DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

21 Ekim 2015 Çarşamba

Çövkən - qədim atüstü Qarabağ oyunu


Bayramova Leyla Bəhman
E-mail: 86.leyla@mail.ru
Çövkən - qədim atüstü Qarabağ oyunu
Çövkən yarışları Azərbaycan torpaqlarında çox qədimdən məşhurlaşmış yarış oyunudur. Çövkənin qədim Azərbaycan oyunu olmasını sübut edən mənbələr çoxdur. Belə ki, Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində təsvir edilənlər, “Kitabi Dədə Qorqud” dastanındakı məlumatlar bunu bir daha sübut edir. Bu əsərlər sübut edir ki, çövkənin tarixi VI- VII əsrlərə, bəlkə də ondan daha qabaqlara gedib çıxır. Görkəmli alim Məmməd Dadaşzadənin belə bir fikri var ki, oyun Sasani imperiyasında yarana bilər. Amma bir məsələni yaddan çıxarmaq olmaz. Sasani imperiyasının formalaşmasına təkcə fars mədəniyyətinin deyil, həmçinin o ərazidə məskunlaşan digər xalqların da təsiri olub. Məişət və mədəniyyətimizdə bir sıra ortaq cəhətlər var. Nizami özünün “Xosrov və Şirin” əsərində də bu məsələyə elə çövkənin timsalında ustalıqla cavab verib. Burada türk qızı olan Şirinin Sasani hökmdarı Xosrovdan çövqan oynamaqda heç də geri qalmadığı göstərilib. 400 illik Sasani hakimiyyətinə son qoyan ərəblər belə çovqan oyununu mənimsəyib özəlləşdirməyə çalışıblar.
 Çövkən oyunu, Şərqdə təşəkkül tapmış başqa idman növləri kimi, dünyanın daha uzaq regionlarına yayılmasında və inkişaf etdirilməsində ingilislərin rolu böyük olmuşdur. Belə ki, XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır.
 Bir çox hökmdarlar hədiyyə kimi bir birlərinə çövkən oyunçusunun qızıldan işlənmiş kiçik heykəlini yollardılar. Roma hökmdarından Sasani hökmdarı Xosrov Pərvizə, yaxud daha yaxın tarixdə Nadir şaha bu cür hədiyyə göndərilib. Çovkən oyununu idarə edən şəxslər də padşahın, hakimiyyətin yanında xüsusi hörmətə sahib idilər. Müxtəlif xalqlarda çövkən müxtəlif cür adlandırılıb. Məsələn, gürcülərdə bir ayrı cür,  taciklərdə tamam başqa cür adlandırılıb. Çövkən adı yalnız bizlərdə deyilib. Nizamülmülkün “Siyasətnamə” əsərində çövkən meydanlarının vəziyyəti barədə məlumatların qeyd olunması, bir daha sübut edir ki, bu oyun Qarabağda məşhurlaşıb, genişlənmişdir.
         Azərbaycanın nağıllarında, eləcə də xalq qəhrəmanlıq dastanlarında göstərilir ki,  hər zaman Azərbaycan igidləri at çapmaqda, ox atmaqda məşhur olmuş, hünərlərinə çata bilən olmamışdır.
Çövkən oyunu öz adını, alətin adından götürmüşdür. Belə ki, çövkən ağacdan hazırlanmış bir alət idi.  Bu alət təxminən çömçəyə bənzəyirmiş. Uzunluğu 1, 25 metr olurmuş. Oyunçular da atın belində məhz bu alətin köməkliyi ilə oynayırdılar. Bu oyunda nəinki, Azərbaycanın igid oğlanları, eləcə də qadınları da yarışırmış.
         Çövkən oyunu haqqında məlumat Nizami Gəncəvinin “Şərəfnamə” əsərində də qeyd edilmişdir.
Çövkən oyununun xüsusi qaydaları var idi. Bu oyun şahların iştirak ilə keçirilirdi. Çövkən oyununda yaş həddi var idi ki, bu yaş həddi 7 yaşına qədər uşaqlara piyada oynamaları, 7 yaşından yuxarı böyük yaşlılara isə at üstündə oynamaq üçün şərait yaradılırdı. Oyunda xüsusi qaydalar olub ki, bu qaydalara əsasən, at hərəkət etdiyi zaman, çövkən vasitəsilə topa vurmaq olarmış. Əks təqdirdə, at dayandığı zaman topa vurmaq qadağan idi. Bu oyunun oynanılması üçün güc və məharət tələb olunurdu. Bir çox müəlliflər, çövkən oyununun fars imperiyasına, Sasanilərə məxsus olduğunu qeyd edirlər. Bunu Firdovsinin “ Şahnamə” əsərindəki qeydlərə əsaslanaraq qeyd edirlər.
Çövkən oyununu, Azərbaycanın bəzi bölgələrində, xüsusilə də, Qərb bölgələrində Çomax oyunu kimi qələmə verirlər. Çomax, çobanların istifadə etdikləri əyri ağacın, dəyənəyin adıdır. Çobanlar atın belində qoyun dərisindən hazırlanmış topa, çomaxları vasitəsilə toxunmaqla bu oyunu oynayırlar.
Çövkən oyununa həm də krallar oyunu deyilir. Çünki bu oyun, kralların, şahzadələrin iştirak ilə keçirilirdi. Tarixən, hələ qədim dövrlərdə Azərbaycanda  el şənlikləri, yələncələr, bayramlar, çövkənsiz keçilməzdi.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin ötən il dekabrın 2-dən 8-dək Bakıda keçirilən 8-ci sessiyasında Qarabağ atları üzərində Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb.
Bu mühüm qərar Vətənimiz Azərbaycanın qədim zamanlardan milli mədəniyyət və idman ənənələrinə malik ölkə olduğunu bir daha sübut edir.


persona.az-http://persona.az/index.php/kose/4267-%C3%A7%C3%B6vk%C9%99n-q%C9%99dim-at%C3%BCst%C3%BC-qaraba%C4%9F-oyunu.html
 atv.az-http://news.atv.az/news/culture/17596-qedim-atustu-qaraba-oyunu

Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar