təxminən 200 Ali xüsusiləşdirilmiş Mühəndislik Məktəbi mühəndis diplomu vermək hüququna malikdir. Adətən bu məktəblərdə təhsil müddəti 5 il davam edir və əksəriyyəti  polivalent ümumi mühəndislik diplomunun (Licence+Master) alınması ilə başa çatır. İmtahan zamanı tələbələrdən riyaziyyat və fizika üzrə olduqca mükəmməl biliklər tələb olunur. Təhsilə iri sənaye müəssisələrində təxminən 12 ay və ya xaricdə iş təcrübəsi də daxildir. Mühəndislik məktəblərinə xüsusiləşdirilmiş hazırlıq kurslarını keçdikdən sonra və yaxud müsabiqələr yolu ilə (müsabiqə böyükdür) qəbul olmaq mümkündür. Fransada ali ixtisas məktəbləri adətən müvafiq nazirliklərin nəzdində yerləşir və müxtəlif sahələr üzrə ixtisaslı kadrlar hazırlayır.
Universitetlərə daxil olmaq üçün fransız tələbələrin "Baccalaureat" diplomuna, yaxud universitetdə təhsili davam etdirmək imkanı verən və orta təhsil məktəbini-liseyi bitirdiklərini təsdiq edən "BAK" diplomuna malik olmaları (Fransada lisey şagirdlərinin orta hesabla 70 faizi "BAK" diplomu ala bilir) əsas şərtdir. Fransa universitetlərində təhsil almaq istəyən əcnəbi tələbələr isə fransız dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş aşağıdakı sənədləri təqdim etməlidirlər:
* orta təhsil haqqında attestatın surəti;
* universitetə daxil olmaq üçün test imtahanlarının nəticələri haqqında çıxarışın surəti (xarici ölkələrdə alınmış orta təhsil haqqında attestat imtahansız universitetə qəbul olunmaq hüququ vermir);
* doğum haqqında şəhadətnamənin surəti;
* zaçot kitabçasının surəti (yaxud universitetdə keçilmiş fənləri göstərən akademik arayış);
* məktub-əsaslandırma
* 3 zərf (namizədin ünvanı göstərilməklə ikisi kiçik formatda və biri böyük formatda) və 2 beynəlxalq kupon-cavab;
* TCF imtahanının (fransız dili üzrə test) cavabları.
Fransız dili üzrə test əsas (şifahi danışığın başa düşülməsi, dilin quruluşu haqda bilgi və yazılı mətnlərin başa düşülməsi) və iki əlavə imtahandan (yazılı vərdişlər və şifahi vərdişlər) ibarətdir. TCF imtahanının verilməsinin ən əlverişli vaxtı yanvarın sonunda keçirilən sessiya hesab olunur. Bu zaman imtahanlara qatılanlar nəticələri martın əvvəlində alacaqlar ki, bu da onlara sənədlərini hazırlamaq və seçdikləri universitetlərə göndərmək üçün əlavə vaxt qazanmaq imkanı verir.
Onu da qeyd edək ki, əcnəbi tələbələr onların fransız dili üzrə biliklərini təsdiq edən TCF imtahanında ən azı 350 bal toplamalıdırlar ki, universitetlərə sənəd verə bilsinlər. TCF imtahanı üzrə nə qədər yüksək bal toplanarsa, onların sənədlərinin universitet tərəfindən qəbul edilməsi şansı da bir o qədər artmış olur. Əcnəbi tələbələr Fransanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmaq, eləcə də dövlət təqaüdü almaq istəyirlərsə, əsas imtahan üzrə dördüncü və ya beşinci səviyyəyə (400-500 baldan yuxarı) və əlavə sınaqlar üzrə yaxşı qiymətlərə malik olmalıdırlar.
Birinci və ikinci kurslara daxil olmaq üçün (L1,L2) əcnəbi tələbələr sadəcə TCF imtahanını deyil, eləcə də TCF-DAP imtahanını verməlidirlər. TCF-DAP əsas imtahandan əlavə, müvafiq cədvəlin yazılı qaydada şərh edilməsi və verilən mövzu üzrə inşa işindən ibarət olan yazılı imtahandır.
Bu gün Fransada təxminən 300000 əcnəbi tələbə təhsil alır. Fransa Birləşmiş Ştatlardan və Böyük         Britaniyadan sonra dünyanın əcnəbi tələbələri ən çox qəbul edən üçüncü ölkəsidir. Bu cür uğurun səbəbi, sözsüz ki, ali təhsilin keyfiyyəti və ali məktəblərdə təşəkkül tapmış sağlam mühitlə bağlıdır.
Fransanın dövlət universitetlərində ali təhsil pulsuzdur, yəni burada təhsilə görə ödəniş edilmir. Lakin hər təhsil ilinin əvvəlində universitetə qeydiyyat haqqına görə ödəniş etmək (səviyyə və ixtisasdan asılı olaraq məbləğ 150-900 avro arasında dəyişə bilər), eləcə də məcburi illik tələbə sığortasına malik olmaq lazımdır.
Fransanın dövlət universitetlərində təhsil almaq istəyən əcnəbilərin illik xərci 6000-10000 avro (qalmaq, yemək, yol, dərs vəsaitləri üçün xərc) arasında dəyişə bilər.
Özəl universitetlərdə isə illik təhsil haqqı 3000-7000 avro civarındadır. Təhsil müəssisəsindən asılı olaraq bəzən bu məbləğ daha da arta bilər. 

                                          Türkiyənin təhsil sistemi
XX əsrin birinci yarısında Türkiyədə əhalinin böyük əksəriyyəti savadsız olsa da, hazırda ölkədə savadlılıq səviyyəsi 90 faizdən yüksəkdir. Türkiyənin ümumi orta təhsil sistemi 8 illik ibtidai, 4 illik orta təhsilə əsaslanır. Ölkə Konstitusiyasına əsasən təhsil müəssisələrində Türkiyə vətəndaşlarına ana dili kimi yalnız türk dili tədris olunur.
 Türkiyədə 1930-cu ilə qədər cəmi 2 universitet - İstanbul Universiteti və İstanbul Texniki Universiteti  mövcud olduğu halda, bu gün 170-dən artıq ali məktəb fəaliyyət göstərir. Ölkənin ən qədim ali məktəbi olan İstanbul Universiteti 1456-cı ildə, İstanbul Texniki Universiteti isə 1773-cü ildə yaradılıb. Onu da qeyd edək ki, son 50 ildə qardaş ölkənin ali məktəblərinə idarəetmə baxımından olduqca böyük sərbəstlik verilib. Universitetlərə qəbul Tələbə Seçmə Sınağı vasitəsi ilə həyata keçirilir.
Türkiyənin milli təhsil sistemi planlı və əyani təhsil olaraq, iki əsas hissədən ibarətdir.
Planlı təhsil - müəyyən yaş qrupundakı və eyni səviyyədəki şəxslər üçün, müvafiq proqramlarla məktəblərdə tədris edilən sistemli təhsildir. Planlı təhsil məktəbəqədər, ibtidai, orta və ali təhsili əhatə edir.
Əyani təhsil, təhsilin hər hansı bir mərhələsində ayrı-ayrı fərdlərə maraq və ehtiyacları olan sahədə verilən təhsil növlərinin hamısını əhatə edir. Əyani təhsil ümumi təhsil və texniki peşə təhsili olaraq, iki hissədən ibarətdir.
Əyani təhsil müəssisələrinə xalq təhsili mərkəzləri, təcrübə təhsili mərkəzləri, qız sənət məktəbləri, təkmilləşmə institutları, sənaye sənət məktəbləri, özəl kurslar, özəl dərs evləri, özəl təhsil və təcrübə məktəbləri, özəl peşə məktəbləri, özəl peşə təhsili mərkəzləri, özəl elm və sənət mərkəzləri, açıq ibtidai təhsil məktəbi və açıq lisey təhsili daxildir.
Əyani təhsil vətəndaşlara oxumağı, yazmağı öyrətmək, ilkin biliklər vermək, bilik və qabiliyyətlərini inkişaf etdirmək, gələcəyini təmin edəcək yeni imkanlar qazandırmaq məqsədi ilə verilən məktəbdənxaric təhsildir. Əyani təhsil xalq təhsili, təcrübə təhsili və qiyabi təhsil yolu ilə həyata keçirilir. Hər il əyani təhsil müəssisələrində (xalq təhsil mərkəzi və təcrübə mərkəzlərində) milyonlarla tələbə təhsil alır. Eləcə də bir tədris ili ərzində minlərlə şagird açıq ibtidai təhsilə və ya açıq lisey təhsilinə cəlb olunur.
Bu gün Türkiyədə ibtidai, orta, peşə və texniki orta təhsil pillələrində kompüter texnologiyalarından istifadə olunmasına geniş yer verilir. Müvafiq tədris proqramları vasitəsi ilə aşağı siniflərdən şagirdlərə informatika fənni üzrə müvafiq biliklər aşılanır, onların müasir kompüter texnologiyalarından istifadə vərdişlərinə yiyələnmələrinə xüsusi diqqət yetirilir. 
Məktəbəqədər təhsil 
Məktəbəqədər təhsil pilləsində 3-5 yaşlı uşaqların könüllü təhsili nəzərdə tutulur. Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti 3 formada həyata keçirilir-müstəqil, qız peşə liseylərinə bağlı sınaq sinifləri və ya digər təhsil müəssisələrinin nəzdindəki bağçalar kimi.
Məktəbəqədər təhsilin məqsədi uşaqların fiziki, zehni, psixoloji inkişafını, ibtidai təhsilə hazırlanmasını, müvafiq vərdişlər qazanmasını, türk dilində səlis danışmasını və onlar üçün müştərək təlim-tərbiyə mühiti yaradılmasını təmin etməkdir. 
İbtidai təhsil 
Türkiyədə ibtidai təhsil icbaridir və dövlət məktəblərində pulsuzdur.  İbtidai təhsil pilləsi 6-14 yaş arasındakı uşaqları əhatə edir.
İbtidai təhsilin məqsədi uşaqların yaxşı bir vətəndaş kimi yetişməsini təmin etmək, onların zəruri məlumat, qabiliyyət, davranış, vərdiş qazanmasına, milli ruhda formalaşmalarına yardımçı olmaqdır. Şagirdlərin maraq, bacarıq və qabiliyyət istiqamətlərinə uyğun inkişafı, onların həyata və növbəti təhsil pilləsinə hazırlanması da ibtidai təhsilin başlıca vəzifələrindəndir. Səkkizillik ibtidai təhsilin sonunda şagirdlərə müvafiq diplom verilir. 
Orta təhsil 
Türkiyədə orta təhsil dördillikdir. Orta təhsil ümumi, peşə və texniki orta təhsil müəssisələrini əhatə edir.
Orta təhsilin məqsədi şagirdlərə ortaq mədəni dəyərlər aşılamaq, fərd və cəmiyyət məsələlərini anlatmaq, onları ölkənin sosial-iqtisadi və mədəni inkişafına layiqli töhfələr verə biləcək vətəndaş kimi yetişdirmək, şagirdləri həm ali təhsilə, həm peşəyə, həm də müstəqil həyata hazırlamaqdır.
Orta təhsil müxtəlif proqramlara uyğun tədrisə əsaslanır. Şagirdlər istək və qabiliyyətləri müqabilində bu proqramlardan birini seçərək ümumi liseylərdə, fənn liseylərində, sosial elmlər liseylərində, idman liseylərində, incəsənət liseylərində və çoxproqramlı liseylərdə təhsil ala bilərlər. 
Peşə və texniki orta təhsil 
Peşə və texniki orta təhsil peşə sahələrinə müvafiq olaraq müəyyən əmək qabiliyyəti və vərdişləri verən, şagirdləri ali təhsilə hazırlayan təhsil müəssisələridir. Peşə və texniki orta təhsil müəssisələri sırasında oğlan texniki tədris məktəbləri, qız texniki tədris məktəbləri, ticarət və turizm tədrisi məktəbləri, din tədrisi məktəbləri əsas yer tutur. 
Özəl təhsil və tədris 
Özəl təhsilin məqsədi qüsurlu uşaqların tədrisə cəlb olunmasına, onların cəmiyyətə inteqrasiyasına və müəyyən peşələrə yiyələnmələrinə kömək etməkdən ibarətdir. Özəl təhsildə uşaqların qüsurlarına uyğun olaraq xüsusi tədris proqramlarından istifadə olunur.
Özəl təhsil məktəblərində (Azərbaycandakı xüsusi təyinatlı internat-məktəblərə uyğun tədris ocaqları) ibtidai təhsildən əvvəl hazırlıq sinfi mövcuddur. Nisbətən az qüsurlu şagirdlər birbaşa ibtidai təhsilə başlaya bilərlər. Özəl təhsil məktəblərində görmə, eşitmə, ortopedik, zehni qüsurluların, xroniki xəstəliyi olanların, otistik (ruhi xəstə) uşaqların, üstün və ya özəl qabiliyyətlilərin təhsili, eləcə də özəl siniflərdə təhsili üzrə tədris aparılır.
Özəl tədris müəssisələri isə hər mərhələ və növdəki özəl məktəbləri, özəl dərs evlərini, özəl peşə və texniki kursları, özəl sürücü kurslarını və özəl şagird araşdırma təhsil mərkəzlərini əhatə edir. Özəl tədris müəssisələri Milli Təhsil Nazirliyinin nəzarəti altında fəaliyyət göstərir. 
Ali təhsil 
Ali təhsil orta məktəb məzunlarının müvafiq ixtisaslara sahib olmasını və yüksək səviyyəli mütəxəssislər kimi yetişməsini təmin edir. Türkiyənin ali təhsil müəssisələri sırasına universitetlər, institutlar, konservatoriyalar, peşə ali məktəbləri daxildir. Türkiyədə 104 dövlət, 62 vəqf universiteti və 7 peşə ali məktəbi fəaliyyət göstərir.
Türkiyə ali təhsilinin məqsəd və vəzifələri milli təhsilin ümumi məqsəd və təməl prinsiplərinə uyğun olaraq müəyyən edilib:
* Tələbələri maraq, istedad və qabiliyyətləri müqabilində dövlətin elm və təhsil siyasətinə, əmək qabiliyyəti ehtiyaclarına görə yetişdirmək;
* Müxtəlif istiqamətlərdə elmi inkişafa nail olmaq;
* Ölkənin ümumi inkişafı naminə dərin elmi araşdırmalar aparmaq;
* Hökumət və qeyri-hökumət təşkilatları ilə işbirliyi şəraitində tədris və araşdırma mövzularının nəticələrini cəmiyyətə təqdim etmək;
* Elmi araşdırmaların nəticələrinə həsr olunmuş, elm və texnikanın inkişafını təmin edən nəşrləri təqdim etmək;
* Türkiyə cəmiyyətinin ümumi səviyyəsini yüksəldən, ictimai rəyi aydınlaşdıran elmi məlumatları xalqa çatdırmaq və əyani təhsil xidmətləri göstərmək.
Yeri gəlmişkən onu da qeyd edək ki, ali məktəblərinə dünyanın bütün ölkələrindən böyük axın olan Türkiyə universitetlərində təhsil alan azərbaycanlıların sayı ilbəil artmaqdadır. Azərbaycanla Türkiyə arasında inkişaf edən təhsil əlaqələrinin nəticəsidir ki, dövlət xətti və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 950-yə yaxın azərbaycanlı Türkiyə universitetlərində ölkəmiz üçün prioritet ixtisaslar üzrə təhsil alır. Çoxsaylı azərbaycanlı gənclər qardaş ölkədə ali təhsillərini başa vuraraq, yüksək ixtisaslı mütəxəssis kimi Azərbaycanda çalışmaqda, ölkə həyatının ayrı-ayrı sahələrinin inkişafına layiqli töhfələr verməkdədirlər. 
Təhsilin idarə olunması 
Türkiyədə təhsilin idarə olunması üzrə üç qurum - Milli Təhsil Nazirliyi, Ali Təhsil Komitəsi və Şagird Seçmə və Yerləşdirmə Mərkəzi fəaliyyət göstərir.
Türkiyənin Milli Təhsil Nazirliyinin strukturu mərkəz təşkilatı, şəhər-əyalət təşkilatı, ölkədənkənar təşkilatlar və digər tabe təşkilatlardan ibarətdir. Nazirliyin mərkəzi aparatı Təlim və Tərbiyə Heyəti İdarəsi, əsas xidmət təşkilatları, müraciət etmə və yoxlama təşkilatları, köməkçi təşkilatlar və layihələrin Koordinasiyası Mərkəzindən ibarətdir. Nazirlik hökumətin ümumi siyasəti, milli mənafelər, inkişaf planları və illik proqramlara uyğun olaraq fəaliyyət göstərir, digər qurumlarla işbirliyi və koordinasiyanı təmin edir.
Təlim və Tərbiyə Heyəti İdarəsi birbaşa nazirə bağlı bir orqandır. Təhsillə bağlı demək olar ki, hər mövzuda nazirə kömək etməkdə, məsləhət verməkdə, təhsil problemləri ilə bağlı araşdırmalar etməkdə vəzifəlidir.
Milli Təhsil Nazirliyinin 81 şəhər və 924 bölgədə yerli təşkilatları fəaliyyət göstərir (şəhər və ya rayon milli təhsil müdirliyi).
Milli Təhsil Nazirliyinin nəzdində bir sıra ölkədənkənar təşkilatlar fəaliyyət göstərir. Türkiyənin Vaşinqton, Berlin, Vyana, Brüssel, Kopenhagen, Paris, Tbilisi, Lahey, London, Berlin, Stokholm, Qahirə, Ər-Riyad, Moskva, Nikosiya, Bakı, Almatı, Bişkek, Daşkənd və Aşqabad şəhərlərində təhsil müşavirliyi, Nyu-York, Los-Anceles, Berlin, Köln, Mayn, Münster, Münhen, Nürnberq, Ştuttqard, Düselldorf, Essen, Frankfurt, Hamburq, Hannover, Sidney, Strasburq və Lionda isə təhsil nümayəndəliyi mövcuddur.
Son 30 ilə qədər Türkiyədə ali təhsilin bütün səviyyələrində mərkəzi idarəetmənin olmaması səbəbindən bu sahədə ciddi geriləmə müşahidə edilirdi. Odur ki, 1981-ci ildə ali təhsil sahəsində aparılan islahatlardan sonra Ali Təhsil Komitəsi yaradıldı və bütün ali təhsil müəssisələri bu qurumun tabeliyinə verildi. Ali Təhsil Komitəsi bütün ali məktəblərin fəaliyyətinin koordinasiya olunmasını həyata keçirir və onların işinin müvafiq qanunvericilik çərçivəsində təşkilinə nəzarət edir.
1974-cü ildən fəaliyyətə başlayan Şagird Seçmə və Yerləşdirmə Mərkəzi isə Ali Təhsil Komitəsinin təsbit etdiyi əsaslar çərçivəsində ali təhsil müəssisələrinə qəbul imtahanlarını həyata keçirir. 

                                       Estoniyanın təhsil sistemi
Estoniyada təhsil sistemi eston xalqının, o cümlədən ölkədəki etnik azlıqların qorunması, inkişafı məqsədlərinə xidmət edir. Ölkə təhsili humanizm, demokratiklik və qanunun aliliyi prinsiplərinə əsaslanır. 1992-ci ildə qəbul edilmiş Təhsil aktına görə təhsil savadlı və müasir dünyagörüşlü vətəndaş yetişdirməyə, qanunun aliliyinə hörmətlə yanaşan şəxsiyyət formalaşdırmağa xidmət etməli, həmçinin fasiləsiz təlim üçün imkan yaratmalıdır.
Təhsil sisteminə rəhbərlik Təhsil və Tədqiqat Nazirliyi tərəfindən həyata keçirilir. Nazirliyin səlahiyyət sahələrinə təhsilin, elmi tədqiqat işlərinin planlaşdırılması, dövlətin gənclər və dil siyasətinin həyata keçirilməsi, o cümlədən məktəbəqədər təhsilin, ümumi orta təhsilin, texniki peşə təhsilinin, ali təhsilin, əlavə təhsilin təşkili məsələləri daxildir.
Ölkənin təhsil sistemi məktəbəqədər təhsil, əsas təhsil (təhsilin ilk pilləsi), orta təhsil (təhsilin ikinci piləsi) və ali təhsil (təhsilin üçüncü pilləsi) səviyyələrindən ibarətdir. Estoniyada uşaqlar 7 yaşdan başlayaraq icbari təhsilə cəlb olunur. İcbari təhsil isə uşaqlar əsas təhsil pilləsini tamamlayana və ya 17 yaşı tamam olana qədər davam edir.
Əsas təhsil pilləsi I-IX sinifləri əhatə edir. Əsas təhsilin VII-IX siniflərində də şagirdlər maraq sahələrinə uyğun olaraq peşə profili üzrə təhsil ala bilərlər. Orta təhsil pilləsi 3 il olmaqla X-XII sinifləri əhatə edir.
Tədris dilindən asılı olmayaraq təhsil bütün pillələrdə ümumi milli kurikulum əsasında təşkil olunur. Məktəblər ümumi milli kurikulum əsasında öz kurikulumlarını hazırlayırlar. Tədris ili ən azı 175 tədris günündən (35 həftə) ibarətdir.
Ölkə üzrə 2008-2009-cu tədris ilində ümumi təhsil məktəblərində oxuyan şagirdlərin sayı təxminən 148000 nəfər təşkil edib. Onların 12426 nəfəri I sinif şagirdi olub.
Ölkədə təhsil təqaüdlərindən bəhrələnmək üçün geniş imkanlar yaradılıb. Bunun üçün şagirdlər, tələbələr və doktorantlar kurikulumda tədris üçün müəyyən olunmuş standart müddətdə müvafiq biliklərə yiyələndiklərini nümayiş etdirməlidirlər. Tədris proqramlarını mənimsəməyən, akademik icazə və məzuniyyət götürmüş tələbələrə təqaüd almaq imkanı verilmir. 
Məktəbəqədər təhsil 
Məktəbəqədər təhsil məktəbəqədər təhsil müəssisələrində və ya evdə təşkil olunur. Uşaqların məktəbəqədər təhsilə cəlb olunması valideynlərin istəyindən asılıdır.
Estoniyada 4 növ məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu sıraya 1-3 yaşlı uşaqlar üçün nəzərdə tutulan gündüz bağçaları, 1-7 yaşlı uşaqlar üçün bağçalar, xüsusi qayğıya ehtiycı olan uşaqlar üçün nəzərdə tutulan bağçalar və ibtidai məktəb tipli bağçalar daxildir.
Məktəbəqədər təhsil müəssisələrinin əksəriyyəti regionlarda fəaliyyət göstərən 1-3 yaşlı uşaqlar üçün nəzərdə tutulan gündüz bağçalarından ibarətdir. Şəhərlərdəki məktəbəqədər təhsil müəssisələrinə müraciət edənlərin sayı çox olduğuna görə həmin bağçalarda qrupların sayı 12-dən az olmur. Bununla yanaşı, yeni tipli məktəbəqədər təhsil müəssisələrində qrupların maksimum sayı 6-nı keçmir.
Onu da qeyd edək ki, yerli hökumətlə
r nəzarət etdikləri ərazi dairəsində yaşayan 1-7 yaşlı bütün uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmasına imkan yaratmalıdırlar. Bələdiyyələr və ya şəhər hökumətləri fiziki, nitq, görmə və əqli qüsuru olan, eləcə də xüsusi qayğıya ehtiyacı olan digər uşaqların yaşadıqları ərazidəki məktəbəqədər təhsil müəssisələrindəki adaptasiya qruplarında tərbiyə olunmasını təmin edirlər. Məktəbəqədər təhsil müəssisələrində adaptasiya qrupunun yaradılması mümkün olmadığı hallarda bələdiyyələr və şəhər hökumətləri xüsusi qruplar yaradır və ya xüsusi bağçalar təsis edirlər. Uşaqlar adaptasiya və ya xüsusi qruplara valideynin yazılı müraciəti, eləcə də məşvərət komitəsinin qərarı əsasında qəbul edilirlər.
Ölkənin digər regionları ilə müqayisədə iri şəhərlərdə məktəbəqədər təhsil müəssisələrinə daha çox ehtiyac duyulur. Bu baxımdan Tallin, Tartu şəhərlərindəki vəziyyət daha çox diqqəti cəlb edir.
Məktəbəqədər təhsil müəssisələrində oxumayan uşaqlar üçün bağçaların və məktəblərin nəzdində məktəbə hazırlıq qrupları təşkil olunur. Bu qruplarda təhsil pulsuzdur və könüllülük prinsipi əsasındadır. 
Əsas təhsil 
Estoniyada uşaqlar 7 yaşından icbari və ya əsas təhsilə cəlb olunur. İcbari təhsil I-IX sinifləri əhatə edir. I-VI siniflər üçün nəzərdə tutulan ibtidai məktəblər əsas təhsilin mühüm bir hissəsidir. VII-IX siniflərində şagirdlər maraq sahələrinə uyğun olaraq təmayüllər üzrə təhsil ala bilərlər.
Əsas təhsil 3 mərhələdə təşkil edilir:
* Birinci mərhələ - I-III siniflər;
* İkinci mərhələ -IV-VI siniflər;
* Üçüncü mərhələ -VII-IX siniflər.
Bələdiyyələr əraziyə uyğun olaraq əsas məktəbləri müəyyən edirlər. Həmin məktəblərdə müvafiq əhatə dairəsində yaşayan hər bir uşaq təhsil ala bilər. Valideynlər məktəbin himayədarlar şurasında təmsil olunmaqla təhsil müəssisələrinin inkişafına mühüm töhfə verirlər.
Əsas təhsil üç milli kurikulum əsasında təşkil olunur. Şagirdlərin həftəlik dərs yükü sinfin səviyyəsindən asılı olaraq dəyişir: I sinifdə 20 dərs, II sinifdə 23 dərs, III-IV siniflərdə 25 dərs, V sinifdə 28 dərs, VI-VII siniflərdə 30 dərs, VIII sinifdə 32 dərs, IX sinifdə 34 dərs.
Əsas təhsil pilləsində eston dili və ədəbiyyatı, iki xarici dil, riyaziyyat, təbiət elmləri, coğrafiya, biologiya, kimya, fizika, tarix, humanitar elmlər, ictimai elmlər, musiqi, təsviri sənət, fiziki təhsil, əmək təlimi kimi icbari fənlər tədris edilir. Tədris rus və digər əcnəbi dillərdə təşkil olunan məktəblərdə eston dilinin ayrıca fənn kimi keçirilməsi icbaridir. Həmçinin ana dili eston dili olmayan şagirdlərin oxuduğu məktəblərdə eston dili ikinci xarici dil kimi tədris olunur.
Əsas təhsil pilləsini başa vurmaq üçün şagirdlərdən müvafiq kurikulumu tamamlamaq və təyin olunmuş 3 imtahanı (eston dili və ədəbiyyatı, riyaziyyat və şagirdin seçdiyi hər hansı digər bir fənn) uğurla vermək tələb olunur. Əsas təhsil pilləsini tamamlaya bilməyən və ən azı 17 yaşı tamam olmuş şagirdlər ya əsas təhsil pilləsini başa vurmaq haqqında sənəd tələb edilməyən peşə təhsili üzrə peşələrə yiyələnə və ya yaşlılar üçün nəzərdə tutulan orta ümumi təhsil müəssisələrində əsas təhsil ala bilərlər.
Əsas təhsil pilləsini uğurla başa vuran şagirdlər 3 illik ümumi orta və ya 3 illik peşə yönümlü orta təhsil müəssisələrində təhsillərini davam etdirmək imkanı qazanırlar. Həmçinin onların 3 illik ümumi orta təhsil verən peşə məktəblərində və ya ümumi orta təhsil verməyən, ancaq peşə bacarıqları aşılayan peşə təhsili müəssisələrində oxuması mümkündür. 
Orta təhsil 
Qeyd etdiyimiz kimi, orta təhsil müddəti 3 il olmaqla X-XII sinifləri əhatə edir. Orta təhsil milli kurikuluma uyğun olaraq həyata keçirilir. Hər bir məktəb milli kurikuluma əsasən öz kurikulumunu hazırlayır. Orta təhsil pilləsində bir tədris ili 35 həftə, bir tədris həftəsi isə ən azı 32 dərs saatından ibarətdir.
Bu pillədə şagirdlər seçmə fənlərlə yanaşı, müvafiq sahə, o cümlədən təbiət elmləri, humanitar elmlər və digər sahələr üzrə dərin biliklərə və ya peşə məktəblərində oxumaqla hər hansı peşəyə yiyələnə bilərlər. Orta təhsil pilləsinin sonunda şagirdlər 5 fəndən imtahan verir. Bu imtahanlardan ən azı 3-ü dövlət imtahanıdır.
Qeyd edək ki, 2008-2009-cu tədris ilində Estoniyanın orta məktəblərində təhsil alan şagirdlərin sayı 31265 nəfər olub. 2011-2012-ci tədris ilindən başlayaraq Estoniyada rus dilində tədris aparılan bütün orta təhsil müəssisələrində tədris eston dilində təşkil olunur.
Orta təhsil pilləsini tamamladıqdan sonra şagirdlər aşağıdakı istiqamətlər üzrə təhsillərini davam etdirə bilərlər:
* Peşə təhsili müəssisələrində peşə təhsili (0,5-3 il);
* Kolleclər və ya universitetlərdə ali peşə təhsili (3-4,5 il);
* Universitet və ya digər ali təhsil müəssisələrində bakalavriatura təhsili (3 il), magistratura təhsili (2 il) və ya doktorantura təhsili (3-4 il).
Texniki peşə təhsili 
Həm əsas, həm də orta təhsil pilləsində təmayüllər üzrə texniki peşə təhsili proqramları peşə biliklərinin və bacarıqlarının inkişaf etdirilməsinə əlverişli zəmin yaradır. Əsas təhsil pilləsini başa vurmaq tələb olunmayan peşə təhsili proqramlarında əsas təhsil pilləsini başa vura bilməyən və 17 yaşı tamam olmuş şəxslər yalnız müvafiq peşələrə yiyələnir. Bu zaman təhsil müddəti 0,5-2,5 ildir. Həmin proqramları seçən şəxslər peşə təhsilini tamamladıqdan sonra da icbari əsas təhsillərini davam etdirə bilərlər.
Əsas təhsil əsaslı peşə təhsili elə bir təhsil növüdür ki, burada yalnız peşə təhsili ilə əlaqəsi olan ümumi təhsil fənləri tədris edilir. Bu təhsil proqramlarını başa vuran şagirdlər müəyyən peşəyə yiyələnməklə yanaşı, əsas təhsil pilləsini də bitirmiş hesab olunurlar.
Orta peşə təhsilinə əsas təhsil pilləsində təhsil almış şagirdlər müraciət edə bilərlər. Orta peşə təhsilini başa vuran şagirdlər orta təhsil sertifikatına və müəyyən peşəyə yiyələnir. Orta peşə təhsilinin müddəti minimum 3 il təşkil edir. Peşə məktəblərində orta peşə təhsili kurikulumunu tamamlamış şagirdlər öz seçimlərinə əsasən əlavə olaraq 1 illik ümumi təhsil fənn proqramlarını da öyrənə və müvafiq dövlət imtahanları verə bilərlər. Bu, həmin peşə məktəblərini bitirən məzunların təhsillərini ali məktəblərdə davam etdirmələrinə imkan verir.
Orta təhsil əsaslı peşə təhsilinə isə orta təhsil pilləsini tamamladıqdan sonra yiyələnmək mümkündür. Həmin tədris ocaqları 0,5-2,5 il müddətdə peşə bacarıqlarına yiyələnmək imkanı yaradır.
Əsas və orta məktəblərdə təşkil olunan peşə təhsili ümumi təhsil məktəblərinin şagirdləri üçün nəzərdə tutulur və peşə təhsili müəssisələri tərəfindən həyata keçirilir. Tədris ayrıca bir kurikulum əsasında ən azı 15 tədris həftəsi müddətində təşkil olunur. Təhsili başa vurduqdan sonra şagirdlər seçdikləri peşə üzrə əsas bilik və bacarıqlara, həmçinin peşə təhsilinin tamamlanmasına dair sertifikata yiyələnirlər.
2008-2009-cu tədris ilində Estoniyada 45 peşə təhsili müəssisəsi fəaliyyət göstərib. Onların da 31-i dövlət, 3-ü bələdiyyə və 11 özəl əsaslı peşə təhsili müəssisələridir. Həmin təhsil müəssisələrində oxuyan 27239 şagirdin 11456 nəfəri dövlət sifarişli ixtisasları seçib. 
Ali təhsil 
Orta təhsil pilləsini uğurla başa vuran bütün şagirdlər ali təhsil pilləsində oxumaq hüququ qazanır. Ali təhsil proqramları universitetlərdə və ali peşə təhsili müəssisələrində tədris edilir.
Tələbələr ali təhsilin birinci mərhələsində iki növ kurikulumdan birini seçə bilərlər:
* Nəzəri prinsiplərə əsasən peşə bacarıqlarının inkişaf etdirilməsinə xidmət edən nəzəriyyə əsaslı bakalavr təhsili;
* Praktiki prinsiplərə əsasən nəzəri biliklərin inkişaf etdirilməsinə xidmət edən təcrübəyönümlü ali peşə təhsili. Praktiki fəaliyyət kurikulumun 30 faizini təşkil edir.
Ali peşə təhsili proqramı üzrə tədrisin müddəti 3-4,5 il, bakalavr proqramı üzrə isə 3-4 ildir. Hər iki proqram üzrə kurikulumda nəzərdə tutulan tədris yükü 120-160 kredit (Avropa Kredit Köçürmə Sistemində müvafiq olaraq 180-240 kredit) arasında dəyişir.
Ali peşə və bakalavr təhsili proqramını başa vuran tələbələr magistratura səviyyəsində təhsillərini davam etdirə bilərlər.
Magistratura təhsili üzrə tədrisin müddəti 1 və ya 2 ildir. Nəzərdə tutulan tədris yükü isə 40-80 kredit (Avropa Kredit Köçürmə Sistemində müvafiq olaraq 60-120 kredit) arasında dəyişir. Bakalavriatura və magistratura səviyyəsində təhsilin müddəti ümumilikdə 5 ildir. Kurikulumda nəzərdə tutulan tədris yükü isə ümumilikdə 200 kredit (Avropa Kredit Köçürmə Sistemində 300 kredit) təşkil edir.
Tibb ixtisası üzrə təhsilin müddəti 6 ildir. Tibb ixtisası üzrə kurikulumda nəzərdə tutulan tədris yükü 240 kredit (Avropa Kredit Köçürmə Sistemində 360 kredit) müəyyən olunub.
Stomatologiya, əczaçılıq, tikinti mühəndisliyi və müəllimlik ixtisası üzrə təhsil müddəti isə 5 ildir. Bu ixtisaslar üzrə kurikulumda nəzərdə tutulan tədris yükü isə 200 kredit (Avropa Kredit Köçürmə Sistemində 300 kredit) təşkil edir.
Təhsilin ən yüksək səviyyəsi olan fəlsəfə doktoru proqramı üzrə təhsil müddəti 3-4 il davam edir. Fəlsəfə doktoru proqramı üzrə kurikulumda nəzərdə tutulan tədris yükü 120-160 kredit (Avropa Kredit Köçürmə Sistemində müvafiq olaraq 180-240 kredit) arasında dəyişir.
Qeyd etdiyimiz kimi, Estoniyanın ali təhsil sistemi iki növ ali təhsil müəssisələrindən ibarətdir: universitetlər və ali peşə təhsili müəssisələri.
Universitetlər elmi-tədqiqat, inkişaf, təhsil və mədəniyyət əsaslı müəssisələrdir. Universitetlərin fəaliyyəti beynəlxalq standartlara uyğun əsas və tətbiqi tədqiqatın aparılmasından ibarətdir. Universitetləri şərtləndirən əsas cəhət bu təhsil müəssisələrində ali təhsilin ikinci və üçüncü səviyyəsi üzrə nəzəriyyəyə əsaslanan tədqiqatların və mütəxəssis hazırlığının həyata keçirilməsidir.
Ali peşə təhsili müəssisələrində isə ali təhsilin birinci səviyyəsi üzrə peşə bacarıqlarına yiyələnmiş mütəxəssislər əmək bazarının tələblərinə uyğun olaraq hazırlanır.
Kurikulum çevikliyi və təcrübəyə üstünlük verilməsi, eləcə də şirkətlər, peşə assosiasiyaları, ictimai tərəfdaşlar ilə əməkdaşlıq edilməsi ali peşə təhsili müəssisələrini şərtləndirən əsas cəhətlərdir. Ali peşə təhsili müəssisələrində magistratura səviyyəsi üzrə mütəxəssis hazırlığına hökumətin razılığı əsasında icazə verilir. 2008-ci ilin statistikasına görə, Estoniyada 6 ali peşə təhsili müəssisəsində magistratura pilləsi üzrə mütəxəssis hazırlığı həyata keçirilib.
Müəllimlik peşəsi üzrə kadrların hazırlanması universitetlərdə və kolleclərdə həyata keçirilir. Məktəbəqədər təhsil üzrə müəllimlərin hazırlığı isə həm universitet, həm də ali peşə təhsili müəssisələrində təşkil edilir.
Ölkədə dövlət əsaslı universitetlər və ali peşə təhsili müəssisələri ilə yanaşı, özəl universitetlər, ali peşə təhsili müəssisələri və peşə kollecləri də kifayət qədərdir. Ölkədə 6 dövlət, 4 özəl universitet və 10 dövlət, 11 özəl ali peşə təhsili müəssisəsi olub. Həmçinin 2 dövlət və 1 özəl peşə kolleci fəaliyyət göstərir. 2009-cu ilin statistik məlumatına görə, ali təhsil müəssisələrində oxuyan tələbələrin sayı təxminən 68000 nəfər olub.
Tələbələr həm dövlət sifarişli, həm də ödənişli ixtisaslara qəbul ola bilərlər. Dövlət sifarişli və ödənişli ixtisaslar arasındakı nisbət əhəmiyyətli dərəcədə dəyişib. 2008-2009-cu tədris ilində ali məktəblərə qəbul zamanı dövlət sifarişli ixtisaslara qəbul edilən tələbələr ümumi tələbə sayının 46 faizini təşkil edib.
Artmaqda olan əmək bazarının tələblərinə uyğun olaraq ali təhsil pilləsi üzrə müəyyən olunmuş prioritet sahələrə-mühəndislik, istehsalat və emal, kompüter elmləri, ətraf mühitin mühafizəsi, fizika, səhiyyə xidməti və digərləri aiddir. Bu sahələrə tələbat böyük olduğuna görə, müvafiq ixtisaslara qəbul prosesi yüksək rəqabət şəraitində keçirilir. 
Əlavə təhsil 
Yaşlıların təhsilinin təşkili üçün Estoniyada çevik sistem və geniş imkanlar yaradılıb. Yaşlıların təhsili proqramları formal, peşə təhsili və qeyri-formal peşə təhsili formalarında həyata keçirilir.
Yaşlıların formal təhsilinə əsas və orta təhsil pilləsində təhsil almaq üçün distant təhsil, axşam kursları vasitəsilə yaşlıların təhsili aiddir. 
Peşə təhsili və ali təhsil müəssisələrində fasiləsiz təhsil və yenidən hazırlanma kursları təşkil olunur. Bu kurslar yaşlıların peşə və ixtisas biliklərini, bacarıqlarını, eləcə də təcrübələrini təkmilləşdirməyə və dərinləşdirməyə xidmət edir. Peşə təhsili və ali təhsil müəssisələrində yaşlıların təhsili qiyabi təhsil formasında təklif olunur.
Qeyri-formal təlim kursları tələbələrin yaradıcılığının, istedadının və sosial fəallığının inkişaf etdirilməsinə imkan yaradır. Yaşlıların qeyri-formal təhsili bir çox qeyri-formal təhsil mərkəzlərində, xalq universitetlərində (qeyri-formal təhsil müəssisələrində) və mədəniyyət mərkəzlərində təşkil olunur.
Yaşlıların əsas, orta və orta peşə təhsili pulsuz olduğu halda, qiyabi ali təhsildə ödəniş tələb edilir. Dövlət sifarişli yerlərə müraciət etmək üçün əyani təhsil formasını seçmək lazımdır. Milli prioritet hesab edilən ixtisaslar üzrə yaşlıların qiyabi ali təhsili dövlət tərəfindən maliyyələşdirilir.
Müvafiq qaydalara görə pedaqoji sahədə çalışanlar 5 ildə 160 saat fasiləsiz təhsilə cəlb olunmalıdırlar. Yaşlıların təhsili haqqında qanunvericilik aktlarına əsasən müəllimlərin fasiləsiz təhsili dövlət büdcəsi hesabına maliyyələşir. 
Xüsusi təhsil 
Xüsusi ehtiyaclı uşaqların təhsili üçün dövlət mühüm öhdəliyə malikdir. Qanunvericiliyə uyğun olaraq xüsusi ehtiyaclı uşaqlar öz yaşadıqları ərazidəki məktəbdə oxumaq hüququna malikdir.
Dövlət və bələdiyyə məktəblərində xüsusi ehtiyaclı uşaqların təhsili üçün siniflər aşağıdakı şəkildə qruplaşdırılır:
* fiziki, nitq, görmə və əqli qüsurlu uşaqlar üçün siniflər;
* digər təlim çətinlikləri olan uşaqlar üçün motivasiya sinifləri;
* yüngül təlim çətinlikləri olan uşaqlar üçün siniflər;
* orta səviyyəli təlim çətinlikləri olan uşaqlar üçün siniflər;
* ciddi təlim çətinlikləri olan uşaqlar üçün siniflər.
Siniflərin qruplaşdırılmasında əsas məqsəd tədrisin təşkilində fərdi xüsusiyyətlər nəzərə alınmaqla uşaqların şəxsi inkişafını təmin etməkdir.
Xüsusi məktəblərdə uşaqlar üçün aşağıdakı yardımçı sistemlər təklif olunur:
* fərdi kurikulum;
* korrektiv qruplar;
* nitq terapiyası;
* uzunmüddətli qruplar;
* ev təhsili;
* davranış problemləri olan uşaqlar üçün siniflər;
* sosial problemləri olan uşaqlar üçün internat tipli məktəblər.
Estoniyada 48 xüsusi məktəb fəaliyyət göstərir. Onların 3-ü eşitmə qüsurlu, 1-i fiziki qüsurlu, 1-i görmə qüsurlu, 3-ü ümumi qüsurlu, 5-i davranış qüsurlu,  qalanları isə digər təlim çətinlikləri olan uşaqlar üçün nəzərdə tutulub.
Əqli qüsuru olan uşaqlar üçün tədris sadələşdirilmiş milli kurikulum əsasında təşkil edilir. Bundan əlavə, orta səviyyəli və ciddi təlim çətinlikləri olan uşaqların tədrisi üçün də milli kurikulum mövcuddur. Fiziki qüsurlu uşaqların tədrisi və inkişafı ilə bağlı bütün məsələlərdə valideynin razılığı tələb edilir.
Səhhəti ağır olan uşaqlar valideynin razılığı ilə evdə də icbari təhsil ala bilərlər. Uzun müddət müalicə alması tələb olunan uşaqların təhsili isə xəstəxanada təşkil edilir. 
Elmi tədqiqatlar 
Estoniyada elmi tədqiqat sahəsinin müasir tələblər səviyyəsində inkişafına xüsusi diqqət yetirilir. Hökumət elmi tədqiqat və inkişaf planını hazırlayır, parlamentə təqdim edir, müvafiq proqramları təsdiq edir, nazirliklərarası əlaqələndirməni tənzimləyir.
Tədqiqat və İnkişaf Şurası elmi tədqiqat və inkişaf məsələləri ilə bağlı hökumətə tövsiyələr verir. Təhsil və Tədqiqat Nazirliyi isə milli tədqiqat strategiyasını həyata keçirir, elmi tədqiqat və inkişaf müəssisələrini maliyyələşdirir, onların fəaliyyətini dəyərləndirir, beynəlxalq əməkdaşlığın genişləndirilməsini təmin edir.
Ölkənin elmi tədqiqat və inkişaf siyasətinin əsas məqsədləri "Bilikyönümlü Estoniya 2007-2015" adlı tədqiqat, inkişaf və innovasiya strategiyasında dolğun şəkildə əks olunub. Strategiyada əsas üç məqsəd bəyan edilib:
* Keyfiyyətin rəqabət əsasında yüksəldilməsi, elmi tədqiqat və inkişaf fəaliyyətinin məhsuldarlığının artırılması;
* Qlobal iqtisadiyyata töhfə verən innovativ biznes fəaliyyətinin yaradılması;
* Uzunmüddətli davamlı inkişafı təmin edəcək innovativ cəmiyyətin formalaşdırılması.
Estoniyada 18 elmi-tədqiqat müəssisəsi fəaliyyət göstərir ki, onların da 6-sı dövlət universitetlərinin nəzdindədir. Ən böyük elmi-tədqiqat müəssisələri Tartu Universiteti, Tallin Texnologiya Universiteti və Tallin Universitetinin nəzdində fəaliyyət göstərir. Universitetlərdən kənar fəaliyyət göstərən ən böyük dövlət elmi-tədqiqat müəssisəsi Estoniya Biomərkəzi, Tartu Rəsədxanası, Estoniya Ədəbiyyat Muzeyi hesab edilir. Müstəqil fəaliyyət göstərən tədqiqat müəssisəsinə isə Milli Kimya və Biofizika İnstitutunu aid etmək olar. 
Təhsilin maliyyələşməsi 
Ölkə üzrə 582 ümumi təhsil məktəbindən 517-si bələdiyyə, 31-i dövlət, 34-ü isə özəl məktəblərdir. 31 dövlət məktəbinin 27-si xüsusi ehtiyaclı uşaqlar üçün nəzərdə tutulan, digərləri isə adi təhsil müəssisələridir. Ümumi təhsil məktəbləri əsasən yerli hökumətin büdcəsi hesabına maliyyələşir.
Son illərdə Estoniyada ümumi dövlət xərclərinin 14-15 faizi təhsilə sərf olunur. Ümumi təhsil sisteminə ayrılmış xərclər ümumilikdə təhsil sisteminə yönəldilən vəsaitin yarıdan çox hissəsinə bərabərdir. Ümumi təhsil xərclərinin 11 faizi peşə təhsilinə, 21 faizi isə ali təhsilə yönəldilir. Dövlət təhsil xərclərinin 15 faizi isə məktəbəqədər təhsil və digər təhsil xidmətləri, layihələr üçün nəzərdə tutulur.
Ali təhsilə ayrılmış xərclərə nəinki dövlət sifarişi üzrə təhsil xərcləri, həmçinin investisiya, təqaüdlər və digər xərclər daxildir. Ali təhsil üçün nəzərdə tutulan vəsaitlərin böyük hissəsi (67 faizi) dövlət ali təhsil müəssisələrinə verilir.  Dövlət sifarişi ilə oxuyan tələbələrin 66 faizi dövlət ali məktəblərində təhsil alır. Ali peşə təhsili xərcləri ümumilikdə ali təhsil üçün nəzərdə tutulan xərclərin 22 faizini təşkil edir.
Estoniyada elmi tədqiqat layihələri dövlət büdcəsi, bələdiyyə və şəhər büdcəsi, ünvanlı yardımlar, qrantlar, milli tədqiqat və inkişaf proqramları, elmi-tədqiqat müəssisələrinin iqtisadi fəaliyyət nəticəsində əldə etdiyi qazanc və digər mənbələr hesabına maliyyələşir. 2007-ci ildə Estoniyada elmi tədqiqat və inkişafa ayrılmış vəsaitin miqdarı ÜDM-un 1,14 faizini təşkil edib ki, bu da Avropa İttifaqı üzrə nəzərdə tutulmuş 1,84 faizlik orta göstəricidən aşağıdır.
Təhsil xərclərinin ödənilməsi üçün nəzərdə tutulan vəsait dövlət büdcəsindən bələdiyyə və şəhər büdcələrinə köçürülür. Əməkhaqqı, fasiləsiz təhsil, investisiya, dərslik və əyani vəsaitlər ilə bağlı xərclər məktəb üçün ayrılan vəsaitin böyük hissəsini təşkil edir. Eyni qayda ilə özəl ümumi təhsil müəssisələrinə də vəsait ayrılır.
Estoniyada son illər ərzində müəllimlərin minimum əməkhaqlarının artırılaraq orta əməkhaqqı səviyyəsinə çatdırılması təhsilin yüksək inkişaf ahəngi ilə irəliləməsinə zəmin yaradıb. 
Təhsilin idarə olunması 
Estoniyada təhsillə bağlı qanunlar və strategiyalar parlament tərəfindən qəbul edilir. Parlament, həmçinin təhsil haqqının həcmini müəyyən edir. Təhsil və Tədqiqat Nazirliyi bütövlükdə təhsil siyasəti və strategiyasının həyata keçirilməsini əlaqələndirir. 15 dairə hökumətinin tabeliyindəki təhsil idarələri yerli təhsilin idarə olunmasına cavabdehlik daşıyır. Yerli təhsil idarələri dairə üzrə təhsilin inkişaf planını hazırlayır, məktəbəqədər və ümumi təhsil məktəblərinin fəaliyyətinə nəzarət edir, eləcə də bələdiyyələrə təhsil məsələləri ilə bağlı tövsiyələr verir.
Bələdiyyələr isə öz səlahiyyətləri dairəsində məktəbəqədər, əsas, orta təhsil müəssisələrinin, axşam məktəblərinin, mədəniyyət mərkəzlərinin fəaliyyətini tənzimləyir və icbari təhsil yaşlı uşaqların sayını müəyyən edir. Bələdiyyələr təhsil müəssisələrinin rəhbərlərini təyin edir, məktəblərin tibb, təminat və təchizat xidmətlərini yerinə yetirir. Bələdiyyələr, həmçinin ümumi təhsil məktəblərinin təsis edilməsi, təkrar təşkili, bağlanması və şagirdlərin nəqliyyatla təmin edilməsi məsələlərinə cavabdehdir.
Təhsil müəssisələrinin fəaliyyətinin gündəlik təşkili və idarə olunması isə direktor, məktəbin Nəzarət Şurası və Təhsil Şurası tərəfindən yerinə yetirilir. Özəl məktəblərin fəaliyyətinə Təhsil və Tədqiqat Nazirliyinin müəyyən etdiyi qaydalara uyğun nəzarət olunur.
Universitetlər və ali peşə təhsili müəssisələri isə tədris heyətini, təşkilati strukturu, tədris və tədqiqat proqramlarının məzmununu, kurikulumu, tədris planını, qəbul meyarlarını müəyyən etməkdə sərbəstdirlər. 
Beynəlxalq əlaqələr 
Ölkə təhsil, elm və texnologiya sahəsində uzunmüddətli beynəlxalq əməkdaşlıq ənənələrinə malikdir.  Estoniya Avropa İttifaqının dəstəklədiyi bir çox proqramlar çərçivəsində müxtəlif ölkələr ilə əməkdaşlıq edir.
Qohum Millətlər Proqramı çərçivəsində Estoniya Finlandiya və Macarıstan ilə təhsil, tədqiqat, mədəniyyət, informasiya mübadiləsi sahəsində geniş əməkdaşlıq edir. Proqram çərçivəsində estonlara qohum olan millətlərin nümayəndələrinin Estoniyada ali təhsil almasına imkan yaradılır, onların beynəlxalq tədqiqat və mədəni tədbirlərdə iştirakı maliyyələşdirilir. 
2004-cü ildən bəri Avropa İttifaqı Avropa Sosial Fondu və Avropa Regional İnkişaf Fondu vasitəsilə Estoniyada təhsil, elmi tədqiqat və inkişaf layihələrinə dəstək verir. Avropa İttifaqının qeyd olunan layihələri maliyyələşdirməsinin əsas məqsədi ictimai rifah və iqtisadi inkişafı bütün üzv ölkələrdə bərabər səviyyəyə çatdırmaqdan ibarətdir.
Estoniya elm və texnologiya sahəsində 40-dan artıq ölkə ilə əməkdaşlığa dair çərçivə müqaviləsi imzalayıb. Bu sıraya ABŞ, Çin, Hindistan, Meksika, Ukrayna və digər ölkələr daxildir. 

                         Şimali Kipr Türk Respublikasının təhsil sistemi
Şimali Kipr Türk Respublikası Aralıq dənizinin şərq sahillərində yerləşir. Ölkənin müstəqilliyi Türkiyə Cümhuriyyətindən başqa heç bir dövlət tərəfindən tanınmayıb. Bununla belə, Şimali Kipr Türk Respublikası de-fakto müstəqil dövlətdir. 1985-ci ildə qəbul edilmiş Konstitusiyaya görə, dövlət başçısı prezidentdir.
Ölkədə son illər təhsil sahəsinin sürətli inkişafı müşahidə edilməkdədir. Təhsil sisteminə nəzarət, müvafiq qanunların və yeni normativ-hüquqi sənədlərin hazırlanması işi Milli Təhsil, Gənclik və İdman Nazirliyi  tərəfindən həyata keçirilir.
Məktəbəqədər təhsil, ibtidai təhsil və orta təhsilin 12-14 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş birinci mərhələsi icbari xarakter daşıyır. Məktəblərin əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilir. Dövlət məktəbləri ilə yanaşı, genişləndirilmiş təhsil proqramları təklif edən özəl tədris ocaqları da fəaliyyət göstərir.
Şimali Kiprin təhsil sistemi aşağıdakı pillələrə bölünür:
* Məktəbəqədər təhsil - 6 yaşa qədər olan uşaqlar üçün nəzərdə tutulub;
* İbtidai təhsil - 6-11 yaşlı uşaqlar üçün nəzərdə tutulub;
* Orta təhsilin aşağı pilləsi (əsas təhsil) - 12-14 yaşlı uşaqlar üçün nəzərdə tutulub;
* Orta təhsilin yuxarı pilləsi - 15-17 yaşlı uşaqlar üçün nəzərdə tutulub;
* Peşə təhsili;
* Ali təhsil.
Orta təhsilin yuxarı pilləsində şagirdlər əsasən, lisey və peşə məktəblərində oxuyurlar. Orta təhsilin yuxarı pilləsi universitetlərə hazırlıq mərhələsi hesab olunur.
Tam orta təhsil 11 ildir. 12 illik təhsilə keçmək planlaşdırılsa da, qarşıya çıxan maneələr aradan qaldırılmamış bu məsələnin reallaşdırılması mümkün olmayacaq.
Ölkə üzrə təxminən 1 müəllimə 30 şagird nisbəti qeydə alınıb. Dərs ili sentyabr ayında başlayır və iyun ayının sonunda başa çatır.
Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən universitetlər müasir təhsil ənənələrini uğurla tətbiq edir, daha yüksək səviyyəli mütəxəssis hazırlığı istiqamətində rəqabət aparırlar. Şərqi Aralıq Dənizi Universiteti, Yaxın Şərq Universiteti, Kipr Beynəlxalq Universiteti,  Girnə Amerikan Universiteti, Lefke Avropa Universiteti, Türkiyənin Orta Şərq Texniki Universitetinin və İstanbul Texniki Universitetinin Şimali Kiprdəki filiallarında nəinki yerli, həmçinin kifayət qədər əcnəbi tələbələr təhsil alır. 
Məktəbəqədər təhsil 
Şimali Kiprdə məktəbəqədər təhsil müəssisələri sırasına körpələr evi və kreşlər  daxildir. Körpələr evinə 4 yaşına qədər uşaqlar cəlb edilir. Kreşlərdə isə 4-6 yaşlı uşaqlar təhsil alırlar.
5 yaşlı uşaqların məktəbə hazırlığını nəzərdə tutan məktəbəqədər təhsil proqramları 2004-cü ildən etibarən icbari xarakter daşıyır. Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsil ödənişsiz əsaslarla həyata keçirilir.
Məktəbəqədər təhsil proqramlarının əsas məqsədi şagirdlərin ümumi və emosional inkişafını təmin etməkdən ibarətdir. Bununla yanaşı, uşaqların məktəbə hazırlığı məsələlərinə də xüsusi diqqət yetirilir, müvafiq kurikulumlar əsasında tədris aparılır. 
İbtidai təhsil 
Uşaqlar 6 yaşından etibarən I sinfə qəbul olunur. Qeyd etdiyimiz kimi, 5 illik ibtidai təhsil icbari xarakter daşıyır və ödənişsiz əsaslarla aparılır.
2002-2003-cü tədris ilinin statistik məlumatlarına görə, Şimali Kiprdə 344 ibtidai məktəb fəaliyyət göstərir. Bu məktəblərdə 60 mindən çox şagirdin təlim-tərbiyəsi ilə təxminən 4000 müəllim məşğul olur.
Dövlət məktəbləri ilə yanaşı, özəl ibtidai təhsil müəssisələri də fəaliyyət göstərir. Özəl  məktəblərə də Milli Təhsil, Gənclik və İdman Nazirliyi nəzarət edir.
İbtidai təhsil (6-11 yaş) əsas təhsil mərhələsinin birinci pilləsi hesab olunur. Orta təhsilin 3 il davam edən aşağı pilləsi isə (12-14 yaş) əsas təhsilin ikinci mərhələsidir. Əsas təhsil ödənişsiz və icbari xarakter daşıyır.
İbtidai təhsil şagirdlərin məktəb həyatında ən mühüm mərhələ hesab olunur. İbtidai siniflərdə şagirdlərə əsasən oxu və yazı bacarıqları aşılanır, tarix, riyaziyyat, ədəbiyyat, coğrafiya və digər fənlər tədris olunur.
İbtidai məktəblərdə şagirdlərə əsasən, eyni müəllim dərs keçir. Musiqi və bədən tərbiyəsi və digər bu kimi fənləri isə yalnız fənn müəllimləri tədris edirlər.
Şagirdlər ibtidai təhsil mərhələsini tamamladıqdan sonra öz təhsillərini orta məktəblərdə davam etdirirlər. 
Orta təhsil 
Şimali Kiprdə 12-17 yaşlı uşaqlar orta təhsil pilləsində oxuya bilərlər. Orta təhsil iki mərhələdə həyata keçirilir. İlkin mərhələ adlandırılan orta məktəbin aşağı siniflərində 12-15 yaşlı uşaqlar təhsil alır. Təhsilin bu mərhələsi icbari və ödənişsiz əsaslarla həyata keçirilir. Bu təhsil mərhələsi Türkiyədə olduğu kimi, "orta okul" adlandırılır.
Orta təhsilin yuxarı pilləsində 3 illik proqram tədris edilir. Şagirdlər orta təhsilin yuxarı pilləsində lisey və gimnaziyalarda oxuyurlar.
Orta təhsilin yuxarı pilləsində əsasən əsas təhsil pilləsini uğurla başa vuran şagirdlər təhsil alır. Orta məktəbin son 3 ilində əsasən təmayüllər üzrə tədris aparılır. Bu zaman şagirdlər ixtisas fənlərini və əlavə fənləri seçməkdə sərbəstdirlər.
Dövlət tərəfindən maliyyələşdirilən məktəb və kolleclərdə tədris əsasən türk dilində aparılır. İngilis, alman və fransız dilləri xarici dil kimi tədris olunur. Orta məktəblərdə şagirdlərin hamısı vahid məktəbli formasından istifadə edir.
Dövlət və özəl məktəblərdə tədris Milli Təhsil, Gənclik və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş kurikulum əsasında aparılır. Şagirdlərin bilikləri 1-10 ballıq şkala üzrə qiymətləndirilir.
Özəl məktəblərdə və kolleclərdə tədris dili kimi əsasən ingilis dilindən istifadə olunur. Türk dili isə ikinci dil kimi tədris edilir. Özəl tədris müəssisələrinin fəaliyyətinə də Milli Təhsil, Gənclik və İdman Nazirliyi nəzarət edir. Qeyri-dövlət məktəblərinin nizam-intizam məsələləri və tədris standartları da nazirlik tərəfindən tənzimlənir.
Məktəblərdə şagirdlərin dərsdənkənar məşğələlərə cəlb olunması işinə xüsusi diqqət yetirilir. Təhsil ocaqlarında təsviri incəsənət, musiqi, idman və digər dərnəklər fəaliyyət göstərir. Bütün bunlar uşaqların fərdi yaradıcılıq qabiliyyətinin və istedadının inkişaf etdirilməsinə xidmət edir. 
Peşə təhsili 
Kiprdə icbari təhsili başa vuran şagirdlərin təxminən 20 faizi öz təhsilini texniki və ya peşə məktəblərində davam etdirir. Bu tədris ocaqlarında təhsil əsasən iki istiqamətdə - nəzəri və texniki istiqamətlərdə aparılır.
Texniki və peşə məktəblərində kənd təsərrüfatı, tibb bacısı, turizm, otel menecmenti və iaşə xidməti ixtisaslarına yiyələnmək mümkündür. Onu da qeyd edək ki, peşə təhsili də orta təhsilin bir hissəsi hesab edilir.
Milli Təhsil, Gənclik və İdman Nazirliyi texniki və ya peşə məktəblərində tədris olunan ixtisasların müəyyənləşdirilməsi, eləcə də məzunların məşğulluğunun təmin olunması məqsədilə Əmək və Sosial Müdafiə Nazirliyi ilə yaxından əməkdaşlıq edir. Odur ki, peşə məktəblərində əsasən əmək bazarının tələblərinə uyğun ixtisaslar tədris edilir.
Texniki və peşə təhsili proqramları çərçivəsində yaşlıların təhsilinə də imkan yaradılır. Yaşlıların peşə təhsili proqramları ömürboyu öyrənmə və təkmilləşmə prinsipinə əsaslanır. 
Ali təhsil 
Son illər Şimali Kipr Türk Respublikasında ali təhsil sahəsinin sürətli inkişafı müşahidə edilməkdədir. Ölkə universitetləri yüksək səviyyəli təhsil proqramları sayəsində dünya arenasında tanınmağa iddialıdır.
Avropa ölkələrinin əksər hissəsində olduğu kimi, ali təhsil pilləsində bakalavriatura səviyyəsi 4 il davam edir. Şimali Kipr Türk Respublikası Boloniya prosesinə qoşulmasa da, bu dərəcə 240 Avropa Kredit Transferi Sisteminə uyğun gəlir.
Magistratura səviyyəsi diplomdansonrakı dərəcə kimi qəbul olunur. Bakalavriatura səviyyəsini bitirən məzunlar öz təhsillərini magistratura səviyyəsində müvafiq ixtisaslar üzrə davam etdirə bilərlər.
Elmi araşdırmaları əhatə edən doktorantura ali təhsilin üçüncü səviyyəsi hesab olunur. Doktoranturaya yalnız magistraturanı bitirmiş məzunlar qəbul edilirlər. 3 illik təhsil və elmi tədqiqat fəaliyyətini əhatə edən doktorantura səviyyəsinin sonunda hər bir doktorant konkret nəzəri müddəalarını sübuta yetirməli, araşdırmaların nəticələri ortaya qoyulmalıdır.
Şimali Kiprdə fəaliyyət göstərən ali təhsil müəssisələri ilbəil beynəlxalq əlaqələrini və tələbə mübadiləsinin səviyyəsini yüksəltməyə nail olur. Kipr Beynəlxalq Universiteti, Şərqi Aralıq Dənizi Universiteti, Lefke Avropa Universiteti, Girnə Amerikan Universiteti, Yaxın Şərq Universiteti, Lefkoşa Atatürk Təlim Akademiyası, Türkiyənin Orta Şərq Texniki Universitetinin və İstanbul Texniki Universitetinin Şimali Kiprdəki filiallarında həyata keçirilən layihələr bu tədris ocaqlarının nüfuzunu daha da artırır, onların qarşısında yeni perspektiv inkişaf imkanları açır.
Yüksək nüfuzu ilə fərqlənən Şərqi Aralıq Dənizi Universiteti beynəlxalq statusa malikdir. Bu ali məktəbdə dünyanın müxtəlif ölkələrindən tələbələr təhsil alır. Universitetdə ümumilikdə 14000-ə yaxın tələbə müxtəlif ixtisaslara yiyələnir və 1000-dən çox işçi çalışır.
Lefke Avropa Universiteti, Beynəlxalq Kipr Universiteti, Girnə Amerikan Universiteti, Orta Şərq Texniki Universiteti Şimali Kipr filialı və digər ali məktəblərdə də həm yerli, həm də əcnəbi tələbələr təhsil alırlar. Bəzi universitetlərdə təlim dili kimi ingilis dilinə də yer verilir. Kipr universitetlərinə Birləşmiş Krallıq, Almaniya, Türkiyə, MDB respublikaları, İordaniya, Hindistan, Misir, Pakistan, Sudan və digər ölkələrdən olan tələbələr daha çox maraq göstərirlər. 
Beynəlxalq əməkdaşlıq 
Şimali Kipr təhsil və elmi əməkdaşlıq sahələrində beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir. Bu baxımdan Boloniya prosesi və onun müddəalarının tətbiqi, universitetlərarası və beynəlxalq təşkilatlarla ikitərəfli razılaşmalar, birgə əməkdaşlıq məsələləri daim diqqət mərkəzində saxlanılır.
ERASMUS mübadilə proqramı, Aralıq dənizi ölkələri əməkdaşlıq proqramları və digər təhsil proqramları üzrə əlaqələr genişləndirilir. Tələbə mübadiləsi sahəsində ilbəil daha müsbət nəticələr qazanılır, elmi əlaqələrin inkişafına hərtərəfli dəstək verilir.
Onu da qeyd edək ki, Şimali Kipr Türk Respublikası ilə Azərbaycan arasında elm və təhsil sahəsindəki əlaqələr ilbəil inkişaf etməkdə, əməkdaşlığın yeni-yeni istiqamətləri müzakirə olunmaqdadır.
MÜQAYİSƏLİ STATİSTİKA

Göstəricilər
Şimali Kipr Türk Respublikası
Azərbaycan Respublikası
Ərazi
3355 km²
86,6 min km²
Əhali
300 min nəfər
9,25 milyon nəfər
Dövlət büdcəsi
1,78 milyard ABŞ dolları
16,44 milyard manat
(təxminən 21 milyard ABŞ dolları)
Təhsil sahəsinə ayrılan vəsait
250 milyon ABŞ dolları
1,583 milyard manat
(təxminən 2 milyard ABŞ dolları)
Ümumi təhsil məktəblərinin sayı
164
4523
Ümumi təhsil məktəblərində çalışan müəllimlərin sayı
4400 nəfər
169117 nəfər
Ümumi təhsil məktəbləri şagirdlərinin sayı
43000 nəfər
1294059 nəfər
Ümumi təhsil məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı
2000 ABŞ dolları
270 manat
(təxminən 344 ABŞ dolları)
Ali təhsil müəssisələrinin sayı
7
51
Ali təhsil müəssisələri  tələbələrinin sayı
47000 nəfər
143146 nəfər
İlk peşə-ixtisas təhsili müəssisələrinin sayı
13
107
Ali təhsil müəssisələri üzrə illik təhsil haqqı
3500-4500 ABŞ dolları
700-4500 manat
(təxminən 890-5725 ABŞ dolları)


                                          Avstriya Respublikasının təhsil sistemi
Avropa İttifaqının üzvü olan Avstriya 9 əyalətdən ibarət federal dövlətdir. Ölkə əhalisinin 88 faizi alman dilində danışır. Odur ki, təhsil sahəsində də alman dili aparıcı mövqeyə sahibdir. Ölkənin cənub və şərq əyalətlərində yaşayan etnik azlıqların ana dillərində təhsil almaları üçün imkanlar yaradılıb.
6-15 yaşlı uşaqlar üçün təhsil icbari xarakter daşıyır. Əhalinin savadlılıq səviyyəsi 98 faizdir. Ölkə üzrə ümumi xərclərin 5,4 faizi təhsil sahəsinə ayrılır.
Orta məktəblərdə təhsil aşağı və yuxarı pillələrə bölünür. Orta təhsil pilləsi üzrə tədris ili sentyabr ayından iyun ayına qədər davam edir. Tədris həftəsi 6 gün davam edir. Dərslər birnövbəlidir. Məktəblərdə tarix, iqtisadiyyat və coğrafiya kimi fənlərin hər hansı bir xarici dildə tədris olunmasına imkan yaradılır. Bəzi əyalətlərdə Beynəlxalq ikidilli məktəblərin açılması kimi pilot layihələr həyata keçirilir.
Avstriyanın  ibtidai və orta məktəblərində qiymət və bal sistemi 1-dən 5-ə qədər hesablanır. 1 qiyməti ən yaxşı, 5 qiyməti zəif, 4 qiyməti isə keçid qiyməti kimi qəbul olunur. İbtidai təhsil səviyyəsində, bir sıra seçmə kurslarda - xor və dram dərslərində uşaqlara qiymət yazılmır. Bununla yanaşı, əhəmiyyətlilik baxımından müəyyən fənlərə xüsusi diqqət göstərilir. Bu fənlər üzrə şagirdlərin əldə etdikləri nailiyyətlər ali məktəb seçimində təkanverici amilə çevrilir.
Dövlət məktəbləri ilə yanaşı, özəl tədris ocaqları da fəaliyyət göstərir. Özəl məktəblər əsasən Roma Katolik Kilsəsinin nəzarəti altındadır. Ölkə üzrə şagirdlərin 88 faizi dövlət məktəblərində təhsil alır.
Orta məktəbdən sonrakı təhsil dövrünə kollec, universitet, ixtisas institutu və akademiya təhsili daxildir.
Bir çox ölkələrdən fərqli olaraq universitetlərə və digər ali təhsil müəssisələrində oxumaq üçün xüsusi qəbul imtahanı vermək tələb edilmir. Məzunların orta məktəbi bitirdiyini təsdiq edən sənəd ali təhsil müəssisələrinə qəbul olunmağa əsas verir. Bütün universitetlərdə tədris Boloniya müqaviləsinin prinsipləri əsasında qurulub. Ali təhsilin idarə edilməsi üzrə səlahiyyət federal hökumətə məxsusdur.
Təhsil, Elm və Mədəniyyət üzrə Federal Nazirlik orta, orta pillədən sonrakı təhsil, ali təhsil və texniki peşə təhsili üzrə cavabdehdir. Əmək və İqtisadi Məsələlər üzrə Federal Nazirlik isə ilkin peşə təhsili və əsasən təlim təcrübəsi məsələlərinə nəzarət edir.
Peşə təhsili proqramlarına qadınlar daha çox maraq göstərir. Riyaziyyat, kompüter elmləri və mühəndislik kimi ixtisaslara kişilərin axını üstünlük təşkil edir. Bu sahədə mövcud olan gender müxtəlifliyini aradan qaldırmaq üçün hökumət Təhsil, Elm və Mədəniyyət İşləri üzrə Federal Nazirliyin Fəaliyyət Planına uyğun olaraq xüsusi təşəbbüs proqramı hazırlayıb. Bu proqramın əsas hədəfi məktəblərə müxtariyyətin verilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.
Ölkənin təhsil sistemində texniki peşə təhsili müəssisələrinə şagirdlərin cəlb edilməsi prioritet məsələlərdən biridir. Lakin son illərdə orta məktəb məzunlarının texniki peşə müəssisələrindən daha çox universitetlərə yönləndirmək üçün müəyyən təşəbbüslər edilir və xüsusi proqramlar həyata keçirilir.
Avstriya hökuməti müasir texnologiyaların tətbiqi məsələlərinə xüsusi önəm verir. Praktiki prinsiplərin təlim kurikulumlarına yönəldilməsi müsbət nəticələr verir. Şəhər və kənd arasındakı fərqliliyi aradan qaldırmaq məqsədilə multimedia və İnternet əlaqələri daha da inkişaf etdirilir. 
Məktəbəqədər təhsil 
Avstriyada məktəbəqədər təhsil 3-6 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Məktəbəqədər təhsil müəssisələri bağçalar və körpələr evlərindən ibarətdir. Uşaqların bağçalara cəlb edilməsi icbari xarakter daşımır. Valideynlərin əksəriyyəti öz uşaqlarını 5 yaşından məktəbəqədər təhsil müəssisələrinə göndərməyə üstünlük verirlər. Uşaq bağçaları yarım gün və yaxud da tam iş günü qrafiki ilə işləyirlər.
Məktəbəqədər təhsil müəssisələrində tədris prosesi uşaqların qrup məşğələləri əsasında təşkil edilir. Uşaqların hərtərəfli formalaşması üçün fərdi inkişafa təkan verən oyun metodu əsasında tədrisə də üstünlük verilir.
Məktəbəqədər təhsil müəssisələrinin 75 faizi dövlət bağçaları olsa da, yerli özünüidarəetmə qurumları tərəfindən idarə edilir. Ölkə üzrə 5 yaşlı uşaqların 90 faizindən çoxu məktəbəqədər təhsil müəssisələrinə cəlb olunur. 
İbtidai təhsil 
İbtidai təhsil mərhələsində tədris prosesi əsasən alman dilində aparılır və 4 il davam edir. Alman dili ana dili olmayan uşaqlar üçün iki dildə və yaxud əlavə tədris aparıla bilər.
Bəzi məktəblərdə təhsilin beynəlxalq standartlara uyğun qurulmasına xüsusi diqqət yetirilir. Belə təhsil müəssisələrində tədrisin ingilis dilində aparılmasına üstünlük verilir.
İbtidai təhsil mərhələsində dil və əmək təlimindən başqa  bütün fənlər üzrə eyni müəllim dərs keçir. İbtidai təhsildə din, coğrafiya, tarix, biologiya, alman dili, oxu, yazı, riyaziyyat, xarici dil, musiqi, toxuculuq və texniki iş, idman, yol təhlükəsizliyi kimi fənlərin tədrisi icbaridir.
İbtidai məktəblər üçün nəzərdə tutulmuş bütün dərsliklər Təhsil, Elm və Mədəniyyət üzrə Federal Nazirlik tərəfindən təsdiq edilir. Eyni fənn üzrə müxtəlif dərsliklər olduğu halda, məktəblilərə dərslikləri seçməkdə tam sərbəstlik verilir. 
Orta təhsil 
Avstriyada 4 illik ibtidai təhsil pilləsini başa vurduqdan sonra şagirdlər ümumi orta təhsil pilləsinə daxil olurlar. İcbari təhsil 9 il davam edir.
Orta təhsil pilləsi iki pilləyə: ümumi orta təhsil və akademik orta təhsil pilləsinə bölünür. Hələ orta məktəb təhsili dövründə şagirdlər davamlı təhsil və ya texniki peşə təhsili istiqamətləri üzrə ixtisaslaşırlar. Riyaziyyat, alman dili və xarici dillər üç səviyyəli proqramlar üzrə tədris olunur. Bu fənlərin öyrənilməsi uşaqlara təhsil mərhələsini gimnaziyalarda davam etdirməyə imkan yaradır. 
Avstriyada klassik və real gimnaziyalar daha nüfuzlu məktəblər hesab olunur. Gimnaziyalarda tədrisin keyfiyyətinə daha çox diqqət yetirilir, müasir xarici və klassik dillər öyrədilir. Gimnaziyaların məzunları universitetlərə imtahansız qəbul edilir.
Ölkə üzrə təxminən 320 orta təhsil verən gimnaziya fəaliyyət göstərir. Bu gimnaziyalarda da təxminən 360000 şagird təhsil alır.
Kurikulumlar Təhsil, Elm və Mədəniyyət üzrə Federal Nazirliyinin təşkil etdiyi ekspertlərdən ibarət işçi qrupu tərəfindən hazırlanır. Bu işdə onlara məktəb direktorları, müəllimlər və kənar ekspertlər yaxından kömək edir, müvafiq tövsiyələr verirlər. Qeyd etdiyimiz kimi, ümumi icbari təhsil dinindən, irqindən, milliyyətindən və sosial mənşəyindən asılı olmayaraq Avstriya vətəndaşı olan bütün uşaqlara şamil edilir.
Dövlət məktəbləri ilə yanaşı, özəl orta məktəblər də fəaliyyət göstərir. Dövlət məktəblərində təhsil haqqı üçün heç bir ödəniş tələb olunmur. Federal hökumət tərəfindən uşaqların məktəbə gedib-gəlməsi üçün xüsusi nəqliyyat vasitəsi ayrılır. Şagirdlər dövlət tərəfindən dərsliklərlə də təmin olunur. Müəyyən hallarda valideynlərdən dərslik haqqının 10 faizini ödəmək tələb olunur. Orta məktəblərdə dərslər sentyabrın əvvəlində başlayır.
Orta məktəbi bitirmiş məzunlara 9 illik icbari təhsil haqqında şəhadətnamə verilir. Məktəblilərin 100 faizi icbari təhsil pilləsini tamamlamağa nail olurlar.
Dövlət və özəl məktəblərindən əlavə, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müvafiq məktəblər də fəaliyyət göstərir. Belə məktəblərdə tədris digər tədris ocaqlarından fərqlənir.
Şagirdlərin təxminən 40 faizi icbari təhsil pilləsini başa vurduqdan sonra peşə məktəblərinə, eləcə də təlim və təcrübə proqramlarına daxil olurlar. 
Texniki peşə təhsili 
Avstriyada texniki peşə təhsili və təlimi məktəbləri və kolleclərinin yaranması XIX əsrə təsadüf edir. Həmin dövrdən ötən müddətdə texniki peşə təhsilində ciddi dəyişiklik olunub və bu sahə bir neçə inkişaf mərhələsindən keçib.
Texniki peşə məktəblərində mühəndislik, incəsənət, geyim, turizm, biznes və ticarət, idarəetmə və xidmət sənayesi, sosial xidmətlər, kənd təsərrüfatı, səhiyyə və tibb sektoru, kosmetika, heyvanlara qulluq kimi ixtisaslar tədris olunur. İxtisasdan asılı olaraq texniki peşə məktəblərində təhsil müddəti 3-5 il arasında dəyişir.
Orta təhsili başa vuran məzunların seçdikləri peşə kolleclərində əsasən sosial işçi, müəllim hazırlığı və tibb işçilərinin təlimi sahələri üzrə tədris aparılır. Həmin kolleclərdə peşə təhsili adətən altı semestr davam edir və müəyyən peşə sahəsinə dair diplomun verilməsi ilə nəticələnir.
 Ali təhsil 
Avstriyada ali təhsil müəssisələri sırasına universitet, incəsənət universitetləri, kolleclər (bu təhsil müəssisələrində müəllimlər və sosial işçilər kimi mütəxəssislər hazırlanır) və digər ali məktəblər daxildir. Ali məktəblərdə tələbələrə ümumi nəzəri biliklər verilir. Praktiki təcrübə və bacarıqlar əmək fəaliyyəti dövründə əldə edilir.
Avstriyada bütün universitetlər dövlət tərəfindən maliyyələşdirilir. Universitet əməkdaşları və müəllimlər dövlət qulluqçusu hesab olunurlar. Universitetlər federal büdcədən maliyyələşir.
1994-cü ildən ölkədə tətbiqi elmlər universitetləri fəaliyyətə başlayıb. Bu ali təhsil müəssisələrinin fəaliyyətinə Avstriyanın elm və tədqiqat naziri tərəfindən on altı nəfər ekspertdən ibarət təşkil olunmuş müstəqil agentlik nəzarət edir. Tətbiqi elmlər universitetlərinin təhsil proqramları digər ali məktəblərin təhsil proqramlarından fərqlənir. Bu universitetlərin təhsil proqramlarında peşə təhsili ali təhsil səviyyəsində öyrənilir və əmək bazarının tələbləri daha çox nəzərə alınır.
Müəyyən olunmuş vaxt ərzində ali təhsil proqramlarını mənimsəyən Avstriya və Avropa ölkələrinin vətəndaşları üçün ali təhsil ödənişsizdir. Universitetlərdə verilən bakalavr, magistr və dokror dərəcələri ABŞ, Kanada və digər Avropa ölkələrindəki müvafiq dərəcələrə uyğundur.
Hazırda Avstriyada 22 ali təhsil müəssisəsi, 18 tətbiqi elmlər universiteti, 11 özəl universitet fəaliyyət göstərir. 1365-ci ildə təsis olunmuş Vyana Universiteti Avropada qədim tarixi ənənələrə malik olan ikinci ən böyük universitet hesab olunur. Ali təhsil müəssisələrində dərs ili 8-12 semestrdən ibarət olur. Qış semestri oktyabrın 1-dən, yay semestri isə martın 1-dən başlayır. Hər bir semestrin sonunda imtahan verilir. Son kursda tələbələrdən diplom işi yazmaq tələb olunur.
Akkreditasiya Şurası tam müstəqil qərarvermə hüququna malikdir. Bu qurum özəl universitetlərin, akademik proqramların, akkreditasiyadan keçmiş özəl universitetlərin yenidən akkreditasiyası və onların fəaliyyətinə nəzarət məsələlərini həyata keçirir.
 Ən məşhur ali təhsil müəssisələrinin sırasına Vyana Universiteti, Vyana Tibb Universiteti, Təbii Resurslar və Tətbiqi Həyat Elmləri Universiteti, Vyana İqtisadiyyat və Biznes Administrasiyası Universiteti,  Vyana  Tətbiqi  İncəsənət Akademiyası, Vyana Musiqi Universiteti daxildir.
Avstriya ali məktəblərində kifayət qədər əcnəbi tələbələr təhsil alır. Ölkə universitetlərində oxumaq istəyən əcnəbilərdən alman dilini yüksək səviyyədə bilmək, orta məktəbi bitirmək haqqında sertifikat və sağlamlıq haqqında arayış tələb olunur.
 Avstriya universitetləri digər inkişaf etmiş ölkələrdə olduğu kimi, ən yüksək səviyyəli elmi-tədqiqat qurumları hesab olunur. 2004-cü ildən universitetlərin hamısı elmi-tədqiqat işlərində və təhsil fəaliyyətlərində muxtar status qazanıb, tam müstəqil hüquqi qurum kimi fəaliyyət göstərirlər. 
Yaşlıların təhsili 
Avstriyada XIX əsrin sonlarından tətbiq olunan yaşlıların təhsili proqramından hər bir Avstriya vətəndaşı yararlana bilər. Bəzi kurslar və təlim proqramlarında xüsusi ixtisas təhsilinin olması tələb olunur. İşləyən yaşlı şəxslərin təhsili proqramını seçənlər minimum səkkizillik təhsil proqramını bitirməli və 17 yaşına çatmış şəxs olmalıdır. Bəzi tədris ocaqları təhsil proqramının iştirakçılarına daha əlverişli imkan yaratmaq üçün axşam kursları da təşkil edirlər. Yaşlıların təhsili daha çox texniki peşə məktəbləri və kollecləri, əmək bazarı xidməti orqanları tərəfindən həyata keçirilir.
Ölkə üzrə yaşlıların təhsili istiqamətində 270-ə yaxın yaşlıların təhsili mərkəzi, 9 regional assosiasiya, 1 federal assosiasiya fəaliyyət göstərir.  
Elmi tədqiqatlar 
Avstriyada elmi tədqiqatlar universitetlərdə və qeyri-universitet sektorunda aparılır. 2010-cu ildə federal hökumət elmi tədqiqatların maliyyələşməsinə 400 milyon avro vəsait ayırıb. Elmi-tədqiqat müəssisələri Təhsil, Elm və Mədəniyyət üzrə Federal Nazirliyin nəzarəti altında fəaliyyət göstərirlər.
 Ölkənin elmi tədqiqat şəbəkəsinin lideri 1847-ci ildə yaradılmış Avstriya Elmlər Akademiyasıdır. Akademiyanın nəzdində 22 institut, 5 tədqiqat mərkəzi, 35 elmi komissiya, 3 tədqiqat şirkəti fəaliyyət göstərir.
Avstriya İqtisadi Tədqiqatlar İnstitutu və Mükəmməl Tədqiqatlar İnstitutunda iqtisadiyyat sahəsində tədqiqatlar aparılır. 1989-cu ildə yaradılmış Kristian Dopler Tədqiqat Assosiasiyasında fundamental tədqiqatlar vasitəsilə əldə edilmiş biliyin sənayedə tətbiq edilməsi məsələləri araşdırılır. Bu mərkəzin əsas məqsədi texnologiya və iqtisadiyyat sahələrində elmi yeniliklərin inkişafına təkan verməkdən ibarətdir.
  Bu günə qədər Nobel mükafatı almağa 16 avstriyalı alim təqdim edilib. Onlardan 3 nəfəri bu ali mükafata layiq görülüb. 
Beynəlxalq əməkdaşlıq 
Avstriya təhsil və elmi əməkdaşlıq sahəsində beynəlxalq əlaqələrə xüsusi önəm verir. Ölkə 1948-ci ildən etibarən Avropa Yenidənqurma və İnkişaf Bankının, 1956-cı ildən Beynəlxalq Maliyyə Korporasiyasının, 1961-ci ildən isə Beynəlxalq İnkişaf Assosiasiyasının üzvüdür. Bu qurumlarla əməkdaşlıq ölkədə təhsilin, elmin inkişafına xidmət edən islahatların dərinləşməsinə təkan verir, insan amilinə daha həssaslıqla yanaşılmasına yol açır. Ölkənin sosial-iqtisadi və mədəni inkişafı, müasir texnologiyaların tətbiqi baxımından qabaqcıl dünya təcrübəsindən uğurla istifadə edilir, Avstriyadakı mütərəqqi yeniliklərdən digər ölkələr bəhrələnir.
Ölkənin təhsil və elm sahəsində beynəlxalq əlaqələri hökumətlərarası razılığa əsaslanan Elmi və Texnoloji Əməkdaşlıq Müqaviləsi ilə tənzimlənir. Bu baxımdan elm və texnologiya sahəsində imzalanmış digər müqavilələr də mühüm rol oynayır. 

                             Çin Xalq Respublikasının təhsil sistemi
Şərqi Asiyada yerləşən Çin Xalq Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi hökumətin nəzarəti altındadır. 1949-cu ildən etibarən Çin Kommunist Partiyası təhsilin idarə olunmasında mühüm rol oynayır. Çin Kommunist Partiyasının müəyyən etdiyi geniş təhsil strategiyasında təhsilin keyfiyyətinin yüksəldilməsi müasirləşdirmə ilə əlaqələndirilib. Partiya təhsil strategiyasının icrasına nəzarət edir, təhsil müəssisələrində işin təşkilini istiqamətləndirir.
Çində uşaqlar 3 yaşdan 6 yaşa qədər məktəbəqədər təhsilə cəlb olunur. 6 illik ibtidai təhsilə bölgələrdən asılı olaraq 6 və ya 7 yaşlı uşaqlar qəbul edilir. Orta təhsil isə 12 yaşdan 18 yaşa qədərki dövrü əhatə etməklə 6 il davam edir. Orta təhsil pilləsinin ilk üç ili aralıq məktəblərdə, növbəti üç ili isə orta məktəblərdə həyata keçirilir. Bəzi əyalətlərdə ibtidai təhsil 5 il davam edir. Bu halda aralıq məktəblərdə təhsilin müddəti 4 il təşkil edir.
Ölkə üzrə ibtidai və orta təhsil pilləsində oxuyan şagirdlərin sayı 200 milyon nəfəri ötür. İbtidai və orta təhsilin keyfiyyətinin yüksəldilməsi üçün hökumətin ayırdığı xüsusi maliyyə vəsaiti yeni məktəblərin tikilməsi, təmiri, bərpası və lüzumsuz məktəblərin ixtisarı üçün nəzərdə tutulur. İbtidai və orta təhsil pilləsində adambaşına maliyyələşmə modelinin tətbiqi genişləndirilir, tədris və tədqiqat avadanlıqları, kitablar, dərsliklər, əyani vəsaitlər hər il yenilənir.
2006-cı ildən Çin 9 illik pulsuz icbari təhsil sistemini qəbul edib. İcbari təhsil ibtidai təhsil və əsas təhsil pilləsindən ibarətdir. Uşaqlar 6 yaşdan 15 yaşa qədər icbari təhsil almalıdırlar.
İcbari təhsil haqqında qanunda Çinin ərazisi 3 kateqoriyaya bölünmüşdür: şəhərlər və iqtisadi cəhətdən inkişaf etmiş əyalətlər; rayonlar və orta səviyyədə inkişaf etmiş kəndlər; iqtisadi cəhətdən kasıb ərazilər.
Statistik göstəricilərə görə, 2007-ci ildə Çin Xalq Respublikasında 396567 ibtidai məktəb, 94116 orta məktəb və 2236 ali məktəb fəaliyyət göstərib. 2007-ci ilin statistik məlumatlarına əsasən ölkədə yaşı 15-dən yuxarı olan əhalinin 93,3 faizi savadlıdır.
2009-cu ildə Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PİSA) çərçivəsində 15 yaşlı məktəb şagirdləri arasında keçirilmiş tədqiqatlarda Çin riyaziyyat, təbiət elmləri və ədəbiyyat üzrə ən yaxşı nəticəyə nail olub. Müəyyən edilib ki, Çinin ən ucqar əyalətlərindəki şagirdlərin müvafiq göstəriciləri orta həddə yaxındır.
Ölkə üzrə sentyabrın 1-dən başlayan tədris ili 2 semestrdən ibarətdir. Hər bir semestr 19 həftə davam edir. Bundan əlavə, 1 həftə əlverişsiz hava şəraiti ehtimalına görə ehtiyatda saxlanılır. İyul və avqust ayları yay, yanvar və fevral ayları isə qış tətili hesab olunur. İbtidai və orta təhsil pilləsində tədris həftəsi 5 günlükdür.
İstedadlı və təlim çətinlikləri olan uşaqların təhsilinin xüsusi qaydalar əsasında təşkil edilməsinin vacibliyi ilə əlaqədar 1985-ci ildə müvafiq proqram təsdiq olundu. Proqramda istedadlı şagirdlər və təlim çətinlikləri olan uşaqlarla bağlı müddəalar əksini tapdı. Ciddi əqli və fiziki qüsuru olan uşaqların təhsili ilə bağlı dövlət müəyyən addımlar atsa da, onların təhsilinə valideynlər cavabdehlik daşıyır.
Hazırda Çində 1540 xüsusi təhsil məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə təhsil alanların sayı 375000 nəfər təşkil edir. Bundan əlavə, Çində fiziki və əqli qüsuru olan uşaqlar üçün 100 peşə təlimi müəssisəsi, 3000 standart peşə məktəbi, eşitmə çətinlikləri olan uşaqların reabilitasiyası üçün 1700 təlim təşkilatı vardır. Hər il minlərlə fiziki qüsuru olan şagird ali təhsil müəssisələrinə daxil olur.
Çində yaşlıların təhsili müxtəlif formalarda həyata keçirilir. Yaşlıların təhsili vasitəsilə ölkə vətəndaşlarının siyasət, iqtisadiyyat, mədəniyyət, elm, texnologiya və digər sahələr üzrə hazırlığı təmin edilir. Yaşlıların təhsili ilə məşğul olan 528 müəssisənin 65 faizində magistratura, 30 faizində isə bakalavr təhsili verilir. Belə təhsil müəssisələrinə fəhlə, media, qiyabi və axşam universitetləri, idarəetmə və təhsil kollecləri daxildir. Yaşlıların orta təhsili müəssisələri isə peşə və media məktəbləri, bacarıq təlimi müəssisələrindən ibarətdir. Fəhlə ibtidai məktəbləri yaşlıların ibtidai təhsil müəssisələri hesab olunur. Onu da qeyd edək ki, yaşlıların təhsili əyani, qiyabi, özünütəhsil və distant təhsil formasında təşkil olunur.
Ölkədə mütəşəkkil müəllim hazırlığı sistemi mövcuddur. Çində müəllimlik peşəsi ən mötəbər peşələrdən biri kimi qəbul olunur. Gənc müəllimlər hər zaman təcrübəli pedaqoqların dərslərini müşahidə edir, özlərini daha yaxşı tərəfdən göstərmək üçün var qüvvələri ilə çalışırlar. Müəllimlər mütəmadi olaraq fasiləsiz peşə hazırlığına cəlb olunurlar.
Onu da qeyd edək ki, müəllimlərin təhsili iki istiqamətdə aparılır: ilkin müəllim hazırlığı və ixtisasartırma təhsili. İlkin müəllim hazırlığı 4 illik müəllim hazırlığı institutları, o cümlədən adi universitetlər və kolleclər, 3 illik müəllim hazırlığı kollecləri və orta məktəb müəllimlərinin hazırlığı müəssisələrində təşkil olunur. Müəllimlərin ixtisasartırma təhsili isə müvafiq institutlar və müəllimlərin ixtisasartırma təhsili məktəblərində  həyata  keçirilir.
1985-ci ildən hökumət vergi əsasında maliyyələşən ali təhsil sistemini ləğv edib. Bununla da abituriyentlərin akademik qabiliyyət əsasında təqaüdlər uğrunda rəqabət aparmasına şərait yaranıb. 80-ci illərin əvvəllərində ilk özəl ali təhsil müəssisələrinin əsasının qoyulmasına icazə verilib.
Çində ali təhsilin səviyyəsi yüksək, əhatə dairəsi çox genişdir. Son 10 ildə bakalavr pilləsində təhsil alanların və doktorluq dərəcəsinə malik olanların sayı dəfələrlə artıb. Ölkədə 100-dən çox nüfuzlu ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan ən tanınmışı Pekin və Sinxua universitetləridir.
Çində təhsil xərcləri ilbəil artaraq hazırda 100 milyard dolları ötüb. 80-ci illərin əvvəllərindən başlayaraq elm və texnologiyanın inkişafı təhsil strategiyasının prioritetinə çevrilib.
Ali təhsil pilləsində ümumi xərclərin müəyyən faizi həcmində təhsil haqqı tələb olunur. Aztəminatlı ailələrdən olan tələbələrin ali təhsil almasını asanlaşdırmaq üçün hökumət səmərəli yardım metodlarından istifadə edir. Belə yardım paketinə təqaüdlər, "oxu və işlə" proqramları, aztəminatlı ailələrdən olan tələbələrə əlavə yardımların olunması, təhsil haqqının azaldılması və ya tam aradan qaldırılması, dövlət təqaüdlərinin verilməsi daxildir. 
Məktəbəqədər təhsil 
Qeyd etdiyimiz kimi, Çində uşaqlar 3 yaşdan 6 yaşa qədər məktəbəqədər təhsil müəssisələrinə cəlb olunur. Çin məktəbəqədər təhsilə olduqca ciddi diqqət yetirən azsaylı ölkələrdən biridir. Məktəbəqədər təhsil pilləsi bütün cəmiyyətin resurslarının səfərbərliyi sayəsində inkişaf etdirilir.
Bağçalar yerli hökumətlər tərəfindən idarə olunsa da, müxtəlif qurumlar, ictimai təşkilatlar və fərdlər də məktəbəqədər təhsil müəssisələri təsis edə bilərlər. Şəhərlərdə və regionlarda bağçalar təhsil şöbələri, hökumət qurumları, müəssisələr, əyalət idarələri və fərdlər tərəfindən idarə olunur. Ucqar əyalətlərdə məktəbəqədər təhsilə ictimaiyyət maddi yardım edir. İqtisadi cəhətdən kasıb ərazilərdə, etnik azlıqların yaşadıqları yerlərdə məktəbəqədər təhsil forması kimi uşaq fəaliyyət mərkəzləri, oyun qrupları, çevik yardım mərkəzləri fəaliyyət göstərir. Belə ərazilərdə 1 və ya 2 illik bağçalar mövsümdən asılı olaraq işləyirlər.
Son illərdə ucqar, iqtisadi cəhətdən kasıb və etnik azlıqların yaşadıqları  ərazilərdə məktəbəqədər təhsilin səviyyəsi sürətlə inkişaf etməkdədir. Məktəbəqədər təhsil müəssisələrində uşaqlara qayğı tədrislə inteqrasiya edilir. Bu da uşaqların məktəb təhsilinə hazırlanması üçün fiziki, mənəvi, əqli və estetik tərbiyəsinin harmonik şəkildə təmin olunmasına imkan verir. Məktəbəqədər təhsil müəssisələrində tətbiq olunan təhsil proqramları sistemli, məqsədli və çoxtərəflidir.
Məktəbəqədər təhsilin idarə olunması işinin səmərəliliyini artırmaq üçün dövlət tərəfindən silsilə qanunlar qəbul edilir. Dövlət, həmçinin məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin və tərbiyəçilərin ixtisaslaşmasına dair yeni qayda və qanunların həyata keçirilməsinə başlayıb. Hazırda Çində məktəbəqədər təhsil müəssisələri üçün ixtisaslı müəllim hazırlayan 67 məktəb fəaliyyət göstərir. 
İbtidai təhsil 
Çində ibtidai təhsil pilləsi o qədər genişdir ki, çox böyük çətinliklər hesabına bu sahədə müəyyən nailiyyətlər əldə edilib. 1986-cı ildə qəbul edilmiş icbari təhsil haqqında qanunda ibtidai təhsilin milli səviyyədə genişləndirilməsi nəzərdə tutulur. Qeyd etdiyimiz kimi, ölkədə uşaqlar 6 yaşından başlayaraq ibtidai təhsilə cəlb olunurlar.
Əksər əyalətlərdə ibtidai təhsil pilləsi 5 il davam edir. Lakin Pekin, Şanxay və digər böyük şəhərlərdə ibtidai təhsil pilləsi 6 illikdir.
İbtidai təhsil kurikulumuna Çin dili, riyaziyyat, fiziki təhsil, musiqi, təsviri sənət, həyat bilgisi, tarix və coğrafiya fənləri daxildir. Bundan əlavə, siyasi biliklər və etik davranışların tədrisi də kurikulumun bir hissəsini təşkil edir. İngilis dili III sinifdən başlayaraq tədris olunur. IV sinifdən hər semestrdə iki həftə texnologiya tədris olunur. Bunun nəticəsində şagirdlər yaradıcı əmək vasitəsilə müəyyən vərdişlər qazanır, nəzəri bilikləri istehsalatla əlaqələndirirlər.
Tədris qrup halında təşkil olunur ki, bu da şagirdlərin birgə əməkdaşlıq bacarıqlarına yiyələnmələrinə imkan verir. Şagirdlərin cavabdehliyini artırmaq üçün məktəblərə xadimələr təyin edilmir. Məktəbin təmizliyi məhz şagirdlər tərəfindən həyata keçirilir. 
Orta təhsil 
Çində orta təhsil aşağı və yuxarı pillədən ibarətdir. Orta təhsilin aşağı və yuxarı pilləsinin hər biri 3 il davam edir. İcbari təhsilin son 3 ili orta təhsilin aşağı pilləsi hesab olunur.
6 illik ibtidai təhsil pilləsini başa vurduqdan sonra şagirdlər öz təhsillərini orta təhsilin aşağı pilləsində davam etdirməlidirlər. Orta təhsilin aşağı pilləsini tamamladıqdan sonra isə şagirdlər müvafiq qəbul imtahanı verərək növbəti 3 ili akademik təmayüllü orta məktəblərdə oxuya və ya peşə məktəblərinə daxil ola bilərlər.
Orta təhsilin yuxarı pilləsinə qəbul imtahanı ildə bir dəfə Çin dili, riyaziyyat, ingilis dili, fizika, kimya, siyasət və fiziki təhsil fənlərindən təşkil olunur. Qəbul balı müxtəlif regionlardan asılı olaraq dəyişə bilər.
Orta təhsilin yuxarı pilləsi X-XII sinifləri əhatə edir. Təhsilin bu pilləsində tədris ili 2 semestrdən, 40 həftədən ibarətdir.
Yuxarı pillədə cari tədris olunan fənlər icbari və seçmə olmaqla iki qrupa bölünür. Akademik kurikuluma Çin dili, riyaziyyat, ingilis dili, fizika, kimya, biologiya, coğrafiya, tarix, siyasət, musiqi, təsviri sənət, fiziki təhsil, texnologiya, kompüter kimi fənlər daxildir. Bəzi məktəblərdə peşəyönümlü fənlər də tədris edilir.
Son illər orta təhsilin yuxarı pilləsində oxuyan şagirdlərin sayı davamlı olaraq artmaqdadır. Məzunlar Ali Təhsilə Qəbul üzrə Milli İmtahanlarda əsasən Çin dili, riyaziyyat və ingilis dili fənlərindən imtahan verirlər.
 Orta təhsilin yuxarı pilləsini bitirənlərin çoxunun universitetlərə və peşə məktəblərinə daxil olmalarına baxmayaraq, Çində bu pilləni bitirən hər kəs artıq təhsilli şəxs hesab edilir. Universitetlərin məhdud sayda elan etdiyi yerlərə qəbul olmaq üçün rəqabətin gərginliyini nəzərə alan valideynlər və şagirdlər orta məktəbləri dəqiqliklə seçirlər. 
Peşə təhsili 
Çində peşə təhsili sistemi 130 illik inkişaf tarixinə malikdir. Həyata keçirilmiş köklü peşə təhsili islahatları nəticəsində bu sahədə ciddi inkişaf meyilləri müşahidə olunur. Tətbiq olunmuş yeniliklər sayəsində peşə təhsili müəssisələri təkmilləşib və inkişaf edib. Onu da qeyd edək ki, Çində peşə təhsili orta təhsilin aşağı və yuxarı pillələrində, eləcə də ali təhsil pilləsində həyata keçirilir.
Orta təhsilin aşağı pilləsində təşkil olunan peşə təhsilinin məqsədi müvafiq peşə biliklərinə və bacarıqlarına yiyələnmiş işçilər, fəhlələr hazırlamaqdır. Bu pillədə həyata keçirilən peşə təhsili 9 illik icbari təhsilin bir hissəsini təşkil edir.
Orta təhsilin yuxarı pilləsində təşkil olunan peşə təhsilinin məqsədi isə əməli bacarıqlara yiyələnmiş ikinci dərəcəli işçi qüvvəsi hazırlamaqdır. Orta təhsilin yuxarı pilləsində təşkil olunan peşə təhsili 2 ildən 4 ilə qədər davam edən proqramlara əsaslanır. Bu növ peşə təhsili ixtisaslaşmış orta məktəblərdə, bacarıqlı işçi məktəblərində və peşə təmayüllü orta məktəblərdə həyata keçirilir.
İxtisaslaşmış orta məktəblərdə 3 və ya 4 illik proqramlar, bacarıqlı işçi məktəblərində isə 3 illik proqramlar əsasında ikinci dərəcəli işçilər hazırlanır. 3 illik peşə təmayüllü orta məktəblərdə istehsalat, xidmət, texnologiya və idarəetmə sahəsi üzrə ikinci dərəcəli mütəxəssislər yetişdirilir.
Peşə təmayüllü və ixtisaslaşmış orta məktəbləri başa vuranlar öz təhsillərini ali peşə məktəblərində davam etdirə bilərlər. Ali peşə məktəblərinin məqsədi texniki və idarəetmə sahəsində yüksəkixtisaslı  kadrlar  hazırlamaqdır.
Ali peşə məktəbləri 4 yerə bölünür: ali peşə və texnologiya kollecləri; ixtisaslaşmış orta məktəblərdə təşkil olunan 5 illik ali peşə məktəbləri; ali təhsil və yaşlıların ali təhsili müəssisələrində təşkil olunan ali peşə təhsili; təcrübəyönümlü kadrların, yüksək səviyyəli peşəkar və texniki mütəxəssislərin hazırlanması ilə məşğul olan 2-3 illik ali təhsil müəssisələri. 
Ali təhsil 
Çinin ali təhsil sistemi Amerika Birləşmiş Ştatlarının (ABŞ) və Birləşmiş Krallığın ali təhsil sistemlərinin vəhdətindən ibarət olsa da, daha çox ABŞ təhsil sisteminə bənzəyir. Ölkədə ali təhsil pilləsi əsasən ödənişlidir. Ali təhsil üçmərhələli bakalavr, magistratura və doktorantura pillələrindən ibarətdir. Bundan əlavə, dərəcə verməyən proqramlar üzrə tədris aparılan universitetlər də var. Magistratura və doktorantura dərəcəsi müvafiq Dövlət Şurası tərəfindən akkreditasiyadan keçmiş universitetlər və tədqiqat müəssisələrində verilir.
Ölkənin ali təhsil sistemində həm 3 illik, həm də 4 illik proqramlar tədris olunur. 3 illik proqramların tədrisi istənilən ali təhsil müəssisəsində aparılır. 4 illik proqramlar isə 4 illik kolleclərdə və ya universitetlərdə tədris olunur. 4 illik proqramlardan fərqli olaraq, 3 illik proqramların sonunda bakalavr dərəcəsi verilmir. Tələbə 3 illik proqramın davamı kimi əlavə olaraq 2 il təhsil aldıqda bakalavr dərəcəsinə sahib ola bilər.
Çində 1650 adi ali təhsil müəssisəsi, 528 yaşlıların ali təhsili müəssisəsi və 214 özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir. 2005-ci ilin statistikasına görə, Çinin ali təhsil müəssisələrində 23 milyon tələbə təhsil alıb. Bu isə əvvəlki illə müqayisədə 10 faiz çoxdur (2004-cü ildə təxminən 21 milyon nəfər olub).
Ölkənin ali təhsil müəssisələri adi universitetlər, texniki universitetlər, kənd təsərrüfatı, xarici dillər və tibb sahələri üzrə ixtisaslaşmış ali təhsil müəssisələri, peşə kollecləri - müəllim hazırlığı müəssisələri və ixtisaslaşmış kolleclər kimi qruplara bölünür.
Ali təhsil müəssisələrinin bəziləri əyalət hökumətləri (Şanxay Universiteti), bəziləri müxtəlif nazirliklər və dövlət idarələri (Pekin Aeronavtika Universiteti) tərəfindən idarə olunur. Bundan əlavə, Təhsil Nazirliyi tərəfindən idarə olunan ali təhsil müəssisələri (Pekin Universiteti) də vardır. Bu tip universitetlər mərkəzi və yerli hökumət tərəfindən müştərək idarə olunur.
Statistik məlumatlara görə, Çində magistratura təhsili verən 770 ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan da 73-ü və ya 10 faizi Təhsil Nazirliyinə, 296-sı isə mərkəzi hökumətə tabedir. Bundan əlavə, 315 tədqiqat müəssisəsinin 272-si mərkəzi hökumətin nəzarəti altındadır. Magistratura təhsili verən ali təhsil müəssisələrinin 48 faizi mərkəzi hökumətin tabeliyindədir. Göründüyü kimi, mərkəzi hökumət magistratura təhsili verən ali təhsil müəssisələrinə daha çox nəzarət edir. 1731 ali təhsil müəssisəsi isə bakalavr pilləsi üzrə təhsil verir.
Son zamanlar həyata keçirilən islahatlar nəticəsində ali təhsil sisteminin təkmilləşməsinə böyük diqqət yetirilir. Bir çox sənaye universitetləri və ixtisaslaşmış kolleclər təsis olunub. Yeni ixtisaslar, o cümlədən avtomatika, nüvə enerjisi, enerji resursları, okeanoqrafiya, nüvə fizikası, kompüter elmləri, polimerlər kimyası, polimerlər fizikası, radiokimya, fiziki kimya ixtisası üzrə mütəxəssis hazırlığı aparılır. 
Elmi tədqiqatlar 
Çin bir çox texnologiyaların ixtira olunduğu, müasir sivilizasiyanın təməlinin qoyulduğu ölkələrdən biri kimi tanınır. İlk kağız istehsalı, ağac nəqqaşlığı, çevik makina çapı, maqnit, iynəli kompas, barıt, seysmoloji detektor, kibrit, iki funksiyalı porşenli nasos, domna peçi, çuqun istehsalı, asma körpülər, təbii qazın yanacaq kimi istifadəsi, hidravlik çəkic, mexaniki zəncir ötürücüsü, mexaniki kəmər ötürücüsü, pər, qundaqlı ox-yay, artilleriya topu, raket və digər çoxsaylı ixtiralar bunu təsdiq edir.
Ölkə astronomları səma cismlərinin ilkin və dəqiq müşahidələrini aparanlar sırasındadır. Çin riyaziyyatçıları yunan riyaziyyatçılarından bəhrələnərək riyaziyyat elminin inkişafına layiqli töhfələr veriblər.
Bütün bunlara baxmayaraq XVII əsrə qədər Çində elm və texnologiyanın tətbiqi Avropadan geri qalırdı. Yalnız bu dövrdən sonra həyata keçirilmiş islahatlar sayəsində Çin qlobal iqtisadiyyata inteqrasiya etdi, hökumət elm və texnologiyanın inkişafına böyük diqqət göstərməyə başladı.
1960-1970-ci illərdə Çin-Sovet qarşıdurmasından sonra Çin nüvə silahı istehsal etməyə başladı və 1964-cü ildə ilk uğurlu sınaq həyata keçirildi. 1970-ci ildə Çin ilk süni peykini buraxdı. Bununla da Çin müstəqil peykə malik olan beşinci ölkə oldu.
Hazırda Çin elmi-tədqiqat və texnoloji inkişafa ayırdığı büdcənin həcminə görə dünyada ikinci yerdə qərarlaşır. 2006-cı ildə Çin hökuməti elm və texnologiya sahəsinə 136 milyard ABŞ dolları investisiya ayırıb ki, bu da 2005-ci illə müqayisədə 20 faiz çoxdur.
Qərbdə hələ də mübahisəli məsələ kimi nəzərdən keçirilən törəmə hüceyrələrin tədqiqatı və gen terapiyası Çində ən yüksək səviyyədə inkişaf edib. Ölkə üzrə 926000 tədqiqatçı fəaliyyət göstərir. Bu göstəriciyə görə Çin dünyada ikinci yeri tutur.
Kosmosun fəthi istiqamətində bir çox uğurlara imza atan ölkə kifayət qədər mürəkkəb layihələrə maliyyə vəsaiti ayırır. Ayın Tədqiqi Proqramının bir hissəsi kimi 2007-ci ildə Çin Çanqe kosmik gəmisini uğurla orbitə çıxarıb. 2011-ci ilin sentyabr ayında Çinin ilk kosmik stansiya modulu olan Tianqonq-1 uğurla fəaliyyətə başlayıb.
Ölkədə yarımkeçiricilər, o cümlədən bərpa edilən enerji, hidroelektrik enerji, külək və günəş enerjisi sahəsində funksional kompüter proqramları hazırlanır. Yanacaq enerji stansiyalarında çirklənmənin qarşısını almaq üçün Çin girdə yanacaqlı nüvə reaktorlarından istifadə edən ilk ölkədir. Bu tip reaktorun istifadə edilməsi daha əlverişli və təhlükəsizdir.
2010-cu ildə Çinin Milli Super Kompüter Mərkəzi hazırda dünyanın ən sürətli super kompüterini hazırlamağa nail olub. 2010-cu ildən ölkədə dünyanın ən yaxşı 10 super kompüterlərindən biri olan Nebula super kompüterləri də istehsal edilməkdədir. 
Beynəlxalq əməkdaşlıq 
Təhsildə beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirən Çin digər ölkələrlə müqayisədə xaricdə təhsil almağa daha çox tələbə göndərir. 1978-ci ildə aparılan islahatlardan sonra 700000-ə yaxın çinli 103 ölkədə təhsil alıb. Onlardan yalnız 185000-i təhsillərini başa vurduqdan sonra ölkələrinə qayıdıb.
Çində təhsil alan əcnəbi tələbələrin sayı ildə 20 faiz artır. Rəsmi statistikaya görə, 2007-ci ildə bu ölkədə təhsil alan əcnəbi tələbələrin sayı 195503 nəfər təşkil edib. Dünyanın 188 ölkəsini təmsil edən əcnəbi tələbələr ən çox Cənubi Koreyadan (57504), Yaponiyadan (18363), ABŞ-dan (11784), Vyetnamdan (7310) və İndoneziyadan (5652) gəlirlər.
Çində təhsilin inkişafına bir çox beynəlxalq təşkilatlar, o cümlədən YUNESKO, YUNİSEF, BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf Proqramı, Dünya Əmək Təşkilatı,  Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı, AİƏT,  Dünya Bankı öz töhfələrini verməkdədir. Yalnız Dünya Bankı Çin təhsilinin inkişafına 1,5 milyard ABŞ dolları həcmində kredit ayırıb.
Böyük nüfuza malik Pekin və Sinxua universitetləri mükəmməl tədris və tədqiqat imkanlarına görə beynəlxalq arenada tanınır. Çin diplomların qarşılıqlı tanınması sahəsində 40 ölkə, o cümlədən Fransa, Böyük Britaniya, ABŞ, Rusiya və digər ölkələrlə müqavilələr imzalayıb. 


1 yorum:

  1. Mənə 5.000.000.00 ABŞ dolları məbləğində kredit verən kredit şirkəti digər kredit investorları mənim təklifimi laqeyd etsələr də mr benjamin lee mənə müvəffəqiyyət borcu verərlər. Onlar birbaşa kredit maliyyələşdirmə və investisiya baxımından layihədədirlər. kapital bazarları fondlarına çıxış əldə etmək istəyən şirkətlərə və şəxslərə maliyyələşdirmə həlləri təqdim edir, layihənizi maliyyələşdirməyə və ya işinizi genişləndirməyə kömək edə bilərlər .. E-poçt Əlaqə :::: Lfdsloans@outlook.com və ya da yazın
    whatsapp nömrəsi + 1- (989-394-3740)

    YanıtlaSil

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar