DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

21 Ekim 2015 Çarşamba

Fəal Təlimin Üstünlükləri


 Fəal  təlimin üstünlükləri
Təhsil bütün cəmiyyətlərin, xüsusilə də demokratik cəmiyyətin ən zəruri komponentlərindəndir.
Hələ Tomas Cefferson qeyd edirdi ki, “Əgər xalq elə güman edir ki, sivilizasiyanın hər hansı bir mərhələsində o, həm cahil, həm də azad ola bilər, deməli o heç vaxt mümkün olmayan bir şey istəyir”
Dünyanın hər yerində təhsil sistemi modernləşdirməyə çalışılır ki, günün tələblərinə mümkün qədər yaxşı cavab versin. Müxtəlif ölkələrdə bu sahədə islahatlar aparılır.Lakin bu halda hər bir ölkənin spesifik tələbatı, inkişaf səviyyəsi, təhsil sahəsində milli ənənələr nəzərə alınır.
Demokratik təhsilin məqsədi demokratik qaydalar və demokratik təcrübəyə dair dərin biliklərə malik olan, hər şeyi bilmək istəyən müstəqil vətəndaşların formalaşması üçün şərait yaratmaqdır.
Respublika təhsil sistemində üstünlük təşkil edən təlim sistemi təhsildə yeni nailiyyətlər əldə etməyə imkan vermirdi. Doğrudur, bu təlim sistemi bir sıra üstünlüklərə malik idi. Ancaq, cəmiyyət inkişaf etdikcə, insanların həyat tərzi, iş tərzi, dünyagörüşü dəyişdikcə təhsil sisteminin də dəyişilməsi labüdləşir. Belə ki, informasiya axınının sürətli olduğu bir dövrdə, elmin müxtəlif sahələrində toplanmış bilik kütləsi elə sürətlə artır ki, təlimin ənənəvi sxemi bu məlumatları əldə etməyə imkan vermir. Ənənəvi sxemin mahiyyəti ondan ibarət idi ki, müəllim yalnız “hazır bilikləri” şərh edir, şagirdlər isə emal olunmuş hazır bilikləri isə passiv şəkildə mənimsəyirdilər.Şagirdə verilmiş hazır biliklər isə şagirdin təfəkkürünü yaradıcı mənbədən, yəni sərbəstlik, müstəqillik kimi keyfiyyətlərdən məhrum edir.
Müasir kurikulum isə ənənəvi təlim sxemindən fərqli olaraq dövlətin təhsil siyasətinə aid konseptual sənəd olub, mühüm məsələlərlə bağlı uzunmüddətli planlaşdırmanı özündə əks etdirir. Yeni təhsil sxemi müəllimyönümlülükdən-şagiryönümlülüyə, təklifyönümlülükdən- tələbyönümlülüyə, məzmunyönümlülükdən – nəticəyönümlülüyə istiqamətlənmişdir.
Müasir kurikuluma əsaslanaraq qurulan dərslərdə istifadə olunan fəal təlim üsulları bizə öz məqsədimizə daha sadə, daha səmərəli yolla nail olmağa imkan verir.
Fəal təlim şagirdlərin yaddaşının yeni elmi biliklərlə, informasiyalarla zənginləşdirilməsinə deyil, biliklərin müstəqil qazanılması, mənimsənilməsi vərdişləri və təfəkkürün müntəzəm şəkildə inkişaf etdirilməsinə əsaslanır. Bu zaman şagirdlər müəllimin bələdçiliyi altında vacib təlim materialının öyrənilməsi, problemin həll edilməsi prosesində müəllimin köməyi olmadan elmin əsas qanunauyğunluqları haqqında nəticə çıxarmağı , müstəqil şəkildə mühüm və dərin ümumiləşdirmələr aparmağı öyrənirlər.
Fəal təlimin əsas üstünlüyü ondan ibarətdir ki, şagirdlərin idrak fəallığını artırır, onları düşündürür, müstəqil qərarlar çıxarmağa yönəldir. İdrak fəaliyyətinin gedişində şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf edir. Təfəkkürün inkişafının başlanğıc nöqtəsi isə informasiyadır.Şagirdlərin təfəkkürünü inkişaf etdirmək üçün fəal təlim üsullarından istifadə olunur.
Məhz fəal təlim üsullarının tətbiqi ilə keçirilən dərslərdə ənənəvi qiymətləndirmədən fərqli, prinsipcə yeni qiymətləndirmə sistemi nəzərdə tutulur. Məhz bu qiymətləndirmə sisteminin əsas prinsiplərindən biri belədir: “ səhv cavablar olmur, sadəcə həmin cavablar müxtəlif olur.
Müasir kurikuluma əsaslanaraq keçilən dərslərin qiymətləndirilməsi zamanı yalnız vacib informasiyanın mənimsədilməsi deyil, həm də cəmiyyətin həyatında fəal vətəndaş mövqeyi və iştirakı üçün zəruri olan qabiliyyətlərin əldə edilməsi, habelə insan hüquqlarının və demokratik cəmiyyətin dəyərlərinin formalaşdırılması məsələləri xüsusi nəzərə alınır.
Təlim prosesinin iştirakçılarının həm müəllim, həm də şagird olmasına baxmayaraq, məktəb təcrübəsində fəal təlimin tətbiq edilməsinə məhz müəllimdən başlamaq lazımdır.
Müəllimlər ənənəvi sxemdə mövcud olan “reproduktor” (bilikləri ötürən) rolundan imtina etməli və yeni bir rolu – biliklərin əldə edilməsi yolunda “bələdçi” (fasilitator) rolunu qəbul etməlidirlər.
Düzgün fasilitasiya qaydalarına riayət etməklə müxtəlif kompetensiyalara malik olan,şəxsiyyəti yetişdirmək mümkündür. Fəal təlimin üstünlüklərindən biri də məhz şagirdə hörmətlə yanaşma , etibar etmə hissinin yaradılması, cavabların yaxşı və ya pis qiymətləndirilməsindən imtina edilməsi, onda müəllimə hörmət və özünə inam hissi yaratmalı, “müvəffəqiyyətsizliyin” olmasına dair qorxunu aradan götürməlidir. Məhz bütün bunlar fasilitatorun əsas vəzifələrindəndir.
Məqsəd sağlam məktəb mühitində ən vacib cəhət olan insani münasibətlərin bərqərar olmasıdır. Həm müəllimlər, həm də şagirdlər sağlam qarşılaşma, müsbət risk və əməkdaşlıq şəraitində məqsədlərin müəyyən edilməsi və s kimi vərdişləri öyrənir və təcrübədə həyata keçirilər.
Müvəffəqiyyətli orta məktəb belə bir düşüncəyə əsaslanır ki, şagirdlər ənənəvi sxemin müəllimlərinin fikirləşdiklərindən daha qabiliyyətlidirlər. Şagirdlər müəllimin rolunu öz üzərinə götürdükdə, müəllimlər hələ də öyrənmə vəziyyətlərində olduqda əsl öyrənmə vəziyyəti yaranır. Bu zaman müəllimlər özləri şagirdlərin fəaliyyətini passiv müşahidə etməyib, öyrənmə prosesinin fəal iştirakçıları olurlar.
Eyni zamanda müəllimin qarşısında duran ən vacib vəzifə odur ki, o, şagird qarşısında problemi ustalıqla qoymağı, onun idrak və tədqiqat fəalliyyətinə rəhbərlik etməyi bacarmalıdır.
Təlimin keyfiyyəti ancaq o zaman yüksəldilə bilər ki, fənnin tədrisi şagirdlərin fəal işi ilə möhkəm əlaqələndirilmiş olsun və şagirdlər birbaşa yaradıcılıq və axtarıcılıq prosesinə qoşulsunlar. Tədqiqatçılıq prosesində şagirdin müstəqil axtarıcılıq işi üstünlük təşkil edir və bütöv problemin həllinə yönəlmiş olur. Tədqiqatçılıq metodu həm də müəllimin axtarışını istiqamətləndirir, problemi öyrənmək üçün situasiya yaradır, ziddiyətləri
aşkara çıxarır, müqayisə edir, müsahibənin pillələrini qurur və nəhayət problem və yarımproblemlərin hissələrinin həllinə şagirdləri cəlb edir.
Tədqiqat prosesində bələdçinin şagirdin qarşısında qoyduğu problem (tədqiqat sualı) yeni biliklərin kəşfinə aparan yolda “yolgöstərən ulduz” rolunu oynayır. Tədqiqat prosesində şagirdin idrak fəallığı artır, düşüncə tərzi inkişaf edir və bu isə öz növbəsində şagirdlərin yüksək təfəkkürə malik olmasına gətirib çıxarır. Yüksək təfəkkürə malik olan şagird isə hər zaman qarşıya qoyulmuş problemin aradan qaldırılmasında, eləcə də real həyat situasiyalarında icra zamanı çətinliklərlə qarşılaşmırlar.
Təfəkkür təcrübəsinin artması müasir məktəbin əsas məsələsinin, şagird şəxsiyyətinin inkişafına yardımın həlli ilə sıx bağlıdır.
Fəal təlimin üsullarından istifadə nəinki şagirdin təfəkkürünün inkişafına, eyni zamanda “qarşılıqlı fəaliyyət” zamanı müxtəlif kompetensiyalara malik olmalarına gətirib çıxarır.
Fəal təlim üsulları –müəllimin iştirakı ilə müxtəlif informasiya mənbələri (kitab, xəritə, illüstrasiya və s) və ya bir-biri ilə qarşılıqlı fəaliyyət prosesində yeni biliklər əldə etməyə imkan verən təlim üsullarının və dərs formalarının məcmusudur.
Qeyd etmək lazımdır ki, dərs aparılması prosesində üsul və model seçimi müəllimin öz öhdəsinə düşür, onun istək və təcrübəsindən asılı olur. Təbii ki, bu zaman müəllim şagirdin də maraq və istəklərini nəzərə almalıdır.
Kurikulum o zaman münasib hesab olunur ki, o şagirdin maraqlarına, fənlərin məzmunu, ümumən dünya haqqında olan sorğularına cavab verə bilsin. Kurikulumun müəyyən edilməsi zamanı nəinki şagirdin maraqları, həm də dövlətin maraqları nəzərə alınır.
Kurikulumu şagirdlər üçün münasib etməkdə məqsəd onların yeni maraqlarını stimullaşdırmaqdan, yeni biliklərə qapılar açmaqdan, şagirdlərin daha yüksək öyrənmə səviyyələrinə çatmalarına cəhdlər etməsini həyata keçirməkdən ibarətdir.
İstifadə olunan ədəbiyyat
 Metodika obuçeniya istorii v sredney şkole. M.,1978, c. 2. Q1.XVI,§ 1.Q1.XVII, §1-3
 Veysova .Z.Fəal interaktiv təlim: müəllimlər üçün vəsait .Bakı, 2007
 Mübariz Əmirov. Tam Orta Məktəbdə Tarixin Fəal/İnteraktiv təlimi metodikası .Bakı.2011
 İnsan hüquqlarının tədrisi. Müəllimlər üçün metodik vəsait.Bakı, 2007
 Veysova .Z. Məktəb müəllimləri üçün fəal təlim metodlarına giriş kursu, təlimçilər üçün metodik vəsait.Bakı.2004


0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar